Məhkəmə qərarları › İş №2-2(103)-760/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-760/2022

22.07.2022 · Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-760/2022 22.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X11 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 826/5-207/2007 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 14 noyabr 2007-ci il tarixli qətnaməsindən iş üzrə tərəf olmayan X20 tərəfindən verilmiş apellyasiya şikayətini nəzərdən keçirib, m ü ə y y ə n e t d i: İddiaçı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhər, 36-cı məhəllədə Sülh küçəsi ilə Dostluq küçəsinin kəsişməsində tikilməkdə olan yaşayış binasının sökülməsini cavabdehin vəsaiti hesabına həyata keçirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 14 noyabr 2007-ci il tarixli 826/5-207/2007 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Maraqlı şəxslər X21, X4, X1, X30, X12, X2, X13, X22, X14, X28, X23, X15, X16, X17, X24, X29, X9, X25, X3, X5, X10, X31, X34 həmin qətnamədən apellyasiya şikayətləri vermişlər. Bakı Apellyasiya Məhkəməsi İMDİÜK-nın 16 iyul 2008-ci il tarixli 2-1(103)-261/2008 saylı qətnaməsi ilə apellyasiya şikayətlərinin təmin edilməməsi və Azərbaycan Respublikası 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 14 noyabr 2007-ci il tarixli 826/5- 207/2007 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Cavabdeh, maraqlı şəxslər X18, X2 və qeyriləri həmin qətnamədən kassasiya şikayətləri vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsi İqtisadi Mübahisələrə Dair İşlər üzrə Məhkəmə Kollegiyasının 31 oktyabr 2008-ci il tarixli 2-1(102) 247/08 saylı qərarı ilə kassasiya şikayətləri təmin olunmamış və Bakı Apellyasiya Məhkəməsi İMDİÜK-nın 16 iyul 2008-ci il tarixli 2-1(103)-261/2008 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra iş üzrə tərəf olmayan X20 Azərbaycan Respublikası 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 14 noyabr 2007-ci il tarixli 826/5-207/2007 saylı qətnaməsindən apelyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, qətnamədən verilən apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və şikayətin geri qaytarılması üçün mülki işin materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarından görünür ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tələbi təmin olunmuş, maraqlı şəxslər həmin qətnamə ilə razılaşmayaraq ondan apellyasiya şikayəti vermişlər, Bakı Apelyasiya Məhkəməsi qətnaməyə hüquqi qiymət verərək apelyasiya şikayətlərinin təmin edilməməsi və qətnamənin dəyişdirilmədən saxlanılması nəticəsinə gəlmiş, eyni zamanda həmin qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. İş üzrə tərəf olmayan X20 isə apellyasiya şikayəti verərək, Azərbaycan Respublikası 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 14 noyabr 2007-ci il tarixli 826/5-207/2007 saylı qətnaməsini mübahisələndirmişdir. Göründüyü kimi Azərbaycan Respublikası 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 14 noyabr 2007-ci il tarixli 826/5-207/2007 saylı qətnaməsinə artıq yuxarı instansiya məhkəmələri tərəfindən baxılaraq hüquqi qiymət verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Apelyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadında qeyd olunmuşdur ki, apelyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin (və ya tərəflərin) apelyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apelyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir. Məhkəmə aktlarının apelyasiya qaydasında yoxlanılmış hissələrindən verilmiş apelyasiya şikayəti (və ya şikayətləri) apelyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə əsasən qeyri-mümkün hesab edilməlidir. Qeyd olunanları və “M.İbrahimovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 iyun 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 iyun 2017-ci il tarixli qərarında əks olunmuş hüquqi mövqeyi nəzərə alaraq kollegiya hesab edir ki, hazırkı işə X7 apellyasiya şikayətinə əsasən yenidən apellyasiya qaydasında baxıla bilməz. Mülki Prosessual Məcəllənin 366.2-ci maddəsində isə təsbit olunmuşdur ki, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o qəbul olunmamış hesab edilə bilər. Bundan əlavə Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Göründüyü kimi kommersiya mübahisələri üzrə bütün sənədlərin, o cümlədən, şikayətin məhkəməyə göndərilməsi və qəbulu “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməlidir. Sözügedən norma kommersiya mübahisələri üzrə iddia ərizəsinin (ərizənin), şikayətin və ona əlavə edilmiş sənədlərin məhkəməyə göndərilməsinin başqa qaydasını nəzərdə tutmur. İş üzrə tərəf olmayan X20 isə prosessual qanunvericiliyin qeyd olunan tələbinə zidd olaraq, qətnamədən verdiyi apellyasiya şikayətini Bakı Kommersiya Məhkəməsinə elektron kabinet vasitəsilə göndərməmişdir. Həmçinin Mülki Prosessual Məcəllənin 361.1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir. Mülki Prosessual Məcəllənin “Apellyasiya şikayətinin forması” adlı 2 saylı Əlavəsində müəyyən edilmişdir ki, apellyasiya şikayətinin maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər hissəsində şikayət olunan qətnamə və ya qərardad çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia edilən hər bir maddi hüquq norması sıralanmaqla göstərilməlidir. Göstərilmiş hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir. Apellyasiya şikayətinin prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər hissəsində şikayət edilən qətnamə və ya qərardad çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia olunan hər bir prosessual hüquq norması sıralanmaqla göstərilməlidir. Göstərilmiş hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir. Apellyasiya şikayəti verən şəxsin tələbi hissəsində isə apellyasiya şikayəti verən şəxs özünün tələblərini aydın göstərməli, yəni, məhkəmə aktının tam və ya qismən ləğv edilməsinə və yaxud dəyişdirilməsinə və mübahisənin həlli ilə bağlı nə barədə qərarın qəbul edilməsinə dair tələblərini dəqiq bildirməlidir. Lakin iş üzrə tərəf olmayan X20 prosessual qanunvericiliyin qeyd olunan tələbinə zidd olaraq, şikayəti həmin formaya uyğun tərtib etməmişdir. Mülki Prosessual Məcəllənin 363.1 və 363.1.1-1-ci maddələrində isə təsbit olunmuşdur ki, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Qeyd olunanları nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 366.2-ci maddəsinin tələblərini rəhbər tutaraq kollegiya hesab edir ki, hazırkı işə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 366 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 826/5-207/2007 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 14 noyabr 2007-ci il tarixli qətnaməsindən iş üzrə tərəf olmayan X20 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. İş materialları birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən on gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar