Məhkəmə qərarları › İş №2-2(103)-747/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-747/2023

19.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-747/2023 19.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X8 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdeh nümayəndəsi Nümayəndə1 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı “pulun tutulması” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin 06 iyun 2023-cü il tarixli, e-2-2(113)-1397/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh AR FHN-dən 21.099,65 ABŞ dolları, daxili yükdaşımalar üzrə isə 17.020,12 manat əsas borc, 76.690 manat məbləğində dəbbə pulunun, ilkin mediasiya sessiyasında iştirak ilə bağlı ödənilmiş 410 manat dövlət rüsumunun, həmçinin dövlət büdcəsinə köçürülmüş 9,58 manat, cəmi 129.999,11 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2018-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır və Sifarişçinin mülkiyyətçisi və ya mülkiyyətçinin səlahiyyətli nümayəndəsi olduğu yükü daşınması ilə bağlı işləri və xidmətləri yerinə yetirməyi (nəqliyyat-ekspeditor xidmətlərinin göstərilməsi), habelə, yükün çatdırılması üçün lazım olan digər xidmətləri göstərir. AR FHN Dövlət X4 müvafiq yüklərin dəmir yolu vasitəsi ilə daşınması məqsədi ilə Ekspeditor ilə 25 avqust 2021-ci il tarixli ALM-086/3 saylı nəqliyyat ekspedisiya müqaviləsi imzalanmışdır, bununla da müqavilənin şərtlərinə uyğun olaraq yerləşdirilmiş sorğuya əsasən ekspeditora işlərin ilkin dəyərinin 100% əvvəlcədən ödənişini etməklə görülmüş işlərin və xidmətlərin vaxtında təhvil alınması və ödənilməsi üzrə öhdəliyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin şərtlərinə əsasən ekspeditor sifarişçinin təqdim etdiyi sifarişlər üzrə əməliyyatların (bundan sonra “Xidmətlər” adlandırılacaq) icrasını və ya icrasının təşkilini, sifarişçi isə sifariş edilən xidmətlərin dəyərini ekspeditor tərəfindən hesab-faktura təqdim edilən andan dərhal, hər bir halda Xidmətlərin göstərilməsinin başlamasına 3 (üç) təqvim günü qalmış, ekspeditorun bank hesabına 100% öncədən və işlərin görülməsi faktı üzrə ekspeditor tərəfindən sifariş üzrə yekun hesab-faktura təqdim edilir, İşlərin faktiki dəyəri ilə avans ödənişi məbləği arasındakı fərq Sifarişçi tərəfindən hesab-fakturanın təqdim edilməsi andan etibarən 3 bank günü ərzində ödəməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 4.1-ci maddəsinə əsasən hər bir sifarişin icra olunması üzrə ekspeditor elektron poçt vasitəsilə sifarişçiyə görülmüş işlər və xidmətlər aktının elektron sürətini göndərir. 5 iş günündən gec olmayaraq, Sifarişçi, elektron poçt vasitəsilə, təsdiqlənmiş aktın sürətini göndərir, yaxud, həmin müddət ərzində, akt üzrə əsaslandırılmış etiraz təqdim edir. AR FHN Dövlət X2 ayrıayrı tarixlərdə üzləşmə aktını imzalamış, son olaraq isə mühasib Quliyev Z.R tərəfindən 27 aprel 2022-ci il tarixli yük daşımaları üzrə Üzləşmə aktını imzalamışdır. Həmin aktla tərəflər ekspeditor tərəfindən xx.xx.2022-ci il tarixinə 21.099,65 ABŞ dolları, daxili yükdaşımalar üzrə isə 17.020,12 manat məbləğində daşımaların həyata keçirilməsini, cavabeh isə daşınmaların müqabilində yaranmış borc məbləğinin ödənilmədiyini təsdiqləmişdir. Tərəflər arasında imzalanmış müqaviləyə istinad edilməklə AR FHN Dövlət X3, AR FHN-nə müxtəlif tarixlərdə borcun ödənilməsinə dair xəbərdarlıqlar və tələblər, məsələnin məhkəmədənkənar həll edilməsinə dair məktublar göndərilmiş, lakin cavabdeh müxtəlif bəhanələri əsas tutaraq borcun ödənilməsindən yayınmaqdadır. Həmin müqavilənin 5.2-ci maddəsinə əsasən daşınma üçün təqdim edilmiş hesab-fakturalar üzrə hər gecikdirilmiş gün üçün hesab-faktura məbləğinin 0,5% miqdarında gecikmə cəriməsi nəzərdə tutulmuşdur. 30 yanvar 2023-cü il tarixə cavabdehə 76.690 manat məbləğində dəbbə pulu hesablanmışdır.

3. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim edərək, iddianın rədd edilməsini xahiş etmiş və etirazını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 54.1-ci maddəsinə əsasən hüquqi şəxsin idarəetmə, sosial-mədəni və ya digər qeyri-kommersiya xarakterli funksiyaların həyata keçirilməsi üçün yaratdığı təşkilat idarə sayılır. Həmin Məcəllənin 54.4-cü maddəsinə müvafiq olaraq İdarənin öhdəlikləri üçün məsuliyyət idarəni yaratmış hüquqi şəxsin üzərinə düşür. Qeyd olunan maddi hüquq normasından məlum olduğu kimi, Cavabdeh yalnız hər hansı bir qurumu yaradarsa onun öhdəlikləri üzrə məsuliyyət daşıya bilər. Azərbaycan Respublikası Prezidentinin 16 dekabr 2005-ci il tarixli Sərəncamı ilə Dövlət X4 Cavabdeh tabeliyində fəaliyyət göstərsə də, sözügedən agentlik Nazirliyin müvafiq aktına əsasən deyil, Azərbaycan Respublikası Prezidentinin 16 dekabr 2005-ci il tarixli Sərəncamı əsasında yaradılmışdır. Bu səbəbdən də, Cavabdeh həmin agentliyin öhdəliklərinə cavabdeh qurum deyil. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin 07 oktyabr 2021-ci il tarixli Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin yaradılması haqqında Fərmanına əsasən Azərbaycan Respublikası Cavabdeh Dövlət X2 əsasında “Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyi” publik hüquqi şəxs yaradılmış və Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyi “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı günədək Azərbaycan Respublikası Cavabdeh Dövlət X2 öz fəaliyyətini davam etdirməsi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyi” publik hüquqi şəxsin “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun ilə müəyyən edilmiş qaydada 2022-ci ilin 11 fevral tarixində dövlət qeydiyyatına alındığına görə hazırkı tələb üzrə cavabdeh mövcud deyil.

4. Bakı Kommersiya Məhkəməsinin 06 iyun 2023-cü il tarixli, e-2-2(113)-1397/2023 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.

5. İddiaçı MMC apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-1397/2023 nömrəli qətnaməsini ləğv edərək, iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ödənilməmiş borcun qalması mübahisəli hal deyil və mövcud olmasına müvafiq üzləşmə aktları, elektron-qaimə fakturalar və cavabdeh tərəfindən edilən ödənişlərlə sübuta yetirilir. Belə ki, xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli üzləşmə aktlarında göstərilmişdir ki, cavabdehin beynəlxalq yükdaşımaları üzrə 21 099,65 ABŞ dolları, daxili yük daşımalar üzrə isə 17 020,12 AZN məbləğində borcu ödənilməmiş olaraq qalmışdır. - Həmçinin aşağıda qeyd olunan cədvəldə X5 Agentliyinə təqdim edilmiş yekun hesab fakturalar, elektron qaimə fakturalar və qarışılığında ödənilmiş məbləğlər göstərilmişdir. xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli üzləşmə aktlarını borcun mövcud olmasını təsdiq edən sənədlər kimi qəbul edilməlidir. Belə ki, Cavabdeh rəsmi domenində yerləşən elektron poçt ünvanından (Elektron ünvan 1) Agentliyin ləğvi ilə əlaqədar və xx.xx.2021-ci il tarixindən sonrakı ayların üzləşmə və müvafiq olaraq təhvil-təslim aktlarını təqdim etməməyimiz xahiş olunmuşdur. Elektron məhkəmə sistemində həmin e-mail yazışmanın yüklənməsi mümkün olmamışdır və bu üzdən həmin sübutun faktiki olaraq müvafiq kompyuter vasitəsi ilə İddiaçı MMC-nin rəsmi domenində yerləşən elektron poçt ünvanına daxil olmasını məhkəməyə canlı olaraq sübuta yetirilmişdir. Lakin məhkəmə həmin halı öz qətnaməsində qeyd etməmişdir. Agentliyin ləğvetmə komissiyasının üzvü tərəfindən sonuncu üzləşmə və təhvil-təslim aktların imzalanması, sonuncunun Cavabdeh tərəfindən agentliyin ləğvi prosesi ilə bağlı yaradılan komissiyanın üzvü kimi təyin olması - özündə FHN-in səlahiyyətli şəxs olmasını göstərir və borcun mövcud olmasını təsdiq edir. Əlavə olaraq qeyd etmək istərdik ki, xx.xx.2021-ci il tarixində Cavabdeh rəsmi domenində yerləşən elektron poçt ünvanından (Elektron ünvan 1) gələn elektron məktubda qeyd edilmişdir ki, “Agentliyin ləğvi ilə əlaqədar Üzləşmə aktı təqdim etməməyiniz xahiş olunur. YeniAgentlik fəaliyyətə başladıqda bu məsələləri həlledərik”. Bundan əlavə cavabdehin təqdim etdiyi Cavabdeh 05 aprel 2022-ci il tarixli əmrə əsasən Azərbaycan Respublikası Cavabdeh Dövlət X1 ləğv edilməsi üzrə müvafiq ləğvetmə komissiyasının yaradılmışdır. Həmin komissiyanın üzvlərindən biri isə Dövlət X1 Maliyyə şöbəsinin müdiri Zakir Quliyev təyin edilmişdir. Həmin ləğvetmə komissiyasına verilən tapşırıqlarında biri də, maliyyə balansın tərtib olunması idi. 2022-ci il aprel ayında yuxarıda adıçəkilən şəxs İddiaçı MMC-nin ofisinə dəvət olunmuşdur və müvafiq olaraq xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli üzləşmə və təhvil-təslim aktları təqdim olunmuşdur, lakin Zakir Quliyevin bildirdiyinə görə Agentliyin möhürü ləğv olunduğu üçün üzləşmə aktların Agentliyin Sədri tərəfindən imzalanması qeyri-mümkündür və həmin sənədləri özü şəxsən imzalamışdır. Əlavə olaraq onuda qeyd etmək istərdik ki, Zakir Quliyev digər imzalanmış üzləşmə aktlarında və həmçinin mübahisə edilən müqavilədə səlahiyyətli nümayəndələrdən savayı həmçinin şəxsən imzası ilə viza qoymuşdur. Odur ki, FHN tərəfindən ləğvetmə komissiyasının yaradılması, onun tərkibində xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli üzləşmə və təhvil-təslim aktlarını imzalamış şəxsin, yanı Zakir Quliyevin olması məhkəmə tərəfindən lazımi diqqət verilməmişdir. Məhkəmə belə nəticəyə gəlmişdir ki, yalnız xx.xx.2021-ci il tarixədək olan üzləşmə, təhvil-təslim aktları cavabdehin iddiaçıya olan borcunun məbləğini təsdiq edən sənədlərdir. Məhkəmə araşdırmanı tam araşdırmamış, xx.xx.2021-ci il tarixdən sonrakı dövrdə tərəflər arasında yazışmaları, Dövlət X1 əməkdaşı (Zakir Quliyev) tərəfindən yuxarıda qeyd olunan sənədlərin göndərilməməsi barədə elektron məktubu (elektron poçt vasitəsi ilə), Agentliyin ləğvetmə komissiyası yaradıldıqdan sonra xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli üzləşmə və təhvil-təslim aktların imzalanmasına (ləğvetmə komissiyasının üzvü tərəfindən borcun qəbul edilməsi) nəzər yetirməmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

7. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

8. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi və izahatında qeyd etdi ki, tərəflər arasında xx.xx.2021-ci il tarixdə Nəqliyyat ekspedisiya xidmətlərin görülməsinə dair ALM-086/3 saylı müqavilə imzalanmışdır. Müqavilə şərtlərinə uyğun olaraq, tərəflərindən qeyd olunan işlər görülmüş, xidmətlər göstərilmişdir. AR FHN Dövlət X2 ayrı-ayrı tarixlərdə Üzləşmə aktını imzalamış, son olaraq isə mühasib Quliyev Z.R tərəfindən 27 aprel 2022-ci il tarixli yük daşımaları üzrə üzləşmə aktını imzalamışdır. Həmin aktla tərəflər ekspeditor tərəfindən xx.xx.2022-ci il tarixinə 21 099,65 ABŞ dolları, daxili yükdaşımalar üzrə isə 17020,12 AZN məbləğində daşımaların həyata keçirilməsini, cavabeh isə daşınmaların müqabilində yaranmış borc məbləğinin ödənilmədiyini təsdiqləmişdirlər. Belə ki, dekabr, yanvar ayları üçün qarşı tərəf sifarişlər vermiş, lakin həmin müddət borc ödənilməmiş qalmışdır. xx.xx.2022-ci il tarixli təhvil-təslim aktları və xx.xx.2022-ci il tarixli üzləşmə aktları isə Dövlət X2 adından Agentliyin baş mühasibi vəzifəsində işləmiş, Zakir Quliyevin imzası ilə təsdiq edilmiş, lakin üzərinə möhür vurulmamışdır. Hesab edirik ki, Agentliyin ləğvetmə komissiyasının üzvü tərəfindən sonuncu üzləşmə və təhvil-təslim aktların imzalanması, sonuncunun Cavabdeh tərəfindən agentliyin ləğvi prosesi ilə bağlı yaradılan komissiyanın üzvü kimi təyin olması - özündə FHN-in səlahiyyətli şəxs olmasını göstərir və borcun mövcud olmasını təsdiq edir. Əlavə olaraq qeyd etmək istərdik ki, xx.xx.2021-ci il tarixində Cavabdeh rəsmi domenində yerləşən elektron poçt ünvanından gələn elektron məktubda qeyd edilmişdir ki, “Agentliyin ləğvi ilə əlaqədar üzləşmə aktı təqdim etməməyiniz xahiş olunur. Yeni agentlik fəaliyyətə başladıqda bu məsələləri həll edərik”. Bundan əlavə cavabdehin təqdim etdiyi Cavabdeh 05 aprel 2022-ci il tarixli əmrinə əsasən Azərbaycan Respublikası Cavabdeh Dövlət X1 ləğv edilməsi üzrə müvafiq ləğvetmə komissiyasının yaradılmışdır. Həmin komissiyanın üzvlərindən biri isə Dövlət X2 maliyyə şöbəsinin müdiri Zakir Quliyev təyin edilmişdir. Həmin ləğvetmə komissiyasına verilən tapşırıqlarında biri də, maliyyə balansın tərtib olunması idi. 2022-ci il aprel ayında yuxarıda adıçəkilən şəxs İddiaçı MMC-nin ofisinə dəvət olunmuşdur və müvafiq olaraq xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli üzləşmə və təhvil-təslim aktları təqdim olunmuşdur, lakin Zakir Quliyevin bildirdiyinə görə agentliyin möhürü ləğv olunduğu üçün üzləşmə aktların agentliyin sədri tərəfindən imzalanması qeyri-mümkündür və həmin sənədləri özü şəxsən imzalamışdır. Əlavə olaraq onuda qeyd etmək istəyir ki, Zakir Quliyev digər imzalanmış üzləşmə aktlarında və həmçinin mübahisə edilən müqavilədə səlahiyyətli nümayəndələrdən savai həmçinin şəxsən imzası ilə viza qoymuşdur.

9. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi və izahatında bildirdi ki, Azərbaycan Respublikası Prezidentinin 07 oktyabr 2021-ci il tarixli Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin yaradılması haqqında Fərmanına əsasən Azərbaycan Respublikası Cavabdeh Dövlət X2 əsasında “Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyi” publik hüquqi şəxs yaradılmış və Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyi “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı günədək Azərbaycan Respublikası Cavabdeh Dövlət X2 öz fəaliyyətini davam etdirməsi müəyyən edilmişdir. Qarşı tərəfin qeyd etdiyi məqama münasibətdə bildirim ki, təhvil-təslim aktlarını imzlayan Z.Quliyev agentlikdə baş mühasib vəzifəsində çalışıb. Üzləşmə aktlarında olan imzaların Z.Quliyevə məxsus olması ilə bağlı da şübhələri var. Həmçinin, sənəddə Z.Quliyevin imzası olsa da möhürlənməmişdir. Həmçinin, aktlar imzalanan vaxt agentlik artıq fəaliyyət göstərmişdi, belə ki, hüquqi şəxslərin dövlət reyestrində qeydiyyata alınmışdır. Z.Quliyev ləğvetmə komissiyasının tərkibində idi. Müqavilə əsasında daşıma həyata keçirilib və ödəniş edilib, borc mövcud deyil. Odur ki, qarşı tərəfin sübutları mötəbər deyil.

TƏTBİQ EDİLƏN HÜQUQ

10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 850.1-ci maddəsinə əsasən yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür.

11. Həmin Məcəllənin 852.1-ci maddəsinə əsasən ekspeditor üçüncü şəxslər (daşıyıcılar) vasitəsilə yüklərin ilkin yerindən təyinat yerinə daşınmasını öz adından, lakin yük göndərənin hesabına təşkil edən şəxsdir.

12. Həmin Məcəllənin 852.4-cü maddəsinə əsasən ekspeditorun öz xidmətləri üçün muzd almaq və yük göndərən üçün çəkdiyi xərclərin əvəzinin ödənilməsi hüququ vardır.

13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

14. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

15. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

16. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

17. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi əsassızdır.

18. İlk növbədə qeyd edilməlidir ki, hazırkı iş üzrə Dövlət X2 öhdəliklərinə görə cavab verməli olan şəxs onun struktur bölməsi olduğu və bilavasitə tabeçiliyində olduğu hüquqi şəxs statuslu qurum, yəni Cavabdeh olduğundan iddia cavab verməli olan şəxsə yönəldilmişdir.

19. İddiaçı MMC (ekspeditor) ilə Azərbaycan Respublikası Cavabdeh Dövlət X4 (müştəri) arasında xx.xx.2021-ci il tarixdə bağlanmış ALM-086/3 saylı nəqliyyatekspedisiya xidmətləri üzrə müqaviləsinin 1.1-ci bəndinə əsasən bu müqavilənin şərtlərinə uyğun olaraq, ekspeditor müştərinin mülkiyyətçisi və ya mülkiyyətçinin səlahiyyətli nümayəndəsi olduğu yükü daşınması ilə bağlı işləri və xidmətləri yerinə yetirməyi (nəqliyyat-ekspeditor xidmətlərinin göstərilməsi), habelə, yükün çatdırılması üçün lazım olan digər xidmətləri göstərməyi öhdəsinə götürür, məsələn (siyahı məhdudlaşdırılmır): Bütün növ dəmir yol stansiya xidmətləri (yüklərin yüklənməsi və göndərilməsi üçün sənədin alınması, vaqonların/nəqliyyat vasitələrinin verilməsi-götürülməsi, nəqliyyat sənədlərinin tərtib olunması, stansiya xidmətləri üzrə ödənişin (yüklərin/vaqonların/nəqliyyat vasitələrinin saxlanılmasına görə, vaqonların/ nəqliyyat vasitələrinin boş dayanmasına görə cərimələrin) edilməsi daxil olmaqla), mühafizə, yükləmə-boşaltma xidmətləri; - Gömrük rəsmiləşdirilməsi və/və ya digər rəsmiliklər; - Keyfiyyət və kəmiyyət ölçüləri - Yükün/malın saxlanması/anbara yığılması; - Yüklərin/malların yenidən yüklənməsi; -Tərəflərin razılaşdırdığı xidmət növləri

20. Müqavilənin 1.2-ci bəndinə görə müştəri görülmüş işlərin və xidmətlərin bu müqavilənin şərtlərinə uyğun olaraq vaxtında təhvil alınması və ödənilməsi üzrə öhdəliyi öhdəsinə götürür.

21. Müqavilənin 2.1.1-ci bəndinə əsasən ekspeditor müştəri (müştərinin səlahiyyətli şəxsi) tərəfindən verilmiş yüklərə, son yük qəbul edənə və ya müştərinin sifarişində (bundan sonra "Sifariş" adlandırılacaq) qeyd olunan digər məntəqəyə çatdırılması üçün nəqliyyat-ekspedisiya xidmətlərinin göstərilməsi üzrə öhdəliyi üzərinə götürür.

22. Müqavilənin 3.5-ci bəndinə əsasən: a) Tərəflər arasında başqa cür razılaşdırılmayıbsa, müştəri ekspeditora işlərin ilkin dəyərinin 100%-ni ekspeditor tərəfindən proforma hesab-fakturanın təqdim etmə tarixindən etibarən 3 (üç) gün ərzində köçürür. b) İşlərin görülməsi faktı üzrə ekspeditor tərəfindən sifariş üzrə yekun hesabfaktura təqdim edilir, işlərin faktiki dəyəri ilə avans ödənişi məbləği arasındakı fərq müştəri tərəfindən hesab-fakturanın təqdim edilməsi andan etibarən 3 (üç) bank günü ərzində ödənilməlidir.

23. Müqavilənin 3.6-cı bəndinə əsasən Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə nəzərdə tutulan müddət ərzində, ekspeditor müştəriyə yekun hesabfakturaları təqdim edir.

24. Müqavilənin 4.1-ci bəndinə əsasən hər bir sifarişin icra olunması üzrə ekspeditor elektron poçt vasitəsilə müştəriyə görülmüş işlər və xidmətlər aktının elektron surətini göndərir. 5 (beş) iş günündən gec olmayaraq, müştəri, elektron poçt vasitəsilə, müştərinin səlahiyyətli şəxsi tərəfindən imzalanmış və möhürlə bərkidilmiş aktın surətini göndərir, yaxud, həmin müddət ərzində, akt üzrə əsaslandırılmış etiraz təqdim edir. Tutuşdurma aktında təqdim olunan xidmətlər üzrə tam məlumat olmalıdır ki, bura keçid kodları, nəqliyyat vasitələrinin növləri, nömrələri və mənsubiyyəti, əmtəə-nəqliyyat qaimələrinin nömrələri, göndəriş və təyinat məntəqələri, yükün təsviri və XİF ƏN kodları, brutto çəkiləri daxildir.

25. Müqavilənin 5.2-ci bəndinə görə bu müqavilədə qeyd olunan ödəniş müddətləri pozulduğu zaman ekspeditor müvafiq ödənişin daxil olma anına qədər işlərin görülməsini başlamamaq və onların görülməsini dayandırmaq hüququndadır, bu zaman müştəri ekspeditora ödənişin gecikdirilməsi ilə bağlı bütün itkiləri kompensasiya etməyi öhdəsinə götürür. Hesab fakturaların müüəyyən edilmiş müddət ərzində ödənilməsində gecikdirmələr halında, müştəri ekspeditora ödənişin gecikdirildiyi hər gün üçün ödənilməmiş hesab-fakturaların məbləğinin 0,5% məbləğində penya ödəyir.

26. Müqavilənin 7.6-cı bəndinə əsasən bu müqavilə tərəflərin səlahiyyətli nümayəndələri onu imzaladıqdan sonra qanuni qüvvəyə minir və xx.xx.2023-cü ilədək daxil olmaqla etibarlıdır. 7.7-ci bəndinə əsasən bu müqavilə tərəflərin istənilən biri tərəfindən, pozmaq niyyəti barədə ən azı 30 (otuz) təqvim günü öncədən xəbərdar etməklə, müştəri tərəfindən ekspeditorun bütün xərclərinin kompensasiya edilməsi şərti ilə, pozula bilər.

27. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

28. İddiaçı MMC ilə Azərbaycan Respublikası Cavabdeh Dövlət X4 arasında bağlanmış xx.xx.2021-ci il tarixli ALM-086/3 saylı müqavilə üzrə xx.xx.2021-xx.xx.2022-ci il tarixinə (yük daşımaları üzrə) xx.xx.2022- ci il tarixli qarşılıqlı üzləşmə aktından görünür ki, aktda ALM-086/3 saylı müqavilə üzrə göstərilmiş beynəlxalq yükdaşıma xidmətləri ilə bağlı sonuncu dəfə xx.xx.2022-ci ildə 167.181,64 ABŞ dolları, ümumilikdə 501.799,35 ABŞ dolları məbləğində ödəniş edildiyi və xx.xx.2022-ci il tarixə Azərbaycan Respublikası Cavabdeh Dövlət X2 İddiaçı MMC-yə olan borcunun 21.099,65 ABŞ dolları məbləğində olması qeyd edilmişdir. Üzləşmə aktı İddiaçı MMC-nin imzası və möhürü, Azərbaycan Respublikası Cavabdeh Dövlət X4 (rəis Nicat Əliyev qeyd edilsə də, Quliyev Z.H) tərəfindən imzalanmaqla təsdiq edilmişdir.

29. İddiaçı MMC ilə Azərbaycan Respublikası Cavabdeh Dövlət X4 arasında bağlanmış xx.xx.2021-ci il tarixli ALM-086/3 saylı müqavilə üzrə xx.xx.2021-xx.xx.2022-ci il tarixinə daxili daşınma üzrə xx.xx.2022-ci il tarixli qarşılıqlı üzləşmə aktından görünür ki, aktda ALM-086/3 saylı müqavilə üzrə göstərilmiş daxili yükdaşıma xidmətləri ilə bağlı xx.xx.2022-ci il tarixə Azərbaycan Respublikası Cavabdeh Dövlət X2 İddiaçı MMC-yə olan borcunun 17.020,12 manat məbləğində olması qeyd edilmişdir. Üzləşmə aktı İddiaçı MMC-nin imzası və möhürü, Azərbaycan Respublikası Cavabdeh Dövlət X4 (rəis Nicat Əliyev qeyd edilsə də, Quliyev Z.H) tərəfindən imzalanmaqla təsdiq edilmişdir.

30. xx.xx.2022-ci il tarixli 150422-45Feb saylı işlərin təhvil-təslim aktından görünür ki, xx.xx.2021-ci il tarixli ALM-086/3 saylı müqaviləyə əsasən icraçı (ekspeditor) - İddiaçı MMC tərəfindən sifarişçi (müştəri) - Dövlət X3 01- xx.xx.2022-ci illəri əhatə edən dövr üzrə beynəlxalq yük daşıma xidmətlərinə görə ümumilikdə göstərilmiş xidmətlərin cəmi dəyəri 145.580,33 ABŞ dolları təşkil edir. Akt İddiaçı MMC-nin imzası və möhürü, Azərbaycan Respublikası Cavabdeh Dövlət X4 (Quliyev Z.H) tərəfindən imzalanmaqla təsdiq edilmişdir.

31. xx.xx.2022-ci il tarixli 150422-45Feb/1 saylı işlərin təhvil-təslim aktından görünür ki, xx.xx.2021-ci il tarixli ALM-086/3 saylı müqaviləyə əsasən icraçı (ekspeditor) - İddiaçı MMC tərəfindən sifarişçi (müştəri) - Dövlət X3 01- xx.xx.2022-ci illəri əhatə edən dövr üzrə daxili yük daşıma xidmətlərinə görə ümumilikdə göstərilmiş xidmətlərin cəmi dəyəri 6.841,06 manat təşkil edir. Akt İddiaçı MMC-nin imzası və möhürü, Azərbaycan Respublikası Cavabdeh Dövlət X4 (Quliyev Z.H) tərəfindən imzalanmaqla təsdiq edilmişdir.

32. İddiaçı MMC tərəfindən Azərbaycan Respublikası Cavabdeh Dövlət X3 elektron poçt vasitəsinə təqdim edilmiş xx.xx.2021-ci il tarixli, İNV-F-2111-0032 nömrəli hesabfakturadan (final-invoys) görünür ki, həmin invoys əsasında xx.xx.2021-ci il tarixli ALM- 086/3 saylı nəqliyyat-ekspedisiya xidmətinə dair müqavilə üzrə 2021-ci ilin sentyabr ayı üzrə beynəlxalq yük daşıma xidmətlərinin ümumi dəyəri 22.046,73 ABŞ dolları təşkil edir.

33. İddiaçı MMC tərəfindən Azərbaycan Respublikası Cavabdeh Dövlət X3 elektron poçt vasitəsinə təqdim edilmiş xx.xx.2021-ci il tarixli, İNV-F-2112-0027 nömrəli hesabfakturadan (final-invoys) görünür ki, həmin invoys əsasında xx.xx.2021-ci il tarixli ALM- 086/3 saylı nəqliyyat-ekspedisiya xidmətinə dair müqavilə üzrə 2021-ci ilin oktyabr ayı üzrə beynəlxalq yükdaşıma xidmətlərinin ümumi dəyəri 69.736,19 ABŞ dolları təşkil edir.

34. İddiaçı MMC tərəfindən Azərbaycan Respublikası Cavabdeh Dövlət X3 elektron poçt vasitəsinə təqdim edilmiş xx.xx.2021-ci il tarixli, İNV-F-2112-0028 nömrəli hesabfakturadan (final-invoys) görünür ki, həmin invoys əsasında xx.xx.2021-ci il tarixli ALM- 086/3 saylı nəqliyyat-ekspedisiya xidmətinə dair müqavilə üzrə 2021-ci ilin oktyabr ayı üzrə daxili yük daşıma xidmətlərinin ümumi dəyəri (ƏDV daxil) 1.602,2 manat təşkil edir.

35. İddiaçı MMC tərəfindən Azərbaycan Respublikası Cavabdeh Dövlət X3 elektron poçt vasitəsinə təqdim edilmiş xx.xx.2022-ci il tarixli, İNV-F-2201-0007 nömrəli hesabfakturadan (final-invoys) görünür ki, həmin invoys əsasında xx.xx.2021-ci il tarixli ALM- 086/3 saylı nəqliyyat-ekspedisiya xidmətinə dair müqavilə üzrə 2021-ci ilin noyabr ayı üzrə beynəlxalq yük daşıma xidmətlərinin ümumi dəyəri 47.852,94 ABŞ dolları təşkil edir.

36. İddiaçı MMC tərəfindən Azərbaycan Respublikası Cavabdeh Dövlət X3 elektron poçt vasitəsilə göndərilmiş xx.xx.2021-ci il tarixli üzləşmə aktından görünür ki, həmin tarixə Agentliyin MMC qarşısındakı daxili yükdaşımalar üzrə borcu 1602,20 manat təşkil etmişdir. Akt İddiaçı MMC tərəfindən imza və möhürlə təsdiq edilmişdir.

37. İddiaçı MMC tərəfindən Azərbaycan Respublikası Cavabdeh Dövlət X3 elektron poçt vasitəsilə göndərilmiş xx.xx.2021-ci il tarixli üzləşmə aktından görünür ki, həmin tarixə Agentliyin MMC qarşısındakı beynəlxalq yükdaşımalar üzrə borcu 58.766,46 ABŞ dolları təşkil etmişdir. Akt İddiaçı MMC tərəfindən imza və möhürlə təsdiq edilmişdir.

38. İddiaçı MMC tərəfindən Azərbaycan Respublikası Cavabdeh Dövlət X3 təqdim edilən xx.xx.2022-ci il tarixli, İNVPre-2202-0004 nömrəli hesab-fakturadan (avans-invoys) görünür ki, həmin invoys əsasında xx.xx.2021-ci il tarixli ALM-086/3 saylı nəqliyyatekspedisiya xidmətinə dair müqavilə üzrə yükdaşıma xidmətləri üçün avans ödənişinin ümumi dəyəri 167.181,64 ABŞ dolları təşkil edir.

39. "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli 000AZİ********** nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı MMC-nin hesabına 137.477,98 manat xx.xx.2021-ci il tarixli 000AZİ********** nömrəli ödəniş tapşırığından görünür İddiaçı MMC-nin hesabına 124.807,59 manat, "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli 000AZİ********** nömrəli ödəniş tapşırığından görünür İddiaçı MMC-nin hesabına 306.564,54 manat, "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli 000AZİ********** nömrəli ödəniş tapşırığından görünür İddiaçı MMCnin hesabına 284.208,79 manat məbləğində pul vəsaiti köçürülmüşdür.

40. 26.10.2021-ci il-xx.xx.2022-ci il-ci il tarixləri arası dövrdə sifarişçi (müştəri)- Azərbaycan Respublikası Cavabdeh Dövlət X4 ilə (Elektron ünvan 1;Elektron ünvan 3) icraçı (ekspeditor)-İddiaçı MMC (Elektron ünvan 4) arasında aparılmış “e-mail” yazışmaları ilə təsdiq edilir ki, həmin dövrlərdə icraçı (ekspeditor) tərəfindən müvafiq olaraq 2021-ci ilin iyul, sentyabr, oktyabr, noyabr ayları üzrə final-invoys və üzləşmə aktları sifarişçiyə (müştəri) göndərilmiş, üzləşmə aktlarının imzalanıb 5 iş günü ərzində icraçıya geri qaytarılması xahiş edildiyi bildirilmişdir.

41. İddiaçı MMC tərəfindən verilmiş maliyyə arayışında qeyd edilmişdir ki, xx.xx.2021-ci il tarixli ALM-086/3 saylı nəqliyyat ekspedisiya müqaviləsi üzrə Azərbaycan Respublikası Cavabdeh Dövlət X4 xx.xx.2021- xx.xx.2022-ci illər üzrə 522.899 ABŞ dolları məbləğində beynəlxalq yükdaşıma xidmətləri sifariş etmiş, əvəzində isə cəmi 501.799,35 ABŞ dolları ödəniş etmiş, 17.020,12 manat məbləğində isə daxili yükdaşıma xidmətləri sifariş etmiş, əvəzində isə heç bir ödəniş etməmişdir. Hazırki gündə Azərbaycan Respublikası Cavabdeh Dövlət X2 daxili yükdaşıma xidmətləri üzrə 17.020,12 manat, beynəlxalq yükdaşıma xidmətləri üzrə isə 21.099,15 ABŞ dolları məbləğində borc öhdəliyi mövcuddur.

42. Azərbaycan Respublikası Cavabdeh xx.xx.2022-ci il tarixli 018 nömrəli əmrindən görünür ki, Azərbaycan Respublikası Cavabdeh Dövlət X2, onun tabeliyində olan Taxıl fondu üzrə idarənin, “Qaya”, “Qala” və “Qoşqar” Kombinantlarının ləğv edilməsi üzrə adları və vəzifələri qeyd edilmiş tərkibdə Ləğvetmə Komissiyası yaradılmışdır.

43. “Ədliyyə” qəzetinin aprel 2022-ci il tarixli 04 (217) nömrəli buraxılışından görünür ki, Azərbaycan Respublikası Cavabdeh Dövlət X4, onun tabeliyində olan Taxıl fondu üzrə idarə, “Qaya”, “Qala” və “Qoşqar” Kombinantları ləğv olunduğunu elan edir və kreditorlardan bu elan dərc olunduqdan sonra 60 gün ərzində təşkilata olan tələblərini bildirmələri xahiş edilmişdir.

44. 29.09.2022-ci il tarixli aktdan görünür ki, Azərbaycan Respublikası Cavabdeh xx.xx.2022-ci il tarixli 018 nömrəli əmri ilə yaradılmış təhvil-təslim komissiyasının sədri və üzvləri Azərbaycan Respublikası Cavabdeh Dövlət X2 balansında olan dövlət əmlakının bir qismini (Agentliyin tabeliyində olan Taxıl fondu üzrə idarənin, “Qaya”, “Qala” və “Qoşqar” Kombinantlarının bir sıra əmlakları) Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinə təhvil vermişdir. Akt Azərbaycan Respublikası Cavabdeh təhvil-təslim komssiyasının sədri və üzvləri (o cümlədən Dövlət X2 Maliyyə şöbəsinin müdiri Zakir Quliyev) tərəfindən imzalanmaqla təsdiq edilmişdir.

45. Göründüyü kimi iddiaçı "xxxx" MMC ilə Cavabdeh Dövlət X4 arasında nəqliyyat ekspedisiyası müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə "xxxx" MMC tərəfindən Dövlət X2 sifarişləri əsasında yükdaşıma xidmətləri göstərilmiş, Agentlik tərəfindən isə göstərilmiş xidmətlərin dəyərindən ödənişlər edilmişdir.

46. "xxxx" MMC ilə Dövlət X4 arasında əvvəllər yükdaşıma müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətlərinin yaranması, həmin müqaviləyə əsasən "xxxx" MMC tərəfindən Dövlət X3 yükdaşıma xidmətlərinin göstərilməsi və həmin xidmətlərə görə haqqın Dövlət X4 tərəfindən ödənilməsi işin mübahisəsiz halıdır.

47. Hazırda mübahisələndirilən hal Dövlət X2 müqavilə üzrə göstərilmiş xidmətlərə görə "xxxx" MMC-yə ödənilməmiş borcunun olub-olmamasıdır.

48. Mübahisəli borcun mövcudluğunu təsdiq etmək üçün iddiaçı "xxxx" MMC tərəfindən məhkəməyə xx.xx.2021-xx.xx.2022-cı il tarixləri arasında dövrdə beynəlxalq və dövlətdaxili daşımalar üzrə Dövlət X2 sifarişləri əsasında göstərilmiş xidmətlər və həmin xidmətlərə görə xidmət haqqı barədə arayışlar, iddiaçı tərəfindən cavabdehin səlahiyyətli şəxslərinin elektron poçt ünvanlarına göndərilmiş 2021-ci ilin oktyabr-noyabr ayları üçün üzləşmə aktları və təhvil-təslim aktları, eyni zamanda xx.xx.2022-ci il tarixli təhvil-təslim aktları və xx.xx.2022-ci il tarixli üzləşmə aktları təqdim edilmişdir.

49. Agentliyə elektron poçt vasitəsinə göndərilmiş təhvil-təslim və üzləşmə aktları 2021-ci il noyabr ayının sonuna qədər olan dövrü əhatə edir. 2021-ci ilin noyabr ayı üzrə tərtib edilmiş aktlara əsasən xx.xx.2021-ci il tarixə X2 iddiaçıya daxili yükdaşımalara görə 1602,20 manat və beynəlxalq yükdaşımalara görə 58.766,46 ABŞ dolları məbləğində borcunun olması müəyyən edilir.

50. İddiaçı "xxxx" MMC isə xx.xx.2021-ci il tarixdən sonra Agentliyin yükdaşımalarla bağlı verdiyi sifarişləri, eləcə də həmin sifarişlər əsasında göstərilmiş xidmətlərin həcmini və dəyərini təsdiq edən mötəbər sənədləri təqdim etməmişdir.

51. Arayışlar iddiaçı tərəfindən tərtib edilmiş birtərəfli sənəd olmaqla xidmətlərin göstərilməsi və borcun olması faktını təsdiq edən sübut kimi qəbul etmək üçün kifayət deyildir.

52. xx.xx.2022-ci il tarixli təhvil-təslim aktları və xx.xx.2022-ci il tarixli üzləşmə aktlarının mötəbər sübut qismində qiymətləndirilməsinə münasibətdə isə birinci instansiya məhkəməsi düzgün olaraq qiymət verərək bildirmişdir ki, həmin aktlar Dövlət X2 adından Agentliyin baş mühasibi vəzifəsində işləmiş, Zakir Quliyevin imzası ilə təsdiq edilmiş, lakin üzərinə möhür vurulmamışdır. Dövlət X2 bazasında yaradılmış PHŞ xx.xx.2022-ci il tarixdən dövlət qeydiyyatına alındığından AR Prezidentinin xx.xx.2021-ci il tarixli fərmanının müddəalarına uyğun olaraq həmin tarixdən Cavabdeh Dövlət X2 fəaliyyətinə xitam verilmişdir. Odur ki, həmin tarixdən sonrakı dövrdə tərtib edilərək imzalanmış təhviltəslim aktları və üzləşmə aktları mövcud olmayan Agentliyin baş mühasibi tərəfindən deyil, Cavabdeh səlahiyyətli şəxsləri tərəfindən imzalanmalı idi.

53. Odur ki, hazırda Agentliyin xx.xx.2021-ci il tarixə X2 iddiaçıya daxili yükdaşımalara görə 1602,20 manat və beynəlxalq yükdaşımalara görə 58.766,46 ABŞ dolları məbləğində borcunun olması öz təsdiqini tapsa da, həmin tarixdən sonra Agentlik tərəfindən iddiaçı "xxxx" MMC-yə həmin məbləğdən daha yüksək məbləğdə - 715.580,92 manat məbləğində pul vəsaitinin ödənildiyinindən hazırda Cavabdeh mübahisəli müqavilə üzrə "xxxx" MMC-yə borcunun olması iş materialları ilə təsdiq olunmur.

54. İddianın dəbbə pulunun tutulması tələbinə dair hissəsinə münasibətdə qeyd edilməlidir ki, əsas borca münasibətdə iddia tələbi təmin edilmədiyindən, dəbbə pulunun tutulması tələbinə dair iddia da əsassızdır.

55. Ona görə də kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsi barədə düzgün nəticəyə gəlmişdir.

56. Bu baxımdan, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

57. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402.1ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 06 iyun 2023-cü il tarixli, e-2-2(113)-1397/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Aida Hüseyn Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar