Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-703/2023 05.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 31 may tarixli e- 2-2(113)-1836/2023 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya işinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı "xxxx" MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 170.100 ABŞ dollarının tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə bağlanılan HVAC014B2H saylı xx.xx.2017-ci il tarixli müqaviləyə uyğun olaraq iddiaçı cavabdehin iş üçün təqdim etdiyi Bakı şəhəri Əziz Əliyev küçəsində yerləşən Boutique 2 obyektində kondisioner, havalandırma, isitmə, elektrik və zəif axın sisteminin və qazanxananın quraşdırılmasını təmin etməli idi. Müqaviləyə uyğun olaraq iddiaçı qeyd olunan ünvanda həmin işləri tamamilə görərək başa çatdırmışdır. Tərəflərin razılaşmasına əsasən görülən işlərə görə iddiaçıya ödənilməli olan ümumi məbləğ 600.100 ABŞ dolları təşkil etmişdir. İddiaçı ilə cavabdeh arasında tərtib edilən xx.xx.2019-cu il tarixli 2№-li Formaya (üzləşmə aktı) əsasən həmin tarixə cavabdeh təşkilatın iddiaçıya olan qalıq borcu 170.100 ABŞ dolları təşkil etmişdir. Cavabdeh təşkilatla iddiaçı arasında həmin qalıq borcun ödənilməsi barədə dəfələrlə danışıqlar aparılsa da, cavabdeh təşkilat işlərin görüldüyünü etiraf etsə də, həmin borcu ödəməmişdir. Odur ki, həmin borc cavabdeh təşkilatdan məhkəmə qaydasında tutulmalıdır. Aşağıda göstərilən əsaslara görə hesab edirlər ki, cavabdehdən 170.100 ABŞ dolları məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməlidir.
3. 15.03.2023-cü il tarixdə cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim edərək, İddiaçı MMC tərəfindən müddətin buraxılmasını nəzərə alaraq, verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin yarımçıq və lazımı qaydada olmadığı üçün rədd edilməsi barədə qərardad çıxarılmasını xahiş etmiş və etirazını onunla əsaslandırmışdır ki, qanuni təmsilçi Firuz Süleymanovun rəhbərlik etdiyi Cavabdeh MMC-nin təsisçilərinin qərarı ilə xx.xx.2021 tarixdən etibarən şirkət yeni rəhbərliyin idarə etməsinə verilmişdir. Cavabdeh İddiaçı MMCnin nümayəndələri bildirirlər ki, Bakı şəhəri, Əziz Əliyev 9 ünvanda yerləşən “Boutique Hotel”-də bir sıra avadanlıqlar quraşdırılıb və həmin işlər Cavabdeh MMC-nin əvvəlki rəhbərliyi ilə razılaşdırılmışdır. Lakin təqdim etdikləri sənədlərdə (2017-ci il tarixli HVAC010 saylı müqavilə, xx.xx.2019-cu il tarixli 2 saylı formada və s.) İddiaçı MMC-nin möhürü olsa da, Cavabdeh MMC-nin möhürü vurulmamışdır. Bundan əlavə qeyd olunan sənədlərin həqiqətən əvvəlki rəhbərlik tərəfindən imzalanması, qeyd olunan işlərin 170.000 ABŞ dolları məbləğində görülməsi və əvvəlki rəhbərlik tərəfindən qəbul olunmasını təsdiqləyən sənədlərin nüsxəsi onlara əvvəlki rəhbərlik tərəfindən verilməmiş və tapılmamışdır. Ən maraqlı məqamlardan biri də ondan ibarətdir ki, Cavabdeh MMC-nin möhürü heç bir sənəddə vurulmamasıdır. Sənədlərdən də görünür ki, nə 2017-ci ilin Müqaviləsində (HVAC010 saylı), nə 2019-cu ilin 2 saylı formasında nə də 2020-ci ilin təhvil-təslim aktında möhürlər yoxdur. 2017-ci ildən başlayaraq 2020-ci ilə qədər Cavabdeh MMC-nin əvvəlki rəhbərliyinin bu cür böyük məbləğli işlərin görülməsi üçün möhür vurmaması maraq doğurur. Bundan əlavə İddiaçı MMC gördüyü işlərə dair nə elektron qaimələr, nə də digər ödəniş sənədləri təqdim edə bilməmişdir, həmçinin Cavabdeh MMC-nin hazırki maliyyə və vergi şöbəsi elektron qaydada pulların köçürülməsini təsdiq edən hər-hansı sənədləri tapa bilməmişdir. İddiaçı MMC iddia ərizəsində qeyd etdiyi işləri Cavabdeh MMC-nin əvvəlki rəhbərliyi ilə hansı qaydada apardığı, ödənişlərin necə aparıldığı barədə heç bir məlumat vermir. Hal-hazırda əgər İddiaçı MMC iddia ərizəsində qeyd etdiyi işləri həqiqətən görübsə, nəyə görə 2019-cu ildən etibarən qalıq borcu Cavabdeh MMC-nin əvvəlki rəhbərliyindən tələb etməyib? Bundan əlavə İddiaçı MMC-nin məhkəməyə təqdim etdiyi Forma 2 saylı sənədlərdə ziddiyyət təşkil edən məqamlar var. Belə ki, həmin sənəddə müqavilənin №-si HVAC 014B2H göstərilsə də Cavabdeh MMC-yə HVAC010 saylı müqavilə təqdim etmişdir. Tərəflər arasında imzalanmış xx.xx.2017-ci il tarixli HVAC010 saylı Müqavilənin 3-cü maddəsinin 3.1-ci bəndinə əsasən müqavilə imzalandıqdan sonra “Sifarişçi” əlavələrlə müəyyən edilmiş məbləği əlavələrlə müəyyən edilmiş qaydada ödəyir. Həmin müqavilənin 3-cü maddəsinin 3.2-ci bəndinə əsasən isə tərəflər arasında Azərbaycan ərazisində ödəniş icraçı tərəfindən, hər ayın sonunda təqdim ediləcək hesab faktura və səlahiyyətli şəxslər tərəfindən təsdiqlənmiş, xidmətlərin görülməsi barədə AKT əsasında bank köçürməsi yolu ilə milli valyutada Azərbaycan manatı ilə 10 gün müddətində həyata keçirilir. Müqavilə ilə müəyyən edilmiş ödəniş və işin təhvil verilmə şərtlərinə İddiaçı MMC əməl etməmişdir. Bir daha qeyd edilməlidir ki, onlarda bu işlə bağlı qeyd olunan sənədlərin nüsxəsi yoxdur və tapılmır. “Nağdsız hesablaşmalar haqqında” Qanunun məqsədi Azərbaycan Respublikası ərazisində mülki dövriyyənin iştirakçıları arasında aparılan əməliyyatların və hesablaşmaların şəffaflığını, istehlakçıların hüquqlarının müdafiəsini təmin etmək, nağd pul hesablaşmalarının nağdsız hesablaşmalarla əvəzlənməsini stimullaşdırmaq, bank sisteminin inkişafını sürətləndirməkdir. Həmin Qanunun 3.2-ci bəndinə əsasən hər iki tərəf vergi ödəyicisi olan şəxs arasında hesablaşmalar üzrə nağdsız ödəniş yalnız bu Qanunun 3.1.1-ci maddəsində müəyyən olunmuş formada həyata keçirilə bilər. Tərəflər arasında imzalanmış müqavilədə milli valyuta Azərbaycan manatı kimi qeyd edilsə də təqdim edilmiş 2№-li formaya əsasən “görülmüş işlər, zəhmət haqqı və s.” ABŞ dolları qeyd edilmişdir. Mülki Məcəllənin 439-cu maddəsinə əsasən pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər. xx.xx.2017-ci il tarixli HVAC010 saylı müqavilənin 6-cı maddəsinin 6.1-ci bəndinə əsasən “İcraçı” quraşdırma işlərinə razılaşmış və müqavilənin əlavədə göstərilmiş müddətə yerinə yetirilməsi qeyd edilmişdir. Təqdim edilmiş 2№-li Formaya əsasən işin başlanma tarixi xx.xx.2018-ci il qeyd edilmiş və işin qurtarma tarixi isə xx.xx.2019-cu il qeyd edilmişdir. Göründüyü kimi İddiaçı MMC Mülki Məcəllənin 373-cü maddəsinin tələbini pozmuşdur. Həmin maddəyə əsasən müqavilə tələbləri üzrə iddia müddəti 3 ildir. Nəzərə alınsa ki, müqavilənin 3.2-ci bəndinə əsasən ödəniş 10 (on) gün müddətində həyata keçirilməli idi və bundan savayı 2№-li Formaya əsasən işin qurtarma tarixi xx.xx.2019-cu il müəyyən edildiyindən iddia müddəti çoxdan keçib. Bildiyiniz kimi bəzi fəaliyyət növləri var ki, onlar üçün lisenziya və icazələr tələb olunur. İddiaçı MMC tərəfindən təqdim edilən xx.xx.2017-ci il tarixli, HVAC010 saylı Müqavilə və 2 № forma üzrə obyektdə VRV kondisioner sistemin, ventilyasiya, istilik sistemi və qazanxana quraşdırılması və işə salınması, yanğına qarşı və yanğın siqnalizasiya kimi işlərin guya aparıldığı qeyd olunub. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununun 1 saylı Əlavəsinə əsasən maye və təbii qaz təsərrüfatı obyektlərinin: quraşdırılması və istismarı (sıra № 10), qaldırıcı qurğuların, metallurgiya avadanlığının, təzyiq altında işləyən qazanların, tutumların quraşdırılması və təmiri (sıra № 14), Yanğından mühafizə fəaliyyəti: yanğından mühafizə sistemlərinin və vasitələrinin quraşdırılması, texniki xidməti və təmiri (sıra № 16.3), tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işləri (sıra № 18) qeyd edilib ki, xüsusi lisenziya olmadan bucür işlərin görülməsi qadağandır. “Tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işlərinin Siyahısı”nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 206 saylı, xx.xx.2017-ci il tarixli Qərarın 3 Saylı Əlavəsi mühəndis-kommunikasiya və şəbəkələrinin qurulması işləri (sıra № 7) qeyd edilib. Göründüyü kimi İddiaçı MMC görməli olduğu işləri lisenziya əsasında göstərməli idi, lakin həmin şirkətin lisenziyası nə məhkəməyə, nə də onlara təqdim edilməmişdir və əvvəlki rəhbərliyə təqdim edilib-edilməməsi barədə məlumat yoxdur. Hesab edirlər ki, İddiaçı MMC tərəfindən verilən iddia ərizəsi və ona əlavə edilmiş yarımçıq sənədlər əsassızdır və rədd edilməlidir.
4. Eyni zamanda xx.xx.2023-cü il tarixdə cavabdeh iddia müddətinin tətbiqinə dair ərizə verərək, iddia ərizəsinin iddia müddəti keçdikdən sonra verilməsinə görə, iddia müddətini tətbiq etməklə, iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia müddətinin tətbiqinə dair ərizə onunla əsaslandırılmışdır ki, 2017-ci il tarixli HVAC010 saylı Müqavilənin 6-cı maddəsinə əsasən işin yerinə yetirilməsi müddəti göstərilmişdir. Həmin Maddənin 6.1-ci bəndinə əsasən iddiaçı quraşdırma işlərinə razılaşmış və Müqavilənin əlavədə göstərilmiş müddətə yerinə yetirilir. Müqavilənin Əlavəsi hesab olunan 2№-li formasında işin başlanma tarixi xx.xx.2018 və işin qurtarma tarixi xx.xx.2019 göstərilib. Mülki Məcəllənin 373-cü maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti 3 il müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 fevral 2023-cü il tarixli Qərarında qeyd edilir ki, məhkəmə müdafiəsi hüququ ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş məhdudiyyətlərdən biri də iddia müddətidir. İddia müddəti ilə bağlı məhdudiyyətlər bir neçə vacib məqsədə xidmət edir. Yəni hüquqi müəyyənliyi və qətiliyi təmin edir, cavabdehi “köhnəlmiş” tələblərdən müdafiə edir və məhkəmənin uzaq keçmişdə baş verən hadisələr ilə bağlı, zaman keçdiyindən natamam və etibar doğurmayan sübutlar əsasında qərar qəbul edəcəyi təqdirdə yarana bilən ədalətsizliyin qarşısını alır (Avropa Məhkəməsinin Stubbings və başqaları Birləşmiş Krallığa qarşı iş üzrə 1996-cı il 22 oktyabr tarixli Qərarı). İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il 27 dekabr tarixli Qərarı). Konstitusiya Məhkəməsi qərara almışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci fəslinin 5-ci paraqrafı qanunverici orqan tərəfindən təkmilləşdirilənədək, öhdəliklərdən, o cümlədən vaxtaşırı ödəmələrdən irəli gələn tələblərə münasibətdə həmin Məcəllənin 18-ci fəsli ilə nəzərdə tutulmuş iddia müddətləri tətbiq edilsin.
5. 30.05.2023-cü il tarixdə cavabdeh iddia ərizəsinə vermiş olduğu etiraza əlavə təqdim edərək, etirazında qeyd etmişdir ki, iddiaçı "xxxx" MMC tərəfindən xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020-cü il tarixli qaimə fakturlalar təqdim edilmişdir. Həmin qaimə fakturaların ümumi dəyəri 15.206,75 manat göstərilsə də cavabdeh tərəfindən təqdim edilmiş Forma 2 əsasən montaj və materiallara görə 375.000 ABŞ dolları ödənilmişdir. 15.206,75 manatlıq material ilə Forma 2 əsasən göstərilən 375.000 ABŞ dolları civarında işin görülməsi real görülmür. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının “Ciddi hesabat blanklarının forma və rekvizitlərinin təsdiq edilməsi haqqında- 04 aprel 2016-cı il tarixli, Q-09 saylı Qərarı ilə müəssisə, və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının forma və rekvizitləri təsdiq edilmişdir. Həmin Qərarda 2Q №-li Forma ilə ciddi hesabat blankı sayılan Qaimə Fakturanın formaları təsdiqlənmişdir. 2Q №-li Forma ilə ciddi hesabat blankı sayılan Qaimə-Fakturada mütləq göstərilməli olan bəndlər var. Həmin sənəddə “ciddi hesabat blankın sifarişçisi hüquqi saxs olduqda onun adı va VÖEN-i, fiziki şəxs olduqda adı, a.a., soyadı və VÖEN. Qaimə Fakturanm seriya və nömrəsi, satıcının və alıcının vəzifəsi. adı soyadı və s., göstərilməli, rəhbərin və baş mühasibin imzası və M.Y-da möhür qoyulmalıdır”. Bundan əlavə ciddi hesabat blankını çap edən şəxsin adı, VÖEN-i mütləq göstərilməlidir. Lakin cavabdeh tərəfindən məhkəmə baxışı zamanı təqdim etdiyi sənədlərdən də görünür ki, yuxarıda qeyd olunan şərtlərə əməl edilməyərək, hazırki vaxtda yoxlanılması mümkünsüz olan, kim tərəfindən imzalandığı (bəzilərində ümumiyyətlə imzalar yoxdur), hansı şirkət və fərdi sahibkar tərəfindən satıldığı və alındığı müəyyən edilməyən seriya və nömrəsiz adi qaimə-faktura sözü yazılmış sənədlər təqdim etmişdir. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının Q-02 nömrəli 09 yanvar 2013-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Ciddi hesabat blanklarının tətbiqi və uçotunun aparılması” Qaydalarının 3-cü maddəsinə əsasən əllə və elektron (lazer) texnikası vasitəsi ilə doldurulmalı olan ciddi hesabat blanklarının bütün rekvizitləri aydın və səlis xətlə doldurulmalı, rəqəmlər və sözlər dəqiq oxunmalı, qaralamalara və düşəlişlərə yol verilməməlidir. Ciddi hesabat blankı nüsxələrinin sayından asılı olmayaraq eyni seriya və nömrəyə malik olmalıdır. Həmin qaimə-fakturaların nüsxələri onlarda tapılmamışdır. Cavabdehin təqdim etdiyi seriya və nömrəsiz adi qaimə-faktura sözü yazılmış sənədlərlə, onların özlərinin təqdim etdiyi 2 saylı Forma ilə də uyğun gəlmir. Belə ki, 2 saylı Formaya görə mehmanxananın adı “Boutique 2” göstərildiyi halda, seriya və nömrəsiz adi qaimə fakturalarda isə “Boutique Y” və ya “Boutique 19” kimi göstərilmişdir. Bundan əlavə həmin 2 saylı Formaya əsasən işlər xx.xx.2019-cu ildə qurtardığı göstərilmiş və yaranmış 170.100 ABS dollar borc həmin tarixdən hesablansa da, lakin cavabdehin təqdim etdiyi seriya və nömrəsiz adi qaimə-fakturalar 2020-ci ilə aiddir. Bu da onu göstərir ki təqdim etdikləri bütün “köhnəlmiş” sübutlarda böyük ziddiyyətlər var. Eyni zamanda bir daha qeyd edilməlidir ki, iddiaçı “Al-Cond" MMC yeni sübutları xx.xx.2023-cü il tarixdə elektron kabinetə yükləməklə Mülki Prosessual Məcəlləsinin 78-ci maddəsinin tələblərini də pozmuşdur.
6. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 31 may tarixli e-2-2(113)-1836/2023 saylı qətnaməsi ilə iddia rədd edilmişdir.
7. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında xx.xx.2020-ci ildə işlərin təhvil-təslim edilməsinə dair akt tərtib edilmişdir. Həmin aktda sistemlərin sazlığı və istismara yararlı olduğu göstərilmişdir. Bütün bunlar isə deməyə əsas verir ki, iş xx.xx.2020-ci ildə qəbul edilmişdir. Belə olduğu halda isə iddia müddəti xx.xx.2019-cu ildən etibarən yox, xx.xx.2020-ci il tarixdən hesablanmalıdır. Həmin tarixdən hesablandıqda isə 3 illik iddia müddəti ötürülməmişdir. Çünki Mülki Məcəllənin 770-ci maddəsinə əsasən sifarişçi işi qəbul etdikdə muzd ödəməlidir. İş isə qeyd etdiyimiz kimi xx.xx.2020-ci ildə qəbul eilmişdir. Məhkəmə öz qətnaməsində belə nəticəyə gəlmişdir ki, işlərin görülməsi barədə xx.xx.2019cu il tarixli aktda işlərin görülərək tatmalanması qeyd olunmuşdur və bu da işlərin qəbul edilməsi deməkdir. Lakin məhkəmə nəzərə almamışdır ki, həmin tarixdə işlərin təhvil-təslim edilməsi, yəni yoxlanaraq qəbul edilməsi həyata keçirilməmiş, sadəcə olaraq görülən işlərin vəziyyəti elan olunmuşdur. Bu isə işlərin tam qurtarması, yoxlanılıb təhvil verilməsi demək deyil, əksinə işlərin gedişi barədə hesabat xarakterli məlumatlandırmadır. Çünki iş həmin tarixdə, yəni xx.xx.2019-cu il tarixdə təhvil-təslim edilmişdirsə, o halda nə üçün xx.xx.2020-ci ildə yenidən sistemlər “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 35-ci maddəsi, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372-ci maddəsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 377-ci maddəsinə əsasən yoxlanılaraq təhvil-təslim edilirdi? Bundan əlavə, işlər xx.xx.2019-cu ildə tam başa çatdırılmışdısa, o halda 2019-cu ilin dekabr ayından 2020-ci ilin fevral-mart aylarına qədər olan dövr ərzində iddiaçı tərəfindən qaimələrdə göstərilən malmateriallar nə üçün alınırdı? Bundan əlavə, məhkəmə qətnaməsində xx.xx.2020-ci il tarixli təhvil-təslim aktına qiymət verilərək göstərilir ki, guya iddiaçı tərəfindən iki təhvil-təslim aktı tərtib edilmiş, onlardan birində il (2020) göstərilmiş, lakin ay və gün göstərilməmiş, digərində isə tarix tam (xx.xx.2020-ci il) göstərilmişdir. Məhkəmə buna şübhə ilə yanaşmış, ay və gün qeydinin sonradan əlavə edilə biləcəyini vurğulamışdır. Halbuki həmin akt tərəflər arasında göstərilən tarixdə tərtib edilmişdir, lakin əvvəlcə tarix qoyulmadan surəti iddiaçıya təqdim edilmiş, daha sonra isə elə həmin gün iddiaçının təklifi ilə Aktın tarix qeyd edilən yerinə ay və gün qeydi də yazılmışdır. Ümumiyyətlə bildirmək istəyirik ki, cavabdeh təşkilat sənədlərin tərtib edilməsi işində səhlənkar olmuş, iddiaçı ilə aralarında tərtib edilən sənədlərə lazımi qaydada imza və möhür vurulmasını təmin etməmişdir. Bu barədə məhkəmə qətnaməsində ayrıca qeyd olunmuş və sənədlərin yarımçıq şəkildə, qüsurlu tərtib edilməsi iddiaçının qanuni maraqlarına uyğun və xeyrinə qiymətləndirilmişdir (qətnamənin 7-ci səhifəsi). Bununla belə, əgər hesab etsək ki, həmin təhvil-təslim Aktı ay və gün göstərilmədən tərtib edilibsə, yenə də həmin sənədin 2020-ci ildə tərtib edilməsi mübahisəsizdir. Çünki Aktın hər iki nüsxəsində 2020-ci il yazısı qeyd olunmuşdur. Bu halda təhvil-təslim işlərinin ən tezi 01 yanvar 2020-ci ildə həyata keçirilməsini ehtimal edə bilərik. İddiaçının əleyhinə, cavabdehin isə xeyrinə maksimum tarix xx.xx.2020-ci ildir. Amma bu tarix əsas götürülsə belə, 3 illik iddia müddəti yenə də ötürülməmiş hesab olunur. Belə ki, iddiaçı təşkilat tərəfindən mediasiya prosesinin tətbiqi barədə 19 dekabr 2022-ci ildə müraciət edilmişdir. Həmin vaxtdan iddia müddətinin axımı dayandırılır. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 35-ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Beləliklə müəyyən olunur ki, işlərin təhvil-təslim aktındakı il, ay və günü göstərən tarix iddia müddətinin axımının başlanğıcıdır. Hər iki akt üzrə (dəqiq tarix göstərilən və yalnız il göstərilən aktlar) iddia müddəti ötürülməmiş və iddiaçı tərəfindən mübahisələndirmə vaxtında olmuşdur. Bundan əlavə, işə baxan məhkəmə müddətin ötürülməsini əsaslandırarkən tərəflər arasında bağlanılan müqaviləyə istinad edərək göstərir ki, tərəflər arasında ödəniş hesab-faktura təqdim ediləndən sonra 10 gün müddətində həyata keçirilməlidir və müddətin hesablanması da həmin 10 günlük müddət bitdikdən sonra başlanır. Bununla bağlı olaraq bildiririk ki, cavabdeh təşkilat ödənilən 430000 ABŞ dollarını nağd şəkildə ödəmiş, hesab-faktura tələb etməmişdir. Bu mənada müddətin hesablanması işlərin yoxlamadan keçirildiyi tarix əsas götürülməklə həyata keçirilməlidir. Cavabdeh təşkilatla iddiaçı arasında işlərin təhvil-təslim Aktı xx.xx.2020-ci ildə tərtib edildiyindən və cavabdeh təşkilat Akt imzalandıqdan sonra 10 gün ərzində ödənişi həyata keçirəcəyini vəd etdiyindən, iddiaçı hüququnun pozulduğunu 2020-ci ilin oktyabr ayının sonunda bilib 3 illik müddəti ötürmədən məhkəməyə müraciət etmişdir. Lakin işə baxan məhkəmə bu halları nəzərə almamış və düzgün olmayan qətnamə qəbul etmişdir. İddiaçı tərəf məhkəmədə sübut təqdim etmiş və bildirmişdir ki, işlər 2019-cu ilin oktyabr ayında hələ tam bitməmiş, işin nəticəsi olaraq quraşdırılan avadanlıq və sistemlər yoxlanılmamış, təhvil-təslim edilməmiş, 2020-ci ilin mart-aprel aylarında belə işlər davam etmiş, mal-materiallar alınmışdır. Lakin məhkəmə bu faktları nəzərə almamış, əsassız olaraq belə qənaətə gəlmişdir ki, işlər 2019-cu ildə bitmişdir. Bu isə qətnamənin ləğvi üçün əsasdır. Məhkəmə iddiaçının iddia müddətini ötürdüyünü hesab etsə də, bunu inkar edən sübutları, işin faktiki hallarını nəzərə almamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. İşə baxan məhkəmə iddiaçının təqdim etdiyi xx.xx.2020-ci il tarixli təhvil-təslim aktını sübut kimi qəbul etməməklə qeyd olunan noormanın tələblərini pozmuşdur. Halbuki məhkəmə araşdırması zamanı iddiaçı həmin akt da daxil olmaqla bütün sənədlərdəki imzaların cavabdeh təşkilatın direktoru işləmiş Elruz Fətiyevə məxsus olubolmamasını müəyyən etmək üçün ekspertiza keçirilməsini təklif etdiyi zaman məhkəmə buna ehtiyac olmadığını, bu halların mübahisə doğurmadığını qeyd etmişdir. Belə olan halda, məhkəmənin qətnamədə həmin təhvil-təslim aktına tənqidi qiymət verməsi işə qərəzli və natamam yanaşmadan xəbər verir. İşə baxan məhkəmə işin obyektiv araşdırılmasına şərait yaratmamış, təqdim edilən vəsatətləri təmin etməmiş, yerində baxış keçirməmiş, işlərin yerinə yetirilmə səviyyəsini müəyyən etmək üçün ekspertiza keçirməmişdir. Məhkəmə iddia müddətinin ötürülməsini göstərən heç bir sübuta istinad etməmiş, xx.xx.2019-cu ildən sonra da iddiaçının cavabdehə məxsus obyektdə işlər gördüyünü, bu məqsədlə mal-metariallar aldığını nəzərə almamış, bu halı təsdiq edən sənədlərə düzgün hüquqi qiymət verməmişdir.
Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə etiraz iddia ərizəsinə etirazın məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, məhkəmənin nəzərinə çatdırırıq ki, onun rəhbərlik etdiyi Cavabdeh MMC-nin təsisçilərinin qərarı ilə xx.xx.2021 tarixdən etibarən şirkət yeni rəhbərliyin idarəetməsinə verilmişdir. İddiaçının apellyasiya şikayətinin 5-ci bəndində (işin halları) və 6-cı bəndində (maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər) qeyd etdiklərinə cavab olaraq qeyd etmək istərdilər ki, özlərinin də elektron qaydada kabinetə iddia ərizəsi və ona əlavə olunmuş sənədləri yükləyəndə 2020-ci il tarixli təhviltəslim aktında cavabdehin nümayəndəsinin nə adı, nə də dəqiq tarixi göstərilmişdir. Bundan əlavə bizimlə görüş zamanı da həmin aktda yalnız 2020-ci il göstərilmişdir. Lakin “08.10” tarixi və “K. Coşqun” adı yalnız birinci instansiya məhkəməsi gedişatında iddiaçı tərəfindən öz xətləri ilə qeyd edilərək məhkəməyə təkrarən verilmişdir. Bundan əlavə bildiyiniz kimi tikinti-quraşdırma işlərində ən əsas sənədlərdən biri olan Forma Ne 2 sənədi vacib hesab olunur. Belə ki, Forma Nə 2 - Aktdır və artıq başa çatmış işlərin təhvil-təslim üçün istifadə olunur, hər iki tərəfdən də imzalanır. Bu Akt onu göstərir ki, Podratçı bütün tikinti quraşdırma işlərini görüb və Sifarişçinin heç bir iradı yoxdur, görülmüş işlərin sazlığına və istismarına yararlıdır. X5 2 aktda işin başlanma və tamamlanma vaxtı (müddət axımı) dəqiqliklə göstərilmişdir. İddiaçının təqdim etdiyi 2020-ci il tarixli təhvil-təslim aktın heç bir hüquqi qüvvəsi yoxdur. Bundan əlavə iddiaçı gördükləri işin hər iki tərəfdən imzalanmış smetasınıda təqdim etməmişdir. Bildiyiniz kimi smeta tikintiyə sərf ediləcək maliyyə xərclərinin əks olunduğu sənəddir. Smeta tikinti müqaviləsinə əlavə olunur və onun bir hissəsini təşkil edir. Smetada tikinti obyektinin tikintisi üçün tələb olunan pul vəsaitləri göstərilir. İddiaçı tərəf birinci instansiyada olduğu kimi apellyasiya instansiya məhkəməsində də fərqli fikirlər bildirir. xx.xx.2023-cü il tarixli məhkəmə baxışı iclasında iddiaçının nümayəndəsi bildirdi ki, 2020-ci il tarixli aktdan 2 dənədir. Hazırda iddiaçı tərəf son ümid kimi 2020-ci il tarixli aktdan iki ədəd olduğuna israrla bildirərək guya birinci akt tarixsiz imzalanmış, ikinci akt isə tarixlə birlikdə imzalanmışdır. İddiaçı bugünə qədər həmin aktların əsillərini məhkəməyə təqdim etməmişdir. 2020-ci il tarixli aktda İddiaçı MMC tərəfindən atılan imza ilə Forma 2 və Müqavilədə atılan imzalardan tamamilə fərqlənir, lakin cavabdeh tərəfindən atılan imzalar eynidir, baxmayaraq ki, bəzi sənədlərdə Elnur Fətiyevin adı yazılmış, 2020-ci il tarixli aktda isə K. Coşqun adlı şəxsin adı yazılmışdır. xx.xx.2017-ci il tarixli HVAC010 saylı müqavilənin 7-ci maddəsinə əsasən iddiaçı quraşdırma işlərinə 3 il zəmanət vermişdir. Quraşdırılma və tamamlanma işləri Forma 2 ilə müəyyən edilmişdir (2018-2019-cu illər). Zəmanət dövrünün qüvvəyə mindiyi dövrdə (avadanlığın saz və işlək olduğu müddətdə), 2020-ci ildə əsası olmayan aktla sistemin sazlığı və yararlığı barədə sənədin məhkəməyə təqdim edilməsinin heç bir hüquqi əsası yoxdur. Belə ki, zəmanət dövrü iddiaçı öhdəliklərə və gördüyü işin keyfiyyət və xüsusiyyətlərinə görə müəyyən məsuliyyəti (öhdəlik) elan edir və öz üzərinə götürür. Beləliklə birinci instansiya məhkəməsi düzgün olaraq iddia müddətinin axınını Forma 2-də göstərilən müddətdən hesablamışdır. Hesab edirik ki, İddiaçı MMC tərəfindən verilən 2020-ci il tarixli akt ümumiyyətlə mötəbər sayıla bilməz.
Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi və izahatında bildirdi ki,cavabdeh ilə bağlanan xx.xx.2017-ci il tarixli müqaviləyə uyğun olaraq iddiaçı cavabdehin iş üçün təqdim etdiyi Bakı şəhəri, Əziz Əliyev küçəsində yerləşən Boutique 2 obyektində kondisioner, havalandırma, isitmə, elektrik və zəif axın sisteminin və qazanxanalarının quraşdırılmasını təmin etməli idi. Müqaviləyə uyğun olaraq tərəflərindən qeyd olunan ünvanda həmin işlər başa çatdırılmışdır. İddiaçı ilə cavabdeh arasında tərtib olunan xx.xx.2019-cu il tarixli 2 nömrəli Formaya (Üzləşmə aktı) əsasən həmin tarixə cavabdeh təşkilatın qalıq borcu 170100ABŞ dolları təşkil etmişdir. Lakin cavabdeh tərəf qeyd olunan işlərin görülməsini qəbul etsə də, ödənişi etməkdən boyun qaçırır. Halbuki, qarşı tərəf sənədlərdə möhür olmadığını, qüsurlu tərtib olunduğunu iddia etsə də, məhkəmə proseslərinin hamısında onlara istinad edib işlərin görülməsini qəbul etmişlər. Tərəflər arasındakı münasibətlər podrat münasibətlərindən irəli gəlmişdir. Mülki Məcəllənin 776-cı maddəsinə əsasən sifarişçi icraçının qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər. Ona görə, hazırkı iş üzrə iddia müddətinin 3 il yox, 5 il hesab edilməli olduğu qənaətindədir. İşlərin təhvil-təslim aktına əsasən 2020-ci ildə işlər təhvil verilmişdir. Mediasiyaya dekabr ayında müraciət etsələr də, tərəflər arasında danışıqlar daha əvvəlki dövrü əhatə edir. Bundan əlavə məhkəməyə təqdim etdiyi sənədə əsasən malların Boutique 2 obyekti üçün alındığı qeyd olunmuşdur. 2020-ci ilin mart ayında işlər yekunlaşdı, 2020-ci ilin oktyabr ayında sistemi təhvil vermişlər, sonuncu ödəniş 2020-ci ilin əvvələrində olmuşdur. Keçmiş direktor özü nağd qaydada ödəniş etmişdir.
11. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi və izahatında bildirdi ki, Bakı şəhəri, Əziz Əliyev küçəsində yerləşən Boutique 2 obyektində kondisioner, havalandırma, isitmə, elektrik və zəif axın sisteminin və qazanxanalarının quraşdırılması işlərinin həyata keçirilməsinə dair hər hansı sübutu təqdim edə bilməmişdir. Onlara işlərin məhz iddia tərəfindən görülməsi məlum deyil. Sənədlər yarımçq təqdim olunmuşdur. Cavabdehin adından şirkət 2 kondisioner alıb, işin içində var. Kondisionerlərin olduğunu görürlər, lakin sistemin olub-olmamasını dəqiq deyə bilməz, mütəxəssis deyildir. X4 adlı şirkət müraciət etmişdir ki, həmin işlər onlar tərəfindən görülmüşdür, lakin qəbul etmədilər, onlar da sonradan eletron qaimələrini ləğv etdilər. İşlərin görülməsini qəbul edirlər, lakin qarşı tərəfin onlar tərəfindən bu məbləğdə görülməsini təsdiq edəcək heç bir sübutu yoxdur. Müvafiq işlərlə bağlı başqa şirkətə ödəniş etməmişlər. Arxivlərində belə bir sənəd yoxdur. Təqdim etdikləri aktda səlahiyyətli şəxsin möhürü yoxdur.
TƏTBİQ EDİLƏN HÜQUQ
12. Mülki Məcəllənin 331.1-ci maddəasinə görə yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır.
13. Həmin Məcəllənin 331.2-ci maddəsinə görə tərəflərin razılaşmasında əqdin formasının uyğun gəlməli olduğu əlavə tələblər (müəyyən formalı blankda tərtibetmə, möhürlə təsdiqləmə və i.a.) müəyyənləşdirilə bilər və bu tələblərə riayət edilməməsinin nəticələri nəzərdə tutula bilər.
14. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
15. Həmin Məcəllənin 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir
16. Həmin Məcəllənin 752.1-ci maddəsinə görə podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
17. Həmin Məcəllənin 753.3-cü maddəsinə əsasən əgər sifarişçi müqavilədə nəzərdə tutulmayan əlavə işlərin görülməsini tələb edirsə, podratçının həmin işləri yerinə yetirməyə görə ayrıca muzd almaq hüququ vardır.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
18. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
19. Məhkəmə kollegiyası hesab edir ki, iddia əsaslıdır.
20. Hazırkı işin hallarından görünür ki, "xxxx" MMC (icraçı) ilə Cavabdeh MMC (sifarişçi) arasında xx.xx.2017-ci il tarixdə HVAC010 saylı müqavilə bağlanmışdır.
21. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən icraçı, sifarişçinin Bakıda Əziz Əliyev küçəsi 9-da yerləşən Butiq Hotel (bundan sonra “obyekt” adlandırılacaq) binasında VRV kondisioner sistemin, ventilyasiya, istilik sistemi və qazanxana quraşdırılması və işə salınması, sifarişçi isə bu müqavilənin şərtlərinə uyğun olduğu təqdirdə razılaşmış dəyərinin icraçıya ödənilməsini üzərinə götürür.
22. Həmin müqavilənin 1.2-ci bəndinə görə avadanlıqların qiymətləri və onların quraşdırılma dəyəri bu müqavilənin ayrılmaz hissəsi olan Əlavədə göstərilmişdir.
23. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən bu müqavilə imzalandıqdan sonra sifarişçi əlavələrlə müəyyən edilmiş məbləği əlavələrlə müəyyən edilmiş qaydada ödəyir.
24. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən tərəflər arasında Azərbaycan ərazisində ödəniş icraçı tərəfindən, hər ayın sonunda, təqdim ediləcək hesab-faktura və səlahiyyətli şəxslər tərəfindən təsdiqlənmiş, xidmətlərin görülməsi barədə AKT əsasında bank köçürməsi yolu ilə milli valyuta (Azərbaycan manatı) ilə 10 gün müddətində həyata keçirilir.
25. Həmin müqavilənin 4.0-cı bəndinə əsasən icraçı obyektdə çalışdırdığı bütün kateqoriyalardan olan işçilərin əmək mühafizəsinin və texniki təhlükəsizliyinin təmin edilməsini öhdəsinə götürür.
26. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən icraçı obyektdə bütün quraşdırma işlərini layihə əsasında aparır. 6.1-ci bəndinə əsasən icraçı quraşdırma işlərinə razılaşdırılmış və müqavilənin əlavəsində göstərilmiş müddətə yerinə yetirir.
27. Həmin müqavilənin 12.1-ci bəndinə görə bu müqavilə onun hər iki tərəfin imzaladığı tarixdən qüvvəyə minir və tərəflərin bu müqavilə üzrə öhdəliklərini tam yerinə yetirənə qədər qüvvədədir.
28. Müqavilə hər iki tərəfin imzası və icraçının möhürü ilə təsdiq edilmişdir.
29. xx.xx.2019-cu il tarixli “Forma 2” aktından müəyyən edilir ki, HVAC 014B2H saylı xx.xx.2017-ci il tarixli müqavilə üzrə sifarişçi - X1, subpodratçı - AlCond Engineering, obyekt - Boutique 2 (B2H) ünvan - Bakı, Əziz Əliyev, layihə - HVACVRF kondisioner, havalandırma, isitmə, qazanxana, elektrik və zəif axın, işin başlanma tarixi xx.xx.2018-ci il, işin qurtarma tarixi xx.xx.2019-cu il qeyd edilmiş, işin smeta dəyəri cəmi 600.100 ABŞ dolları (o cümlədən əsas işlər üzrə 575.000 ABŞ dolları (430.000 ABŞ dolları ödənilib, qalıq 145.000 ABŞ dolları), əlavə işlər üzrə 25.100 ABŞ dolları (0 ABŞ dolları ödənilib, qalıq 25.100 ABŞ dolları) təşkil edir ki, onun da 430.000 ABŞ dolları ödənilib, qalıq 170.100 ABŞ dolları təşkil edir. VRF kondisioner sitemi, pomp stansiyası, yanğına qarşı və yanğın siqnalizasiya, elektrik və zəif axın, havalandırma, isti/soyuq su təchizatı, kanalizasiya, isitmə sistemi işləri tamamlanmış, qazanxana 1 və 2 tam yığılıb və işə salınıb, eyni zamanda müxtəlif adda əlavə işlər icra edilmişdir.
30. Forma 2 bir tərəfdən direktor Elruz Fətiyevin imzası, digər tərəfdən Al-Cond MMC-nin imzası və möhürü ilə təsdiq edilmişdir.
31. 2020-ci il tarixli təhvil-təslim aktından görünür ki, Əziz Əliyev küçəsi 9 ünvanında yerləşən Butik Otel 2 mühəndis sistemləri yoxlanılaraq müəyyən edildi ki, sistemlər sazdır və istismara yararlıdır, o cümlədən: - kondisioner VRF sistemi, - havalandırma sistemi, isitmə sistemi, - su və kanalazisiya və - elektrik və zəif axın sistemləri.
32. Akt onu tərtib edən M.Ağamirov və K.Coşqunun imzaları (Al-Cond MMC-nin möhürü) ilə təsdiq edilmişdir.
33. xx.xx.2020-ci il tarixli təhvil-təslim aktından görünür ki, Əziz Əliyev küçəsi 9 ünvanında yerləşən Butik Otel 2 mühəndis sistemləri yoxlanılaraq müəyyən edildi ki, sistemlər sazdır və istismara yararlıdır, o cümlədən: - kondisioner VRF sistemi, havalandırma sistemi, - isitmə sistemi, - su və kanalizasiya və - elektrik və zəif axın sistemləri.
34. Akt onu tərtib edən M.Ağamirov və K.Coşqunun imzaları (Al-Cond MMC-nin möhürü) ilə təsdiq edilmişdir.
35. 19.07.2019-ci il-xx.xx.2021-ci il tarixləri arası dövrdə İddiaçı MMC ilə (Elektron ünvan 1;) ilə Cavabdeh MMC-nin nümayəndələri arasında (Elektron ünvan 2; Elektron ünvan 3 arasında aparılmış “e-mail” yazışmalarında müxtəlif işlərin (havalandırma, VRF, elektrik, isitmə işləri və s.) o cümlədən Butik 2-də işlərin görüldüyü, İddiaçı MMC aprel ayından borcun 28.000 ABŞ dolları olduğu, iyul ayının 25-26-da iyul ayı üçün forma iki təqdim olunacağı bildirilmiş və aprel ayına görə borcun ödənilməsi xahiş edilmişdir.
36. İddiaçı "xxxx" MMC tərəfindən təqdim edilmiş xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020-ci il tarixli qaimə fakturalara əsasən müxtəlif satıcılardan cəmi 15.206,75 manat dəyərində mallar "xxxx" MMC tərəfindən alınmışdır.
37. Cavabdeh mübahisəli müqavilənin bağlanmasının və həmin müqavilə üzrə işlərin görülməsinin şirkətin əvvəlki rəhbərliyi dövrünə təsadüf etməsinə, hazırda mübahisəli müqavilənin həqiqətən də bağlanıb-bağlanmaması ilə bağlı, eləcə də həmin müqavilə əsasında tərtib edilmiş aktlar və edilmiş ödənişlərlə bağlı şirkətdə məlumatın olmamasına istinad etmişdir.
38. Cavabdeh mübahisəli qeyri-yaşayış sahəsində kondisioner sistemi, ventilyasiya, istilik sistemi, qazanxana quraşdırılması və işə salınması işlərinin görülməsi faktını inkar etməmişdir. Eyni zamanda həmin işlərlə bağlı başqa hər hansı bir şirkətə ödəniş edilməsi ilə bağlı sübut təqdim edə bilməmişdir.
39. Müqavilədə və aktda şirkətin möhürünün olmaması barədə cavabdehin istinad etdiyi dəlillərə münasibətdə birinci instansiya məhkəməsi qeyd etmişdir ki, müqavilənin, eləcə də işlərin görülməsi barədə aktların üzərinə şirkətin möhürünün vurulması barədə məcburi şərt Mülki Məcəllədə nəzərdə tutulmamış, eləcə də tərəflər arasında razılaşmada yer almamışdır. Hazırkı halda sözügedən müqavilə və akt vəzifəsinə görə hüquqi şəxsi təmsil etmək hüququna malik olan şəxs - şirkətin direktoru tərəfindən imzalanmışdır. Bu baxımdan müqaviləyə və akta möhür vurulmaması həmin sənədlərin cavabdeh üçün hüquqi qüvvəyə malik olmasını istisna edən hal deyil.
40. Cavabdehin möhürlü sənəd olmaması əsası ilə təhvil-təslim aklarını qəbul etməməsi, Forma 2 sənədini isə möhür olmasa da sübut kimi qəbul etməsi anlaşılan deyil.
41. Göründüyü kimi iddiaçı tərəfindən mübahisəli müqavilə üzrə işlərin görülməsi, eləcə də cavabdehin həmin işlərə görə 170.100 ABŞ dolları məbləğində borcunun olması faktı iş materiallarında olan sübutlarla öz təsdiqini tapmışdır.
42. Birinci instansiya məhkəməsi iddia tələbini əsaslı hesab etsə də, iddia müddətinin ötürülməsi əsası ilə iddia tələbini rədd etmişdir.
43. Cavabdeh tərəf qətnamədən apellyasiya şikayəti verməmişdir.
44. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, xx.xx.2019-cu il tarixdə hadisənin baş verməsi ilə bağlı başlamış iddia müddətinin axımı hadisənin baş verdiyi tarixdən növbəti gündən – xx.xx.2019-cu il tarixdən hesablanmaqla müddətin sonuncu günü xx.xx.2022-ci il tarixə təsadüf edir. Odur ki, tərəflərin mediasiya prosesində olduğu və iddia müddətinin axımının dayandığı bir aylıq müddət nəzərə alındığı halda belə, iddiaçının hazırkı iddianı xx.xx.2023-cü ildə qaldırmaqla iddia müddətini buraxması açıq-aşkardır.
45. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia müddətinin ötürülməsi əsası ilə iddia tələbinin rədd olunması barədə düzgün nəticəyə gəlməmişdir.
46. Mülki Məcəllənin 372-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.
47. Mülki Məcəllənin 373-cü maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti 6 ildir.
48. Mülki Məcəllənin 377-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.
49. İş materiallarından görünür ki, iddiaçı tərəfindən iki təhvil-təslim aktı tərtib edilmiş, onlardan birində il (2020) göstərilmiş, lakin ay və gün göstərilməmiş, digərində isə tarix tam (xx.xx.2020-ci il) göstərilmişdir.
50. Qeyd edilməlidir ki, təhvil-təslim Aktı ay və gün göstərilmədən tərtib edilibsə, yenə də həmin sənədin 2020-ci ildə tərtib edilməsi mübahisəsizdir. Çünki Aktın hər iki nüsxəsində 2020-ci il yazısı qeyd olunmuşdur. Bu halda təhvil-təslim işlərinin ən tezi 01 yanvar 2020-ci ildə həyata keçirilməsi qəbul edilsə belə, 3 illik iddia müddəti yenə də ötürülməmiş hesab olunur. Belə ki, iddiaçı təşkilat tərəfindən mediasiya prosesinin tətbiqi barədə 19 dekabr 2022-ci ildə müraciət edilmişdir.
51. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 35-ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur.
52. Beləliklə müəyyən olunur ki, işlərin təhvil-təslim aktındakı il, ay və günü göstərən tarix iddia müddətinin axımının başlanğıcıdır. Hər iki akt üzrə (dəqiq tarix göstərilən və yalnız il göstərilən aktlar) iddia müddəti ötürülməmiş və iddiaçı tərəfindən mübahisələndirmə vaxtında olmuşdur.
53. Odur ki, kollegiya hesab edir ki, iddia təmin edilməlidir.
54. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 31 may tarixli e-2-2(113)-1836/2023 saylı qətnaməsi ləğv olunmalı, iddia tələbi təmin edilməli, Cavabdeh MMC-dən 170.100 ABŞ dolları tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir.
55. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
İddiaçı "xxxx" MMC-nin apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 31 may tarixli e-2-2(113)-1836/2023 saylı qətnaməsi ləğv edilsin. İddia təmin edilsin. Cavabdeh MMC-dən 170.100 ABŞ dolları tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Aida Hüseyn Hakimlər: Vüsalə Baxışova Raqib Qurbanov