Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-723/2025 02.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), X4 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3701/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadından Cavabdeh MMC tərəfindən tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq qərara aldılar. İş üzrə qəbul edilmş məhkəmə aktları: Birinci instansiya məhkəməsindəki ilk icraat
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli müqavilə əsasında yaranmış 48000 manat və 234 manat dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Məhkəmə iclasında Cavabdeh MMC vəsatət verərək işin başqa məhkəmədə baxılmaq üçün aidiyyatı üzrə göndərilməsini xahiş etmiş, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3701/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə həmin vəsatət təmin edilməmişdir.
3. Cavabdeh MMC həmin qərardaddan şikayət verərək Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3701/2025 saylı xx.xx.2025-ci il saylı qərardadının ləğv edilməsi, mülki işin ərazi aidiyyatı üzrə Şəki Kommersiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
4. Qərardaddan şikayət onunla əsaslandırılmışdır ki, cavabdehə qarşı bütün məhkəmə iddialarına Şəki Kommersiya Məhkəməsi tərəfindən baxlır. Göründüyü kimi ərazi aidiyyatının dəyişdirilməsinə qanunsuz yol verilmir. Məhkəmə cavabdehin hüquqi ünvanını Oğuz rayonu, Sincan kəndində yerləşməsini və hüquqi ünvanda fəaliyyət göstərməsini aydınlaşdırmamışdır. Əvvəlki direktorun Bakı şəhərində qeydiyyatda olması hüquqi şəxsin ünvanın Bakı şəhərində olması dəlalət edə bilməz Məhkəmə tərəfindən tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli ərazi aiddiyyətinin dəyişdirilməsi barədə müqavilənin iş üçün əhəmiyyətli olmağını hesab etsədə həm rəsmi, həm də faktiki cavabdehin hüquqi ünvanı Bakı şəhərinə aid olunması sübuta yetirilməmişdir. Məhkəmə tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli ərazi aiddiyyətinin dəyişdirilməsi barədə müqaviləni hüquqi əhəmiyyətli hesab etsə də, lakin işin halları ilə rəsmi hüquqi ünvan ünvan 5 reyestrdən çıxarış təqdim edilmişdir.
5. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3701/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək, şikayətin işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
Apellyasiya instansiya məhkəməsindəki icraat Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
6. Maddə 40.2. Tərəflər öz aralarındakı saziş ilə mübahisəli işin ərazi aidiyyətini dəyişdirə bilərlər. Saziş yazılı şəkildə ifadə olunmalıdır.
7. Maddə 40.3. Saziş tərəflər arasında gələcəkdə baş verə biləcək konkret mübahisə ilə bağlı əvvəlcədən, habelə məhkəmənin icraatında olan müəyyən məhkəmə işi ilə bağlı həmin iş üzrə məhkəmənin hazırlıq iclası keçirilənədək bağlana bilər.
8. Maddə 395.1. İşdə iştirak edən şəxslər qətnamədən ayrılıqda birinci instansiya məhkəmələrinin qərardadlarından aşağıdakı hallarda şikayət verə bilərlər: 395.1.1. Bu Məcəllədə göstərilən hallarda; 395.1.2. Məhkəmənin qərardadı işin sonrakı hərəkətinə mane olduqda. 395.2-ci maddəsinə əsasən birinci instansiya məhkəmələrinin digər qərardadlarından şikayət verilmir. İşdə iştirak edən şəxslər bu qərardadlardan narazı qaldıqda qərardada olan etirazlarını apellyasiya şikayətlərinə daxil edə bilərlər.
9. Maddə 398.0.1. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.
10. Maddə 398.0.3. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır.
Məhkəmənin mövqeyi
11. Şikayətə apellyasiya instansiyası məhkəməsi tərəfindən yazılı icraat qaydasında baxılması qərara alınmışdır.
12. Məhkəmə şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3701/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
13. İş materiallarına əlavə olunmuş tərəflər aralarında bağlanmış xx.xx.2024-cü il tarixli ərazi aiddiyyətinin dəyişdirilməsi haqqında müqavilənin 2-ci bəndindən görünür ki, tərəflər mübahisənin xarakteri kommersiya məhkəməsinə aid olduğu halda mübahisəyə Bakı Kommersiya Məhkəməsində baxılması şərtini öncədən razılaşdırmışlar.
14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 40.2-ci maddəsinə əsasən tərəflər öz aralarındakı saziş ilə mübahisəli işin ərazi aidiyyətini dəyişdirə bilərlər.
15. İddiaçı iddiası üzrə tərəflər arasında bağlanmış sazişlə mübahisəli işin ərazi aidiyyətini müəyyənləşdirdiklərindən iddiaçı hazırki iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etməkdə haqlı olmuşdur.
16. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi prosessual qanunvericiliyin tələblərinə əsasən düzgün nəticəyə gələrək cavabdeh tərəfindən verilmiş vəsatəti rədd etmişdir.
17. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3701/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
18. Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz.
19. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Q Ə R A R A A L D İ:
Cavabdeh MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3701/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir.