Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-771/2021 06.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Qurbanovun sədrliyi və məruzəsi ilə, Anar Vəzir oğlu Tanrıverdiyevdən və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçıların nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2501/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 16.05.2021-ci il tarixli qərardadından Cavabdeh ASC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı2 MMM və İddiaçı1 MMC Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 20 iyul 2016-cı il tarixli xəzinə mədaxil orderi ilə Cavabdeh ASC tərəfindən İddiaçı1 MMC-nin xeyrinə mədaxil edilən 234930 manat vəsaitin düzəliş edilərək “xxxx” MMM-nin xeyrinə hesaba mədaxil edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 01 dekabr 2020-ci il tarixli, e-2-2(113)-2501/2020 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçılar həmin qətnamədən apellyasiya şikayəti vermişlər. Bakı Apellyasiya Məhkəməsinin 01 aprel 2021-ci il tarixli, e-2-2(113)-442/2021 saylı qərardadı ilə apellyasiya şikayətinə baxılması qeyri-mümkün hesab edilmiş və apellyasiya şikayəti geri qaytarılması üçün iş materialları ilə birlikdə Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Kommersiya Məhkəməsinin 30 aprel 2021-ci il tarixli, e-2-2(113)-2501/2020 nömrəli qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır. Daha sonra iddiaçılar ötürülmüş müddətin bərpası barədə ərizə verərək apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası xahiş etmişlər. Ərizə onunla əsaslandırılmışdır ki, qətnamənin 17.12.2021-ci il tarixdə nümayəndənin şəxsi elektron kabinetinə yerləşdirilməsi barədə kabinet sahibinə heç bir bildiriş və ya sms gəlmədiyinə görə onun yerləşdirilməsi vaxtından məlumatsız olmuşdur. Həmçinin bu barədə “Elektron Məhkəmə Sistemi” üzrə Layihə İcra Qrupu tərəfindən məktub ünvanlanmış və nümayəndəsinin elektron poçt ünvanı təsdiq edilmədiyindən tərəf olduğu iş üzrə yenilənmə barədə məlumatlandırma aparılması mümkün olmamışdır. İddiaçıların nümayəndəsinin şəxsi elektron kabinetində sistem üzrə problem olduğu və bildirişlər daxil olmadı və həmin problemin 19.04.2021-ci ildə aradan qaldırıldığı qeyd olunmuşdur. Bundan başqa Bakı Apellyasiya Məhkəməsində 01.04.2021-ci il tarixli qərardad qəbul edilən vaxt, həmin qərardadın nəticə hissəsi ümumi portaldan görünsə də, qərardadı açıq oxuması mümkün olmadığı, digər sənədlər, iclasın və digər alt pəncərələrin aktiv olmadığı və onlardan istifadəsinin qeyri-mümkün olduğu qeyd olunmuşdur. Bakı Kommersiya Məhkəməsinin 16 may 2021-ci il tarixli, e-2-2(113)-2501/2021 saylı qərardadı ilə ərizə təmin edilərək, İddiaçı2 və İddiaçı1 Bakı Kommersiya Məhkəməsinin 01 dekabr 2020-ci il tarixli, e-2-2(113)-2501/2020 saylı qətnaməsindən apellyasiya şikayətinin verilmə müddətinin bərpa edilməsi və apellyasiya şikayəti baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Cavabdeh “xxxx” ASC həmin qərardaddan şikayət vermiş, Bakı Kommersiya Məhkəməsinin 27.05.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iddiaçıların nümayəndəsi və vəkili Nümayəndə1 şikayətə etiraz etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 133.1-ci maddəsinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. İşin hallarını, yəni iddiaçı hüquqi şəxslərə məxsus elektron kabinet olmadığını və onların nümayəndəsinə məxsus şəxsi kabinetində texniki xəta olduğundan və həmin texniki xətanın Elektron məhkəmə informasiya Sistemi Layihə İcra Qrupu tərəfindən təsdiqləndiyindən və qeyd olunan müddət ərzində iddiaçıların prosessual hüquqlarının həyata keçirilməsində müəyyən çətinliklər yarandığını nəzərə alaraq kollegiya hesab edir ki, prosessual müddətin buraxılması üzrlü hesab edilməli və həmin müddət bərpa edilməlidir. Bu baxımdan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslı şəkildə qəbul edilmiş, şikayət isə əsassızdır və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh “xxxx” ASC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2501/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 16.05.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Anar Tanrıverdiyev Ziya Şirinov
Məhkəmə qərarları › İş №2-2(103)-771/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-771/2021
06.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver