Məhkəmə qərarları › İş №2-2(103)-779/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-779/2023

03.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-779/2023 03.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X7 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 və cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1852/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ

1. Sifarişçi "xxxx" MMC ilə icraçı "xxxx" MMC arasında xx.xx.2019-cu il tarixli, CET.763.19.C11 saylı sertifikatlaşdırma haqqında xidmət müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən Cavabdeh MMC "xxxx" MMC-yə aşağıdakı xidmətləri (İSO 9001:2015 standartı üzrə X1 məqsədi ilə auditin keçirilməsi, 3 illik Sertifikatın təqdim edilməsi, 1-ci və 2-ci Nəzarət auditinin keçirilməsi; X4 İSO 9001:2015 X6 Beynəlxalq Sertifikatlarının əldə olunması və Sertifikasiya qabağı təkrar auditinin keçirilməsi; Sənədlərin yoxlanılması; İlkin Sertifikasiya prosesinin Sifarişçi ilə əvvəlcədən razılaşdırılmış audit planına əsasən və müvafiq Beynəlxalq Standartlara uyğun olaraq həyata keçirilməsi; Audit hesabatının Azərbaycan və yaxud İngilis dilində çap şəklində və ya elektron versiyada təqdim olunması; Auditlə bağlı hesabatların razılaşdırılmış cədvələ əsasən Sifarişçiyə təqdim edilməsi; Əsas auditin həyata keçirilməsi və müəssisənin sertifikatlaşdırılması; Birinci və İkinci Nəzarət auditlərinin razılaşdırılmış cədvələ əsasən keçirilməsi) göstərməyi, sifarişçi isə göstərilmiş xidmətlərinin müqabilində bu müqavilədə nəzərdə tutulmuş məbləği ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə üzrə sifarişçi tərəfindən icraçıya 6195 manat məbləğində pul vəsaiti ödənilmişdir.

2. Sifarişçi "xxxx" MMC ilə icraçı "xxxx" MMC arasında CET.802.20.C42 saylı, xx.xx.2020-ci il tarixli Sertifıkastlaşdırma haqqında xidmət müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən Cavabdeh MMC "xxxx" MMC-yə aşağıdakı xidmətləri (İSO 14001:2015 və İSO 45001:2018 standartları üzrə X2 məqsədi ilə auditin keçirilməsi, 3 illik Sertifikatın təqdim edilməsi, 1-ci və 2-ci Nəzarət auditinin keçirilməsi; X3 Ətraf Mühit İSO 14001:2015 və Sağlamlıq və Təhlükəsizlik İSO 45001:2018 X5 Sertifikatlarının əldə olunması və Sertifikasiya qabağı təkrar auditinin keçirilməsi; Sənədlərin yoxlanılması; İlkin Sertifikasiya prosesinin Sifarişçi ilə əvvəlcədən razılaşdırılmış audit planına əsasən və müvafiq Beynəlxalq Standartlara uyğun olaraq həyata keçirilməsi; Audit hesabatının Azərbaycan və yaxud İngilis dilində çap şəklində və ya elektron versiyada təqdim olunması; Auditlə bağlı hesabatların razılaşdırılmış cədvələ əsasən Sifarişçiyə təqdim edilməsi; Əsas auditin həyata keçirilməsi və müəssisənin sertifikatlaşdırılması; Birinci və İkinci Nəzarət auditlərinin razılaşdırılmış cədvələ əsasən keçirilməsi) göstərməyi, sifarişçi isə göstərilmiş xidmətlərinin müqabilində bu müqavilədə nəzərdə tutulmuş məbləği ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə üzrə sifarişçi tərəfindən icraçıya 16520 manat məbləğində pul vəsaiti ödənilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı "xxxx" MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə CET.763.19.C11 saylı, xx.xx.2019cu il tarixli müqavilə üzrə ödənilmiş ƏDV ilə birlikdə 6195 manat məbləğində pul vəsaitinin və CET.802.20.C42 saylı, xx.xx.2020-ci il tarixli müqavilə üzrə ödənilmiş ƏDV ilə birlikdə 16520 manat məbləğində pul vəsaitinin, cavabdeh tərəfindən CET.763.19.C11 saylı, xx.xx.2019-cu il tarixli müqavilə üzrə öhdəliklərin icra olunmaması səbəbindən "xxxx" MMC-yə dəymiş 16000 manat məbləğində zərərin əvəzinin və CET.802.20.C42 saylı, xx.xx.2020-ci il tarixli müqavilə üzrə öhdəliklərin icra olunmaması səbəbindən "xxxx" MMC-yə dəymiş 30.000 manat məbləğində zərərin əvəzinin, CET.763.19.C11 saylı, xx.xx.2019-cu il tarixli müqavilə üzrə cavabdehə ödənilmiş pul vəsaitinin cavabdeh tərəfindən qaytarılmayaraq ondan faydalanması əsasına görə 2385,08 manat məbləğində faizin və CET.802.20.C42 saylı, xx.xx.2020-ci il tarixli müqavilə üzrə cavabdehə ödənilmiş pul vəsaitinin cavabdeh tərəfindən qaytarılmayaraq ondan faydalanması əsasına görə 4873,40 manat məbləğində faizin, ilkin mediasiya prosesi üçün ödənilmiş 400 manat pul vəsaitinin əvəzinin və hüquqi müdafiə xərcləri olan vəkil bürosuna ödənilmiş 620 manat məbləğində pul vəsaitinin əvəzinin Cavabdeh MMC-dən tutularaq "xxxx" MMCnə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı bildirir ki, cavabdeh tərəfindən müqavilələr üzrə öhdəliklər icra edilməmiş, yəni müqavilə üzrə xidmətlər icra edilməmiş və "xxxx" MMC-yə təhvil verilməmişdir. Cavabdeh MMC-yə xx.xx.2023-cü il tarixli bildirişlər göndərimiş və həmin müqavilələrin 6-cı bəndinə əsaslanaraq həmin müqavilələrə xx.xx.2023-cü il tarixdə birtərəfli qaydada xitam verilmişdir. Həmin müqavilələr üzrə Cavabdeh MMC tərəfindən "xxxx" MMC-yə müvafiq sertifikatlar təqdim edilmədiyindən, "xxxx" MMC 3-cü şəxslərlə müvafiq müqavilələr bağlaya bilməmiş, gəlir əldə edə bilməmiş və nəticədə onlara CET.763.19.C11 saylı müqavilə üzrə 16000 manat məbləğində, CET.802.20.C42 saylı müqavilə üzrə isə 30000 manat məbləğində zərər dəymişdir (əldən çıxmış fayda). Bununla yanaşı, cavabdeh həmin müqavilələr üzrə ona ödənilmiş pul vəsaitləri müqabilində işləri icra etmədiyinə və həmin pul vəsaitlərini bu günədək onlara qaytarmayaraq və ondan faydalanaraq həmin vəsaiti qanunsuz olaraq özündə saxladığına görə cavabdeh həmin pul vəsaitindən Mərkəzi Bankının müəyyən etdiyi uçot dərəcələrinə uyğun faizlər ödəməlidir. Odur ki, cavabdehə CET.763.19.C11 saylı, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 1-ci mərhələnin icra olunmasından ötrü ödənilmiş və cavabdeh tərəfindən bugünədək qaytarılmamış ƏDV ilə birlikdə 6195 manat məbləğində pul vəsaitinə görə 2020-ci il üzrə 9 % (7% + 2%) olmaqla 557,55 manat 2021-ci il üzrə 9 % (7% + 2%) olmaqla 557,55 manat 2022-ci il üzrə 10 % 18% + 2%) olmada 619,50 manat, 2023-cü il üzrə 10,5 % 68,5% + 2%) olmaqla 650,48 manat, cəmi 2385,08 manat; cavabdehə CET.802.20.C42 saylı, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 1-ci mərhələnin icra olunmasından ötrü ödənilmiş və bu günədək qaytarılmamış ƏDV ilə birlikdə 16520 manat məbləğində pul vəsaitinə görə 2021-ci il üzrə 9 % (7% + 2%) olmaqla 1486,80 manat, 2022-ci il üzrə 10 % (8% + 2%) olmaqla 1652 manat 2023-cü il üzrə 10,5 % 18,5% + 2%) olmaqla 1734,60 manat, cəmi 4873,40 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq onlara ödənilməlidir.

5. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, müqavilə bağlandıqdan sonra sifarişçi tərəfindən sertifikatlaşmanın ilkin yoxlanılması üçün şərait yaradandan sonra icraçı tərəfindən təftişə başlanılmış və həmin təftiş yekunlaşaraq sertifikatlaşmanın aparılmasına başlanılmışdır. Bundan sonra icraçı tərəfindən lazımi bütün tədbirlər həyata keçirilmiş və bu barədə sifarişçi məlumatlandırılmışdır. Belə olan halda iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən, müqavilə üzrə tam icra olunmuş xidmət üzrə əsassız varlanmaq məqsədi ilə xidmət haqqının geri qaytarılmasını tələb edir. Bundan başqa, işin faktiki olaraq icra olunmasına baxmayaraq, 2023-cü ilin yanvar ayınadək iddiaçı nə müqavilənin ləğvi, nə də ki, dəyişdirilməsi tələbləri ilə cavabdehə müraciət etməmişdir. Belə olan halda sertifikatlaşdırma dayandırıla və xidmətlər sonlandırıla bilərdi. Odur ki, iddiaçının icra olunmuş iş üzrə ödənilən xidmət haqqını tələb etməsi tamamilə əsassızdır və təmin edilə bilməz. Bundan başqa, iddiaçı sertifikatlaşdırmanın gecikdirildiyini iddia etsə də, tərəflər arasında olan müqavilədə buna dair, yəni müddətlə bağlı hər hansı müddəa mövcud deyildir. Əksinə, tələb olunan işlərin görülməsində müsbət rəyin verilməsi ilə bağlı yubanmaların ola biləcəyi nəzərə alınmış və tərəflər arasında olan razılaşmada bu nəzərdə tutulmuşdur.

6. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-1852/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh MMC-dən xx.xx.2019-cu il tarixli, CET.763.19.C11 saylı müqavilə üzrə ödənilmiş ƏDV daxil 6195 (altı min yüz doxsan beş) manat borc məbləği və həmin müqavilənin icrasının gecikdirilməsi ilə bağlı vurulmuş 929,25 manat zərər məbləği, xx.xx.2020-ci il tarixli, CET.802.20.C42 saylı müqavilə üzrə ödənilmiş ƏDV daxil 16520 (on altı min beş yüz iyirmi) manat borc məbləği və həmin müqavilənin icrasının gecikdirilməsi ilə bağlı vurulmuş 1652 manat zərər məbləği olmaqla cəmi 25.296,25 (iyirmi beş min iki yüz doxsan altı manat 25 qəpik) məbləğində pul vəsaiti, hüquqi yardımla bağlı çəkilmiş xərclərin əvəzi olaraq 500 (beş yüz) manat və ilkin mediasiya sessiyasının keçirilməsinə görə ödənilmiş vəsaitin əvəzi qismində 400 (dörd yüz) manat məbləğində pul məbləğinin tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi və iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.

7. Cavabdeh MMC apellyasiya şikayəti verərək, həmin qətnamənin iddianın təmin edilmiş hissəsinə nisbətdə qismən ləğv edilərək, iddia tələbinin 27 noyabr 2019-cu il tarixli müqavilə üzrə 6195 manat və həmin müqavilə üzrə icranın gecikdirilməsinə görə hesablanmış 929,25 manat hissəsində rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 27 noyabr 2019-cü il tarixli müqavilə üzrə nəzərdə tutulan xidmətlər tərəfindən göstərilmiş, müəssisə tərəfindən bununla bağlı işçi qüvvəsi cəlb edilməklə maliyyə xərcləri çəkilmiş, haqqı ödənilən ilkin sertifikatlaşdırılma həyata keçirilərək müvafiq sertifikat iddiaçıya təqdim olunmuşdur. Onlar tərəfindən də bu icra qəbul olunaraq müqavilədə nəzərdə tutulan 15 gün müddətində geri qaytarılmamışdır. Buna görə hazırda iddiaçının təhvil aldığı sertifikatlaşdırmaya görə ödədiyi 6195 manat məbləği geri istədiyindən danışıqlar baş tutmamışdır. Halbuki, tərəflər arasındakı müqaviləyə uyğun olaraq əgər iddiaçı həmin sertifikatı qəbul etmirdisə, onu 15 gün müddətində onlara geri qaytarmalı idi. Sertifikatın qəbul edilməsi iddiaçı təşkilatın nümayəndəsi tərəfindən məhkəmə iclasında etiraf edilmiş, lakin icranın geri qaytarılması barədə heç bir sənəd məhkəməyə təqdim edilməmişdir. İddiaçı özünün də etiraf etdiyi kimi həmin sertifikatı qəbul etdiyindən və müəyyən edilən müddətdə ona qarşı hər hansı etiraz bildirmədiyindən həmin sertifikatla hər hansı hərraclarda və auksionlarda iştirak etməsi istisna deyildir və bu onlara bəlli deyildir. Odur ki, iddiaçının həmin sertifikatın alınması üçün ödənilən məbləği geri istəməsinin heç bir qanuni əsası yoxdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, xx.xx.2019-cu il tarixli, CET.763.19.C11 saylı müqavilə üzrə 1-ci mərhələ üzrə xidmətlər cavabdeh tərəfindən iddiaçıya təhvil verilməmişdir. Belə ki, cavabdeh 1-ci mərhələ üzrə xidmətlərin iddiaçıya təhvil verilməsini təsdiq edən müvafiq akt və ya digər sənədi məhkəməyə təqdim etməmişdir. Müqavilə şərtlərinə və işgüzar adətlərə əsasən icra edilmiş xidmətlər təhvil-təslim aktı və ya digər buna bənzər sənədlə təhvil verilir və qanunvericiliyin tələbinə əsasən həmin xidmətlərin təhvil verilməsini sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Cavabdehin nümayəndəsi isə məlikəmə proseslərində bildirmişdir ki, belə bir akt mövcud deyildir. İddiaçının nümayəndəsinin xx.xx.2019-cu il tarixli, CET.763J9.Cn saylı müqavilə üzrə 1-ci mərhələ üzrə xidmətlərin təhvil alınmasının (sertifikatın alınmasının) etiraf edilməsi olmamış və nümayəndə tərəfindən məhkəmə proseslərində bildirilmişdir ki, həmin sertifikat cavabdeh tərəfindən iddiaçıya təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətini müdafiə etdi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 isə apellyasiya şikayətinə etiraz etdi.

TƏTBİQ EDİLƏN HÜQUQ

11. Mülki Məcəllənin 11.1-ci maddəsinə görə mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).

12. Həmin Məcəllənin 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.

13. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

14. Mülki Məcəllənin 762.1 və 762.3-cü maddələrinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur.

15. Həmin Məcəllənin 765-ci maddəsinə əsasən məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur.

16. Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinə görə mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir.

17. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

APELYASİYA BAXİŞİNİN HƏDLƏRİ

18. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, iddianın qismən təmin edildiyini, lakin iddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyini, o cümlədən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız iddia tələbinin 27 noyabr 2019-cu il tarixli müqavilə üzrə 6195 manat və həmin müqavilə üzrə icranın gecikdirilməsinə görə hesablanmış 929,25 manat məbləğində pul vəsaitinin tutulması hissəsində yoxlanılır.

APELYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

19. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya baxışının həddində iddia qismən əsaslıdır.

20. Belə ki, tərəflər arasında xx.xx.2019-cu il tarixli, CET.763.19.C11 saylı sertifikatlaşdırma haqqında xidmət müqaviləsinə dair müqavilə bağlanılması işin mübahisəsiz halını təşkil edir.

21. Lakin mülki qanunvericilikdə xidmət müqaviləsi münasibətlərini tənzimləyən hər hansı müddəa mövcud deyil.

22. Ona görə də kollegiya hesab edir ki, Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsi və Mülki Məcəllənin 11.1-ci maddəsinin tələbləri nəzərə alınmadan iş üzrə nəticəyə gəlmək düzgün deyildir.

23. Qeyd olunanlara əsaslanaraq və işin hallarını nəzərə alaraq kollegiya hesab edir ki, hazırki mübahisə Mülki Məcəllənin podrat müqaviləsinə aid müddəalarının qaydalarına uyğun araşdırılmalıdır.

24. Belə ki, Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

25. Hazırkı işdə də iddiaçı müqavilə üzrə öz üzərinə düşən öhdəliyi icra edərək, müqavilə üzrə görüləcək işlərin 6195 manat dəyərini əvvəlcədən cavabdehə ödəmiş, lakin sonuncu müqavilə üzrə podrat işlərini vaxtında və lazımi qaydada həyata keçirməmişdir.

26. Belə ki, cavabdeh özü bildirir ki, o, müqavilə üzrə İSO 9001:2015 nömrəli sertifikatı bir illik sertifikat müddətinin bitməsinə 2-3 ay qalmış iddiaçıya təqdim etmişdir (bununla bağlı hər hansı təhvil-təslim aktı məhkəməyə təqdim edilməmişdir).

27. İddiaçı da həmin fakta etiraz etmir, lakin bildirir ki, sertifikat bir illik müddətin bitməsinə 2-3 ay qalmış ona təqdim edildiyi üçün onun həmin icraya marağı qalmamışdır.

28. Tərəflər arasında bağlanmış müqavilənin 4.6-cı bəndində onun 4.2-ci bənddə qeyd olunmuş hər mərhələnin 12 ay intervalında həyata keçirilməsi nəzərdə tutulmuşdur.

29. Göründüyü kimi müqavilə üzrə öhdəliyin hər mərhələsinin icrası üçün müddət nəzərdə tutulmuşdur.

30. Bununla belə işin hallarından görünür ki, cavabdeh icranı həmin müddətdə həyata keçirməmiş, yəni sertifikatı bir illik müddətinin bitməsinə 2-3 ay qalmış iddiaçıya təqdim etmişdir.

31. Halbuki, müqavilə şərtlərinə uyğun olaraq təqdim edilən sertifikatın müddəti 12 ay olmalı idi.

32. Bu baxımdan kollegiya hesab edir ki, Mülki Məcəllənin 762.1 və 762.3-cü maddələrinə əsasən cavabdeh tərəfindən görülmüş iş qüsurlu olub və həmin Məcəllənin 765-ci maddəsinə əsasən iddiaçı müqavilədən imtina etmək və müqavilə ilə bağlı xərclərin əvəzini ödənilməsini tələb etmək hüququna malikdir.

33. Ona görə də, iddiaçı cavabdehə ödədiyi 6195 manat məbləğində pul vəsaitinin zərər kimi ona ödənilməsini tələb etməkdə tam haqlıdır.

34. Bununla yanaşı kollegiya hesab edir ki, həmin müqavilə üzrə əsas borca illik 5 faizlə hesablanmış faiz borcunun tutulması barədə tələblər qismən əsaslıdır.

35. Belə ki, həmin tələblərin qanuni əsasını Mülki Məcəllənin 445.7-ci maddəsi təşkil edir.

36. Hazırki işdə də həmin əsaslar mövcuddur.

37. Belə ki, işin hallarından görünür ki, iddiaçı cavabdehə 05 yanvar 2023-cü il tarixli bildiriş ünvanlayaraq xx.xx.2019-cu il tarixli, CET.763.19.C11 saylı sertifikatlaşdırma haqqında xidmət müqaviləsi üzrə öhdəlikləri xx.xx.2023-cü il tarixədək lazımınca icra edib müqavilə üzrə xidmətləri iddiaçıya təhvil verilməsi xahiş edilmiş, əks halda müqaviləyə həmin müqavilənin 6.2-ci bəndinə əsasən xx.xx.2023-cü il tarixdə birtərəfli qaydada xitam veriləcəyi qeyd edilmişdir.

38. Göründüyü kimi iddiaçı tərəfindən müqaviləyə xx.xx.2023-cü il tarixdə birtərəfli qaydada xitam verilmiş və cavabdeh də məhz həmin tarixdən etibarən xidmət haqqı kimi ona ödənilmiş 6195 manat pulun geri qaytarılması öhdəliyini daşımışdır (həmin tarixdən əvvəl cavabdehin iddiaçı qarşısında pul öhdəliyi deyil, işi icra etmək öhdəliyi olmuşdur).

39. Həmin müqaviləyə xx.xx.2023-cü il tarixdən daha əvvəl xitam verilməsi ilə bağlı cavabdehə ünvanlanan hər hansı bildiriş isə məhkəməyə təqdim edilməmişdir.

40. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı cavabdehdən yalnız pretenziyada göstərilən xx.xx.2023-cü il tarixdən hazırki iddianın qaldırıldığı xx.xx.2023-cü il tarixə kimi gecikdirilmiş 1 ay 15 gün vaxt üçün illik 5% hesablanmış 38,7 manat pulun tutulmasını tələb etməkdə haqlıdır (1 il üçün – 6195 x 5% = 309,75; 1 ay üçün – 309,75 / 12 = 25,8; 1 gün üçün - 25,8/ 30 = 0,86; 15 gün üçün – 0,86 x 15 = 12,9; 1 ay 15 gün üçün – 25,8 + 12,9 = 38,7 manat).

41. Ona görə də kollegiya hesab edir ki, həmin hissədə apellyasiya şikayətinin dəlilləri qismən əsaslı hesab edilməli və birinci instansiya məhkəməsinin qətnaməsi həmin hissədə dəyişdirilməlidir.

42. Əsas borca münasibətdə apellyasiya şikayətinin dəlilləri isə məhkəmənin yuxarıda qeyd olunan mövqeyinə əsasən əsassızdır.

43. Həmçinin mübahisələndirilən hissədə iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.

44. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.3, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1852/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsi qismən, yəni 27 noyabr 2019-cu il tarixli müqavilə üzrə icranın gecikdirilməsinə görə hesablanmış faiz borcunun tutulması hissəsində dəyişdirilsin və həmin müqavilə üzrə Cavabdeh MMC-dən 38,7 manat faiz borcu tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qalan mübahisələndirilən hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov

Hakimlər: Vüsalə Baxışova

Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar