Məhkəmə qərarları › İş №2-2(103)-792/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-792/2025

23.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-792/2025 23.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-X3 İnstitutunun cavabdeh “X2 "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “xidmət müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (Açar sözlər: apellyasiya şikayətindən imtina, icraata xitam) hakimlər X1 (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlundan və X4 ibarət tərkibdə, Məhərrəmova Günel Elman qızının katibliyi ilə, iddiaçı S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-X3 İnstitutunun cavabdeh “X2 "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “xidmət müqaviləsi üzrə pulun tutulması” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)- 3234/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qəraradadı qəbul etdi: İşin halları

1. İddiaçı ilə cavabdeh arasında 13 fevral 2019-cu il tarixli 165/19 nömrəli sınaq işlərinin aparılmasına dair müqavilədən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı cavabdehin istehsal etdiyi dəmir yolları üçün dəmirbeton şpalların (tirlərin) dağıdıcı qüvvədən əyim və çata davamlılıq dövrü olaraq aylıq və partiya olaraq təhviltəslim sınaqlarının keçirilməsini, cavabdeh isə həmin işlərin dəyərini ödəməyi öhdəsinə götürmüşdür.

2. Həmin müqavilə ilə hər üç şpalın (tirin) sınağı üçün xidmət haqqının ƏDVsiz 3000 manat olması, müqavilə qiymətinin 50 faizinin qabaqcadan avans şəklində, qalan hissəsinin hesab-faktura təqdim edildikdən sonra 5 iş günü müddətində köçürmə yolu ilə ödənilməsi razılaşdırılmışdır.

3. Həmin müqaviləyə 13 fevral 2019-cu il tarixli 01 saylı qiymət razılaşdırma protokolu ilə xidmət haqqının ƏDV daxil olmaqla 3540 manat olması şərtləşdirilmişdir.

4. Hər iki hüquqi şəxs tərəfindən təsdiq edilmiş 27 fevral 2019-cü il tarixli 111/19 nömrəli yoxlama-sınaq işlərinin təhvil-qəbulu aktı ilə görülmüş işlər təhvil alınmış, işlərin ümumi dəyəri ƏDV daxil olmaqla 10620 manat olaraq təsdiq edilmişdir.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

5. İddiaçı S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-X3 İnstitutu cavabdeh “X2 "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli sınaq işlərinin aparılmasına dair müqavilə üzrə 10620 manat məbləğində pulun və ödənilmiş 120,97 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehin iddiaçıya müraciəti əsasında müəssisəsində istehsal olunmuş dəmir yolları üçün dəmir şpalların (tirlərin) dağıdıcı qüvvədən alınan əyim və çata davamlılıq sınaq işləri aparılmışdır. Həmin müraciət əsasında 165/19 nömrəli xx.xx.2019-cu il tarixli müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən, iddiaçı tərəfindən öhdəliklər tam yerinə yetirilərək istifadə edilən inşaat materiallarının keyfiyyətinin sınaq işləri aparılmışdır. Sınaq işlərinin aparılması ilə əlaqədar 165/19 nömrəli müqavilə üzrə 10 320 manat bu günədək ödənilməmişdir. Cavabdeh ilə görülmüş işlərin qalıq dəyərinin ödənilməsi barədə uzun müddət aparılan danışıqlar nəticəsiz qalmışdır. Mövcud problem uzun müddətdir ki, davam edir və iddiaçı təsərrüfat hesablı müəssisə olduğu üçün debitor borcların yığılması onun üçüncü şəxslər qarşısında öz öhdəliklərini vaxtında və lazımınca yerinə yetirməməsinə səbəb olub ki, bu da müəssisənin mənafeyinə və işgüzar nüfuzuna mənfi təsir göstərir.

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.

8. Birinci instansiya məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)- 3234/2025 nömrəli qətnaməsi ilə iddiaçı S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-X3 İnstitutunun cavabdeh “X2 "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “xidmət müqaviləsi üzrə pulun tutulması” tələbinə dair iddiası təmin edilməmişdir.

9. Məhkəmə gəldiyi qənaəti onunla əsaslandırmışdır ki, iddiaçının hazırkı iddia ilə çıxış etməyə subyektiv hüququ mövcuddur və həmin subyektiv hüquq məhz cavabdeh tərəfindən pozulmuşdur. Məhkəmə cavabdeh tərəfindən təqdim olunan iddia müddətinin tətbiqi barədə ərizə üzrə aşağıdakıları qeyd etmişdir.

10. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış 13 fevral 2019-cu il tarixli 165/19 nömrəli müqavilənin 4.2 – 4.3-cü bəndlərinə əsasən, «Sifarişçi» görüləcək sınaq işlərinə görə «İcraçı»nın hesabına ümumi məbləğin 50%-ni avans şəklində əvvəlcədən ödəyir. Müqavilə qiymətinin qalan hissəsinin (50%-i) ödənişi görülmüş işlərin həcmindən asılı olaraq təqdim edilmiş müvafiq hesab-fakturaya uyğun aparılır. Ödənişlər hesab-faktura daxil olan gündən 5 (beş) iş günü müddətində köçürmə yolu ilə həyata keçirilir.

11. Göründüyü kimi, tərəflər arasında 27 fevral 2019-cu il tarixdə yoxlamasınaq işlərinin təhvil-qəbulu aparılmış, xidmət haqqı ƏDV daxil olmaqla 10620 manat müəyyən edilmişdir. Cavabdeh isə həmin müqavilə şərtlərinə müvafiq olaraq işlərin dəyərinin 5 (beş) iş günü müddətində köçürmə yolu ödənilməsini öhdəsinə götürmüşdür. Bu mənada iddia müddətinin axımı xx.xx.2019-cu il tarixdən başlamış, iddiaçı isə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etməklə üç illik iddia müddətini ötürmüşdür. Həmçinin iddia müddətinin dayandırılması və ya kəsilməsi halı da müəyyən olunmur.

12. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

13. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə hesab etmişdir ki, iddiaçı S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-X3 İnstitutunun cavabdeh “X2 "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “xidmət müqaviləsi üzrə pulun tutulması” tələbi iddia müddəti keçdiyindən rədd edilməlidir.

14. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 372.1, 372.2, 373, 377.1, 375.2-ci maddələrinə istinad etmişdir.

15. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)- 3234/2025 nömrəli qətnaməsindən iddiaçı S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə- X3 İnstitutu apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinə qarşı etiraz

16. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

17. İddiaçı S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-X3 İnstitutunun nümayəndəsi Nümayəndə məhkəməyə elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabineti vasitəsilə ərizə təqdim edərək apellyasiya şikayətindən imtina etdiyini bildirmiş, şikayəti üzrə apellyasiya icraatına xitam verilməsinə xahiş etmişdir.

18. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

19. Maddə 369.1. İşdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur.

20. Maddə 369.2. Apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər.

21. Maddə 369.4. Şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir.

Məhkəmə kollegiyasının mövqeyi

22. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-X3 İnstitutunun öz şikayətindən imtina etməsi yazılı formada ifadə edildiyindən, qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından qəbul olunmalı və ona münasibətdə apellyasiya icraatına xitam verilməlidir.

23. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz.

24. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 397, 398, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-3234/2025 nömrəli qətnaməsindən iddiaçı S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-X3 İnstitutu tərəfindən verilmiş apellyasiya şikayətindən imtinası qəbul edilsin və iddiaçı S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-X3 İnstitutuna münasibətdə apellyasiya icraatına xitam verilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid edilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar