Məhkəmə qərarları › İş №2-2(103)-808/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-808/2023

26.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-808/2023 26.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı X1 Cavabdeh ASC-yə qarşı «borcun silinməsi» tələbinə dair kommersiya mübahisəsi Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X5 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X3 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-1054/2023 saylı qətnaməsindən İddiaçı X4 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı X4 Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Yasamal rayon Sukanal İdarəsinin İddiaçı X2 ünvanlanan xx.xx.2022-ci il tarixli 304000 saylı xəbərdarlıq məktubunda göstərilən 8944 (səkkiz min doqquz yüz qırx dörd) manat ödəmə tarixi keçmiş borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı bildirir ki, Cavabdeh ASC-nin Yasamal rayon Sukanal İdarəsi İddiaçı X2 xx.xx.2022-ci il tarixli 304000 saylı xəbərdarlıq məktubu göndərilmişdir. Məktubda bildirilmişdir ki, xx.xx.2022-ci il tarixə Firmanın istifadə etdiyi su təchizatı və kanalizasiya xidmətlərinə görə Cavabdeh ASC-yə 8944 manat ödəmə tarixi keçmiş, ödənilməmiş borcu vardır. Məktubda 7 iş günü müddətində borcun ödənilməsi tələb edilmiş, əks halda “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununa və “X7”na istinad edilərək müvafiq xidmətlərin dayandırılacağı bildirilmişdir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan ikinci xəbərdarlıq məktubunda isə bildirilmişdir ki, həmin borc məbləği 2015-2018-ci illər ərzində tullantı sularının (kanalizasiya sularının) axıdılmasına görə yaranmış borcdur və ödənilməlidir. Cavabdeh təşkilatın məktubunda göstərilən 8944 manat borcun hansı əsaslarla yaranması barədə heç bir məlumat qeyd olunmamışdır. İddiaçı X4 müvafiq xidmətlərə görə Cavabdeh ASC tərəfindən təqdim edilən ödəniş tələblərini (fakturaları) mütəmadi olaraq yerinə yetirmişdir. Belə ki, Cavabdeh açıq səhmdar cəmiyyəti tərəfindən 2019-cu il üçün təqdim edilən 3028,8 manat ödəniş tələbinə qarşı İddiaçı X4 tərəfindən 3753,2 manat, 2020-ci il üçün təqdim edilən 1983 manat ödəniş tələbinə qarşı 2968 manat, 2021ci il üçün təqdim edilən 2130 manat ödəniş tələbinə qarşı 3241 manat, 2022-ci il üçün təqdim edilən 4706 manat ödəniş tələbinə qarşı 3720 manat vəsait ödənilmişdir. Beləliklə, son dörd il üçün Cavabdeh ASC-yə 11848 manat əvəzinə 13683 manat pul ödənilib və 1834 manat artıq ödəmə vardır. Cavabdeh təşkilatla iddiaçı arasında tullantı sularının axıdılmasına görə heç bir müqavilə bağlanılmamışdır. Cavabdeh təşkilat xx.xx.2022-ci il tarixli 304000 saylı məktubunda “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə istinad edərək göstərir ki, istehlakçıya hesab təqdim edildikdən sonra bir ay müddətində istehlakçı hesabda göstərilən məbləği ödəməlidir. Qanunvericilik tullantı suların axıdılması xidmətlərinə görə hesabın hansı müddət ərzində istehlakçıya verilməli olduğunu da açıq şəkildə müəyyən etmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “X7”nın 7.2-ci bəndinə əsasən STKM (Su təchizatı və kanalizasiya müəssisəsi) istehlakçıya ötən ay ərzində göstərdiyi xidmətin (tullantı suların axıdılması xidmətinin) həcmini və qiymətini tam hesablamalı və hər ay istehlakçıya buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesab təqdim etməlidir. Göründüyü kimi, cavabdeh tərəf göstərilən xidmətə görə hesabı hər növbəti ay istehlakçıya təqdim etməlidir. Lakin cavabdeh tərəfin xəbərdarlıq məktublarından görünür ki, iddiaçıdan 2015-2018-ci illər üçün hesablanan vəsait tələb edilir. Bu isə həm əsassız, həm də müddəti ötmüş tələb olduğu üçün təmin edilə bilməz. Belə ki, iddia müddəti ötdüyü üçün cavabdehin iddiaçıdan tələb etdiyi borc məbləği silinməlidir.

3. Cavabdeh iddiaya etiraz edir.

4. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-1054/2023 saylı qətnaməsi ilə iddia rədd edilmişdir.

5. İddiaçı X4 apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri

6. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

7. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

8. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə etdi, cavabdehin nümayəndəsi X6 isə apellyasiya şikayətinə etiraz etdi.

TƏTBİQ EDİLƏN HÜQUQ

9. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununun 60-cı maddəsinin 1-ci bəndinə əsasən su təchizatı və kanalizasiya müəssisələri istehlakçıların bütün kateqoriyaları üçün göstərdiyi xidmətlərə görə ödəmələrin aşağıdakı növlərini, müddətlərini və məbləğini müqavilədə təklif edə bilərlər: a) mövcud qaydalara uyğun suölçən cihazların göstəricilərinə və ya hesabat göstəricilərinə əsasən götürülmüş suyun və axıdılmış tullantı sularının miqdarına görə ödəmə; b) su təchizatı və kanalizasiya sistemlərinə qoşulmağa görə ödəmə; c) su təchizatı və kanalizasiya sistemlərinə qoşulmağa görə birdəfəlik ödəmə; ç) su təchizatı və kanalizasiya müəssisələri tərəfindən texniki vasitələrin, o cümlədən suölçən cihazların quraşdırılmasına görə əvvəlcədən (avans) ödəmə (fiziki şəxs olan istehlakçılar istisna olmaqla).

10. Həmin Qanunun 61-ci maddəsinin 1-ci bəndinə görə su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır.

11. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “X7”nın 4.1 və və 4.1.3-cü bəndlərinə əsasən istehlakçıların bu Qaydaların tələblərinə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək vəzifəsi vardır.

12. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

13. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

14. Məhkəmə kollegiyası hesab edir ki, iddia əsaslıdır.

15. Belə ki, iddiaçı Mülki Məcəllənin 550 və 373.2-ci maddələrinə istinad edərək, 8944 manat ödəmə tarixi keçmiş borcun silinməsini tələb etmişdir.

16. Məhkəmə kollegiyası hesab edir ki, hazırda iddiaçının qeyd etdiyi həmin maddi hüquq normalarına istinad edilməzdən əvvəl, ümumiyyətlə borcun qanuni əsasla yaranıb-yaranmaması məsələsi müəyyən edilməlidir.

17. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 09 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2022-ci il 20 aprel tarixli qərarında formalaşdırdığı hüquqi mövqelərə görə, mülki prosesdə məhkəmələr “jura novit curia” (“məhkəmə qanunu bilir”) prinsipinə uyğun olaraq, tərəflərin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq tətbiq ediləcək hüquq normalarını müstəqil surətdə müəyyən etməlidir.

18. Bu baxımdan kollegiya qeyd edir ki, “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununun 60-cı maddəsinin 1-ci bəndi, 61-ci maddəsinin 1-ci bəndi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “X7”nın 4.1 və 4.1.3-cü maddələrindən müəyyən olunur ki, su istehlakçıları istifadə etdikləri suyun və çirkab suyun axıdılması xidmətinin dəyərini ödəmək öhdəliyini daşıyır.

19. Lakin hazırki işdə müəyyən olunur ki, cavabdehin iddiaçıdan tələb etdiyi borc məbləğinin hansı əsasa görə hesablanması məlum deyil.

20. Belə ki, iddiaçı ilə cavabdeh arasında su təchizatı və kanalizasiya xidmətlərinin göstərilməsi barədə hər hansı müqavilə bağlanmamışdır. Çünki cavabdeh bunun əksini bildirsə də, müqaviləni məhkəməyə təqdim edə bilməmişdir.

21. Bununla yanaşı, Cavabdeh ASC-nin İddiaçı X2 xx.xx.2022-ci il tarixdə xəbərdarlıq məktubu ünvanlayaraq, həmin tarixə Firmanın istifadə etdiyi su təchizatı və kanalizasiya xidmətlərinə görə Cavabdeh ASC-yə 8944 manat borcunun olması və həmin borcun ödənilmədiyi təqdirdə, su təchizatı dayandırılmaqla mübahisənin məhkəmədə həll olunacağını bildirmişdir.

22. Birinci instansiya məhkəməsinin iclasında da cavabdehin nümayəndəsi bildirmişdir ki, məhkəmə prosesi davam etdiyi müddətdə mübahisəli əraziyə baxış keçirilərək, müəyyən edilmişdir ki, iddiaçıya hər hansı içməli su verilməmişdir. 8944 manat borc məhz çirkab suların axıdılmasına görə yaranmışdır və bu abonent saldosunda qeyd olunub. Daha sonra nümayəndə bildirmişdir ki, ərazidə quyudan şirin su çıxardılır, xüsusi cihazlarla təmizlənir və bina sakinləri su ilə təmin olunur. Burada Yasamal rayon Su Kanal İdarəsinin yeganə vəzifəsi çirkab suları və qurunt sularına görə məbləğin tutulmasıdır. Digər nümayəndə isə bildirmişdir ki, abonent haqqında məlumatlarda tullantı suları quyu və qrunt sularına uyğun hesablanır. Sayğac quraşdırılmadığı üçün borc hesablanarkən borunun en kəsiyinə uyğun olaraq borc hesablanıb. Kommunal ödənişlərlə bağlı ödəmələr olduğu zaman silinmənin hansı ilə yaranmış borc üzrə aparıldığını müəyyən etmək qeyri-mümkündür. Tam borc illər üzrə ümumi hesablanır və borcdan ödənilən məbləğ çıxılır.

23. Göründüyü kimi cavabdeh mübahisəli borcu məhz qrunt (quyu) sularının axıdılmasına görə və borunun en kəsiyinə uyğun olaraq hesabladığını bildirmişdir.

24. Lakin o, həmin halları, o cümlədən borc məbləğinin hansı müddət üçün və hansı qaydada hesabladığını təsdiq edən mötəbər sübutları təqdim etməmişdir.

25. Eyni zamanda abonentin saldosunda da 8944 manat borcun olduğu və bunun çirkab suların axıdılmasına görə hesablandığı qeyd olunmamışdır.

26. Halbuki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə bu halı sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür.

27. Eyni zamanda cavabdeh bildirmişdir ki, tam borc məbləği illər üzrə ümumi hesablanmışdır.

28. Halbuki, “X7”nın 2.1 və 2.1.6-cı maddələrinə uyğun olaraq STKM-in verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq hər ay istehlakçıya ödəməli olduğu vəsaitin həcmini əks etdirən hesabı təqdim etmək (göndərmək) vəzifəsi vardır.

29. Göründüyü kimi 8944 manat borcun yaranma mənbəyi məlum deyildir və əsassız olaraq hesablanmışdır.

30. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçıdan həmin məbləğdə borcun tələb edilməsi üçün nə müqavilə, nə də qanuni əsaslar olmamışdır.

31. Ona görə də iddiaçı qanunsuz olaraq hesablanmış həmin borcun silinməsini tələb etməkdə tam haqlıdır.

32. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Mülki Prosessual Məcəllənin 385.1.1 və 385.1.2-ci maddələrində göstərilən əsaslara görə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və yuxarıda göstərilən əsaslara görə iddia təmin edilməlidir.

33. Həmçinin iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.

34. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı X4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-1054/2023 saylı qətnaməsi ləğv edilsin. İddia təmin edilsin. Cavabdeh ASC tərəfindən İddiaçı X2 hesablanmış 8944 manat borc məbləği 13945369/072653 saylı abonent hesabından silinsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov

Hakimlər: Vüsalə Baxışova

Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar