Məhkəmə qərarları › İş №2-2(103)-8/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-8/2024

24.09.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-8/2024 24.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı ASC-nin Cavabdeh MMC-yə qarşı torpaq sahəsinin boşaldılaraq geri qaytarılması və icarə haqqının tutulması tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X2 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 və üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin nümayəndəsi X3 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-139/2022 saylı qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı ASC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus 4.94 ha torpaq sahəsinin cavabdeh tərəfindən boşaldaraq geri qaytarılması, 2008-2020-ci illər üçün hesablanmış 3.556.800 manat məbləğində icarə haqqının ödənilməsi və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı bildirir ki, cəmiyyətə məxsus torpaq sahəsi qeyri-qanuni olaraq icarə müqaviləsi olmadan üçüncü şəxsə, yəni "xxxx" ASC-nin istifadəsinə verilmiş və eyni zamanda da icarəyə verilmiş torpaq sahəsinə görə İddiaçı ASC-yə icarə haqqı ödənilməmişdir.

3. Cavabdeh iddiaya etiraz edir və eyni zamanda iddia müddətinin tətbiqinə dair ərizə ilə məhkəməyə müraciət edərək bildirir ki, iddianın əsaslığına dair hər hansı sübut təqdim edilməmişdir. Mübahisəli torpaq sahəsi Bakı Şəhəri İcra Hakimiyyətinin sərəncamı ilə dövlət səviyyəli layihənin həyata keçirilməsi ilə bağlı Cavabdeh MMCyə verilmişdir. Cavabdeh MMC-nin sahədən istifadə etməyə başladığı dövrdən artıq 10 ildən artıq müddət keçdiyindən iddiaçı iddia müddətini ötürmüşdür.

4. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə Bakı şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə isə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişlər.

5. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-139/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 14926 saylı registrdən çıxarışa əsasən İddiaçı ASC-nin balansında olan Bakı şəhəri, Yasamal rayonu, Qanlı göl ərazisində yerləşən 4,94 ha torpaq sahəsinin Cavabdeh MMC tərəfindən boşaldılaraq iddiaçıya təhvil verilməsi və iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.

6. Cavabdeh MMC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Qanlı Göl ərazisi, 100 hektar və bəlkə də daha çox ərazini əhatə edir. Həmin ərazinin içərisində 4,94 ha torpaq sahəsinin harada yerləşdiyi bu günədək müəyyən deyildir. Məsələ ilə bağlı məhkəmə tərəfindən həmin əraziyə yerli baxış keçirilmiş və protokolda ərazi və istixananın İddiaçı ASC-yə məxsus olduğu bildirilmişdir. Lakin, məhkəmə bunu necə müəyyən etdiyini heç bir yerdə əsaslandırmamışdır. Ərazidə olan tikilinin də məhz 7 saylı istilik qazanxanası olması müəyyən deyildir. Eyni zamanda, dövlət mülkiyyətində olan torpaq sahəsinin idarə edilməsi Dövlət Əmlak Xidmətinə aid olduğundan iddiaçı qismində İddiaçı ASC-nin iddiaçı kimi çıxış etmək və iddia tələbi irəli sürmək hüququ yoxdur. Həmçinin, həmin məsələ ilə bağlı iddia müddəti ötürülmüşdür.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

9. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə3 apellyasiya şikayətini müdafiə etdi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 və üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin nümayəndəsi X5 isə apellyasiya şikayətinə etiraz etdilər. TƏTBİQ EDİLƏN HÜQUQ

10. Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

11. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 12.Həmin Məcəllənin 158.1-ci maddəsinə əsasən mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: girov hüququ (158.1.1); əmlakdan istifadə hüququ (158.1.2); servitutlar (158.1.3). 13.Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər.

14. Həmin Məcəllənin 372.1 və 372.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.

15. Həmin Məcəllənin 384.0.4-cü maddəsinə əsasən mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddəti şamil edilmir. 16.Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. 17.Həmin Məcəllənin 66-cı maddəsinin 2-ci bəndin əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir.https://eqanun.az/framework/46942

18. Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1 və 2-ci bəndlərinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini və iddianın qismən təmin olunduğunu, lakin iddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız iddianın qismən təmin olunmuş hissəsində yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir.

21. Belə ki, iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

22. Qeyd olunan maddənin dispozisiya şərtlərinə görə tələb olunan əmlak iddia irəli sürən şəxsin (iddiaçının) mülkiyyətində və ya qanuni istifadəsində olmalı, həmin əmlak iddia irəli sürülmüş şəxsin (cavabdehin) sahibliyində olmalı və həmin sahiblik qanunsuz olmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, yalnız bu üç şərtin mövcudluğu halında bu növ iddialar təmin edilə bilər.

23. Hazırki işdə də həmin maddənin dispozisiya şərtləri mövcuddur.

24. Belə ki, Azərbaycan Respublikasının Prezidentinin “Əhalinin və iqtisadiyyatın enerjidaşıyıcıları ilə təminatının yaxşılaşdırılması tədbirləri haqqında” xx.xx.2000-ci il tarixli 356 saylı Fərmanına əsasən xx.xx.2000-ci il tarixli 901 saylı sərəncam-əmrə əsasən “Azərenerji” SC-nin İstilik Şəbəkələri və X4 müəssisəsi müstəqil qurum kimi Bakı Şəhər İcra Hakimiyyətinin Mühəndis Kommunikasiyaları Departamentinin tərkibinə verilmişdir.

25. “Azərenerji” SC-nin xx.xx.2000-ci il tarixli 130 nömrəli əmrinə əsasən “Qanlı-Göl” ərazisində tikintisi tamamlanmamış 7 saylı Rayon İstilik Qazanxanası dəyəri 1185,3 min manat olmaqla İstilik Şəbəkələri və X4 müəssisəsinin balansına verilmişdir.

26. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli 941 saylı sərəncamına əsasən İstilik Şəbəkələri və X4 müəssisəsi daxil olmaqla Bakı İstilik Şəbəkələri İstehsalat Birliyi yaradılmışdır.

27. Bakı İstilik Şəbəkələri İstehsalat Birliyinin 02 aprel 2001-ci il tarixli 14/H nömrəli əmrinə əsasən İstilik Şəbəkələri və X4 müəssisəsinin adı dəyişdirilərək 2 saylı İstilik İdarəsi adlandırılmışdır.

28. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2001-ci il tarixli 456 saylı sərəncamına əsasən Bakı İstilik Şəbəkələri İstehsalat Birliyi ləğv edilmiş və Birliyin tərkibində fəaliyyət göstərən 1 və 2 saylı İstilik İdarələri müstəqil hüquqi şəxs qismində öz fəaliyyətlərini davam etdirmişdir.

29. Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli 285 saylı sərəncamına əsasən 1 və 2 saylı İstilik İdarələri ləğv edilərək bazasında Bakı şəhər İstilik İdarəsi yaradılmışdır.

30. “Azərbaycan Respublikasında istilik təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin 8 iyun 2005ci il tarixli 847 nömrəli Sərəncamına əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyəti yaradılmış, İddiaçı Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasında yaşayış məntəqələrində yaşayış evlərinin və binalarının, habelə sosial və digər təyinatlı obyektlərin istilik təchizatı işlərini həyata keçirir. Azəristiliktəchizat" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təşkil edilməsi məqsədilə Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin “İstilikkommunenerjisazlama” Respublika İstehsalat Birliyi ləğv edilmiş, onun funksiyaları və tabeliyində olan müəssisə və təşkilatlar balanslarındakı əmlakla birlikdə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilmiş, Bakı Şəhər İcra Hakimiyyətinin Bakı şəhər İstilik İdarəsi ləğv edilmiş, onun funksiyaları və tabeliyində olan müəssisə və təşkilatlar, Qaradağ rayon qazanxanalar və istilik şəbəkəsi balanslarındakı əmlakla birlikdə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilmişdir.

31. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin İddiaçı ASC-nin (qeydiyyat №14926) balansında olan daşınmaz dövlət əmlakı haqqında registrdən çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Qanlı göl ərazisi ünvanında yerləşən 7 saylı qazanxana (yarımçıq tikili) və onun yerləşdiyi yerləşdiyi 49400 m2 (4.94 ha) torpaq sahəsi İddiaçı ASC-nin balansındadır.

32. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin İddiaçı ASC-yə ünvanladığı xx.xx.2020-ci il tarixli, **********53 nömrəli məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Qanlı Göl ərazisində yerləşən, gücü 200 Qkal/ssat olan, 4,94 ha torpaq sahəsində yerləşən tikintisi başa çatdırılmamış 7 saylı rayon istilik qazanxanası və onun yerləşdiyi torpaq sahəsi Əmlak Məsələləri Dövlət Xidmət tərəfindən hər-hansı fiziki və ya hüquqi şəxsə icarəyə və ya istifadəyə verilməmişdir.

33. Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının "xxxx" ASC-yə və Yasamal Rayon İcra Hakimiyyətinə ünvanladığı 7-4319/17 saylı xx.xx.2007-ci il tarixli məktubundan görünür ki, keçmiş “Moskva” mehmanxanasının ərazisində “Alov qüllələri” inşaat kompleksinin həyata keçirilməsi məqsədilə material-avadanlıqlarının yerləşdirilməsi və anbar sahələrinin tikintisi üçün Yasamal rayonu, “Qanlı-Göl” adlanan ərazinin yaxınlığında müvəqqəti olaraq 5,0 ha torpaq sahəsindən istifadə olunmasına etiraz edilməmiş və inşaat işləri başa çatdıqdan sonra ərazinin əvvəlki vəziyyətinə qaytarılması tapşırılmışdır.

34. Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin "xxxx" ASC-yə ünvanladığı 18/03-8/195 saylı xx.xx.2007-ci il tarixli məktubundan görünür ki, Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2017-ci il tarixli, 7-4319/17 saylı razılıq məktubu ilə Yasamal rayonu, “Qanlı Göl” adlanan ərazinin yaxınlığında müvəqqəti olaraq "xxxx" ASC-nin istifadəsinə ayrılmış 5,0 ha torpaq sahəsinin planı "xxxx" ASC-yə göndərilmişdir.

35. Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının "xxxx" ASC-yə və Yasamal Rayon İcra Hakimiyyətinə ünvanladığı 7-354/17 saylı xx.xx.2008-ci il tarixli məktubundan görünür ki, keçmiş “Moskva” mehmanxanasının ərazisində “Alov qüllələri” inşaat kompleksinin həyata keçirilməsi məqsədilə material-avadanlıqlarının yerləşdirilməsi və anbar sahələrinin tikintisi üçün Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2017-ci il tarixli, 7- 4319/17 saylı məktubuna əsasən, Yasamal rayonu, “Qanlı-Göl” adlanan ərazinin yaxınlığında müvəqqəti olaraq ayrılmış 5,0 ha torpaq sahəsinə əlavə olaraq 3,0 ha torpaq sahəsinin ayrılmasına etiraz edilməmiş və inşaat işləri başa çatdıqdan sonra ərazinin əvvəlki vəziyyətinə qaytarılması tapşırılmışdır.

36. Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının "xxxx" ASC-yə və Yasamal Rayon İcra Hakimiyyətinə ünvanladığı 7-2359/17 saylı xx.xx.2008-ci il tarixli məktubundan görünür ki, keçmiş “Moskva” mehmanxanasının ərazisində “Alov qüllələri” inşaat kompleksinin həyata keçirilməsi məqsədilə material-avadanlıqlarının yerləşdirilməsi üçün Yasamal rayonu, Müşviq küçəsi, Qanlı-Gölün cənub-qərb hissəsində, “Naftalan” tibb mərkəzinin qarşısındakı ərazidə, əvvəl ayrılmış 8,0 ha torpaq sahəsinə əlavə 1,0 ha boş torpaq sahəsinin müvəqqəti olaraq istifadə olunmasına etiraz edilməmiş və inşaat işləri başa çatdıqdan sonra ərazinin əvvəlki vəziyyətinə qaytarılması tapşırılmışdır.

37. Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının Aparatının İddiaçı ASC-yə ünvanladığı 7- 3033/17 saylı 2021-ci il tarixli məktubundan görünür ki, "xxxx" ASC-nin onların istifadəsinə verilmiş torpaq sahəsində yerləşdirilməsi barədə İddiaçı ASC-nin məktubuna cavab olaraq sözügedən torpaq sahəsinə dair Bakı Şəhər İcra Hakimiyyətinin hər hansı sərəncamının və müqaviləsinin aşkar edilmədiyi bildirilmişdir.

38. X1 Reyestrindən xx.xx.2016-cı il tarixli, **********085000 nömrəli çıxarışı ilə müəyyən edilir ki, Cavabdeh MMC Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində xx.xx.2001-ci il tarixdə D-3226 nömrəsi ilə dövlət qeydiyyatına alınmış "xxxx" ASCnin ona qoşulması ilə yenidən təşkil edilmişdir.

39. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli yerində müayinə protokoluna əsasən müəyyən edilir ki, mübahisə predmeti olan torpaq sahəsi beton hasarla hasarlanmışdır. Hasarın daxilində İddiaçı ASC-nin balansında olan yarımtikili istixana yerləşir. Hazırda həmin ərazi Cavabdeh MMC tərəfindən istifadə edilməklə istixana binasının ətrafında dörd tərəfdən cavabdehə məxsus metal qırıntıları və digər malmateriallar atılmış vəziyyətdə saxlanılır. Ərazidə həmçinin su çənləri, xüsusi texnika və birmərtələbəli tikili, su deposu mövcuddur. Yerində müayinə zamanı iddiaçının nümayəndəsi birmərtəbəli tikilinin Cavabdeh MMC tərəfindən inşa edildiyini, çən və xüsusi texnikanın da MMC-yə məxsus olduğunu, su deposunun birinci mərtəbəsinin köhnə tikili olduğunu, onun ikinci mərtəbəsinin isə Cavabdeh MMC inşa edildiyini bildirmişdir. Özünü nəzarətçi kimi təqdim edən Adanar Ulaş mübahisəli sahədən Alov qüllələrinin tikintisi zamanı mal-materialların saxlanması, eləcə də işçilərinin gecələməsi (ərazidə kamp mövdud olmuşdur) üçün istifadə edildiyini, hazırda ərazidə qüllələrin tikintisindən artıq qalmış materiallar saxlandığını, su deposunun Cavabdeh MMC tərəfindən tikildiyini, sahədəki təchizatların və avadanlıqların Cavabdeh MMCyə məxsus olduğunu, tikililərin bir hissəsinin İddiaçı ASC tərəfindən inşa edildiyini və Cavabdeh MMC tərəfindən tamamlandığını bildirmişdir.

40. İşin apellyasiya baxışı zamanı iş üzrə əlavə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 13 avqust 2024-cü il tarixli, 3-16-16/2-10/5237 saylı ekspert rəyi verilmişdir.

41. Həmin rəyə əsasən İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Qanlı göl ərazisində yerləşən İddiaçı ASC-nin balansında olan 7 saylı rayon istilik qazanxanasının tikilisinin yerləşdiyi 4,4947 ha torpaq sahəsi (3-cü cild, səh 56-57 sxemdə göstərilən sahə) ilə Cavabdeh MMC-nin sahibliyində olan sahə kimi qeyd edilmiş torpaq sahəsinin (2-ci cild, səh 243, sxemdə göstərilən sahə) bütövlükdə üst-üstə düşməsi müəyyən edilmişdir.

42. Beləliklə, qeyd olunan sübutlardan müəyyən edilir ki, mübahisəli torpaq sahəsi iddiaçıya məxsusdur və hal-hazırda cavabdehin sahibliyindədir. Cavabdehin sahibliyi isə qanunsuzdur.

43. Belə ki, Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 44.Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. 45.Həmin Məcəllənin 66-cı maddəsinin 2-ci bəndin əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir.https://eqanun.az/framework/46942

46. Lakin cavabdehin mübahisəli torpaq səhəsinə dair hər hansı hüquqları yaranmamış və dövlət qeydiyyatına alınmamışdır.

47. Yuxarıda istinad olunan Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının Aparatı tərəfindən İddiaçı ASC-yə ünvanlanmış 7-3033/17 saylı 2021-ci il tarixli və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən İddiaçı ASC-yə ünvanlanmış xx.xx.2020-ci il tarixli, **********53 nömrəli məktublardan da müəyyən edilir ki, Bakı şəhəri, Yasamal rayonu, Qanlı Göl ərazisində yerləşən tikintisi başa çatdırılmamış 7 saylı rayon istilik qazanxanası və onun yerləşdiyi torpaq sahəsinin hər hansı fiziki və ya hüquqi şəxsə istifadəyə verilməsinə dair Bakı şəhər İcra Hakimiyyəti tərəfindən sərəncam verilməmiş və müqavilə bağlanmış, eləcə də həmin torpaq sahəsi Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən də hər hansı fiziki və ya hüquqi şəxsə icarəyə və ya istifadəyə verilməmişdir.

48. Cavabdehin istinad etdiyi Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının "xxxx" ASC-yə və Yasamal Rayon İcra Hakimiyyətinə ünvanladığı 7-4319/17 saylı xx.xx.2007-ci il tarixli, 7-354/17 saylı xx.xx.2008-ci il tarixli, 7-2359/17 saylı xx.xx.2008-ci il tarixli məktubları və Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin "xxxx" ASC-yə ünvanladığı 18/03-8/195 saylı xx.xx.2007-ci il tarixli məktubu isə cavabdehin mübahisəli torpaq sahəsi üzərində hər hansı hüquqlarının yaranmasını təsdiq etmir.

49. Belə ki, Bakı Şəhər İcra Hakimiyyətinin məktubu Torpaq Məcəlləsinin 55-ci maddəsində müəyyən edilən torpaq sahəsi üzərində hüquqların yaranması əsaslarına aid deyil.

50. Göründüyü kimi iddia tələblərinin qanuni əsasını təşkil edən Mülki Məcəllənin 157.2ci maddəsinin bütün dispozisiya şərtləri mövcuddur və ona görə də, iddiaçı mübahisəli sahənin cavabdeh tərəfindən boşaldılmasını tələb etməkdə tam haqlıdır. Ona görə də, iddia həmin hissədə əsaslı olduğuna görə təmin edilməlidir.

51. Cavabdeh tərəfindən iddia müddətinin tətbiqi ilə bağlı ərizəyə münasibətdə kollegiya qeyd edir ki, hazırki iddianın torpaq sahəsinin qaytarılması hissəsi iddiaçının torpaq sahəsinin qanuni sahibi kimi hüquqlarının pozuntularının aradan qaldırılması haqqında tələb olduğundan həmin tələbə iddia müddəti şamil edilmir.

52. Belə ki, Mülki Məcəllənin 384.0.4-cü maddəsinə əsasən mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddəti şamil edilmir.

53. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Məhkəmə xərcləri isə Mülki Prosessual Məcəllənin 119.1ci maddəsinə əsasən cavabdehə aid edilməlidir.

54. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-139/2022 saylı qətnaməsi iddianın qismən təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatının dəyəri olan cəmi 100 manat məbləğində pul vəsaiti Cavabdeh MMC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov

Hakimlər: Vüsalə Baxışova

Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar