Məhkəmə qərarları › İş №2-2(103)-788/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-788/2021

06.07.2021 · Hüquqi və fiziki şəxslərin ödəmə qabiliyyəti olmayan hesab edilməsi barədə mübahisələr (müflisləşmə (iflas)) - Hüquqi şəxsin müflis olması üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-788/2021 06.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Anar Vəzir oğlu Tanrıverdiyevdən və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2458/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 08.05.2021-ci il tarixli qərardadından iddiaçı “İddiaçı Company Ltd” şirkəti tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı “İddiaçı Company Ltd” şirkəti cavabdeh ləğv prosesində olan “xxxx” Sığorta Şirkəti ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” Sığorta Şirkəti ASC-nin ləğvetmə komissiyasının 169 nömrəli, 13 aprel 2021-ci il tarixli məktubunu etibarsız hesab edən və tələbin qəbul edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 08.05.2021-ci il tarixli, e-2-2(113)-2458/2021 saylı qərardadı ilə iddia ərizəsinin icraata qəbulundan imtina edilmiş, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər “İddiaçı Company Ltd” şirkətinə qaytarılmışdır. İddiaçı həmin qərardaddan şikayət vermiş, Bakı Kommersiya Məhkəməsinin 27.05.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Vəkil şikayəti müdafiə etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikasının Qanununun “Borc tələblərinin irəli sürülməsi” adlı 9-cu fəslinə aid “ Borc tələblərinin irəli sürülməsinə dair ümumi prinsiplər” adlı 42-ci maddəsi, “Müflis elanetmə və borc tələblərin irəli sürülməsi qaydası” adlı 43-cü maddəsi, “Borc tələblərini qiymətləndirərkən əmlak inzibatçısının tətbiq etdiyi prinsiplər” adlı 44-cü maddəsi, “Kreditorların irəli sürdüyü borc tələblərinin və şikayətlərin rədd edilməsi” adlı 45-ci maddəsi və “Borc tələblərinin reyestri” adlı 46-ci maddəsinin birgə təfsirindən müəyyən edilir ki, kreditorlar öz tələblərinin təsdiqi ilə bağlı əmlak inzibatçısına müraciət etməli və sonuncunun qərarından narazı qaldıqları halda bununla bağlı iflas prosedurana nəzarət edən məhkəməyə ərizə verməlidirlər. Kreditorların siyahısı və bununla bağlı mübahisələr də həmin məhkəmə tərəfindən həll olunur. İddiaçının mübahisələndirdiyi ləğv prosesində olan “Standard “xxxx” Sığorta Şirkəti ASC-nin “İddiaçı Company Ltd” şirkətinə ünvanlandığı 13 aprel 2021-ci il tarixli məktubda da kreditor tələbinin qəbul edilməməsindən narazı qalındığı təqdirdə ləğvetməyə nəzarəti həyata keçirən Bakı Kommersiya Məhkəməsinə (hakim – Leyla Əliyeva) müraciət edilməsi izah olunmuşdur. Bu baxımdan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq “İddiaçı Company Ltd” şirkətinin ləğv prosesində olan “xxxx” Sığorta Şirkəti ASC-yə qarşı ləğvetmə komissiyasının məktubunun etibarsız hesab edilməsi və tələbin qəbul edilməsi barədə tələbə iddia icraatı qaydasında baxılmalı olmadığına görə iddia ərizəsinin icraata qəbul olunmasından imtina edilməsi nəticəsinə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslı şəkildə qəbul edilmiş, şikayətdə göstərilən dəlillər isə əsassızdır və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı “İddiaçı Company Ltd” şirkəti tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2458/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 08.05.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Anar Tanrıverdiyev Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar