Məhkəmə qərarları › İş №2-2(103)-783/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-783/2025

22.07.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Daşınmaz əmlak üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-783/2025 22.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: icraatın dayandırılması ilə bağlı vəsatətin təmin olunmaması, şikayət verilə bilən qərardad, prosessual pozuntu, qərardadın düzgün əsaslandırılmaması) hakimlər Əkbərov Mübariz Dosməmməd oğlundan (məruzəçi), Həsənov Elnur Məmmədsaat oğlundan və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə İddiaçı Cavabdeh qarşı “qeyri yaşayış sahəsinin boşaldılması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 29 may 2025-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi: İşin halları

1. ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16 dekabr 2019-cu il tarixli qərarı əsasında 30 oktyabr 2020-ci il tarixdə İddiaçı Kiçik Müəssisənin adına xüsusi mülkiyyət hüququ üzrə qeydiyyata alınmışdır.

2. İddiaçı Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “ünvan 3, ümumi sahəsi 191,3 kv.m olan qeyri-yaşayış sahəsinin onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və həmin qeyri-yaşayış sahəsinə dair çıxarışın verilməsi vəzifəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunması” tələbi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 06 noyabr 2019-cu il tarixli qərarı ilə təmin edilmiş, ünvan 3 ünvanda yerləşən ümumi sahəsi 191,3 kv.m qeyri-yaşayış sahəsinin İddiaçı adına eskiz layihəyə uyğun olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasının, həmin qeyri-yaşayış sahəsinə dair çıxarışın verilməsi vəzifəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunması qərara alınmışdır.

3. Cavabdeh ərizə ilə müraciət edərək üçüncü şəxs qismində cəlb olunmasını və 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 06 noyabr 2019-cu il tarixli qərarının ləğv edilməsini, işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərar çıxarılmasını xahiş etmiş, Bakı İnzibati Məhkəməsinin 11 sentyabr 2024-cü il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir.

4. Həmin qərardaddan Cavabdeh verdiyi şikayət Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 dekabr 2024-cü il tarixli qərardadı ilə təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.

5. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 23 aprel 2025-ci il tarixli qərarı ilə Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 dekabr 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

6. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair İddiaçı Kiçik Müəssisənin adına verilmiş 30 oktyabr 2020-ci il tarixli çıxarışın ləğv olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

7. Həmin iddia ərizəsi əsasında başlanan inzibati iş hazırda Bakı İnzibati Məhkəməsinin icraatındadır.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktları

8. İddiaçı (iddiaçı) Cavabdeh (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdehin ünvan 4 ünvanında yеrləşən, sahəsi 186,3 kv.m olan qеyri-yaşayış sahəsindən çıхarılması və həmin qеyri-yaşayış sahəsinin boşaldılaraq ona təhvil vеrilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

9. İddia tələbi belə əsaslandırılmışdır ki, ünvan 4 ünvanında yеrləşən, sahəsi 186,3 kv.m olan qеyri-yaşayış sahəsi iddiaçının mülkiyyətindədir, lakin cavabdeh həmin sahənin bir hissəsini qanunsuz olaraq zəbt etmişdir.

10. Cavabdehin nümayəndəsi (vəkili) məhkəməyə ərizə ilə müraciət edərək, təmsil etdiyi şəxsin “ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair İddiaçı Kiçik Müəssisənin adına verilmiş 30 oktyabr 2020-ci il tarixli çıxarışın ləğv olunması” barədə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia qaldırdığını, həmin iddia tələbinə Bakı İnzibati Məhkəməsində baxıldığını bildirmiş, buna görə də işin icraatının dayandırılmasını xahiş etmişdir.

11. Birinci instansiya məhkəməsinin 29 may 2025-ci il tarixli protokol-qərardadı ilə ərizənin (vəsatətin) təmin olunmaması qərara alınmış, eyni tarixli qərardadla iş məhkəmə baxışına təyin edilmişdir.

12. Həmin qərardaddan (icraatın dayandırılması barədə vəsatətin rədd olunmasına dair protokolqərardaddan) cavabdehin nümayəndəsinin (vəkilinin) 05 iyun 2025-ci il tarixdə verdiyi şikayət, şikayətin qanunvericiliyə uyğun formada tərtib olunmadığı, habelə qərardaddan şikayət verilməsinin nəzərdə tutulmadığı, eləcə də hansı qərardaddan şikayət verildiyinin qeyri-müəyyən olduğu əsas göstərilməklə məhkəmənin 05 iyun 2025-ci il tarixli qərardadı ilə geri qaytarılmışdır.

13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.1-ci, 363.1-ci, 363.1.1-1-ci maddələrinə istinadla əsaslandırmışdır.

14. Məhkəmənin 05 iyun 2025-ci il tarixli qərardadından cavabdehin nümayəndəsi (vəkili) tərəfindən şikayət verilmiş, bu şikayətə 18 iyun 2025-ci il tarixdə baxan məhkəmə “...hazırda cavabdehin hansı qərardaddan şikayət verdiyini müəyyən etməyin mümkün olmadığı”nı, “şikayətin qanunvericiliyə uyğun formada tərtib edilmədiyini” və “şikayətin geri qaytarılmalı olduğunu” vurğulamaqla yanaşı, onun təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsinə qərar vermişdir. Apellyasiya baxışı

15. Şikayətə məhkəmə iclasında baxılmasını zəruri edən qanunla nəzərdə tutulan hallar aşkar edilməmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

16. Maddə 258.1. İş üzrə icraatın dayandırılması və onun təzələnməsi barədə məhkəmə qərardad çıxarır.

17. Maddə 258.2. İş üzrə icraatın dayandırılması barədə məhkəmənin qərardadından şikayət verilə bilər.

18. Maddə 395.1. İşdə iştirak edən şəxslər qətnamədən ayrılıqda birinci instansiya məhkəmələrinin qərardadlarından aşağıdakı hallarda şikayət verə bilərlər: 395.1.1. bu Məcəllədə göstərilən hallarda; 395.1.2. məhkəmənin qərardadı işin sonrakı hərəkətinə mane olduqda.

19. Maddə 395.2. Birinci instansiya məhkəmələrinin digər qərardadlarından şikayət verilmir. İşdə iştirak edən şəxslər bu qərardadlardan narazı qaldıqda qərardada olan etirazlarını apellyasiya şikayətlərinə daxil edə bilərlər.

20. Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək.

Apellyasiya baxışının həddi

21. Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

22. Kollegiya ilk növbədə onu qeyd edir ki, birinci instansiya məhkəməsi sənədlərin işə əlavə olunmasının (tikilməsinin) ardıcıllığını pozmuş, 29 may 2025-ci il tarixli qərardaddan 05 iyun 2025-ci il tarixində verilən şikayət bu şikayətlə bağlı çıxarılan qərardaddan, habelə 13 iyun 2025-ci il tarixdə verilən şikayətdən sonraya tikilmiş, bununla da iş materialının normal şəkildə öyrənilməsi çətinləşdirilmişdir.

23. İşin materiallarından görünür ki, 29 may 2025-ci il tarixli qərardaddan verilən şikayət kifayət qədər əsaslandırılmış, həmçinin müvafiq formaya əməl edilmiş, şikayətin məzmununda da məhkəmənin hansı aktının mübahisələndirildiyi açıq-aşkar göstərilmişdir.

24. Bu baxımdan məhkəmənin, həmin şikayəti hansı səbəblə “hansı qərardaddan verildiyi qeyri-müəyyən olan” və “qanunvericiliyə uyğun formada tərtib edilməyən” şikayət kimi qiymətləndirdiyi anlaşılan deyildir.

25. Məhkəmə 05 iyun 2025-ci il tarixli qərardaddan verilən şikayətə 18 iyun 2025-ci il tarixdə baxarkən də eyni mövqeyi sərgiləmiş, şikayətin dəlillərinə heç bir qiymət verməyərək eyni cümlələri köçürməklə kifayətlənmiş, qərardadın “əsaslandırıcı” hissəsində şikayətin geri qaytarılmalı olduğunu qeyd etsə də, nəticədə şikayətin təmin olunmamasını qərara almışdır.

26. Başqa sözlə, məhkəmənin Mülki Prosessual Məcəllənin 269-cu maddəsinə əsasən çıxardığı qərardad kimi müvafiq qərardadlardan hansının qəbul edilməli olduğu qeyri-müəyyən qalmışdır.

27. Göstərilən hallar məhkəmənin işin hallarını diqqətlə öyrənmədiyi və şikayətlərin mahiyyətini ümumiyyətlə aydınlaşdırmadığı qənaətinə gəlməyə əsas verir.

28. Şərh olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin 05 iyun 2025-ci il tarixli, həmçinin bununla bağlı olan 18 iyun 2025-ci il tarixli qərardadları ləğv olunmalı və iş, 29 may 2025-ci il tarixli qərardaddan verilən şikayətə qanunla müəyyənləşdirilmiş qaydada yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

29. Kollegiya məhkəmənin (hakimin) diqqətinə onu da çatdırmağı zəruri hesab edir ki, mülki prosessual qanunvericilikdə işə baxılarkən qəbul olunan bütün qərardadlardan şikayət verilməsi imkanı nəzərdə tutulmamışdır və Mülki Prosessual Məcəllənin 258.2-ci maddəsinin mənasına görə, işin icraatının dayandırılmasından imtinaya dair qərardadlardan şikayət verilə bilməz.

30. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Şikayət qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-255/2025 saylı iş üzrə 05 iyun 2025-ci il tarixli, həmçinin bununla bağlı olan 18 iyun 2025-ci il tarixli qərardadları ləğv olunsun və iş, bu qərardadın əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla 29 may 2025-ci il tarixli qərardaddan verilən şikayətə qanunla müəyyənləşdirilmiş qaydada yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar