Məhkəmə qərarları › İş №2-2(103)-682/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-682/2024

17.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-682/2024 17.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı kommersiya işi Açar söz: rabitə xidməti Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “rabitə xidməti müqaviləsi üzrə borc” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-2612/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları

1. İddiaçı və cavabdeh arasında bağlanmış 12 noyabr 2015-ci il tarixli, 2594 saylı “Mobil rabitə xidmətlərin göstərilməsinə dair” müqaviləyə əsasən hazırkı müqavilə üzrə şirkət korporativ tarif planı əsasında xidmət haqqını vaxtı-vaxtında ödənilməsini təmin edir. Müqavilə bir il müddətinə bağlanmış, 7.1-ci bənddə qeyd edilmişdir ki, müddətin qurtarmasına 1 ay qalmış tərəflərdən biri müqavilənin uzadılmasına yazılı etiraz etməzsə növbəti il üçün uzadıla bilər.

2. Müqaviləyə Əlavələrdə iddiaçı tərəfindən cavabdehə təqdim edilmiş nömrələr razılaşdırılmışdır.

3. İşdəki xx.xx.2023-cü il tarixli hesab fakturadan görünür ki, cavabdehə 50 manat ƏDV daxil qalıq borcun ödənilməsi üçün faktura göndərilmişdir.

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 50 manat ödənilməmiş borc məbləğinin və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsinə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında imzalanmış 12 noyabr 2015-ci il tarixli, 2594 saylı “Mobil rabitə xidmətlərinin göstərilməsinə dair” müqaviləyə əsasən iddiaçı cavabdehə mobil rabitə xidmətlərini göstərməyi, cavabdeh isə xidmətləri qəbul edib müqavilənin tərkib hissəsi olan korporativ tarif planı əsasında xidmət haqqının vaxtı-vaxtında ödənilməsini təmin etməyi öz üzərinizə götürmüşdür. Lakin cavabdeh tərəfindən müqavilə üzrə üzərinə düşən öhdəliklər yerinə yetirilməmiş, təqdim edilmiş hesablar üzrə ödənişlər həyata keçirilməmişdir. Belə ki, 12 noyabr 2015-ci il tarixli, 2594 saylı “Mobil rabitə xidmətlərinin göstərilməsinə dair” müqavilənin 2.3.3-cü bəndinə görə koporativ abunəçi (cavabdeh) təqdim edilmiş xidmətlərə görə ödənişləri vaxtı vaxtında həyata keçirməli olduğu halda, müqavilənin həmin şərtinin tələbini pozmuşdur. Hal-hazırda cavabdehin iddiaçıya 50 manat ödənilməmiş borcu qalmışdır.

6. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-2612/2024 nömrəli qətnaməsi ilə (hakim Ülkər Həsənova) iddia təmin edilməmişdir.

7. Məhkəmə qeyd etmişdir ki, iddia ərizəsinə iddiaçının tələblərinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən sübutlar qismində yalnız xx.xx.2023-cü il tarixli hesab faktura əlavə edilmişdir ki, təqdim edilmiş həmin hesab faktura 12 noyabr 2015-ci il tarixli, 2594 saylı “Mobil rabitə xidmətlərin göstərilməsinə dair” müqavilə üzrə cavabdehin borcunu təsdiq edən mötəbər sübut hesab edilə bilməz.

8. Məhkəmə hesab etmişdir ki, iddiaçıya ödənilməli olan 50 manat məbləğində borcun tutulması hissəsində iddiaçı tələbini əsaslandıra və bununla bağlı (tərəflər arasında bağlanmış xidmət müqaviləsi üzrə cavabdehə 50 manat məbləğində xidmət göstərildiyini təsdiq edən) hər hansı mötəbər sübutlar təqdim edə bilmədiyindən iddia təmin edilməməlidir.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

9. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-2612/2024 nömrəli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

10. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə iddianı rədd edərkən yeganə əsas kimi onu göstərmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş hesab faktura iddianı təmin etmək üçün sübut hesab edilə bilməz. İşin faktiki hallarını və qanunvericiliyin müddəalarını nəzərə alan məhkəmə hesab etmişdir ki, iddiaçıya ödənilməli olan 50 manat məbləğində borcun tutulması hissəsində iddiaçı tələbini əsaslandıra və bununla bağlı (tərəflər arasında bağlanmış xidmət müqaviləsi üzrə cavabdehə 50 manat məbləğində xidmət göstərildiyini təsdiq edən) hər hansı mötəbər sübutlar təqdim edə bilmədiyindən iddia təmin edilməməlidir. Məhkəmənin bu mövqeyi ilə razılaşmaq olmaz. Belə ki, iddia ərizəsinə əlavə edilmiş "Bakcell” MMC ilə cavabdeh "xxxx" MMC arasında imzalanmış 12 noyabr 2015-ci il tarixli, 2594 saylı “Mobil rabitə xidmətlərinin göstərilməsinə dair” müqaviləyə əsasən iddiaçı cavabdehə mobil rabitə xidmətlərini göstərməyi, cavabdeh isə xidmətləri qəbul edib müqavilənin tərkib hissəsi olan korporativ tarif planı əsasında xidmət haqqının vaxtı-vaxtında ödənilməsini təmin etməyi öz üzərinizə götürmüşdür. Göründüyü kimi tərəflər arasında 12 noyabr 2015-ci il tarixli, 2594 saylı “Mobil rabitə xidmətlərinin göstərilməsinə dair” müqavilə mövcuddur və müqavilə üzrə tərəflər öz üzərinə öhdəliklər (cavabdeh təqdim edilmiş xidmətlərə görə xidmət haqqını ödəmək) götürmüşlər. Bu isə işin mübahisəsiz halıdır. Bundan əlavə iddiaçı tərəfindən hesab faktura da təqim edilmişdir ki, həmin hesab fakturada borc məbləği və hansı dövrü əhatə etməsi əks edilib. Bunlardan əlavə iş materiallarına əlavə edilmiş və cavabdehə elektron kargüzarlıq vasitəsi ilə göndərilmiş pretenziya məktubundan görünür ki, ona borc barədə məlumat verilmiş və borcun qaytaraılması tələb edilmişdir. Cavabdeh isə buna heç bir münasibət bildirməmişdir. Hesab edilir ki, göstərilən hal da borcun mövcudluğunu təsdiq edən hal kimi qiymətləndirilməlidir.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. İddiaçı və cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişdirlər.

12. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi 385.1-ci maddə-öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən şəxslərin üzərinə qoyulması mülki mühakimə icraatının çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Tərəflərin hər biri bu qaydadan istifadə edərək öz tələb və etirazlarının əsaslılığını sübut etməlidir.

Əsaslandırıcı hissə

Apellyasiya baxışının hədləri

13. Qətnamə iddiaçı tərəfindən tam mübahisələndirdiyindən tam yoxlanılır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

14. Məhkəmə apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-2612/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

15. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə razılaşaraq qeyd edir ki, tərəflər arasında “Mobil rabitə xidmətlərin göstərilməsinə dair” müqavilə bağlansa da həmin müqavilə əsasında tələb edilən borcun əsaslı olduğunu sübut etmək üçün xx.xx.2023-cü il tarixli hesab fakturadan başqa iddiaçı tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmiş, borcun hansı nömrəyə və hansı xidmətə görə, hansı ay üçün hesablandığı barədə sübutlar təqdim edilməmişdir.

16. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)- 2612/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

17. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:

İddiaçı MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-2612/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə dərhal qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar