Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-696/2023 13.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı iş üzrə Açar söz: müqavilə üzrə borcun ödənilməsi Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı “müqavilə üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-ci il tarixli e-2-2(113)- 1566/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. İşdən görünür ki, tərəflər arasında iki müqavilə bağlanmışdır: xx.xx.2013-cü il tarixli AZT/099/013 nömrəli müqavilə üzrə internetə qoşulma xidmətlərinin göstərilməsinə dair aylıq xidmət haqqı 60 manat, xx.xx.2013-cü il tarixli AZT/100/013 saylı telekmunikasiya xidmətlərinin göstərilməsinə dair müqavilə üzrə isə aylıq xidmət haqqı 14 manat təşkil etmişdir.
2. xx.xx.2013-cü il tarixli AZT/099/013 nömrəli internetə qoşulma xidmətlərinin göstərilməsinə dair müqavilənin 4.2-ci bəndinə əsasən iddiaçı aylıq fakturanı hər təqvim ayının sonundan etibarən 7 iş günü ərzində təqdim etməli idi.
3. xx.xx.2013-cü il tarixli AZT/100/013 saylı telekmunikasiya xidmətlərinin göstərilməsinə dair müqavilənin 3.3-cü bəndinə əsasən xidmətlərin göstərilməsi üzrə hesablaşma dövrü bir aydır.
4. Müqavilənin 3.4-cü bəndinə əsasən telefon rabitəsi xidmətləri haqqının hesablanması hesablaşma dövrü başa çatdıqdan sonra 20 gündən gec olmayaraq yerinə yetirilməlidir.
5. Hər iki müqavilə üzrə hesablaşma dövrü 1 ay təşkil etmişdir.
Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən AZT/099/013 saylı müqavilə üzrə 554,60 manat, AZT/100/013 saylı müqavilə üzrə isə 424 manat ödənilməmiş borc məbləğinin və ödənilmiş 40 (qırx) manat mediasiya xərcinin tutularaq İddiaçı MMCnin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında imzalanmış 15 iyul 2013-cü il tarixli, AZT/099/013 saylı “İnternetə qoşulması xidmətləri ilə təmin edilməsinə dair” müqaviləyə əsasən iddiaçı cavabdehi müqavilənin 2 saylı qoşmasında verilmiş forma əsasında yerli və beynəlxalq internet trafiki ilə təmin etməyi, cavabdeh isə bunun əvəzində razılaşdırılmış xidmət haqqını ödəməyi üzərinə götürmüşdür. Bundan başqa İddiaçı MMC ilə Cavabdeh MMC arasında imzalanmış 15 iyul 2013-cü il tarixli, AZT/100/013 saylı “Telekommunikasiya xidmətlətin göstərilməsinə dair” müqaviləyə əsasən iddiaçı cavabdehə müqavilədə göstərilmiş telekommunikasiya xidmətlərini göstərməyi, cavabdeh isə bunun əvəzində razılaşdırılmış xidmət haqqını ödəməyi öz üzərinə götürmüşdür. Lakin cavabdeh tərəfindən müqavilələr üzrə üzərinə düşən öhdəliklər yerinə yetirilməmiş, təqdim edilmiş hesablar üzrə ödənişlər həyata keçirilməmişdir.
8. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-ci il tarixli e-2-2(113)-1566/2023 nömrəli qətnaməsi ilə (hakim Kənan Hüseynov) iddia tələbi rədd edilmişdir.
9. İşin müəyyən olunmuş və mübahisələndirilməyən halları ondan ibarətdir ki, tərəflər arasında İddiaçı MMC tərəfindən Cavabdeh MMC-nin internetə qoşulması xidmətləri ilə təmin edilməsinə dair xx.xx.2013-cü il tarixli AZT/099/013 nömrəli müqavilə və telekommunikasiya xidmətlərinin göstərilməsinə dair xx.xx.2013-cü il tarixli AZT/100/013 saylı müqavilə imzalanmışdır. xx.xx.2013-cü il tarixli AZT/100/013 saylı müqavilənin 1 nömrəli Əlavəsi ilə Sip-telefoniya xidmətlərinin tarifi tərəflər arasında razılaşdırılmışdır. Müqavilələr və ona əlavələr tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
10. Məhkəmə ilk olaraq qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqaviləyə xidmət müqaviləsi kimi qiymət verilməlidir. Belə ki, müqavilə üzrə Azərtelekom MMC müştərini yerli və beynəlxalq internet trafiki ilə təmin etməyi, telekommunikasiya xidmətlərinin göstərilməsini öz öhdəsinə götürmüşdür.
11. Məhkəmə qeyd etmişdir ki, hazırkı mübahisənin həlli baxımından müəyyən edilməli olan ilk məqam iddiaçı tərəfindən cavabdehə xidmətin göstərilib-gösərilməməsidir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında iştirak etmiş cavabdeh tərəf 2013-cü ildə cəmi 4-5 ay ofisdə işlədiyini və həmin aylarda göstərilmiş xidmətlərə görə pulu tam ödədiyini bildirmiş, lakin sonradan ofisdən çıxdığını və iddiaçı tərəfindən ona hər hansı bir xidmətin göstərilmədiyini bildirmişdir.
12. Məhkəmə onu da qeyd etmişdir ki, iddiaçı tərəf işə əlavə etmiş olduğu hesab (invoice) sənədlərində hər iki müqalə üzrə xx.xx.2013-xx.xx.2019-ci ili əhatə edən dövr ərzində olduğunu qeyd etmiş olsa da, sonradan məhkəməyə təqdim etdiyi yazılı izahatında tələb edilən pulun 2013-2014-cü illəri əhatə etdiyini bildirmişdir.
13. Məhkəmə son olaraq qeyd etmişdir ki, hər iki müqavilə üzrə hesablaşma dövrü 1 ay təşkil edir. Ancaq iddiaçı tərəf pulun hansı aylarda göstərilmiş xidmətlərə görə tələb edildiyini izah edə bilməmiş, hansı aylar üzrə hansı hesab (invoice) sənədinin verildiyini təqdim edə bilməmiş, ümumiyyətlə həmin xidmətlərin göstərilməsini təsdiq edə bilməmişdir. Həmçinin də, iddiaçı tərəf əgər cavabdeh tərəf ödəniş etmirdisə, nəyə görə xidmətin göstərildiyini də izah edə bilməmişdir.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
14. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-ci il tarixli e-2-2(113)-1566/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən müqavilələr üzrə üzərinə düşən öhdəliklər yerinə yetirilməmiş, təqdim edilmiş hesablar üzrə ödənişlər həyata keçirilməmişdir. Hal-hazırda cavabdehin İddiaçı MMC-yə AZT/099/013 saylı müqavilə üzrə 554,60 manat, AZT/100/013 saylı müqavilə üzrə isə 424 manat ödənilməmiş borcu qalmışdır. Lakin məhkəmə heç bir əsas olmadan, yalnız cavabdehin nümayəndəsinin izahatına istinad etməklə iddianı rədd etmişdir. Belə ki, cavabdehin nümayəndəsi məhkəmə prosesində izahat verərək müqavilə imzalandıqdan sonra iddiaçı tərəfindən 4-5 ay xidmət göstərildiyini, lakin sonradan ofisdən çıxdığını və buna görə də ona xidmət göstərilmədiyini bildirmişdir. Buna baxmayaraq, cavabdeh 4-5 aydan sonra ofisdən çıxması və ona xidmət göstərilməməsi ilə bağlı, eyni zamanda həmin 4-5 ayın xidmət haqqının ödəməsi ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmiş, məhkəmə də yalnız cavabdehin şifahi fikrinə istinad etmişdir. Halbuki, məhkəməyə verilən izahatda da göstərildiyi kimi 15 iyul 2013-cü il tarixli, AZT/099/013 saylı “İnternetə qoşulması xidmətləri ilə təmin edilməsinə dair” müqavilənin 2 saylı əlavəsinin 7-ci bəndinə görə aylıq ödəmə 60 manat təşkil edir. 2 saylı əlavənin 8-ci bəndinə görə xidmət sifarişi forması hər iki tərəfin imzaladığı tarixdən 12 ərzində etibarlıdır. Buna görə də xidmət sifarişinin qüvvədə olduğu müddət üçün 554,60 manat borc hesablanmışdır. Cavabdeh tərəf isə bu müddətdə müqavilənin vaxtından qabaq ləğv edilməsi ilə bağlı müraciət etməmişdir. 15 iyul 2013-cü il tarixli, AZT/100/013 saylı “Telekommunikasiya xidmətlətin göstərilməsinə dair” müqaviləyə görə yaranmış borcla bağlı bildirilir ki, müqavilənin 1 saylı əlavəsinə görə sip telefoniyaya qoşulmaq üçün birdəfəlik ödəniş 240 manat, iki telefon nörməsi üçün aylıq ödəniş 14 manatdır. Buna görə də, cəmi 424 manat borc məbləği hesablanmışdır. Bundan əlavə, məhkəmə iddiaçının nümayəndəsinin fikirlərini təhrif edərək guya nümayəndənin müqavilələr imzalandıqdan sonra cavabdeh tərəfindən 4-5 ay ödəniş edildiyini bildirdiyini göstərmişdir. Lakin belə bir hal olmamışdır. Çünki iddiaçıda həmin vaxta hansı ödənişlərin edilməsi barədə məlumat olmamışdır. Birinci instansiya məhkəməsində işə baxılan zaman həmin dövrün borcunu özündə əks etdirən hesabfakturalar təqdim edilməmişdir. Bunun səbəbi isə borcun köhnə olması və sənədlərin arxivdən tapılmasının uzun müddət tələb etməsi olmuşdur. Hal-hazırda həmin sənədlər arxivdən əldə edilmiş və məhkəməyə təqdim edilmişdir. Hesab-fakturalardan da görünür ki, borc məbləği ilə bağlı cavabdeh məlumatlandırılmış, lakin cavabdeh borcunu ödəməmişdir.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdirlər.
17. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 77.1-hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddə-sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.2-ci maddəsinə əsasən yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri
18. Qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən tam yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
19. Məhkəmə apelyasiya şikayətlərinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-1566/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
20. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş mübahisəsiz hallarından görünür ki, tərəflər arasında xx.xx.2013-cü il tarixli AZT/099/013 nömrəli internetə qoşulma xidmətlərinin göstərilməsinə dair və xx.xx.2013-cü il tarixli AZT/100/013 saylı telekmunikasiya xidmətlərinin göstərilməsinə dair müqavilələr bağlanmışdır. İddiaçı Cavabdeh MMC-nin AZT/099/013 saylı müqavilə üzrə 554,60 manat, AZT/100/013 saylı müqavilə üzrə isə 424 manat ödənilməmiş borcu qaldığını qeyd etmiş, sonuncu məhkəmə iclasında iddiaçının nümayəndəsi yazılı izahat verərək bildirmişdir ki, borc 2013-2014-cü illəri əhatə edir. Lakin borcun hansı aylar üzrə yarandığı, xidmətin həqiqətən göstərildiyi iddiaçı tərəfindən sübut edilməmişdir.
21. Cavabdeh məhkəmə iclasında iddiaya etiraz edərək bildirmişdir ki, 4-5 ay iddiaçının xidmətindən istifadə etmiş, sonra ofisi bağlamışdır.
22. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinə iddiaçı tərəfindən iddianın əsaslı olduğunu təsdiq edən mötəbər sübutlar təqdim edilmədiyindən iddianın rədd edilməsi qanuni və əsaslı olmuşdur. İddiaçının sonradan arxivdən taparaq apellyasiya şikayətinə əlavə etdiyi elektron vergi hesab fakturaları ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı iddia qaldıranadək həmin sübutları arxivdən götürməli və MPM-nin 78.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinə məhkəmə baxışınadək təqdim etməli idi. MPM-nin 372.2-ci maddəsinə əsasən apellyasiya instansiyası mərhələsində yeni sübutların qəbul edilməsinə yol verilmədiyindən məhkəmə apellyasiya şikayətinə əlavə edilmiş sənədləri sübut kimi qəbul etmir.
23. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)- 1566/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
24. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:
İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-1566/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.