Məhkəmə qərarları › İş №2-2(103)-718/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-718/2025

15.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-718/2025 15.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı QSC-nin Cavabdeh MMC-yə qarşı iddia tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: alqı-satqı müqaviləsi, sübutetmə vəzifəsi) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, Hüseynli Adilə Adil qızının katibliyi, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı QSC-nin nümayəndəsi (vəkili) Vəkil1 iştirakı ilə İddiaçı QSC-nin Cavabdeh MMC-yə qarşı “pulun ödənilməsi” barədə ilkin, Cavabdeh MMC-nin İddiaçı QSC-yə qarşı “pulun ödənilməsi” barədə qarşılıqlı iddia tələblərinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 11 aprel 2025-ci il tarixli qətnaməsindən “Leadtech" MMC-nin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. Cavabdeh MMC (“sifarişçi”) ilə İddiaçı QSC (“icraçı”) arasında 03 avqust 2023-cü il tarixdə İNT 216/23 nömrəli müqavilə bağlanmış, müqavilənin 1.1-ci bəndinə görə icraçı, sifarişçiyə mobil və simli telefonlar və onlar üçün nəzərdə tutulmuş aksesuarları, həmçinin böyük və kiçik məişət texnikasını müqavilədə göstərilmiş qaydada təhvil verilməsini, 3.2-ci bəndinə görə sifarişçi, müqavilə üzrə göndərilmiş malın (aşkar olunan qüsurların icraçı tərəfindən aradan qaldırılmasını nəzərə almaqla) qəbul edilməsini və ödəmələrin vaxtında aparılmasını öhdələrinə götürmüşlər.

2. Müqavilənin 4.1-ci bəndinə görə, müqavilə üzrə ödəmələr qabaqcadan sifariş olunmuş mallar təhvil alındıqdan sonra sifarişçi, 30 (otuz) təqvim günü ərzində icraçıya sifariş olunmuş malların 100 % dəyərini ödəyir.

3. Müqavilə hər iki tərəfin səlahiyyətli şəxslərinin imzası və hüquqi şəxslərin möhürü ilə təsdiq olunmuşdur.

4. İddiaçı QSC tərəfindən verilmiş 02 oktyabr 2024-cü il tarixli 699 saylı maliyyə arayışına görə, 02 oktyabr 2024-cü il tarixinə Cavabdeh MMC-nin İddiaçı QSCnə olan borcu 31 005,21 manat təşkil edir.

5. İddiaçı QSC tərəfindən Cavabdeh MMC-yə MT2405 10119067 saylı xx.xx.2024-cü il tarixli 8384,99 manat, MT2405 10838080 nömrəli xx.xx.2024-cü il tarixli 4950 manat, MT2405 10620611 saylı xx.xx.2024-cü il tarixli 3630 manat, MT2405 10854609 saylı xx.xx.2024-cü il tarixli 3930 manat, MT2405 10307732 saylı xx.xx.2024cü il tarixli 3125 manat, MT2405 10822188 saylı xx.xx.2024-cü il tarixli 2865 manat, MT2405 11479645 saylı xx.xx.2024-cü il tarixli 1897 manat, MT2405 00636056 saylı xx.xx.2024-cü il tarixli 1590 manat, MT2405 10143670 saylı xx.xx.2024-cü il tarixli 1270 manat, MT2405 11164443 saylı xx.xx.2024-cü il tarixli 1074 manat, MT2405 11162908 saylı xx.xx.2024-cü il tarixli 750 manat, MT2405 11047905 saylı xx.xx.2024-cü il tarixli 350 manat, MT2405 11246152 saylı xx.xx.2024-cü il tarixli 347 manat, MT2404 00796893 saylı xx.xx.2024-cü il tarixli 294 manat, MT2405 11040255 saylı xx.xx.2024-cü il tarixli 253 manat, MT2405 10037632 saylı xx.xx.2024-cü il tarixli 250 manat, MT2405 10593866 saylı xx.xx.2024-cü il tarixli 206 manat, MT2405 10267542 saylı xx.xx.2024-cü il tarixli 189,99 manat, MT2405 11076623 saylı xx.xx.2024-cü il tarixli 136 manat, MT2405 10627685 saylı xx.xx.2024-cü il tarixli 115 manat, MT2405 10095656 saylı xx.xx.2024-cü il tarixli 115 manat, MT2405 10297434 saylı xx.xx.2024-cü il tarixli 16.16 manat, MT2405 11470476 saylı xx.xx.2024-cü il tarixli 79 manat, MT2405 10940874 saylı xx.xx.2024-cü il tarixli 60 manat, MQ2406 10885263 nömrəli xx.xx.2024-cü il tarixli 3977 manat (geri qaytarılma), MQ2405 11043953 nömrəli xx.xx.2024-cü il tarixli 1380 manat məbləğində elektron qaimə göndərilmişdir.

6. Cavabdeh MMC (“icraçı”) ilə İddiaçı QSC (“sifarişçi”) arasında 01 noyabr 2023-cü il tarixdə LDT 41/23 saylı müqavilə imzalanmış, müqaviləyə görə icraçı, sifarişçiyə mobil və simli telefonlar və onlar üçün nəzərdə tutulmuş aksesuarları, həmçinin böyük və kiçik məişət texnikasını müqavilədə göstərilmiş qaydada təhvil verilməsini, sifarişçi isə malın qəbul edilməsini və dəyərinin ödənilməsini öhdələrinə götürmüşlər.

7. Cavabdeh MMC tərəfindən İddiaçı QSC-yə MT2405 10170367 saylı xx.xx.2024-cü il tarixli 445 manat, EBED 059171 nömrəli xx.xx.2024-cü il tarixli 1512 manat, EBED 060771 nömrəli xx.xx.2024-cü il tarixli 265 manat, EBED 508112 nömrəli xx.xx.2024-cü il tarixli 1760 manat məbləğində elektron qaimələr göndərilmişdir.

8. Cavabdeh MMC (təhvil verən) ilə İddiaçı QSC (təhvil alan) arasında imzalanmış aşağıdakı təhvil-təslim aktları ilə təsdiq olunur ki:

- 07 may 2024-cü il tarixli təhvil-təslim aktı ilə 445 manat məbləğində mal təhvil verilmişdir - 13 may 2024-cü il tarixli təhvil-təslim aktı ilə 1512 manat məbləğində mal təhvil verilmişdir. - 13 may 2024-cü il tarixli təhvil-təslim aktı ilə 265 manat məbləğində mal təhvil verilmişdir. - 24 may 2024-cü il tarixli təhvil-təslim aktı ilə 1760 manat məbləğində mal təhvil verilmişdir.

9. "xxxx" ASC tərəfindən verilmiş ("xxxx" QSC-yə aid) 17 aprel 2024-cü il tarixli ödəniş tapşırığı ilə təsdiq edilir ki, İddiaçı QSC tərəfindən Cavabdeh MMC-nin hesabına 8011,87 manat hesabına köçürülmüşdür.

10. "xxxx" ASC tərəfindən verilmiş ("xxxx" QSC-yə aid) 22 aprel 2024-cü il tarixli ödəniş tapşırığı ilə təsdiq edilir ki, İddiaçı QSC tərəfindən Cavabdeh MMC-nin hesabına 2835,59 manat köçürülmüşdür.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

11. İddiaçı QSC (ilkin iddiaçı) Cavabdeh MMC-yə (ilkin cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdehdən 31 005,21 (otuz bir min beş manat iyirmi bir qəpik) manat əsas borc məbləği, hüquqi xidmətin göstərilməsi üçün 300 (üç üz) manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 184 (yüz səksən dörd) manat olmaqla, cəmi 31 489,21 (otuz bir min dörd yüz səksən doqquz manat iyirmi bir qəpik) manatın tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. İlkin iddiaçı iddia tələbini işin faktiki hallarına uyğun əsaslandırmış, qeyd etmişdir ki, elektron qaimə-fakturalara əsasən tərəfindən cavabdehə 31 005,21 manat məbləğində mal təhvil verilmiş, lakin təhvil verilən malların ödənişi müqavilədə nəzərdə tutulan qaydada həyata keçirilməmişdir. 02 oktyabr 2024-cü il tarixli maliyyə arayışına görə, cavabdehin ona həmin tarixə olan borcu 31 005,21 manat təşkil edir. 26 sentyabr 2024-cü il tarixində cavabdehə pretenziya məktubu göndərilmiş, lakin bunun heç bir nəticəsi olmamış, borcdan ödəniş həyata keçirilməmişdir.

13. Cavabdeh MMC İddiaçı QSC-nə qarşı qarşılıqlı iddia ərizəsi təqdim edərək, qarşılıqlı cavabdehdən xeyrinə 3802 manat (ƏDV daxil) məbləğində borcun, 320 manat məbləğində vəkilin göstərdiyi yardıma görə xərcin, 59 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, “Leadtech" MMC ilə “İnteqral" QSC arasında bağlanmış 01 noyabr 2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən, İT avadanlıqları satıcı Cavabdeh MMC tərəfindən alıcı "xxxx" QSC-yə satılmış, satıcı malları vaxtında təhvil versə də, alıcı üzrərinə götürdüyü öhdəliyi yerinə yetirməyərək yaranmış 3802 manat məbləğində borcu ödəməmişdir. Tərtib olunmuş elektron qaimələrdən görünür ki, İddiaçı QSC-nin "xxxx" MMC-yə borcu 3802 manat təşkil edir.

15. Sonradan qarşılıqlı iddiaçı “iddia tələbinin dəqiqləşdiriməsi” barədə ərizə verərək, qarşılıqlı cavabdehdən qarşılıqlı iddiaçının xeyrinə 3982 manat (ƏDV daxil) məbləğində borcun, 320 manat məbləğində vəkilin göstərdiyi yardıma görə xərcin, 59 manat məbləğində dövət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

16. Məhkəmə iclasında iştirak edən ilkin iddiaçının nümayəndəsi ilkin iddia tələbini müdafiə edərək izahatında həmçinin bildirmişdir ki, elektron qaimələrin yalnız 4 ədədi sistem tərəfindən, 22 ədədi isə Cavabdeh MMC tərəfindən təsdiqlənmişdir.

17. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi Vəkil2 Həmid oğlu bildirmişdir ki, Cavabdeh MMC-yə ödəniş olunsa da, daha sonra mallar geri qaytarılmış, lakin ödəniş geri qaytarılmamışdır.

18. Cavabdeh MMC-nin nümayəndəsi sonrakı məhkəmə iclasında bildirmişdir ki, elektron qaimələr vurulsa da, mallar onlara çatdırılmamışdır.

19. Birinci instansiya məhkəməsinin 11 aprel 2025-ci il tarixli qətnaməsi ilə ilkin iddia tələbinin qismən təmin olunması, Cavabdeh MMC-dən 18 872 manat (on səkkiz min səkkiz yüz yetmiş iki) pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 146 manat məbləğində pul vəsaitinin İddiaçı QSC-nin xeyrinə tutulması, ilkin iddianın qalan hissədə, həmçinin qarşılıqlı iddianın təmin olunmaması qət edilmişdir.

20. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:

20.1. İlkin iddia tələbinə münasibətdə məhkəmə qeyd edir ki, "İnteqral” QSC ilə Cavabdeh MMC arasında xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmış, İddiaçı QSC həmin müqavilə üzrə öhdəliklərini icra edərək müqavilənin şərtlərinə əsasən, mobil və simli telefonlar və onlar üçün nəzərdə tutulmuş aksesuarları, həmçinin böyük və kiçik məişət texnikasının müqavilədə göstərilən qaydada sifarişçiyə təhvil vermiş və müvafiq olaraq elektron qaimələr göndərmiş, icraçının göstərdiyi xidmətlərə görə xidmət haqqının müqavilədə nəzərdə tutulan qaydada ödənilməməsi səbəbindən sifarişçinin borcu yaranmışdır. Tərəflərin nümayəndələrinin məhkəmə iclaslarında verdiyi izahatlarla həmçinin tərəflərin təqdim etdiyi sübutlarla müəyyən edilən işin hallarından görünür ki, tərəflər arasında işin mübahisələndirilməyən halı odur ki, hər iki müqavilə üzrə alqı-satqı münasibətləri mövcud olmuş, ilkin iddiaya dair hissədə cavabdeh iddiaçı tərəfindən göndərilmiş elektron qaimələr üzrə, ilkin iddia üzrə cavabdehin özü tərəfindən təsdiq edilmiş qaimələri mübahisələndirməmiş, qarşılıqlı iddia üzrə isə cavabdeh malları təhvil aldıqlarını qəbul etmiş, lakin sonradan malları geri qaytardığını bildirmiş, həmin hal üzrə sübut olaraq, malların geri qaytarılmasına dair Cavabdeh MMC tərəfindən təsdiq edilmiş MQ2406 10885263 nömrəli xx.xx.2024-cü il tarixli 3977 manat qaiməni məhkəməyə sübut olaraq təqdim etmişdir. 20.2. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı "xxxx" QSC tərəfindən Cavabdeh MMC-yə ümumi məbləği 31 005,21 manat məbləğində elektron qaimələr göndərilmiş, lakin həmin qaimələrin 18 872 manat məbləğində hissəsi Cavabdeh MMC-nin özü tərəfindən təsdiq edilmiş, digər elektron qaimələr sistem tərəfindən avtimatik təsdiq edilmişdir. 20.3. Odur ki,məhkəmə belə qənaətə gəlir ki, ilkin iddia tələbi qismən təmin edilməli, ilkin iddia üzrə Cavabdeh MMC-dən 18 872 manat (elektron qaimələrin təsdiq olunmuş hissəsində) pul İddiaçı QSC-yə ödənilməlidir. Digər hissədəisə məhkəmə hesab edir ki, ilkin iddia üzrə digər malların təhvul verilməsi iddiaçı tərəfindən sübuta yetirilmədiyindən təmin edilməməlidir. 20.4. Qarşılıqlı iddia tələbinə münasibətdə məhkəmə qeyd edir ki, İddiaçı QSC ilə Cavabdeh MMC arasında xx.xx.2023-cü il tarixli müqaviləyə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki,ki qarşılıqlı iddiaçı öz iddia tələbinin faktiki əsası kimi cavabdeh tərəfindən verilmiş malların dəyərinin ödənilməməsini göstərmişdir. 20.5. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh mMc tərəfindən cavabdeh İddiaçı QSC-yə ümumi dəyəri 3982 manat məbləğində mal təhvil verilmişdir və cavabdeh tərəfindən iddiaçıya 3977 manat məbləğində mal geri qaytarılmışdır. Qeyd edilən hal İddiaçı QSC tərəfindən məhkəməyə təqdim edilmiş MQ2406 10885263 nömrəli xx.xx.2024-cü il tarixli 3977 manat qaimə ilə təsdiq olunur. Odur ki, qarşılıqlı iddia əsassız olduğundan rədd edilməlidir. 20.6. Hazırkı halda ilkin iddianın qismən təmin edildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia ərizəsinin təmin olduğu hissəyə mütənasib olaraq 146 manat məbləğində dövlət rüsumu ilkin cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməli, qarşılıqlı iddia rədd edildiyindən qarşılıqlı iddia verilərkən ödənilmiş dövlət rüsumu qarşılıqlı iddiaya aid edilməlidir.

21. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 385.1-ci, 442-ci, 443.1-ci, 443.4-cü, 448.1-ci, 462.1-ci, 467-ci maddələrinə istinad etmişdir.

22. Qətnamədən Cavabdeh MMC-nin nümayəndəsi (vəkili) apellyasiya şikayəti verərək onun ləğv, ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini belə əsaslandırmışdır ki, məhkəmə işin faktiki hallarını aydınlaşdırmamış, yalnız ilkin iddiaçı tərəfindən təqdim edilən elektronqaimələrə istinad etməklə və Cavabdeh MMC tərəfindən qarşılıqlı cavabdehə verilən mallara görə ödəniş edilməməsini nəzərə almamaqla əsassız nəticəyə gəlmişdir.

Apellyasiya şikayətinə qarşı etiraz

23. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Apellyasiya baxışı, izahat

24. İşə baxılmasının vaxtı (yeri) barədə lazımi qaydada məlumatlandırılmış Cavabdeh MMC nümayəndəsini məhkəməyə göndərməmiş, məhkəmə iclasında iştirak edən ilkin iddiaçının nümayəndəsi (vəkili) isə şikayətin əsassız olduğunu bildirmişdir.

25. İşin halları, şikayətə işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmasının mümkünlüyü nəzərə alınmaqla, işə ilkin iddia üzrə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab olunmuşdur.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

26. Maddə 10.1. Sahibkarlıq fəaliyyətinin hər hansı sahəsində təşəkkül tapan və geniş tətbiq edilən, qanunvericilikdə nəzərdə tutulmayan davranış qaydası, hansısa aktda qeyd edilib-edilmədiyindən asılı olmayaraq, işgüzar adət sayılır.

27. Maddə 13. Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir.

28. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

29. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

30. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

31. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

32. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bunun nəticəsində icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

33. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

34. Maddə 598.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

35. Maddə 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

36. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

39. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

40. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

41. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

42. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

43. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2021-ci il tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”

44. Bənd 1.2. Elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilən və elektron formada hazırlanaraq vergi orqanında uçotda olan şəxslərə göndərilən və ya malların təsərrüfatdaxili yerdəyişməsinin rəsmiləşdirilməsini təsdiq edən ilkin uçot sənədidir.

45. Bənd 3.1. Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində nəzərdə tutulan elektron qaimə-faktura istisna olmaqla, digər elektron qaimə-fakturanı elektron formada göndərir. Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-fakturanı elektron formada tərtib edərək təsdiq edir.

46. Bənd 3.2. Elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, Portal vasitəsilə avtomatik olaraq qəbul edənin bu səhifədə yaradılmış elektron kabinetinə göndərilir.

47. Bənd 3.3. Cari elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildiyi vaxtdan 5 (beş) gün müddətində qəbuledən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər. Düzəliş üçün qaytarılmış elektron qaimə-faktura göndərən tərəfindən düzəliş edildikdən sonra yenidən təqdim oluna bilər.

48. Bənd 3.4. Bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı, 2.2.9-cu və 2.2.10cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaiməfaktura proqram təminatı tərəfindən təsdiq edilir.

Apellyasiya baxışının həddi

49. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

50. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

51. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini qətnamənin ilkin iddianın qismən təmin, qarşılıqlı iddianın rədd olunması ilə bağlı hissələrinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki iddiasının qismən təmin olunmasına baxmayaraq ilkin iddiaçı qətnamədən şikayət verməmiş, ilkin iddia üzrə cavabdehin nümayəndəsi isə faktiki olaraq qətnamənin qeyd olunan hissələrini mübahisələndirmişdir.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

52. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, məhkəmə, müəyyən etdiyi faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.

53. Belə ki, ilkin iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 600.4-cü maddəsi təşkil edir və ilkin iddiaçı cavabdehə təhvil verdiyi malların dəyərinin ödənilməsini istəyir.

54. Həmin maddi hüquq norması satıcıya, əşyanı təhvil almış alıcı onun dəyərini alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmədikdə, dəyərin ödənilməsini və ya malın qaytarılmasını tələb etmək hüququ verir.

55. İlkin cavabdeh alqı-satqı müqaviləsinin predmetini təşkil edən malların ona təhvil verilmədiyini irəli sürsə də, işin hallarından tərəflər arasında işgüzar münasibətlərin məhz elektron qaimələrin göndərilməsi kontekstində formalaşdığı aydın olur.

56. Tərəflər arasında işgüzar adətlər (lex mercatoria) kommersiya subyektləri arasında geniş istifadə edilən institutdur və mülki qanunvericilikdə bu cür adətlərin tərəflər arasında müqavilədən qabaqkı və müqavilədən sonrakı münasibətlərin şərh edilməsi zamanı istifadə edilməsi təsbit olunmuşdur.

57. Müqavilənin şərtləri təfsir edilərkən, eləcə də müqavilə tərəflərinin hüquq və vəzifələrini həyata keçirib-keçrmədikləri aydınlaşdırıldığı zaman, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər nəzərə alınmalıdır (§ 26).

58. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, “...lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir” ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 20 aprel 2022-ci il tarixli Qərar).

59. Ali Məhkəmənin bir sıra qərarlarında da sərgilənən mövqeyə görə, tərəflər arasında münasibətlər təhlil edilərkən onlar arasındakı işgüzar adətlərə xüsusi önəm verilməlidir. Bu halda tərəflər arasında yaranmış işgüzar adətlərin müqavilə üzrə və müqavilədən kənar olmasına1, işgüzar münasibətlərin kommersiya fəaliyyətinin hansı sahəsinə aid olmasına2, bu cür münasibətlərin davamlı və ardıcıl xarakter daşıyıb-

1 Ali Məhkəmə, İş № 2-2(102)-135/2023 (https://sc.supremecourt.gov.az/storage/Iqtisad/2023/3_135+04.04.2023.pdf) § 51 2 Ali Məhkəmə, İş № 2-2(102)-451/2023 (https://sc.supremecourt.gov.az/storage/Iqtisad/2023/3_451+18.10.2023.pdf) § 69 daşımamasına3, eləcə də tərəflərin işgüzar münasibətlərinə hansı həddə əməl edilibedilməməsinə4 qiymət verilməsi zəruridir.

60. Göründüyü kimi, işgüzar adətlərin tərəflər arasında bağlanmış müqavilənin şərtlərinin və onların hərəkətlərinin şərh edilməsi zamanı istifadəsinin mümkünlüyü həm qanunvericilikdə, həm də məhkəmə təcrübəsində təsbit edilmişdir.

61. Tərəflər arasında yaranmış işgüzar münasibətlərdən görünür ki, təhvil verilmiş mallara görə ödənişin edilməsi ilə bağlı ilkin cavabdehə elektron-qaimə fakturalar təqdim olunmuş, o da onları təsdiq etmişdir.

62. Qeyd edilənləri nəzərə alaraq kollegiya belə nəticəyə gəlir ki, məhz ilkin cavabdeh, mübahisələndirdiyi elektron-qaimə fakturalar üzrə malların təqdim edilmədiyini sübuta yetirməlidir. O isə bununla bağlı hər hansı mötəbər sübut təqdim etməmişdir.

63. Bu müstəvidə kollegiya onu da qeyd edir ki, ilkin cavabdehin özünün təsdiq etdiyi elektron-qaimələri sonradan ilkin iddiaçı iddia tələbi ilə müraciət etdikdən sonra təkzib etməsi vicdanlılıq prinsipinə ziddir.

64. “M.Şükürovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 iyul 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 26 aprel 2023-cü il tarixli Qərarında da Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “...burada vicdanlıq prezumpsiyası ilə sıx bağlı olan estoppel prinsipinə də aydınlıq gətirmək vacib hesab edilir. Anqlo-sakson (ümumi) hüquqdan qaynaqlanan estoppel “ədalət məhkəmələri” tərəfindən tərəflərin təqdim etdikləri sübutların araşdırılması zamanı istifadə olunaraq presedent hüququnun prinsipi kimi formalaşmışdır. Bu prinsip tərəflərə öz hərəkətləri və ya davranışı ilə şübhəsiz və mübahisəsiz qəbul etmiş olduğu hallara sonradan istinad etməsini istisna edir. Estoppel prinsipi şəxsin digər tərəfin hüquqi şəraitə vicdanlı şəkildə güvənindən sui-istifadə edərək, onun mənafeyinə xələl gətirən üstünlük və fayda əldə etməsinin qarşısının alınması məqsədini daşıyır”.

65. Beləliklə, birinci instansiya məhkəməsi ilkin iddia tələbini qismən təmin etməkdə haqlı olmuşdur.

66. Qarşılıqlı iddia ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, ilkin cavabdeh tərəfindən ilkin iddiaçıya ümumi dəyəri 3982 manat məbləğində mal təhvil verildiyi, sonuncu tərəfindən ilkin cavabdehə 3977 manat məbləğində malın geri qaytarıldığı MQ2406 10885263 nömrəli 20 iyun 2024-cü il tarixli qaimə ilə təsdiq olunur. Məhkəmə iclasında iştirak edən ilkin cavabdehin nümayəndəsi də malların geri qaytarıldığını təsdiq etmişdir (§ 17).

67. Kollegiya birinci instansiya məhkəməsinin məhkəmə xərclərinin bölüşdürülməsinə dair gəldiyi nəticəni də əsaslı hesab edir; belə ki, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

68. Beləliklə kollegiya hesab edir ki, apellyatorun apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir; birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

69. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin.

3 Ali Məhkəmə, İş № 2-2(102)-73/2024 (https://sc.supremecourt.gov.az/storage/Iqtisad/2024/3_73+15.03.2024.pdf) § 66 4 Ali Məhkəmə, İş № 2-2(102)-54/2024 (https://sc.supremecourt.gov.az/storage/Iqtisad/2024/3_54+01.02.2024.pdf) § 17 Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-677/2025 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 11 aprel 2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid olunsun. Qətnamənin, Cavabdeh MMC-dən 18 872 manat (on səkkiz min səkkiz yüz yetmiş iki) pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 146 manat məbləğində pul vəsaitinin İddiaçı QSC-nin xeyrinə tutulması” hissəsindən Cavabdeh MMC tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov

Hakimlər Təranə Mahmudova

Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar