Məhkəmə qərarları › İş №2-2(103)-824/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-824/2023

24.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-824/2023 24.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı Cavabdehnə qarşı “xidmət müqaviləsi üzrə pulun tutulması” tələbinə dair ilk iddia və Cavabdeh İddiaçı qarşı “pulun tutulması” tələbinə dair qarşılıqlı iddiaya dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X2 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə1 və cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1844/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ

1. Cavabdeh MMC (“Prodüser”) ilə İddiaçı (“Aktyor”) arasında 23 oktyabr 2019-cu il tarixdə “Ofis işi” adlı bədii serialda iştirak haqqında xidmət müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, cavabdeh “Ofis işi” adlı serialın (10 seriyası) çəkiliş qrupunun tərkibinə 23 oktyabr 2019-cu il tarixdən 1 il müddət ərzində “Aktyor” vəzifəsinə (baş rolun ifaçısı kimi) iddiaçını qəbul etməyi öhdəsinə götürmüşdür. Müqavilədə iddiaçıya adıçəkilən serialda çəkiliş dövrü üçün aylıq olaraq 3000 manat ödənilməsi razılaşdırılmışdır. Müqavilədə nəzərdə tutulmuşdur ki, o, tərəflər imzaladığı andan hüquqi qüvvəyə minir və 1 il müddətinə etibarlıdır.

Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 23 oktyabr 2019-cu il tarixli “Ofis işi” adlı bədii serialda iştirak haqqında xidmət müqaviləsi üzrə həyata keçirilmiş xidmətə görə 21000 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Eyni zamanda iddiaçı Cavabdeh MMC ilk iddia ilə birlikdə baxılması üçün cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 18740,90 manat məbləğində pulun, hüquqi yardım xərcinin əvəzi olaraq 800 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 147 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı bildirir ki, o, müqavilə üzrə öhdəliklərini tam icra etmiş, lakin cavabdeh müqavilə üzrə ödəməli olduğu pul məbləğini iddiaçıya tam olaraq ödəməmişdir. Belə ki, müqavilə üzrə cavabdeh tərəfindən iddiaçıya ümumilikdə 36000 manat məbləğində ödəniş edilməli idi, lakin cavabdeh tərəfindən iddiaçıya ümumilikdə 15000 manat pul ödənilmişdir. Cavabdeh tərəfindən iddiaçıya müqavilə üzrə ödənilməli olan qalan məbləğ 21000 manat təşkil edir.

5. Cavabdeh iddiaya etiraz edir və qarşılıqlı iddia irəli sürərək, bildirir ki, serialın çəkilişinə 25 fevral 2020-ci il tarixində başlanmış və çəkiliş 31 mart 2020-ci il tarixindən 01 aprel 2020-ci il tarixinə keçən gecə bitmişdir. Bu müddət ərzində serialın 6 seriyası çəkilmiş, “COVİD-19” pandemiyası ilə bağlı Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş qadağalar səbəbindən serialın çəkilişini davam etdirmək mümkün olmamışdır. Beləliklə, serialın 6 seriyasının çəkilişi 1 ay 6 gün ərzində tamamlanmış və cavabdeh həmin seriyalarda çəkilmişdir. “COVİD-19” pandemiyası ilə bağlı Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş qadağalar ləğv edildikdən sonra 2022-ci ilin əvvəllərindən serialın çəkilişləri bərpa edilmiş, lakin cavabdeh həmin dövrdə başqa yerdə çəkildiyini əsas gətirərək “Ofis işi” serialının çəkilişlərinə gəlməkdən imtina etmiş, tərəflər arasında uzun müddət davam edən danışıqlar nəticəsində cavabdeh 4 gün ərzində serialın qalan 6 seriyasının çəkilişlərində iştirak etmişdir. Beləliklə, cavabdeh ümumilikdə 1 ay 10 gün ərzində “Ofis işi” serialının çəkilişlərində iştirak etmişdir. İddiaçı tərəfindən cavabdehə köçürmə yolu ilə xx.xx.2019-cu il tarixində 3273 manat, xx.xx.2019-cu il tarixində 3273 manat, xx.xx.2019-cu il tarixində 3273 manat, xx.xx.2020-ci il tarixində 3821,9 manat, nağd şəkildə xx.xx.2021-ci il tarixində 7000 manat, xx.xx.2022-ci il tarixində 700 manat, xx.xx.2022-ci il tarixində 700 manat, xx.xx.2022-ci il tarixində 700 manat olmaqla ümumilikdə 22740,90 manat pul ödənilmişdir. Çəkilişlərdə iştirak etdiyi dövr üçün iddiaçı tərəfindən cavabdehə ödənilməli olan pul məbləği 4000 manat təşkil etsə də, cavabdehə 18740,9 manat məbləğində artıq pul ödənilmişdir. Cavabdeh isə həmin məbləği iddiaçıya geri qaytarmamışdır.

6. İddiaçı qarşılıqlı iddiaya etiraz edir və bildirir ki, müqavilə 1 il müddətinə bağlanmış, həmin müddət ərzində müqavilə şərtlərinə uyğun olaraq başqa yerdə işləməmişdir. 2020-ci ilin 25 fevral – 31 mart tarixlərində 5-6 seriya çəkilmiş, əvvəlki ayların ödənişləri edilsə də, həmin 2 ayın ödənişi edilməmişdir. 2021-ci ildə cavabdehin direktoru ilə görüşmüş, həmin vaxt 2 ayın ödənişi də edilmişdir. Bundan sonra, 2022ci ildə serialın davamını çəkmək üçün onu dəvət etsələr də, artıq başqa layihələrdə iştirak etdiyi üçün fevral-mart aylarında bir neçə gün çəkilişlərdə iştirak etmiş, ona 3 dəfə 700 manat ödəniş edilmişdir. Cavabdeh 23 oktyabr 2019-cu il tarixli müqavilə üzrə 2019-cu ilin oktyabr ayında 3273 manat, noyabr ayında 3273 manat, dekabr ayında 3273 manat, 2020-ci ilin yanvar ayında isə 3821,90 manat pulu köçürmə yolu ilə ona ödəmişdir. 2020-ci ilin yanvar ayında köçürülən pulun təyinatı “Qış nağılı” filmi kimi göstərilsə də, 23 oktyabr 2019-cu il tarixli müqavilə üzrə, yəni “Ofis işi” serialına görə ödənilmişdir. 2020-ci ilin fevral və mart aylarının ödənişi edilməmişdir. 2020-ci ilin iyun ayının sonuna kimi həmin ödənişləri tələb etmiş, lakin tələbi bir nəticə vermədiyi üçün tələb etməyə davam etməmişdir. 2021-ci ilin aprel ayında cavabdehin rəhbəri ilə görüşmüş, 2 ay üçün qalan borcu almışdır. 7000 manatı alarkən sənədə imza etmiş, cavabdeh tərəf ağır vəziyyətdə olduğu və ondan xahiş etdiyi üçün sənədin məzmununda cavabdehə qarşı heç bir tələbinin olmadığını qeyd etmişdir. Əslində isə 2 ayın pulunu aldığı üçün həmin aylara görə tələbinin olmadığını nəzərdə tutmuşdur. 2022-ci ildə çəkilişdə iştirak etdiyi üçün 3 dəfə 700 manat ödəniş edilmişdir.

7. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-1844/2023 saylı qətnaməsi ilə hər iki iddia rədd edilmişdir.

8. İddiaçı apellyasiya şikayəti verərək, həmin qətnamənin qismən, yəni ilk iddianın təmin edilməməsi hissəsində ləğv edilərək, ilk iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

Apellyasiya şikayətinin dəlilləri

9. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə iclasında cavabdeh İddiaçı və onun nümayəndəsi və vəkili X3 apellyasiya şikayətini müdafiə etdilər, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 isə apellyasiya şikayətinə etiraz etdi.

TƏTBİQ EDİLƏN HÜQUQ

12. Mülki Məcəllənin 11.1-ci maddəsinə görə mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).

13. Həmin Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.

14. Həmin Məcəllənin 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

15. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

16. Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinə görə mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir.

17. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

18. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız ilk iddianın rədd edilməsi hissəsində yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

19. Məhkəmə kollegiyası hesab edir ki, ilk iddia rədd edilməlidir.

20. Belə ki, tərəflər arasında xidmət müqaviləsinin bağlanması işin mübahisəsiz halını təşkil edir.

21. Lakin mülki qanunvericilikdə xidmət müqaviləsi münasibətlərini tənzimləyən hər hansı müddəa mövcud deyil.

22. Ona görə də kollegiya hesab edir ki, Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsi və Mülki Məcəllənin 11.1-ci maddəsinin tələbləri nəzərə alınmadan iş üzrə nəticəyə gəlmək düzgün deyildir.

23. Tərəflər arasında bağlanmış müqavilənin predmeti və şərtləri nəzərə alındıqda müəyyən edilir ki, müqavilənin predmetini bədii serialın çəkilişinə aktyorun cəlb edilməsi ilə bağlıdır, eyni zamanda aktyorun bilavasitə gördüyü iş bədii serialın çəkilişində ona ayrılmış rolun canlandırmasından ibarətdir. Bu işlərin nəticəsində hazırlanan məhsul isə bədii serialdır. Göründüyü kimi müqavilə mahiyyəti üzrə Mülki Məcəllənin 752.1-ci maddəsində nəzərdə tutulmuş podrat müqaviləsidir.

24. Qeyd olunanlara əsaslanaraq və işin hallarını nəzərə alaraq kollegiya hesab edir ki, hazırki mübahisə Mülki Məcəllənin podrat müqaviləsinə aid müddəalarının qaydalarına uyğun araşdırılmalıdır.

25. Bu əsaslarla iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 752.1-ci maddəsi təşkil edir.

26. Hazırki işdə isə cavabdehdən muzdun tutulması üçün əsaslar mövcud deyildir.

27. Belə ki, müqavilə şərtlərindən görünür ki, onun müddəti 1 il müəyyən olunmuş və iddiaçıya serialda çəkiliş dövrü üçün aylıq olaraq 3000 manat ödənilməsi razılaşdırılmışdır.

28. Bununla belə işin faktiki hallarına əsasən müqavilə üzrə Cavabdeh MMC tərəfindən İddiaçı serialın çəkilişləri başlamazdən əvvəl köçürmə yolu ilə xx.xx.2019-cu il tarixində 3273 manat, xx.xx.2019-cu il tarixində 3273 manat, xx.xx.2019-cu il tarixində 3273 manat, xx.xx.2020-ci il tarixində 3821,90 manat pul ödənilmişdir. Serialın çəkilişinə 25 fevral 2020-ci il tarixində başlanmış və çəkiliş 31 mart 2020-ci il tarixindən 01 aprel 2020-ci il tarixinə qədər davam etmişdir. Bu müddət ərzində serialın 6 seriyası çəkilmişdir. Lakin bundan sonra “COVİD-19” pandemiyası ilə bağlı Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş qadağalar səbəbindən serialın çəkilişini davam etdirmək mümkün olmamışdır. Daha sonra, Cavabdeh MMC tərəfindən İddiaçı xx.xx.2021-ci il tarixdə nağd şəkildə 7000 manat ödəniş edilmişdir.

29. Belə ki, Cavabdeh MMC tərəfindən məhkəməyə təqdim edilən və xx.xx.2021-ci il tarixdə tərtib olunmuş İddiaçı tərəfindən yazılaraq imzalanmış əlyazma sənədinin məzmununda aşağıdakılar qeyd olunmuşdur: “Mən, Şahverdiyev X1 Şirkətindən 7000 AZN pul aldım. Bu məbləğin 6000 manatı ilə mənə olan tam borc ödənildi. 1000 manat sonradan çəkiləcək son 1 ayın puludur. Cinemazadeh Şirkətinə və onun rəhbəri Qanuni nümayəndə Rafik oğluna heç bir iddiam yoxdur”.

30. İddiaçı da məhkəmə iclasında həmin əlyazmanı 23 oktyabr 2019-cu il tarixli müqavilə üzrə ona ödənilən pula görə yazdığını qəbul etmiş, lakin bunu cavabdehin rəhbəri Qanuni nümayəndə Rafik oğlu xahiş etdiyi üçün o məzmunda yazdığını, əslində isə 2 ayın (2020-ci ilin fevral, mart) borcunun ödənildiyini bildirmişdir.

31. Sonuncu ilə bağlı kollegiya qeyd edir ki, iddiaçının istinad etdiyi həmin hal formal mülahizələrdən ibarət olmaqla, hər hansı sübutla öz təsdiqini tapmır.

32. Eyni zamanda “COVİD-19” pandemiyası ilə bağlı Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş qadağalar ləğv edildikdən sonra 2022-ci ilin əvvəllərindən serialın çəkilişləri bərpa edilmiş və İddiaçı 4 gün ərzində serialın qalan 6 seriyasının çəkilişlərində iştirak etmişdir. Bununla da İddiaçı “Ofis işi” serialının bütün çəkilişlərində iştirak etmiş və serialın çəkilişi başa çatmışdır.

33. 2022-ci ildə həyata keçirilən həmin çəkilişlərdə iştirak etməsi üçün İddiaçı xx.xx.2022-ci il tarixdə 700 manat, xx.xx.2022-ci il tarixdə 700 manat, xx.xx.2022-ci il tarixdə isə 700 manat pul (ümumilikdə 22740,90 manat) pul ödənilmişdir.

34. Göründüyü kimi, əvvəlcə tərəflər arasında bağlanmış müqavilənin müddətinin 1 il olması və iddiaçıya serialda çəkiliş dövrü üçün aylıq olaraq 3000 manat ödənilməsi razılaşdırılsa da, “COVİD-19” pandemiyası ilə bağlı ümumi vəziyyət dəyişmiş və tərəflər də müqavilə münasibətlərini həmin vəziyyətə uyğunlaşdıraraq, çəkilişlərin müddətini, ödəniş qaydasını və məbləğlərini yuxarıda qeyd olunan qaydada dəyişərək, razılaşmışlar.

35. Mülki Məcəllənin 404.1 və 404.2-ci maddəsində də təsbit olunmuşdur ki, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

36. Hazırki işdə də tərəflərin sonrakı hərəkətlərini, yəni istər serialın çəkilişinin “COVİD- 19” pandemiyası ilə bağlı müqavilə üzrə nəzərdə tutulan 1 il müddətində deyil, böyük vaxt aralıqları ilə təxminən 2 il 4-5 ay müddətində, lakin qısa zaman kəsiyində (cəmi 40 gün ərzində) çəkilib başa çatdırıldığını, ödənişlərin isə müqavilədə göstərildiyi kimi aylıq 3000 manat deyil, məhz yuxarıda qeyd olunan qaydada və məbləğlərdə həyata keçirildiyini və bütün bu dəyişikliklərin yuxarıda qeyd olunan əlyazmaya istinadən hər iki tərəfin iradə ifadəsini əks etdirdiyini, o cümlədən iddiaçının həmin əlyazma ilə cavabdehin ona yalnız sonuncu çəkiliş üçün 1000 manat ödəməli olduğunun razılaşdırıldığı və bundan sonra da cavabdeh tərəfindən ona 3 dəfə ayrı-ayrılıqda 700 manat olmaqla, cəmi 2100 manat məbləğində ödənişlərin edildiyini və həmin ödənişlərin ödənilməli olan 1000 manatı artıqlaması ilə əhatə etdiyini nəzərə alaraq kollegiya hesab edir ki, hazırda cavabdehin iddiaçıya hər hansı məbləğdə borcu mövcud deyildir.

37. Bu baxımdan məhkəmə hesab edir ki, ilk iddianın təmin edilməsi üçün əsaslar mövcüd deyil.

38. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 33 Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1844/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsi ilk iddiaya aid hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov

Hakimlər: Vüsalə Baxışova

Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar