Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-722/2024 04.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Şirinovun sədrliyi və məruzəsi ilə, İbrahimli İbrahim Adil oğlu və X1 ibarət tərkibdə, Eyvazlı Aytac Rafael qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil2, Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “xidmət müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin 23 may 2023-cü il tarixli e-2-2(113)-105/2023 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya işinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı "xxxx" MMC cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, AZTX/095 saylı, xx.xx.2018-ci il tarixli “Tikinti Texnikalarına Xidmət göstərilməsi” müqaviləsinə əsasən iddiaçının cavabdehə olan göstərilmiş servis xidmətləri üzrə 278,961.38 manat əsas borc, 51,452.86 manat ƏDV borcu, GPS xidməti üzrə 13,723.16 manat əsas borc, 2470.17 manat ƏDV borcu, təhvil verilmiş ehtiyat hissələri üzrə 16,779.66 manat əsas borc, 3020.34 manat ƏDV borcu olmaqla, ümumilikdə ƏDV daxil 366407.57 manat məbləğində borcun , əlavə olaraq 10% həcmində, yəni 36640.75 manat məbləğində peniyanın və ödənilmiş 693.10 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı Kommersiya Məhkəməsinin 23 may 2023-cü il tarixli e-2-2(113)-105/2023 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh "xxxx" MMC-dən xx.xx.2018-ci il tarixli, AZTX/095 saylı “tikinti texnikalarına texniki xidmət göstərilməsi” müqaviləsinə əsasən göstərilmiş servis xidmətləri üzrə 278,961.38 (iki yüz yetmiş səkkiz min doqquz yüz altmış bir manat otuz səkkiz qəpik) manat əsas, 51,452.86 (əlli bir min dörd yüz əlli iki manat səksən altı qəpik) manat ƏDV məbləği, 13948.05 (on üç min doqquz yüz qırx səkkiz manat beş qəpik) manat məbləğində penya və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 693.10 (altı yüz doxsan üç manat on qəpik) manat, ümumilikdə 345,055.39 (üç yüz qırx beş min əlli beş manat otuz doqquz qəpik) manat məbləğində pulun tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 150 (yüz əlli) manat pulun cavabdeh "xxxx" MMC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X3 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ 22) ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
3. Həmin qətnamədən cavabdeh "xxxx" MMC apellyasiya şikayəti verərək, Bakı Kommersiya məhkəməsinin xx.xx.2023-cü il tarixlie-2-2(113)-105/2023 saylı qətnaməsini ləğv edərək iddia tələbinin tamamilə rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 2 noyabr tarixli 2-2(103)-720/2023 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni cavabdehdən 274.121,6 manat əsas, 49.870,7 manat ƏDV məbləğinin təmin edilən hissəsində ləğv olunaraq, həmin hissədə iddia tələbi rədd edilmiş, qətnamə cərimə məbləğinin tutulması hissəsində dəyişdirilmiş, cavabdehdən 300 manat dəbbə pulunun tutularaq iddiaçıya ödənilməsi qət olunmuş, qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – A.Hüseyn, hakimlər – R.Qurbanov və V.Baxışova).
5. İddiaçı kassasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
6. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-2(102)-229/2024 nömrəli qərarı ilə (hakimlər X4 məruzəsi ilə, hakimlər X6 və X2 ibarət tərkibdə) iddiaçının kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 2 noyabr tarixli, 2- 2(103)-720/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə qismən - 2018-ci il 2 iyul tarixli AZTX/095 saylı “tikinti texnikalarına texniki xidmət göstərilməsi” müqaviləsinə əsasən göstərilmiş servis xidmətləri üzrə cavabdehdən 222.192,62 manat əsas borcun və 33.893,79 manat ƏDV məbləğinin tutulması tələbinin rədd edilməsi hissəsində ləğv edilməsi, iş həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılması, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
7. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, məhkəmə öz qətnaməsinin İV-hissəsinin 9-cu bəndində qeyd edir ki, iş materiallarına əlavə edilmiş mübahisələndirilən dövr üzrə (2018 və 2019-cu illər), eyni zamanda əvvəlki dövrləri əhatə edən sifariş vərəqələrindən məlum olur ki, "xxxx" MMC tərəfindən "xxxx" MMC-yə tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli, AZT/X/015 nömrəli müqavilə üzrə “Volvo/Mack Truck, Volvo Construction, SDLG, CAT avadanlıqlarına servis xidmətləri göstərilməsi ilə əlaqədar müvafiq sifarişlər verilmişdir və sözügedən sifariş vərəqələri hər iki hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanmaqla təsdiq edilmişdir. Məhkəmənin bu mövqeyi ilə razılaşmır və hesab edirik ki, məhkəmənin məsələyə bu cür yanaşması məhkəmənin hazırki işi ətraflı araşdırmamasından xəbər verir. Belə ki, iş materiallarına iddiaçı tərəfindən əlavə edilmiş sifariş orderlərini hər iki hüquqi şəxsin nümayəndəsinin imzalaması kimi təqdim etməyə çalışır. Halbuki, həmin sənədlərə nəzər yetirdikdə məlum olur ki, həmin sənədləri iddiaçının vitse-prezident vəzifəsində işləyən əməkdaşı Rəşad Əliyev və iddiaçının baş mühasib vəzifəsində çalışan işçisi Elxan Qafarov adlı əməkdaşı imzalamışdır. Məhkəmə isə bunu onların nümayəndələrinin imzalaması kimi qələmə verməyə çalışır. Hesab edirlər ki, onların belə bir sifarişi mövcud olmamış və iddiaçının əməkdaşlarının imzaladığı sənədi onların nümayəndələri tərəfindən verilmiş kimi qəbul edərək iş materiallarına bu sənədi sübut kimi qəbul edilməsi yol verilməzdir. Bu faktlar məhkəmənin ədalətli olmamasına dəlalət edir. Bundan başqa məhkəmə qətnamənin 11-ci bəndində qeyd edir ki, iddiaçı "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə 17,710.42 azn əsas məbləğ, 3,187.88 azn ədv məbləği dəyərində təsdiqlənmiş e-qaimə, 202,021.99 azn əsas məbləğ, 36,363.96 azn ədv məbləği dəyərində geri qaytarılmış e-qaimə göndərildiyini vurğulayır. Bununla bağlı bildirmək istərdik ki, tərəflər arasında müqavilə mövcud olsa da iddiaçının təqdim etdiyi məbləğdə və dövrlərdə cavabdehə xidmət göstərilməmişdir və bu səbəbdən göndərilmiş qaimələr ləğv edilmişdir. Belə ki, tərəflər arasında olan Tikinti texnikalarına texniki xidmət göstərilməsi barədə 02 iyul 2018-ci il tarixli AZTX/095 saylı müqavilənin 3.2-ci bəndinə əsasən yerinə yetiriləcək iş, xidmətlərin və ehtiyat hissələrinin dəyəri ilkin olaraq 50% “İcraçı”nın hesabına ödənilir, qalan 50% hesab faktura “icraçı” tərəfindən Sifarişçi”yə təqdim edilən tarixdən 15 (on beş) gün ərzində “İcraçı”nın bank hesabına və ya xəzinəsinə ödənilməli olduğu razılaşdırılmışdır. Sifariş verilmədiyi üçün müqavilənin şərtində göstərilən iş, xidmətlərin və ehtiyat hissələrinin dəyəri ilkin olaraq 50% ödənilməmiş icraçı isə israrla xidmət göstərildiyini vurğulayır. Bildirmək istəyirlər ki, onlara hər hansı bir xidmət göstərilməmiş nəqliyyat vasitələrinə hər hansı bir ehtiyat hissələri quraşdırılmamış və bu baxımdan iddiaçı tərəfindən göndərilən əsassız qaimələr ləğv edilmişdir. Məhkəmənin isə tərəfimizdən öhdəliyini lazımınca icra etməməsi iddiaçıya xidmət müqaviləsi və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ verildiyi əsası gətirməsi təəssüf hissi doğurur. Belə ki, iddiaçının məhkəməyə təqdim etdiyi sübutların heç biri tərəfimizdən qəbul edilməmiş və qeyd edilən məhkəmə prosesində iştirak edə bilməməyimiz səbəbindən iddiaçı tərəf suistifadə etmiş, məhkəmə isə buna loyal münasibət bəsləyərək müqavilədə tərəflərin razılaşdırdığı hallara qiymət verməmiş Mülki Məcəllənin tələblərini özünə sərf edən şəkildə təfsir edərək mübahisəyə ədalətli hüquqi qiymət verməmişdir. Halbuki, MM-nin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilir. Hazırda onlara xidmət göstərilmədiyindən və hər hansı qiymət razılaşması olmadığından cavabdehdən hər hansı bir məbləğ tələb edilə bilməzdi. İddia tələbi ilə bağlı olaraq nəzərə alınmalıdır ki, iddia üzrə sübut etmə yükü iddiaçının üzərinə düşür və məhz iddiaçı, iddia tələbində göstərdiyi halları sübut etməlidir. Bu zaman həm də nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə isə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Onlar tərəf olaraq iştirak edə bilməməkləri səbəbindən iddiaçının təqdim etdiyi sübutların əsassız olmasını sübut edə bilməmişlər və məhkəmə isə iddiaçının təqdim etdiyi sübutlarla kifayətlənərək heç bir əsas olmadığı halda onları əsas götürmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin eksperti Rövşən Cəlilov Məhkəməyə müraciət edərək aşağıda qeyd edilən sənədləri tələb edir. 1. E-qaimə fakturalar, ƏDV depozit hesabından çıxarış, Bank hesabından çıxarış (MMC-rin) ödəniş tapşırıqları, mədaxil orderləri; 2. Tərəflər arasında bağlanmış GPRS müqaviləsi, GPRS üzrə borcun hansı qaydada müəyyən edilməsinə və hesablanmasına dair və ətraflı məlumat (mühasibat sənədləri); 3. Təhvil-təslim aktları. Təbii ki, ekspertin tələb etdiyi sənədlər mövcud olmadığından həmin sənədlər təqdim edilə bilmir. Bütün bu qeyd edilənlərə baxmayaraq ekspert tədqiqatı iddiaçının özünün təsdiq etdiyi sifariş orderləri əsasında yekunlaşdırır və belə nəticəyə gəlir ki, təqdim edilmiş iş materiallarında olan sifariş vərəqələrinə əsasən "xxxx" MMC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli, AZTX/095 nömrəli “Tikinti texnikalarına texniki xidmət göstərilməsi barədə” müqavilə üzrə 2018 və 2019-cu illərdə "xxxx" MMC tərəfindən "xxxx" MMC-yə göstərilmiş servis xidmətlərinin dəyəri 295019,90 manat əsas borc və 53103,58 manat ƏDV məbləği olmaqla müəyyən edildi. Ekspert öz rəyində eyni zamanda, təqdim edilmiş iş materiallarında "xxxx" MMC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli, AZTX/095 nömrəli “Tikinti texnikalarına texniki xidmət göstərilməsi barədə” müqavilə üzrə görülmüş işlərin, göstərilmiş servis xidmətlərinin dəyərinin ödənilməsinə dair ödəniş sənədləri öz əksini tapmadığından 2018-2019-cu illərdə "xxxx" MMC tərəfindən ödənilməmiş borc məbləğinin nə qədər olmasını hazırki tədqiqatla müəyyən etmək mümkün olmadı. Lakin iş materiallarında olan "xxxx" tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən 295019.90 manat əsas məbləğ və 53103.58 manat ƏDV məbləği dəyərində göstərilmiş sevis xidməti üzrə məbləğin 16.058.52 manat əsas məbləğ olan hissəsindən, 1605.72 manat isə ƏDV olan hissəsindən ödənildiyi göstərilmiş, 20182019-cu illər üzrə qalıq borc məbləğinin 278961.38 manat əsas məbləğ, 51452.86 manat ƏDV məbləği olduğu göstərilmişdir. İş materiallarında olan maliyyə arayışının düzgünlüyünə məhkəmə tərəfindən qiymət verilməli olduğunu bildirir. Məhkəmə isə yenə həmin məsələyə qiymət vermədən ekspert rəyinə və tərəfin özünün təsdiq etdiyi sənədlərə əsas götürərək tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilə üzrə 20182019-cu illərdə iddiaçı tərəfindən göstərilmiş servis xidmətlərinin göstərilməsinin və onların dəyərinin ödənilmədiyinin iş üzrə müvafiq sübutlarla təsdiq edildiyini nəzərə alaraq, iddia tələbini cavabdehdən 278,961.38 manat məbləğində əsas borc və 51,452.86 manat ƏDV məbləğinin tutulması hissəsində əsaslı hesab etdiyini bildirmişdir. Hesab edirik ki, məhkəmə ekspertizası da ətraflı araşdırılmadan keçirilmiş və tələm-tələsik ekspert rəyi alınaraq, görünüş üçün iş materiallarına əlavə edilmişdir. Məhkəmə isə ekspert rəyi əsaslı olmadığı halda həmin rəylə razılaşmış və nəticədə qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuşdur. Bundan başqa məhkəmə qətnaməsində iddia tələbinin ehtiyat hissələri üzrə 16,779.66 manat əsas və 3020.34 manat ƏDV məbləğinin tutulması ilə bağlı hissəsi ilə əlaqədar isə məhkəmə qeyd edir ki, iddiaçı ehtiyat hissələrinin təhvil verilməsi faktının iş materiallarına əlavə edilmiş sifariş vərəqələri ilə təsdiq edildiyini və bununla bağlı digər hansı sübutun mövcud olmadığını bildirmişdir. Məhkəmə tərəfindən sifariş vərəqlərinə nəzər yetirilərkən həmin sənədlərdə ehtiyat hissələrinin təhvil verilməsi ilə bağlı hər hansı qeyd olmadığı məlum olduğunu bildirir. Lakin nədənsə məhkəmə həmin sifariş vərəqələrini kimlərin təsdiq etməsi məsələsini araşdırmadan məsələnin üstündən səthi keçir. Bildirmək istəyirik ki, həmin sifariş vərəqələri iddiaçının əməkdaşları tərəfindən təsdiq edildiyindən onlar sübut kimi qiymətləndirilə və həmin sifariş vərəqələri əsas götürülərək cavabdeh olaraq onlardan tələb edilə bilməz. Məhkəmə qeyd edilən faktları araşdırılması ilə bağlı öz hüquqi mövqeyindən istifadə edərək zəruri addımlar atmalı olduğu halda hər-hansı bir tədbir görməmiş və nəticədə qanunvericiliyin tələbini kobud şəkildə pozaraq qərar qəbul etmişdir. Məhkəmə hazırki işdə bizi çağırıb dindirməmiş və nəticədə qanunvericiliyin tələbini pozmuşdur. Belə ki, məhkəmə onların iştirakı təmini ilə bağlı tədbir görməli olduğu halda məhkəmə bunu etməmişdir. Belə olan halda, məhkəməni bu cür davranışının heç bir hüquqi əsası yoxdur.
b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
9. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi.
10. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək rədd edilməsini xahiş etdi.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
12. Kollegiya qeyd edir ki, hazırki halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya instansiya məhkəməsinin hüquqi mövqeyi nəzərə alınmalıdır. Kassasiya instansiyası qətnaməni qismən, yəni 2018-ci il 2 iyul tarixli AZTX/095 saylı “tikinti texnikalarına texniki xidmət göstərilməsi” müqaviləsinə əsasən göstərilmiş servis xidmətləri üzrə cavabdehdən 222.192,62 manat əsas borcun və 33.893,79 manat ƏDV məbləğinin tutulması tələbinin rədd edilməsi hissəsində ləğv edərək yeni apellyasiya baxışına təyin etmişdir.
13. Odur ki, Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin qanuniliyi və əsaslılığı yalnız 2018-ci il 2 iyul tarixli, AZTX/095 saylı “tikinti texnikalarına texniki xidmət göstərilməsi” müqaviləsinə əsasən göstərilmiş servis xidmətləri üzrə cavabdehdən 222.192,62 manat əsas borcun və 33.893,79 manat ƏDV məbləğinin tutulması hissəsində yoxlanılır.
TƏTBİQ EDİLƏN HÜQUQ
14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə xidmətlər borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
15. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
16. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir.
17. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
18. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
19. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
20. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra еdilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bunun nəticəsində icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 1.2-ci bəndinə əsasən elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilməklə elektron formada hazırlanan və vergi orqanında uçotda olan şəxslərə göndərilən ilkin uçot sənədidir.
22. Həmin Qaydaların 1.5-ci bəndinə əsasən vergi ödəyicisi kimi uçotda olmayan alıcıya iş, xidmət və pərakəndə qaydada mal təqdim edildikdə, ona qəbz və ya çek verilir.
23. Həmin Qaydaların 3.6-cı bəndinə əsasən vergi ödəyicisi tərəfindən göndərilmiş elektron qaimə-fakturada göstərilən məlumatlar ilkin uçot sənədləri üzrə məlumatlarla uyğun olmadıqda (təhvil-qəbul aktına, üzləşmə aktına və s.), həmin elektron qaiməfakturada təqdim edildiyi hesabat ayı başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq düzəliş edilə bilər. Düzəliş edilmiş elektron qaimə-fakturaya proqram təminatı tərəfindən yeni seriya və nömrə verilmir. Düzəliş edilmiş elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildikdən sonra qəbuledən tərəfindən təsdiq edilməlidir. Qəbuledən tərəfindən düzəliş edilmiş elektron qaimə-faktura göndərildiyi ayın sonuncu gününədək təsdiq edilmədiyi halda, düzəliş edilmiş elektron qaimə-faktura proqram təminatı vasitəsilə ləğv edilir və düzəliş edilməmiş sayılır.
24. Həmin Qaydaların 3.9-cu bəndinə görə ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaimə-faktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur.
25. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
26. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Məhkəmə kollegiyası aşağıda qeyd olunanlara əsasən hesab edir ki, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyil.
27. Kassasiya instansiyası qərarında qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qalan digər 2 elektron qaimə ilə bağlı mövqeyi ondan ibarət olmuşdur ki, həmin qaimələr cavabdehə göndərilmiş və sistem tərəfindən təsdiq edilmişdir. Apellyasiya instansiyası məhkəməsi cavabdehə göndərilmiş və sistem tərəfindən təsdiq edilmiş elektron qaimələri və iddiaçının öz məlumatına əsasən cavabdeh tərəfindən xidmətlərə görə ödənilmiş pul vəsaitini nəzərə alaraq belə yekun nəticəyə gəlmişdir ki, iddia tələbi 4.839,78 manat məbləğində əsas borcun və 1.582.16 manat ƏDV məbləğinin tələb edilməsi hissəsində əsaslıdır. Bununla belə, məhkəmə kollegiyası cavabdehə göndərilmiş 6 elektron qaimədən 1-i (servis xidmət müqaviləsi üzrə EBAH seriyalı 632900 nömrəli, 2020-ci il 13 mart tarixli dəyəri 222.192,62 manat əsas borc, 33893.79 manat ƏDV məbləği təşkil edən elektron qaimə) üzrə apellyasiya instansiyası məhkəməsinin mövqeyini əsassız hesab etmişdir.
28. İşin hallarından müəyyən edilmişdir ki, iddiaçı "xxxx" MMC və Cavabdeh MMC arasında bağlanmış 02 iyul 2018-ci il tarixli, AZTX/095 nömrəli tikinti texnikalarına texniki xidmət göstərilməsi barədə müqaviləyə əsasən icraçı Bakı şəhəri, Şamaxı şossesi 15-ci km ünvanında yerləşən “Volvo/Mack Truck”, Volvo Construction, SDLG, Cat” avadanlıqların ixtisaslaşdırılmış texniki xidmət mərkəzində və ya həmçinin sifarişçinin sifarişinə əsasən istehsalat sahələrində sifarişçinin təqdim etdiyi avadanlıqları təmir etməyi, sifarişçi isə icraçının gördüyü işlərin haqqını və avadanlıqlara quraşdırılmış yeni ehtiyyat hissələrinin dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür.
29. Müqavilənin 3.1-ci bəndinə əsasən icraçının göstərdiyi iş və xidmətlər üzrə ödənişə daxildir: Servis ərazisində xidmət haqqı 35 AZN/adam saat (ƏDV-siz), müştəri ərazisində xidmət haqqı-45 AZN/adam saat (ƏDV-siz), mobil servis haqqı – 0,8 AZN (Gediş birtərəfli hesablanır).
30. Həmin müqavilənin 3.2-ci maddəsinə əsasən bu müqaviləyə əsasən yerinə yetiriləcək iş, xidmətlərin və ehtiyat hissələrinin dəyəri ilkin olaraq 50 %, icraçının hesabına ödənilir, qalan 50 % hesab faktura icraçı tərəfindən sifarişçiyə təqdim edilən tarixdən 15 gün ərzində icraçının bank hesabına və ya xəzinəsinə ödənilməlidir.
31. Müqavilənin 4.2-ci bəndinə əsasən sifarişçi bu müqavilədə nəzərdə tutulmuş müddətlərdə, xidmət haqqını ödəmədikdə, gecikdirilmiş hər gün üçün icraçıya ödənişi gecikdirilmiş xidmət haqqı məbləğinin 1%-dan başlayaraq 10% keçməmək şərti ilə penya ödəyir.
32. "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə xx.xx.2015-ci il tarixli icarə müqaviləsi üzrə EBAH seriyalı 072021 nömrəli, xx.xx.2020-ci il tarixli dəyəri 35400 manat əsas borc, 5400 manat ƏDV məbləği, EBAH seriyalı 635736 nömrəli, xx.xx.2020-ci il tarixli dəyəri ******* manat əsas borc, 275400 manat ƏDV məbləği, GPS xidməti üzrə EBAH seriyalı 635143 nömrəli xx.xx.2020-ci il tarixli dəyəri 16193.33 manat əsas borc, 2470.17 manat ƏDV məbləği, servis xidmət haqqı barədə müqavilə üzrə EBAH seriyalı 632900 nömrəli, xx.xx.2020-ci il tarixli dəyəri 222192.62 manat əsas borc, 33893.79 manat ƏDV məbləği, AZTX/095 saylı müqavilə üzrə EAAQ seriyalı 082173 nömrəli, xx.xx.2019-cu il tarixli dəyəri 12770,68 manat əsas borc, 1948,07 manat ƏDV məbləği, EAAS seriyalı 400144 nömrəli, xx.xx.2019-cu il tarixli dəyəri 8127.62 manat əsas borc, 1239,81 manat ƏDV məbləği təşkil edən elektron qaimələr göndərilmişdir.
33. Mübahisələndirilən qətnamədən məlum olur ki, həmin elektron qaimə düzəliş üçün cavabdeh tərəfindən geri qaytarılmışdır. Lakin sözügedən elektron qaimənin iddiaçı tərəfindən yenidən təqdim edilməsi və cavabdeh tərəfindən təsdiq edilməsi iş materialları ilə müəyyən olunmamışdır.
34. “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.3cü bəndinə əsasən cari elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildiyi vaxtdan 5 (beş) gün müddətində qəbuledən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər. Düzəliş üçün qaytarılmış elektron qaimə-faktura göndərən tərəfindən düzəliş edildikdən sonra yenidən təqdim oluna bilər.
35. Həmin Qaydaların 3.6-cı bəndinə əsasən vergi ödəyicisi tərəfindən göndərilmiş elektron qaimə-fakturada göstərilən məlumatlar ilkin uçot sənədləri üzrə məlumatlarla uyğun olmadıqda (təhvil-qəbul aktına, üzləşmə aktına və s.), həmin elektron qaimə fakturada təqdim edildiyi hesabat ayı başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq düzəliş edilə bilər. Düzəliş edilmiş elektron qaimə-fakturaya proqram təminatı tərəfindən yeni seriya və nömrə verilmir. Düzəliş edilmiş elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildikdən sonra qəbuledən tərəfindən təsdiq edilməlidir. Qəbuledən tərəfindən düzəliş edilmiş elektron qaimə-faktura göndərildiyi ayın sonuncu gününədək təsdiq edilmədiyi halda, düzəliş edilmiş elektron qaimə-faktura proqram təminatı vasitəsilə ləğv edilir və düzəliş edilməmiş sayılır.
36. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" MMC-nin direktoru H.Əliyevin şikayəti üzrə 2022-ci il 20 aprel tarixli Qərarında formalaşdırılmış hüquqi mövqelərə (bax § 42) görə, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.
37. Hazırkı halda, həmin elektron qaimənin iddiaçı tərəfindən yenidən təqdim edilməsi və cavabdeh tərəfindən təsdiq edilməsi iş materialları ilə müəyyən olunmur.
38. Mübahisəli 2018-ci il 2 iyul tarixli AZTX/095 nömrəli tikinti texnikalarına texniki xidmət göstərilməsi barədə müqaviləyə görə, icraçı ixtisaslaşdırılmış texniki xidmət mərkəzində və ya həmçinin sifarişçinin sifarişinə əsasən istehsalat sahələrində sifarişçinin təqdim etdiyi avadanlıqları təmir etməyi, sifarişçi isə icraçının gördüyü işlərin haqqını və avadanlıqlara quraşdırılmış yeni ehtiyat hissələrinin dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür.
39. Göründüyü kimi, sözügedən müqavilənin şərtlərindən belə məlum olur ki, istehsalat sahələrində icraçı (iddiaçı) tərəfindən sifarişçiyə (cavabdeh) xidmət göstərilməsi sifarişçinin sifarişinə əsasən həyata keçirilməli idi.
40. Qeyd edilmədir ki, iş üzrə alınmış ekspert rəyindən tədqiqat aparılarkən həmin sifarişlərin nəzərə alındığı, habelə birinci instansiya məhkəməsinin qətnaməsindən məhkəmənin iş üzrə nəticəyə gələrkən sözügedən sənədlərə istinad etdiyi görünür.
41. İş materiallarında xidmət göstərilməsinə dair çoxsaylı sifariş sənədləri (“zakaznaryad” adlı sənədlər), habelə müəyyən “hesab/invoice” sənədləri mövcuddur. Həmin sifariş sənədlərin bir çoxunun sifarişçinin adından imzalandığı, habelə sifarişlərdə xidmət göstərilən nəqliyyat vasitələrinin markalarının, dövlət qeydiyyat nömrələrinin, “VİN” nömrələrinin, buraxılış ilinin, məsafə yürüşünün, dispetçerin və ustanın ad və soyadlarının və digər məlumatların əks olunduğu görünür.
42. İş materiallarından, tərəflər arasındakı işgüzar münasibətlərin yalnız işlərin təhviltəsliminin elektron qaimə göndərilməsi ilə rəsmiləşdirilməsi əsasında deyil, həmçinin cavabdehin adından verildiyi bildirilən sifarişlərin iddiaçı tərəfindən qəbul olunması əsasında qurulduğu görünməkdədir.
43. Beləliklə, məhkəmə kollegiyası tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya göstərilmiş xidmətlərin dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış 02 iyul 2018-ci il tarixli, AZTX/095 nömrəli xidmət müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya xidmət müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. İddiaçı həmin müqavilədən irəli gələrək üzərinə düşən öhdəlikləri icra etmiş, lakin cavabdeh tərəfindən öhdəliklər tam şəkildə icra edilməmişdir.
44. Məhkəmə kollegiyası işin sadalanan qanunvericilik normalarını, cavabdehin 02 iyul 2018-ci il tarixli, AZTX/095 nömrəli xidmət müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi tam şəkildə icra etmədiyini nəzərə alaraq hesab edir ki, iddia tələbinin 222.192,62 manat əsas borcun və 33.893,79 manat ƏDV məbləğinin tutulması hissəsində (servis xidmət müqaviləsi üzrə EBAH seriyalı 632900 nömrəli, 2020-ci il 13 mart tarixli dəyəri 222.192,62 manat əsas borc, 33893.79 manat ƏDV məbləği təşkil edən elektron qaimə) əsaslıdır.
45. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir.
46. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
47. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 23 may 2023-cü il tarixli e-2-2(113)-105/2023 saylı qətnaməsi 2018-ci il 2 iyul tarixli, AZTX/095 saylı “tikinti texnikalarına texniki xidmət göstərilməsi” müqaviləsinə əsasən göstərilmiş servis xidmətləri üzrə cavabdehdən 222.192,62 manat əsas borcun və 33.893,79 manat ƏDV məbləğinin tutulması hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.