Məhkəmə qərarları › İş №2-2(103)-693/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-693/2025

23.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-693/2025 23.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh QSC-yə qarşı iddia tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: icraatın dili, müstəsna lizensiya) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər Şirinov Ziya Allahverdi oğlu, X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Məhərrəmova Günel Elman qızının katibliyi Cavabdeh QSC-nin nümayəndəsi (vəkili) Nümayəndə2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh QSC-yə qarşı “öhdəliyin qoyulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 28 aprel 2025-ci il tarixli qətnaməsindən Cavabdeh QSC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. İddiaçı MMC (lisenziya alan) ilə “Jara TV” (lisenziya verən) arasında bağlanmış 01 yanvar 2020-ci il tarixli 126/20 nömrəli lisenziya müqaviləsinə görə lisenziya verən lisenziya alana lisenziya ərazisində telekanalın (müqavilənin 1 saylı əlavəsinə əsasən - “ЖАРА ТВ”) rabitə operatorları vasitəsilə yayılması hüququnu verir və ya hüququnu ötürür. Lisenziya alan isə bu müqavilənin şərtlərinə uyğun olaraq lisenziya verənə verilmiş hüquqa görə lisenziya haqqı ödəməyi öhdəsinə götürür.

2. İddiaçı MMC (lisenziya alan) ilə “X2 Rights GmbH” (lisenziya verən) arasında lisenziya müqaviləsi bağlanmış, “Showtürk”, “TV 8-İnt”, “Kanal 7-Avrupa”, “Habertürk”, “Blomberg HT”, “Showmax” telekanallarının yayılması hüququ iddiaçıya verilmişdir.

3. İddiaçı MMC (lisenziya alan) ilə “İMA İNTERNATİONAL Media Arts GmbH” (lisenziya verən) arasında lisenziya müqaviləsi bağlanmış, “EURO D”, “DREAM TURK”, “TRT TURK”, “TRT HABER”, “TRT MUZİK”, “TRT BELGESEL”, “TRT SPOR”, “TRT 2”, “TRT KURDİ”, “TRT WORLD”, “TRT COCUK”, “TRT SPOR 2”, “EURO STAR”, “360 TV”, “24 TV”, “KANAL AVRUPA”, “TGRT EU”, “POWER TÜRK”, “TELE 1”, “ATV AVRUPA” telekanallarının yayılması hüququ lizensiya alana verilmişdir.

4. İddiaçı MMC (agent) ilə Cavabdeh QSC (operator) arasında bağlanmış 30 dekabr 2023-cü il tarixli 2-TS-AGS-23 nömrəli lisenziya razılaşmasına görə operator tərəfindən lisenziya ödənişinin vaxtında ödənilməsi və hazırkı razılaşma üzrə bütün öhdəliklərini və zəmanətlərini qeyri-şərtsiz yerinə yetirdikdə agentə hazırki razılaşmanın qüvvədə olma müddəti ərzində operatorun yayım ərazisində kabel şəbəkələri ilə abunəçilərə lisenziya kanallarını yayımlamaq üçün qeyri-müstəsna hüquqlarını təqdim edir, operator isə agentə hazırkı razılaşmanın şərtlərinə müvafiq olaraq agentə lisenziya ödənişini ödəməyi öz üzərinə götürür. Operator hazırkı razılaşmaya əsasən agent tərəfindən təqdim olunan heç bir huquqlarını heç bir üçüncü şəxsə sublisenziyalama hüququna malik deyil.

5. Azərbaycan Respublikası Audivizual Şurasına tərəfindən verilmiş 10 dekabr 2024-cü il tarixli 3-49/2-761/2024 saylı cavab məktubundan görünür ki, Şura tərəfindən 21 noyabr 2024-cü il tarixdə, saat 14:00-da keçirilmiş monitorinq zamanı Cavabdeh QSC platforma operatoru xidməti (“AGS TV”) tərəfindən cavabdeh tərəfindən müxtəlif dillərdə yayımlanan bəzi kanalların həmin xidmət tərəfindən buna hüquq verən sənəd və ya sənədlər (müqavilə, lisenziya, icazə və s.) olmadan retranslyasiya olunması və bununla da “Media haqqında” Qanunun 32.4-cü maddəsinin tələbinin pozulması faktı aşkar olunmuşdur. Aşkar olunmuş pozuntu faktına uyğun olaraq Şura tərəfindən 22 noyabr 2024-cü il tarixdə cavabdeh barəsində İXM-nin 381.11-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə bağlı protokol tərtib olunmuş və iş materiallarının aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul edilmişdir.

6. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən iddiaçıya verilmiş 22 oktyabr 2024-cü il tarixli cavab məktubuna əsasən İddiaçı MMC və "xxxx" MMC “Tvin Tv” vasitəsilə xarici audiovizual yayımçıların proqramlarının retranslyasiyasını Cavabdeh QSC ilə imzalanmış müqavilə əsasında həyata keçirirlər. Cəmiyyətlərə Cavabdeh QSC tərəfindən İddiaçı MMC ilə olan müqavilənin müddətinin bitməsi ilə bağlı məlumat təqdim edilməmişdir.

7. "xxxx" MMC ilə Cavabdeh QSC arasında bağlanmış 29 iyul 2022-ci il tarixli XM-178-22 nömrəli İP TV xidməti üzrə müqaviləyə görə bu müqavilə cavabdeh tərəfindən standartlara uyğun rəqəmsal tv platformasının "xxxx" MMC-yə təqdim edilməsi ilə bağlı texniki, iqtisadi və hüquqi münasibətləri tənzimləyir.

8. 29 iyul 2022-ci il tarixli XM-178-22 nömrəli İP TV xidməti üzrə müqaviləyə: əlavə 1-də müqavilə üzrə ödənişlərin edilməsi ilə bağlı məsələlər öz əksini tapmışdır; əlavə 2-də satış performansının ölçülməsi və keyfiyyət ilə bağlı məsələlər öz əksini tapmışdır; əlavə 3-də öhdəliklərin bölgüsü ilə bağlı məsələlər öz əksini tapmışdır.

9. "xxxx" MMC ilə Cavabdeh QSC arasında bağlanmış 29 iyul 2022-ci il tarixli, XM-178-22 nömrəli İP TV xidməti üzrə müqaviləyə 19 noyabr 2024-cü il tarixli, 01 nömrəli əlavə razılaşma ilə müqaviləyə dəyişiklilər edilmişdir.

10. "xxxx" MMC ilə Cavabdeh QSC arasında bağlanmış 22 iyul 2022-ci il tarixli, 1100-04-22/07-471 nömrəli İP TV xidməti üzrə müqaviləyə görə bu müqavilə cavabdeh tərəfindən standartlara uyğun rəqəmsal tv platformasının "xxxx" MMC-yə təqdim edilməsi ilə bağlı texniki, iqtisadi və hüquqi münasibətləri tənzimləyir.

11. 22 iyul 2022-ci il tarixli 1100-04-22/07-471 nömrəli İP TV xidməti üzrə müqaviləyə: əlavə 1-də müqavilə üzrə ödənişlərin edilməsi ilə bağlı məsələlər öz əksini tapmışdır; əlavə 2-də satış performansının ölçülməsi və keyfiyyət ilə bağlı məsələlər öz əksini tapmışdır; əlavə 3-də öhdəliklərin bölgüsü ilə bağlı məsələlər öz əksini tapmışdır.

12. "xxxx" MMC ilə Cavabdeh QSC arasında 22 iyul 2022-ci il tarixli, 1100-04- 22/07-471 nömrəli İP TV xidməti üzrə müqaviləyə 19 noyabr 2024-cü il tarixli, 01 nömrəli əlavə razılaşma ilə müqaviləyə dəyişiklilər edilmişdir.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

a) İddia tələbi və ona qarşı etiraz

13. İddiaçı MMC (iddiaçı) Cavabdeh QSC-yə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdeh “X3” Qapalı Səhmdar Cəmiyyətinə “5 İnternational”, “ЖАРА ТВ”, “İMA İNTERNATİONAL MEDİA ARTS”, “EURO D”, “DREAM TURK”, “TRT TURK”, “TRT HABER”, “TRT MUZİK”, “TRT BELGESEL”, “TRT SPOR”, “TRT 2”, “TRT KURDİ”, “TRT WORLD”, “TRT COCUK”, “TRT SPOR 2”, “EURO STAR”, “360 TV”, “24 TV”, “KANAL AVRUPA”, “TGRT EU”, “POWER TÜRK”, “TELE 1”, “ATV AVRUPA”, “X2 Rights GmbH”, “Showtürk”, “TV 8-İnt”, “Kanal 7-Avrupa”, “Habertürk”, “Blomberg HT”, “Showmax” telekanallarının yayımının özü tərəfindən yayımlanmasının, habelə başqa şəxslərə ötürülməsinin qadağan edilməsi və ödənilmiş 100,40 manat dövlət rüsumunun tutularq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

14. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış “kabel şəbəkələri ilə televiziya kanallarının yayımlanması haqqında” 30 dekabr 2023-cü il tarixində 2-TS-AGS-23 saylı lisenziya razılaşması imzalanmışdır. 01 aprel 2024-cü il tarixində isə 1 saylı əlavə razılaşma ilə müqavilənin müddəti 31 dekabr 2024-cü il uzadılmışdır. 1 saylı Əlavə Razılaşmaya əsasən, “X3” QSC özünəməxsus kabel (İPTV) şəbəkəsi vasitəsi ilə “5 İnternational”, “ЖАРА ТВ”, “İMA İNTERNATİONAL MEDİA ARTS”, “EURO D”, “DREAM TURK”, “TRT TURK”, “TRT HABER”, “TRT MUZİK”, “TRT BELGESEL”, “TRT SPOR”, “TRT 2”, “TRT KURDİ”, “TRT WORLD”, “TRT COCUK”, “TRT SPOR 2”, “EURO STAR”, “360 TV”, “24 TV”, “KANAL AVRUPA”, “TGRT EU”, “POWER TÜRK”, “TELE 1”, “ATV AVRUPA”, “X2 Rights GmbH”, “Showtürk”, “TV 8-İnt”, “Kanal 7- Avrupa”, “Habertürk”, “Blomberg HT”, “Showmax” telekanallarını 01 aprel 2024-cü il tarixindən yayımlayır. Lakin “X3” QSC 30 dekabr 2023-cü il tarixli 2-TS-AGS-23 saylı lisenziya razılaşmasının şərtlərini kobud şəkildə pozaraq kanalların yayım hüququnu üçüncü tərəfə - "xxxx" MMC-yə qeyri-qanuni olaraq satır. Lisenziya razılaşmasının 1.1-ci bəndinə əsasən: “... Operator hazırki razılaşmaya əsasən agent tərəfindən təqdim olunan heç bir hüquqların üçüncü şəxsə ötürmə hüququna malik deyil”. “X3” QSC bu hərəkətləri ilə yuxarıda qeyd edilən iddiaçının müvəkkil olduğu şirkətlərə maddi ziyan vurur və imicinə xələl yetirir. Qeyd edilir ki, İddiaçı MMC ilə “X3” QSC arasında kabel şəbəkələri ilə televiziya kanallarının yayımlanması haqqında 30 dekabr 2023-cü il tarixli müqavilə iddiaçı tərəfindən 01 oktyabr 2024-cü il tarixdən birtərəfli qaydada ləğv edilmişdir. Lakin tərəflər arasında bağlanmış müqavilə iddiaçı tərəfindən ləğv edilməsinə baxmayaraq “X3” QSC tərəfindən kanalların qanunsuz və əsassız olaraq yayımlanması və eləcə də 3-cü şəxslərə ötürülməsi hərəkətləri davam etdirilməkdədir. Üçüncü tərəflər yuxarıda göstərilən lisenziyalı kanalları “X3” QSC-dən alır və bu kanalları özləri yayımlayırlar. Bu hərəkətlər 30 dekabr 2023-cü il tarixli 2-İM-AGS-23 saylı lisenziya razılaşmasının şərtlərinin kobud şəkildə pozulmasıdır. 2-İM-AGS-23 saylı lisenziya razılaşmasının 1.1-ci bəndinə əsasən: “ ...operator hazırkı razılaşmaya əsasən agent tərəfindən təqdim olunan heç bir huquqların heç bir üçüncü şəxsə sublisenziyalama hüququna malik deyil”. Abunəçilər - operatorla müvafiq razılaşma əsasında lisenziya kanallarını qəbul edən və gələcəkdə kanalları yayımlamaq hüququna malik olmayan operatorun kabel şəbəkəsinin fiziki və/və ya hüquqi şəxsləridir (son istehlakçılar). “X3” QSC bu hərəkətləri ilə iddiaçıya maddi ziyan vurmuş və imicinə və işgüzar nüfuzuna xələl yetirmişdir. “X3” QSC müqavilə şərtlərini kobud şəkildə pozaraq həmin kanalların yayım hüququnu üçüncü tərəfə - "xxxx" MMC-yə və "xxxx" MMC-yə qeyri-qanuni olaraq satır. Bildirilir ki, bu hal iddiaçının hüquqlarının pozulmasıdır. Qeyd edilir ki, İddiaçı MMC ilə “X3” QSC arasında kabel şəbəkələri ilə televiziya kanallarının yayımlanması haqqında 30 dekabr 2023-cü il tarixli müqavilə iddiaçı tərəfindən 01 oktyabr 2024-cü il tarixdən birtərəfli qaydada ləğv edilmişdir. Lakin tərəflər arasında bağlanmış müqavilə iddiaçı tərəfindən ləğv edilməsinə baxmayaraq, “X3” QSC tərəfindən kanalların qanunsuz və əsassız olaraq yayımlanması və eləcə də 3-cü şəxslərə ötürülməsi hərəkətləri davam etdirilməkdədir. Göründüyü kimi cavabdeh bağlanmış müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi pozmuşdur. Bununla bağlı İddiaçı MMC tərəfindən cavabdehə 05 noyabr 2024cü il tarixdə pretenziya məktubu ünvanlanaraq kanalların yayımlanması üçün 3-cü şəxslərə satılması (ötürülməsi və ya verilməsi) hallarına 3 gün ərzində son qoyulması tələb edilsə də, cavabdeh bundan imtina edərək hərəkətlərinə davam etməkdədir. Hazırda bu hərəkətlərin cavabdehə qadağan edilməsi zərurəti yaranmışdır. Bundan başqa, iddiaçı tərəfindən Azərbaycan Respublikası Audivizual Şurasına ünvanlanmış sorğuya əsasən verilmiş cavab məktubundan görünür ki, adıçəkilən qurum tərəfindən 21 noyabr 2024-cü il tarixdə, saat 14:00-da keçirilmiş monitorinq zamanı cavabdeh tərəfindən müxtəlif dillərdə yayımlanan bəzi kanalların həmin xidmət tərəfindən buna hüquq verən sənəd və ya sənədlər (müqavilə, lisenziya, icazə və s.) olmadan retranslyasiya olunmasına görə 22 noyabr 2024-cü ildə İXM-nin 381.11-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün müvafiq məhkəməyə göndərilmişdir.

b) Birinci instansiya məhkəməsində tərəflərin izahatı

15. Əvvəlki məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə1 iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi.

16. Məhkəmə iclasında cavabdehin nümayəndəsi (vəkili) Nümayəndə2 iddia ərizəsinə etiraz edib məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçı hazırkı iddianı qaldırmaqla bağlı müvafiq subyektiv hüquqa malik deyildir.

c) Qəbul olunmuş məhkəmə aktı və əsaslandırılması

17. Birinci instansiya məhkəməsinin 28 aprel 2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunmuşdur.

18. Məhkəmə gəldiyi nəticəni aşağıdakı kimi əsaslandırmışdır:

- Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olundu ki, iddiaçı (lisenziya alan) ilə “Jara TV” (lisenziya verən) arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 126/20 nömrəli lisenziya müqaviləsinə görə “ЖАРА ТВ” telekanalının, iddiaçı (lisenziya alan) ilə “X2 Rights GmbH” (lisenziya verən) arasında bağlanmış lisenziya müqaviləsi əsasında “Showtürk”, “TV 8-İnt”, “Kanal 7-Avrupa”, “Habertürk”, “Blomberg HT”, “Showmax” telekanallarının, iddiaçı (lisenziya alan) ilə “İMA İNTERNATİONAL Media Arts GmbH” (lisenziya verən) arasında bağlanmış lisenziya müqaviləsi əsasında isə “EURO D”, “DREAM TURK”, “TRT TURK”, “TRT HABER”, “TRT MUZİK”, “TRT BELGESEL”, “TRT SPOR”, “TRT 2”, “TRT KURDİ”, “TRT WORLD”, “TRT COCUK”, “TRT SPOR 2”, “EURO STAR”, “360 TV”, “24 TV”, “KANAL AVRUPA”, “TGRT EU”, “POWER TÜRK”, “TELE 1”, “ATV AVRUPA” telekanallarının yayılması hüququ iddiaçıya verilmişdir. - Daha sonra tərəflər arasında 30 dekabr 2023-cü il tarixli 2-TS-AGS-23 nömrəli lisenziya razılaşması bağlanmış, operator olan iddiaçı tərəfindən agent olan cavabdehə həmin razılaşmanın qüvvədə olma müddəti ərzində operatorun yayım ərazisində kabel şəbəkələri ilə abunəçilərə yuxarıda adı şəkilən telekanalları yayımlamaq üçün qeyri-müstəsna hüquqlarını təqdim etmişdir. Həmin müqaviləyə əsasən cavabdeh agent olan iddiaçı tərəfindən təqdim olunan heç bir hüquqlarını heç bir üçüncü şəxsə sublisenziyalama hüququna malik deyildir. - Bununla yanaşı, cavabdeh həmin razılaşma üzrə öhdəliklərini pozaraq həmin kanalların yayımlanması hüquqlarını "xxxx" MMC ilə bağladığı 29 iyul 2022-ci il tarixli XM-178-22 nömrəli İP TV xidməti üzrə müqavilə üzrə həmin MMC-yə və "xxxx" MMC ilə bağladığı 22 iyul 2022-ci il tarixli 1100-04-22/07-471 nömrəli İP TV xidməti üzrə müqavilə üzrə isə "xxxx" MMC-yə təqdim etmişdir. - İddiaçı tərəfindən 30 dekabr 2023-cü il tarixli 2-TS-AGS-23 nömrəli lisenziya razılaşmasının 9.2.1-ci bəndinə əsasən müqavilənin birtərəfli qaydada ləğvi ilə bağlı cavabdehə bildiriş göndərilmiş, müqavilə 01 oktyabr 2024-cü il tarixdən ləğv edilmişdir. Buna baxmayaraq cavabdeh həmin kanalların yayımlanmasını, habelə "xxxx" MMC və "xxxx" MMC-yə ötürülməsinin qarşısını almamışdır. - Belə ki, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən iddiaçıya verilmiş 22 oktyabr 2024-cü il tarixli cavab məktubuna əsasən "xxxx" MMC və "xxxx" MMC “Tvin Tv” vasitəsilə xarici audiovizual yayımçıların proqramlarının retranslyasiyasını cavabdeh ilə imzalanmış müqavilə əsasında həyata keçirirlər. Cəmiyyətlərə cavabdeh tərəfindən iddiaçı ilə olan müqavilənin müddətinin bitməsi ilə bağlı məlumat təqdim edilməmişdir. - Azərbaycan Respublikası Audivizual Şurası tərəfindən verilmiş 10 dekabr 2024cü il tarixli 3-49/2-761/2024 saylı cavab məktubundan görünür ki, Şura tərəfindən 21 noyabr 2024-cü il tarixdə, saat 14:00-da keçirilmiş monitorinq zamanı Cavabdeh QSC platforma operatoru xidməti (“AGS TV”) tərəfindən cavabdeh tərəfindən müxtəlif dillərdə yayımlanan bəzi kanalların həmin xidmət tərəfindən buna hüquq verən sənəd və ya sənədlər (müqavilə, lisenziya, icazə və.s) olmadan retranslyasiya olunması və bununla da “Media haqqında” Qanunun 32.4-cü maddəsinin tələbinin pozulması faktı aşkar olunmuşdur. Aşkar olunmuş pozuntu faktına uyğun olaraq Şura tərəfindən xx.xx.2024-cü il tarixdə cavabdeh barəsində İXM-nin 381.11-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə bağlı protokol tərtib olunmuşdur. - Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 2-TS-AGS-23 nömrəli lisenziya razılaşması iddiaçı tərəfindən birtərəfli qaydada ləğv edildiyindən, habelə həmin razılaşmanın tələblərinə əsasən cavabdeh iddiaçı tərəfindən təqdim olunmuş heç bir hüquqlarını heç bir üçüncü şəxsə sublisenziyalama hüququna malik olmadığından iddiaçı hazırda cavabdehə «5 İnternational»; «ЖАРА ТВ»; «İMA İNTERNATİONAL MEDİA ARTS»: «EURO D», «DREAM TURK», «TRT TURK», «TRT HABER», «TRT MUZİK», «TRT BELGESEL», «TRT SPOR», «TRT 2», «TRT KURDİ», «TRT WORLD», «TRT COCUK», «TRT SPOR 2», «EURO STAR», «360 TV», «24 TV», «KANAL AVRUPA», «TGRT EU», «POWER TÜRK», «TELE 1», «ATV AVRUPA»; «X2 Rights GmbH»: «Showtürk», «TV 8-İnt», «Kanal 7-Avrupa», «Habertürk», «Blomberg HT», «Showmax» telekanallarının özü tərəfindən yayımlanmasının, başqa şəxslərə ötürülməsinin qadağan edilməsini tələb etməklə haqlıdır və bu səbəbdən iddia əsaslı olduğundan təmin edilməlidir.

19. Qənaətinin hüquqi əsaslandırması zamanı məhkəmə, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanunun 32.1-ci, 35-ci, 44-cü, 45-ci, “Media haqqında” Qanunun 38.1-ci maddələrinə istinad etmişdir.

20. Qətnamədən cavabdehin nümayəndəsi (vəkili) apellyasiya şikayəti verərək onun ləğv, iddianın rədd olunmasını xahiş etmişdir. Şikayətini belə əsaslandırmışdır ki, məhkəmə işin faktiki hallarını və hazırkı iddia tələbinin mahiyyətini araşdırmamış, iddiaçı tərəfindən verilən lizensiyanın hüquqi statusunu (müstəsna və ya qeyri-müstəsna) olmasını aydınlaşdırmadan, eləcə də ona lizensiya hüququ verən müqavilələrin tərcümə edilmiş versiyasına istinad etməməklə əsassız qətnamə qəbul etmişdir.

Apellyasiya şikayətinə qarşı etiraz

21. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Apellyasiya baxışı

22. İddiaçının nümayəndəsi (vəkili) 09 iyul 2025-ci il tarixində məhkəməyə elektron məhkəmə informasiya sistemi vasitəsilə məlumat ünvanlayaraq xx.xx.2025-ci il tarixinə təyin olunmuş məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini, saat 11:10 və 11:40-da Bakı İnzibati Məhkəməsində əvvəlcədən təyin olunmuş məhkəmə iclaslarında iştirakının zəruri olduğunu bildirmiş və işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını, təqdim edilmiş sübutlar və vəsatətlər əsasında prosessual hərəkətlərin edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən 09 iyul 2025-ci il tarixində (***-***-**-** mobil nömrəsi ilə) iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə1 ilə (***-***-**-** mobil nömrəsi) telefon vasitəsilə əlaqə saxlanılaraq iddia tələbinin əsasını təşkil edən müqavilələrin tərücmə edilərək məhkəməyə təqdim edilməsini tələb etmiş, iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə1 müqavilələrin tərcümə edilərək təqdim ediləcəyini bildirsə də, sözügedən müqavilələrin tərcümə edilmiş versiyasını məhkəməyə təqdim etməmişdir. Məhkəmə tərəfindən yenidən ***-***-**-** mobil nömrəsi ilə əlaqə yaratmaq mümkün olmamışdır. Daha sonra Nümayəndə1 köməkçisi məhkəmə ilə ***-***-**-** mobil nömrəsi vasitəsilə əlaqə yaradaraq Nümayəndə1 ölkə xaricində olduğunu, müqavilələrin isə həcminin çoxluğu səbəbindən əlavə xərclər tələb etdiyini və onların tərcümə edilərək məhkəməyə təqdim edilməsinin mümkün olmadığını bildirmişdir.

23. Cavabdehin məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası

24. Maddə 21 (İ). İ. Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir.

25. Maddə 125 (İ). Azərbaycan Respublikasında məhkəmə hakimiyyətini ədalət mühakiməsi yolu ilə yalnız məhkəmələr həyata keçirirlər.

26. Maddə 127 (X). Azərbaycan Respublikasında məhkəmə icraatı Azərbaycan Respublikasının dövlət dilində və ya müvafiq yerin əhalisinin çoxluq təşkil edən hissəsinin dilində aparılır. İşin iştirakçısı olub məhkəmə icraatının aparıldığı dili bilməyən şəxslərin işin materialları ilə tam tanış olmaq, məhkəmədə tərcüməçi vasitəsi ilə iştirak etmək və məhkəmədə ana dilində çıxış etmək hüququ təmin edilir. “Məhkəmələr və hakimlər haqqında” Qanun

27. Maddə 14. Məhkəmə icraatının aparıldığı dil Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin X hissəsində müəyyən edilir.

“Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanun

28. Preambula. Azərbaycan Respublikası Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini öz müstəqil dövlətçiliyinin başlıca əlamətlərindən biri sayır, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi qayğısına qalır.

29. Maddə 11.6. Azərbaycan Respublikası məhkəmələrində mülki işlər, kommersiya və inzibati mübahisələr üzrə məhkəmə icraatı dövlət dilində aparılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada bütün növ məhkəmə icraatları digər dillərdə aparıla bilər.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

30. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

31. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

32. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

33. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

“Media haqqında” Qanunu

34. Maddə 1.1.23. retranslyasiya – hər hansı texnologiyadan istifadə etməklə televiziya və ya radio kanallarının, habelə proqramların və ya onların hissələrinin məzmununa dəyişiklik edilmədən yayımlandığı anda qəbulu və ötürülməsi;

35. Maddə 32.4. Platforma operatoru onunla xarici audiovizual yayımçı və ya onun adından müqavilə bağlamaq səlahiyyəti olan şəxs arasında xarici audiovizual yayımçıların proqramlarının retranslyasiyasına dair bağlanmış müqavilənin surətini Şuraya təqdim etməlidir.

“Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanun

36. Maddə 15.2. Əsərdən istifadəyə müstəsna hüquqlar aşağıdakıları həyata keçirməyi, həyata keçirilməsinə icazə verməyi, yaxud qadağa qoymağı bildirir: əsəri kütləvi nümayiş etdirmək (kütləvi nümayiş hüququ);

37. Maddə 35 (1-ci sətir). Verilişdən hər hansı istifadəyə görə qonorar almaq hüququ da daxil olmaqla yayım təşkilatının ondan istənilən formada istifadəyə müstəsna hüququ vardır.

38. Maddə 35 (2-ci sətir). Yayım təşkilatının verilişlərindən istifadəyə müstəsna hüquq efir (kabel) yayımı təşkilatının aşağıdakı hərəkətləri həyata keçirməyi, həyata keçirməyə icazə verməyi və ya qadağa qoymağı bildirir: verilişi yazmaq; verilişin yazılmasının surətini çıxarmaq; öz verilişinin eyni vaxtda kütləvi bildiriş üçün başqa yayım təşkilatı vasitəsi ilə efir və ya kabellə bildirişi; öz verilişini kütləvi bildiriş üçün kabel televiziyası ilə göstərmək və ya efirə vermək; öz verilişinin pullu giriş olan yerlərdə kütləvi bildirişi; verilişin yazılmasını yaymaq.

39. Maddə 44.1. Müəlliflik hüququnun və əlaqəli hüquqların sahibləri, habelə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum və əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar müəlliflik hüquqlarını və əlaqəli hüquqları pozan və ya pozmaq təhlükəsi yaradan hərəkətlərin dayandırılmasını tələb etmək hüququna malikdirlər.

40. Maddə 45.1. Müəlliflik hüququnun və əlaqəli hüquqların sahibləri öz hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edə bilərlər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

41. Maddə 11.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı Azərbaycan Respublikasının dövlət dilində — Azərbaycan dilində və ya müəyyən ərazi əhalisinin əksəriyyətinin dilində aparılır.

42. Maddə 11.3. Məhkəmə sənədləri işdə iştirak edən şəxslərə məhkəmə icraatının aparıldığı dildə verilir.

43. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

44. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

45. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

46. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

47. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

48. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

49. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

50. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qətnaməni qəbul edərkən, iddia tələbinin əsasını təşkil edən müqavilələrin müvafiq qaydada tərcümə edilməməsini təşkil etməməklə prosessual pozuntuya yol vermişdir.

51. Belə ki, Azərbaycan Respublikasının məhkəmələri məhkəmə hakimiyyətini həyata keçirir (§ 25). Bu halda məhkəmələr Azərbaycan Respublikasından çıxış edir və buna görə də öz fəaliyyətində onun bir dövlət olaraq özəyini təşkil edən Azərbaycan dilini qorumaq öhdəliyi daşıyırlar (§ 24, 28).

52. Məhkəmə icraatının Azərbaycan Respublikasının dövlət dilində, yəni Azərbaycan dilində həyata keçirilməsi onun dövlət olaraq suveren gücünü göstərməklə yanaşı, ədalət mühakiməsinin təməlini təşkil edir (§ 26, 28).

53. Məhz bu baxımdan qanunverici mülki məhkəmə icraatının Azərbaycan Respublikasının dövlət dilində - Azərbaycan dilində həyata keçirilməsini təsbit etmişdir (§ 29, 41). Odur ki, tərəflər məhkəməyə yazılı sübutlar təqdim etdikdə həmin sübutların Azərbaycan Respublikasının dövlət dilində olmasını təmin etməlidirlər. Əks təqdirdə məhkəmə həmin sübutları qəbul etməkdən imtina edə bilər.

54. Hazırkı mübahisə üzrə isə iddiaçı iddia tələbinin əsasını təşkil edən müqavilələrin tərcüməsini tam şəkildə təqdim etməmiş, yalnız tərəflərin rekvizitləri hissəsini əks etdirən tərcüməni təqdim etmişdir. Bununla belə, həmin hissələr hazırkı mübahisənin mahiyyəti üzrə qərar verilməsi üçün kifayət etmir.

55. Belə ki, hazırkı mübahisə ilə bağlı yekun nəticəyə gəlmək üçün həlledici meyar iddiaçıya yayım hüququ ilə bağlı verilən lizensiyaların və həmin lizensiyaları verənin sözügedən hüquqlarla bağlı müstəsna səlahiyyətinin olub-olmamasıdır (§ 36, 38).

56. Lakin iddiaçı tərəfindən təqdim edilən tərcümə əsasında bununla bağlı nəticəyə gəlmək, ümumiyyətlə, mümkün deyil. Belə olduğu təqdirdə isə birinci instansiya məhkəməsi hazırkı iddia tələbini təmin edilməsi nəticəsinə gələrkən əsaslandığı hal məlum deyil.

57. Bu halda kollegiya ona da diqqət çəkir ki, apellyasiya icraatı çərçivəsində iddiaçıya həmin müqavilələrin tərcümə edilməsi təklif edilsə də, iddiaçı bundan imtina etmişdir. (§ 22)

58. Bununla bağlı kollegiya qeyd edir ki, “...hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır” (Konstitusiya Məhkəməsinin Plenumun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarı).

59. Bu baxımdan, öz iddia tələbini sübuta yetirmək üçün həmin müqavilələrin tərcümə edilmiş versiyasını təqdim etmək məhz iddiaçının öhdəliyidir (§ 44).

60. Sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib- verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir.

61. Şərh edilənləri ümumiləşdirərək kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi təmin olunmamalıdır.

62. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh QSC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-1466/2025 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı MMC-nin Cavabdeh QSC-yə qarşı “öhdəliyin qoyulması” tələbinə dair iddia ərizəsi rədd edilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 50,0 ( əlli ) manat dövlət rüsumu İddiaçı MMC-dən Cavabdeh QSC-nin xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar