Məhkəmə qərarları › İş №2-2(103)-731/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-731/2025

12.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-731/2025 12.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏTNAMƏSİ İş № 2-2(103)-731/2025 (Açar sözlər: ödənilmiş pul vəsaitinin geri qaytarılması, dəymiş ziyanın əvəzinin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X1 ibarət tərkibdə, Əmiraslanova Nigar Çingiz qızının katibliyi ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “ödənilmiş pul vəsaitinin geri qaytarılması, dəymiş ziyanın əvəzinin ödənilməsi tələbinə dair” kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-2065/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 12 avqust 2025ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. “İnam MMC” ilə Cavabdeh ASC-nin Sumqayıt Sukanal İdarəsi arasında su təchizatı və kanalizasiya xidmətlərinə dair hüquqi şəxslərlə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərlə bağlanan 2020-ci il 3 sentyabr tarixli müqavilə imzalanmışdır. Həmin müqavilənin: - 1.1-ci bəndinə (müqavilənin predmeti) əsasən, bu müqavilə müəssisənin su təchizatı sistemindən istehlakçının tələblərinə uyğun lazımı miqdarda, tərkib və keyfiyyətinə görə DÜİST2874-82 nömrəli Dövlət Standartının tələblərinə uyğun, məişət (təsərrüfat)-içməli və istehsalat məqsədli suyun buraxılması, tullantı sularının kanalizasiya sisteminə qəbulu, təmizlənməsi və axıdılması ilə əlaqədar tərəflərin hüquq və öhdəliklərini müəyyən edir; - 2.1-ci bəndinə əsasən, Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının Cavabdeh ASC-nin “Sudan istifadə və tullantı sularının axıdılması xidmətləri üzrə istehlakçı qruplarının tariflərinin və təsnifatının təsdiq edilməsi barədə” qərarına uyğun olaraq istehlakçı tərəfindən istifadə olunmuş 1 m3 xammal suya görə hesablaşma ƏDV ilə __ manat, digər məqsədlər üçün istifadəyə görə hesablaşma 1 m3 su üçün ƏDV ilə 1 manat və istehlakçıdan qəbul edilmiş 1 m3 tullantı suyuna görə hesablaşma ƏDV ilə 1 manat müqabilində müəyyən olunur.

2. Sumqayıt şəhər Məhkəməsinin 2023-cü il 30 oktyabr tarixli 3(060)-2436/2023 nömrəli qərarı ilə İddiaçı MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-“İXM”) 264.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 7.500 manat cərimə edilmiş, İXM-in 271-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilmişdir. Həmin qərardan İddiaçı MMC apellyasiya şikayəti vermiş və Sumqayıt Apellyasiya Məhkəməsinin 2023-cü il 27 noyabr tarixli 3(105)-540/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti olunmamış, birinci instansiya məhkəməsini qərarı dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

3. İddiaçı MMC tərəfindən Cavabdeh ASC-yə ünvanlanmış 2024-cü il 30 yanvar tarixli pretenziya ilə borc məbləğinin 7 gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı MMC (bundan sonra-“iddiaçı”) Cavabdeh ASC-yə (bundan sonra-“cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2020-2023-cü illər ərzində 4.886,07 ödənilmiş çirkab suların axıdılmasına görə pulun, 7.500 manat ödənilmiş cərimənin, dövlət rüsumuna görə ödənilmiş 128 manat olmaqla, cəmi 12.514,07 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 2020-ci il 3 sentyabr tarixində bağlanmış 19341516 nömrəli müqaviləyə əsasən, cavabdeh müəssisənin su təchizatı sistemindən istehlakçının tələbatına uyğun lazımı miqdarda, tərkib və keyfiyyətinə görə DÜİST2874-82 dövlət standartının tələblərinə uyğun, məişət (təsərrüfat)-içməli və istehsalat məqsədli suyun təchizatı, tullantı sularının kanalizasiya sisteminə qəbulu, təmizlənməsi və axıdılması ilə əlaqədar hüquqi və öhdəliklərini üzərinə götürmüşdür. Həmin müqavilənin 2.3-cü bəndinə görə, müəssisə ayda bir dəfədən az olmayaraq istehlakçı tərəfindən istifadə edilmiş suyun və axıdılmış çirkab suyun hesabatını aparmalı və müvafiq qaydada tərtib olunmuş ödəniş sənədini istehlakçıya təqdim etməlidir. Müqavilədən də göründüyü kimi, müqavilə tullantı sularının kanalizasiya sisteminə qəbulu, təmizlənməsi və axıdılması ilə əlaqədar münasibətləri tənzimləyir. Tərəflər arasında bağlanılmış 2020-ci il 3 sentyabr tarixli müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə 2020-2023-cü illər ərzində 4.886,07 çirkab suya görə pul ödənilmişdir. Qeyd olunan ödənişlərin iddiaçı tərəfindən cavabdehə ödənilməsi 151.404 nömrəli abonent kartından müəyyən olunur. Cavabdehin Sumqayıt Sukanal İdarəsi tərəfindən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə verilmiş 2023-cü il 19 sentyabr tarixli məktubdan görünür ki, sözügedən kanalın (“Acıdərə”) “Sumqayıt Sukanal” idarəsinin balansında olmadığını, kanal boyu obyektlərdə formalaşan tullantı sularının kanala axıdılmasına dair qeyri-yaşayış obyektlərinə tərəflərindən texniki şərt verilmədiyi qeyd olunmuşdur. Cavabdeh tərəfindən iddiaçıya texniki şərt verilmədiyi halda, çirkab sulara görə xidmət haqqının alınması qanunsuz olmuşdur. Belə ki, cavabdeh tərəfindən iddiaçıya çirkab suların axıdılmasına görə göstərilən xidmətlər qanunsuz idisə, hansı səbəbdən çirkab suların axıdılması tərəflər arasında bağlanmış 2020-ci il 3 sentyabr tarixli müqavilədə belə bir xidmətin göstərilməsi öhdəlik kimi qəbul olunduğu və bu xidmətlərə görə 2020-2023-cü illər ərzində 4.886,07 vəsait alındığı sual olunur. İddiaçının İXM-in 264.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməsi və 7.500 manat cərimə edilməsi ilə cavabdehin qanunsuz hərəkətləri arasında səbəbli əlaqə vardır. Cərimə məbləği də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklər yerinə yetirilməmiş və bu səbəbdən də iddiaçıya maddi ziyan dəymişdir.

4. Cavabdeh iddiaya etiraz edərək bildirmişdir ki, iddia tələbinin heç bir əsası mövcud deyil. İddiaçı müəssisə ilə cavabdehin Sumqayıt Sukanal idarəsi arasında “su təchizatı və kanalizasiya xidmətlərinə dair qeyri-əhali istehlakçıları üçün” müqavilə bağlanmışdır. Belə ki, iddiaçı müəssisədə formalaşan çirkab suları birbaşa “Acıdərə” kanalına, oradan isə cavabdehin kanalizasiya kollektoruna axıdılır. İddiaçının istinad etdiyi ekologiya idarəsi tərəfindən cərimə edilməsi məsələsinə gəldikdə isə qeyd olunmuşdur ki, inzibati orqan olan Azərbaycan Respublikası Ekologiya Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi iddiaçı müəssisə barəsində İXM-in 264.0.1-ci maddəsinə əsasən ilkin olaraq inzibati xəta haqqında protokol, daha sonra isə inzibati tənbeh edilməyə dair qərar qəbul edərkən, iddiaçı tərəfindən ona məxsus mebel sexində formalaşan tullantı-çirkab sularının təmizlənmədən “Acıdərə" kanalına axıdılması, həmçinin əmələ gələn bərk məişət və istehsalat tullantılarının ətraf mühitin mühafizə tələblərinə əməl edilməməsi olmuşdur. Mövcud qaydalara əsasən, iddiaçıya məxsus mebel sexində formalaşan tullantıçirkab suları, müəssisənin ərazisində quraşdırılmış təmizləyici qurğudan emal edildikdən və zərərli maddələrin çəkisi minimuma endirildikdən sonra kənarlaşdırıla bilinər. Azərbaycan Respublikası Ekologiya Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi Sumqayıt şəhər üzrə ətraf mühitin mühafizəsi çərçivəsində bir sıra istehsalat müəssisələrində monitorinq aparmış və nəticə olaraq bir sıra müəssisələr, o cümlədən iddiaçı müəssisə tərəfindən İXM-in 264.0.1-ci maddəsinin tələblərini pozduğunu aşkar etmişdir. Analoji işlər üzrə də məhkəmə təcrübəsi formalaşmış və iddiaçıların hazırki iş üzrə cavabdehə qarşı iddiaları rədd edilmişdir. Digər tərəfdən Cavabdeh ASC-nin fəaliyyətinin təmin olunması ilə bağlı bir sıra tədbirlər və Cavabdeh ASC-nin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 22 mart tarixli 50 nömrəli qərarında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 11 aprel tarixli 158 nömrəli qərarından müəyyən edilir ki, “Sumqayıt şəhərində Acıdərə kanalının inşası (1-ci mərhələ)” layihəsi çərçivəsində tikilmiş, ümumi dəyəri 1.855.000 manat olan 2,0 km uzunluğunda kanalizasiya kollektoru və 1 ədəd şlüzlü suqəbuledici kameranın cəmiyyətin balansına verilməklə, onun nizamnamə kapitalına yönəldilməsi qərara alınmışdır. Beləliklə, iddiaçının obyekti birbaşa olaraq kanalizasiya sisteminə qoşulmasa da, obyektin tullantı suları Nazirlər Kabinetinin yuxarıda göstərilən qərarına əsasən cavabdehin balansında olan kollektora axıdıldığından, iddiaçı faktiki olaraq cavabdehin tullantı suyunun axıdılması xidmətindən istifadə edir.

5. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 24 may tarixli e-2-2(113)-2065/2024 nömrəli qətnaməsi ilə iddia təmin olunmamış, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid olunması qət edilmişdir (hakim – Z.Axundova).

6. Məhkəmə gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, cavabdeh tərəfindən iddiaçıya tullantı sularının axıdılması xidmətinin göstərilib-göstərilməməsi işin mübahisəli halını təşkil etmişdir. İşin mübahisə edilməyən halı isə ondan ibarət olmuşdur ki, iddiaçıya məxsus obyektin çirkab suları “Acıdərə” kanalına axıdılır.

7. Cavabdeh ASC-nin fəaliyyətinin təmin olunması ilə bağlı bir sıra tədbirlər və Azərsu ASC-nin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 22 mart tarixli 50 nömrəli qərarında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 11 aprel tarixli 158 nömrəli qərarından müəyyən olunur ki, “Sumqayıt şəhərində Acıdərə kanalının inşası (1-ci mərhələ)” layihəsi çərçivəsində tikilmiş, ümumi dəyəri 1.855.000 manat olan 2,0 km uzunluğunda kanalizasiya kollektoru və 1 ədəd şlüzlü suqəbuledici kameranın Cəmiyyətin balansına verilməklə, onun nizamnamə kapitalına yönəldilməsi qərara alınmışdır. Burdan belə qənaətə gəlinir ki, iddiaçının obyektinin tullantı suları Nazirlər Kabinetinin yuxarıda göstərilən qərarına əsasən cavabdehin balansında olan kollektora axıdıldığından iddiaçı faktiki olaraq cavabdehin tullantı suyunun axıdılması xidmətindən istifadə edir.

8. Bundan başqa, iddiaçı tələbini əsaslandırarkən qeyd etmişdir ki, cavabdehin ona texniki şərt verilmədiyi halda, çirkab sulara görə xidmət haqqının alınması qanunsuz olmuşdur. Qeyd edilən hala münasibətdə məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 13 avqust tarixli 275 nömrəli qərarı ilə təsdiq olunmuş “İstehlakçıların su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması üçün texniki şərtlərin verilməsi və qoşulması qaydaları”nın 1.1-ci bəndində qeyd edilmişdir ki, bu qaydalar “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanmışdır və istehlakçıların su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması üçün texniki şərtlərin verilməsi və qoşulması qaydalarını, onlara dair tələbləri müəyyən edir. Yuxarıda qeyd edilənlərdən müəyyən olunduğu kimi, texniki şərtlərin verilməsi üçün istehlakçıların müraciət etməsi gərəkdir. Belə olan halda iddiaçının qeyd edilən, yəni texniki şərtin verilməməsi halına istinad etməsi əsassız olmuşdur.

9. İddiaçı obyektin tullantı sularını cavabdehin balansında olan su kanalına axıtmaqla faktiki olaraq cavabdeh tərəfindən ona tullantı sularının axıdılması xidmətlərinin göstərilməsinə dair razılığını ifadə etmişdir. Həm də qeyd olunan illər ərzində tullantı sularının axıdılmasına görə cavabdeh tərəfindən hesablanmış borcun iddiaçı tərəfindən ödənilməsi faktı da özü-özlüyündə tərəflərin tullantı xidmətlərinin axıdılması xidmətlərinin göstərilməsi barədə razılığa gəlmələrinə dəlalət etmişdir. Odur ki, yuxarıda qeyd olunanlara əsasən məhkəmə iddia tələbini həmin hissədə əsassız hesab etmişdir.

10. Məhkəmə iddia tələbinin 7.500 manat ödənilmiş cərimənin cavabdehdən tutulması hissəsinə münasibətdə qeyd etmişdir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2023cü il 27 noyabr tarixli 3(105)-540/2023 nömrəli qərarından müəyyən olunanlara görə, Sumqayıt Şəhər Məhkəməsinin 2023-cü il 30 oktyabr tarixli 3(060)-2436/2023 nömrəli qərarı ilə hazırki iş üzrə iddiaçı İXM-in 264.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 7.500 manat cərimə edilmiş, İXM-in 271-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilmiş, həmin qərardan iddiaçı apellyasiya şikayəti təmin olunmamış, qərar dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

11. İXM-in 264-cü maddəsi “Su obyektlərinin mühafizəsi qaydalarının pozulması” ilə əlaqədar inzibati xəta olmaqla fiziki şəxslər altı yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 264.0.1-ci maddəsinə əsasən, su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğuları və avadanlıqları olmayan müəssisələrin, kommunal və digər obyektlərin istismar edilməsi su obyektlərinin mühafizəsi qaydalarının pozulması hesab olunur və ona görə məsuliyyət müəyyən edilir.

12. Qeyd olunanlardan da göründüyü kimi, iddiaçının iddia tələbində İXM-in 264.0.1- ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməsi və 7.500 manat cərimə edilməsi, cavabdehin qanunsuz hərəkətləri ilə əlaqəli olması halına istinad etməsi əsassız olmuşdur. Çünki Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq olunmuş “Sudan istifadə“ qaydalarının 2 nömrəli əlavəsi – Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair hüquqi şəxslərlə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərlə bağlanan müqavilənin 4.1.4-cü bəndində istehlakçının hüquq və öhdəlikləri kimi balansında və ya ərazisində olan su təchizatı və kanalizasiya şəbəkə və qurğularının vəziyyəti və istismarı üçün məsuliyyət daşıdığı qeyd edilmişdir. Yəni iddiaçı öz balansında və ya ərazisində olan su təchizatı və kanalizasiya şəbəkə və qurğularının vəziyyəti və istismarı üçün məsuliyyət daşımış və su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğuları və avadanlıqların olmamasına görə cərimə edilmişdir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə iddia tələbi göstərilən hissədə də əsassız hesab etmişdir.

13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 385.1, 386.1, 398.1, 1096 və 1097-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 77.1 və 82.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

14. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsində aparılan araşdırma zamanı tədqiq olunmuş sübutlar və tərəflərin verdiyi izahatlardanda müəyyən olunur ki, İddiaçı MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməsi və 7500 (yeddi min beş yüz) manat məbləğində cərimə edilməsi ilə cavabdehin qanunsuz hərəkətləri arasında səbəbli əlaqə vardır, cərimə məbləğidə cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, tərəflər arasında müqavilə bağlanmış və lakin müqavilənin şərtləri cavabdeh tərəfindən pozulması səbəbindən iddiaçıya maddi ziyan dəymişdir. “Acıdərə” kanalının Azərsu ASC-nin balansında olması faktını cavabdeh öz etirazında bildirməklə cavabdehin təqsirini bir daha sübut etmişlər. Lakin Bakı Kommersiya Məhkəməsi iddia tələblərini rədd edərkən, bir cümlə ilə cavabdehin təqsirinin olmamasını bildirmiş, lakin qətnamədə bu xüsusatı sübut edə bilməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. c)Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

17. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 27 noyabr tarixli 2-2(103)-889/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən məruzəçi hakim T.Mahmudova, hakimlər L.Əliyeva və Z.Şirinov).

18. Kollegiya qeyd etmişdir ki, Cavabdeh ASC-nin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər və Cavabdeh ASC-nin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 mart 2005-ci il tarixli 50 nömrəli qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 aprel 2019-cu il tarixli, 158 saylı qərarından müəyyən edilir ki, “Sumqayıt şəhərində Acıdərə kanalının inşası (1-ci mərhələ)” layihəsi çərçivəsində tikilmiş, ümumi dəyəri ******* manat olan 2,0 km uzunluğunda kanalizasiya kollektoru və 1 ədəd şlüzlü suqəbuledici kameranın Cəmiyyətin balansına verilməklə, onun nizamnamə kapitalına yönəldilməsi qərara alınmışdır.

19. Kollegiya belə qənaətə gəlmişdir ki, iddiaçının obyektinin tullantı suları Nazirlər Kabinetinin yuxarıda göstərilən qərarına əsasən cavabdeh "Azərsu” ASC-nin balansında olan kollektora axıdıldığından iddiaçı faktiki olaraq Cavabdeh ASC-nin tullantı suyunun axıdılması xidmətindən istifadə edir.

20. İddiaçı iddia tələbini əsaslandıran zaman qeyd etmişdir ki, Cavabdeh ASC tərəfindən İddiaçı MMC-yə texniki şərt verilmədiyi halda, çirkab sulara görə xidmət haqqının alınması qanunsuz olmuşdur.

21. Qeyd edilən hala münasibətdə məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 avqust 2014-cü il tarixli, 275 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehlakçıların su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması üçün texniki şərtlərin verilməsi və qoşulması” Qaydalarının 1.1-ci bəndində qeyd edilmişdir ki, bu Qaydalar “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanmışdır və istehlakçıların su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması üçün exniki şərtlərin verilməsi və qoşulması qaydalarını, onlara dair tələbləri müəyyən edir.

22. Texniki şərtlərin verilməsi üçün istehlakçıların müraciət etməsi gərəkdir. Belə olan halda iddiaçının qeyd edilən, yəni texniki şərtin verilməməsi halına istinad etməsi əsassızdır.

23. Məhkəmə hesab etmişdir ki, iddiaçı obyektin tullantı sularını Cavabdeh ASC nin balansında olan su kanalına axıtmaqla faktiki olaraq Cavabdeh ASC tərəfindən ona tullantı sularının axıdılması xidmətlərinin göstərilməsinə dair razılığını ifadə etmişdir. Həm də, qeyd edilən illər ərzində tullantı sularının axıdılmasına görə cavabdeh tərəfindən hesablanmış borcun iddiaçı tərəfindən ödənilməsi faktı da özü-özlüyündə tərəflərin tullantı xidmətlərinin axıdılması xidmətlərinin göstərilməsi barədə razılığa gəlmələrinə dəlalət edir.

24. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlmişdir ki, iddia tələbi göstərilən hissədə əsassız olduğundan təmin edilməməlidir.

25. Kollegiya hesab etmişdir ki, iddiaçının iddia tələbində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməsi və 7500 (yeddi min beş yüz) manat məbləğində cərimə edilməsi, cavabdehin qanunsuz hərəkətləri ilə əlaqəli olması halına istinad etməsi əsassızdır.

26. Çünki Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə“ qaydalarının 2 nömrəli əlavəsi– Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair hüquqi şəxslərlə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərlə bağlanan müqavilənin 4.1.4-cü bəndində istehlakçının hüquq və öhdəlikləri kimi balansında və ya ərazisində olan su təchizatı və kanalizasiya şəbəkə və qurğularının vəziyyəti və istismarı üçün məsuliyyət daşıdığı qeyd edilmişdir.

27. Yəni, iddiaçı öz balansında və ya ərazisində olan su təchizatı və kanalizasiya şəbəkə və qurğularının vəziyyəti və istismarı üçün məsuliyyət daşımış və su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğuları və avadanlıqların olmamasına görə cərimə edilmişdir.

28. Məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən və formal mülahizələrdən ibarət olan dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

29. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 21, 385.1, 386.1, 398.1, 1096 və 1097-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə maddələrinə istinadla əsaslandırmışdır.

d)Kassasiya instansiya məhkəməsində icraat

30. Qətnamədən iddiaçı kassasiya şikayəti verərək, onun ləğv edilməsini və işi yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

31. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının (bundan sonra – kassasiya instansiyası məhkəməsi) 2(102)-159/2025 nömrəli 30 aprel 2025-ci il tarixli qərarı ilə (hakimlər – K.Abiyeva (məruzəçi), B.Qəribov və E.Şamayev) kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 27 noyabr tarixli, 2-2(103)-889/2024 nömrəli qətnaməsi qismən - cavabdeh "xxxx" ASC-dən 7500 manat cərimə məbləğinin tutulması tələbinə aid hissədə ləğv edilmiş, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

32. Məhkəmə kollegiyası 2020-2023-cü illər ərzində iddiaçının tullantı sularının axıdılması xidmətlərinə görə ödədiyi 4.886,07 manat pulun geri qaytarılması tələbinin əsassız olması ilə bağlı işə baxmış məhkəmələrin gəldikləri nəticə ilə razılaşmış və qeyd etmişdir ki, həmin hissədə məhkəmələrin gəldiyi nəticə, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə uyğun olmuş, mübahisəli hüquq münasibətinə maddi hüquq normaları düzgün tətbiq edilmişdir.

33. İddianın 7500 manat cərimənin zərər şəklində cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə münasibətdə Kollegiya qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 aprel 2019-cu il tarixli, 158 nömrəli Qərarının 1.2-ci bəndinə görə, “Sumqayıt şəhərində Acıdərəcə kanalının inşası (1-ci mərhələ)” layihəsi çərçivəsində tikilmiş, ümumi dəyəri 1 855 000 manat olan 2,0 km uzunluğunda kanalizasiya kollektoru və 1 ədəd şlüzlü suqəbuledici kameranın dövlət vəsaitləri hesabına inşa edilən və Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən istismar olunan, texniki xidmət göstərilən dövlət əmlakının həmin Cəmiyyətin balansına verilməklə, onun nizamnamə kapitalına yönəldilməsi qərara alınmışdır.

34. Digər tərəfdən iş üzrə tərəflər arasında bağlanmış 2020-ci il 3 sentyabr tarixli müqavilənin 5.1-ci bəndində müəssisənin (hazırki halda cavabdeh) istehlakçının kanalizasiya sisteminə axıtdığı tullantı sularının tərkibinə daim nəzarət etdiyi, limitdən artıq çirkləndirici maddələrin tullantı sularının tərkibində ətraf mühitə axıdılması aşkar edilərsə, NK-nın 1992-ci il 3 mart tarixli 122 nömrəli Qərarına uyğun olaraq, istehlakçıdan əlavə “çirkləndirici maddələrin axılmasına görə ödəmə alması” göstərilmişdir.

35. Göründüyü kimi, cavabdehin inzibati xəta üzrə icraat zamanı verdiyi məktubdakı mövqeyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 aprel 2019-cu il tarixli, 158 nömrəli Qərarının istinad olunan bəndi və tərəflər arasında bağlanmış müqavilənin 5.1-ci bəndi ilə ziddiyyət təşkil etmişdir.

36. Lakin apellyasiya instansiyası məhkəməsi iddiaçının ziyan tələbinə qiymət verərkən iddiaçının inzibati xətanın törədilməsində təqsirli bilinməsi ilə cavabdehin 2020-ci il 3 sentyabr tarixli müqavilənin 5.1-ci bəndi ilə üzərinə götürdüyü öhəliklərini yerinə yetirməsi arasında səbəbli əlaqənin olub-olmaması üzrə hər hansı hüquqi qiymətləndirmə aparmamış, bununla da, sübutların qiymətləndirilməsinə dair MPMnin 88-ci maddəsinin tələbləri pozulmuşdur. Həmin prossesual pozuntu, mübahisəli hüquq münasibətinə tətbiq edilməli maddi hüquq normasının da düzgün tətbiq edilməməsi ilə nəticələnmişdir.

37. Bundan əlavə məhkəmə kollegiyası qeyd etmişdir ki, işin müəyyən edilmiş, mübahisə edilməyən hallarına görə tərəflər arasında tullantı sularının axıdılması xidmətlərinə görə 2020-ci il 3 sentyabr tarixli müqavilə bağlansa da, iddiaçı müvafiq texniki şərt almadan həmin xidmətlərdən istifadə etmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının sözügedən tələbinə MM-in 21.3-cü maddəsinin tələbi nəzərə alınmaqla qiymət verilməlidir. Həmin maddənin tələbinə görə zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.

Proses iştirakçılarının izahatı

38. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iddiaçı və cavabdehin nümayəndələri məhkəmə iclasına gəlmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

39. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

40. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

41. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.

42. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

43. Maddə 398.1. Müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilir.

44. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 45.Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 46.Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

47. Maddə 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər.

48. Maddə 1097.5. Əgər zərər zərərçəkənin xahişi və ya razılığı ilə vurulmuşsa, onun əvəzini ödəməkdən imtina edilə bilər.

49. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

50. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

51. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

52. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

53. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 54.Maddə 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

55. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

56. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. 57.Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

58. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

59. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

60. Kollegiya ilk növbədə qeyd edir ki, iddiaçının iddia tələbi iki hissədən ibarətdir – tərəflər arasında bağlanmış 2020-ci il 3 sentyabr tarixli müqavilə üzrə tullantı sularının axıdılması xidmətlərinə görə ödənilmiş 4.886,07 manat pulun geri qaytarılması (birinci tələb) və iddiaçının inzibati xəta törədilməsində təqsirli olmasına görə ödənilmiş 7.500 manat cərimənin zərər şəklində cavabdehdən iddiaçının xeyrinə tutulması (ikinci tələb).

61. Birinci tələb üzrə işə baxan məhkəmələr iddianı təmin etməmiş və həmin hissədə kassasiya instansiya məhkəməsi məhkəmələrin mövqeyi ilə razılaşmışdır

62. Kassasiya instansiya məhkəməsi iddiaçının inzibati xəta törədilməsində təqsirli olmasına görə ödənilmiş 7.500 manat cərimənin zərər şəklində cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində məhkəmələrin gəldiyi nəticə ilə razılaşmamış və işi həmin hissədə baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərmişdir.

63. Odur ki, qətnamə qismən - iddiaçının inzibati xəta törədilməsində təqsirli olmasına görə ödənilmiş 7.500 manat cərimənin zərər şəklində cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

64. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməklə, qətnamə qismən ləğv edilməli və iddia tələbi yoxlanılan hissədə qismən təmin edilməlidir.

65. İddiaçının inzibati xətanın törədilməsində təqsirli bilinməsinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin 3(105)-540/2023 saylı, 2023-cü il 27 noyabr tarixli qərarı ilə müəyyən edilmişdir ki, iddiaçıya aid istehsal sahəsində formalaşan tullantı-çirkab suları təmizlənmədən birbaşa Acıdərə kanalına axıdılır. Həmin kanal isə Cavabdeh ASCnin balansında deyil, dənizə açılır. Bu zaman məhkəmə Cavabdeh ASC “Sumqayıt Sukanal İdarəsi” tərəfindən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə verilmiş 19 sentyabr 2023-cü il tarixli məktubda göstərilənləri nəzərə almışdır.

66. Həmin məktubda isə göstərilmişdir ki, sözügedən kanal (“Acıdərə”) “Sumqayıt Sukanal” idarəsinin balansında deyildir, kanal boyu obyektlərdə formalaşan tullantı sularının kanala axıdılmasına dair qeyri-yaşayış obyeklərinə tərəflərindən texniki şərt verilməmişdir.

67. Lakin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 aprel 2019-cu il tarixli, 158 nömrəli Qərarının 1.2-ci bəndinə görə, “Sumqayıt şəhərində Acıdərəcə kanalının inşası (1-ci mərhələ)” layihəsi çərçivəsində tikilmiş, ümumi dəyəri 1 855 000 manat olan 2,0 km uzunluğunda kanalizasiya kollektoru və 1 ədəd şlüzlü suqəbuledici kameranın dövlət vəsaitləri hesabına inşa edilən və Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən istismar olunan, texniki xidmət göstərilən dövlət əmlakının həmin Cəmiyyətin balansına verilməklə, onun nizamnamə kapitalına yönəldilməsi qərara alınmışdır.

68. Həmçinin iş üzrə tərəflər arasında bağlanmış 2020-ci il 3 sentyabr tarixli müqavilənin 5.1-ci bəndində müəssisənin istehlakçının kanalizasiya sisteminə axıtdığı tullantı sularının tərkibinə daim nəzarət etdiyi, limitdən artıq çirkləndirici maddələrin tullantı sularının tərkibində ətraf mühitə axıdılması aşkar edilərsə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin-nin 1992-ci il 3 mart tarixli 122 nömrəli Qərarına uyğun olaraq, istehlakçıdan əlavə “çirkləndirici maddələrin axılmasına görə ödəmə alması” göstərilmişdir.

69. Göründüyü kimi, cavabdehin inzibati xəta üzrə icraat zamanı verdiyi məktubdakı mövqeyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 aprel 2019-cu il tarixli, 158 nömrəli Qərarının istinad olunan bəndi və tərəflər arasında bağlanmış müqavilənin 5.1-ci bəndi ilə ziddiyyət təşkil etmişdir.

70. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 aprel 2019-cu il tarixli, 158 nömrəli Qərarına əsasən istehlakçı olan iddiaçı tərəfindən kanalizasiya sisteminə axıdılan tullantı sularının tərkibinə nəzarət etmək, həmçinin limitdən artıq çirkləndirici maddələrin axıdılmasına görə cavabdehin əlavə ödəniş alması öz təsdiqini tapmışdır.

71. Salananlardan belə aydın olur ki, kanalizasiya sisteminə axıdılan tullantı sularınının tərkibinə nəzarət etmək məhz cavabdeh təşkilatın vəzifəsidir.

72. Kollegiya hesab edir ki, bu hal məhz cavabdehin təqsiri üzündən baş vermişdir.

73. Qeyd edilənləri nəzərə alaraq kollegiya hesab edir ki, Sumqayıt şəhər Məhkəməsinin 2023-cü il 30 oktyabr tarixli 3(060)-2436/2023 nömrəli qərarı ilə İddiaçı MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 7.500 manat cərimə edilməsi məhz cavabdeh təşkilatın təqsirindən yaranmışdır. Ona görə də həmin zərərin əvəzi tələb etməkdə iddiaçı haqlıdır.

74. Nəzərə almaq lazımdır ki, cavabdeh ölkə ərazisində bu sahə üzrə təbii inhisarçıdır və bu kimi məsələlər cavabdehin məsuliyyətinə aid edilir.

75. Bununla belə, tərəflər arasında tullantı sularının axıdılması xidmətlərinə görə 2020-ci il 3 sentyabr tarixli müqavilə bağlansa da, iddiaçı bu müddət ərzində müvafiq texniki şərt almadan həmin xidmətlərdən istifadə etmişdir. Yəni, texniki şərt verilmədiyi halda cavabdeh iddiaçı təşkilatın kanalizasiya sisteminə qoşulmasını təmin etmişdir.

76. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının sözügedən tələbinə MMin 21.3-cü maddəsinin tələbi nəzərə alınmaqla qiymət verilməlidir.

77. Kollegiya hesab edir ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2- 2(113)-2065/2024 nömrəli qətnaməsi qismən - cavabdeh "xxxx" ASC-dən 7500 manat cərimə məbləğinin tutulması tələbinə aid hissədə ləğv edilməli və həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia tələbi qismən təmin edilməli, 3.500 manat məbləğində zərər cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

78. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 128 manat, apellyasiya və kassasiya şikayətlərinin verilməsinə görə hər biri 65 manat olmaqla, cəmi 258 manat dövlət rüsumu ödənilmişdir.

79. Nəzərə alınmalıdır ki, iddia tələbi cəmi 12386,07 manat olmuş (4886,07 + 7500), lakin onun cəmi 3500 manat hissəsi təmin edilmişdir. Belə olduqda isə iddia tələbinin təqribən 29 % hissəsi təmin edilmiş olur ki, bu da 258 manatın 74,82 manatını təşkil edir.

80. Hazırki kommersiya mübahisəsində araşdırma predmeti olmuş 3500 manat zərərin ödənilməsi, on min manatdan aşağı olduğuna görə qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmur.

81. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-2065/2024 nömrəli iş üzrə 24 may 2025ci il tarixli qətnaməsi qismən - cavabdeh "xxxx" ASC-dən 7500 manat cərimə məbləğinin tutulması tələbinə aid hissəsində ləğv edilsin, həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia qismən təmin edilsin. Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən dəymiş maddi zərərə görə 3500 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 74,82 manat olmaqla, cəmi 3574,82 manat tutularaq İddiaçınə ödənilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar