Məhkəmə qərarları › İş №2-2(103)-694/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-694/2024

23.07.2024 · Sair işlər - Korporativ mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-694/2024 23.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh Firmasına qarşı “nizamnamə kapitalındakı payına uyğun əmlak dəyərinin cavabdehdən tutulması və firmadan çıxarılma” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X2 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil Əbdüəli oğlunun və cavabdehin nümayəndəsi və vəkili Nümayəndə3 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-210/2024 saylı qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ

1. Cavabdeh Firmasının xx.xx.1998-ci il tarixli təsis müqaviləsinə əsasən, müqavilə üzrə tərəflər Nərimanov rayonu Ticarət və İctimai İaşə İdarəsinin Cavabdeh kafesinin əmlakında ifadə olunan paylarını birləşdirir və Cavabdeh firmasını təsis edirlər.

2. Hazırda Cavabdeh Firmasının nizamnamə kapitalının miqdarı 87183,80 manat təşkil edir, Firmanın təsisçiləri və nizamnamə kapitalında mayalarının miqdarı aşağıdakı kimidir: Garanizade İdel (Rusiya Federasiyası) – 17 %, Garanizade Roman (Rusiya Federasiyası) – 17 %, Garanizade Emil (Rusiya Federasiyası) – 17 %, İddiaçı1 – 15 %, Nümayəndə1 – 19 %, İddiaçı2 – 15 %. Firmanın qanuni təmsilçisi Nümayəndə1dur.

3. ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış binası mülkiyyət hüququ üzrə Cavabdeh Firmasına məxsusudur və bu barədə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixli ********** №-li qeydiyyat aparılmışdır.

4. Birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh Firmasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıların cavabdehin təsisçisi – iştirakçısı olaraq cəmiyyətdən çıxmaqları, onların cəmiyyətin nizamnamə kapitalındakı paylarına uyğun olaraq əmlak hissəsinin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

6. İddiaçılar bildirir ki, onlar cavabdehin təsisçisi – iştirakçısı olaraq cəmiyyətdən çıxmaq qərarına gəlmişlər. İddiaçıların Cəmiyyətdən çıxmaqları ilə bağlı onlar cavabdehə müraciət edərək, paylarına düşən əmlakın naturada - cavabdehə məxsus olan daşınmaz əmlakın bir hissəsi hesabına - onlara verilməsi və bununla əlaqədar, cəmiyyətin təsisçilərinin – iştirakçılarının növbədənkənar 45 gün ərzində ümumi yığıncağının çağırılaraq həmçinin aşağıdakı məsələlərin gündəliyə salınaraq müzakirə olunmasını təklif etmişdilər: 1. paylarına düşən əmlakın dəyərinin müəyyənləşdirilməsi; 2. paylarına düşən əmlakın naturada – cavabdehə məxsus olan daşınmaz əmlakın bir hissəsi hesabına - onlara verilməsi. Lakin cavabdehdən onların təklifinə heç bir cavab verilməmişdir.

7. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, iddiaçıların tələbi əsasında ümumi yığıncaq çağırılmış, lakin təsisçilər özləri iştirak etmədikləri üçün yığıncaq baş tutmamışdır. Hazırda iddia ərizəsində qoyulan məsələ öz həllini ancaq ümumi yığıncağın iclasında tapa bilər.

8. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4600/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Cavabdeh Firmasının digər təsisçiləri Garanizade İdel, Garanizade Roman, Garanizade Emil, Nümayəndə1 müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində işdə iştirak etməyə cəlb edilmişlər.

9. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-210/2024 saylı qətnaməsi ilə iddia təmin edilərək, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh Firmasının təsisçiliyindən çıxarılmaları, İddiaçı1 Cavabdeh Firmasının təsisçiliyindən çıxdığı məqamda tərtib edilən balans üzrə nizamnamə kapitalında olan 15 (on beş) faiz payına uyğun əmlak hissəsinin dəyərinin ödənilməsinin Cavabdeh Firmasına həvalə edilməsi, İddiaçı2 Cavabdeh Firmasının təsisçiliyindən çıxdığı məqamda tərtib edilən balans üzrə nizamnamə kapitalında olan 15 (on beş) faiz payına uyğun əmlak hissəsinin dəyərinin ödənilməsinin Cavabdeh Firmasına həvalə edilməsi, iddia ərizəsi verilərkən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun Cavabdeh Firmasından tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilməsi qət edilmişdir.

10. İddiaçılar İddiaçı1 və İddiaçı2 birgə apellyasiya şikayəti verərək, həmin qətnamənin qismən, yəni iddiaçıların Cavabdeh Firmasının təsisçiliyindən çıxdıqları məqamda tərtib edilən balans üzrə nizamnamə kapitalında olan paylarına uyğun əmlak hissəsinin dəyərinin ödənilməsi” hissəsində dəyişdirilməsi, həmin hissədə iddiaçıların cəmiyyətin nizamnamə kapitalındakı paylarına, yəni faiz nisbətinə uyğun olaraq əmlak hissəsinin hazırki balans dəyəri pul məbləğində müəyyən edilərək Cavabdeh Firması tərəfindən onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsinə əsasən iştirakçının çıxdığı məqam qətnamənin qəbul edildiyi vaxtdır. Məhkəmə isə Mülki Məcəllənin 96.1-cı maddəsinə əsasən müəssisənin balans dəyərini və həmin balans dəyərinə uyğun olaraq çıxan iştirakçıların paylarını nizamnamə kapitalındakı paylarına, yəni faiz nisbətinə uyğun məbləği müəyyən etməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil Əbdüəli oğlu apellyasiya şikayətini müdafiə etdi, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə3 isə apellyasiya şikayətinə etiraz etdi.

14. Üçüncü şəxslər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.

TƏTBİQ EDİLƏN HÜQUQ

15. Mülki Məcəllənin 95-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin iştirakçısı onun digər iştirakçılarının razılığından asılı olmayaraq istənilən vaxt cəmiyyətdən çıxa bilər.

16. Həmin Məcəllənin 96.1-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətdən çıxan iştirakçıya, əgər cəmiyyətin nizamnaməsində ayrı qayda nəzərdə tutulmayıbsa, həmin iştirakçının nizamnamə kapitalındakı payına uyğun əmlak hissəsi ödənilir. Çıxan iştirakçının cəmiyyət ilə razılaşmasına əsasən əmlakın dəyərinin ödənilməsi əmlakın naturada verilməsi ilə əvəz edilə bilər. Cəmiyyətin əmlakının çıxan iştirakçıya düşən hissəsi və ya onun dəyəri iştirakçının çıxdığı məqamda tərtib edilən balans üzrə müəyyənləşdirilir.

17. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

18. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir.

19. Həmin Məcəllənin 113.1-ci maddəsinə əsasən iddia verilən zaman qiymət qoyulması çətinlik törədən iddialar üzrə, habelə iddianın qiyməti düzgün göstərilmədiyi hallarda dövlət rüsumunun miqdarı hakim tərəfindən müəyyən edilən iddia qiymətinə müvafiq hesablanır, sonradan isə rüsumun kəsiri məhkəmə tərəfindən iş həll olunarkən müəyyən edilmiş iddia qiymətinə müvafiq olaraq alınır.

20. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

21. Həmin Məcəllənin 119.6-cı maddəsinə əsasən yuxarı məhkəmə instansiyası işi yeni baxışa göndərmədən qətnaməni dəyişdirirsə və ya yeni qətnamə çıxarırsa, o, müvafiq olaraq məhkəmə xərclərinin bölüşdürülməsini də dəyişdirir. 22.Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini və cavabdeh tərəfindən apellyasiya şikayətinin verilmədiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız iddiaçıların Cavabdeh Firmasının təsisçiliyindən çıxdıqları məqamda tərtib edilən balans üzrə nizamnamə kapitalında olan paylarına uyğun əmlak hissəsinin dəyərinin ödənilməsi hissəsində tam yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir.

25. Belə ki, Cavabdeh Firmasının Nizamnaməsindən görünür ki, Firma Azərbaycan Respublikası xx.xx.1994-cü il tarixli müəssisələr haqqında qanuna müvafiq qaydada Bakı şəhəri, Nərimanov rayonu, Ticarət və İctimai İaşə İdarəsinin Cavabdeh kafesinin bazasında müxtəlif təsərrüfat, ictimai iaşə, kommersiya və digər növ fəaliyyət göstərmək məqsədi ilə yaradılmışdır.

26. 18 may 2002-ci il tarixli yeni təsis müqaviləsindən görünür ki, tərəflər müəssisənin nizamnamə kapitalını yaradırlar. Müəssisənin nizamnamə kapitalı 750.787.000 manat həcmindədir. Tərəflərin hər biri öz payını vəsiyyət edə və ya digər tərəfi altı ay əvvəlcədən xəbərdar etməklə əvəzsiz verə bilər, yaxud təsisçilikdən çıxa bilər. Təsisçilikdən çıxan tərəfə müəssisənin şərikli kapitalındakı payına uyğun ortaqlıq əmlakı hissəsinin dəyəri ödənilir. Tərəflər arasındakı razılaşmaya əsasən əmlak dəyərinin ödənilməsi əmlakın naturada verilməsi ilə əvəz edilə bilər.

27. Kollegiya qeyd edir ki, Cavabdeh Firmasının təşkilati hüquqi forması digər kommersiya təşkilatı qeyd edilsə də, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölündüyündən və xx.xx.2002-ci il tarixli yeni təsis müqaviləsində təsisçilərin iştirakçılıqdan çıxması imkanı nəzərdə tutulduqdan, Firmanın təşkilati hüquqi forması məhdud məsuliyyətli cəmiyyətin təşkilati hüquqi formasına uyğundur.

28. Odur ki, hazırki mübahisə Mülki Məcəllənin məhdud məsuliyyətli cəmiyyətə aid normalarına uyğun həll edilməlidir.

29. Mülki Məcəllənin 95-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin iştirakçısı onun digər iştirakçılarının razılığından asılı olmayaraq istənilən vaxt cəmiyyətdən çıxa bilər.

30. Həmin Məcəllənin 96.1-ci maddəsində isə təsbit edilmişdir ki, məhdud məsuliyyətli cəmiyyətdən çıxan iştirakçıya, əgər cəmiyyətin nizamnaməsində ayrı qayda nəzərdə tutulmayıbsa, həmin iştirakçının nizamnamə kapitalındakı payına uyğun əmlak hissəsi ödənilir. Çıxan iştirakçının cəmiyyət ilə razılaşmasına əsasən əmlakın dəyərinin ödənilməsi əmlakın naturada verilməsi ilə əvəz edilə bilər. Cəmiyyətin əmlakının çıxan iştirakçıya düşən hissəsi və ya onun dəyəri iştirakçının çıxdığı məqamda tərtib edilən balans üzrə müəyyənləşdirilir.

31. Hazırki işdə də qeyd olunan maddələrin dispozisiya şərtləri mövcuddur.

32. Belə ki, iddiaçılar tərəfindən cavabdehə göndərilmiş firmanın ümumi yığıncağının keçirilməsi ilə bağlı müraciətdən görünür ki, iddiaçılar firmanın digər təsisçiləri Garanizadə Elizibar və Nümayəndə1 “təsis paylarının naturada bölünməsi” məqsədilə firmanın baş ofisində xx.xx.2022-ci il saat 12:00-da növbədənkənar ümumi yığıncağın keçirilməsini təklif etmişlər.

33. Nümayəndə1, X1 adından etibarnamə əsasında Nümayəndə1 və X3 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, xx.xx.2022-ci il tarixində müəssisənin həmtəsisçiləri İddiaçı1 və İddiaçı2 tərəfindən daxil olmuş təsisçilərin yığıncağının keçirilməsi ilə əlaqədar məktuba əsasən iclas 25 avqust 2022-ci il 12:00-a təyin edilmişdir. Həmtəsisçilərdən Nümayəndə1 iclasda iştirak etmək üçün gəlmiş, lakin digər həmtəsisçilər İddiaçı1 və İddiaçı2 iclasda iştirak etməmişdir. Qeyd edilən səbəbdən iclas keçərsiz sayılmışdır.

34. xx.xx.2023-cü il tarixdə İddiaçı1 və İddiaçı2 tərəfindən ayrı-ayrılıqda cavabdehin direktoru Nümayəndə1 göndərilmiş ərizələrdən görünür ki, onlar cəmiyyətdən çıxmağı ilə bağlı paylarına düşən əmlakın naturada firmaya məxsus olan daşınmaz əmlakın bir hissəsi hesabına onlara verilməsi, bununla əlaqədar, cəmiyyətin təsisçilərinin – iştirakçılarının növbədənkənar ümumi yığıncağının çağırılaraq, gündəliyə onların cəmiyyətdən çıxarılmaları, paylarına düşən əmlakın dəyərinin müəyyənləşdirilməsi, paylarına düşən əmlakın naturada cavabdehə məxsus olan daşınmaz əmlakın bir hissəsi hesabına onlara verilməsinin təsdiq edilməsi, onların cəmiyyətdən çıxmaları ilə bağlı cəmiyyətin təsis sənədlərinə dəyişikliklərin edilməsini, iştirakçıların növbədənkənar ümumi yığıncağının 45 gün ərzində çağırılmasının təmin olunmasını xahiş etmişlər.

35. Cavabdeh (onun qanuni təmsilçisi) tərəfindən həmin müraciətlərə cavab verilməsi ilə bağlı sübutlar təqdim edilməmiş, habelə həmin məsələlərlə bağlı ümumi yığıncaq keçirilməmişdir.

36. Göründüyü kimi, iddiaçıların hər birinin cavabdeh firmanın nizamnamə kapitalında 15 % payı olduğundan, iddiaçılar təsisçilikdən çıxmaq üçün Cavabdeh Firmasının icra oqanına müraciət etsələr də, hal-hazıradək firma tərəfindən ümumi yığıncaq keçirilmədiyindən və təsisçilikdən çıxmaq niyyətində olan iddiaçılara nizamnamə kapitalındakı paylarına uyğun ödəniş edilmədiyindən, iddiaçılar Mülki Məcəllənin 96.1-ci maddəsinə əsasən hazırki iddianı irəli sürməkdə haqlıdırlar.

37. İddiaçıların tələbi əsasında ümumi yığıncağın çağırılması, lakin təsisçilər özləri iştirak etmədikləri üçün yığıncağın baş tutmaması ilə bağlı cavabdehin dəlilləri isə əsassızdır.

38. Belə ki, digər təsisçilər tərəfindən iddiaçıların iştirakı olmadan da onların müraciətinə baxılması üçün ümumi yığıncağın keçirilməsi mümkündür. Eyni zamanda, iddiaçıların ikinci müraciəti üzrə ümumi yığıncaq çağırılmamışdır. Bu hallar isə təsdiq edir ki, iddiaçıların Mülki Məcəllənin 95 və 96.1-ci maddəsində təsbit edilmiş hüquqlarının həyata keçirilməsinə maneçilik yaradılır və ona görə də, onlar hazırki iddia ilə məhkəməyə müraciət etməkdə tam haqlıdırlar.

39. Birinci instansiya məhkəməsi də bu nəticəyə gəlmiş, lakin mübahisəni tam olaraq həll etməmişdir.

40. Çünki, iddiaçıların cəmiyyətin nizamnamə kapitalındakı paylarına uyğun əmlak hissəsinin dəyərini müəyyən etməmişdir. Halbuki, birinci instansiya məhkəməsində iddiaçılar həmin dəyərin müəyyən edilməsi ilə bağlı məhkəmə ekspertizalarının təyin edilməsi barədə vəsatət vermiş, məhkəmə tərəfindən iş üzrə məhkəməmühasibatlıq ekspertizası təyin edilmiş, ekspert tərəfindən mütəxəssis və audit rəyləri təqdim edilmədiyinə görə məhkəmə ekspertizasının aparılmasından imtina edilmiş, bundan sonra iddiaçılar tərəfindən "xxxx" MMC-nin əmlakın qiymətləndirilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli rəyi məhkəməyə təqdim edilmiş və yenidən iş üzrə məhkəmə ekspertizasının təyin edilməsi barədə vəsatət verilmiş, lakin məhkəmə həmin vəsatəti təmin etməmiş və iddiaçıların cəmiyyətin nizamnamə kapitalındakı paylarına uyğun əmlak hissəsinin dəyərinin müəyyən edilməsi ilə bağlı araşdırma aparmadan və həmin dəyəri müəyyən etmədən iddianın təmin edilməsi barədə nəticəyə gəlmişdir. İddianın bu şəkildə təmin edilməsi isə iddiaçıların pozulmuş hüquqlarının tam olaraq bərpa edilməsi ilə nəticələnmir və yeni mübahisənin yaranmasına səbəb olur.

41. Bu baxımdan, kollegiya hesab edir ki, Mülki Məcəllənin 96.1-ci maddəsinin dispozisiya şətlərinə görə uyğun olaraq iddiaçıların cəmiyyətin nizamnamə kapitalındakı paylarına uyğun əmlak hissəsinin dəyəri müəyyən edilməlidir.

42. Cavabdeh Firmasının Nizamnaməsindən görünür ki, qeyd olunan maddədə müəyyən edilən qaydadan fərqli qayda nəzərdə tutulmamışdır. Əksinə 18 may 2002-ci il tarixli yeni təsis müqaviləsində məhz həmin qayda nəzərdə tutulmuşdur.

43. Eyni zamanda, hər iki tərəfin nümayəndəsi etiraf edir ki, Cavabdeh Firmasının balansı onun nizamnamə kapitalından və yalnız bir daşınmaz əmlakdan ibarətdir.

44. Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinin tələblərinə görə həmin faktlar sübut etmədən azad olduğuna görə işin mübahisəsiz hallarıdır.

45. Belə olan halda isə iş üzrə məhkəmə ekspertizası və ya audit rəyi alınmadan iddiaçıların cəmiyyətin nizamnamə kapitalındakı paylarına uyğun əmlak hissəsinin dəyərini müəyyən etmək mümkündür.

46. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş "xxxx" MMC-nin 18 iyul 2024-cü il tarixli, MB 17-1576 nömrəli qiymətləndirmə hesabatına əsasən Cavabdeh Firmasının yeganə əmlakı olan ünvan 1 ünvanında yerləşən sahəsi 1603,4 kv.m olan qeyriyaşayış binasının hazırki dəyəri 14.500.000 manat təşkil edir.

47. Həmin qiymətləndirmə rəyi 2014-cü ildən qiymətləndirici sertifikatı olan Faiq İbrahimov tərəfindən verilmiş, rəydə qiymətləndirməyə təsir edən faktorların araşdırılması, qiymətləndirmə metodologiysı və yanaşmalar, aparılmış hesablamalar və s. rəyin əsaslığını qiymətləndirməyə imkan verən məlumatlar tam olaraq təsvir edilmişdir.

48. Ona görə də, həmin rəyin mötəbər sübut kimi qəbul edilməməsi üçün əsaslar mövcüd deyil.

49. Eyni zamanda, birinci instansiya məhkəməsində ekspert tərəfindən məhkəmə ekspertizasının aparılmasından imtina edildikdən sonra iddiaçılar tərəfindən "xxxx" MMC-nin əmlakın qiymətləndirilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli rəyinin məhkəməyə təqdim edildiyini və yenidən iş üzrə məhkəmə ekspertizasının təyin edilməsi barədə vəsatət verildiyini, lakin məhkəmə tərəfindən həmin vəsatət təmin edilmyərək iş üzrə araşdırmanın yekunlaşdığını nəzərə alaraq kollegiya hesab edir ki, apellyasiya icraatında təqdim edilmiş "xxxx" MMC-nin rəyi gecikdirilmiş sübut kimi qiymətləndirilə bilməz və Mülki Prosessual Məcəllənin 372.2-ci maddəsinə əsasən sübut kimi qəbul edilməlidir.

50. Həmçinin, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş xx.xx.2022ci il tarixli çıxarışdan görünür ki, Cavabdeh Firmasının nizamnamə kapitalının miqdarı 87183,8 manat təşkil edir.

51. Beləliklə, sadə riyazi hesablama ilə müəyyən edilir ki, hər bir iddiaçının cəmiyyətin nizamnamə kapitalındakı paylarına uyğun əmlak hissəsinin dəyəri 2.188.077,15 manat təşkil edir (14.500.000 + 87.183,8 = 14.587.183,8 x 15 % = 2.188.077,15).

52. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə, habelə Mülki Prosessual Məcəllənin 113.1, 119.1 və 119.6-cı maddələrinə uyğun məhkəmə xərclərinə aid hissədə dəyişdirilməlidir.

53. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.3, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-210/2024 saylı qətnaməsi mübahisəlndirilən hissədə dəyişdirilsin. İddiaçı1 Cavabdeh Firmasının nizamnamə kapitalındakı 15 (on beş) faiz payına uyğun əmlak hissəsinin dəyəri olan 2.188.077,15 manat məbləğində pul vəsaiti Cavabdeh Firması tərəfindən İddiaçı1 ödənilsin. İddiaçı2 Cavabdeh Firmasının nizamnamə kapitalındakı 15 (on beş) faiz payına uyğun əmlak hissəsinin dəyəri olan 2.188.077,15 manat məbləğində pul vəsaiti Cavabdeh Firması tərəfindən İddiaçı2 ödənilsin. İddiaçılar tərəfindən ödənilmiş cəmi 150 manat məbləğində dövlət rüsumu Cavabdeh Firmasından tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilsin. İddia ərizəsi və apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumlarının kəsiri olan cəmi 4317 manat məbləğində pul vəsaiti Cavabdeh Firmasından tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Raqib Qurbanov

Hakimlər: Vüsalə Baxışova

Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar