Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-825/2025 09.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı ilkin, Cavabdeh MMC-nin İddiaçı qarşı qarşılqılı iddia tələblərinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: birgə fəaliyyət haqqında müqavilə, müqavilənin etibarlılığı, çoxmənzilli binanın idarə olunması, öhdəliklərin lazımi qaydada icra edilməməsi, sübutetmə) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), X1 və Cəfərov Səməd Fəxrəddin oğlundan ibarət tərkibdə, Hüseynli Adilə Adil qızının katibliyi, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin nümayəndəsi (vəkili) Vəkil2 iştirakı ilə İddiaçı Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” barədə ilkin, Cavabdeh MMCnin İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” barədə qarşılıqlı iddia tələblərinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 26 may 2025-ci il tarixli qətnaməsindən Cavabdeh MMC-nin nümayəndəsi (vəkili) tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. "xxxx" Mənzil Tikinti Kooperativi (MTK) və İddiaçı (idarə edən) arasında 01 iyul 2016-cı il tarixdə “Çoxmənzilli evin idarə edilməsi haqqında” müqavilə bağlanmış, müqaviləyə əsasən MTK, inşa etdiyi Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 3166-cı məhəllə 190 və 190 A ünvanında yerləşən çoxmənzilli evlərin idarə olunması ilə bağlı bütün səlahiyyətləri əvəzsiz olaraq idarə edənə verməyi, idarə edən isə MTK-nın inşa etdiyi çöxmənzilli evləri ondan qəbul edib müqavilə ilə razılaşdırılmış şərtlər əsasında idarə etməyi öhdələrinə götürmüşlər.
2. Müqavilənin 3.1-ci bəndinə əsasən, müqavilənin bitmə tarixi 31 dekabr 2030cu ildir.
3. 01 iyun 2019-cu il tarixdə MTK və idarə edən arasında 01 iyul 2016-cı il tarixli müqaviləyə Əlavə saziş bağlanmış, sazişə görə MTK, saziş bağlananadək inşa etdiyi Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 3166-cı məhəllə 192, 194, 192A, 192B, 192C, 190B və 190C ünvanında yerləşən çoxmənzilli evlərin idarə olunması ilə bağlı bütün səlahiyyətləri əvəzsiz olaraq idarə edənə verməyi, idarə edən isə MTK-nın inşa etdiyi çöxmənzilli evləri ondan qəbul edib 01 iyul 2016-cı il tarixli müqavilə ilə razılaşdırılmış şərtlər əsasında idarə etməyi öhdələrinə götürmüşlər.
4. İddiaçı (təşkilat) ilə Cavabdeh MMC arasında 19 noyabr 2021-ci il tarixdə “Qarşılıqlı əməkdaşlıq haqqında” UM-095 saylı müqavilə bağlanmış, müqavilənin 1.1-ci bəndinə əsasən, Cavabdeh MMC tərəfindən öz vəsaiti hesabına Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti, 190, 190A, 190B, 190C, 192, 194, 192A, 192B, 192C ünvanında yerləşən “Yaşayış kompleksi”nin fiber-optik kabel ilə kabelləşməsinin təşkili, nəzərdə tutulan yerlərdə avadanlıqların yerləşdirilməsi və yaşayış binalarında yaşayan sakinlərə internet, televiziya və digər xidmətlərin göstərilməsi məqsədilə tərəflərin birgə əməkdaşlığının şərtləri razılaşdırılmışdır.
5. Müqavilənin 3.1-ci bəndində göstərilmişdir ki, Cavabdeh MMC yaşayış kompleksində fəaliyyət göstərilməsi üçün yaşayış kompleksi hazır edilib tam istismara verildikdən sonra orada yerləşən hər bir mənzilə görə birdəfəlik 3 manat və onun şəbəkəsinə qoşulmuş hər bir aktiv abunəçiyə görə hər ay üçün abunəçilərin ödədiyi aylıq abunə haqqından “Təşkilata” ƏDV daxil olmaqla aylıq abunə haqqının 15%-i (on beş faiz) məbləğində ödəniş edir. Yaşayış kompleksindən Cavabdehin şəbəkəsinə qoşulmuş aktiv abunəçi olmadıqda, Cavabdeh tərəfindən təşkilata hər hansı bir ödəniş edilmir.
6. İddiaçı tərəfindən Cavabdeh MMC-nə xx.xx.2024-cü il tarixdə xx.xx.2024xx.xx.2024-cü il dövrü üçün 3940,93 manat məbləğində; xx.xx.2024-cü il tarixdə 2024-cü ilin yanvar, aprel, may, iyun aylarının xidmət haqqı üçün 7915,78 manat məbləğində; xx.xx.2024-cü il tarixdə 2024-cü ilin iyul, avqust, sentyabr aylarının xidmət haqqı üçün 6626,2 manat məbləğində; xx.xx.2025-ci il tarixdə 2024-cü ilin oktyabr və noyabr aylarının xidmət haqqı üçün 4867,08 manat məbləğində elektron qaimələr göndərilmişdir.
7. İddiaçı tərəfindən imzalanaraq möhürlənmiş xx.xx.2024-cü il tarixli AC24- 010121 nömrəli “Göstərilmiş xidmətlərin təhvil-təslim aktı”na əsasən 1952,76 manat məbləğində; xx.xx.2024-cü il tarixli AC24-020125 nömrəli “Göstərilmiş xidmətlərin təhviltəslim aktı”na əsasən 1954,41 manat məbləğində; xx.xx.2024-cü il tarixli AC24-030125 nömrəli təhvil-təslim aktına əsasən 1986,52 manat məbləğində; xx.xx.2024-cü il tarixli AC24-040133 nömrəli təhvil-təslim aktına əsasən 2009,98 manat məbləğində; xx.xx.2024cü il tarixli AC24-050138 nömrəli təhvil-təslim aktına əsasən 1962,04 manat məbləğində; xx.xx.2024-cü il tarixli AC24-060129 nömrəli təhvil-təslim aktına əsasən 1991 manat məbləğində; xx.xx.2024-cü il tarixli AC24-070127 nömrəli təhvil-təslim aktına əsasən 1900,02 manat məbləğində; xx.xx.2024-cü il tarixli AC24-080129 nömrəli təhvil-təslim aktına əsasən 2304,71 manat məbləğində; xx.xx.2024-cü il tarixli AC24-090137 nömrəli təhvil-təslim aktına əsasən 2421,47 manat məbləğində; xx.xx.2024-cü il tarixli AC24- 100145 nömrəli təhvil-təslim aktına əsasən 2454,76 manat məbləğində; xx.xx.2024-cü il tarixli AC24-110147 nömrəli təhvil-təslim aktına əsasən 2412,32 manat məbləğində xidmətlər göstərilmişdir.
8. xx.xx.2024-cü il tarixli elektron qaimə əsasında 2024-cü ilin fevral-mart ayları üçün xidmət haqqı qismində 3940,93 manat xx.xx.2024-cü il tarixli ödəniş tapşırığı əsasında Cavabdeh MMC tərəfindən İddiaçı hesabına köçürülmüşdür.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
9. İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi, sonradan isə iddianın dəyişdirilməsi barədə ərizə ilə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, xx.xx.2021-ci il tarixli UM-095 nömrəli müqaviləyə əsasən 23 349,99 manat məbləğində borcun və 160,05 manat məbləğində dövlət rüsumunun Cavabdeh MMC-dən xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, 01 iyul 2016-cı il tarixli müqavilə və həmin müqaviləyə 1 iyun 2019-cu il tarixli Əlavə №1 ilə "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən ona verilən səlahiyyətlər əsasında çıxış edən fiziki şəxs İddiaçı ilə Cavabdeh MMC arasında 19 noyabr 2021-ci il tarixdə “Qarşılıqlı əməkdaşlıq haqqında” UM-095 №-li müqavilə bağlanmış, müqaviləyə əsasən Cavabdeh MMC tərəfindən öz vəsaiti hesabına Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi pr.190, 190A, 190B, 190C, 192, 194, 192A, 192B, 192C ünvanında yerləşən yaşayış kompleksinin fiber-optik kabel ilə kabelləşməsinin təşkili, nəzərdə tutulan yerlərdə avadanlıqların yerləşdirilməsi və yaşayış binalarında yaşayan sakinlərə internet, televiziya və digər xidmətlərin göstərilməsi məqsədilə tərəflərin birgə əməkdaşlığının şərtləri razılaşdırılmışdır. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən, Cavabdeh MMC Yaşayış kompleksində fəaliyyət göstərilməsi üçün yaşayış kompleksi hazır edilib tam istismara verildikdən sonra orada yerləşən hər bir mənzilə görə birdəfəlik 3 manat və onun şəbəkəsinə qoşulmuş hər bir aktiv abunəçiyə görə hər ay üçün abunəçilərin ödədiyi aylıq abunə haqqından İddiaçı ƏDV daxil olmaqla aylıq abunə haqqının 15%-i (on beş faiz) məbləğində ödəniş etməyi öhdəsinə götürmüşdür. Hazırda Cavabdeh MMC-nin qarşılıqlı əməkdaşlıq haqqında müqaviləyə əsasən bağlanılmış xx.xx.2024-cü il tarixli AC24-010121 nömrəli təhvil-təslim aktına əsasən 1952,76 manat, xx.xx.2024-cü il tarixli AC24-040133 nömrəli təhvil-təslim aktına əsasən 2009,98 manat, xx.xx.2024-cü il tarixli AC24-050138 nömrəli təhvil-təslim aktına əsasən 1962,04 manat, xx.xx.2024-cü il tarixli AC24-060129 nömrəli təhvil-təslim aktına əsasən 1991 manat, xx.xx.2024-cü il tarixli AC24-070127 nömrəli təhvil-təslim aktına əsasən 1900,02 manat, xx.xx.2024-cü il tarixli AC24-080129 nömrəli təhvil-təslim aktına əsasən 2304,71 manat, xx.xx.2024-cü il tarixli AC24-090137 nömrəli təhvil-təslim aktına əsasən 2421,47 manat, xx.xx.2024-cü il tarixli AC24- 100145 nömrəli təhvil-təslim aktına əsasən 2454,76 manat, xx.xx.2024-cü il tarixli AC24-110147 nömrəli təhvil-təslim aktına əsasən 2412,32 manat məbləğində olmaqla İddiaçı ümumilikdə 19 409,06 manat borcu mövcuddur.
11. Cavabdeh MMC isə İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi təqdim edərək, İddiaçıla arasında bağlanılmış xx.xx.2021-ci il tarixli UM-095 nömrəli “Qarşılıqlı əməkdaşlıq haqqında” müqavilənin etibarsız hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Qarşılıqlı iddia tələbi aşağıda göstərildiyi kimi əsaslandırılmışdır: “Mənzil Məcəlləsinin 109.5-ci maddəsinə əsasən kooperativ binanın tikintisi və (və ya) yenidən qurulması tam başa çatdıqdan və həmin binada mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin ümumi sayının əlli faizindən çoxuna mülkiyyət hüququ bu Məcəllə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər qanunları ilə müəyyən olunmuş qaydada mənziltikinti kooperativinin üzvlərinə keçdikdən sonra bir ay ərzində mənzil-tikinti kooperativinin qanunla müəyyən olunmuş qaydada ləğvi və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə ("MMMC") çevrilməsi barədə qərar qəbul edilərək, hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında qanunvericiliyə uyğun olaraq zəruri tədbirlər görülməlidir. Qeyd edirik ki, sözügedən çoxmənzilli binada mənzil mülkiyyətçilərinin əlli faizindən çoxu mənzillərə mülkiyyət hüququ əldə etmiş olsa da, MTK ləğv edilməmiş və ya yenidən təşkil edilərək MMMC-yə çevrilməmişdir. Sözügedən hal isə Müqavilənin bağlanılması zamanı Cavabdehə məlum olmamış, yalnız İddiaçı tərəfindən ilkin iddia üzrə məhkəmə prosesləri zamanı apardığı araşdırma nəticəsində Cavabdehə məlum olmuşdur. Belə ki, MTK-nın çoxmənzilli binanın ümumi əmlakının müqəddəratı ilə bağlı qərar vermək - müqavilə bağlamaq hüququ olmamışdır. Mənzil Məcəlləsinin 122-ci maddəsində mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin hüquqları qeyd edilmişdir. Belə ki, Məcəllənin 122.1.1-ci madddəsində MMMC-nin çoxmənzilli binanın idarə edilməsi haqqında, 122.2.1ci maddəsində isə çoxmənzilli binanın ümumi əmlakının bir hissəsini istifadəyə vermək haqqında müqavilə bağlamaq hüquqları müəyyən edilmişdir. İstinad edilən normalardan aydın olur ki, həm İddiaçı ilə MTK arasında bağlanılmış idarəetmə müqaviləsinin, həm də İddiaçı ilə Cavabdeh arasında bağlanılmış qarşılıqlı əməkdaşlıq barədə müqavilələrin bağlanılması səlahiyyəti MMMC-yə məxsusdur. Yəni, çoxmənzilli binanın ümumi əmlakının istifadəyə verilməsi barədə qərar vermək səlahiyyəti nə MTK-ya, nə də ki MTK ilə çoxmənzilli binanın idarə edilməsi barədə müqavilə bağlamış İddiaçıya məxsusdur. Sözügedən hüquq MMMC-yə məxsusdur. Bununla yanaşı qeyd edirik ki, sözügedən halla bağlı İnzibati Xətalar Məcəlləsində inzibati məsuliyyət müəyyən edən müvafiq norma da müəyyən edilmişdir. Belə ki, İXM-in 393-1.1-ci maddəsinə əsasən kooperativ binanın tikintisi və (və ya) yenidən qurulması tam başa çatdıqdan və həmin binada mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin ümumi sayının əlli faizindən çoxuna mülkiyyət hüququ mənzil-tikinti kooperativinin üzvlərinə keçdikdən sonra bir ay müddətində mənziltikinti kooperativinin qanunla müəyyən olunmuş qaydada ləğvi və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməsi barədə qərar qəbul edilməməsinə və ya qəbul edilmiş həmin qərarla bağlı hüquqi şəxslərin qeydiyyatı haqqında qanunvericiliyə uyğun olaraq zəruri tədbirlərin görülməməsinə görə -vəzifəli şəxslər iki min manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir. İstinad olunan normadan göründüyü kimi MTK-nın fəaliyyəti qanunsuzdur və qanunsuz fəaliyyət də qanunvericiliklə mühafizə edilən mülki hüquqi nəticələrə səbəb ola bilməz. Odur ki, qanunvericiliklə çoxmənzilli binanını idarə etməklə bağlı fəaliyyəti qanunsuz hesab edilən hüquqi subyektinin (MTK) İddiaçı ilə bağladığı idarəetmə müqaviləsi öz-özlüyündə əhəmiyyətsiz olmaqla, tərəflər üçün həmin müqavilənin predmeti üzrə hüquqi nəticələr (çoxmənzilli binanın idarə edilməsi hüququnun verilməsi) yarada bilməz. Belə ki, qanunazidd idarəetmə müqaviləsi ilə verilən səlahiyyətlər əsasında İddiaçının Cavabdehlə çoxmənzilli binanın ümumi mülkiyyətinin müqəddəratı ilə bağlı bağladığı qarşılıqlı əməkdaşlıq haqqında Müqavilə də qanunvericiliyə zidd olmaqla, əhəmiyyətsiz hesab edilməlidir. Həmçinin məhkəmənin nəzərinə çatdırırıq ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli Qərarda əqdin etibarsızlığı ilə bağlı aşağıdakı hüquqi mövqelər öz əksini tapır: "Göründüyü kimi, qanunda əqdin əhəmiyyətsizliyi hallarında etibarsızlıqla bağlı nəticələrin tətbiqi üçün məhkəmə qərarına ehtiyac olmadığı ifadə edilmişdir. Qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bununla belə, əqdin əhəmiyyətsizliyi faktının mövcud olub-olmaması ilə bağlı mübahisə yaranarsa, əhəmiyyətsizliyin təsbiti üçün məhkəmədə iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı əqdin əhəmiyyətsiz olması müəyyən edilərsə, məhkəmə tərəfindən verilən qərar əhəmiyyətsizlik halının mövcud olub-olmaması ilə bağlı hüquqi mübahisənin aradan qaldırılması məqsədini daşıyır." "Etibarsızlıq mülki hüquqda əqdin qanunvericiliyə zidd olması səbəbilə hüquqi nəticə yaratmadığı bütün halları ifadə edən ümumi anlayışdır. Mülki Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır." "Yuxarıda vurğulandığı kimi, əhəmiyyətsiz əqd heç bir əlavə şərtdən, o cümlədən müddətin keçməsindən, tərəflərin iradəsindən, məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq bağlandığı andan özlüyündə etibarsız olan əqddir. Bu baxımdan özlüyündə etibarsız olan əhəmiyyətsiz əqdlər məhkəmə tərəfindən yenidən etibarsız hala gətirilə bilməz və Mülki Məcəllənin 354.1-ci maddəsində göstərilən müddət əqdin əhəmiyyətsiz hesab edilməsi ilə bağlı məhkəmədə iddia qaldırılması üçün nəzərdə tutulmuş müddət deyildir. Bu müddət əhəmiyyətsiz əqdlərin nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddətdir. Mülki Məcəllənin əqdlərin etibarsızlığının nəticələrini təsbit edən 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Qeyd edilən norma etibarsız əqdlər üzrə həyata keçirilmiş icra hərəkətlərinin nəticələrinin aradan qaldırılması məqsədini daşıyır.Beləliklə, Mülki Məcəllənin 354.1-ci maddəsi əhəmiyyətsiz əqd üzrə qarşı tərəfdən icra olunmuşların geri qaytarılması ilə bağlı məhkəmədə iddia qaldırılması üçün müəyyən edilmiş müddətdir." Həmçinin sözügedən qərarın nəticə hissəsində qeyd edilmişdir ki, "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə uyğun olaraq, əqdlərlə bağlı mübahisələrə baxılarkən tərəflərin bu barədə tələb irəli sürməsindən asılı olmayaraq əqdlərin etibarsızlığı aşkar edilərsə, məhkəmələr bunu nəzərə almalıdır." Bununla bağlı qeyd edirik ki, Konstitusiya Məhkəməsinin Plenum Qərarında da qeyd edildiyi kimi əqd birbaşa qanunvericiliklə müəyyən edilmiş normalara zidd olaraq bağlanılmışdırsa, əhəmiyyətsizdir və əqdin əhəmiyyətsizliyi üzrə maraqlı tərəfin iddia qaldırmasından asılı olmayaraq işə baxan məhkəmə əqdin əhəmiyyətsizliyini nəzərə almalıdır. Qeyd edirəm ki, hazırkı iş üzrə MTK-nın MMC-yə çevrilmədən fəaliyyət göstərməsi qanunvericiliklə birbaşa qadağan olunduğundan MTK-nın verdiyi səlahiyyət əsasında İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında bağlanılmış qarşılıqlı əməkdaşlıq müqaviləsi də əhəmiyyətsiz hesab edilməlidir”.
13. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi (vəkili) ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, ilkin iddiaçı isə məhkəməyə gəlməmişdir.
14. Birinci instansiya məhkəməsinin 26 may 2025-ci il tarixli qətnaməsi ilə ilkin iddia tələbinin qismən təmin edilməsi, xx.xx.2021-ci il tarixli UM-095 saylı müqavilə üzrə 19 409,06 (on doqquz min dörd yüz doqquz manat 06 qəpik) manatın, dövlət rüsumunun əvəzi olaraq 148,23 (bir yüz qırx səkkiz manat 23 qəpik) manatın Cavabdehndən tutularaq İddiaçı ödənilməsi, ilkin iddianın qalan hissədə, həmçinin qarşılıqlı iddianın təmin edilməməsi qət olunmuşdur.
15. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır: 15.1. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqaviləyə birgə fəaliyyət haqqında müqavilə (xidmət) kimi qiymət verilməlidir. Belə ki, müqavilənin predmetini qeyd edilmiş binada sakinlərə Cavabdeh MMC tərəfindən internet xidmətinin göstərilməsi əvəzində, binanın idarəçisinə bunun əvəzində müəyyən haqq verilməsi təşkil edir. Lakin mülki qanunvericilikdə məhz birgə fəaliyyət haqqında müqavilə (xidmət) münasibətlərini tənzimləyən konkret hər hansı müddəa mövcud deyildir. Ona görə də, hazırkı iş üzrə mübahisənin həll edilməsi üçün mülki hüquq münasibətlərinin tənzimlənməsi ilə bağlı Mülki Məcəllənin 11.1-ci maddəsində qeyd olunanlar nəzərə alınmalıdır. Belə ki, həmin maddənin tələblərinə görə mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir. 15.2. Qanunun tələbindən görünür ki, mülki hüquq münasibətləri ilk növbədə mülki qanunvericiliklə tənzimlənir və mülki qanunvericiliyin imperativ normalarının tələblərinin yerinə yetirilməsi ilə bağlı hər hansı istisna nəzərdə tutulmamışdır. Bundan fərqli olaraq tərəflər öz razılaşmaları ilə mülki qanunvericiliyin dispozitiv normalarını dəyişə, həmin normadan fərqli tənzimləmə razılaşdıra, eyni zamanda mülki qanunvericiliklə tənzimlənməyən mülki hüquq münasibətlərini birbaşa tənzimlənməyə bilərlər, bu şərtlə ki, bu tənzimləmə Mülki Məcəlləyə zidd olmasın. 15.3. Hazırkı iş üzrə müqavilədə tərəflər hüquqlarını və hər bir tərəfin icra etməli olduğu öhdəliklərini müəyyən etmiş, beləliklə, müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri tərəflərin razılaşması ilə birbaşa tənzimlənmişdir. Belə olan halda mübahisəyə də tərəflərin münasibətlərini tənzimlədikləri razılaşmaya uyğun qiymət verilməlidir. 15.4. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri "müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin "Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 15.5. "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən inşa edilmiş qeyd edilmiş ünvanlarda yerləşən binalara dair İddiaçı idarəçi təyin edilmişdir. "Uninet” MMC də, onunla xx.xx.2021- ci il tarixdə müqavilə bağlamış və uzun müddət qeyd edilmiş müqavilə üzrə ona pul ödəmişdir. Bu isə, o nəticətə gəlmək üçün əsas verir ki, "Uninet” MMC müqavilə üzrə kontragent kimi İddiaçı tanımış və onunla qeyd edilmiş olan bütün halları bilərək, müqavilə bağlamış və uzun müddət müqavilə üzrə göstərilmiş xidmətlərdən faydalanmışdır. Ona görə də, Məhkəmə hesab edir ki, müqavilənin etibarsız hesab edilməsi ilə bağlı hazırda hər hansı bir əsas mövcud deyildir və qarşılıqlı iddia əsassızdır. 15.6. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə xx.xx.2024-cü il tarixli (2024-cü ilin yanvar, aprel, may, iyun aylarının xidmət haqqı üzrə) dəyəri 7.915,78 manat olan, xx.xx.2024-cü il tarixli (2024-cü ilin iyul, avqust, sentyabr aylarının xidmət haqqı üzrə) dəyəri 6.626,2 manat olan, xx.xx.2025-ci il tarixli (2024-cü ilin oktyabr, noyabr aylarının xidmət haqqı üzrə) dəyəri 4.867,08 manat olan elektron qaimə göndərilmişdir. Göründüyü kimi, elektron qaimələrdə qeyd edilmiş məbləğlərin cəmi 19.409,06 manat təşkil edir. Məhkəmə iclasında yuxarıda qeyd edilmiş elektron qaimələrdə göstərilmiş aylar üzrə müvafiq xidmətlərin göstərilib-göstərilməməsi "Uninet” MMC-dən soruşulmuş, sonuncu da müvafiq xidmətlərin göstərildiyini qəbul etmişdir. 15.7. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə xx.xx.2024-cü il tarixli dəyəri 3.940,93 manat olan elektron qaimə göndərilmişdir. Cavabdeh tərəf isə qeyd edilmiş elektron qaimə üzrə 3.940,93 manat pulun ödənilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli ödəniş qəbzini əlavə etmişdir. Bundan sonra iddiaçı tərəf qeyd edilmiş elektron qaimə üzrə borcun qalmadığını bildirmişdir. Göründüyü kimi, yuxarıda qeyd edilmiş cəmi 19.409,06 manat təşkil edən elektron qaimələr üzrə xidmətlər göstərilsə də, cavabdeh tərəfindən qeyd edilmiş məbləğdə pul ödənilməmişdir. 15.8. Ona görə də, 19.409,06 manat məbləğində pul "Uninet” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçı ödənilməlidir. 15.9. Bundan başqa, iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq dövlət rüsumunun əvəzi olaraq 148,23 manat məbləğində pul "Uninet” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçı ödənilməlidir.
16. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 337.1-ci, 337.2-ci, 337.3-cü, 340.1-ci, 340.2-ci, 390.1-ci, 390.4-cü, 442-ci maddələrinə istinad etmişdir.
17. Qətnamədən Cavabdeh MMC-nin nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv olunmasını və ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla məhkəmənin maddi hüquq normalarının tələblərini pozduğunu, qanunsuz nəticəyə gəldiyini irəli sürmüşdür.
Apellyasiya şikayətinə qarşı etiraz
18. İddiaçı nümayəndəsi (vəkili) tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz verilmiş, qətnamənin dəyişdirilmədən saxlanılması xahiş olunmuşdur.
Apellyasiya baxışı, izahat
19. Cavabdeh MMC-nin məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin olunmasını xahiş etmiş, işə baxılmasının vaxtı (yeri) barədə lazımi qaydada məlumatlandırılmış İddiaçı (nümayəndəsi) isə məhkəməyə gəlməmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
20. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
21. Maddə 13. Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir
22. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
23. Maddə 324.1, 324.2, 324.4 və 324.5. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.
24. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
25. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
26. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
27. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
28. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
29. Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər.
30. Maddə 358. Səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur.
31. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
32. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
33. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
34. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.
35. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
36. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
37. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.
38. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
39. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.
40. Maddə 1087.1. Özgəsinin (sahibkarın) işlərini tapşırıq və ya digər əsas olmadan aparan şəxs (icraçı) onu vicdanla aparmağa borcludur.
41. Maddə 1087.2. İşlərin tapşırıqsız aparılmasını sonradan sahibkar bəyəndikdə bu bölmənin müddəaları əvəzinə tapşırıq haqqında müddəalar tətbiq olunur.
42. Maddə 1090.1. Əgər işlərin aparılması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlirsə, icraçı xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını tələb edə bilər. İcraçı lazımi vicdanlılıqla fəaliyyət göstərmişsə, bu qayda işlərin aparılmasının gözlənilən nəticə ilə qurtarmadığı halda da tətbiq olunur.
Azərbaycan Respublikasının Mənzil Məcəlləsi
43. Maddə 109.5. Kooperativ binanın tikintisi və (və ya) yenidən qurulması tam başa çatdıqdan və həmin binada mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin ümumi sayının əlli faizindən çoxuna mülkiyyət hüququ bu Məcəllə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər qanunları ilə müəyyən olunmuş qaydada mənzil-tikinti kooperativinin üzvlərinə keçdikdən sonra bir ay ərzində mənziltikinti kooperativinin qanunla müəyyən olunmuş qaydada ləğvi və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməsi barədə qərar qəbul edilərək, hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında qanunvericiliyə uyğun olaraq zəruri tədbirlər görülməlidir.
44. Maddə 141.2. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri binanın aşağıdakı idarə edilməsi üsullarından birini seçməyə borcludur: 141.2.1. binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə idarə edilmə; 141.2.2. mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativi tərəfindən idarə edilmə; 141.2.3. idarəedici təşkilat tərəfindən idarə edilmə.
45. Maddə 141.3. Çoxmənzilli binanın idarə edilməsi üsulu binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında seçilir və istənilən vaxt onun qərarı əsasında seçilə və ya dəyişdirilə bilər. İdarəetmə üsulunun seçilməsi barədə ümumi yığıncağın qərarı binanın bütün sahə mülkiyyətçiləri üçün məcburidir.
46. Maddə 141.4. Çoxmənzilli binanın yerləşdiyi ərazinin bələdiyyəsi çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən altı ay ərzində həmin binanın idarə edilməsi üsulu seçilmədiyi və ya həmin binanın idarə edilməsi üsulunun seçilməsi barədə qərarın həyata keçirilmədiyi təqdirdə həmin binanın idarəetmə üsulunun seçilməsi məsələsinin həlli üçün binanın sahə mülkiyyətçilərinin yığıncağını çağırmalıdır. Belə yığıncaqda bu Məcəllənin 141.5-ci maddəsinin müddəaları bələdiyyə tərəfindən sahə mülkiyyətçilərinin nəzərinə çatdırılmalıdır.
47. Maddə 141.5. Bir il ərzində çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən həmin binanın idarə edilməsi üsulu seçilmədiyi və ya həmin binanın idarə edilməsi üsulunun seçilməsi barədə qərarın həyata keçirilmədiyi təqdirdə həmin binanın yerləşdiyi ərazinin bələdiyyəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada idarəedici təşkilatın seçilməsi üzrə açıq müsabiqə keçirməlidir, bu şərtlə ki, bu Məcəllənin 141.4-cü maddəsinin tələbləri yerinə yetirilmiş olsun. Belə açıq müsabiqə açıq müsabiqənin nəticələri əsasında bağlanmış çoxmənzilli binanın idarə edilməsi müqaviləsinin qüvvədə olma müddəti başa çatanadək, həmin binanın idarə edilməsi üsulu seçilmədiyi halda da keçirilir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
48. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
49. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
50. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
51. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
52. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
53. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
54. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
55. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
56. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir.
57. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
58. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2021-ci il tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”
59. Bənd 1.2. Elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilən və elektron formada hazırlanaraq vergi orqanında uçotda olan şəxslərə göndərilən və ya malların təsərrüfatdaxili yerdəyişməsinin rəsmiləşdirilməsini təsdiq edən ilkin uçot sənədidir.
60. Bənd 3.1. Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində nəzərdə tutulan elektron qaimə-faktura istisna olmaqla, digər elektron qaimə-fakturanı elektron formada göndərir. Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-fakturanı elektron formada tərtib edərək təsdiq edir.
61. Bənd 3.2. Elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, Portal vasitəsilə avtomatik olaraq qəbul edənin bu səhifədə yaradılmış elektron kabinetinə göndərilir.
62. Bənd 3.3. Cari elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildiyi vaxtdan 5 (beş) gün müddətində qəbuledən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər. Düzəliş üçün qaytarılmış elektron qaimə-faktura göndərən tərəfindən düzəliş edildikdən sonra yenidən təqdim oluna bilər.
63. Bənd 3.4. Bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı, 2.2.9-cu və 2.2.10cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən təsdiq edilir.
Apellyasiya baxışının həddi
64. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
65. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
66. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı mübahisə üzrə apellyasiya baxışının həddini qətnamənin ilkin iddianın qismən təmin, qarşılıqlı iddianın rədd olunması ilə bağlı hissələri üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki iddiasının qismən təmin olunmasına baxmayaraq ilkin iddiaçı qətnamədən şikayət verməmiş, cavabdehin nümayəndəsi isə faktiki olaraq qətnamənin qeyd olunan hissələrini mübahisələndirmişdir. Başqa sözlə, qətnamənin ilkin iddia tələbinin qismən təmin olunmaması ilə bağlı hissəsi apellyasiya baxışının predmeti deyildir.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
67. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə, habelə hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, məhkəmə, müəyyən etdiyi faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir (mübahisələndirilən hissədə).
68. Belə ki, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.
69. Tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 15 sentyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 11 iyun 2018-ci il tarixli Qərarı).
70. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisə üzrə ilkin iddianın qanuni əsasının müəyyən edilməsi üçün tərəflər arasında bağlanmış müqavilənin şərtləri təhlil olunmalıdır (§ 34, 35).
71. İşin faktiki hallarından, İddiaçı Cavabdeh MMC ilə birgə fəaliyyət haqqında müqavilə bağladığı müəyyən olunur və müqavilənin şərtlərindən görünür ki, İddiaçı tərəfindən müvafiq binalarda sakinlərə Cavabdeh MMC tərəfindən internet xidmətinin göstərilməsinə şərait yaradılmasının müqabilində, MMC tərəfindən binaların idarəçisinə (İddiaçı) müəyyən məbləğdə haqq ödənilməlidir.
72. Belə olan halda, ilkin iddia tələbinin qanuni əsası kimi mülki qanunvericiliyin qanunla qadağan olunmayan digər müqavilə öhdəlikləri ilə bağlı müddəaları nəzərdən keçirilə bilər və nəzərə alınmalıdır ki, binalarda sakinlərə Cavabdeh MMC tərəfindən internet xidmətinin göstərilməsinə şərait yaratdığını sübutetmə yükü ilkin iddiaçının, bunun müqabilində razılaşdırılmış haqqı ilkin iddiaçıya ödədiyini sübutetmə yükü isə ilkin iddia üzrə cavabdehin üzərinə düşür.
73. Sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib- verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir.
74. İddiaçı öz öhdəliyini yerinə yetirdiyi və xx.xx.2024-cü il tarixli (2024-cü ilin yanvar, aprel, may, iyun aylarının xidmət haqqı üzrə) dəyəri 7915,78 manat olan, xx.xx.2024-cü il tarixli (2024-cü ilin iyul, avqust, sentyabr aylarının xidmət haqqı üzrə) dəyəri 6626,2 manat olan, xx.xx.2025-ci il tarixli (2024-cü ilin oktyabr, noyabr aylarının xidmət haqqı üzrə) dəyəri 4867,08 manat olan (cəmi 19 409,06 manat) elektron qaimələrdəki xidmətləri ilkin iddia üzrə cavabdehə göstərdiyi mübahisələndirilmədiyindən, ilkin iddiaçı sübutetmə yükündən azad olunmuş sayılır.
75. Cavabdeh MMC isə qeyd olunan xidmət haqqını ödəmiş olduğunu sübuta yetirə bilməmişdir; belə ki, işin hallarından, Cavabdeh MMC tərəfindən yalnız ilkin iddiaçının ona xx.xx.2024-xx.xx.2024-cü il dövrü üçün xx.xx.2024-cü il tarixdə göndərdiyi 3940,93 manat məbləğindəki elektron qaimə üzrə xx.xx.2024-cü il tarixdə ödəniş həyata keçirdiyi müəyyən olunur.
76. Bu baxımdan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi ilkin iddiaçının iddia tələbi üzrə düzgün nəticəyə gəlmişdir.
77. İlkin iddiaçı ilə bağlanmış müqavilənin etibarlı olmadığı barədə Cavabdeh MMC-nin irəli sürdüyü arqumentlər və müvafiq qarşılıqlı iddia tələbi isə əsaslı hesab oluna bilməz:
78. Mülki Məcəllədə əqdə verilmiş anlayışdan (§ 23) görünür ki, əqdin əmələ gəlməsi/bağlanmasının 2 əsas qurucu ünsürü vardır: iradə ifadəsi və iradənin yönəldiyi hüquqi nəticə (mülki hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı). Əqdin qurucu ünsürlərinin tamam olmaması halında, həmin əqdin varlıq qazanması və hüquq münasibətinin qurulması qeyri-mümkündür; ortada hər hansı əqd mövcud deyildir. Mövcud olmama əqdin (müqavilənin) bağlanması ilə bağlı bir anlayışdır. Qurucu ünsürləri ehtiva etməyən bir müqavilə bağlana, meydana gələ bilməz. Bu mənada, əgər bir əqdin qurucu ünsürlərində əksiklik varsa, əqd mövcud deyil/bağlanmayıb; əgər qurucu ünsürlər tam olsa da, əqdin etibarlı hüquqi nəticə doğurması üçün tələb olunan şərtlər və ya ünsürlərdə əksiklik varsa, onda əqd etibarsızdır.
79. Hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir.
80. Mülki Məcəllənin əqdlərin etibarsızlığı anlayışı və onun nəticələrini müəyyən edən 337-ci maddəsində (§ 24) əqdlərin etibarsızlığı hallarının iki növü göstərilmişdir: bunlar mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlərdir.
81. Yuxarıda göstərildiyi kimi Cavabdeh MMC qarşılıqlı iddia tələbini “...binaların idarə edilməsi üçün MMMC yaradılmadığından MTK-nın fəaliyyətinin qanunsuz olduğu, çoxmənzilli binanı idarə etməklə bağlı fəaliyyəti qanunsuz hesab edilən hüquqi subyektinin (MTK) ilkin iddiaçı ilə bağladığı idarəetmə müqaviləsinin öz-özlüyündə əhəmiyyətsiz olmaqla hüquqi nəticələr (çoxmənzilli binanın idarə edilməsi hüququnun verilməsi) yarada bilməyəcəyi, beləliklə də ilkin iddiaçının onunla çoxmənzilli binanın ümumi mülkiyyətinin müqəddəratı ilə bağlı bağladığı qarşılıqlı əməkdaşlıq haqqında müqavilənin əhəmiyyətsiz olması” arqumentləri ilə əsaslandırmışdır.
82. Bununla bağlı kollegiya qeyd edir ki, Çoxmənzilli binanın idarə edilməsi üsulunun seçilməsi qaydası Mənzil Məcəlləsinin 141-ci maddəsində açıqca göstərilmişdir. Binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında qanunda göstərilən üsullardan biri (binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə idarə edilmə, mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativi tərəfindən idarə edilmə və ya idarəedici təşkilat tərəfindən idarə edilmə) seçilmədikdə binanın yerləşdiyi ərazinin bələdiyyəsi bu məsələsinin həlli üçün binanın sahə mülkiyyətçilərinin yığıncağını çağırmalıdır. Bu mümkün olmadıqda həmin bələdiyyə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada idarəedici təşkilatın seçilməsi üzrə açıq müsabiqə keçirməlidir. Sahə mülkiyyətçiləri isə belə müsabiqə nəticəsində seçilmiş idarəedici təşkilatla qanunla müəyyən edilmiş qaydada həmin binanın idarə edilməsi barədə müqavilə bağlamağa borcludurlar (§ 44-47).
83. Göründüyü kimi qanunverici, çoxmənzilli binanın idarə edilməsini ilk növbədə sahə mülkiyyətçilərinin özlərinə həvalə etmiş, onlar tərəfindən bu məsələ həll edilmədikdə bələdiyyənin müvafiq vəzifələri nəzərdə tutulmuşdur.
84. Hazırkı iş üzrə, "xxxx" MTK-nın inşa etdiyi binaların sahə mülkiyyətçilərinin yuxarıda qeyd edilən idarəetmə üsullarından birini seçmələrinə və ya digər qanuni tədbirlər görmələrinə dair sübutlar birinci instansiya məhkəməsinə təqdim edilməmişdir.
85. Faktiki vəziyyət isə ondan ibarətdir ki, binaları inşa etmiş "xxxx" MTK binaların idarəçiliyini məhz ilkin iddiaçıya həvalə etmişdir və binalarda idarəçiliyin faktiki olaraq İddiaçı tərəfindən həyata keçirildiyi, binaların sakinlərinin onun xidmətlərindən yararlanmaları işin mübahisəsiz halıdır. Bu hal ona dəlalət edir ki, sahə mülkiyyətçiləri binanın idarəçiliyini məhz İddiaçı tapşırmışlar.
86. Qeyd olunmalıdır ki, səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır (§ 30).
87. Cavabdeh MMC də məhz İddiaçıla xx.xx.2021-ci il tarixdə müqavilə bağlamış və uzun müddət həmin müqavilə üzrə ona pul ödəmişdir. Bu isə, o nəticəyə gəlmək üçün əsas verir ki, "Uninet” MMC müqavilə üzrə kontragent kimi İddiaçı tanımış və uzun müddət müqavilə üzrə göstərilmiş xidmətlərdən faydalanmışdır.
88. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, apellyatorun apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir; birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
89. Apellyasiya şikayəti verilərkən ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.
90. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2526/2025 saylı iş üzrə 26 may 2025ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid edilsin. Qətnamədən Cavabdeh MMC tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Tural Qocayev Səməd Cəfərov