Məhkəmə qərarları › İş №2-2(103)-816/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-816/2023

12.09.2023 · Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-816/2023 12.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı Firmasının Cavabdeh QSC BOKT-a qarşı (üçüncü şəxslər "xxxx" MMC və "xxxx" ASC) “öhdəliyin qoyulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının qanuni nümayəndəsi Nümayəndə və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-2(113)-1750/2023 saylı qətnaməsindən Cavabdeh QSC BOKT tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ

1. İddiaçı Firması ilə "xxxx" ASC arasında xx.xx.1998-ci il tarixli 54/98 nömrəli kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsi üzrə İddiaçı Firmasının 21.470,39 manat (əsas borc 14.218,80 manat, faiz borcu 7.251,59 manat) məbləğində borcu yaranmışdır.

2. "xxxx" ASC-nin problemli aktivləri üzrə tələb hüququnun Cavabdeh QSC-yə güzəşt edilməsinə dair 21 aprel 2017-ci il tarixli müqaviləyə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli 101s nömrəli Sərəncamının 1-ci hissəsinə əsasən Cavabdeh QSC Bank olmayan Kredit Təşkilatı, Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası ilə razılaşdırılmış siyahı üzrə banka məxsus problemli aktivlərin bankdan satın alınmasını və bunun müqabilində buraxılmış 3 il müddətinə 4 faiz dərəcəsi ilə dövlət zəmanəti əsasında sadə vekselləri banka verir, eyni zamanda Bank həmin problemli aktivlər üzrə borclu şəxslərə qarşı özünün tələb hüququnu Cavabdeh QSC-yə güzəşt edir.

3. Cavabdeh QSC Bank Olmayan Kredit Təşkilatı Bakı Kommersiya Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, İddiaçı Firmasından 21.470,39 manat məbləğində kredit borcunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-2(113)-1445/2021 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Həmin qətnamədən Cavabdeh QSC apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2021-ci il tarixli 2-2(103)- 804/2021 saylı qətnaməsi ilə şikayət təmin edilməmiş, qətnamə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2021-ci il tarixli 22(103)-804/2021 saylı qətnaməsindən Cavabdeh QSC kassasiya şikayəti vermiş, Ali Məhkəmənin Kommersiya Kollegiyasının xx.xx.2021-ci il tarixli 2-2(102)-522/2021 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş və qətnamə dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı Firması Cavabdeh QSC BOKT-a qarşı (üçüncü şəxslər "xxxx" MMC və "xxxx" ASC) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən iddiaçıdan xx.xx.1998-ci il tarixli 54/98 nömrəli kredit müqaviləsi üzrə tələb olunan 21.470,39 manat (əsas borc 14.218,80 manat, faiz borcu 7.251,59 manat) məbləğində borcunun olmaması barədə məlumatın "xxxx" MMC-yə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı bildirir ki, bankın iddiasının rədd edilməsi barədə qətnamələr qanuni qüvvələrini alsalar da, borc silinməmişdir. Həmin borcun silinməsi ilə bağlı cavabdehə müraciət edilsə də, bundan imtina edilmişdir. Həmin borcun olmaması barədə cavabdeh tərəfindən "xxxx" MMC-yə məlumat verilmədiyi üçün onun hüquqları pozulur, belə ki, məhz həmin borcun olması ilə bağlı onun ölkədən çıxışına məhdudiyyət qoyulmuş, ona məxsus torpaq sahəsi üzərinə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən həbs qoyulmuşdur.

6. Cavabdeh nümayəndəsi iddiaya etiraz edir və bildirdi ki, qeyd edilən qətnamələr qanuni qüvvələrini alsalar da, həmin məhkəmə aktları ilə borcun olmaması barədə məlumatın "xxxx" MMC-yə verilməsi ilə bağlı onların üzərilərinə hər hansı öhdəlik qoyulmamışdır. Hazırda həmin borc iddiaçıdan tələb edilməsə də, borc ödənilməmiş olaraq qalır.

7. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-2(113)-1750/2023 saylı nömrəli qərardadı ilə borcun silinməsi hissəsində iş üzrə icraata xitam verilmişdir.

8. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-2(113)-1750/2023 saylı nömrəli qətnaməsi ilə iddia təmin edilərək, İddiaçı Firmasının Cavabdeh QSC Bank Olmayan Kredit Təşkilatına xx.xx.1998-ci il tarixli 54/98 nömrəli kredit müqaviləsi üzrə borcunun olmaması barədə məlumatın "xxxx" MMC-yə verilməsi öhdəliyinin Cavabdeh QSC Bank Olmayan Kredit Təşkilatının üzərinə qoyulması və məhkəmə xərclərinin tərəflərin özlərinə aid edilməsi qət edilmişdir.

9. Cavabdeh QSC BOKT apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddiasının təmin edilməməsi ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə belə bir öhdəliyi Cavabdeh QSC-nin üzərinə qoysa da, bunu hüquqi cəhətdən əsaslandırmamış, yalnız Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-1445/2021 saylı 05 may 2021-ci il tarixli, Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-804/2021 saylı xx.xx.2021-ci il tarixli qətnamələrinə və Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-2(102)-522/2021 saylı xx.xx.2021-ci il tarixli qərarına istinad etmişdir. Bu zaman məhkəmə Mülki Məcəllənin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konustitusiya Məhkəməsi Plenumunun 11 fevral 2022-ci il tarixli qərarında əks olunmuş hüquqi mövqeyini nəzərə almamışdır. Bundan başqa, məhkəmə qətnaməsində məlumat təchizatçısının kredit bürolarına təqdim etməli olduğu məlumatları nəzərdə tutan “Kredit büroları haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinə istinad edərək orada nəzərdə tutulmuş (16.1.1-161.11-ci maddələri) bütün məlumatları sadalasa da, iddianı təmin edilməsinə əsas olmuş konkret maddəni göstərməmişdir. Bu zaman məhkəmə nəzərə almamışdır ki, qeyd edilən Qanunun 16.1.1-16.1.11-ci maddələrində borcun olmaması barədə məlumatın kredit bürolarına verilməsi kimi hal nəzərdə tutulmamışdır. Həmin Qanunun 16.1.9-cu madəsində yalnız balansdan silinmiş ümidsiz borc barədə məlumat təchizatçısı tərəfindən kredit bürolarına məlumat təqdim edilməsi nəzərdə tutulmuşdur. Lakin məhkəmə iddiaçının yaranmış kredit borcunun ümidsiz olub-olmasını tədqiq etmədən, onun buna görə balansdan silinməsi barədə cavabdehin üzərinə öhdəlik qoymadan əsassız olaraq qeyd edilən qətnaməni qəbul etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə etdi, iddiaçının nümayəndəsi Nümayəndə isə apellyasiya şikayətinə etiraz etdi.

13. Üçüncü şəxslərin nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.

TƏTBİQ EDİLƏN HÜQUQ

14. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 15.Həmin Məcəllənin 527.1-ci maddəsinə əsasən öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. 16.Həmin Məcəllənin 527.2-ci maddəsinə əsasən öhdəliyə tərəflərdən birinin tələbi ilə xitam verilməsinə yalnız bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan hallarda yol verilir.

17. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 fevral 2022-ci il tarixli qərarı.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

18. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

19. Məhkəmə kollegiyası hesab edir ki, iddia əsassızdır.

20. Belə ki, “Kredit büroları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən kredit təşkilatları kredit tarixçələrini təşkil edən məlumatı fəaliyyətdə olan ən azı bir kredit bürosuna təqdim etməlidirlər.

21. Lakin həmin Qanunda borcalanın məhz kredit borcunun olmaması halında müvafiq bankın bu barədə məlumatı kredit bürosuna ötürmək kimi öhdəliyi konkret təsbit olunmamışdır.

22. Yalnız həmin Qanunun oxşar münasibətləri tənzimləyən 16.1-ci maddəsində qeyd olunmuşdur ki, məlumat təchizatçıları kredit bürosuna balansdan silinmiş ümidsiz borc barədə məlumatları təqdim edirlər.

23. Hazırda mübahisə predmeti isə balansdan silinmiş ümidsiz borc barədə deyildir.

24. Bununla yanaşı bank sahəsində formalaşan işgüzar adətlərə görə borcalanın kredit borcu olmadığı halda müvafiq bankın bu barədə məlumatı kredit bürosuna ötürmək öhdəliyi vardır.

25. Bu baxımdan kollegiya hesab edir ki, irəli sürülən iddia tələbinin əsaslı hesab edilməsi üçün ilk olaraq iddiaçının (kredit alanın) kredit müqaviləsi üzrə öhdəliklərinə xitam verilməsi halı müəyyən edilməlidir. Yalnız bundan sonra bankın (kredit verənin) müvafiq məlumatı kredit bürosuna ötürmək öhdəliyi, iddiaçının (kredit alanın) isə Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən bunu tələb etmək hüququ yaranır.

26. İşin hallarından görünür ki, daha əvvəl Cavabdeh QSC Bank Olmayan Kredit Təşkilatı Bakı Kommersiya Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, İddiaçı Firmasından 21.470,39 manat məbləğində kredit borcunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2- 2(113)-1445/2021 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Həmin qətnamədən Cavabdeh QSC apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2021-ci il tarixli 2-2(103)-804/2021 saylı qətnaməsi ilə şikayət təmin edilməmiş, qətnamə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2021-ci il tarixli 22(103)- 804/2021 saylı qətnaməsindən Cavabdeh QSC kassasiya şikayəti vermiş, Ali Məhkəmənin Kommersiya Kollegiyasının xx.xx.2021-ci il tarixli 2-2(102)-522/2021 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

27. Həmin iş üzrə bankın iddiasının rədd edilməsinin səbəbi onun tərəfindən iddia müddətinin ötürülməsi olmuşdur.

28. Hazırda da İddiaçı Firması qanuni qüvvəyə minmiş həmin işə istinad edərək, cavabdeh tərəfindən iddiaçıdan xx.xx.1998-ci il tarixli 54/98 nömrəli kredit müqaviləsi üzrə tələb olunan 21.470,39 manat (əsas borc 14.218,80 manat, faiz borcu 7.251,59 manat) məbləğində borcunun olmaması barədə məlumatın "xxxx" MMC-yə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

29. Kollegiya hesab edir ki, həmin tələblər təmin edilə bilməz.

30. Öhdəliklərə xitam verilməsi əsasları Mülki Məcəllənin 527.1-ci maddəsində göstərilmişdir. Həmin əsaslardan biri də müddətin keçməsidir.

31. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 fevral 2022-ci il tarixli Qərarında əks olunan hüquqi mövqeyə görə iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur.

32. Həmin Qərarda daha sonra qeyd olunmuşdur ki, “...Bu ondan irəli gəlir ki, iddia müddətinin ötürülməsi öhdəliyə xitam vermir, onu mahiyyətcə fərqli hüquq təbiətli öhdəliyə çevirir. Belə ki, hüquq nəzəriyyəsində öhdəliklərin bir növü kimi Roma hüququndan qaynaqlanan, məhkəmə müdafiəsi ilə təmin olunmayan, yəni icrası məcburi qaydada tələb edilə bilməyən natural öhdəliklər növü fərqləndirilir. Natural öhdəliklər pozitiv hüquqa deyil, təbii hüquqa (lex naturalis) əsaslanır. Bu cür öhdəliklərin icra edilməsi vicdanlılıq, ədalət və əxlaq tələblərindən irəli gəlir. Hüquq ədəbiyyatında belə öhdəliklər üzrə borc bəzən “şərəf borcu” da adlandırılır. Natural öhdəliklər üzrə icranı qəbul etmiş kreditor əsassız varlanmış hesab olunmur və müvafiq icranı özündə saxlamağa haqlıdır. Belə icra borclu tərəfindən hətta icranın təqdim edildiyi zaman kreditorun iddia hüququna malik olmadığını bilməsə belə geri tələb edilə bilməz”.

33. Göründüyü kimi iddia müddətinin ötürülməsi öhdəliyə xitam vermir və öz-özlüyündə kreditorun tələb hüququnu aradan qaldırmır. İddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur.

34. Eyni zamanda kollegiya qeyd edir ki, mülki qanunvericilikdə hüquqa xitam verməsi kimi xüsusiyyət yalnız kəsici müddətə xasdır. Belə ki, kəsici müddət şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində hüququna xitam verilməsini nəzərdə tutan müddətdir. Bu kimi hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Başqa sözlə, kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımı qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur.

35. Bu mövqedən də çıxış edərək kollegiya hesab edir ki, hazırki işdə iddia müddətinin keçməsi özlüyündə İddiaçı Firmasının öhdəliyinin xitamına səbəb olmadığından, onun bank qarşısında borcunun olmaması barədə məlumatın "xxxx" MMC-yə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbləri təmin edilə bilməz.

36. Birinci instansiya məhkəməsi isə qeyd olunanların heç birini nəzərə almamış və səhv nəticəyə gəlmişdir.

37. Bu baxımdan kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsində göstərilən əsaslara görə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və yuxarıda göstərilən əsaslara görə iddia rədd edilməlidir.

38. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh QSC BOKT tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-2(113)-1750/2023 xx.xx.2023-cü il saylı qətnaməsi ləğv edilsin. İddiaçı Firmasının Cavabdeh QSC BOKT-a qarşı “öhdəliyin qoyulması” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Aida Hüseyn

Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar