Məhkəmə qərarları › İş №2-2(103)-766/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-766/2020

03.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-766/2020 03.12.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Məmməd Allahverdi oğlu Məmmədovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli e-2-2(113)-2060/2020 saylı qərardadından Cavabdeh2 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı «İddiaçı” QSC BOKT cavabdehlər “xxxx” MMC və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən cəmi 768019,30 avro (əsas borc 563589,20 avro, faiz borcu 204430,10 avro) kredit borcu və məhkəməyə iddia verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun “İddiaçı" BOKT QSC-nin xeyrinə tutulması, borc tələbinin ipoteka predmeti olan Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında 0,7143 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 118,7 kv.m olan qeyri-yaşayış binasına yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması və satışdan əldə edilmiş vəsaitin borcun ödənilməsinə yönəldilməsi, satışdan əldə olunacaq pul vəsaiti borcun ödənilməsinə kifayət etmədikdə, borcun qalan məbləğinin cavabdehə məxsus olan daşınar və daşınmaz əmlaklara (o cümlədən texnika, nəqliyyat vasitələri və avadanlıqlara) yönəldilməsi, həmin əmlaklar üzərində cavabdehin mülkiyyət hüquqlarına xitam verilməsi, “İddiaçı" BOKT QSC-nin həmin əmlaklar üzərində mülkiyyət hüquqlarının tanınması, müvafiq olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti və digər səlahiyyətli orqanların üzərinə “İddiaçı" QSC-nin yuxarıda qeyd edilən əmlakların yeni mülkiyyətçisi kimi qeydiyyata alınması ilə bağlı hərəkətlərin edilməsi öhdəliyinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda Cavabdeh2 ilk iddia ilə birlikdə baxılmaq üçün cavabdeh «İddiaçı” QSC BOKT-a qarşı qarşılıqlı iddia qaldıraraq, xx xxxxxxx 2018-ci il tarixli İddiaçı QSC BOKT, etibarnamə ilə Cavabdeh2 əvəzinə və “xxxx” MMC arasında bağlanmış ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və Bakı şəhər 28 saylı Notariat Kontorunda verilmiş xx.xx.2018-ci il tarixli etibarnamənin ipoteka qoyulması hissəsində etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 vəsatətlə məhkəməyə müraciət edərək, ona məxsus olan seriya RX №1247756 saylı mülkiyyət hüququnu təsdiq edən sənədə əsasən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Ağamalı oğlu küçəsi, 13a 0,7143 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 118,7 kv.m olan qeyri-yaşayış sahəsindən əlavə həmin torpaq sahəsində inşa edilmiş digər tikililərin tədqiqat aparılıb qiymətləndirilməsi barədə məhkəmə ekspertizasının təyin edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə vəsatət rədd edilmişdir. Eyni zamanda qərardadda qeyd olunmuşdur ki, qərardaddan şikayət verilə bilməz. Lakin Cavabdeh2 həmin qərardaddan şikayət vermişdir. Bakı Kommersiya Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət ərizəsi geri qaytarılmış, həmin qərardadda da qeyd olunmuşdur ki, qərardaddan şikayət verilə bilməz. Lakin Cavabdeh2 həmin qərardaddan da şikayət vermişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət qeyri-mümkün hesab edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 267.1-ci maddəsinin tələblərinə görə məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. Həmin Məcəllənin 395.1, 395.1.1, 395.1.2 və 395.2-ci maddələrində isə təsbit olunmuşdur ki, işdə iştirak edən şəxslər qətnamədən ayrılıqda birinci instansiya məhkəmələrinin qərardadlarından aşağıdakı hallarda şikayət verə bilərlər: bu Məcəllədə göstərilən hallarda; məhkəmənin qərardadı işin sonrakı hərəkətinə mane olduqda. Birinci instansiya məhkəmələrinin digər qərardadlarından şikayət verilmir. İşdə iştirak edən şəxslər bu qərardadlardan narazı qaldıqda qərardada olan etirazlarını apellyasiya şikayətlərinə daxil edə bilərlər. Qeyd olunan prosessual normalardan müəyyən olunur ki, məhkəmənin ayrıca akt şəklində qəbul etdiyi qərardadlarından iki halda şikayət verilə bilər. Birinci halda şikayət verilmə imkanı Mülki Prosessual Məcəllədə göstərilməli, ikinci halda isə məhkəmə qərardadı işin sonrakı hərəkətinə mane olmalıdır. Digər qərardadlardan şikayət verilə bilməz və işdə iştirak edən şəxslər qərardada dair etirazlarını apellyasiya şikayətlərinə daxil edə bilərlər. Mülki Prosessual Məcəllədə məhkəmə ekspertizasının təyin edilməsi barədə vəsatətin rədd edilməsi ilə əlaqədar qəbul edilmiş qərardaddan şikayət verilməsi nəzərdə tutulmamış, eyni zamanda bu növ qərardadlar işin sonrakı hərəkətinə mane olmur. Cavabdeh2 isə iş üzrə məhkəmə ekspertizasının təyin edilməsi barədə vəsatətin rədd edilməsi ilə əlaqədar qəbul edilmiş qərardaddan şikayət vermiş və birinci instansiya məhkəməsi düzgün olaraq şikayətin geri qaytarması barədə qərardad qəbul etmiş və həmin qərardadda qeyd etmişdir ki, qərardaddan şikayət verilə bilməz. Lakin həmin cavabdeh şikayətin geri qaytarılması barədə qərardaddan da şikayət vermiş, birinci instansiya məhkəməsi isə qərardadda qeyd edilənlərin əksinə olaraq şikayətə Mülki Prosessual Məcəllənin 269-cu maddəsinin tələblərinə uyğun olaraq baxmış və sonradan apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Halbuki həmin qərardaddan verilən şikayətə baxmalı deyil idi. Belə ki, Mülki Prosessual Məcəllənin 363.3-cü maddəsində apellyasiya şikayətinin qaytarılması haqqında qərardaddan şikayət verilməsi imkanı nəzərdə tutulsa da, həmin maddə şikayət verilməsi mümkün olan, lakin qanunla müəyyən olunmuş qaydaya və formaya riayət edilmədən verilmiş şikayətlərə aiddir. Şikayət verilməsi nəzərdə tutulmayan qərardaddan verilmiş şikayət geri qaytarıldığı halda isə həmin qərardaddan şikayət verilə bilməz. Əks yanaşma prosessual qanunvericiliyin şərh olunan müddəalarını əhəmiyyətsiz edir. Ona görə də, şikayət verilməsi nəzərdə tutulmayan qərardaddan verilən şikayət geri qaytarıldığı halda, həmin şikayətin geri qaytarılması barədə qərardaddan şikayət verilə bilməz. Mülki Prosessual Məcəllənin 366.1 və 366.2-ci maddələrinin tələblərinə görə apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, qərardaddan verilən şikayətin mümkünlüyü üçün prosessual əsaslar olmadığına görə şikayət qeyri-mümkün hesab edilməli və şikayətin geri qaytarılması üçün iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Eyni zamanda yuxarıda göstərilən əsaslara görə hazırkı qərardaddan da şikayət verilə bilməz. Kollegiya bir daha Cavabdeh2 izah edir ki, iş üzrə məhkəmə ekspertizasının təyin edilməməsindən narazı qaldığı halda, bununla bağlı etirazını apellyasiya şikayətinə daxil edə bilər. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 363, 366-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı Kommersiya Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli e-2-2(113)-2060/2020 saylı qərardadından Cavabdeh2 tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. Şikayətin geri qaytarılması üçün iş materialları birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Cahangir Yusifov Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar