Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-790/2024 23.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Şirinovun sədrliyi və məruzəsi ilə, X5 və X1 ibarət tərkibdə, Eyvazlı Aytac Rafael qızının katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı "xxxx" QSC-nin Cavabdeh MMC-yə qarşı “reklam müqaviləsi üzrə pulun tutulması” tələbinə dаir iş üzrə Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-2406/2024 nömrəli, 16 may 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı "xxxx" QSC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2023-cü il tarixli 131-2/2-512/2023 nömrəli müqavilə üzrə öhdəliyin icra edilməməsinə görə yaranmış 26 763,19 manat əsas borc, həmin borca hesablanmış 6046,80 manat dəbbə pulu və 188,43 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 32 998,42 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdi.
2. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-2(113)-1527/2024 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh MMC-dən 26763,19 manat məbləğində əsas borc, 1300 manat dəbbə pulu, 150 manat dövlət rüsumu, ümumilikdə 28213,19 (iyirmi səkkiz min iki yüz on üç manat on doqquz qəpik) manat məbləğində pulun tutularaq iddiaçı "xxxx" QSC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
3. Cavabdeh MMC həmin qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-2406/2024 nömrəli, 16 may 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
4. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, iddiaçı qarşısında heç bir öhdəliyi pozmamışdır. Öhdəliyin icra edilməmisi isə iddiaçının ucbatından baş vermişdir. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Lakin cavabdehin iddiaçı qarşısında hər hansı bir öhdəliyi yoxdur. Cavabdehin öhdəliyinin yerinə yetirilməsinə iddiaçı mane olmuşdur ki, zərəri də özü qarşılamalıdır. “Fatiyev Company MMC” 2022-ci ilin may ayından "xxxx" MMC ilə uğurlu əməkdaşlıq etmiş, indiyədək Həmin MMC-yə 140222,45 manat ödəmə etmişdir. "xxxx" MMC-nin yeni rəhbərliyi xx.xx.2023-cü il tarixdən birtərəfli qaydada onunla birtərəfli qaydada fəaliyyəti dayandırmış və fəaliyyət göstərə bilməyib. Çünki fəaliyyəti ADY Əmlak MMc ilə bağlı idi. 10 noyabr 2023-cü il tarixdə ödənilməli olan aylıq ödənişləri xx.xx.2023cü il tarixdə tələb etmiş və tələbini yerinə yetirə bilmədiyi üçün müqaviləni birtərəfli qaydada ləğv etmişdir. Ümumiyyətlə həmin tarixdən “Fatiyev Company MMC”-nin əməkdaşlarını binaya buraxmamış, müştərilərini qəbul edə bilməmişlər. Ümumiyyətlə müştərilərdən bu səbəblərdən ödənişləri ala bilməmişlər. Çünki onları daimi ofisdə görən müştərilərlə başqa yerlərdə görüşülməsi mümkün deyildir. Bu baxımdan da artıq "xxxx" MMC-nin əməkdaşlarının etdiyi qanunsuzluqlar nəticəsində müştərilərlə “Fatiyev Company MMC” arasında etimadsızlıq yaranmışdır. “Fatiyev Company MMC” də ödənişləri qəbul edərək "xxxx" MMC-yə ödəyə bilməmişdir. Bütün bu maliyyə itkisinə səbəb elə "xxxx" MMC-nin özü olmuşdur. "xxxx" MMC-nin etdiyi qanunsuzluq nəticəsində həm özləri, həm də “Fatiyev Company MMC” maliyyə itkisinə səbəb olmuşdur. Belə olan halda ümumiyyətlə cavabdeh tərəfinin iddiaçıya hansısa məbləğdə borcu yaranmamışdır. Olmayan borc görə sə faiz hesablanması yolverilməz və qanunsuzdur. Ümumiyyətlə ilk öncə iddiaçı tərəf müqavilənin şərtlərinə əməl etməmiş, müqavilə sonunda ödənilməli olan məbləği əvvəlcədən tələb etmişdir. Ümumiyyətlə bu tələb razılaşmaya zidd olmuşdur. İddiaçının tələb etdiyi məbləğlər cavabdehə ödənilmişdir. Müqavilə öhdəliyindən biri də ondan ibarətdir ki, reklamçı reklam etdiyi müəssisələrdən ödənişi qəbul edərək iddiaçı tərəfə ödəməlidir. Hansısa maneədən sonra bunu etmək mümkünsüzdür. Məhkəmə ümumiyyətlə işi birtərəfli qaydada araşdırmış, iddiaçının üzərinə qanunsuz olaraq pul ödənişi qoymuşdur. (istehsalçı) və cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 13-1- 2/2-512/2023 nömrəli reklam fəaliyyətinin təşkili haqqında müqavilə 6.2-ci bəndinə əsasən Reklamçı öz öhdəliklərini tam icra etməzsə (öhdəliklərini icra etməkdən yayınarsa, yəni Bu müqavilə ilə razılaşdırılmış yayım haqlarını vaxtlı vaxtında ödəməzsə və ya Bu müqavilə üzrə öhdəliklərində pozuntulara yol verərsə (üzrərinə götürdüyü vəzifələri icra etməzsə) Bu müqaviləyə birtərəfli qaydada vaxtından əvvəl xitam veriləcəkdir və buna görə Reklamçıya onun tərəfində Cəmiyyətə məxsus ərazilərdə Reklam fəaliyyəti ilə bağlı çəkdiyi hər hansı xərc kompensasiya olunmayacaq. Lakin məhkəmə aydınlaşdırmamışdır ki, bu öhdəlik hansı və kim tərəfdən pozulmuşdur. Məhkəmə borcun məbləğini düzgün müəyyən etməmiş, ümumiyyətlə cavabdehin borclu olubolmaması barədə sübutları tədqiq etməmişdir. Çünki məhkəmə cavabdeh tətrəfin sübutlarını qəbul edərək, dinləməmişdir. Ümumuyyətlə hər hansı bir möhtəbər sübuta istinad etməmişdir. Məhkəmənin təxirə salınması xahiş edilsə də məhkəmə əhəmiyyət verməmiş, bu barədə təqdim etdiyim ərizəni iclasdan sonra təhvil almışdır. Ümumiyyətlə məhkəmə pulun cavabdeh tərəfindən alınmasını, pulun cavabdehdə olub-olmamasını araşdırmamışdır. Ümumiyyətlə cavabdehin hansı səbəbdən fəliyyətini dayandrımasını,ödənişləri etməməsinin səbəbləri aydınlaşdırılmamış və bu barədə sübutlara istinad edilməmişdir. Ümumiyyətlə iddiaçınını iddası sübut edilməmiş təmin edilmişdir. İddiaçı ilə cavabdeh arasında olan müqavilə tədqiq edilməmiş, iddiaçının hansı səbəbdən cavabdehlə işləməməsinin səbəbləri barədə sübutlar yoxdur. Ümumiyyətlə bu borcla bağlı cərimə məbləği hesablana bilməzdir. Birinci instansiya məhkəməsi qətnamədə göstərilən halların işin nəticəsinə uyğun gəlməməsini onunla əsaslandırır ki, ekspert rəyi əldə olunmalı, məhkəmədə sübut kimi qiymətləndirilməli idi. İşdə olan sübutları məhkəmə daha dəqiq və daha geniş araşdıra bilərdi. Cavabdehin iştirak etməsi barədə məhkəmə tədbir görməli bunun üçün şərait yaratmalı idi. Məhkəmənin buna həm vaxtı, həm də yetərincə imkanı vardır. Məhkəmənin qətnaməsi düzgün əsaslandırılmamışdır. Əsaslandırıla da bilməz. Ümumiyyətlə bu iş üzrə birmənalı olaraq düzgün qətnamə qəbul edilməmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
5. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
6. Məhkəmə icraatı iştirakçılarının izahatları
7. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi.
8. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etdi.
TƏTBİQ EDİLƏN HÜQUQ
9. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
10. Həmin məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
11. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
12. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
14. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
15. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
16. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
17. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslılığı iddianın təmin edilən hissəsində yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
18. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.
19. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdehin iddiaçı tərəfindən görülmüş xidmətin dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli 13-1-2/2-512/2023 nömrəli reklam fəaliyyətinin təşkili haqqında müqavilə və onun əlavələrindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin müvafiq normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Cavabdehin xx.xx.2023-cü il tarixli 13-1-2/2-512/2023 nömrəli müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya 26763,19 manat borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq məhkəmə hesab etmişdir ki, iddia təmin edilməli, cavabdehdən 26763,19 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin məhkəmə dəbbə pulunu azaldaraq 1300 manat məbləğində müəyyən etmişdir.
20. İddiaçı tələbi təsdiq edən müqavilə, maliyyə arayışı, məktub, elektron qaimələr, təhvil-təslim aktları təqdim etmişdir.
21. Cavabdehin apellyasiya şikayətində irəli sürdüyü əsas dəlili cavabdehin öhdəliyinin icra edilməsinə iddiaçının özünün mane olmasından ibarətdir.
22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun A.Şoşanovun şikayəti üzrə 2015-ci il 11 fevral tarixli və F.Şirinovun şikayəti üzrə 2016-cı il 16 noyabr tarixli Qərarlarında göstərilmişdir ki, məhkəmə tərəfindən həqiqətə nail olunması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi bu aktların əsaslı olmasını şübhə altına alır.
23. MPM-in 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
24. Lakin, cavabdeh istinad etdiyi halı təsdiq edən heç bir sübut təqdim etməmişdir. Əksinə işdə olan sübutlar yalnız cavabdehin öhdəliyin lazımınca icra etməməsini göstərir.
25. İşdən görünür ki, cavabdeh iddiaçıya qarşı iddia qaldırmış və ondan pul tələb etmişdir. Kollegiya hesab edir ki, icraatın dayandırılması üçün əsaslar müəyyən edilməmişdir.
26. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
27. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-2406/2024 nömrəli, 16 may 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.