Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-674/2023 22.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iş üzrə Açar söz: xidmət müqaviləsi üzrə borc Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, iddiaçının nümayəndələri X4 və X1, cavabdehin nümayəndəsi və vəkili Vəkil Zaur qızının iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-ci il tarixli e-2-2(113)- 1164/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2010-cu il tarixdə, xx.xx.2015-ci il tarixdə və xx.xx.2018-ci il tarixlərdə “Radiotezliklərin ayrılması, radioelektron vasitələrinin qeydiyyatı və radiorabitədən istifadənin tənzimlənməsi haqqında” müqavilələr bağlanmışdır.
2. xx.xx.2018-ci il tarixdə İddiaçı ilə Cavabdeh razılaşma imzalayaraq, sonuncu radioelektron vasitələrdən istifadəyə görə borcunun 29.000 manat olduğunu qəbul etmiş və 2018-ci ilin aprel ayından başlayaraq 29.000 manat məbləği 58 ay ərzində hər ayın 30dək 500 manat olmaqla ödənişlər aparılmasını öhdəsinə götürmüşdür.
3. İddiaçı xx.xx.2021-ci il tarixli pretenziya məktubu ilə cavabdehə müraciət edərək tezlik və radioelektron vasitələrdən istifadəyə görə 2019-2020-ci illər ərzində cəmi 7200 manat borcun ödənilməsi xahiş edilmişdir.
4. İddiaçının xx.xx.2019-cu il tarixli pretenziya məktubunda 2012-2018-ci illər üzrə 29400 manat borcun tutulması xahiş olunmuşdur.
5. İddiaçı tərəfindən məhkəməyə tələb edilən borcla bağlı elektron qaimələr təqdim edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış “Radiotezliklərin ayrılması, radioelektron vasitələrinin qeydiyyatı və radiorabitədən istifadənin tənzimlənməsi haqqında” xx.xx.2010-cu il, xx.xx.2015-ci il və xx.xx.2018-ci il tarixli 73 nömrəli müqavilələrə əsasən cavabdehdən 28.099,99 manat tezlik və radioelektron vasitələrinə görə istismar haqqının tutularaq İddiaçınə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İddiaçı ilə "xxxx" MMC arasında “Radiotezliklərin ayrılması, radioelektron vasitələrinin qeydiyyatı və radiorabitədən istifadənin tənzimlənməsi haqqında” xx.xx.2010-cu, xx.xx.2015-ci və xx.xx.2018-ci il tarixlərində 73 nömrəli müqavilələr imzalanmışdır. Müqavilələrin 2.1-ci bəndinə müvafiq olaraq cavabdeh istismar etdiyi radioelektron vasitələrinin anketlərini iddiaçıya təqdim etmişdir. Anketlərə əsasən tezlik və radioelektron vasitələrindən istifadəyə görə 2013- 2020-ci illər ərzində cavabdehin iddiaçıya 28.099,99 manat məbləğində borcu yaranmışdır. Cavabdehin borcu Azərbaycan Respublikası Tarif Şurasının xx.xx.2004-cü il tarixli iclas Qərarına əsasən təsdiqlənmiş Azərbaycan Respublikası Tarif Şurasının 23 iyul 2004-cü il tarixli 9 nömrəli iclas Protokolunun Qərarı ilə təsdiq edilmiş “Radiotezliklərin qeydiyyatı, elektromaqnit uzlaşmasının təmini və istismarına nəzarət tarifləri” əsasında tərtib olunmuşdur. Bildiririk ki, iddiaçı cavabdehə borcun ödənilməsi ilə bağlı xx.xx.2017-ci il tarixində 31.000 manat məbləğində DRİ-HKŞ-9/1803 nömrəli "xxxx" məktubu göndərmiş və MMC borcunun aylara bölünərək ödənilməsi üçün müraciət etmişdir. Cavabdehin müraciəti nəzərə alınmış, xx.xx.2018-ci il tarixində ƏDV-də daxil olmaqla borcun qalan 29.000 manat hissəsinin hər ay 500 manat olmaqla 58 ay ərzində ödənilməsinə dair tərəflər arasında “Razılaşma” imzalanmışdır. Cavabdeh razılaşmaya əməl etməmişdir. 8 . Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-1164/2023 nömrəli qətnaməsi ilə (hakim Kənan Hüseynov) iddia tələbi təmin edilmişdir.
9. Məhkəmə ilk olaraq qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqavilələrə xidmət müqaviləsi kimi qiymət verilməlidir və mübahisənin həlli baxımından müəyyən edilməli olan ilk məqam iddiaçı tərəfindən cavabdehə xidmətin göstərilibgöstərilməməsidir.
10. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, aylıq xidmət haqqı 300 manat təşkil etmiş və aylıq xidmət haqqının 300 manat olması və qeyd edilmiş xidmətlərin göstərilməsinin işin mübahisəsiz halı olması nəzərə alındığında illik xidmət haqqı 3.600 manat təşkil edir. xx.xx.2018-ci il tarixli tərəflər arasında bağlanmış olan razılaşmadan iddia ərizəsi ilə məhkəməyə müraciət edilənədək (xx.xx.2023) 4 il 8 ay keçməsi və aylıq xidmət haqqının 300 manat olması nəzərə alındığında aydın olmuşdur ki, iddiaçının göstərmiş olduğu xidmətin dəyəri 16.800 (56 ay x 300=16.800) manat təşkil edir.
11. Məhkəmə son olaraq qeyd etmişdir ki, borcun etirafı xarakterli xx.xx.2018-ci il tarixli razılaşmada qeyd edilmiş borcdan 16.700 manat qaldığı və razılaşmadan sonra iddia ərizəsi ilə məhkəməyə müraciət edilən tarixədək göstərilmiş olan xidmətlərin dəyərinin 16.800 manat olması nəzərə alındığında aydın olur ki, xidmət haqqı 33.500 (16.700+16.800) manat təşkil edir. İddiaçının tələbi 28.099,99 manat olması nəzərə alındığında iddia əsaslıdır və 28.099,99 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
12. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-1164/2023 nömrəli qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasındakı mövcud müqavilələr əsasında müvafiq ödənişlər edilmişdir. Lakin iddiaçı 28.099,99 manat pul vəsaiti məbləğində olan iddia tələbinin əsasını məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, mövcud olan borc məbləği iddiaçı tərəfindən süni şəkildə şişirdilmiş, göstərilməyən xidmətlərin haqqı da həmin məbləğə daxil edilmişdir. Lakin işə məhkəmə baxışı zamanı müvafiq prosessual hərəkətlər aparılmamış, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi sübutları təqdim etməməsinə baxmayaraq, iddia tələbi təmin olunmuşdur. Məhkəmə mübahisəyə Mülki Məcəllənin göstərilən maddəsini tətbiq edərək hesab etmişdir ki, cavabdeh "xxxx" MMC tərəfindən göstərilən müqavilə üzrə öhdəlik pozulmuş və ya lazımınca icra edilməmişdir. Məhkəmənin bu nəticəsi işin məhkəmə tərəfindən müəyyən olunmuş faktiki halları ilə sübuta yetmir. Eyni zamanda məhkəmə iş üçün əhəmiyyət daşıyan halları müəyyən etməmişdir. Belə ki, cavabdehin izahatından aydın şəkildə görünür ki, müqavilə üzrə tərəf olan "xxxx" MMC iddiaçı tərəfindən göstərilən sayda peyk antennasına yox,Gəncə və Mingəçevir üzrə hər region üzrə bir peyk antennasına xidmət edilməsini qeyd etmişlər və iddiaçı məhz tələb irəli sürdüyü məbləğdə xidmət göstərməsinə dair məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. İddiaçının istinad etdiyi yeganə sübut tərəflər arasında olan 02 aprel 2018-ci il tarixli razılaşma müqaviləsi idi. Cavabdeh isə həmin razılaşma müqaviləsini məhkəmədə mübahisələndirmişdi. Belə olan halda məhkəmə həmin razılaşma müqaviləsinin etibarlılıq məsələsini yoxlamalı idi. Lakin məhkəmə etibarlılıq məsələsini yoxlamadan bu nəticəyə gəlmişdir ki, müqavilə tərəfi olan cavabdeh tərəfindən öhdəliklər lazımınca icra olunmamışdır. Bundan əlavə borcun məhz razılaşma müqaviləsindən irəli gələn öhdəlik olub-olmaması məhkəmədə müəyyənləşdirilməmişdir. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. Açıq-aşkar görünür ki, birinci instansiya məhkəməsində iddiaçı tərəfindən müqavilə tərəfi olan "xxxx" MMC-nin öhdəliyini icra etməməsi, onu pozması və ya lazımınca icra etməməsi sübuta yetirilməmişdir. Beləliklə, məhkəmə mübahisəyə Mülki Məcəllənin 442-ci maddəsini düzgün tətbiq etməmişdir.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Cavabdehin nümayəndəsi və vəkili Vəkil Zaur qızı məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişdir.
15. İddiaçının nümayəndələri X4 və X2 məhkəmə iclasında apellyasiya şikayətinə yazılı etiraz edərək şikayətin təmin edilməməsini xahiş etmişdir.
16. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi 385.1-ci maddə- öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 390.1-ci maddə-fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.4-cü maddə- tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. 442-ci maddə- öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddə- əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının xx.xx.2004-cü il tarixli iclasının qərarı ilə təsdiq edilmiş “Radiotezliklərin qeydiyyatı, elektromaqnit uzlaşmasının təmiri və istismarına nəzarət” Tariflərinə əsasən kommersiya məqsədi ilə istifadə olunan və qəbul rejimində işləyən hər bir yerüstü peyk stansiyası üçün illik istismar haqqı ƏDV daxil 1200 manat müəyyən edilmişdir.
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri
17. Qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən tam yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
18. Məhkəmə izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin qismən edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-1164/2023 nömrəli qətnaməsi qismən ləğv edilərək iddia Cavabdeh MMC-dən İddiaçı xeyrinə 7.299 manat pulun tutulması hissəsində rədd edilməlidir.
19. İşin mübahisəsiz hallarından görünür ki, tərəflər arasında xx.xx.2010-cu il tarixdə, xx.xx.2015-ci il tarixdə və xx.xx.2018-ci il tarixlərdə bağlanmış müqavilələr üzrə cavabdehin iddiaçıya tezlik və radioelektron vasitələrdən istifadəyə görə borcu yaranmışdır. xx.xx.2018-ci il tarixdə İddiaçı ilə Cavabdeh razılaşma imzalanmış, cavabdeh həmin tarixədək borcun 29.000 manat olduğunu qəbul etmişdir.
20. Cavabdehin nümayəndəsi R.Tağızadə işə birinci instansiya qaydasında baxılarkən təxminən 16700 manat borcları olduqlarını bildirməklə iddianı qismən qəbul etmiş, eyni zamanda izahatında razılaşma imzalandıqdan sonra qarşı tərəfə 12300 manat ödəniş edildiyi bildirmişdir.
21. Birinci instansiya məhkəməsi borcun etirafı xarakteri daşıyan xx.xx.2018-ci il tarixli razılaşmadan sonra cavabdehin 12.300 manat ödəniş etdiyini müəyyən edərək 16.700 (29.000-12.300) manat məbləğində borcun razılaşma ilə qalıq borc olduğunu göstərmişdir. Bu hal iddiaçı tərəfindən mübahisələndirilməmişdir. 22.Cavabdeh apellyasiya şikayətində qeyd edir ki, borcun məbləği məhkəmə tərəfindən düzgün müəyyən edilməmişdir. Şikayətin dəlillərindən biri bundan ibarətdir ki, tərəflər arasında imzalanmış razılaşma aktı borcun məbləği müəyyənləşdirilərkən digər sübutlarla yanaşı qiymətləndirilməlidir. 2018-ci ilin aprel ayınadək cavabdehin borcunun məbləği qeyd edilən məbləğdə olmamışdır. Qarşı tərəfin tələbi ilə həmin aktı imzalasalar da, sonradan daxili araşdırma aparılaraq müəyyən edilmişdir ki, borcun məbləği az olmuşdur.
23. Birinci instansiya məhkəməsinə iddiaçı tərəfindən cavabdehin illər üzrə borclarının məbləği barədə xx.xx.2023-cü il tarixli arayış təqdim edilmiş, həmin arayışda cavabdehdən tələb edilən borcun tərkibi barədə izah verilərək 2013-cü il üzrə 4399,99 manat, 2014-cü il üzrə 6800 manat, 2015-ci il üzrə 3900 manat, 2016-cı il üzrə 2400 manat, 2017-ci ildə 500 manat, 2018-ci il üçün 2900 manat, 2019-cu il üçün 3600 manat, 2020-ci il üçün 3600 manat olduğu qeyd edilmişdir.
24. İddiaçı ərizəsində borcu hansı tarixədək tələb etdiyini və tələb etdiyi məbləğin hansı hissəsinin üzləşmə aktı üzrə qalıq borc olduğunu qeyd etməsə də, işə apellyasiya qaydasında baxılarkən təqdim etdiyi yazılı izahatda qeyd edilənlərə əsasən iddiaçıdan razılaşma üzrə 2018, 2019, 2020-ci illər üzrə borc tələb edilir. İddiaçı tərəfindən cavabdehə 2018-ci ilin yanvar ayından etibarən göndərilmiş elektron qaimələrin ümumi məbləği isə 25100 manat təşkil edir.
25. İşdəki elektron qaimələr və hesab sənədlərinə əsasən müəyyən edilir ki, cavabdehin iddiaçıya 3 antenna üçün 2019-cu il və 2020-ci illər üzrə ildə 3600 manat olmaqla (hər antenna üçün ayda 100 manat) iki il ərzində ödəməli olduğu məbləğ 7200 manat təşkil edir. Həmin dövr üzrə istismarda olan yerüstü peyk stansiyalarının sayı və borcun məbləği cavabdeh tərəfindən mübahisələndirilmədiyindən bu borcun tutulması hissəsində qətnamə qanuni və əsaslıdır.
26. İddiaçının səlahiyyətli şəxsləri tərəfindən təqdim edilmiş, iş materiallarının 137- 149-cu vərəqlərinə əlavə edilmiş hesablardan görünür ki, 2011-2012-ci il -5 antenna üçün 2000 manat qeydiyyat yığımı, 7600 manat istismar yığımı olaraq hesablanmış, cavabdehin həyata keçirdiyi ödənişlərin bir hissəsi bu borclar üzrə silinmişdir. Tələb edilən borcun tərkibi barədə arayışa əsasən məhkəmə müəyyən edir ki, cavabdeh tərəfindən həyata keçirilmiş ödənişlər 2014-2017-ci illər üzrə hesablanmış borclardan silinməmişdir. 2013-cü il üzrə hesablanmış 7200 manat borcdan yalnız 2800,01 manat silinmiş, 4399,99 manat tələb edilmişdir.
27. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, iddia 20.800 manat borcun (2019 və 2020-ci illər üçün 7200 manat borc, 2018-ci il üçün elektron qaimələr əsasında tələb edilən 1700 manat (qeydiyyat üçün ödəniş çıxılmaqla, razılaşma üzrə 11900 manat qalıq borc (qeydiyyat üçün tələb edilən ödənişlər çıxılmaqla) cavabdehdən tutulması hissəsində əsaslı hesab edilməli, 7.299 manat borcla bağlı hissədə (qeydiyyat üçün tələb edilən ödənişlər və fəaliyyətini dayandırmış peyk entennaları ilə bağlı) iddianın əsaslı olduğu sübutlarla təsdiq edilmədiyindən həmin hissədə qətnamə ləğv edlməklə iddia rədd edilməlidir.
28. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin qismən edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)- 1164/2023 nömrəli qətnaməsi qismən ləğv edilərək iddia Cavabdeh MMC-dən İddiaçı xeyrinə 7.299 manat pulun tutulması hissəsində rədd edilməlidir.
29. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:
Cavabdeh MMC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-1164/2023 nömrəli qətnaməsi qismən ləğv edilsin. İddia Cavabdeh MMC-dən İddiaçı xeyrinə 7.299 manat pulun tutulması hissəsində rədd edilsin. Qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.