Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-765/2025 23.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi Mənzil Tikinti Kooperativinin (Maraqlı şəxs olmaqla) müflis elan edilməsi barədə ərizəsi üzrə (Açar sözlər: müflis elan edilməsi; ödəmə qabiliyyətinin olmaması) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər Şirinov Ziya Allahverdi oğlu, X5 ibarət tərkibdə, məhkəmə iclas katibi Məhərrəmova Günel Elman qızının katibliyi ilə Ərizəçi MTK-nın (Maraqlı şəxs olmaqla) “müflis elan edilməsi barədə” ərizəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 25 aprel 2025-ci il tarixli qətnaməsindən Ərizəçi MTK tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. Ərizəçi MTK (bundan sonra “MTK” adlandırılacaq) 03 dekabr 2004-ci ildə 0104-P84-41594 qeydiyyat № ilə AR Ədliyyə Nazirliyi HŞDQÜ Bakı Bölgə Şöbəsi tərəfindən dövlət qeydiyyatına alınıb və ilkin pay fondu 5 000 000 manat (hazırda 1000 AZN ekvivalentində) müəyyən edilib.
2. 01 dekabr 2004-cü il tarixində "xxxx" MMC, Maraqlı şəxsB, Kərimov E.N, Bünyadov Ş.D, Abdullayev R.S tərəfindən Kooperativ üzvlərinin ümumi yığıncağında Ərizəçi Nizamnaməsi təsis edilmişdir.
3. Təsisçilər və nizamnamə kapitalında payların miqdarı haqqında məlumata əsasən, "xxxx" MMC (Ədliyyə Nazirliyinin Bakı bölgə şöbəsində 10 mart 2004-cü il tarixdə, 0103-P7-37387 saylı şəhadətnamə ilə qeydə alınıb) – 1 000 000 manat, Maraqlı şəxs – 1 000 000 manat, X10 – 1 000 000 manat, X6 – 1 000 000 manat, X2 – 1 000 000 manat nizamnamə kapitalında payları müəyyən edilmişdir. Ümumi yığıncağın 01 dekabr 2004-cü il tarixli qərarına əsasən, X1 sədri təyin edilmişdir.
4. Yasamal Rayon Məhkəməsinin 26 yanvar 2023-cü il tarixli qətnaməsi ilə Maraqlı şəxs iddiası qismən təmin olunaraq ünvan 1 ünvanında inşa edilən 17 mərtəbəli yaşayış binasının qeyri-yaşayış sahəsinə görə ödənilmiş 238 100 manat məbləğində pul, hüquqi yardıma görə 50 manat və 430 manat dövlət rüsumunun, cəmi 238 580 manat MTK-dan tutularaq iddiaçı Maraqlı şəxs ödənilməsi qət edilib və iddia qalan hissədə təmin olunmayıb.
5. Bakı Apellyasiya Məhkəməsinin 07 iyun 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmadan və Yasamal Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılıb.
6. Həmin iş üzrə Yasamal rayon məhkəməsi tərəfindən 04 noyabr 2023-cü il icra vərəqəsi verilib və icra olunması üçün Yasamal rayon İcra şöbəsinə göndərilib. Yasamal rayon İcra Şöbəsi icra vərəqəsinin icrasının təmin olunması üçün müvafiq sorğular verərək, Ərizəçi MTK-nın tələb yönəldilə bilən pul vəsaitinin və əmlakının olmadığını müəyyən edib.
7. Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru tərəfindən 04 sentyabr 2023-cü il tarixli tələbin könüllü icrası barədə bildiriş cavabdeh (ərizəçi) MTKnın rəhbəri X3 tərəfindən 12 sentyabr 2023-cü il tarixində şəxsən imza etməklə qəbul edilmişdir.
8. 23 yanvar 2024-cü il tarixli Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla Baş İdarəsi tərəfindən verilmiş Hüquqi şəxsin fəaliyyətinin dayandırılması barədə arayışa əsasən, Ərizəçi MTK (VÖEN: **********) vergi ödəyicisinin (filialın, nümayəndəliyin, təsərrüfat subyektinin (obyektinin)) fəaliyyətinin və digər vergi tutulan əməliyyatların müvəqqəti olaraq dayandırılması barədə vergi ödəyicisi tərəfindən qərar qəbul edilmişdir. Fəaliyyətin və əməliyyatların dayandırıldığı tarix 29 mart 2023-cü il, fəaliyyətin va əməliyyatların bərpa ediləcəyi tarix 29 mart 2028-cü il müəyyən edilmişdir.
9. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi Daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş 24 yanvar 2024-cü il tarixli arayışa əsasən, MTK-nın adına Respublika ərazisi üzrə daşınmaz əmlakın mövcudluğuna dair daşınmaz əmlak aşkar edilməmişdir.
10. MTK üzvlərinin Ümumi Yığıncağının 16 fevral 2024-cü il tarixli qərarı ilə audit hesabatı nəzərə alınaraq MTK ödəmə qabiliyyəti olmayan (müflis) sayılıb və qanunvericilikdə nəzərdə tutulmuş qaydada iflas prosesinə başlanılması üçün məhkəməyə müraciət edilməsi qərara alınıb.
11. 28 yanvar 2024-cü il tarixli X4 əsasən, Azərbaycan Respublikası Auditorlar Palatasının xx.xx.2022-ci il tarixli AT/250 №-li icazəsi üzrə fəaliyyət göstərən sərbəst auditor X7 “ FLEXAUDİT" MMC firması ilə bağlanmış 22 sentyabr 2022-ci il tarixli 202180203/1 saylı müqaviləyə əsasən əmək müqaviləsi əsasında MTK-nın 2021-2023cü illər üzrə vergi ödəyicisinin təsərrüfat fəaliyyətinin bütün sahələri üzrə təqdim edilmiş və əldə edilmiş sənədlər üzrə hesabatlarına baxış keçirilmiş, müəssisənin ödəmə qabiliyyəti, vergi dövrünün hesabatları, kadr sənədlərinin yoxlanılması, müssissənin əsas vəsaitləri, mal-material ehtiyyatlarının auditi, debitor-kreditorlarla hesablaşmaların auditi pul vəsaitlərinin auditi aparılmişdır.
12. Audit 25 yanvar 2024-cü il tarixdə başlanmış və 28 yanvar 2024-cü il tarixdə başa çatmışdır. Verilmiş rəyə əsasən, təqdim edilmiş sənədlərin və aparılan hesablamaların araşdırılması zamanı müəyyən edilmişdir ki, MTK-da yoxlanılan dövr üzrə müəssisənin heç bir təsərrüfat fəaliyyəti olmamışdır. Eyni zamanda əldə edilən müəsisəyə dair digər elektron sənəd daşıyıcılarından məlum olmuşdur ki, müəssiənin heç bir mal qalığı yoxdur. Hesablanmış və ya ödənilməmiş əmək haqqı tələbi olan əməkdaş olmamışdır. Eyni zamanda debitor-kreditorlarla hesablaşmaların audit zamanı müəyyən edilmişdir ki, müəssisə heç bir xidmət və ya mal təqdim etmədiyi üçün debitor borc yaranmamışdır. Müəssisənin pul vəsaitlərinin hərəkətinə baxış zamanı heç bir hərəkətlilik müşahidə edilməmiş, müəssisənin 31 dekabr 2023 tarixinə pul vəsaitlərinin qalığı 0 (sıfır) azn təşkil etmişdir. Bu da gələcəkdə hər hansısa fəaliyyət olması (təsisçinin şəxsi vəsaitini cəlb etməsi halı nəzərə alınmadıqda) ehtimalında ödəmə qabiliyyəti olmayan bir təşkilatdır. MTK-nın mal-material ehtiyatı yoxdur.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
13. Ərizəçi MTK (ərizəçi) ərizə ilə məhkəməyə müraciət edərək MTK-nın müflis elan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Ərizə aşağıdakı kimi əsaslandırılmışdır:
- MTK üzvlərinin Ümumi Yığıncağının 16 fevral 2024-cü il tarixli qərarı ilə audit hesabatı nəzərə alınaraq MTK ödəmə qabiliyyəti olmayan (müflis) sayılıb və qanunvericilikdə nəzərdə tutulmuş qaydada iflas prosesinə başlanılması üçün məhkəməyə müraciət edilməsi qərara alınıb. Müstəqil auditorun 28 yanvar 2024-cü il tarixli hesabatından görünür ki, MTK-nın 2021-2023-cü illərdə fəaliyyəti olmayıb, mal qalığı, hesablanmış və ödənilməmiş əmək haqqı, debitor borcu, pul vəsaitləri, mal-material ehtiyatı, mülkiyyətində və ya qanuni istifadəsində daşınar və daşınmaz əmlak, həmçinin digər növ aktivlər, o cümlədən əsas vəsaitlər, uzunmüddətli kapital qoyuluşu, dövriyyə vəsaitləri, maliyyə aktivləri və qeyri-maddi aktivlər yoxdur. - 04 noyabr 2023-cü il tarixində Yasamal Rayon Məhkəməsi tərəfindən verilmiş 2(004)-265/2023 nömrəli icra vərəqəsinin təmin olunması üçün Yasamal Rayon İcra Şöbəsi müvafiq sorğular verərək MTK-nın tələb yönəldilə bilən pul vəsaitinin və əmlakının olmadığını müəyyən edib. - MTK-nın məlum olan kreditorları aşağıdakılardır: Maraqlı şəxs (ş/v: AZE*******. FİN xxxxxxx. d/t: xx.xx.1960 Bakı, B.Məmmədov küç, məhəllə 615, mənzil 104) – 238 580 manat. MTK-nın debitorları isə yoxdur. Hazırda MTK-nın əmlak vəziyyəti aşağıdakı kimidir: a) mülkiyyətində və ya qanuni istifadəsində olan daşınmaz əmlak yoxdur; b) mülkiyyətində və ya qanuni istifadəsində olan daşınar əmlak yoxdur; c) pul vəsaitləri və digər maliyyə aktivləri 0,00 manat təşkil edir; d) digər növ aktivlər, o cümlədən əsas vəsaitlər, uzunmüddətli kapital qoyuluşu, dövriyyə vəsaitləri yoxdur; e) qeyri-maddi aktivlər yoxdur. MTK-nın bu ərizə məhkəməyə verildikdən sonra 1 il ərzində vaxtı çatacaq borc öhdəlikləri yoxdur. - Qeyd olunanlara əsasən, “Müflisləşmə və iflas haqqında” Qanunun 3-cü maddəsinə müvafiq olaraq MTK-nın kreditor tələblərini təmin etmək üçün kifayət qədər aktivlərinin və nağd vəsaitlərinin olmadığı, yəni MTK-nın ödəmə qabiliyyəti olmadığı təsdiq edilir və audit hesabatı ilə sübut olunur.
15. Maraqlı şəxs qismində kreditor Maraqlı şəxs nümayəndəsi (vəkili) Vəkil bildirmişdir ki, “2017-ci ildən ərizəçiyə qarşı pul tələbi ilə məhkəməyə müraciət etmişlər və 2022-ci ildən iş icradadır. İcra şöbəsinə məcburi icra tədbirlərinin görülməsi ilə bağlı müraciət edildiyi zaman qarşı tərəf belə bir iddia tələbi ilə məhkəməyə müraciət edərək şirkətin müflisləşməsini əsas gətirir və bununla da icra hərəkətlərinin dayandırılmasını tələb edir. Maraqlı şəxs şirkətdə həmtəsisçilərdən biridir. Müflisləşmə ilə bağlı iddianın əsaslandırılması üçün maliyyə vəziyyətinə dair rəsmi sənədlər, müvafiq hesabatlar təqdim edilməli, ümumi yığıncaq çağırılmalı idi. Lakin ərizəçi tərəfindən bununla bağlı hər hansı sənədlər təqdim edilməmişdir. Ərizəçi tərəfindən təqdim edilən audit rəyi Auditorlar Palatasının rəsmi səhifəsində olmadığından o, sübut qismində tanına bilməz. Həmçinin, auditor rəyi audit şirkətinin rəhbəri tərəfindən imzalanıb, lakin auditor özünün adı qeyd edilsə də, onun tərəfindən imza çəkilməmişdir. Audit rəyi tələblərə uyğun olmayan bir rəydir. Odur ki, ərizə üzrə tələb tamamilə əsassızdır.”.
16. Birinci instansiya məhkəməsi iş materiallarını araşdıraraq belə qərara gəlmişdir ki, ərizə təmin edilməməlidir.
17. Məhkəmə gəldiyi nəticəni aşağıdakı kimi əsaslandırmışdır:
- “Müflisləşmə və iflas haqqında” Qanunun tələblərinə əsasən, borclunun iflas haqqında ərizəsinə ödənilməli və alınmalı məbləğlər müfəssəl göstərilməklə, borclunun kreditorlarının və debitorlarının siyahısı və sonuncu hesabat tarixinə olan maliyyə hesabatları əlavə edilir. Belə ki, borclunun ödəmə qabiliyyətinin olmadığının məhkəmə tərəfindən müəyyən edilməsi üçün qanunda nəzərdə tutulmuş sübutların (kreditorlarının və debitorlarının siyahısı, sonuncu hesabat tarixinə olan maliyyə hesabatları və s.) təqdim edilməsi və araşdırılması tələb olunur. - Hazırkı iş üzrə isə qeyd edilən kateqoriyadan olan sübutlar, xüsusilə sonuncu hesabat tarixinə olan maliyyə hesabatları ərizəyə əlavə edilməmişdir. Digər tərəfdən, ərizəyə əlavə edilən 28 yanvar 2024-cü il tarixli müstəqil auditorun hesabatı mötəbər sübut kimi qiymətləndirilmir. Belə ki, ilk növbədə həmin hesabat 2021-2023-cü illər üzrə verilmiş hesabatdır və hazırda həmin hesabatdan 1 ildən artıq müddət keçmişdir. İkincisi, həmin hesabatın Hüseyn Quliyev tərəfindən sərbəst auditor olaraq, yoxsa "xxxx" MMC-nin direktoru olaraq hazırlanması qeyri-müəyyəndir. Çünki Azərbaycan Respublikası Auditorlar Palatasının rəsmi internet səhifəsində sərbəst auditorların, həmçinin fəaliyyəti dayandırılmış və fəaliyyəti bərpa edilmiş üzvlərin siyahısında Hüseyn Quliyev sərbəst auditor olaraq göstərilməmişdir. Odur ki, həmin hesabat əsasında qəbul edilmiş ümumi yığıncağın qərarı və kreditor siyahısı da mötəbər sübut kimi qiymətləndirilmir. - Bundan başqa, həqiqətən ərizəçi tərəfindən ümumi yığıncağın çağırılması, ümumi yığıncaqda müflisləşmə haqqında qərar qəbul edilməsi barədə sübutlar, həmçinin, ümumi yığıncağın keçirilməsi haqqında protokol məhkəməyə təqdim edilməmiş, yalnız direktor tərəfindən imzalanaraq möhürlənmiş qərardan çıxarış verilmişdir. Halbuki maraqlı şəxs də həmin MTK-nın üzvü olaraq keçiriləcək ümumi yığıncaq barədə məlumat verilməli idi, lakin onun vəkili Maraqlı şəxs bu barədə heç bir məlumat verilmədiyini bildirmişdir. - Məhkəmə hazırkı halda ərizəçinin “Müflisləşmə və iflas haqqında” Qanununda göstərilmiş müddəalara müvafiq surətdə ödəmə qabiliyyəti olmayan hesab edilməsi üçün əsasların müəyyən edilmədiyini nəzərə alaraq, ərizənin rədd olunması, ərizəçinin müflis elan olunmasından imtina edilməsi qənaətinə gəlir.
18. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikası Qanununun 3 və 5-ci maddələrinə istinad etmişdir.
19. Qətnamədən ərizəçi apellyasiya şikayəti verərək onun ləğv edilməsini və ərizənin təmin olunmasını xahiş etmişdir. Ərizəçi apellyasiya şikayətini birinci instansiya məhkəməsinə ünvanladığı ərizə ilə eyni məzmunda əsaslandırmışdır.
Apellyasiya şikayətinə qarşı etirazlar
20. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Apellyasiya baxışı, izahatlar
21. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişdirlər.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
22. Maddə 59.4. Hüquqi şəxs müflis olma nəticəsində də ləğv edilir.
23. Maddə 59.5. Əgər ləğv edilən hüquqi şəxsin əmlakının dəyəri kreditorların tələblərinin ödənilməsi üçün yetərli deyildirsə, o yalnız müflis olma nəticəsində ləğv edilə bilər.
“Müflisləşmə və iflas haqqında” Qanun
24. Maddə 3. Borclu ödəmə qabiliyyəti olmadığı halda iflas prosesinə məruz qalır. Borclu o halda ödəmə qabiliyyəti olmayan sayılır ki, bunu özü təsdiq etsin, yaxud məhkəmə və ya kreditorlar müəyyən etsin ki: a) borclu həyata və ya sağlamlığa vurulmuş zərərin ödənilməsi, alimentin tutulması, əmək və onunla bağlı münasibətlərindən yaranan öhdəliklər üzrə, müəlliflik müqaviləsinə görə ödənilən haqlar ilə bağlı kreditorlar qarşısında öhdəliklərini icra müddəti başladığı andan etibarən ardıcıl 2 (iki) ay ərzində tam icra etməmişdir; b) borclu vergilər (faizlər və tətbiq edilmiş maliyyə sanksiyaları) və başqa dövlət ödənişlərini onların hesablandığı gündən etibarən ardıcıl 10 (on) ay ərzində tam icra etməmişdir; c) borclu digər kreditorlar qarşısında öhdəliklərini onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra etməmişdir.
25. Maddə 5.1. Qanunvericilikdə müəyyən edilmiş sənədlərdən başqa, borclunun iflas haqqında ərizəsinə aşağıdakıları təsdiq edən sənədlər əlavə edilir: a) iflas haqqında ərizədə borclunun məhkəmə xərclərinin ödənilməsinə möhlət verilməsini xahiş etdiyi hallar istisna olmaqla, qanunvericilikdə müəyyən edilmiş məhkəmə rüsumlarının ödənilməsini təsdiq edən sənəd; b) ödənilməli və alınmalı məbləğlər müfəssəl göstərilməklə, borclunun kreditorlarının və debitorlarının siyahısı; c) bu Qanunun müddəalarına uyğun olaraq tələblərin müəyyənləşdirilmiş məbləğini göstərən sənəd.
26. Maddə 5.2. Borclu müəssisənin iflas haqqında ərizəsinə aşağıdakı sənədlər də əlavə edilir: a) iflas prosesinə başlanması üçün məhkəməyə müraciət etmək barəsində borclunun səlahiyyətli orqanının qərarının surəti; b) borclu dövlət müəssisəsidirsə, iflas prosesinə başlanması üçün məhkəməyə müraciət etmək barəsində müvafiq icra hakimiyyəti orqanının qərarının surəti; c) sonuncu hesabat tarixinə olan maliyyə hesabatları.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
27. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
29. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
30. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
33. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
34. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
35. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
36. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.
Apellyasiya baxışının həddi
37. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
38. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
39. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə, habelə hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, məhkəmə, müəyyən etdiyi faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.
40. Belə ki, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.
41. Hazırkı mübahisə üzrə ərizəçi MTK-nın müflis elan edilməsini xahiş edir.
42. İlk növbədə kollegiya qeyd edir ki, şəxsin müflis elan edilməsi üçün onun əmlakının dəyəri kreditorların tələblərinin ödənilməsi üçün yetərli olmamalıdır (§ 21). Bunun üçün isə yuxarıda istinad edilən normadakı şərtlər mövcud olmalıdır (§ 22). Ərizəçi həmin halları sübuta yetirmək üçün sözügedən “Müflisləşmə və iflas haqqında” Qanunun 5-ci maddəsindəki sənədləri təqdim etməlidir (§ 23 - 24).
43. İşin hallarından görünür ki, ərizəçi müflis elan edilmə ilə bağlı sözügedən sənədləri təqdim etməmişdir. Bu müstəvidə kollegiya təqdim olunan audit rəyi ilə bağlı birinci instansiya məhkəməsinin dəyərləndirilməsi ilə razılaşır (§ 17).
44. Beləliklə kollegiya hesab edir ki, apellyatorun apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir; birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
45. Apellyasiya şikayəti verilərkən ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.
46. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ
Ərizəçi MTK tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-2551/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.