Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-699/2025 17.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Şirinovun sədrliyi və məruzəsi ilə, X1 və X3 ibarət tərkibdə, Aytac Rafael qızı Eyvazlının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı QSC-nin Cavabdeh ASC -yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-2(113)-501/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin Halları
1. İddiaçı QSC (“icraçı”) ilə Cavabdeh ASC (“sifarişçi”) arasında xx.xx.2022-ci il tarixində 1141C saylı avto nəqliyyat xidmətlərinin göstərilməsi haqqında müqavilə bağlanmışdır.
2. İddiaçi tərəfindən cavabdehə MT2406 10493181 nömrəli xx.xx.2024-cü il tarixli 15.95 manat, MT2404 00119338 nömrəli xx.xx.2024-cü il tarixli 2340 manat, MT2404 00248774 nömrəli xx.xx.2024-cü il tarixli 7080.9 manat, MT2405 10404858 nömrəli xx.xx.2024-cü il tarixli 2504.73 manat, MT2403 00559563 nömrəli xx.xx.2024-cü il tarixli 1864.2 manat, MT2402 00144915 nömrəli xx.xx.2024-cü il tarixli 1997.3 manat, məbləğində elektron qaimələr göndərilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı QSC (bundan sonra – iddiaçı) Cavabdeh ASC -yə (bundan sonra – cavabdeh) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 15803,09 (on beş min səkkiz yüz üç manat, 9 qəpik) əsas borc, 250,35 ( iki yüz əlli manat, 9 qəpik) manat pul məbləğinin ödənilməsinin gecikdirilməsi üçün beş faiz və 130 manat məbləğində dövlət rüsumunun cəmi 16183,44 (on altı min bir yüz səksən üç manat 44 qəpik) manat məbləğin Cavabdeh ASC-dən tutularaq İddiaçı QSC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-2(113)-501/2025 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh ASC -dən 15803.09 manat əsas borc məbləği, illik 5% hesablanmış 250.35 manat və dövlət rüsumunun əvəzi olaraq 130 manat tutularaq İddiaçı QSC-yə ödənilməsi qət edilmişdir.
5. Cavabdeh ASC apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025ci il tarixli, 2-2(113)-501/2025 nömrəli qətnaməsinin ləğv edilməsini, iddianın qismən təmin edilməsini, 7080.90 AZN (yeddi min səksən manat, 90 qəpik) məbləğində tələb, habelə göstərilməmiş xidmətlərə görə ödənişin gecikdirilməsi faizi kimi hesablanmış 250.35 manat məbləğ və 130 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı hissədə təmin edilməməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
6. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, İddiaçı QSC (bundan sonra “İlkin İddiaçı”) və Cavabdeh ASC (bundan sonra “İlkin Cavabdeh”) arasında bağlanmış 21 yanvar 2022ci il tarixli avtonəqliyyat xidmətlərinin göstərilməsinə dair 1141C saylı Müqavilənin 1.1-ci maddəsinə qeyd edilir ki, sifarişçinin (yəni, İlkin Cavabdeh) sifarişi əsasında icraçı (yəni, İlkin İddiaçı) sifarişçinin (yəni, İlkin Cavabdehin) əməkdaşlarına avtonəqliyyat xidmətlərinin göstərilməsini təşkil edir, sifarişçi (yəni, İlkin Cavabdeh) isə öz növbəsində tələb edilən kəmiyyət və keyfiyyət normaları çərçivəsində təqdim edilmiş xidmətlər müqabilində icraçıya (yəni, İlkin İddiaçıya) xidmət haqqı ödəyir. Buna baxmayaraq, İlkin İddiaçı 08 avqust 2024-cü il tarixli, MT**********74 saylı elektron qaimə-fakturada faktiki olaraq göstərilməmiş və icrasının sübut edilməsi namümkün olan xidmətləri qeyd edərək və 7080.90 AZN (yeddi min səksən manat, 90 qəpik) məbləğində göstərilməmiş xidmətlərin dəyərini tələb edərək tərəflər arasında bağlanmış müqavilənin şərtlərini pozmuş və müvafiq müqavilə üzrə öz hüquqlarından sui-istifadəyə yol vermişdir. Mülki Məcəllənin 442-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 08 avqust 2024-cü il tarixli, MT**********74 saylı elektron qaiməfakturanın istinad etdiyi fevral 2024- cü il dövrünə aid 6407 nömrəli sifarişçi Bağırov Məmmədəliyə aid sifariş aktından da göründüyü kimi, açıq-aşkar surətdə texniki xəta və ya sürücünün sui-istifadəsi kimi dəyərləndiriləcək hal baş vermişdir və İlkin İddiaçı əgər həmin aktı tərtib edərək məhkəməyə sübut qismində təqdim etməklə, bu xəta və ya dələduzluq hadisəsindən xəbərdar olmasını qəbul etmişdir. Yuxarıda qeyd edilən akta baxsaq görərik ki, 16 fevral 2024-cü il tarixi saat 22:22-də Bakı şəhərində yerləşən ünvandan (X7, Hüseynqulu Sarabski 16) Nasos stansiyası istiqamətinə və geriyə R20 Gəncə-Daşkəsən yolu Mədənçilər qəsəbəsindən Pirallahı adasına sifariş qeyd edilmişdir. Əvvəla, Nasos stansiyasına gedən maşın necə olur ki, 400 km məsafədən geri qayıdır? İkincisi, necə olur ki, 3 saat sonra yenidən həmin istiqamətə sifariş qeyd edilir? Gəncə- Daşkəsən yolu Mədənçilər qəsəbəsindən Pirallahı adasına çatmaq üçün 4 saatdan çox vaxt tələb edilir. O halda necə olur ki, 17 fevral tarixi saat 01:15-də Hüseynqulu Sarabski 18 Nasos stansiyası istiqamətinə və geriyə R20 Gəncə-Daşkəsən yolu Mədənçilər qəsəbəsindən Pirallahı adasına sifariş yenidən qeyd edilir? 18 fevral 2024-cü il tarixinə baxsaq görərik ki, saat 02:29-da Bakı şəhərində yerləşən ünvandan (Mərdanov qardaşları 111) Nasos stansiyası istiqamətinə və geriyə R20 Gəncə-Daşkəsən yolu Mədənçilər qəsəbəsindən Pirallahı adasına sifariş qeyd edilmişdir. 21 dəqiqə sonra isə sistemdə Bakı şəhərində yerləşən ünvandan (X7, Hüseynqulu Sarabski 16) Nasos stansiyası istiqamətinə və geriyə R20 Gəncə-Daşkəsən yolu Mədənçilər qəsəbəsindən Pirallahı adasına sifariş qeyd edilmişdir. Necə oldu ki, sürücü 400 kmdən uzun məsafəni nəzərdə tutan sifarişi 21 dəqiqə ərzində icra etdi? 19 fevral tarixinə baxsaq, görərik ki, saat 19:03də Bakı şəhərində yerləşən ünvandan (Hüseynqulu Sarabski 41b) Nasos stansiyası istiqamətinə və geriyə R20 Gəncə-Daşkəsən yolu Mədənçilər qəsəbəsindən Pirallahı adasına sifariş qeyd edilmişdir. Saat 19:08-də, yəni beş dəqiqə sonra Bakı şəhərində yerləşən ünvandan (X7, Hüseynqulu Sarabski 16) Nasos stansiyası istiqamətinə və geriyə R20 Gəncə-Daşkəsən yolu Mədənçilər qəsəbəsindən Pirallahı adasına sifariş qeyd edilmişdir. Saat 20:01-də Bakı şəhərində yerləşən ünvandan (Hüseynqulu Sarabski 41b) Nasos stansiyası istiqamətinə və geriyə R20 Gəncə-Daşkəsən yolu Mədənçilər qəsəbəsindən Pirallahı adasına sifariş qeyd edilmişdir. 20 fevral, 21 fevral, 23 fevral, 27 fevral və digər tarixlərə baxsaq görərik ki, 16 fevral 2024-cü il tarixində başlamış bu texniki xəta və ya dələduzluq halı davam etmişdir və eyni ünvanlar təkrarlanır və eyni məbləğ – 332.80 AZN (üç yüz otuz iki manat, 80 qəpik) sistemə vurulur. Bu hal digər heç bir aktda mövcud deyildir. Bu xidmətlərin əslində göstərilmədiyi hər hansı bir əlavə sənədə ehtiyac olmadan açıq-aşkar surətdə məlumdur, ümumiyyətlə, bu xidmətlərin göstərilməsinin fizika qanunlarına birmənalı olaraq zidddir. Buna görə də, İlkin İddiaçı fevral 2024-cü il tarixində göstərilmiş kimi qeyd edilmiş xidmətləri araşdırmalı və göstərilməmiş xidmətləri aktdan çıxarmalı idi. Xidmət ümumiyyətlə icra edilmədiyi və ya qüsurla icra edildiyi üçün, bu Mülki Məcəllənin 442-ci maddəsinin pozuntusudur və İlkin Cavabdehin göstərilməmiş xidmətlərin əvəzini ödəmək kimi öhdəliyi yoxdur. Mülki Məcəllənin 458.1-ci maddəsinin kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. Bu halda kreditor (yəni, İlkin İddiaçı) öz sifariş qəbulu sistemində sürücü dələduzluğunun və texniki xətaların qarşısını almağı nəzərdə tutan tədbirlər (limitlər, bot vasitəsilə nəzarət, insan vasitəsilə monitorinq və sair kimi) görməmişdir. Bu da göstərilməyən xidmətlərin sistemə daxil edilməsinə gətirib çıxarmışdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq iddianı 8706.24 AZN (səkkiz min yeddi yüz altı manat, 24 qəpik) məbləğində qəbul edir, 7080.90 AZN (yeddi min səksən manat, 90 qəpik) məbləğində tələb, habelə göstərilməmiş xidmətlərə görə ödənişin gecikdirilməsi faizi kimi hesablanmış 250.35 manat məbləğ və 130 manat dövlət rüsumunun ödənilməsi tələbini qəbul etmirik. İlkin İddiaçı həm də hüquqdan sui-istifadəyə yol vermişdir. Məhkəmə 08 avqust 2024-cü il tarixli, MT**********74 saylı elektron qaimə-fakturanın istinad etdiyi fevral 2024-cü il dövrünə aid 6407 nömrəli sifarişçi Bağırov Məmmədəliyə aid sifariş aktı ilə bağlı mövqeyini bildirməmişdir (sübutların qiymətləndirilməsi). b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
7. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz etmiş və şikayətin təmin olunmamasını məhkəmədən xahiş etmişdir.
8. Məhkəmə iclasına cavabdehin nümayəndəsi X6 apellyasiya şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
9. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
10. Həmin Məcəllənin 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
11. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
12. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.
13. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
14. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
15. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
18. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin qismən ( 7080.90 AZN məbləğində tələb, 250.35 manat faizi və 130 manat dövlət rüsumu hissəsində) mühabisələndirildiyindən həmin hissəsində yoxlanılması təşkil edir.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
19. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qətnaməsi mahiyyəti üzrə düzgündür.
20. Belə ki, işin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı QSC ilə Cavabdeh ASC arasında xx.xx.2022-ci il tarixində 1141C saylı xidmət müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır.
21. 1.1-ci bəndinə əsasən sifarişçinin sifarişi əsasında icraçı sifarişçinin əməkdaşlarına avtonəqliyyat xidmətlərinin göstərilməsini təşkil edir, sifarişçi isə öz növbəsində bunun müqabilində icraçıya hazırkı müqavilə ilə və hazırkı müqavilənin ayrılmaz tərkib hissəsi hesab olunan Əlavə № 1-də müəyyən edilmiş qaydada və həcmdə xidmət haqqı ödəyir. - 4.1-ci bəndinə əsasən Göstərilən xidmətlərin dəyəri hazırkı Müqavilənin ayrılmaz hissəsi olan Əlavə № 1-də göstərilir.Gedişlərin həcmindən asılı olmayaraq göndəriləcək hesabfakturanın minimal dəyəri 70 manat təşkil edəcək.
22. - 4.2-ci bəndinə əsasən hər ayın birinci iş günü İcraçı tərəfindən Sifarişçiyə keçən ay üçün xidmətlərin göstərilməsi haqqında müvafiq hesab-faktura təqdim edilir.
23. - 4.3-cü bəndinə əsasən sifarişçi hesab-fakturanı aldığı tarixdən etibarən 5 iş günü ərzində ödənişləri həyata keçirir.
24. - 8.1-ci bəndinə əsasən müqavilə tərəflərin imzaladığı andan qüvvəyə minir və 1 il müddətinə etibarlıdır.
25. - 8.2-ci bəndinə əsasən tərəflərdən heç biri müvafiq müddətin başa çatmasına 15 gün qalmış hazırki müqavilənin ləğv etmək niyyəti barədə qarşı tərəfə yazılı bsurətdə rəsmi xəbərdarlıq etməzsə,müqavilənin qüvvəsi avtomatik 1 il müddətinə uzadılmış sayılır. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
26. Avtonəqliyyat xidmətlərinin göstərilməsi haqqında 1141C №-li xx.xx.2022-ci il tarixli müqaviləyə 1 saylı Əlavədə icraçı tərəfindən sifarişçiyə göstərilən xidmətlərin siyahısı və dəyəri razılaşdırılmışdır.Əlavə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir
27. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh apellyasiya şikayətinin dəlillərində mübahsələndirdiyi xx.xx.2024-cü il tarxli 00248774 saylı e-qaimədə icrasının sübut olunması mümkün olmayan xidmətlər qeyd olunduğu bildirilsədə, iş materiallarında olan eqaiməyə baxış keçirilən zaman icrası mümkün olmayan xidmət yox, tərəflər arasında bağlanmış müqavilənin tələbinə uygun taksi xidməti göstərilməsi qeyd olunmuşdur.
28. İddiaçı müqavilənin 2-ci maddəsində qeyd edilən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra edərək sifarişçinin sifarişi əsasında icraçı sifarişçinin əməkdaşlarına avtonəqliyyat xidmətlərini təqdim etmiş, müqavilənin 2.1.4-cü maddəsinə əsasən marşurutların açıqlamasını cavabdehə(sifarişçiyə) təqdim edtmişdir. Cavabdeh isə iddiaçı tərəfindən göstərilən avtonəqliyyat xidmətlərinin dəyərini tam ödəməmişdir. Hal-hazırda Cavabdeh ASC -nin qeyd edilən müqavilə üzrə İddiaçı QSC-yə olan borcu 15803.09 manat təşkil edir. Qeyd edilən borc iş materiallarına əlavə edilmiş sübutlarla öz təsdiqini tapır.
29. Kollegiya xidmətlərin icra edilmədiyini, qüsrlu icra olunması dəlilinə münasibətdə qeyd edir ki, cavabdeh xidmətlərin qüsrlu olmasına, müqavilə üzrə cavabdehə şirkətə məlumat verməsinə, iddiaçının iştirakı ilə qüsur aktı tərtib etməsinə və ya hər hansı tədbir görməsinə dair mötəbər sübut təqdim etməmişdir. Əgər, həqiqətən iddiaçının göndərdiyi xidmətlər qüsurlu idisə, cavabdehin, vaxtında Mülki Məcəllənin 639.1-ci maddəsinə əsasən həmin Məcəllənin 587-ci maddəsində nəzərdə tutulan tələbləri irəli sürmək hüququ var idi ki, cavabdeh həmin hüququndan istifadə etməmişdir.
30. Kollegiya eyni zamanda vurğulayır ki, cavabdeh tərərfindən elektron qaimələr təsdiq edilmiş və mübahisələndirilməmiş, iş materiallarında olan ödəniş tapşırıqlarından görünür ki, cavabdeh tərəfindən göstərilən xidmətlər üzrə, Cavabdeh ASC tərəfindən İddiaçı QSCnin hesabına müəyyən ödənişlər həyata keçirilmişdir.
31. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə iş üzrə maddi və prosessual hüquq normalarını da düzgün tətbiq edərək, iş üzrə mövcud olan bütün mötəbər sübutları araşdırmış və düzgün nəticəyə gəlmişdir.
32. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
33. Həmçinin cavabdeh tərəfindən mübahisələndirilən hissədə iddianını qiyməti on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.
34. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Cavabdeh ASC Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-2(113)-501/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.