Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-783/2023 20.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı X1 Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X4 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2120/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ
1. İddiaçı ilə cavabdeh arasında xx.xx.2022-ci il tarixli 54 nömrəli Xidmət müqaviləsi bağlanmış və müqaviləyə əsasən iddiaçı mülkiyyətində olan Kamaz markalı, 20EP404 dövlət qeydiyyat nişanlı yanacaq avtomaşınını bu müqavilədə müəyyən edilən şərtlər daxilində cavabdehin xidmətinə verməyi, cavabdeh isə maşının istifadəsinə görə hər ay 6390 manat xidmət haqqı ödəməyi öhdəsinə götürmüşdür.
Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı X3 Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli 54 nömrəli müqavilə əsasında yaranmış 27621 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 200 manat pulun cavabdehdən tutulub iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı bildirir ki, cavabdeh xx.xx.2022-ci il tarixdən etibarən avtomaşını daimi olaraq istifadə etmiş, xx.xx.2023-cü il tarixdə isə iddiaçıya təhvil vemişdir. Nəticədə cavabdeh avtomaşını 4 ay 10 gün istifadə etmişdir. Müqaviləyə əsasən 4 ay 10 gün üçün 27621 manat ödəməli idi. Lakin cavabdeh heç bir xidmət haqqı ödəməmişdir. Dəfələrlə cavabdehdən borcun ödəməsi tələb edilsə də, ödəyəcəyinə dair vədlər vermiş, lakin ödəməmişdir.
4. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, iddiaçı borcun açıqlamasına dair heç bir sənədi məhkəməyə təqdim etməmişdir. Bundan başqa iddiaçı məhkəmə iclasında cavabdehin rəhbərinin səs yazılarının olmasını və iddianı qəbul etməsini bildirmişdir. İstinad edilən səs yazısı gizli yolla əldə edildiyindən sübut kimi istifadə oluna bilməz. Həmçinin, iddiaçı tərəfindən birtərəfli qaydada təqdim edilən elektron qaimə-faktura da tərəflər arasında borcun təsdiq edilməsini əsaslandırmaq üçün sübut qismində çıxış edə bilməz.
5. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-2120/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdehndən 25920 manat və mediasiya xərcinə görə 189,35 manatın tutularaq X2 ödənilməsi və iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.
6. Cavabdeh MMC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
7. Apellyasiya şikayəti iddiaya etirazla eyni qaydada əsaslandırılmış və əlavə olaraq qeyd olunmuşdur ki, iddiaçı məhkəmə iclasında cavabdeh tərəfindən 4000 manat pulun verilməsini etiraf etsə də, qətnamə qəbul edən zaman həmin məbləği iddia tələbindən çıxmamış və kobud prosessual pozuntuya yol vermişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
9. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə etdi, iddiaçı X3 və onun nümayəndəsi və vəkili Nümayəndə isə apellyasiya şikayətinə isə etiraz etdilər.
TƏTBİQ EDİLƏN HÜQUQ
10. Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinin tələblərinə görə mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir.
11. Mülki Məcəllənin 11.1-ci maddəsinə görə mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).
12. Həmin Məcəllənin 404.1 və 404.2-ci maddələrinə görə müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
13. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.
14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2021-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.9-cu bəndinə görə ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaimə-faktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
15. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini və iddianın qismən təmin olunduğunu, lakin iddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız iddianın qismən təmin olunmuş hissəsində yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
16. Məhkəmə kollegiyası hesab edir ki, iddia qismən əsaslıdır.
17. Belə ki, tərəflər arasında xx.xx.2022-ci il tarixli 54 nömrəli xidmət müqaviləsinin bağlanılması işin mübahisəsiz halını təşkil edir.
18. Lakin mülki qanunvericilikdə xidmət müqaviləsi münasibətlərini tənzimləyən hər hansı müddəa mövcud deyil.
19. Ona görə də kollegiya hesab edir ki, Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsi və Mülki Məcəllənin 11.1-ci maddəsinin tələbləri nəzərə alınmadan iş üzrə nəticəyə gəlmək düzgün deyildir.
20. Qeyd olunanlara əsaslanaraq və işin hallarını nəzərə alaraq kollegiya hesab edir ki, hazırki mübahisə Mülki Məcəllənin icarə müqaviləsinə aid müddəalarının qaydalarına uyğun araşdırılmalıdır.
21. Bu əsaslarla iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 700.1-ci maddəsi təşkil edir.
22. Hazırki işdə də qeyd olunan maddənin dispozisiya şərtləri mövcuddur.
23. Belə ki, iş materiallarında olan 5 ədəd elektron qaimədən görünür ki, iddiaçı tərəfindən cavabdehə ümumilikdə 25920 manat dəyərində yanacaq avtomaşını ilə xidmətlərin göstərilməsinə dair elektron qaimə təqdim edilmişdir.
24. İnternet vergi idarəsinin e-qaimələrə aid şəxsi kabinetdən isə görünür ki, iddiaçı tərəfindən cavabdehə göndərilmiş 5 ədəd elektron qaimənin bir ədədi cavabdeh tərəfindən təsdiqlənmiş, digərləri isə sistem tərəfindən təsdiqlənmişdir.
25. Göründüyü kimi tərəflər arasında bağlanmış xidmət müqaviləsi üzrə yanacaq avtomaşını ilə xidmətlərin göstərilməsi və ödənilməli olan məbləğ cavabdehin heç bir etiraz etmədiyi və bir hissəsini özünün təsdiq etdiyi elektron qaimələrlə təsdiq olunur.
26. Bununla bağlı kollegiya qeyd edir ki, əgər cavabdehin qeyd etdiyi kimi həqiqətən də yanacaq avtomaşını ilə ona xidmət göstərməsəydi, cavabdeh iddiaçı tərəfindən ona göndərilmiş elektron qaimələri təsdiqləməkdən qanunla müəyyən edilmiş 5 gün müddətində imtina edər və ən azı bununla bağlı öz etirazlarını iddiaçıya bildirərdi. Lakin hazırki işdə bu hal mövcud deyil.
27. Bu isə cavabdeh tərəfindən iddiaçının yerinə yetirdiyi işlərin qəbul edilməsi və həmin işlərin dəyərinin ödənilməsini qəbul etməsi mənasına gəlir.
28. Bundan əlavə, birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, yanacaq avtomaşının sürücüsü olub, Gəncə və Kəlbəcərdə yanacaq daşımasını həyata keçirib, əmək haqqını Cavabdeh MMC ödəməli idi, lakin ödəməmişdir.
29. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, iddiaçı xidmət haqqının cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır.
30. Bununla yanaşı kollegiya hesab edir ki, mübahisələndirilən hissədə iddia tam təmin edilə bilməz.
31. Belə ki, hazırki apellyasiya baxışı zamanı birinci instansiya məhkəməsinin məhkəmə iclaslarının audio-video yazılarına baxış keçirilmiş və müəyyən olunmuşdur ki, iddiaçı tərəf cavabdeh tərəfindən ona müqavilə üzrə 4000 manat nağd şəkildə verildiyini etiraf etmiş, lakin birinci instansiya məhkəməsi tərəfindən həmin məbləğ nəzərə alınmamışdır.
32. Bu baxımdan kollegiya hesab edir ki, ödənilən həmin məbləğ də nəzərə alınmalı və Cavabdeh MMC-dən iddiaçı X1 xeyrinə cəmi 21920 manat tutulmalıdır (25920 – 4000 = 21920).
33. Ona görə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli və birinci instansiya məhkəməsinin qətnaməsi həmin hissədə dəyişdirilməlidir.
34. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.3, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2120/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilsin. Cavabdeh MMC-dən iddiaçı X1 xeyrinə 21920 manat məbləğində pul vəsaiti tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov
Hakimlər: Vüsalə Baxışova
Aida Hüseyn