Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-720/2024 26.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı kommersiya işi Açar söz: icarə, mülkiyyət hüququnun tanınması Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “icarə müqaviləsi üzrə borcun tutulması, icarə predmetinin geri qaytarılması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-78/2024 nömrəli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. "xxxx" MMC (satıcı qismində) ilə İddiaçı (alıcı qismində) arasında bağlanmış xx.xx.2021-ci il tarixli 281 saylı alqı-satqı müqaviləsindən görünür ki, satıcı malın dəyərini nağd və ya hissə-hissə ödənilməklə alıcıya satmağı, alıcı isə malı qəbul edib və qaiməfakturalarda əks olunan qiymətini satıcıya ödəməyi öhdəsinə götürür. Satılan malın dəyərinin 30000 manat məbləğini-ilkin ödənişi edildikdən sonra qalıq məbləği 6 ay ərzində nağd ödəməyi öz öhdəsinə götürür.
2. "xxxx" MMC (firma) ilə Cavabdeh (zamin qismində) arasında bağlanmış xx.xx.2021-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli 281 saylı alqı-satqı müqaviləyə əsasən öhdəliklərin yerinə yetirilməsinə görə cavabdehlik daşımağı öz öhdəsinə götürmüşdür.
3. “Candela mini Gentlelase” lazer aparatının icarəsi haqqında 01 may 2022-ci il tarixli müqavilədən görünür ki, müqavilə iddiaçı (icarəyə verən) ilə cavabdeh (icarəçi) arasında bağlanmış və tərəflər razılaşmışlar ki, müqaviləyə əsasən icarəyə verən (iddiaçı) icarəçiyə (cavabdehə) icarə predmeti olan “Candela mini Gentlelase” lazer aparatını özünə məxsus olan hissəsini icarəyə verir. İcarə haqqı 1000 manat nəzərdə tutulur.
4. "xxxx" MMC-nin vəkil sorğusuna cavab məktubunda qeyd olunmuşdur ki, "xxxx" MMC-dən xx.xx.2021-ci il tarixində İddiaçı və Cavabdeh “Candela Gentlelase” lazer epilyasiya aparatını 65000 manat qiymətinə, hissə-hissə ödəməklə satın almışlar. Aparatın ümumi qiymətini təşkil edən 65000 manatdan ilkin ödəniş 30000 manat olmaqla ümumilikdə 54996 manat məbləğində pul fərqli-fərqli vaxtlarda İddiaçı və Cavabdeh tərəfindən ödənilmişdir. Hazırda qalıq borc 10004 manat təşkil edir.
5. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2223/2023 saylı xx.xx.2023-cü il tarixli qanuni qüvvədə olan qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddiaçı "xxxx" MMC-nin cavabdehlər İddiaçı və Cavabdeh qarşı xx.xx.2021-ci il tarixli 261 saylı alqı-satqı müqaviləsinə əsasən borcun tutulmasına dair iddiası qismən təmin edilərək cavabdeh İddiaçının xeyrinə 10.004 manat əsas borc, 358,14 manat dəbbə pulu, cəmi 10362,14 manat məbləğində pul, mediasiya xərcinin əvəzi olaraq 200 manat məbləğində pul tutulmuş, Cavabdeh münasibətdə iddia rədd edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “SY-17/Ultrasun İ8 Solary” aparatına iddiaçının ikidə bir paya mülkiyyət hüququ tanınması, “SY-17/Ultrasun İ8 Solary” aparatının dəyərinin 18000 manat məbləğində qiymətləndirilməklə açıq hərracdan satılması və ikidə bir paya mülkiyyət hüququna mütənasib surətdə 9000 manat məbləğində vəsaitin iddiaçıya ödənilməsi, tərəflər arasında bağlanılmış xx.xx.2022-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi, “Candela Gentlelase” lazer epilyasiya avadanlığının (3460 (№ 0369/370) ləvazimatı ilə birgə cavabdehdən alınaraq iddiaçıya qaytarılması, xx.xx.2022-ci il tarixli icarə müqaviləsinə əsasən cavabdehdən xx.xx.2022-ci il tarixindən xx.xx.2024-cü il tarixinədək 21000 manat icarə haqqı qismində vəsaitin tutularaq iddiaçıya ödənilməsi, “Candela Gentlelase” lazer epilyasiya avadanlığının (3460 (№ 0369/370) cavabdehdən alınaraq iddiaçıya qaytarılması mümkün olmadıqda avadanlığın dəyəri olan 65 000 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, cavabdehdən xx.xx.2024-cü il tarixindən “Candela Gentlelase” lazer epilyasiya avadanlığının (3460 (№ 0369/370) iddiaçıya qaytarılacağı günədək aylıq hesabla 1000 manat icarə haqqı miqdarında vəsaitin kompensasiya olmaqla tutulması, 250 manat mediasiya xərcinin və ödənilmiş 157 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia ərizəsi belə əsaslandırılmışdır ki, X2 ilə Cavabdeh arasında yaxın münasibətlər olmuş, bu münasibətlər qarşılıqlı inam və güvənə əsaslanmışdır. Tərəflər birgə istifadə məqsədləri üçün xx.xx.2018-ci il tarixində “Araş” firmasından şərikli qaydada alış qiyməti 13 000 avro olan “SY-17/Ultrasun i8 Solary” aparatını almışlar. Qarşılıqlı razılığa əsasən aparat cavabdehə məxsus “Nuray” gözəllik salonunda işlənmə üçün qoyulmuşdur. Razılığa əsasən bu aparatdan gələcək gəlir tərəflər arasında bərabər bölünməli idi. Daha sonra cavabdeh iddiaçıya salon biznesi üçün daha da gəlirli olan lazer epilyasiya cihazı alınmasını təklif etmiş, lakin onun həmin cihazı almaq üçün imkanı olmadığını nəzərə alaraq, iddiaçı xx.xx.2021-ci il tarixində “Candela Gentlelase” lazer epilyasiya avadanlığını (3460 (No0369/370) nömrəli) "xxxx" MMC-dən 65 000 manata almışdır. Bu aparatın da yuxarıda qeyd edilən solyari avadanlığı kimi şərikli biznes formasında, yəni cavabdehin işçiləri, reklam marketinq kampaniyaları, elektrik və digər xərcləri qarşılaması hesabına şərikli işlədilməsi barədə razılığa gəlmişlər. Bu müqavilə üzrə vəsaitin hissə-hissə ödəniləcəyi və cavabdeh tərəfindən aparatın müvafiq gəlirliliyinə zəmanət verildiyi üçün hətta cavabdehlə satıcı firma arasında xx.xx.2021-ci il tarixli zaminlik müqaviləsi də bağlanılmışdır. Lazer epilyasiya aparatının dəyəri olan 65 000 manat vəsaitdən 55 000 manatı iddiaçı tərəfindən ödənilmişdir. Cavabdehin öz öhdəliklərinin yerinə yetirilməməsi səbəbindən 10000 manat ödəniş qalmışdır. Hal-hazırda satıcı firma ilə arasında məhkəmə çəkişməsi yaranmışdır. Qarşılıqlı razılığa əsasən alınmış bu cihaz yuxarıda göstərilən eyni qaydada “Nuray” gözəllik salonuna işlənmə məqsədilə qoyulmuşdur. Tərəflər arasında olan razılaşmaya əsasən cavabdeh xx.xx.2022ci il tarixli icarə müqaviləsinə əsasən iddiaçıdan lazer aparatını istifadə etmək üçün icarəyə götürmüş və əvəzində hər ay 1000 manat olmaqla icarə haqqı verilməsini öz öhdəsinə götürmüşdür. Hər iki avadanlıq hal-hazırda cavabdehin istifadəsindədir. Cavabdeh uzun müddətdir ki, öz müqavilə öhdəliklərinə və tərəflər arasında mövcud olan qarşılıqlı razılaşmalara əməl etmir. Belə ki, cavabdehin icarə müqaviləsi üzrə bağlanıldığı tarixdən icarəyə verən (iddiaçı) qarşısında ödənilməmiş icarə haqqı öhdəliyi mövcuddur. Eyni zamanda solyari avadanlığı hər iki tərəfin şərikli biznesi olsa da, cavabdeh həmin avadanlıqdan qazanılmış vəsaiti də iddiaçıya tam ödəməmiş və qazancı gizlətmişdir. İddiaçı tərəfindən alınmış və cavabdehin istifadəsinə icarə müqaviləsi əsasında verilmiş “Candela Gentlelase” lazer epilyasiya avadanlığı (ləvazimatları ilə birgə) (3460 (№0369/370) nömrəli) cavabdehdən alınaraq iddiaçıya qaytarılmalıdır. Cavabdeh məhkəmə icraatı gedişində avadanlıqlara görə iddiaçıya hər hansı ödənişin edilməsinin qeyri-mümkün olduğunu bildirmişdir. Mübahisənin nizamlanması məqsədilə cavabdehə pretenziya məktubu göndərilmiş, daha sonra mediasiya prosesinə başlanılmış, cavabdeh mediasiyadan imtina etmiş və bunun nəticəsində 12 saylı Mediasiya Təşkilatı tərəfindən “ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsinə dair” MŞB/12/2023-00153, xx.xx.2023-cü il tarixli arayış verilmiş, mediasiya prosesinə dair iddiaçı tərəfindən 250 manat xərc ödənilmişdir.
8. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-78/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə iddianın “cavabdehdən xx.xx.2024-cü il tarixindən “Candela Gentlelase” lazer epilyasiya avadanlığının (3460 (№ 0369/370) iddiaçıya qaytarılacağı günədək aylıq hesabla 1000 manat icarə haqqı miqdarında vəsaitin kompensasiya olmaqla tutulması və iddiaçıya ödənilməsi” hissəsində baxılmamış saxlanılması qərara alınmışdır.
9. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-78/2024 nömrəli qətnaməsi ilə (hakim Nərmin Əhmədova) iddia qismən təmin edilmiş, “SY- 17/Ultrasun İ8 Solary” aparatı (aromasız) üzərində İddiaçı 1⁄2, Cavabdeh 1⁄2 hissədə payı müəyyən olunmuş, “SY-17/Ultrasun İ8 Solary” aparatının (aromasız) açıq hərracdan satılması və əmlakın satışından əldə olunan pul vəsaitinin İddiaçı ilə Cavabdeh arasında bərabər surətdə bölüşdürülməsi, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli icarə müqaviləsinin ləğv olunmuş hesab olunması, Cavabdeh “Candela Gentlelase” lazer epilyasiya avadanlığına (3460 (No0369/370) görə 21000 (iyirmi bir min) manat icarə haqqının tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
10. Məhkəmə iddianın “SY-17/Ultrasun İ8 Solary” aparatına iddiaçının ikidə bir paya mülkiyyət hüququ tanınması, “SY-17/Ultrasun İ8 Solary” aparatının dəyərinin 18000 manat məbləğində qiymətləndirilməklə açıq hərracdan satılması və ikidə bir paya mülkiyyət hüququna mütənasib surətdə 9000 manat məbləğində vəsaitin iddiaçıya ödənilməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, mübahisə predmeti olan “SY-17/ Ultrasun İ8 Solary” aparatı bölünməz əşyadır və hazırkı iş üzrə tərəflərin mülkiyyətinə daxil olduğundan həmin əşya üzərində onların ümumi mülkiyyət hüququ yaranmışdır. Qeyd olunan əşyaya tərəflərin ümumi mülkiyyət hüququnun yaranması əsası qanunvericilikdə birgə mülkiyyətin yaranması əsası kimi nəzərdə tutulmuş əsaslardan biri kimi çıxış etmədiyindən tərəflərin qeyd olunan əşya üzərində ümumi mülkiyyəti paylı mülkiyyətdir. İddia və ona etiraz, həmçinin tərəflərin izahatları əsasında müəyyən olunur ki, tərəflər arasında payların bərabər olmasını istisna edən hər hansı razılaşma olmamışdır.
11. Məhkəmə qeyd etmişdir ki, “SY-17/ Ultrasun İ8 Solary” aparatı bölünməz əşya olduğundan payın naturada ayrılması mümkün deyildir. İddia ərizəsində ilkin olaraq cavabdehdən aparatın dəyərinin yarısı tələb olunmuş, yəni iddiaçı öz payının dəyərini tələb etmiş, lakin cavabdeh payın dəyərinin ödənilməsinə razı olmadığını bildirmiş, iddiaçı da tələbini dəqiqləşdirərək əmlakın açıq hərracda satılmasını tələb etmişdir. Belə olan halda əmlakın açıq hərracda satılması ilə bağlı iddiaçının tələbi Mülki Məcəllədə təsbit olunan qaydaya uyğun olmaqla əsaslıdır. Həmçinin Mülki Məcəllənin 220.6-cı maddəsinin tələbinə əmlakın açıq hərracdan satılması barədə qərar qəbul edən məhkəmə satış pulunun bölüşdürülməsi məsələsini həll etməli, bunu ümumi mülkiyyətin mülkiyyətçilərinin paylarına mütənasib surətdə etməlidir. Belə olan halda aydın olur ki, ümumi mülkiyyətin mülkiyyətçilərinin payları məhkəmə tərəfindən müəyyən olunmalıdır. Hazırkı iş üzrə tərəflər arasında payların bərabər olmasını istisna edən hər hansı razılaşma olmamış, tərəflər payların bərabər olmamasını iddia etməmişlər. Belə olan halda qanunvericiliyin tələbinə əsasən paylar bərabər sayılır.
12. Məhkəmə onu da qeyd etmişdir ki, əmlakın açıq hərracda satılacağı zaman dəyərinin 18000 manat məbləğində qiymətləndirilməsi və hərracdan əldə olunan vəsaitdən ½ hissəsinin, yəni 9000 manatın iddiaçıya ödənilməsi tələbi ilə bağlı məhkəmə qeyd edir ki, məhkəmə qərarının icrası qaydasında əmlakın açıq hərracda satışını icra məmurunun sifarişi əsasında ixtisaslaşdırılmış müəssisələr həyata keçirir və həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir. Qeyd olunan qiymət isə icra məmurunun dəvət etdiyi qiymətləndirici tərəfindən “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilən əmlakın qiymətləndirilməsi nəticəsinə müəyyən olunur. Odur ki, məhkəmə qərarının icrası qaydasında həll edilməli olan həmin məsələ hazırkı tələb ilə həll edilə bilməz. Ona görə də tələb həmin hissədə əsassız olmaqla rədd edilməlidir.
13. Məhkəmə iddianın “Candela Gentlelase” lazer epilyasiya avadanlığının (3460 (№ 0369/370) ləvazimatı ilə birgə cavabdehdən alınaraq iddiaçıya qaytarılması, bu mümkün olmadıqda avadanlığın dəyəri olan 65 000 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, “Candela Gentlelase” lazer epilyasiya avadanlığının alqı-satqısına dair xx.xx.2021-ci il tarixli müqavilədə alıcı qismində İddiaçı göstərilsə də, iş materiallarında olan sübutları qarşılıqlı təhlil etdikdə aydın olur ki, iddiaçı aparatın alıcısı qismində qeyd olunsa da, həmin əmlakı cavabdeh ilə birgə əldə etmişdir.
14. Məhkəmə həmçinin qeyd etmişdir ki, tərəflərin məhkəməyə təqdim etdiyi son ödəniş qəbzi xx.xx.2022-ci il tarixli olmuşdur və tərəflər hansı ödənişin kimin etdiyini mübahisələndirir. Lakin yuxarıda qeyd olunan yazışmalar sonuncu ödəniş qəbzindən sonrakı tarixdə aparılmaqla tərəflərin lazer aparatına münasibətdə həqiqi hüquqi vəziyyətlərini, iradə ifadələrini əks etdirir. Yazışmalardan göründüyü kimi iddiaçı “Aparat ikimizindir, tək sənin deyil... Aparat mənim adımadır. İt dəftərində adın yoxdur. O tək sənin deyil ki, sənin istəməyin ilə olsun. İkimizindir. Verirsən “orenda”ya... Gedək, danış, ver, vaxt itirməyək. Hərə öz pulunu alsın, otursun evində.” və s. kimi ifadələrlə əslində lazer aparatının cavabdehlə ümumi mülkiyyətlərində olduğunu göstərmiş, tərəflər lazer aparatına ümumi mülkiyyət kimi istinad etmiş, icarəyə verilməsi və icarə haqqının bərabər bölünməsi barədə iradə ifadə etmişlər. Məhkəmə qeyd etmişdir ki, avadanlığı tərəflərin birgə aldığı, ona tərəflərin birgə mülkiyyəti kimi yanaşdığı təsdiq olunduğundan avadanlığın qiymətinin hansı hissəsinin kim tərəfindən ödənildiyinin müəyyən edilməsi hazırkı mübahisənin həlli baxımından zəruri deyildir. Belə ki, qeyd olunan məsələyə gələcəkdə tərəflər arasında payın müəyyən olunması, payın dəyərinin ödənilməsi və ya avadanlığın hərracda satılması ilə bağlı mübahisə olarsa, həmin icraat çərçivəsində qiymət verilməlidir.
15. Məhkəmə bildirmişdir ki, sözügedən hissədə iddiaçının istinad etdiyi faktiki hallar təqdim olunan sübutlarla öz təsdiqini tapmadığından, iddiaçı cavabdehin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hərəkət etdiyindən və lazer avadanlığını tərəflərin ümumi mülkiyyətində olması müəyyən olunduğundan iddiaçı bütövlükdə aparatın cavabdehdən alınıb ona verilməsini tələb edə bilməz. İddiaçı öz payını qanunvericilikdə müəyyən olunan qaydada özgəninkiləşdirə və ya Mülki Məcəllənin 220-ci maddədə təsbit olunan hüquqlarından istifadə etməklə pay haqqının ödənilməsini, cavabdeh razılaşmadıqda əmlakın hərracda satılmasını tələb edə bilər.
16. Məhkəmə iddianın tərəflər arasında bağlanılmış xx.xx.2022-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi tələbinə münasibətdə Konstitusiya Məhkəməsinin hüquqi mövqelərindən çıxış edərək bildirmişdir ki, icarə müqaviləsinin ləğvi zamanı tərəfin iradə ifadəsinin təfsiri üçün həmin ifadənin həqiqi məzmunu və hüquqi niyyət təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Bu mənada yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motivin də nəzərə alınması zəruridir. Məhkəmə qeyd edir ki, cavabdeh müqavilə öhdəliklərini əhəmiyyətli dərəcədə pozmuş, iddiaçı isə xx.xx.2023cü il tarixdə cavabdehə pretenziya göndərərək lazer aparatının qaytarılmasını tələb etmişdir. Bu iradə ifadəsinin həqiqi məzmunu müqavilənin ləğvinə yönəlmiş və müqavilənin ləğvi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsas mövcud olmuşdur. Ona görə də həmin tarixdən müqavilə ləğv edilmişdir.
17. Məhkəmə iddianın xx.xx.2022-ci il tarixli icarə müqaviləsinə əsasən cavabdehdən xx.xx.2022-ci il tarixindən xx.xx.2024-cü il tarixinədək 21000 manat icarə haqqı qismində vəsaitin tutularaq iddiaçıya ödənilməsi hissəsinə münasibətdə ilk olaraq qeyd etmişdir ki, “Candela mini Gentlelase” lazer aparatının icarəsi haqqında 01 may 2022-ci il tarixli müqavilədən görünür ki, müqavilə iddiaçı (icarəyə verən) ilə cavabdeh (icarəçi) arasında bağlanmış və tərəflər razılaşmışlar ki, müqaviləyə əsasən icarəyə verən (iddiaçı) icarəçiyə (cavabdehə) icarə predmeti olan “Candela mini Gentlelase” lazer aparatını özünə məxsus olan hissəsini icarəyə verir. İcarə haqqı 1000 manat nəzərdə tutulur. İcarəçi icarə haqqını hər ayın 1-də 500 manat, 25-də 500 manat ödəməyi öz öhdəsinə götürür.
18. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçının tələbinin hüquqi əsası qismində Mülki Məcəllənin 700.1 və 697.2-ci maddələri çıxış edir. Mülki Məcəllənin 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətlərinin dəlilləri
19. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-78/2024 nömrəli qətnaməsinin qismən ləğv edilərək SY-17/Ultrasun İ8 Solary aparatına görə Cavabdeh ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsinə uyğun olaraq 6.500 avro və 633,75 avro faiz tutularaq “Candela Gentlelase” lazer epilyasiya avadanlığının (3460 (№ 0369/370) ləvazimatı ilə birgə cavabdehdən alınaraq iddiaçıya qaytarılmasını, bu mümkün olmadıqda avadanlığın dəyəri olan 65 000 manatın cavabdehdən tutularaq ödənilməsi hissəsində iddianın təmin edilməsi və iddianın təmin edildiyi hissədə qətnamənin dəyişdirilərək “SY-17/Ultrasun İ8 Solary” aparatının (aromasız) açıq hərracdan satılması və ilkin satış qiyməti 18.000 manat müəyyən edilərək, əmlakın satışından əldə olunan pul vəsaitinin İddiaçı ilə Cavabdeh arasında bərabər surətdə bölüşdürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
20. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, X1 Hicran İsa qızı ilə yaxın münasibətdə olmuş, bu münasibətlər qarşılıqlı inam və güvənə əsaslanmışdır. Tərəflər birgə istifadə məqsədləri üçün xx.xx.2018-ci il tarixində “Araş” firmasından şərikli qaydada alış qiyməti 13 000 avro olan “SY-17/Ultrasun i8 Solary” aparatını almışdır. Qarşılıqlı razılığa əsasən aparat cavabdehə məxsus “Nuray” gözəllik salonunda işlənmə üçün qoyulmuşdur. Razılığa əsasən bu aparatdan gələcək gəlir tərəflər arasında bərabər bölünməli idi. Daha sonra cavabdeh iddiaçıya salon biznesi üçün daha da gəlirli olan lazer epilyasiya cihazı alınmasını təklif etmiş, lakin onun həmin cihazı almaq üçün imkanı olmadığını nəzərə alaraq, iddiçıya xx.xx.2021-ci il tarixində “Candela Gentlelase” lazer epilyasiya avadanlığını (3460 (No0369/370) nömrəli) "xxxx" MMC-dən 65 000 manata almışdır. Bu aparatın da yuxarıda qeyd edilən solyari avadanlığı kimi şərikli biznes formasında, yəni cavabdehin işçiləri, reklam marketinq kampaniyaları, elektrik və digər xərcləri qarşılaması hesabına şərikli işlədilməsi barədə razılığa gəlmişdir. Bu müqavilə üzrə vəsaitin hissə-hissə ödəniləcəyi və cavabdeh tərəfindən aparatın müvafiq gəlirliliyinə zəmanət verildiyi üçün hətta cavabdehlə satıcı firma arasında xx.xx.2021-ci il tarixli zaminlik müqaviləsi də bağlanılmışdır. Lazer epilyasiya aparatının dəyəri olan 65 000 manat vəsaitdən 55 000 manatı iddiaçı tərəfindən ödənilmişdir. Cavabdehin öz öhdəliklərinin yerinə yetirilməməsi səbəbindən 10.000 manat ödəniş qalmışdır. Satıcı firma ilə iddiaçı arasında məhkəmə çəkişməsi yaranmışdır. Qarşılıqlı razılığa əsasən alınmış bu cihaz yuxarıda göstərilən eyni qaydada “Nuray” gözəllik salonuna işlənmə məqsədilə qoyulmuşdur. Tərəflər arasında olan razılaşmaya əsasən cavabdeh xx.xx.2022-ci il tarixli icarə müqaviləsinə əsasən iddiaçıdan lazer aparatını istifadə etmək üçün icarəyə götürmüş və əvəzində hər ay 1000 manat olmaqla icarə haqqı verilməsini öz öhdəsinə götürmüşdür. Hər iki avadanlıq hal-hazırda cavabdehin istifadəsindədir. Cavabdeh uzun müddətdir ki, öz müqavilə öhdəliklərinə və tərəflər arasında mövcud olan qarşılıqlı razılaşmalara əməl etmir. Belə ki, cavabdehin icarə müqaviləsi üzrə bağlanıldığı tarixdən icarəyə verən qarşısında ödənilməmiş icarə haqqı öhdəliyi mövcuddur. Eyni zamanda solyari avadanlığı hər ikisi şərikli biznesi olsa da, cavabdeh həmin avadanlıqdan qazanılmış vəsaiti də iddiaçıya ödəməmiş və qazancı gizlətmişdir. İddiaçı tərəfindən alınmış və cavabdehin istifadəsinə icarə müqaviləsi əsasında verilmiş “Candela Gentlelase” lazer epilyasiya avadanlığı (ləvazimatları ilə birgə) (3460 (№0369/370) nömrəli) cavabdehdən alınaraq iddiaçıya qaytarılmalıdır.
21. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-78/2024 nömrəli qətnaməsinin qismən “Cavabdeh “CandelaGentlelase” lazer epilyasiya avadanlığına (3460 (No0369/370) görə 21000(iyirmi bir min) manat icarə haqqı tutularaq İddiaçı ödənilməsi” hissəsində ləğv edilməsini və həmin hissədə iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
22. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdeh haqlı olaraq hesab edir ki, tələb edilən kirayə haqqı qeyd olunan Mülki Məcəllənin 700.1-ci və 697.2-ci maddəsinin tələbləri dairəsi ilə o halda əhatə oluna bilərdi ki, tərəflər arasında bağlanmış müqavilə üzrə icarə münasibətləri 22 ay davam etmiş olsun. Lakin onlar arasında icarə münasibətləri cəmi 1 ay davam etmiş, ondan sonra yenə də əmlakı birgə işlətmişlər. Bundan başqa iddiaçı lazer aparatını ona qaytarılması barədə xx.xx.2023-cü il tarixdə cavabdehə pretenziya ünvanlamış, daha sonra özü cavabdehə xx.xx.2023-cü il tarixdə bildiriş göndərərək icarə müqaviləsini birtərəfli qaydada ləğv etdiyini bildirmiş, cavabdeh də bunu qəbul edib, təsdiqləmişdir. Göründüyü kimi tərəflər arasında xx.xx.2023-cü il tarixdən sonra icarə münasibətlərin davam edilməsindən söz gedə bilməzdi. Lakin məhkəmə cavabdeh tərəfindən lazer aparatının iddiaçıya qaytarmadığına istinad edərək sonrakı xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi müddətlərdə icarə haqqı məbləğində kompensasiya ödənilməsi qənaəti ilə çıxış edərək,hüquqi əsası kimi Mülki Məcəllənin 697.2-ci maddəsinə istinad etmişdir. Lakin məhkəmə diqqət etməmişdir ki, barəsində icarə müqaviləsi bağlanmış “Candela Gentlelase” lazer epilyasiya avadanlığı (3460(No0369/370) yalnız İddiaçı deyil, eyni hüquqla bərabər payda Cavabdeh da aiddir. Bu baxımdan adı çəkilən əmlakın qaytarılmaması və ya cavabdehin özündə saxlaması qanunsuz hesab edilə bilməzdi. Ona görə də əmlakın onda qaldığı müddətdə icarə haqqı məbləğində ondan kompensasiya tutulmasının hüquqi əsası yoxdur və MM-nin 697.2- ci maddənin tələblərini tətbiq edilə bilməz. Bundan başqa Candella Genltle lase lazer epilyasiya avadanlığın bərabər payda tərəflərə aid olduğundan barəsində aralarında icarə müqaviləsi həmin avadanlığa tam deyil, iddiaçıya məxsus olan yarı hissəsi üçün şərtləndirilmişdir. Yəni həmin aparatın icarə haqqı 2000 manat hesablanmaqla, cavabdehin sərbəst istifadəsində saxlanılmaqla onun yarısı olan 1000 manat məbləğin iddiaçıya ödəniləcəyi razılaşdırılmışdır. Həmin icarə müqaviləsinin bağlanmasına səbəb tərəflər arasında baş vermiş incilikdən bir müddət bir yerdə işləməyə son verdiklərindən irəli gəlmişdir. Lakin qısa müddətdən sonra, 2022-ci ilin iyun ayından iddiaçı öz adamını cavabdehlə birgə işləməyə qoymuş və həvalə etdiyi şəxsləhərgün gəlirdən onadüşən payı almışdır. Bu baxımdan da hazırda əlavə olaraq icarə haqqının da tələb etməsində iddiaçı haqsızdır və bununla bağlı tələbinin təmin edilməsi hissəsində qətnamə əsassızdır. Həmçinin diqqət edilməlidir ki, iddiaçı xx.xx.2023-cü il tarixdə cavabdehə xx.xx.2022-ci il tarixdə bağladıqları icarə müqaviləsinə xitamı barədə bildiriş vermiş, cavabdeh müqavilə tərəfi olaraq bildirişi qəbul etmişdir. Bununla da müqavilə tərəfləri özləri xx.xx.2023-cü il tarixdə icarə müqaviləsinə xitam vermişdir. Əgər məhkəmə icarə haqqı ilə bağlı tələbin təmin edilməli olduğu mütləqliyini hesab edirdisə, onda icarə haqqının xx.xx.2023-cü il tarixə kimi hesablaya bilərdi. Lakin məhkəmə iş üzrə mövcud və mübahisənin düzgün həlli üçün mühüm əhəmiyyəti olan bu halları tam aydınlaşdırmamış və nəzərə almamışdır. Bu da maddi hüquq normaların düzgün təsvir edilməməsinə səbəb olmuş və icarə haqqının tutulması hissəsində yanlış nəticəli qətnamə qəbul edilməsinə yol açmışdır.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
23. İddiaçı məhkəmə iclasında tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdehin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
24. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, iddiaçının apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
25. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.3-cü maddə-əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 685.2-ci maddəsinə əsasən kirayəyə verən xəbərdarlıq müddətini gözləmədən kirayə müqaviləsini kirayəçi iki ardıcıl müddət üçün kirayə haqqının və ya onun xeyli hissəsinin ödənilməsini gecikdirdikdə (685.2.1.) və ikidən çox müddət üçün iki aylıq əmlak kirayəsi haqqının məbləğinə çatan məbləğdə əmlak kirayəsi haqqının ödənilməsini gecikdirdikdə (685.2.2.) ləğv edə bilər. 705-ci maddə-əgər icarə üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəçi icarəyə götürdüyü obyekti qaytarmırsa, icarəyə verən obyektin saxlandığı müddət üçün kompensasiya kimi müəyyənləşdirilmiş illik icarə haqqından icarəçinin həmin il ərzində əldə etdiyi və ya əldə edə biləcəyi icarə faydaları hissəsinə uyğun olan hissənin verilməsini tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsi barədə iddia da istisna edilmir. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 340.2-ci maddə-yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 82.3-cü maddə-bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 233.3-cü maddə-qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. 218.3-cü maddə- hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 372.2-ci maddə-yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.4-cü maddə-apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri
26. Qətnamə iddiaçı və cavabdeh tərəfindən mübahisələndirilən hissələrdə yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
27. Məhkəmə izahatları dinləyib, apelyasiya şikayətlərinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-78/2024 nömrəli qətnaməsi qismən ləğv edilərək “Candela Gentlelase” lazer epilyasiya avadanlığı (3460 (№ 0369/370) ləvazimatı ilə birgə Cavabdeh alınaraq İddiaçı qaytarılmalı, avadanlıq qaytarılmadıqda avadanlığın bazar dəyəri 65.000 manat pul Cavabdeh İddiaçı xeyrinə tutulmalı, qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.
28. Məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri hesab edir ki, İddiaçı apellyasiya şikayətində qətnamənin qismən ləğv edilərək onun SY-17/Ultrasun İ8 Solary aparatına görə Cavabdeh ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsinə uyğun olaraq 6.500 avro və 633,75 avro faiz tutulması barədə qətnamə qəbul edilməsini xahiş etsə də, xx.xx.2024-cü il tarixli iddia tələbinin dəyişdirilməsi barədə ərizədən görünür ki, iddiaçı ilk iddia ərizəsində irəli sürdüyü bu tələbi tələblər sırasından çıxarmışdır. Məhkəmə MPM-nin 218.3-cü və 372.4-cü maddələrinin tələblərinə əsasın birinci instansiyada işə baxılmanın predmeti olmayan bu tələb apellyasiya instansiyası məhkəməsi tərəfindən baxılmaq üçün qəbul edilməmişdir.
29. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayəti ilə bu hissədə razılaşır ki, “Candela Gentlelase” lazer epilyasiya avadanlığının cavabdehdən allnaraq iddiaçıya verilməsinə dair iddia tələbinin rədd edildiyi hissədə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün deyil.
30. İşdəki xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, “Candela Gentlelase” lazer epilyasiya aparatı "xxxx" MMC tərəfindən İddiaçı satılmışdır. xx.xx.2021ci il tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh xx.xx.2021-ci il tarixli 281 saylı alqısatqı müqaviləyə əsasən öhdəliklərin yerinə yetirilməsinə görə cavabdehlik daşımağı öz öhdəsinə götürmüşdür. Həmin aparat 01 may 2022-ci il tarixli müqaviləyə əsasən ayda icarə haqqı 1000 manat olmaqla cavabdehə icarəyə verilmişdir.
31. Birinci instansiya məhkəməsi iddiaçının alqı-satqı müqaviləsi əsasında əldə etdiyi “Candela Gentlelase” lazer epilyasiya aparatının cavabdehdən alınaraq iddiaçıya qaytarılması hissəsində iddia tələbini rədd edərkən öz mövqeyini belə əsaslandırmışdır ki. iddiaçı aparatın alıcısı qismində qeyd olunsa da, həmin əmlakı cavabdeh ilə birgə əldə etdiyi müəyyən olunduğundan iddia bu hissədə əsassızdır. Məhkəmə birbaşa qeyd etməsədə də belə müəyyən olunur ki, məhkəmə xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə yalan əqd olaraq qiymətləndirmiş, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə alıcının İddiaçı qeyd edilməsinə baxmayaraq əslində alıcılardan birinin Cavabdeh olduğuna dair nəticəyə gəlmişdir. İşə apellyasiya qaydasında baxılarkən iddiaçı məhkəmənin öz qətnaməsində bu nəticəni əsaslandırmaq üçün istinad etdiyi "xxxx" MMCnin vəkil sorğusuna cavab məktubunun MMC-nin vəkili tərəfindən tərtib edildiyini və MMCnin rəhbərinin məktubun məzmununu tam oxumadan imzaladığına dair səs yazısını sübut olaraq təqdim etmiş, məhkəmə MPM-nin 372.2-ci maddəsinə əsasən həmin sübutu apellyasiya mərhələsində təqdim edildiyi üçün qəbul etməmişdir.
32. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə preyudusial əhəmiyyət daşıyan Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2223/2023 saylı xx.xx.2023-cü il tarixli qanuni qüvvədə olan qətnaməsi ilə artıq "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli 261 saylı alqı-satqı müqaviləsi üzrə iddiaya hüquqi qiymət verilərkən həmin müqavilə etibarlıq əqd kimi qəbul edilmiş və məhkəmə qeyd edilən müqavilə üzrə alıcının İddiaçı olduğunu müəyyən edərək müqavilə üzrə qalıq 10.004 manat əsas borcu və dəbbə pulunu iddiaçıdan satıcının xeyrinə tutmuşdur. Cavabdeh həmin işə baxılarkən satıcı ilə İddiaçı arasında bağlanmış müqavilənin etibarsız əqd hesab edilməsini tələb etməmiş, əksinə həmin müqavilə üzrə satıcı qarşısında hər hansı öhdəliyi olmadığını bildirərək zaminlik müddətinin keçməsi ilə əlaqədar ona qarşı hissədə iddianın rədd edilməsini xahiş etmişdir.
33. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 14 iyun 2022-ci il tarixli Qərardadına əsasən əqdə əsaslanan iddialar üzrə qanuni qüvvəsini almış məhkəmə aktı və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadı olduğu halda, işdə iştirak etmiş şəxslər tərəfindən ayrıca icraatda həmin əqdin etibarsız hesab edilməsinə dair verilmiş iddia ərizəsinin qəbulundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə əsasən imtina olunmalı, belə iddialar səhvən məhkəmənin icraatına qəbul edildiyi halda isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir.
34. Azərbaycan Respublikası Ali Məhkəməsinin istinad edilmiş qərardadının məzmunundan aydın olur ki, əqdə əsaslanan iddiaya baxılarkən həmin əqdin etibarlılıq şərtləri məhkəmə tərəfindən həmin icraat çərçivəsində yoxlanılmalı olduğundan işdə iştirak etmiş şəxslər tərəfindən bu iş üzrə məhkəmə aktı qanuni qüvvəyə mindikdən sonra əqdin etibarsızlığı ilə bağlı tələb irəli sürülməsi yolverilməzdir.
35. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, “Candela Gentlelase” lazer epilyasiya aparatının alıcısının-mülkiyyətçinin İddiaçı olduğuna artıq hər iki tərəfin iştirak etdiyi mübahisə üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2223/2023 saylı xx.xx.2023-cü il tarixli qanuni qüvvədə olan qətnaməsi ilə hüquqi qiymət verildiyindən bu faktın hazırkı icraatda yenidən mübahisələndirilməsi və araşdırılması MPM-nin 82.3 və 233.3-cü maddələrinin tələblərinə ziddir. Buna görə də məhkəmə hesab edir ki, iddia “Candela Gentlelase” lazer epilyasiya avadanlığının (3460 (№ 0369/370) ləvazimatı ilə birgə Cavabdeh alınaraq iddiaçı (mülkiyyətçi) İddiaçı qaytarılması hissəsində təmin edilməlidir.
36. MPM-nin 222.1-ci maddəsinə əsasən məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/8217 saylı ekspert rəyində “Candela Gentlelase” lazer epilyasiya avadanlığının işlək vəziyyətdə olduğu halda orta bazar dəyərinin 65.000 manat olduğu qeyd edilmişdir. MPMnin 222.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, “Candela Gentlelase” lazer epilyasiya avadanlığı cavabdeh tərəfindən iddiaçıya qaytarılmadığı halda onun bazar dəyəri olaraq 65.000 manat pul Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır.
37. “SY-17/ Ultrasun İ8 Solary” aparatının açıq hərracda satılacağı zaman dəyərinin 18000 manat məbləğində qiymətləndirilməsi və hərracdan əldə olunan vəsaitdən ½ hissəsinin, yəni 9000 manatın iddiaçıya ödənilməsi tələbi ilə bağlı məhkəmə düzgün olaraq qeyd etmişdir ki, məhkəmə qərarının icrası qaydasında açıq hərracda satılacaq əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi üçün icra mərhələsində qiymətləndirici cəlb ediləcəyindən bu hissədə iddia əsassız olmaqla rədd edilməlidir. İddiaçının bu tələbinin qanuni əsası olmadığından məhkəmə apellyasiya şikayətini bu hissədə əsassız hesab edir.
38. Cavabdehin apellyasiya şikayəti ilə bağlı məhkəmə qeyd edir ki, cavabdeh 01 may 2022-ci il tarixli icarə müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi icra etməsi və iddiaçıya icarə müqaviləsi ləğv edildiyi tarixədək (məhkəmə müqavilənin xx.xx.2023-cü il tarixdən ləğv edildiyini müəyyən etmişdir) icarə haqqı ödənişləri etməsi barədə məhkəməyə hər hansı sübut təqdim edə bilmədiyindən, o cümlədən müqavilə ləğv edildikdən sonra icarə predmetini mülkiyyətçiyə qaytarmadığından iddia xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək cavabdehdən iddiaçının xeyrinə 22 ay üçün tələb edilən 21.000 manat pulun tutulması hissəsində əsaslı olmaqla MM-nin 700.1-ci və 705-ci maddələrinin tələblərinə uyğundur. Cavabdehin həmin aparatın tərəflərin paylı mülkiyyətində olması və bu əsasla iddiaçıya icarə haqqı ödəməli olmaması barədə mülahizələri qətnamənin 32-35-ci bəndlərində qeyd edilmiş hüquqi mövqeyə görə məhkəmə tərəfindən əsassız hesab edilir.
39. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-78/2024 nömrəli qətnaməsi qismən ləğv edilməli, iddia bu hissədə təmin edilərək “Candela Gentlelase” lazer epilyasiya avadanlığı (3460 (№ 0369/370) ləvazimatı ilə birgə Cavabdeh alınaraq İddiaçı qaytarılmalı, avadanlıq qaytarılmadıqda avadanlığın bazar dəyəri 65.000 manat pul Cavabdeh İddiaçı xeyrinə tutulmalı, qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.
40. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-78/2024 nömrəli qətnaməsi qismən ləğv edilsin. İddia bu hissədə təmin edilərək “Candela Gentlelase” lazer epilyasiya avadanlığı (3460 (№ 0369/370) ləvazimatı ilə birgə Cavabdeh alınaraq İddiaçı qaytarılsın. Həmin avadanlıq qaytarılmadıqda avadanlığın bazar dəyəri olaraq 65.000 manat pul Cavabdeh İddiaçı xeyrinə tutulsun. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.