Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-695/2025 17.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Şirinovun sədrliyi və məruzəsi ilə, X8 və X1 ibarət tərkibdə, Eyvazlı Aytac Rafael qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “əmlakın qaytarılması, maneələrin aradan qaldırılması və öhdəliyin qoyulması” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-574/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. İşin Halları
1. İddiaçı ilə X5 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, ******* daşınmaz əmlakın alqı-satqısı müqaviləsinə görə ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 640,2 kv.m olan qeyri-yaşayış sahəsi İddiaçı satılmışdır.
2. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 640,2 kv.m olan qeyri-yaşayış sahəsinə X4 mülkiyyət hüququ xx.xx.2023-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.
3. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 640,2 kv.m olan qeyri-yaşayış sahəsinə iddiaçının mülkiyyət hüququ xx.xx.2024-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.
4. ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin texniki pasportuna əsasən tikilinin ümumi sahəsi 640,20 kv.metr, əsa sahə 629,10 kv.metr, köməkçi sahə 11,1 kv.metr təşkil edir.
5. Bakı şəhəri Nərimanov Rayonu Nərimanov Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli protokolundan çıxarışa əsasən ünvan 4ünvanında yerləşən 930 kv.m torpağa görə cavabdehin adına uzadılmış xx.xx.2024-cü il tarixli, 21 saylı torpaq icarə müqaviləsinin 2.5-ci maddəsinə əsasən xitam verilmişdir .
6. İddiaçı (icarəçi) ilə Nərimanov Bələdiyyəsi (icarəyəverən) arasında bağlanmış torpaq sahəsinin icarəyə verilməsinə dair xx.xx.2005-ci il tarixli, 02 saylı müqaviləyə görə ünvan 4 ünvanında yerləşən 672 kv.m qeyriyaşayış sahəsi icarəçiyə 30 il - xx.xx.2035-ci il tarixinə kimi istifadəyə verilmişdir.
7. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 10/9362 nömrəli ekspert rəyinə əsasən iddiaçının mülkiyyətində olan ümumi sahəsi 640.2 kv.m olan qeyri-yaşayış sahəsinin 173 kv.m hissəsinin cavabdeh tərəfindən istifadə edildiyi təsbit edilmiş, iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin texniki pasportunda qeyd olunan 1-2 saylı tikililər və həmin tikililərə bitişik 3 saylı tikilinin bir hissəsi, ümumilikdə 173 kv.m sahənin cavabdehin istifadəsində olmaqla mətbəx sahəsi kimi istifadə edilməsi müəyyən edilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
8. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı “əmlakın qaytarılması, maneələrin aradan qaldırılması və öhdəliyin qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 5 ünvanında Cavabdeh və “Şəki Qala” restoranında mülkiyyət və ya icarə hüququ əsasında istifadə edən digər şəxslər tərəfindən ünvan 3 (Yeni qaydalarla AZ1052 ünvan 7 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin zəbt edilmiş hissəsinin hasarı sökülməklə boşaldılaraq iddiaçının mülkiyyətinə qaytarılması, həmin ünvanın qarşısında yerləşən və icarə müqaviləsinə əsasən iddiaçının istifadəsinə verilmiş torpaq sahəsindəki avtomobillərin çıxarılaraq iddiaçıya təhvil verilməsi, iddiaçıya məxsus qeyri-yaşayış obyektinin dam hissəsində quraşdırılmış cavabdehə məxsus avadanlıqların cavabdehlərin hesabına sökülməsi, cavabdehə məxsus olmaqla iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsinin arxa girişinin qarşısında quraşdırılmış elektrik stabilizatorunun sökülərək təhlükəsiz əraziyə keçirilməsi, iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin maneəsiz giriş-çıxışının təmin edilməsi məqsədilə qeyri-yaşayış sahəsinin girişinin qarşısında nəqliyyat vasitələrinin saxlanılmasının qadağan edilməsi və yaranmış digər maneələrin cavabdehin şəxsi vəsaiti hesabına aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Cavabdeh tərəfindən ünvan 3 (Yeni qaydalarla AZ1052 ünvan 7 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin zəbt edilmiş 173 kv.m (kvadrat metr) hissəsinin hasarı sökülməklə boşaldılaraq iddiaçının sahiblik və istifadəsinə qaytarılması, həmin ünvanın qarşısında yerləşən və icarə müqaviləsinə əsasən iddiaçının istifadəsinə verilmiş torpaq sahəsindəki avtomobillərin çıxarılaraq torpaq sahəsinin iddiaçının istifadəsinə verilməsi, iddiaçıya məxsus qeyri-yaşayış obyektinin dam hissəsində quraşdırılmış cavabdehə məxsus avadanlıqların, yəni kondisioner qurğuları, su çənləri, havalandırma qurğuları, su filterlərinin cavabdehin hesabına sökülməsi, cavabdehə məxsus olmaqla iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsinin arxa girişinin qarşısında quraşdırılmış elektrik stabilizatorunun (transfarmatorunun) sökülərək təhlükəsiz əraziyə keçirilməsi, iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin maneəsiz girişçıxışının təmin edilməsi məqsədilə qeyri-yaşayış sahəsinin girişinin qarşısında nəqliyyat vasitələrinin saxlanılmasının cavabdehə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-574/2025 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh tərəfindən ünvan 3 (Yeni qaydalarla: AZ 1052, ünvan 7 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin zəbt edilmiş 173 (bir yüz yetmiş üç) kvadrat metr hissəsinin hasarı sökülməklə boşaldılaraq İddiaçı sahiblik və istifadəsinə qaytarılması, İddiaçı məxsus ünvan 3 (Yeni qaydalarla: AZ 1052, ünvan 7 ünvanında yerləşən qeyriyaşayış sahəsinin dam hissəsində quraşdırılmış Cavabdeh məxsus avadanlıqlar: kondisioner qurğuları, su çənləri, havalandırma qurğuları, su filterləri Cavabdeh hesabına sökülməsi, Cavabdeh 80 (səksən) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iddia ərizəsi verilərkən ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu İddiaçı özünə aid edilməsi, aparılmış ekspertiza tədqiqatı ilə bağlı 100 (bir yüz) manat ekspertiza xərcinin Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X2 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ22) ödənilməsi qət edilmişdir.
11. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-574/2025 nömrəli qətnaməsinin təmin edilən hissədə ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının iddia tələbinin təmin edilməsinə əsas verə biləcək hüquqi sənəd mövcud deyildir. Belə ki, İddiaçı məxsus olduğu iddia edilən torpaq sahəsinə dair texniki pasportun olmaması, onun iddiasının hüquqi əsası olmadığını göstərir. Çıxarışda qeyd edilən sahə cavabdehə istifadəsində olan sahənin iddiaçının mülkiyyətində olmasını təsdiq etmir. Məhkəmə ekspertiza Mərkəzinin 30 yanvar 2025-ci il tarixli 10/9362 saylı məhkəmə ekspertiza rəyində də qeyd edilmişdir ki, Cavabdeh istifadəsində olan torpaq sahəsi ilə bağlı hər hansı sənəd (plan, sxem və.s.) təqdim olunmadığından torpaq sahələrinin üst-üstə düşüb-düşməməsi barədə tədqiqat aparmaq mümkün olmamışdır. Bununla belə, həmin sahəyə dair nə İddiaçı, nə də Cavabdeh texniki pasportu mövcud olmuşdur. Mübahisəli əmlak cavabdehin uzun müddət istifadəsindədir. Mübahisəli torpaq sahəsi 2007-ci ildən etibarən cavabdehin faktiki istifadəsindədir. İş üzrə təqdim edilmiş ekspertiza rəyləri iddiaçı ilə cavabdehin istifadəsində olan sahələrin koordinatlarının üst-üstə düşməsini müəyyən edə bilməmişdir. 30 yanvar 2025-ci il tarixli, 10/9362 nömrəliekspert rəyi və xx.xx.2025-ci il tarixli, ME3103 nömrəli rəyində torpaq sahələrinin üst-üstə düşməsi müəyyən olunmamışdır. Ekspert rəylərində və iş materiallarında iddiaçı tərəfindən təqdim olunan tikili planının hansı hissəsinin cavabdehin istifadəsində olmasını müəyyən etmir. Məhkəmə cavabdeh tərəfindən texniki pasportun təqdim edilməməsini əsas gətirsə də, eyni qaydada iddiaçı tərəfindən də onun mübahisələndirilən sahə üzrə subyektiv hüququnu təsdiq edən texniki pasportu məhkəməyə təqdim olunmamışdır. İş üzrə ekspert rəyləri mülki iş üzrə əldə edilən sübutlar sırasında olmaqla, MPM-in 88-ci maddəsinə əsasən onların da məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Bununla yanaşı, işin hallarından asılı olaraq, yaxud qanunun birbaşa göstərişinə əsasən məhkəmə işə baxılması zamanı ekspertiza təyin etmişsə, hər bir halda alınmış rəyi məhkəmə prosesi zamanı tədqiq etməli, tərəflərlə müzakirə etməli və digər sübutlarla yanaşı qiymətləndirməlidir. Əgər verilmiş ekspert rəyində anlaşılmazlıqlar və qeyri-müəyyənliklər varsa, yaxud iş üzrə verilmiş rəylər arasında ziddiyyətlər yaranarsa MPM-in 175-ci maddəsində ifadə edilmiş məhkəmə baxışının bilavasitəliyi və şifahiliyi prinsipinə görə hakim bu məsələni aydınlaşdırmaq üçün ekspertin rəyini, mütəxəssisin məsləhət və şərhini dinləməyə borcludur. Məhkəmənin sübutlardan biri kimi ekspert rəyi və ya onun müəyyən hissələri ilə razılaşmamaq hüququ olduğu kimi, MPM-in 103.2-ci maddəsinə əsasən, bu halı qəbul etdiyi qətnamədə və ya qərardadda əsaslandırmaq vəzifəsi də vardır. Lakin işə baxmış apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda sadalanan prosessual hüquq normalarının tələbləri pozulmuşdur
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etmişdir.
14. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyasına görə, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
17. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan suiistifadə olmasın.
18. Həmin Məcəllənin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır.
19. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
20. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
21. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
22. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
23. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
24. Həmin Məcəllənin 124.1-ci maddəsinə görə isə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
26. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın təmin edilən hissəsində yoxlanılması təşkil edir.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
28. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, ünvan 3 (Yeni qaydalarla: AZ 1052, ünvan 7 ünvanında yerləşən qeyri-yaşayış sahəsi (ümumi sahəsi 640.20 kv.metr) iddiaçının xüsusi mülkiyyətindədir.
29. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, cavabdeh iddiaçının mübahisəli torpaq sahəsinə dair texniki pasportun olmaması qeyd etsədə, iş materiallarından görünür ki, hüquq subyekti İddiaçı olan, **********37-05301-083001 reyestr nömrəli qeyri-yaşayış sahəsinə dair xx.xx.2025 -ci il tarixli texniki pasport mövcuddur.
30. Göründüyü kimi qeyri-yaşayış sahəsi iddiaçının xüsusi mülkiyyətində olduğundan qanunla qorunur.
31. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əsas insan hüquqlarından biri olan mülkiyyət hüququ hər kəsin qanunla müəyyən olunmuş qaydada və üsullarla əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
32. Mülki Məcəllənin 152-ci maddəsində mülkiyyət hüququ mülkiyyətçiyə özünə mənsub olan əmlaka öz istədiyi kimi sahiblik, istifadə və sərəncam verməsi kimi ifadə edilmiş və həmin hüquqların leqal anlayışları verilmişdir. Həmin maddəyə müvafiq olaraq sahiblik hüququ – əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin, istifadə hüququ – əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin, sərəncam hüququ isə əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
33. Daşınmaz əmlakın dövlət reyestri Azərbaycan Respublikasının ərazisində aparılan vahid qeydiyyat toplumudur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun) 2.1-ci maddəsinə uyğun olaraq daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır.
34. Kollegiya qeyd etmək istəyir ki, eyni zamanda cavabdeh apellyasiya şikayətində mübahisəli qeyri-yaşayış sahəsinin sadəcə istifadəsində olduğunu etiraf etmiş, hər hansı bir hüquq müəyyənedici sənədinin olduğunu qeyd etməmişdir.
35. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə iş üzrə maddi və prosessual hüquq normalarını da düzgün tətbiq edərək, iş üzrə mövcud olan bütün mötəbər sübutları araşdırmış və düzgün nəticəyə gəlmişdir.
36. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
37. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.
38. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-574/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.