Məhkəmə qərarları › İş №2-2(103)-709/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-709/2023

13.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-709/2023 13.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ipoteka predmetinə tutma yönəldilməsi barədə iddia tələbi üzrə Açar söz: tutmanın ipoteka qoyulmuş əmlaka yönəldilməsi Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlundan və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə Balaverdi oğlunun, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı tutmanın ipoteka predmetinə yönəldilməsi və s. tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-ci il tarixli e-2-2(113)-1270/2023 nömrəli qiyabi qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları

1. İpoteka saxlayan – İddiaçı MMC ilə ipoteka qoyan – Cavabdeh2 və borc alan – Cavabdeh1 arasında bağlanmış və Bakı şəhəri 11 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş 06 mart 2020-ci il tarixli ipoteka müqaviləsinin məzmunundan görünür ki, İddiaçı MMC ilə Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixində bağlanmış “Biznes sistemin istifadəsi və gəlirlərin bölüşdürülməsi barədə” müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Cavabdeh2 tərəfindən onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 136,65 kv.m fərdi yaşayış evi və həmin ünvanda yerləşən 0,0825 ha olan torpaq sahəsi İddiaçı MMC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir.

2. Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilən MA seriyalı, ******* nömrəli çıxarışdan müəyyən edilir ki, Cavabdeh2 mülkiyyət hüququ əsasında məxsus olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 136,65 kv.m fərdi yaşayış evi və həmin ünvanda yerləşən 0,0825 ha olan torpaq sahəsi İddiaçı MMC-nin xeyrinə hüquq yüklü edilmiş və xx.xx.2020-ci ildə Daşınmaz əmlakın dövlət reyestrində 18/38 nömrəli reyestr kitabının 7335 nömrəli vərəqində qeydiyyata alınmışdır (qeydiyyat nömrəsi: **********).

3. xx.xx.2023-cü il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişlərin məzmunundan görünür ki, ipoteka saxlayan İddiaçı MMC tərəfindən cavabdehlərə müvafiq bildirişlər göndərilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında xx.xx.2023-cü il tarixli ərizə İddiaçı MMC tərəfindən Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə göndərilmişdir.

4. Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən İddiaçı MMC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 02/33 nömrəli məktubda qeyd olunmuşdur ki, ünvan 1 ünvanında yerləşən Cavabdeh2 məxsus fərdi yaşayış evi ilə bağlı tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır.

5. "xxxx" MMC tərəfindən verilən əmlakın qiymətləndirilməsi barədə xx.xx.2022-ci il tarixli, ƏEM/N 66-801/22 saylı qiymətləndirmə rəyindən görünür ki, Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 136,65 kv.m fərdi yaşayış evi və həmin ünvanda yerləşən 0,0825 ha olan torpaq sahəsinin xx.xx.2022-ci il tarixə likvid dəyəri 81000 manat, bazar dəyəri 90000 manat təşkil edir.

6. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2-2(113)-2191/2021 saylı qətnaməsindən görünür ki, İddiaçı MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “müqavilənin ləğvi, pulun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət etmiş və sözügedən qətnamə ilə iddia qismən təmin edilərək, İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 3M-1792 reyestr nömrəli “Biznes sistemin istifadəsi və gəlirlərin bölüşdürülməsi barədə” müqavilənin ləğv edilməsi, həmin müqavilə üzrə yaranmış 13109 (on üç min yüz doqquz) manat məbləğində əsas borc və dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 20 (iyirmi) manat məbləğində pulun Cavabdeh1 tutularaq İddiaçı MMC-yə ödənilməsi, iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun 10 (on) manat hissəsinin İddiaçı MMC-yə aid edilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

7. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-2(103)-1159/2021 saylı qərardadından görünür ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2- 2(113)-2191/2021 saylı qətnaməsi qismən ləğv edilmiş, iddia ipoteka predmetinə tutma yönəldilməsi hissəsində tutma yönəldilməsi barədə bildiriş baxılmamış saxlanılmışdır.

Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixli ipoteka müqaviləsi ilə yüklü edilmiş, Cavabdeh2 məxsus ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 136,65 kv.m fərdi yaşayış evinin və həmin ünvanda yerləşən 0,0825 ha olan torpaq sahəsinin açıq hərracda satılmaqla Bakı Apellyasiya Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli, 2-2(103)1159/2021 saylı qərardadı ilə müəyyən edilmiş 13109 (on üç min bir yüz doqquz) manat məbləğində pulun və mediatora ödənilmiş 200 (iki yüz) manat olmaqla, cəmi 13309 (on üç min üç yüz doqquz) manat məbləğində pulun alınması barədə tələbin həmin əmlaka yönəldilməsi, satışdan əldə olunmuş məbləğ İddiaçı MMC-nin tələblərindən artıq olduqda, artıq məbləğin Cavabdeh2 qaytarılması, ipoteka qoyulmuş ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 136,65 kv.m fərdi yaşayış evi və həmin ünvanda yerləşən 0,0825 ha olan torpaq sahəsi satıldıqda cavabdehlər Cavabdeh1 və Cavabdeh2 yaşadıqları ipoteka predmeti olan mənzili bir ay ərzində tərk etmələri, göstərilən müddət ərzində cavabdehlər könüllü olaraq mənzili tərk etmədikdə, onların məcburi qaydada mənzildən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixində “Biznes sistemin istifadəsi və gəlirlərin bölüşdürülməsi barədə” müqavilə imzalanmış və mağaza fəaliyyətə başlamışdır. Bu müqavilə əsasında Cavabdeh1 və Cavabdeh2 ilə xx.xx.2020-ci il tarixli, 3M-317 reyestr nömrəli İpoteka müqaviləsi imzalanmışdır. İpoteka müqaviləsinə əsasən ünvan 4 ünvanında yerləşən **********47-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Cavabdeh2 məxsus daşınmaz əmlak xx.xx.2020-ci il tarixində ********** qeydiyyat nömrəsi ilə İddiaçı MMC-nin xeyrinə yüklü edilmişdir. Müstəqil ekspert tərəfindən ipoteka ilə yüklü edilmiş əmlakın dəyəri 86000 manat müəyyən edilmiş və qeyd olunan məbləğ ipoteka müqaviləsində öz əksini tapmışdır. xx.xx.2020-ci il tarixində tərtib olunmuş qarşılıqlı üzləşmə aktına əsasən Cavabdeh1 müəssisə qarşısında 13109 manat öhdəliyi yaranmışdır. İddiaçı MMC Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 3M-1792 reyestr nömrəli “Biznes sistemin istifadəsi və gəlirlərin bölüşdürülməsi barədə” müqavilənin ləğv edilməsini, həmin müqavilə üzrə yaranmış 13109 (on üç min bir yüz doqquz) manat əsas borcun və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğində pulun tutularaq İddiaçı MMC-yə verilməsi, xx.xx.2020-ci il tarixli ipoteka müqaviləsi ilə yüklü edilmiş, Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 136,65 kv.m fərdi yaşayış evinin və həmin ünvanda yerləşən 0,0825 ha olan torpaq sahəsinin açıq hərracda satılmaqla 13109 (on üç min bir yüz doqquz) manat məbləğində pulun və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğin alınması barədə tələbin həmin əmlaka yönəldilməsi, satışdan əldə olunmuş məbləğ İddiaçı MMC-nin tələblərindən artıq olduqda, artıq məbləğin Cavabdeh2 qaytarılması, ipoteka qoyulmuş ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 136,65 kv.m fərdi yaşayış evi və həmin ünvanda yerləşən 0,0825 ha olan torpaq sahəsi satıldıqda cavabdehlər Cavabdeh1 və Cavabdeh2 yaşadıqları ipoteka predmeti olan mənzili bir ay ərzində tərk etmələri, göstərilən müddət ərzində cavabdehlər könüllü olaraq mənzili tərk etmədikdə, onların məcburi qaydada mənzildən çıxarılmaları, satışdan əldə olunmuş məbləğ İddiaçı MMC-nin tələblərinin ödənilməsi üçün kifayət etmədikdə, qalan hissədə borcun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq İddiaçı MMC-yə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 11 iyun 2021-ci il tarixli, e-2-2(113)-2191/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 3M-1792 reyestr nömrəli “Biznes sistemin istifadəsi və gəlirlərin bölüşdürülməsi barədə” müqavilənin ləğv edilməsi, həmin müqavilə üzrə yaranmış 13109 manat məbləğində əsas borc və dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 20 manat məbləğində pulun Cavabdeh1 tutularaq iddiaçıya verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan İddiaçı MMC apelyasiya şikayəti vermiş və Bakı Apelyasiya Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli, 2-2(103)1159/2021 saylı qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilərək, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 2191/2021 nömrəli kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qətnaməsi qismən, yəni tələbin ipoteka predmetinə yönləndirilməsi barədə tələblərin rədd edilməsi hissəsində ləğv edilərək, iddia tələbi həmin hissədə baxılmamış saxlanılmışdır. İddiaçı MMC tərəfindən eyni tələblərlə məhkəməyə müraciət olunmuş və Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-1448/2022 saylı qərardadı ilə iş baxılmamış saxlanmışdır. Mövcud qanunvericiliyin tələblərinə əsasən cavabdehlərə tələbin ipoteka predmetinə yönəldilməsinə dair bildirişlər təqdim olunmuşdur. Eyni zamanda müəyyən olunmuş müddət ərzində tələbinin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi haqqında bildirişin qeydiyyata alınması barədə elektron ərizə ilə dövlət qeydiyyat orqanına müraciət olunmuşdur. Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin cavab məktubunda qanunda nəzərdə tutulan müddət ərzində bildirişin qeydiyyata alınması öz əksini tapmışdır.

10. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-1270/2023 nömrəli qətnaməsi ilə (hakim Zeynəb Axundova) iddia tələbi təmin edilmişdir.

11. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixində “Biznes sistemin istifadəsi və gəlirlərin bölüşdürülməsi barədə” müqavilə imzalanmış və mağaza fəaliyyətə başlamışdır. İddiaçı MMC ilə Cavabdeh2 və Cavabdeh1 arasında 06 mart 2020-ci il tarixli ipoteka müqaviləsi bağlanmış və sözügedən ipoteka müqaviləsinə əsasən İddiaçı MMC ilə Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixində bağlanmış “Biznes sistemin istifadəsi və gəlirlərin bölüşdürülməsi barədə” müqavilə üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Cavabdeh2 tərəfindən onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 136,65 kv.m fərdi yaşayış evi və həmin ünvanda yerləşən 0,0825 ha olan torpaq sahəsi İddiaçı MMC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İddiaçı MMC xx.xx.2019-cu il tarixli “Biznes sistemin istifadəsi və gəlirlərin bölüşdürülməsi barədə” müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, cavabdehlər qeyd edilən müqavilədən irəli gələn öhdəliklərini lazımınca icra etməmişlər. Ona görə də, İddiaçı MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “müqavilənin ləğvi, pulun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət etmiş və Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2-2(113)-2191/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmişdir.

12. Borc üzrə tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi bağlı məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2019-cu il tarixli müqavilə üzrə öhdəliklərin icrasının təminatı olaraq ipoteka müqaviləsinə əsasən Cavabdeh2 məxsus yuxarıda qeyd edilən ünvanda yerləşən daşınmaz əmlak iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Müqavilə qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İpotekaya tutma yönəldilməsi ilə bağlı “İpoteka” haqqında Qanunda nəzərdə tutulmuş prosedura əməl edilmiş, ipoteka qoyana ipotekaya tutma yönəldilməsi barədə bildiriş göndərilmiş, həmin bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə bağlı müraciət edilmiş və bildiriş reyestrdə qeydiyyata alınmışdır.

13. Məhkəmə hesab etmişdir ki, iddia tələbi tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsində əsaslı olduğundan təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2-2(113)-2191/2021 saylı qətnaməsi ilə qət edilmiş Cavabdeh1 13109 (on üç min bir yüz doqquz) manat məbləğində əsas borcun və dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 20 (iyirmi) manat məbləğin tutulması Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 136,65 kv.m olan fərdi yaşayış evi və həmin ünvanda yerləşən 0,0825 ha olan torpaq sahəsinə yönəldilməli, həmin əmlak açıq hərracda satılmalı, satışdan əldə olunmuş vəsait hesabına iddiaçıya olan borc ödənilməli, satışdan artıq məbləğ qalarsa, qalan məbləğ Cavabdeh2 qaytarılmalıdır.

14. Məhkəmə tərəfindən ipoteka predmetinin likvid dəyərinin müəyyən edilməsi ilə bağlı qiymətləndirici rəyi alınmışdır. Həmin rəydən görünür ki, ipoteka predmeti olan, Cavabdeh2 məxsus olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 136,65 kv.m olan fərdi yaşayış evinin və həmin ünvanda yerləşən 0,0825 ha olan torpaq sahəsinin likvid dəyəri 81000 manat təşkil edir. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh2 məxsus olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 136,65 kv.m olan fərdi yaşayış evinin və həmin ünvanda yerləşən 0,0825 ha olan torpaq sahəsinin ilkin satış qiyməti 81000 manat məbləğində müəyyən edilməlidir.

15. İpoteka predmetinin boşaldılması tələbi ilə bağlı məhkəmə qeyd etmişdir ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 136,65 kv.m olan fərdi yaşayış evi və həmin ünvanda yerləşən 0,0825 ha olan torpaq sahəsinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həmin yaşayış sahəsindən çıxarılmalıdırlar.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

16. Cavabdeh2 qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-1270/2023 nömrəli qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ipoteka predmeti olan Cavabdeh2 məxsus Naxçıvan şəhəri, Behbud ağa Şahtaxtinski 28A ünvandakı 0.0825 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 136.65 kv.m fərdi yaşayış evi mülkiyyətçi Cavabdeh2 iştirakı olmadan və orta bazar dəyərindən aşağı qiymətləndirilmişdir. Halbuki, ipoteka predmeti olan 0,0825 ha torpaq sahəsinin hər 100 kv.metrinin orta bazar qiyməti 18.000-20.000 (on səkkiz-iyirmi min) manatdır ki, bu da o deməkdir ki, yalnız 0.0825 ha torpaq sahəsinin orta bazar qiyməti 147.600-164.000 manat təşkil edir. Göründüyü kimi, məhkəmə Cavabdeh2 əmlakını onun faktiki bazar dəyərindən aşağı qiymətləndirilməsinə əhəmiyyət verməmişdir. Baxmayaraq ki, “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə görə qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Bu qanunun 4-cü maddəsində isə qeyd edilir ki, Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinin öz əmlakını qiymətləndirmək hüququ vardır. Qiymətləndirmənin nəticələri mühasibat və statistika uçot və hesabatlarında düzəlişlər etmək üçün istifadə oluna bilər.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

18. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, məhkəmə MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

19. İddiaçının nümayəndəsi Nümayəndə Balaverdi oğlu məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.

20. Tətbiq edilən hüquq

“İpoteka haqqında” qanun 41.1-ci maddə- ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. 39.3-ci maddə-məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. 1.0.9-cu maddə-ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 77.1-hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

Əsaslandırıcı hissə

Apellyasiya baxışının hədləri

21. Apellyasiya şikayətinin dəlillərindən görünür ki, qətnamə Cavabdeh2 tərəfindən tutma yönldilmiş ipoteka predmetinin ilkin satış qiyməti iləbağlı hissədə mübahisələndirilir.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

22. Məhkəmə izahatı dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-1270/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

23. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, ipoteka predmeti olan Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 136,65 kv.m fərdi yaşayış evi və həmin ünvanda yerləşən 0,0825 ha olan torpaq sahəsinin bazar dəyəri tərəflərin razılığı ilə 85.000 manat müəyyən edilmişdir.

24. İşdəki "xxxx" MMC tərəfindən verilən əmlakın qiymətləndirilməsi barədə xx.xx.2022-ci il tarixli, ƏEM/N 66-801/22 saylı qiymətləndirmə rəyindən görünür ki, Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 136,65 kv.m fərdi yaşayış evi və həmin ünvanda yerləşən 0,0825 ha olan torpaq sahəsinin xx.xx.2022-ci il tarixə likvid dəyəri 81000 manat, bazar dəyəri 90000 manat təşkil edir.

25. Eyni zamanda işdən görünür ki, Cavabdeh2 özünün sifarişi əsasında Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən ipoteka predmeti olan əmlakın qiymətləndirilməsi həyata keçirilmiş, xx.xx.2020ci il tarixli qiymətləndirmə rəyində likvid dəyərinin 81800 manat təşkil etdiyi qeyd edilmişdir.(iş materialları 78-80-ci vərəqlər).

26. Bu məbləğlə məhkəmə tərəfindən müəyyən edilmiş ilkin satış qiyməti arasında cəmi 800 manat fərq olduğunu, cavabdeh tərəfindən məhkəməyə ipoteka qoyulmuş əmlakın bazar qiymətinin apellyasiya şikayətində qeyd edildiyi kimi 147.600-164.000 manat təşkil etməsi barədə sübutlar təqdim edilmədiyini nəzərə alaraq hesab edir ki, iş üzrə təkrar əmtəəşünaslıq ekspertizası təyin edilməsi üçün əsaslar müəyyən edilmədiyindən qətnamə tutma yönəldilmiş əmlakın ilkin satış qiymətinə dair hissədə dəyişdirilmədən saxlanılmalıdır.

27. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)- 1270/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

28. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:

Cavabde Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-1270/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar