Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-738/2025 24.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Şirinovun sədrliyi və məruzəsi ilə, X7 və X1 ibarət tərkibdə, Eyvazlı Aytac Rafael qızının katibliyi, İddiaçı “İddiaçı” şirkətinin Cavabdeh MMC-yə qarşı “kontrafakt malların məhv olunması və kompensasiyanın ödənilməsi” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-1633/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. İşin Halları
1. Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin xx.xx.2021-ci il tarixli bildirişlərinə əsasən, Lacoste adına qeydiyyata alınan 437000 saylı “Lacoste” beynəlxalq əmtəə nişanı və təsviri olan əmtəə nişanı Əmtəələrin və Xidmətlərin Beynəlxalq Nitsa Təsnifatının 01,02,03,04 və digər sinifləri üzrə Azərbaycan Respublikası ərazisində 25 aprel 2028-ci il tarixinə qədər qüvvədədir..
Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı “İddiaçı” şirkəti Cavabdeh MMC-yə qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC tərəfindən Azərbaycan Respublikasına xx.xx.2024-cü il tarixli 12 saylı invoys sənədi ilə İran İslam Respublikasından 40AA741 dövlət nömrə nişanlı avtomobil nəqliyyatı vasitəsilə idxal olunmuş mallara gömrük nəzarəti altında baxış keçirilərkən və baxış zamanı **********6923 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş kontrafakt olması əlamətləri aşkar olunmuş “LACOSTE” əmtəə nişanlı malların (XİFMN üzrə malın adı və kodu: LACOSTE əmtəə nişanlı 133 kq-190 cüt ayaqqabılar, **********) ticarət dövriyyəsinə buraxılmadan məhv edilməsinə və Cavabdeh MMC 5000 manat məbləğində kompensasiya, 400 manat məbləğində hüquqi xidmət xərci, 1.600 manat məbləğində sənədləşmə işlərinin aparılması ilə bağlı pul vəsaiti, toplam 7000 manat məbləğində pul vəsaitinin “İddiaçı” Şirkətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-1633/2025 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh (VÖEN: **********) tərəfindən Azərbaycan Respublikasına xx.xx.2024-cü il tarixli 12 saylı invoys sənədi ilə İran İslam Respublikasından 40AA741 dövlət nömrə nişanlı avtomobil nəqliyyatı vasitəsilə idxal olunmuş, **********6923 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş kontrafakt olması əlamətləri aşkar olunmuş yalnız “Lacoste” əmtəə nişanlı mallar ticarət dövriyyəsinə buraxılmadan məhv edilməsi, hüquqi yardımla əlaqədar vəkilə çəkilmiş xərcin əvəzi olaraq 400 (dörd yüz) manat məbləğində pul Cavabdehndən tutularaq “İddiaçı” Şirkətinə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.
4. Cavabdeh MMC qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-1633/2025 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
5. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işə yalnız iddiaçı tərəfindən verilmiş sənəd və məlumatlara əsaslanaraq, iş üzrə tədqiq edilməli olan bütün halları müəyyən etmədən, iş üzrə əhəmiyyət kəsb edə biləcək faktiki hallara qiymət vermədən qətnamə qəbul etmişdir. Bildirilir ki, məhkəmə "xxxx" MMC tərəfindən Azərbaycan Respublikasına xx.xx.2024-cü il tarixli 12 saylı invoys sənədi ilə İran İslam Respublikasından 40AA741 dövlət nömrə nişanlı avtomobil nəqliyyatı vasitəsilə idxal olunmuş, **********6923 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş malların kontrafakt olması və məhv edilməsi əsası kimi, qətnamədə hər hansı mötəbər sübut və ya dəlil, konkret fakt göstərməmişdir. Bununla yanaşı bildirmək lazımdır ki, məhkəmə tərəfindən iş üzrə əhəmiyyət kəsb edən bütün hallara toxunulmamışdır. Belə ki, iş materiallarına əsasən, Cavabdeh "xxxx" MMC tərəfindən Azərbaycan Respublikasına idxal olunmuş və buraxılışı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən dayandırılmış "LACOSTE" əmtəə nişanlı kontrafakt əlamətli mallardan nümunənin götürülməsi ilə bağlı tərəflərin iştirakı ilə Gömrük nəzarəti altında olan mallardan prob və nümunələrin götürülməsi haqqında 23 noyabr 2024-cü il tarixli müvafiq Akt tərtib edimişdir. Hüquq sahibi "İddiaçı" Şirkətinin Etibarnamə əsasında hüquq məsələri üzrə Azərbaycandakı səlahiyyətli nümayəndəsi X3, Cavabdeh "xxxx" MMC tərəfindən Azərbaycan Respublikasına idxal olunmuş və buraxılışı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən dayandırılmış "LACOSTE" əmtəə nişanlı malların kontrafakt olub-olmaması barədə müvafiq rəyin verilməsi üçün hüquq sahibi "İddiaçı" Şirkətinin baş ofisinə müraciət etmiş və hüquq sahibi "İddiaçı" Şirkətinin ekspertləri tərəfindən buraxılışı dayandırılmış malların fotoşəkillərinə baxış keçirərək və malların müşayiətedici müvafiq məlumatlarını yoxlayaraq, buraxılışı dayandırılmış həmin malların kontrafakt olması faktını təsdiqləmişlər. Bildirilir ki, qətnamə ilə iddia ərizəsinin təmin edilmə əsası, yəni malların kontrafakt olması- yalnız iddiaçı şirkətin ekspertləri tərəfindən təyin edilmiş ekspert rəyinə əsaslanır. Lakin aydındır ki, burada ekspert rəyi qərəzli, tam obyektiv deyildir və mübahisə doğurandır, çünki normal şəraitdə iddiaçı öz əleyhinə - malların kontrafakt olmaması barədə rəy verməz, lakin məhkəmə tərəfindən ümumiyyətlə ekspert rəyinə hər hansı münasibət bildirilməmişdir, buda qətnamənin əsassızlığının digər sübutudur. Belə ki, qüvvədə olan Mülki Prosessual Məcəllə və digər qanunvericilik aktlarına əsasən qətnamənin qanunsuz və əsassız olması onun ləğvi üçün əsasdır. AR Konstitusiyası və qanunlarına əsasən, Hər bir kəsin işinə qanunla müəyyən edilmiş məhkəmədə ədalətli, qərəzsiz, obyektiv baxılması hüququ vardır. Lakin yuxarıda qeyd edilən hallardan aydın göründüyü üzrə məhkəmə tərəfindən iş üzrə əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmadan, tərəflərin hüququ bərabərliyi prinsipi pozularaq, iddiaçının mövqeyinə üstünlük verilərək, onun məhkəməyə təqdim etdiyi sübut və dəlillərin həqiqiliyi müəyyən edilmədən, iş üzrə hərtərəfli, aydın, tam araşdırılma aparılmadan qətnamə qəbul edilmişdir. Göstərilənləri nəzərə alaraq hesab edilir ki, qətnamə qanunsuz və əsassız olduğundan ləğv edilməli və iddia təmin edilməməlidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
6. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
7. Tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
8. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
9. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının Qanunu:
10. 1-ci maddəsinə əsasən əmtəə nişanı — sahibkarın əmtəələrini və ya xidmətlərini digər sahibkarın əmtəələrindən və ya xidmətlərindən fərqləndirən və qrafik təsvir edilən nişan və ya nişanların hər hansı bir uzlaşmasıdır (kombinasiyasıdır).
11. 4-cü maddəsinə əsasən Əmtəə nişanı kimi sözlər, şəxsi adlar, hərflər, rəqəmlər, təsviri elementlər, əmtəələrin forması və ya onların qablaşdırılması, rənglərin və yuxarıda göstərilənlərin hər hansı uzlaşması qeydə alına bilər.
12. 25-ci maddəsinə əsasən Əmtəə nişanının qüvvədə olduğu müddətdə nişan sahibinin Azərbaycan Respublikasının ərazisində onun barəsində sərəncam verməyə və ondan istifadə etməyə müstəsna hüququ vardır. Qeydiyyata alınmış əmtəə nişanının sahibi razılığı olmadan ona məxsus əmtəə nişanının əhatə etdiyi əmtəə və ya xidmətlərlə eyni, yaxud onlara oxşar əmtəə və ya xidmətlər üçün eyni və ya oxşar əmtəə nişanından (işarədən) üçüncü şəxsin ticarətdə istifadə etməsinin qarşısını almaqda müstəsna hüquqa malikdir (əgər belə istifadə nəticəsində əmtəə və ya xidmətlərin qarışdırılma ehtimalı yaranırsa). Eyni işarə eyni əmtəə və ya xidmətlərdə istifadə olunduqda qarışdırma ehtimalı yaranmış hesab edilir.
13. 32-ci maddəsinə əsasən Bu Qanunun 25-ci və 26-cı maddələrinə uyğun olaraq əmtəə nişanı sahibinin razılığı olmadan ondan istifadə edilməsi qeydə alınmış əmtəə nişanına dair hüquqların pozulması sayılır.
14. 34-cü maddəsinə əsasən əmtəə nişanından və coğrafi göstəricidən qanunsuz olaraq qismən və ya tamamilə istifadə edən hüquq sahibinin tələbi ilə istifadəyə son qoymalı və nişan sahibinə dəyən ziyanı ödəməlidir.
15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
16. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
17. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
18. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
19. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
20. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslılığı iddianın təmin edilən hissəsində yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
23. İşin müəyyən olunmuş hallarına əsasən, Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin malların buraxılışının məcburi dayandırılması haqqında xx.xx.2024-cü il tarixli Qərarından görünür ki, Cavabdeh MMC tərəfindən Azərbaycan Respublikasına xx.xx.2024-cü il tarixli 12 saylı invoys sənədi ilə İran İslam Respublikasından 40AA741 dövlət nömrə nişanlı avtomobil nəqliyyatı vasitəsilə idxal olunmuş mallara gömrük nəzarəti altında baxış keçirilmişdir. Baxış zamanı **********6923 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş “Lacoste” əmtəə nişanlı malların kontrafakt olması əlamətləri aşkar olunmuş və malların buraxılışı 10 iş günü müddətinə dayandırılması, dayandırılmanın səbəbləri barədə ərizəçi “Lacoste” şirkətinin etibarnamə əsasında səlahiyyətli nümayəndəsinə və bəyannaməçiyə dərhal yazılı bildirişin göndərilməsi qərara alınmışdır.
24. Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə ərizəçi və bəyannaməçiyə gömrük nəzarətinin həyata keçirilməsi zamanı malların pirat və kontrafakt olamsını təsdiqləyən əlamətlər: baxış zamanı 133 kq Lacoste əmtəə nişanlı ayaqqabılarının aşkar olunması və malların xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək buraxılışının dayandırılması barədə bildiriş göndərilmişdir.
25. Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin malların buraxılışının dayandırılmasının uzadılması haqqında xx.xx.2024-cü il tarixli Qərarına əsasən Cavabdeh MMC tərəfindən Azərbaycan Respublikasına xx.xx.2024-cü il tarixli 12 saylı invoys sənədi ilə İran İslam Respublikasından 40AA741 dövlət nömrə nişanlı avtomobil nəqliyyatı vasitəsilə idxal olunmuş mallara gömrük nəzarəti altında baxış keçirilmişdir. Baxış zamanı **********6923 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş “Lacoste” əmtəə nişanlı malların buraxılışının dayandırılması daha 10 iş günü müddətinə uzadılmışdır və bu barədə də, bildiriş göndərilmişdir.
26. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd etmək istəyir ki,cavabdeh şikayətdə malların kontrafakt olmasını sübuta yetirilməməsini qeyd etsədə, birinci instansiya məhkəməsində icraat zamanı cavabdehin nümayəndəsi malların kontrafakt olmasını etiraf etmiş, ehtiyacı olan şəxslərə verilməsini xahiş etmişdir.
27. Göründüyü kimi, cavabdehin apellyasiya şikayəti formal xarakter daşıyır. Malların kontrafakt olması iş materialları, iddiaçı və cavabdeh tərəfin etirafı ilə sübuta yetirilmişdir.
28. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
29. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.
30. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi: Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-1633/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.