Məhkəmə qərarları › İş №2-2(103)-719/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-719/2025

05.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-719/2025 05.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X8 Rauf qızının sədrliyi və məruzəsi ilə, Elnur Məmmədsaat oğlu Həsənovdan və X1 ibarət tərkibdə, hakimin köməkçisi Gülcan Maşallah qızı Ələkbərovanın katibliyi ilə, iddiaçının qanuni təmsilçisi Taner Özbekin, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, cavabdehin nümayəndəsi və vəkili Vəkil, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-1147/2025 saylı qətnaməsindən iddiaçı "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi I. İşin halları:

1. Cavabdeh MMC ilə İddiaçı MMC arasında bağlanılmış “Kadr siyasətində ədalətli və sağlam rəqabət mühitinin yaradılması barədə” 13 aprel 2023-cü il tarixli Razılaşma Protokolu imzalanmışdır. Həmin Protokolun: 1.1-ci bəndinə əsasən bu protoolun məqsədi tərəflər arasında kadr siyasətində ədalətli və sağlam rəqabət mühitinin təmin edilməsindən ibarətdir. 2.4-cü bəndinə əsasən tərəflərin hər biri digər tərəfin hər-hansı bir səbəblə əmək müqaviləsinə xitam verilərək işdən ayrılan/çıxarılan (keçmiş) əməkdaşını əmək müqaviləsinə xitam edildiyi gündən etibarən 1 (bir) il müddətinə işə qəbul etməyəcəyini, onunla hansısa vasitə ilə birbaşa və yaxud da dolayısıyla əməkdaşlıq münasibəti qurmayacağını qəbul və vəd etmişdir. 2.5-ci bəndə əsasən qeyd olunan keçmiş əməkdaşlarla əmək müqaviləsinin bağlanması yaxud əməkdaşlıq edilməsinə yalnız digər tərəfin yazılı razılığı olduqda yol verilir. 2.6-cı bəndinə əsasən isə tərəflərdən hər biri razılaşmada qeyd olunan şərtləri pozması halında digər tərəfə 50.000 (əlli min) manat məbləğində kompensasiya (cərimə) ödənilməsi barədə öhdəlik götürmüşdür. Protokol hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

2. İddiaçı MMC-nin 10 sentyabr 2024-cü il tarixli 1836 saylı əmri ilə X3 Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü) əmək müqaviləsinə xitam verilmişdir.

3. İddiaçı MMC tərəfindən cavabdehə ünvanlanmış pretenziya məktubunda Protokolun 2.6-cı bəndinə əsasən 50.000 manat məbləğində kompensasiyanın (cərimə) xx.xx.2024-cü il tarixinədək Hospitalın aşağıda qeyd olunan bank hesabına ödənilməsini xahiş etmişlər.

4. Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda qeyd olunmuşdur ki, pretenziya adlanan məktubda göstərilənlərlə əlaqədar bildirirlər ki, Cavabdeh MMC ilə İddiaçı MMC-si arasında bağlanmış xx.xx.2023-cü il tarixli razılaşma protokolu Az.Res.Mülki Məcəlləsi ilə müəyyən edilən öhdəliklərin yaranmasına əsas olan mülki-hüquqi əqd (müqavilə) deyil, yalnız bu və ya digər öhdəlik yaratmayan niyyət razılaşmasıdır.

II. Birinci instansiya məhkəməsindəki icraat:

5. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən 50000 manat əsas borcun, ödənilmiş rüsum olan 240 manatın, toplamda 50240 manat pulun tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin qastroenterologiya şöbəsinin müdiri vəzifəsində çalışan həkim-qastroenteroloq X6 10 sentyabr 2024-cü il tarixində öz ərizəsinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Müəssisələr arasında qüvvədə olan razılaşma Protokoluna görə həmin şəxs BonaDea-dan ayrıldıqdan sonra 1 il müddətinə X5 Cəmiyyətində işə qəbul edilməməli idi. Lakin adıkeçən həkim-mütəxəssisin (X6) X2 fəaliyyət göstərməsi barədə hospitalın rəsmi sosial-media hesablarında paylaşımlar edilməsi müəyyən olunmuşdur. Bununla əlaqədar Cavabdeh MMC-yə 02 oktyabr 2024-cü il tarixində müqavilə öhdəliyinin icrası ilə əlaqədar, 23 oktyabr 2024-cü il tarixində pretenziya məktubu ilə iki dəfə müraciət edilib. İş üzrə cavabdeh tərəf olan Cavabdeh MMC cavab məktublarında tərəflər arasındakı razılaşmanın niyyət razılaşması olduğunu, öhdəlik yaranmasına əsas olan əqd olmadığını, həmçinin sözügedən razılaşma protokolunun əmək qanunvericiliyi ilə uzlaşmadığını qeyd etmişdir.

7. Cavabdeh məhkəməyə etiraz ərizəsi verərək, iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə "xxxx" MMC arasında bağlanmış iddiaçının hazırki iddiasının əsası kimi istinad etdiyi xx.xx.2023-cü il tarixli razılaşma protokolu Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən edilən öhdəliklərin yaranmasına əsas olan mülki-hüquqi əqd (müqavilə) deyil. Sözügedən protokol yalnız bu və ya digər öhdəlik yaratmayan niyyət razılaşmasıdır. Eyni zamanda əmək hüquq münasibətləri Az.Res.Əmək Məcəlləsi, eləcə də Əmək Qanunvericiliyin sisteminə daxil müvafiq normativ aktlarla tənzimlənir. Əmək hüququ konstitusion norma olmaqla hər hansı bir şəxsin əmək hüququ bu və ya digər formada məhdudlaşdırıla bilməz. İddiaçının iddiasının faktiki əsası kimi istinad etdiyi xx.xx.2023-cü il tarixli protokol qanunvericilin tələblərinə zidd olduğundan əhəmiyyətsiz sənəddir və bu sənəd heç bir hüquqi nəticələr yarada bilməz. Qeyd edir ki, yuxarıda göstərilən protokola hüquqşünas tərəfindən baxıldıqdan sonra bu protokolun qanuna zidd olduğu bildirilmiş və bu səbəbdən də həmin protokolun şərtləri nəzərə alınmamışdır. İddiaçı iddiasında heç bir hüquqi əsas olmadan bu protokolu mülki-hüquqi əqd (müqavilə) hesab etmişdir. Bu protokol mülki-hüquqi müqavilə hesab edilə bilməz.

8. Cavabdeh etirazının maddi hüquqi əsası kimi AR Konstitusiyasının 35-ci maddəsinə, Əmək Məcəlləsinin 3-cü maddəsinin 4-1-ci hissəsinə, Konstitusiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına istinad etmişdir.

9. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il 2-2(113)-1147/2025 saylı qətnaməsi ilə iddia rədd edilmişdir.

10. Məhkəmə iddianı rədd edərkən göstərmişdir ki, iddia tələbinin qanuni əsası Mülki Məcəllənin 385, 425, 448-ci maddələri ilə bağlıdır. Məhkəmə qeyd edib ki, tərəflər arasında yaranmış mülki hüquq münasibətlərinin əsası kimi göstərilən xx.xx.2023-cü il tarixli Razılaşmaya müqavilə qiymətini vermək olmaz. Hətta yuxarıda adıçəkilən Razılaşmaya müqavilə kimi yanaşsaq belə həmin razılaşmananın şərtləri qanunvericiliyin tələblərinə ziddir. Belə ki, qeyd edilən müqavilənin 2.4-cü şərti, Azərbaycan Re4spublikasının Konstitusiyası, həmçinin Əmək qanunvericiliyin tələblərinə ziddi olaraq üçüncü şəxslərin qanunla qorunan hüquqlarına toxunduğundan Mülki Məcəllənin 6.2, 337.1-ci maddələrinə əsasən etibarsızdır və heç bir hüquqi nəticə yarada bilməz. Müqavilə azadlığı prinsipinin mütləq, yəni qeyri-məhdud dərəcədə tətbiqi hüquqdan sui-istifadə halına səbəb olur. Hüquqdan sui-istifadə xüsusi xarakterli mülki hüquq pozuntusudur. Subyekt formal olaraq müqavilə azadlığı prinsipinə əsaslanaraq, onu konkret şəkildə həyata keçirərkən öz hərəkəti ilə başqa şəxsin qanunla qorunan mənafeyini və hüququnu pozur.

11. İşə mahiyyəti üzrə həll edərkən birinci instansiya məhkəməsi hüquqi əsas kimi MM-nin 337.1, 389.1, 389.2. 389.3, 390.1, 402.1, 402.6-cı maddələrindən başqa Konstitusiya Məhkəməsinin xx.xx.2023-cü il və 2018-ci il üzrə Plenumunun qərarlarına habelə Avropa Məhkəməsinin bir sıra qərarları istinad etmişdir.

12. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddiaçının iddia tələbinin təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

III. Apellyasiya şikayətinin dəlilləri:

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəflər arasında imzalanmış “Kadr siyasətində ədalətli və sağlam rəqabət mühitinin yaradılması barədə” 13 aprel 2023-cü iltarixli Razılaşma Protokoluna hansı səbəbdən, niyə müqavilə qiyməti verilə bilməyəcəyini əsaslandırmamışdır. Halbuki, razılaşma protokolunun yuxarıda qeyd olunan bəndləri və məzmunundan da anlaşılır ki, razılaşma ilə tərəflər üçün hüquq və öhdəliklər müəyyən edilib, həmin hüquq və öhdəliklərin başlanma tarixi göstərilib. 13 aprel 2023-cü il tarixli Razılaşma Protokolu ilə müqavilə tərəflərinin iradəsi, müqaviləni imzalamağa səbəb olan məqsədləri aydın müəyyən edilir. 1-ci instansiya məhkəməsi 2.4-cü maddənin müqavilənin maddəsi olduğunu qeyd edir, lakin maddənin Azərbaycan Respublikasının Konstitusiyası, həmçinin Əmək qanunvericiliyin tələblərinə ziddi olaraq üçüncü şəxslərin qanunla qorunan hansı hüquqlarına toxunduğunu qeyd etmir. Toxunulan hüquq hansıdır anlaşılmır. Daha doğrusu toxunulan hüququn hansı olduğunu məhkəmə göstərə bilməyib. Yox əgər 1-ci instansiya Məhkəməsi, məhkəmə iclasıarında iştirak etməyi lazım bilməyən cavabdeh tərəfin etirazının əsasına istinad edibsə, bildirir ki, AR ƏM-nin 42-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Yəni, Cavabdeh MMC Razılaşma protokolu ilə götürmüş olduğu öhdəliyi pozaraq X6 ilə müqavilə bağlamağa, əməkdaşlıq etməyə məcbur olacağı bir norma mövcud deyildi. X6 ilə müqavilə bağlanması, əməkdaşlıq edilməsi işəgötürənin sərbəst istəyi ilə ola bilcək halidi.

14. Apelyator pozulmuş maddi və prosessual hüquq normaları kimi MM-nim 324.1, 389.1, 386.1, 425.1, 425.2, 442, 448.2, 448.1, MPM-in 14.2, 88-ci maddələrini göstərmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

15. Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

16. Məhkəmə iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etdi. O, əlavə olaraq qeyd etdi ki, iddiaçı ehtimal edir ki, üçüncü şəxs ilə Cavabdeh MMC arasında münasibətlər G.Vəliyeva İddiaçı MMC-də çalışdığı müddətdə formalaşmağa başlayıb. Həmçinin, İddiaçı MMC üçüncü şəxsin işdən ayrılmasına hər hansı maneə törətməyib və əmək münasibətləri qanuni şəkildə başa çatdırılıb.

17. Məhkəmə iclasında iddiaçının qanuni təmsilçisi izahat verərək bildirdi ki, İddiaçı MMC ilə aralarında uzunmüddətli əməkdaşlıq mövcuddur. Tərəflər arasında bağlanmış razılaşma, qarşılıqlı olaraq bir-birinin işçilərini işə qəbul etməmək öhdəliyini nəzərdə tutur. Qanuni təmsilçi qeyd etdi ki, bu razılaşma hüquqi cəhətdən etibarlıdır və cavabdeh bu razılaşma ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir. Əmək haqlarının süni şəkildə azaldılması yalnız bir neçə xəstəxana ilə eyni məzmunda müqavilələrin bağlanması halında mümkündür. Bundan əlavə, iddiaçı MMC-də çalışan həkimlərin və digər işçilərin Cavabdeh MMC-yə keçməsi üçün yüksək əmək haqqı təklif olunmasına ehtiyac yoxdur, çünki Cavabdeh MMC-nin rəhbərliyi iddiaçı MMC-nin işçilərini tanıyır və onlarla dost münasibətləri mövcuddur. O, həmçinin qeyd etdi ki, üçüncü şəxs gələcəkdə harada işləyəcəyi barədə iddiaçıya məlumat verməmişdir.

18. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili çıxış edərək iddianın əsassız olduğunu bildirdi və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdilər.

19. Məhkəmə iclasında üçüncü şəxs izahat verərək bildirdi ki, İddiaçı MMC-də 6 il ərzində çalışıb, lakin rəhbərlik dəyişdikdən sonra yeni rəhbərliklə fikir ayrılığı yaranıb və bu səbəbdən öz ərizəsi ilə işdən çıxıb. Üçüncü şəxs İddiaçı MMC-də şöbə müdiri vəzifəsində çalışıb və yeni həkimlərin işə qəbul olunması, onlara üstünlük veriləcəyi barədə məlumat alıb. Bu səbəbdən məzuniyyət götürərək iş axtarışına çıxıb. Cavabdeh MMC-də çalışmaq qərarını özü verib, çünki bu müəssisə ona tanışdır və cihazları ilə işləmə bacarığı var. Verilmiş suallara cavab olaraq üçüncü şəxs bildirdi ki, Cavabdeh MMC-yə özü müraciət edib və müəssisə onu işə dəvət edib. Mübahisə predmeti olan razılaşmadan xəbərsiz olduğunu qeyd etdi. Tərəflər arasında uzun illər davam edən dostluq münasibətləri olduğunu da bildirdi. Hal-hazırda cavabdeh müəssisədə əvvəllər İddiaçı MMC-də çalışmış bir neçə həkim və tibb bacısı çalışır. 2023-cü ilin aprel ayından sonra İddiaçı MMC-dən Cavabdeh MMC-yə keçən digər işçilər barədə məlumatı yoxdur. Üçüncü şəxs 15 sentyabr tarixində işdən ayrıldığını və 2-3 oktyabr tarixlərində Cavabdeh MMC-də işə başladığını bildirdi. İşsiz qaldığı müddətdə xəstələrin ona zəng etdiyini də qeyd etdi.

IV. Tətbiq edilən hüquq:

20. Mülki Məcəllənin: -1.1-ci maddəsinə görə bu Məcəllənin məqsədi üçüncü şəxslərin hüquqlarına xələl gətirmədən mülki dövriyyənin azadlığını onun iştirakçılarının bərabərliyi əsasında təmin etməkdir. -6.1-ci maddəsinə əsasən mülki qanunvericiliyin prinsipləri aşağıdakılardır: -6.1.7-ci maddəsinə əsasən mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -337.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. -337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. -389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. -390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. -561.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. -560.2-ci maddəsinə əsasəm hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. -560.3-cü maddəsinə əsasən hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: 560.3.5. bir və ya daha çox kommersiya hüquqi şəxslərinin bazarda və ya istehsal sektorunda özünün əlverişli vəziyyətindən sui-istifadə etməsi, əgər bu, mal dövriyyəsi və ya istehsal xidmətləri üçün bazar şəraitinin xeyli pozulması ilə nəticələnə bilərsə, məsələn: 560.3.5.2. istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması; 560.3.6. kommersiya hüquqi şəxslərinin razılaşmaları, öz aralarında razılaşdırdıqları hərəkət metodları, əgər bunlar mal dövriyyəsi və ya istehsal xidmətləri üçün bazar şəraitinin xeyli pozulması ilə nəticələnə bilərsə və rəqabətin qarşısının alınması, məhdudlaşdırılması və ya təhrif edilməsi məqsədi daşıyarsa və ya buna kömək edərsə, o cümlədən: 560.3.6.2. istehsala nəzarətin, satışın, texniki inkişafın və ya investisiyaların məhdudlaşdırılması;

21.Rəqabət Məcəlləsinin: 11.1-ci maddəsinə görə bu Məcəllənin 13-cü maddəsi nəzərə alınmaqla, rəqabəti məhdudlaşdıran nəticələrə səbəb olan və ya ola bilən üfüqi sazişlər və uyğunlaşdırılmış hərəkətlər, o cümlədən aşağıdakı hədəflərdən birinə və ya bir neçəsinə çatmaq məqsədilə bağlanılan kartel sövdələşmələri və uyğunlaşdırılmış hərəkətlər qadağan edilir və bağlanıldığı andan əhəmiyyətsizdir: 11.1.1. alış və ya satış qiymətlərinin, yaxud hər hansı digər ticarət şərtlərinin birbaşa və ya dolayı yolla razılaşdırılması və (və ya) bununla əlaqədar məlumat mübadiləsinin aparılması; 11.1.2. istehsalın, bazarın, texniki inkişafın, investisiyaların məhdudlaşdırılması və ya onlara nəzarət edilməsi; 11.1.3. bazarların, o cümlədən müştərilərin, satıcıların, ərazilərin, xammal mənbələrinin, yaxud məhsulun konkret növlərinin istehsalının (satışının) öz aralarında bölüşdürülməsi; 11.1.4. müvafiq bazarda tələb və təklifin həcminin əvvəlcədən müəyyənləşdirilməsi və (və ya) ona nəzarət edilməsi; 11.1.5. dövlət satınalmaları, hərrac və digər müsabiqələrdə iştirak edən və ya iştirak edəcək təsərrüfat subyektlərinin və (və ya) təklif olunacaq satış (alış) qiymətlərinin onlar arasında əvvəlcədən razılaşdırılması, yaxud bu prosesə digər formada qanunsuz təsir göstərilməsi;

22.Mülki Prosessual Məcəllənin: -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.

Apellyasiya baxışının hədləri

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

24. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

25. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia təmin edilmədiyindən və həmin qətnamə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən qətnamənin əsaslığı tam yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

27. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında “Kadr siyasətində ədalətli və sağlam rəqabət mühitinin yaradılması barədə” razılaşma protokolu imzalanmışdır. Həmin protokola əsasən tərəflərin hər biri digər tərəfin hər hansı bir səbəblə əmək müqaviləsinə xitam verilərək işdən ayrılan/çıxarılan (keçmiş) əməkdaşını əmək müqaviləsinə xitam edildiyi gündən etibarən 1 il müddətinə işə qəbul etməyəcəyini, onunla hansısa vasitə ilə birbaşa və yaxud da dolayısıyla əməkdaşlıq münasibəti qurmayacağını vəd etmiş və həmin şərt pozulduqda 50.000 manat məbləğində cərimənin (kompensasiya) ödənilməli olmasını müəyyənləşdirmişlər. Hazırda iddiaçı cavabdeh tərəfindən müqavilə şərtlərinin pozulmasını iddia edir və həmin müqavilədə müəyyən edilmiş kompensasiyanın tutulmasını tələb edir. Cavabdehin etirazı isə mübahisəli müqavilənin niyyət razılaşması xarakteri daşımasına və eyni zamanda həmin müqavilə şərtlərinin əmək qanunvericiliyinə zidd olmasına əsaslanır.

28. Kollegiya ilk növbədə “razılaşma protokolu”nun hüquqi təbiətinə qiymət verərək qeyd edir ki, sözügedən protokolun 2.4-cü bəndində tərəflərin digər tərəfin işdən çıxmış əməkdaşlarını 1 il ərzində işə qəbul etməyəcəkləri barədə razılıqları vəd kimi ifadə edilsə belə, 2.6-cı bənddə həmin şərtin pozulmasına görə tərəflərin mülki hüquqi məsuliyyət daşıması, konkret halda mülki məsuliyyət tədbiri olaraq cərimə ödəməli olması nəzərdə tutulmuşdur.

29. Odur ki, protokolun şərtlərinin müqayisəli şəkildə təhlili belə qənaətə gəlməyə əsas verir ki, həmin şərtlər tərəflərin gələcəkdə əməkdaşlıq edəcəyinə dair deklarativ xarakterli vədləri əks etdirmir, əksinə tərəflər üçün icrası məcburi olan öhdəliklər yaratmaqla yanaşı, öhdəliklərin pozulmasına görə tətbiq edilməli olan məsuliyyət tədbirini müəyyən edir.

30. Belə olan halda kollegiya cavabdehin etirazının dəlilləri və birinci instansiya məhkəməsinin həmin hissədə gəldiyi nəticə ilə razılaşmayaraq hesab edir ki, tərəflər arasında imzalanmış “razılaşma protokolu” tərəflərin hüquq və öhdəliklərinin müəyyən edən iki tərəfli razılaşma olmaqla müqavilə kimi qiymətləndirilməlidir.

31. Digər tərəfdən kollegiya iddia tələbinin əsaslandığı müqavilənin etibarlılığı məsələsinə münasibətdə qeyd edir ki, mülki hüquq subyektlərinin müqavilələrin məzmununu sərbəst müəyyənləşdirmək imkanı MM-in fundamental prinsiplərindən biri olan müqavilələrin azadlığı prinsipinin ifadə formalarından biri kimi çıxış edir. Lakin müqavilə azadlığı mütləq hüuqq olmamaqla qanunla üçüncü şəxslərin hüquqlarını qorumaq, publik qaydanı və dövlt maraqlarını təmin etmək naminə məhdudlaşdırıla bilər. Belə məhdudiyyətlərdən birini imperativ xarakter daşıyan hüquqdan sui-istifadənin qadağan edilməsi prinsipidir təşkil edir ki, hazırda iddiaçının tələbi məhz həmin prinsipin prizmasından qiymətləndirilməlidir(Maddə 560.3.6).

32. Qeyd edilməlidir ki, hazırkı halda mübahisəli razılaşma mahiyyət etibarilə rəqabətdə olan işəgötürənlər arasında bağlanan bir-birinin işçilərini cəlb etməməyi, işə götürməməyi nəzərdə tutan, hüquq ədəbiyyatında "Non-poach" razılaşmaları (non-poach agreement) adı ilə tanınan müqavilə növüdür.

33. AR-da olduğu kimi əksər xarici dövlətlərin qanunvericiliklərində həmin müqavilələr qanunvericiliklə birbaşa olaraq qadağan edilməsə də, təcrübədə belə müqavilələr dövlət orqanları və məhkəmələr tərəfindən antiinhisar və rəqabət qanunvericiliyinə zidd əqdlər kimi dəyərləndirilir. Göstərilən yanaşma ona əsaslanır ki, "Non-poach" razılaşmaları, əmək bazarının dinamikliyini azaldaraq əmək haqqı, şirkət məhsuldarlığı və innovasiya üzərində mənfi təsirlər yaradır. Belə ki, bu razılaşmalar əmək haqqını aşağı salır: sözügedən müqavilələrdə iştirak edən şirkətlər artıq digər şirkətlərin işçilərini cəlb etmək və ya öz işçilərini saxlamaq üçün daha yüksək əmək haqqı təklif etmirlər. İşçilər bu razılaşmalardan xəbərdar olmadığından, gələcək iş imkanlarının məhdudlaşmasına görə əvvəlcədən kompensasiya tələb edə bilmirlər. Bu, işçilərin iş axtarış xərclərini artırır və təlimə investisiya etmə motivasiyasını azaldır. "No-poach" razılaşmaları, məhsuldar işçilərin məhsuldar şirkətlərə səmərəli şəkildə yönləndirilməsini də əngəlləyir. Belə ki, azad əmək bazarı şəraitində məhsuldar şirkətlər daha yüksək əmək haqqı təklif edir, daha böyük işçi qüvvəsinə malikdir və daha çox işçi cəlb edir. İşçilər zamanla daha məhsuldar şirkətlərə keçərək "iş pilləsi" üzrə irəliləyirlər.

34. Qeyd edilməlidir ki, göstərilən yanaşma X7 Komissiyası 2025-ci ilin iyun ayında, Delivery Hero və Glovo şirkətlərinin işi üzrə qərarında da öz təsdiqini tapmışdır. Həmin qərarda "no-poach" müqaviləsinin antiinhisar və rəqabət qanunlarını pozması kimi qiymətləndirilmiş və əmək bazarında rəqabəti məhdudlaşdıran "no-poach" müqavilələrinə görə 329 milyon avro cərimə tətbiq edilmişdir.

35. "Non-poach" razılaşmaları qanunauyğunluğu yoxlanılarkən bir çox kriterilərdən ( müqavilənin məqsədi, şərtin digər razılaşmanın tərkib hissəsi olub-olmaması, şərtlərin konkretliyi, digər şəxslərin hüquqlarının pozulması və s.) istifadə olunur.

36. Hazırkı halda qeyd edilməlidir ki, birincisi, mübahisəli müqavilənin adı “Kadr siyasətində ədalətli və sağlam rəqabət mühitinin yaradılması barədə” razılaşma protokolu olsa da, həmin müqavilədə əks olunmuş öhdəlik müəyyən edən əsas şərt tərəflərin birbirinin işçilərini cəlb etməmək və işə götürməməkdən ibarət olmuşdur. Həmin razılaşmada tərəflər arasında kadrlar sahəsində hər hansı bir digər əməkdaşlığın həyata keçirilməsinə dair müddəalar (məsələn, birgə elmi-tədqiqatların aparılması, seminarların keçirilməsi, təcrübə mübadiləsi və s.) yer almamışdır. Eləcə də sözügedən müqavilə hər hansı birgə layihə və müqavilə çərçivəsində, yəni layihənin və digər birgə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə rəvac verən əlavə razılaşma kimi də qəbul edilməmişdir. Göründüyü kimi tərəflər arasında razılaşmanın şərtlərinə və tərəflərin işgüzar münasibətlərə nəzərə saldıqda mübahisəli razılaşmanın əmək bazarında azad rəqabəti məhdudlaşdırmaq məqsədi deyil, digər qanuni məqsəd daşıması (məsələn, birgə fəaliyyət çərçivəsində əldə edilmiş konfidensial informasiyanın qorunması, işçilərin təliminə qoyulmuş investisiyaların qorunması və s.) görünmür.

37. İkincisi, müqavilədə tərəflərin işə cəlb etməmək öhdəliyi yalnız tərəflərin xüsusi əhəmiyyət kəsb edən mütəxəssislərinə deyil, hər hansı fərqləndirmə aparılmadan bütün işçilərinə şamil edilir. Eyni zamanda həmin şərtlərdə işçilərin cəlb edilməsi istiqamətində aktiv hərəkətlərin edilməsi ilə yanaşı (işdən azad olunanadək işçi ilə danışıqlar aparılması, təkliflər verilməsi, yəni işçinin cəlb edilməsi), passiv hərəkətlər (artıq işdən çıxmış işçinin işə götürülməsi) də qadağan edilir. Müqavilə şərtlərin belə qeyri-konkretliyi də həmin razılaşmanın şərtlərinin tərəflərin öz maraqlarının müdafiə edilməsindən daha çox hüquqdan sui-istifadə xarakter daşımasına dəlalət edir.

38. Üçüncüsü, “non-poach” razılaşmaları ümumilikdə əmək bazarında rəqabətə təsir göstərməklə yanaşı işçilərin əmək hüquqlarını məhdudlaşdırır, o cümlədən işə qəbul edilməsi zamanı ayrı-seçkiliyə yolverilməsi prinsipini pozur. Buna görə də nəticə etibarilə işçinin hüquqlarını məhdudlaşdıran razılaşma barədə (hazırkı halda İddiaçı MMC-dən çıxdıqdan sonra Cavabdeh MMC-də işə götürülməyəcəyi barədə (və əksinə)) işçinin məlumatlı olması, buna razılıq verməsi və buna görə kompensasiya nəzərdə tutulması “non-poach agreement” müqavilələrinin etibarlı hesab edilməsinin vacib şərtlərindən biridir. Başqa sözlə desək, işəgötürən (iddiaçı) işçinin (hazırda G. Vəliyeva) başqa rəqib şirkətə keçməsinin qarşısını almaq istəyirdisə, məhz işçi ilə rəqabət qadağası barədə ayrıca razılaşma bağlamalı və bu səbəblə ona əlavə kompensasiya ödəməli idi. Əks halda, işəgötürənlər arasında işçi cəlb edilməsinin qarşısının alınmasına yönəlmiş anlaşmalar işçinin sərbəst iş dəyişdirməsinə maneə törədir, işçinin sərbəst iş yeri seçmək hüququnu pozmuş olur. Hazırkı halda isə tərəflərin aralarında bağlanmış razılaşma barədə işçilərin, o cümlədən iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin məlumatlandırılması, işçilərlə bu barədə razılaşma bağlanması iş materialları ilə müəyyən edilmir.

39. Mübahisəli müqavilədə digər tərəfin işçilərinin işə qəbul edilməsinin qadağan edilməməsi, sadəcə tərəflərin bir-birinin keçmiş işçisinin işə götürmək hüququnun həyata keçirilməsinə görə kompensasiya ödənilməi olmasının müəyyənləşdirilməsi barədə iddiaçının dəlillərinə münasibətdə qeyd edir ki, hazırda ödənilməsi tələb edilən məbləğ protokolun 2.6-cı bəndində “şərtlərin pozulmasına görə” cərimə (kompensasiya) kimi müəyyən edilmişdir. Odur ki, həmin şərtin müqavilədə nəzərdə tutulmuş hüququn həyata keçirilməsinə görə haqq kimi dəyəndirilməsi üçün əsas yoxdur. Digər tərəfdən həmin kompensasiya məbləğinə “hüququn həyata keçirilməsinə görə haqq” kimi yanaşsaq belə sözügedən şərt etibarlı hesab edilə bilməz. Belə ki, tərəflərin razılaşmasına əsasən “hüququn həyata keçirilməsinə görə haqq” yalnız o zaman müəyyən edilə bilər ki, razılaşmaya əsasən tərəflərə qanunvericilikdə nəzərdə tutulmayan hüquq verilmiş (məsələn, müqavilənin səbəbsiz olaraq vaxtından əvvəl ləğv edilməsi) olsun. Hazırkı halda isə tərəflər arasında mübahisəli razılaşmada tərəflərin qanunla malik olduqları hüququn (istədikləri işçiləri işə götürmək) həyata keçirilməsi üçün haqqın müəyyən edilməsi, tərəflərə haqq ödənilməsi şərti ilə əlavə hüququn verilməsinə deyil, qanunla müəyyən edilmiş hüquqlarının məhdudlaşdırılmasına yönəldilir.

40. Yuxarıda göstərilənlərə əsasən tərəflər arasında bağlanmış razılaşma protokolu antiinhisar və rəqabət qanunvericiliyini pozan horizontal razılaşma olmaqla yanaşı üçüncü şəxslərin qanunla qorunan hüquqlarını məhdudlaşdırır, odur ki, həmin razılaşma protokolu Mülki Məcəllənin 337.1 və 560.2-ci maddələrinə əsasən etibarsızdır.

41. Hazırkı halda müstəqil tələb irəli sürməyən üçüncü şəxsin işə götürülməsi, yəni üçüncü şəxsin hüquqlarının pozulmaması, hazırkı mübahisənin müqavilə tərəfləri arasında müqavilədə nəzərdə tutulmuş kompensasiyanın ödənilməsi ilə bağlı olması barədə dəlillərə münasibətdə kollegiya qeyd edir ki, konkret halda üçüncü şəxsin hüquqlarının pozulmaması iddiaçının tələbinin əsası kimi istinad etdiyi şərtin və bütövlükdə müqavilənin qanunazidliyini aradan qaldırmır və etibarsız müqaviləyə əsaslanaraq irəli sürdüyü tələbinin təmin edilməsi üçün əsas vermir. Belə ki, hazırkı iddianın təmin edilməsi, mübahisəli razılaşma protokolunun məcburi qüvvəyə malik olan etibarlı müqavilə kimi tanınmasına səbəb olur və gələcəkdə həmin müqavilə əsasında digər işçilərin qanunla qorunan hüquqlarının pozulması və rəqabətin məhdudlaşdırılmasına real imkan yaradır.

42. Beləliklə, kollegiya hesab edir ki, iddianın tələbinin əsası kimi istinad etdiyi müqavilə etibarsız əqd olduğundan heç bir hüquqi nəticə yaratmır. Odur ki, iddiaçı həmin müqaviləyə əsaslanaraq tələb irəli sürməkdə haqlı deyil.

43. Bununla yanaşı kollegiya birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi üçün istinad etdiyi ikinci əsasla, yəni mübahisəli razılaşmanın etibarsız əqd olması ilə razılaşdığını, həmin hissədə birinci instansiya məhkəməsinin qətnamədə göstərdiyi nəticələrinin işin hallarına uyğun gəldiyini və maddi hüquq normalarını düzgün tətbiq etdiyini, eləcə də apellyasiya instansiya məhkəməsi iddianın rədd edilməli olması barədə qənaətini əsaslandırmaq üçün fərqli arqumentlər irəli sürmədiyini nəzərə alaraq hesab edir ki, qətnamənin ləğv edilməsi üçün əsaslar yoxdur.

44. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

45. Məhkəmə xərcləri isə Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə iddiaçıya aid edilməlidir.

46. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-1147/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti üçün ödənilmiş rüsum iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Leyla Əliyeva

Hakimlər: Təranə Mahmudova

Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar