Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-762/2024 19.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Şirinovun sədrliyi və məruzəsi ilə, İbrahim Adil oğlu İbrahimli və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, Eyvazlı Aytac Rafael qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı QSC cavabdeh Techicon FZE Şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı podrat müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-1117/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı QSC cavabdeh Techicon FZE Şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli, TECH-TUR-HVAC-001 saylı podrat müqaviləsinin ləğv edilməsi, cavabdehdən 238,498 ABŞ dolları, pulun qanunsuz saxlanılmasına görə 11,924.9 ABŞ dolları, hüquqi yardımın göstərilməsi məqsədilə 520 manat, mübahisənin mediasiya ilə həll edilməsi məqsədilə ödənilmiş 400 manat, 330 manat dövlət rüsumu olmaqla, cəmi 250.422.9 ABŞ dolları və 1250 manat məbləğində pulun tutularaq iddiaçı "xxxx" QSC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Daha sonra iddiaçı iddia tələbinin həcminin azaldılması ilə bağlı məhkəməyə müraciət edərək, cavabdehdən 238,498 ABŞ dolları, pulun qanunsuz saxlanılmasına görə 11,924.9 ABŞ dolları, hüquqi yardımın göstərilməsi məqsədilə 520 manat, mübahisənin mediasiya ilə həll edilməsi məqsədilə ödənilmiş 400 manat, 330 manat dövlət rüsumu olmaqla, cəmi 250.422.9 ABŞ dolları və 1250 manat məbləğində pulun tutularaq İddiaçı QSCyə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-1117/2024 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdeh Techicon FZE Şirkətinin Azərbaycan Respublikasındakı filialından 238,498 ABŞ dolları, pulun qanunsuz saxlanılmasına görə 11,924.9 ABŞ dolları, hüquqi yardımın göstərilməsi məqsədilə 520 manat, mübahisənin mediasiya ilə həll edilməsi məqsədilə ödənilmiş 400 manat, 330 manat dövlət rüsumu olmaqla, cəmi 250.422.9 (iki yüz əlli min dörd yüz iyirmi iki dollar doqquz sent) ABŞ dolları (ödəniş Azərbaycan manatı ilə Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi məzənnəyə əsasən) və 1250 (min iki yüz əlli) manat məbləğində pul tutularaq İddiaçı QSC-yə ödənilməsi qət edilmişdir.
4. Cavabdeh Techicon FZE Şirkətinin Azərbaycan Respublikasındakı filialı qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-1117/2024 nömrəli qətnaməsinin ləğv edillməsini, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
5. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır: cavabdeh tərəfin qaldırdığı iddia tamamilə əsassızdır. Biz birinci instansiya məhkəməsində iştirak edə bilməmişik. Birinci instansiya məhkəməsi iddianı doğru, düzgün araşdırmadan iddia tələbinin təmin edilməsi barədə yekun məhkəmə aktı qəbul etmişdir. İddiaçı tərəf iddianı sübut edəcək məhkəməyə yeganə elektron qaimələr göndərmişdir. Bildirmək istəyirik ki, elektron qaimələr tərəfimizdən təsdiqlənməmişdir. O cümlədən Məhkəmə Kollegiyasının nəzərinə çatdırırıq ki, xidmətlərin-təhvil qəbul aktı yoxdur, bizə hər hansı xidmət təhvil verilməyib. Hesab edirik ki, İddiaçı QSC-nin iddia tələbi tamamilə əsassızdır. "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialına xidmətlər təhvil verilməyib. Digər tərəfdən İddiaçı QSC iddia edir ki, cəmi 250.422.9 ABŞ dolları və 1250 manat məbləğində pul "xxxx" Şirkətini Azərbaycan Respublikasındakı Filialının onlara borcu vardır. Biz bu iddianı tamamilə rədd edirik. Bununla razılaşmırıq. Ona görə ki, tamamilə absurddur. Həqiqətə uyğun deyildir. Həmçinin birinci instansiya məhkəməsinin qəbul etdiyi yekun məhkəmə aktını əsassız hesab edir və apellyasiya instansiya məhkəməsi tərəfindən işə yenidən baxılaraq yekun məhkəmə aktı qəbul edilməsini tələb edir. Hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmaqla qətnamə qəbul etmişdir. Ona görə ki, məhkəmə yalnız İddiaçı QSC-nin iddiasının təmin olunması istiqamətində işlər görmüşdür. Cavabdeh "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı məhkəmədə təmsil olunmamışdır. Ona görə ki, məhkəmə bildirişlərini almamışıq. İştirakı olmadan məhkəmə iddiaçının həqiqətə uyğun olmayan iddia tələbinə baxaraq əsassız qətnamə qəbul etmişdir. Bu da açıq-aşkar qanunun tələblərinə ziddir. Gəlin bunu dərindən araşdıraq və analiz edək. Birinci instansiya məhkəməsi haradan bildi ki, həqiqətən xidmətlər “Technicon FZE Şirkətinin Azərbaycan Respublikasındakı Filialının səlahiyyətli şəxsi tərəfindən qəbul edilmiş, təhvil alınmış, imzalanmış və möhürlənmişdir? Bu məqam da daha ciddi şəkildə araşdırılmalıdır. Məhkəmə kollegiyasının nəzərinə çatdırırıq ki, iddia tamamilə əsassızdır. Birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə əsassızdır. İddiaçı QSC-nin "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialından hər hansı alacağı yoxdur. İddiaçı tərəfin əlindəki mötəbər sübut nədir? Müqavilə? Elektron qaimələr? Hər bağlanmış müqaviləyə görə ödəniş edilmir. Hər imzalanmış sənədlərə görə də qərar qəbul edilmir. Həmin sənədlər məhkəmə tərəfindən ciddi şəkildə araşdırılmalıdır. Bağlanmış müqavilə öhdəliyi gərək icra olunsun ki, ondan sonra ödəniş edilsin. Təhviltəslim aktları yoxdur. Bu məsələ araşdırılmalıdır. Hər göndərilən elektron qaiməyə görə ödəniş edilir ki? Gərək həmin qaimənin aktı, hesabatı verilsin ki, ödəniş olunsun da. Bunların yazdıqlarına qalsaydı min dənə belə uydurma iddialar qaldırılıb məhkəmələr tərəfindən təmin edilərdi. Amma iddiaçı tərəfin iddiası ağ yalandır, cəfəngiyatdır, uydurma iddiadır. Hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi yekun məhkəmə aktı tamamilə əsasssızdır və ləğv edilməlidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
6. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
7. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etmişdir.
8. Cavabdeh tərəf məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
9. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
10. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
11. Həmin Məcəllənin 752.1-ci maddələrinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
12. Həmin Məcəllənin 755-ci maddəsinə uyğun olaraq, müəyyən hallar istisna olmaqla podratçı işlərin görülməsi üçün üçüncü şəxsləri (subpodratçıları) cəlb edə bilər. Bu halda podratçı ilə işlərin görülməsi üçün cəlb edilmiş üçüncü şəxslər arasında subpodrat müqaviləsi bağlanır. Hər iki müqavilə (podrat və subpodrat müqaviləsi) əlaqəli olsa da, onlar bir-birindən ayrı və müstəqil müqavilə hesab olunurlar.
13. Həmin Məcəllənin 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun.
14. Həmin Məcəllənin 762.2-ci maddəsinə əsasən podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır.
15. Həmin Məcəllənin 762.3-cü maddəsinə əsasən podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur.
16. Həmin Məcəllənin 763.1-ci maddəsinə əsasən əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər.
17. Həmin Məcəllənin 765-ci maddəsinə əsasən məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur.
18. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
20. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslılığı tam yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.
23. Hazırki işin müəyyən edilmiş halları ondan ibarətdir ki, tərəflər arasında xx.xx.2020-ci il tarixdə TECH-TUR-HVAC-001 nömrəli subpodrat müqaviləsi bağlanmış, həmin müqavilənin tələblərinə uyğun olaraq iddiaçı tərəfindən ümumilikdə ******* ABŞ dolları tikinti quraşdırma işləri həyata keçirilmiş və bununla bağlı iddiaçı tərəfindən müvafiq elektron-qaimələr və təhvil-təslim aktları cavabdehə göndərilmişdir. İş materiallarına əlavə edilmiş 8 nömrəli (cavabdeh tərəfindən imzalanmaqla təsdiq edilmişdir) və 9 nömrəli təhvil aktlarından da iddiaçı tərəfindən müqavilə üzrə öhdəliklərin lazımı qaydada icra edilməsini görmək mümkündür. Lakin cavabdeh xx.xx.2022-ci il tarixli, EBCH seriyalı 107415 nömrəli elektron qaimə-fakturaya əsasən 357089.83 manat və xx.xx.2023-cü il tarixli, EBDS seriyalı 904900 nömrəli elektron qaiməyə əsasən 48357.92 manat olmaqla, ümumilikdə 405447.75 manat (238.498 ABŞ dolları) məbləğində ödənişi həyata keçirməmişdir. Belə ki, işə əlavə edilmiş ödəniş tapşırıqlarından da görünür ki, cavabdeh sonuncu dəfə ödənişi xx.xx.2022-ci il tarixdə həyata keçirmişdir.
24. İddia tələbi təqdim edilən müqavilə, müqaviləyə əlavələr, ödəniş tapşırıqları, elektron-qaimələr, təhvil-təslim aktları və digər sənədlərlə sübuta yetirilmişdir.
25. Məhkəmə müvafiq qanunvericilik normalarını, eləcə də cavabdeh tərəfindən öz öhdəliklərinin icra edilmədiyini, belə olan halda isə iddiaçının tərəflər arasında bağlanmış müqavilənin icrasını cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab etmişdir ki, cavabdehdən 238,498 ABŞ dolları manat məbləğində əsas borc məbləği tutularaq iddiaçıya ödənilməlidir. Bundan əlavə iddiaçının iddia tələbində ödənilməli olan borc məbləğinin qanunsuz saxlanılmasına görə xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək illik 5 faiz hesablanmaqla cavabdehdən 11924.9 ABŞ dolları məbləğində pulun tutulmasını tələb etməsini məhkəmə əsaslı hesab etmişdir.
26. Apellyasiya şikayətində qeyd olunmuşdur ki, təhvil təslim aktları təqdim edilməyib və elektron qaimələr onlar tərəfindən təsdiq edilməyib. Lakin iş materiallarına nəzər saldıqda tam əksi aydın olur. Belə ki, təhvil təslim aktları iş materiallarında mövcuddur. Həmçinin elektron qaimələr elektron qaydada cavabdeh tərəfindən təsdiq edilmişdir. Bundan başqa iş materiallarında cavabdeh tərəfindən ödənişlərin edilməsini təsdiq edən ödəniş tapşırıqları iddiaçının tələbini təsdiq edir.
27. Məhkəmə kollegiyası qeyd edir ki, iş materialları ilə cavabdehin üzərinə düşən öhdəliyi yerinə yetirməməsi təsdiq olunmuşdur. Odur ki, cavabdehin dəlilləri əsaslı hesab edilə bilməz.
28. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
29. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.
30. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh Techicon FZE Şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-1117/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.