Məhkəmə qərarları › İş №2-2(103)-685/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-685/2021

02.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-685/2021 02.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi, İddiaçı şirkətinin nümayəndəsi Nümayəndə1 iştirakı ilə cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankına və Əmanətlərin Sığortalanması Fonduna qarşı pul tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-209/2021 nömrəli iş üzrə 18 mart 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə аçıq məhkəmə iclаsındа bаxаrаq müəyyən etdi: İddiaçı cavabdehlərə qarşı məhkəməyə müraciət edərək, İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı filialı ilə “Verio Group Limited” şirkəti arasında bağlanmış boru məhsullarının alqı-satqısına dair PUR/BOC 032/20 saylı 24.04.2020-ci il tarixli müqavilənin 01/20 saylı spesifikasiyasına əsasən şərtləşdirilmiş və müqavilə bağlanan tarixdə İddiaçı şirkətinin filialı tərəfindən “Verio Group Limited” şirkətinə ödənilməsi üçün “xxxx” ASC-də olan hesabından köçürülmüş 424.000 ABŞ dolları məbləğdə pul vəsaitinin və iddia ərizəsi üçün ödənilmiş 30 manat məbləğdə dövlət rüsumunun cavabdehlər tərəfindən iddiaçıya qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2358/2020 nömrəli iş üzrə 17.09.2020ci il tarixli qərardadı ilə, iddia tələbi ləğvetmə prosesində olan banka qarşı yönəldiyindən, iş üzrə icraata xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-674/2020 nömrəli iş üzrə 18.11.2020-ci il tarixli qərardadı ilə iddia tələbi ləğv etmə prosesində olan banka deyil, cavabdehlər AR Mərkəzi Bankına və Əmanətlərin Sığortalanması Fonduna yönəlməsi səbəbiylə şikayət təmin edilərək, 17.09.2020-ci il tarixli qərardad ləğv edilmiş və iş birinci instansiya məhkəməsinə qaytarılmışdır. Bakı Kommersiya Məhkəməsinin 18.03.2021-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Qətnamə ilə razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, Bakı Kommersiya Məhkəməsi qətnaməsində qeyd edir ki, “Tələbin məzmunundan görünür ki, İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı filialının hesabı “xxxx” ASC-də olmuşdur, pul vəsaiti həmin hesaba köçürülmüşdür və hazırki tələb də faktiki olaraq “xxxx” ASC-yə qarşı yönəldilmişdir. Lakin “xxxx” ASC ləğvetmə prosesində olduğuna görə tələb Azərbaycan Respublikasının Mərkəzi Bankına və Əmanətlərin Sığortalanması Fonduna qarşı yönəlmişdir”. Hesab edir ki, Bakı Kommersiya Məhkəməsinin iddianın təmin edilməməsi ilə bağlı qətnaməsində əsaslandığı yeganə istinad mənbəyi olan “xxxx” AR Qanununun X fəslinin müddəalarının Şirkətin iddia tələbinə və mahiyyətinə heç bir aidiyyəti yoxdur. Həm Şirkətin iddia tələbindən, həm də işə baxmış olan Bakı Apellyasiya Məhkəməsinin qərardadının mahiyyətindən görünür ki, Şirkətin ona məxsus olan pul vəsaitinin qaytarılması barədə tələbi ləğvetmə prosesində olan banka qarşı deyil, birbaşa Şirkətin həmin bankın hesabında olan, lakin bank müflis elan edildikdən sonra onun əmlakının idarə edilməsi həvalə olunmuş cavabdehlərə qarşı qaldırılmışdır. Göründüyü kimi, əgər bank ləğv edilmişdirsə və bu səbəbdən onun bütün əmlakı və vəsaitləri ləğvedicisinə keçmişdirsə, belə olan halda Şirkət həmin ləğvedici olan Əmanətlərin Sığortalanması Fonduna və Mərkəzi Banka qarşı pulun qaytarılması barədə iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Əlavə olaraq, 29 sentyabr 2004-cü il tarixdə “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandag və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (“xxxx”), X1 Bi.Vi. və xxxx-in Ortaq Şirkəti (“Podratçılar”) arasında Saziş (“Saziş”) imzalanmış və bu Saziş 29 aprel 2005-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin imzaladığı 901 saylı Qanuna əsasən qanun statusunu almışdır. Azərbaycan Respublikası Hökuməti tərəfindən (“Hökumət”) Saziş üzrə verilən Təminat və öhdəliklərin 1(e) bəndində Hökumətin aşağıda qeyd olunan təminatı öz əksini tapmışdır: “Podratçı Tərəflərin heç bir hüququ, mənafeyi və ya əmlakı Azərbaycan Respublikasının hər hansı hakimiyyət orqanlarının hər hansı hərəkətləri nəticəsində qəsb edilə bilməz, milliləşdirilə bilməz və ya başqa şəkildə özgə tərəfindən mənimsənilə bilməz. Bundan başqa, 29 aprel 2005-ci il tarixdə Azərbaycan Respublikası Prezidenti tərəfindən imzalanmış 901 saylı Qanunun 4-cü bəndinə əsasən, bu Qanun qüvvəyə mindikdən sonra Saziş, Hökumət təminatı və Əlavələr Qanun olurlar. Sazişdə konkret surətdə başqa hallar göstərilməyibsə, Saziş, Hökumət təminatı və Əlavələr Sazişin qüvvədə olduğu müddət ərzində bu Sazişə, Hökumət təminatına və Əlavələrə uyğun gəlməyən və ya zidd olan Azərbaycan Respublikasının hər hansı başqa mövcud və ya qəbul oluna biləcək qanunlarının, fərmanlarının, yaxud inzibati sərəncamlarının (və ya onların hissələrinin) müddəalarından üstün tutulur. Göründüyü kimi, birinci instansiya məhkəməsi Beynəlxalq Sazişdə nəzərdə tutulan və eləcə də AR Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş İddiaçı şirkətinin təminat və öhdəliklərini və bu öhdəliklərdən irəli gələn hüquqlarını nəzərə almamış, həmçinin, Şirkətin neft-qaz əməliyyatlarının aparılması məqsədilə həyata keçirdiyi pul vəsaiti ödənişinin qaytarılmamaqla Şirkətə olduqca böyük ziyan vurulmasının ciddiliyinə varmamışdır. “Əmanətlərin sığortalanması haqqında” AR Qanununun 4.1.4-cü maddəsinə əsasən, Fond sığorta hadisəsi baş verdikdə, əmanətçilərin tələblərinin uçotunu aparır və kompensasiya ödəyir. İşə apellyasiya qaydasında baxılarkən iddiaçının nümayəndəsi şikayətə uyğun izhat vermişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 372-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Apellyasiya şikayətinin dəlilləri əsassızdır. Belə ki, işdə olan 24.04.2020-ci il tarixli 0097 saylı ödəniş tapşırığına əsasən 424.000 ABŞ dolları İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı filialının “xxxx” ASCdə olan hesabından “Verio Group LTD” şirkətinin hesabına köçürülmüşdür. AR Mərkəzi Bankının 12.05.2020-ci il tarixli 22/1 nömrəli qərarı ilə “xxxx” ASC-yə verilən 09.11.1992-ci il tarixli 13 nömrəli bank lisenziyası ləğv edilmiş, Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 2-3(103)-132/2020 nömrəli iş üzrə 14.05.2020-ci il tarixli qərarı ilə “xxxx” ASC müflis elan edilmiş, Əmanətlərin Sığortalanması Fondu Bankın ləğvedicisi təyin edilmiş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04.04.2020-ci il tarixli 135s nömrəli sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planına əsasən pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsi üzrə və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi üzrə dövlət vəsaiti hesabına aparılan ödənişlərin təyinatı üzrə ödənilməsinə moratorium tətbiq olunmamasına icazə verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 954.1-ci maddəsinə əsasən, bank hesabı müqaviləsinə görə bank müştəriyə (hesabın sahibinə) açılmış hesaba daxil olan pul vəsaitini qəbul etməyi və hesaba salmağı, hesabdan müvafiq məbləğlərin köçürülməsinə və verilməsinə, hesab üzrə digər əməliyyatların aparılmasına dair müştərinin sərəncamlarını yerinə yetirməyi öhdəsinə götürür. “xxxx” AR Qanununun: 71.7. Bu Qanunun 59.2-ci və 71.1-ci maddələrinə əsasən təyin edildiyi gündən ləğvedici aşağıdakı səlahiyyətləri həyata keçirir: 71.7.1. bankın idarə olunması üzrə bütün səlahiyyətləri, o cümlədən bank səhmdarlarının ümumi yığıncağının səlahiyyətlərini həyata keçirir; 71.7.2. bankın əmlakının və sənədlərinin qorunması üçün tədbirlər görür, aralıq balansını tərtib edir, habelə bankın aktivlərini idarə edir; 71.7.3. bankın əmanətçilər qarşısında öhdəliklərinin reyestrini tərtib edir və kompensasiyaların ödənilməsi üçün qanuna müvafiq tədbirlər görür; 71.7.4. kreditorların tələblərini qeydə alır və onların ödənilməsi üçün tədbirlər görür; 71.7.5. bankın qarşısında olan borcların qaytarılması üzrə tədbirlər görür; 71.7.6. istənilən zaman bankın əməkdaşları ilə bağlanılmış əmək müqavilələrinə xitam verir; 71.7.7. bu Qanunun 79-cu maddəsində müəyyən edilmiş qaydada bankın bağlamış olduğu müqavilələrin qüvvəsinə xitam verilməsi üzrə tədbirlər görür; 71.7.8. tədbirlər planında nəzərdə tutulduğu halda, bankın aktiv və öhdəliklərinin satışını və ya köçürülməsini həyata keçirir; 71.7.9. bank tərəfindən verilmiş kreditlərin restrukturizasiyasını (kreditin ödəmə müddətinin uzadılması, faizlərin azaldılması və ya ləğv edilməsi, ümidsiz borcların silinməsi) həyata keçirir; 71.7.10. bankın məcburi ləğvinə gətirib çıxaran halları araşdırır, bu kimi halların baş verməsində şübhəli bilinən şəxslərin məsuliyyətə cəlb edilməsi üçün aidiyyəti orqanlara müraciət edir və bankın adından məhkəmələrdə iddialar qaldırılır; “Bankın müflis elan olunmasının nəticələri” adlı 72.1-ci maddəsinə əsasən, bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi anından: bankın adından yalnız ləğvedici və ya onun vəkil etdiyi şəxs tərəfindən edilən hərəkətlər hüquqi qüvvəyə malik olur; banka qarşı məhkəmə icraatı prosesində olan bütün iddialar dayandırılır; bank barəsində digər məhkəmə icraatına başlanılmır və banka qarşı bütün tələblər yalnız bu Qanunda nəzərdə tutulan iflas proseduru çərçivəsində irəli sürülür; qanunvericiliyə müvafiq hallarda aktivlərin üzərinə qoyulmuş bütün həbslər hüquqi qüvvəsini itirir; girovla təmin edilmiş aktivlər barəsində borc məbləği həddində bu Qanunun 81-cı maddəsinə uyğun icraat istisna olmaqla, bankın aktivlərinə yönəldilmiş icra sənədlərinin icrası dayandırılır; bankın öhdəlikləri üzrə faizlərin və digər haqların hesablanması dayandırılır. Bu zaman bankın aktivlərinə faizlərin və digər haqların hesablanması davam etdirilir. Göründüyü kimi, pul vəsaitinin onun “xxxx” ASC-də olan hesabından iddiaçıya qaytarılması tələbinin qanuni əsasını ilk baxışdan MM-in 954.1-ci maddəsinin təşkil etdiyi görüntüsü yaransa da, bu norma ləğv prosesində olan banklara, o cümlədən iş üzrə “xxxx” ASC-yə tətbiq oluna bilməz. Çünki, qanunverici bankların iflası proseduruna xüsusi hüquqi rejimin tətbiq olunmasını tələb etmiş, bu məqsədini “xxxx” Qanunun 72.1-ci maddəsində açıq bildirmişdir. Bu baxımdan, “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu hər nə qədər bankın idarə olunması üzrə bütün səlahiyyətləri, o cümlədən bank səhmdarlarının ümumi yığıncağının səlahiyyətlərini həyata keçirsə də, onun bu səlahiyyətlərinin dəqiq siyahısı “xxxx” Qanunun 71.7-ci maddəsində əks olunmuşdur ki, bunlar da əsasən iflas prosesinin qısa müddətdə və uğurla başa çatdırılmasına yönəlmişdir. Bundan əlavə, “xxxx” Qanunun 78.1-ci maddəsinə görə, bu Qanunun 82-ci maddəsinin tələblərinə əməl etmək şərtilə müflis bankla onun kreditorları arasında öhdəliklərin əvəzləşdirilməsi aparıla bilər. Həmin Qanunun 82.1-ci maddəsinə əsasən, müflis elan olunmuş bankın aktivləri onun kreditorları arasında aşağıdakı növbəlik qaydasında bölüşdürülür: 82.1.1. çıxarılmışdır; 82.1.2. fiziki şəxslərin əmanətlərinin sığortalanması Fondunun reqres hüququ üzrə tələblər; 82.1.3. iflas prosedurunun həyata keçirilməsi ilə bağlı müvəqqəti inzibatçının və ləğvedicinin çəkdiyi bütün məsrəflər və xərclər, o cümlədən onların əmək haqqı, məhkəmə xərcləri və ləğvedicinin bankın ləğvetmə tədbirlərinin həyata keçirilməsi ilə bağlı qəbul etdiyi öhdəliklər; 82.1.4. iş vaxtı baş vermiş bədən xəsarəti və ya ölüm halları ilə əlaqədar bank işçilərinin tələbləri; 82.1.5. bankın müflis elan olunmasına dair məhkəmə qərarının qəbul edildiyi tarixdən əvvəlki altı aydan çox olmayan dövr üçün ödənilməli müavinətlərin, əmək haqlarının verilməsi haqqında bankın işçilərinin və keçmiş işçilərinin tələbləri; 82.1.6. müvəqqəti inzibatçının idarəetmə və maliyyə sağlamlaşdırması prosedurları ilə əlaqədar bankın öhdəlikləri; 82.1.7. bankın müflis elan olunmasına dair qərarın qəbul edildiyi tarixdən əvvəlki bir ildən çox olmayan müddət üçün büdcəyə məcburi ödənişlər üzrə vergilər və məcburi dövlət sosial sığortası üzrə ödənilməli məbləğlər; 82.1.8. təminatsız kreditorların tələbləri. 82.2. Qalan aktivlər bankın səhmdarlarına onların paylarına mütənasib surətdə qanunvericiliyə uyğun qaydada ödənilir. Eyni Qanunun 87-ci maddəsinə görə, bu Qanunun 82-ci maddəsinə uyğun olaraq təsdiq edilmiş tələblər ödəniş növbəliyinə müvafiq surətdə təsnifləşdirilərək kateqoriyalar üzrə birləşdirilir və bölgü cədvəlinə daxil edilir. Hər kateqoriya üzrə tələblər əvvəlki növbənin tələbləri tam ödənildikdən sonra ödənilir. Növbə daxilində tələblərin ödənilməsinə vəsait çatışmadıqda ödənişlər tələblərə proporsional faizlə bölüşdürülür. Tələbləri təsdiq edilmiş və bölgü cədvəlinə daxil edilmiş bank kreditorlarına ödənişlərin aparılması qrafiki ləğvedici tərəfindən məhkəməyə təsdiq olunmaq üçün təqdim edilir. Məhkəmə tərəfindən təsdiq edilmiş ödənişlərin aparılması qrafiki qətidir və ondan şikayət verilə bilməz. Ödənişlərin aparılması qrafiki məhkəmə tərəfindən təsdiq edildikdən sonra ləğvedici dərhal həmin qrafikdə nəzərdə tutulan ödənişləri icra edir. Göründüyü kimi, qanunvericiliklə müflis elan olunmuş bankın aktivlərinin onun kreditorları arasında növbəlik qaydasında bölüşdürülməsi və hər kateqoriya üzrə tələblərin əvvəlki növbənin tələbləri tam ödənildikdən sonra ödənilməsi imperativ qaydada tənzimlənmişdir. Bu da o deməkdir ki, müflis elan olunmuş bankın kreditorlarına növbəlikdənkənar hər hansı qaydada ödəniş aparıla, habelə, hesabda olan vəsaitlər qaytarıla, hətta, müflis bankla onun kreditorları arasında növbəlikdənkənar öhdəliklərin əvəzləşdirilməsi belə həyata keçirilə bilməz. Həmçinin, Mərkəzi Bankın hər hansı qaydada tələbə cavab verməli olan subyekt kimi iddiaçı qarşısında məsuliyyət daşımasının əsasları işdən müəyyən edilmir. İddia ərizəsi və apellyasiya şikayətində də mübahisəli vəsaitin Mərkəzi Bank tərəfindən qaytarılmalı olmasının faktiki əsasları qeyd olunmamışdır. Şikayətin “Əmanətlərin sığortalanması haqqında” Qanunun müxtəlif müddəalarına istinad edən dəlilləri də əsaslı deyil Belə ki, həmin qanun Azərbaycan Respublikasında fəaliyyət göstərən banklarda fiziki şəxslərin əmanətlərinin kollektiv icbari sığortalanması sisteminin yaradılması və fəaliyyəti, o cümlədən əmanətlər üzrə kompensasiya ödənilməsi qaydalarını müəyyən edir, əmanətlərin sığortalanması sisteminin yaradılmasının məqsədi isə banklar və xarici bankların yerli filialları ödəmə qabiliyyətini itirdikdə, fiziki şəxslərdən əmanətə qəbul olunmuş pul vəsaitinin itirilməsi riskinin qarşısını almaq, maliyyə və bank sisteminin sabitliyini və inkişafını təmin etməkdir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur. Bununla bağlı olaraq, qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir (MPM-in 384.0.1-ci maddəsi). Göstərilənlərə əsasən və MPM-in 384, 392 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-209/2021 nömrəli iş üzrə 18 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı şirkətinin apellyasiya şikayəti təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar