Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-723/2021 22.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, maraqlı şəxsin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2110/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 03.05.2021-ci il tarixli qərardadından ərizəçi İddiaçı MTK tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi İddiaçı MTK ərizə ilə məhkəməyə müraciət edərək kooperativ barəsində ifras prosesinə başlanılması və müflis elan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs QSC BOKT-un nümayəndəsi vəsatət verərək, ərizənin baxılmamış saxlanılmasını xahiş etmiş və vəsatətini onunla əsaslandırmışdır ki, qanunvericiliyin tələblərinə uyğun olaraq ərizəyə iflas prosesinə başlanması üçün məhkəməyə müraciət etmək barəsində borclunun səlahiyyətli orqanının qərarının surəti əlavə edilməli olduğu halda, məhkəməyə bu barədə kooperativin sədri tərəfindən qəbul olunmuş qərar əlavə olunmuşdur. Bakı Kommersiya Məhkəməsinin 03.05.2021-ci il tarixli e-2-2(113)-2110/2021 saylı qərardadı ilə ərizə baxılmamış saxlanılmışdır. Ərizəçi İddiaçı MTK həmin qərardaddan şikayət vermiş, Bakı Kommersiya Məhkəməsinin 19.05.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsalandırılmışdır ki, iflas prosesinə başlanılması özü-özlüyündə hüquqi şəxsin mövcudluğu ilə bağlı müqəddəratı həll etmir. Məhkəmə iclasında maraqlı şəxsin nümayəndəsi Nümayəndə2 şikayətə etiraz etdi. Ərizəçinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsaslanaraq onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinin 2-ci bəndinə əsasən borclu müəssisənin iflas haqqında ərizəsinə iflas prosesinə başlanması üçün məhkəməyə müraciət etmək barəsində borclunun səlahiyyətli orqanının qərarının surəti əlavə edilir. Mülki Məcəllənin 59.4-cü maddəsinə əsasən hüquqi şəxs müflis olma nəticəsində də ləğv edilir. Həmin Məcəllənin 59.5-ci maddəsinə əsasən əgər ləğv edilən hüquqi şəxsin əmlakının dəyəri kreditorların tələblərinin ödənilməsi üçün yetərli deyildirsə, o yalnız müflis olma nəticəsində ləğv edilə bilər; Həmin Məcəllənin 111.1-ci maddəsinə əsasən kooperativin ali idarəetmə orqanı onun üzvlərinin ümumi yığıncağıdır; Həmin Məcəllənin 113.3 və 111.3.5-ci maddəsinə görə kooperativin yenidən təşkili və ləğvi haqqında qərar qəbul etmək kooperativ üzvlərinin ümumi yığıncağının müstəsna səlahiyyətinə aiddir. İddiaçı MTK-nın nizamnaməsinin 7.3-cü bəndinə əsasən kooperativin yenidən təşkili və ləğvi ümumi yığıncağın müstəsna səlahiyyətinə aid edilmişdir. Həmin nizamnamənin 7.5-ci bəndində isə təsbit olunmuşdur ki, kooperativin sədri qanunvericiliklə və kooperativin nizamnaməsi ilə ümumi yığıncağın, müşahidə şurasının və təftiş komissiyasının (müfəttişin) səlahiyyətlərinə aid edilməyən digər səlahiyyətləri həyata keçirir. Göründüyü kimi kooperativin ləğvi barədə qərar qəbul etmək ümumi yığıncağının müstəsna səlahiyyətinə aiddir. Lakin hazırki işdə İddiaçı MTK iflas prosesinə başlanması üçün onun səlahiyyətli orqanı olan ümumi yığıncağın deyil, kooperativin sədri tərəfindən qəbul edilmiş qərarı məhkəməyə təqdim etmişdir. “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsində də təsbit olunmuşdur ki, iflas haqqında məhkəməyə verilmiş ərizənin (iddia ərizəsinin) bu Qanunun tələblərinə uyğun gəlməməsi, o cümlədən ona əlavə olunmalı sənədlərin həmin ərizə ilə birlikdə təqdim edilməməsi qanunvericilikdə nəzərdə tutulan müvafiq prosessual nəticələrə (məhkəmənin ərizəsini qəbul etməkdən imtina etməsinə, onu baxmadan saxlamasına, hərəkətsiz saxlamasına, yaxud qaytarmasına) səbəb ola bilər. Bu baxımdan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq ərizənin baxılmamış saxlanılması nəticəsinə gəlmişdir. Ərizəçinin şikayətində göstərilən dəlilləri isə qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, ərizədə aydın şəkildə göstərilmişdir ki, kooperativ 2016-cı ildən fəaliyyət görsətmir və ödəmə qabiliyyəti yoxdur. Ona görə də, iflas prosesinin hüquqi şəxsin ləğv edilməsi ilə deyil, sağlamlaşdırılması ilə yekunlaşması barədə dəlillər əsaslı hesab edilə bilməz. Eyni zamanda kollegiya qeyd edir ki, Mülki Məcəllənin 111-ci maddəsinin mənasına görə istər birbaşa, istərsə də dolayısı ilə hüquqi şəxsin mövcudluğuna təsir edə biləcək bütün qərarlar kooperativ üzvlərinin ümumi yığıncağının müstəsna səlahiyyətinə aiddir. Beləliklə, kollegiya hesab edir ki, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.3, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Ərizəçi İddiaçı MTK tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2110/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 03.05.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-723/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-723/2021
22.06.2021 · Hüquqi və fiziki şəxslərin ödəmə qabiliyyəti olmayan hesab edilməsi barədə mübahisələr (müflisləşmə (iflas)) - Hüquqi şəxsin müflis olması üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver