Məhkəmə qərarları › İş №2-2(103)-807/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-807/2024

26.07.2024 · Əqli mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmtəə nişanından qanunsuz istifadə ilə əlaqədar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-807/2024 26.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Qurbanov Raqib Əliddin oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, iddiaçı “İddiaçı” şirkətinin cavabdeh X2 qarşı malların ticarət dövriyyəsinə buraxılmadan məhv edilməsi və kompensiyanın tutulması tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin 13 iyun 2024-cü il tarixli, e-2-2(113)-4304/2024 nömrəli qərardadından “İddiaçı” şirkəti tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı “İddiaçı” şirkəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı Baş Gömrük İdarəsinin 03 may 2024-cü il tarixli №3-33-1100/000024Q saylı “Malların buraxılışının dayandırılması haqqında” Qərarına əsasən cavabdeh Fərdi sahibkar X3 (VÖEN:**********) tərəfindən Azərbaycan Respublikasına xx.xx.2024-cü il tarixli 75 saylı invoys sənədi ilə İran İslam Respublikasından 44BF294/44ZA002 dövlət nömrə nişanlı avtomobil nəqliyyatı vasitəsilə idxal olunmuş mallara gömrük nəzarəti altında baxış keçirilərkən və baxış zamanı **********2633 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş kontrafakt olması əlamətləri aşkar olunmuş 220 kq “PUMA” əmtəə nişanlı malların (XİFMN üzrə malın adı və kodu: Puma əmtəə nişanlı geyim **********) ticarət dövriyyəsinə buraxılmadan məhv edilməsinə və 2) Cavabdeh Fərdi sahibkar X1 (VÖEN:**********) əlli min (50.000) manat məbləğində kompensasiyanın tutularaq İddiaçı “İddiaçı” Şirkətinə ödənilməsinə dair müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 13 iyun 2024-cü il tarixli, e-2-2(113)-4304/2024 nömrəli qərardadı ilə (hakim Günay Namazova) iddiaçı “İddiaçı” şirkətinin cavabdeh X2 qarşı malların ticarət dövriyyəsinə buraxılmadan məhv edilməsi və kompensiyanın tutulması tələbinə dair iddia ərizəsinin iddianın yolverilməzliyinə görə qəbulundan imtina edilməsi qərara alınmışdır. “İddiaçı” şirkəti məhkəmənin 13 iyun 2024-cü il tarixli, e-2-2(113)-4304/2024 saylı qərardadından şikayət verərək Bakı Kommersiya Məhkəməsinin № e-2-2(113)-4304/2024 saylı xx.xx.2024-cü il taixli qərardadının ləğv edilərək, iddiaçı “İddiaçı” Şirkətinin cavabdeh X2 qarşı malların ticarət dövriyyəsinə buraxılmadan məhv edilməsi və kompensiyanın tutulması tələbinə dair Bakı Kommersiya Məhkəməsinə verdiyi iddia ərizəsinin icraata qəbul xahiş edilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, eyni əsasla və eyni predmetlə artıq Bakı İnzibati məhkəməsinə müraciət edilmiş və iddia məhkəmə aidiyyatı üzrə müvafiq kommersiya məhkəməsinin yurisdiksiyasına aid olması barədə tövsiyə olunaraq rədd edilmişdir. Bundan başqa, eyni iddia predmeti və eyni tələb və əsaslar artıq bir neçə iddia ərizələri Azərbaycan Respublikasının müxtəlif regional kommersiya məhkəmələri (Baki Kommersiya Məhkəməsi də daxil olmaqla) tərəfindən icraata qəbul edilib və müvafiq qərarlar qəbul edilmişdir. Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin tələblərinə əsasən, ticarət markaları, əmtəə nişanları ilə əlaqədar əqli mülkiyyət hüquqları (“ƏMH”) və digər əlaqəli hüquqların icazəsiz istifadəsi, o cümlədən, ƏMH obyektlərindən (əmtəə nişanları və ticarət markaları kimi) qanunsuz istifadə edilən malların yayılması/satışı həm hüquq sahiblərinin əqli mülkiyyət və müəlliflik hüquqlarının kobudcasına pozulmasına gətirib çıxarır, və həm də, “PUMA” əmtəə nişanları altında saxta və kontrafakt malların Azərbaycan Respublikası ərazisinə idxalı, yayımı və satışının həyata keçirilməsi, yerli istehlakçıları aldadaraq, onlarda orijinal “PUMA” malları barədə yanlış təəssürat yaradılmasına və nəticə etibarı ilə isə, daxili bazarda haqsız rəqabət mühitinin yaradılmasına səbəb olur. MTT-nin tətbiqi barədə və həmçinin, ƏMH obyektlərindən (əmtəə nişanları və ticarət markaları kimi) qanunsuz istifadə edilən malların yayılması/satışı və hüquq sahiblərinin əqli mülkiyyət və müəlliflik hüquqlarının kobudcasına pozulmasının qarşısının alınması dair iddia Ərizələrinin məhkəmə orqanlarına (hazırkı işlə əlaqədar müvafiq Kommersiya məhkəməsinə) verilməsi ilə bağlı tələblər sırf Azərbaycan Respublikasının Qanunun müvafiq icra hakimiyyəti (Gömrük orqanları) və məhkəmə orqanları qarşısında qoyduğu imperativ norma və tələbdir ki, Ərizəçi və ya İddiaçı bu tələbi öz fərziyyəsinə və ya istəyinə görə yox, yalnız və yalnız Azərbaycan Respublikasının qanunvericiliyinin tələb və müddəalarına uyğun olaraq aidiyyatı üzrə məhkəmədən (hazırkı iş üzrə Bakı Kommersiya Məhkəməsindən) Azərbaycan Respublikasının Qanunun qoyduğu tələbi təmin etməsini xahiş etmişdir. Göstərilənləri nəzərə alaraq, “PUMA” əmtəə nişanlarından qeyri-qanuni yolla istifadə edilməklə və həmin əmtəə nişanları altında istehsal olunmuş saxta və kontrafakt məhsulların Azərbaycan ərazisində idxalı, yayımı və satışı ilə məşğul olmaqla, qeyd olunan Fərdi sahibkar X3 hüquq sahibi - İddiaçı Şirkətinə, həmçinin, İddiaçı Şirkətinin Azərbaycandakı rəsmi distributorları olan idxalçılara da böyük maddi və mənəvi ziyan vurur, onların satışını həyata keçirdikləri orijinal “PUMA” məhsullarının keyfiyyət göstəricilərinə mənfi təsir göstərməklə, onları nüfuzdan salır. Həmin halları nəzərə alaraq hesab edirik ki, hüquq sahibi –İddiaçı Şirkətinin qanunla tanınan və qorunan hüquq və mənafeyinin qorunmasının təmin edilməsi üçün sözügedən üzərinə müvəqqəti təminat tədbiri təmin olunmuş kontrafakt malların azad dövriyyəyə buraxılmasının qarşısının alınması üçün İddia Ərizəsi məhkəmə tərəfnindən icraata qəbul edilməlidir. Məhkəmə tərəfindən İddia icraata qəbul edilsə, yəni cavabdehə məxsus kontrafakt malların üzərinə həbs qoyulsa, həmin kontrafakt malların mübahisə həll edilənə qədər tədavülə buraxılmasının, ticarət şəbəkələrinə daxil edilməsinin, digər şəxslərə satılmasının və müxtəlif üsullarla yayılmasının qarşısı alınacaq, əqli mülkiyyət hüquqlarının ehtimal olunan pozuntularına aid sübutlarvə mövcud vəziyyət qorunub saxlanılacaq, və nəticə etibarı ilə, bununla İddiaçının (hüquq sahibi - “İddiaçı” Şirkətinin) qanunla qorunan hüquqlarının məhdudlaşdırılması və pozulmasının qarşısı alınacaqdır və həmin hüquqları təmin ediləcəkdir. Lakin əks halda isə, məhkəmə tərəfindən mövcüd qanunvericiliyin tələblərinə zidd olaraq və əsassız bəhanə ilə İddia Ərizəsi icraata qəbul edilməzsə, yəni cavabdehə məxsus kontrafakt malların üzərinə qoyulmuş həbsin müddəti uzadılmasa, həmin kontrafakt malların mübahisə həll edilənə qədər tədavülə buraxılmasına, ticarət şəbəkələrinə daxil edilməsinə, digər şəxslərə satılmasına və müxtəlif üsullarla yayılmasına şərait yaradılacaq, əqli mülkiyyət hüquqlarının ehtimal olunan pozuntularına aid sübutlar və mövcud vəziyyət qorunub saxlanmayacaq, və gələcəkdə həmin kontrafakt malların həbsi və ya müsadirəsi əhəmiyyətli dərəcədə çətinləşdiriləcək və hətta qeyri-mümkün olacaq, və nəticə etibari ilə, bununla İddiaçını (hüquq sahibi - “İddiaçı” Şirkətinin) qanunla qorunan hüquqları məhdudlaşdırılacaq və pozulacaqdır və həmin pozulmuş hüquqların bərpa edilməsi mümkün olmayacaqdır. İddiaçının iddia tələbinin kifayət qədər əsaslılığına dair mövcud olan bütün ilkin sübutlar məhkəməyə təqdim edilmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-4304/2024 nömrəli qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)- 2626/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməyərək şikayət işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətə apellyasiya instansiyası məhkəməsi tərəfindən yazılı icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin 13 iyun 2024-cü il tarixli, e-2-2(113)-4304/2024 nömrəli qərardadı ləğv edilərək iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2015-ci il tarixli Qərarına əsasən, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. İnzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri “İnzibati icraat haqqında” Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır. İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Hazırkı halda mübahisə tərəflərindən hər hansı biri inzibati orqan olmadığından və mübahisə hər iki tərəfin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı yarandığından birinci instansiya məhkəməsinin iddia tələbinə baxılmasının kommersiya məhkəməsinin səlahiyyətinə aid olmadığına dair mövqeyi əsassızdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət əsaslı hesab edilərək təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin 13 iyun 2024-cü il tarixli, e-2-2(113)-4304/2024 nömrəli qərardadı ləğv edilərək iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.2, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı “İddiaçı” şirkətinin şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin 13 iyun 2024-cü il tarixli, e-2-2(113)-4304/2024 nömrəli qərardadı ləğv edilsin. İş müvafiq prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Bakı Kommersiya Məhkəməsinə qaytarılsın. Qərardad dərhal qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar