Məhkəmə qərarları › İş №2-2(103)-839/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-839/2024

01.08.2024 · Sair işlər - Korporativ mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-839/2024 01.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü tarixli e-2-2(113)-592/2024 saylı qərardadından iddiaçı Keskin Mikail tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Keskin Mikail cavabdehlər Cavabdeh1 və Qanuni nümayəndə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MMC-nin iştirakçılarının ümumi yığıncağının xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli və xx.xx.2020-ci il tarixli qərarlarının etibarsız hesab edilməsi, 2020-2022-ci illər üzrə iddiaçıya ödənilməli olan 216000 (iki yüz ona altı min) manat mənfəətin, mediasiyaya ödənilmiş 410 (dörd yüz on) manat mediasiya xərcinin və 106 (bir yüz altı) manat dövlət rüsumunun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə verərək, Cavabdeh1 MMC-nin iştirakçılarının ümumi yığıncağının xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli və xx.xx.2020-ci il tarixli qərarlarının etibarsız hesab edilməsi, 2020- 2022-ci illər üzrə iddiaçıya ödənilməli olan 216000 (iki yüz ona altı min) manat mənfəətin, mediasiyaya ödənilmiş 410 (dörd yüz on) manat mediasiya xərcinin və 106 (bir yüz altı) manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü tarixli e-2-2(113)-592/2024 saylı qərardadı ilə iddiaçı Keskin Mikailın cavabdehlər Cavabdeh1 və Qanuni nümayəndə qarşı “qərarların etibarsız hesab edilməsi və əldə edilmiş mənfəətin bölünməsi”nə dair iddia tələbi “2020-2022-ci illər üzrə iddiaçıya ödənilməli olan 216000 (iki yüz ona altı min) manat mənfəətin iddiaçının xeyrinə tutulması” hissəsində baxılmamış saxlanılmışdır. İddiaçı Keskin Mikail həmin qərardaddan şikayət vermiş və Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin olunmalıdır. Belə ki, Mülki Məcəllənin 90-1.1-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin fəaliyyəti nəticəsində əldə edilmiş xalis mənfəətin iştirakçılar arasında bölüşdürülməsi cəmiyyətin ümumi yığıncağı tərəfindən qəbul edilən qərar əsasında cəmiyyətin nizamnaməsində müəyyən edilmiş qaydada həyata keçirilir. Həmin qərarda mənfəətin tamamilə və ya qismən bölüşdürülməsi müəyyən edilə bilər. Həmin Məcəllənin 90-1.2-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin hər bir iştirakçısının nizamnamə kapitalındakı mayalarına uyğun olaraq mənfəət almaq hüququ vardır. Xalis mənfəət ümumi yığıncağın qərarı qəbul edildikdən sonra bir ay müddətində ödənilməlidir. Həmin Məcəllənin 91.1-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin ali orqanı onun iştirakçılarının ümumi yığıncağıdır. Həmin Məcəllənin 91.1-1-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin iştirakçılarının ümumi yığıncağı növbəti və növbədənkənar ola bilər. Hər bir iştirakçının cəmiyyətin iştirakçılarının ümumi yığıncağında iştirak etmək, cəmiyyətin orqanlarını seçmək (təyin etmək), onlara seçilmək (təyin edilmək) və səsvermədə iştirak etmək (bu Məcəllənin 49-1.2-ci və 49-1.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla), şəxsən iştirak etmək və ya bu Məcəllə ilə müəyyən edilmiş qaydada təyin etdiyi nümayəndə vasitəsilə təmsil olunmaq, ümumi yığıncağın gündəliyində dəyişikliklərin edilməsini və gündəliyə yeni müzakirə mövzularının əlavə olunmasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 91.1-2-ci maddəsinə əsasən cəmiyyətin iştirakçılarının növbəti ümumi yığıncağı icra orqanı tərəfindən nizamnamədə müəyyən edilmiş müddətdə, lakin ildə bir dəfədən az olmayaraq çağırılır. Cəmiyyətin illik fəaliyyətinin yekunlarına həsr olunmuş ümumi yığıncaq hesabat-maliyyə ili başa çatdıqdan sonra dörd aydan gec olmayaraq çağırılır. Həmin Məcəllənin 91.1-3-cü maddəsinə əsasən cəmiyyətin iştirakçılarının növbədənkənar ümumi yığıncağı qanunda və ya nizamnamədə müəyyən edilən hallarda və qaydada çağırılır. Növbədənkənar ümumi yığıncaq icra orqanının öz təşəbbüsü ilə, habelə direktorlar şurasının (müşahidə şurasının), təftiş komissiyasının (müfəttişin) və ya bütün səslərin azı onda birinə malik olan iştirakçıların tələbi ilə, habelə qanunla müəyyən edilən digər şəxslər tərəfindən çağırılır. Ləğvetmə prosesində olan cəmiyyətin növbədənkənar ümumi yığıncağı ləğvetmə komissiyası tərəfindən çağırılır. Həmin Məcəllənin 91.3.3-cü maddəsinə əsasən cəmiyyətin illik hesabatlarını və maliyyə hesabatlarını təsdiq etmək, onun mənfəətini və zərərini bölüşdürmək məhdud məsuliyyətli cəmiyyət iştirakçılarının ümumi yığıncağının müstəsna səlahiyyətinə aiddir. Qeyd olunan maddi hüquq normalarının məzmunundan müəyyən olunur ki, məhdud məsuliyyətli cəmiyyətin fəaliyyəti nəticəsində əldə edilmiş xalis mənfəətin iştirakçılar arasında bölüşdürülməsi cəmiyyətin ümumi yığıncağı tərəfindən qəbul edilən qərar əsasında cəmiyyətin nizamnaməsində müəyyən edilmiş qaydada həyata keçirilir. Bu baxımdan kollegiya hesab edir ki, məhdud məsuliyyətli cəmiyyətin fəaliyyəti nəticəsində əldə edilmiş xalis mənfəətin iştirakçılar arasında bölüşdürülməsi ilə bağlı iddiaya məhkəmə tərəfindən baxılması üçün əsaslar mövcud deyil. Mülki Prosessual Məcəllənin 261.0 və 261.0.1-ci maddələrində isə təsbit edilmişdir ki, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Ona görə də kollegiya hesab edir ki, həmin hissədə iş üzrə icraata xitam verilməlidir. Birinci instansiya məhkəməsi isə mülki və mülki prosessual qanunvericiliyin qeyd olunan müddəalarının tələblərini nəzərə almamış və həmin tələblərə tətbiq edilməli olmayan Mülki Prosessual Məcəllənin mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi qaydasını tənzimləyən 259.0.1-ci maddəsini tətbiq etmişdir. Çünki, həmin maddənin tətbiq edilməsinin hüquqi nəticəsi ondan ibarətdir ki, mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi qaydasına riayət edildikdən sonra iddiaçı ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət edə bilər (MPM-in 260.4-cü maddəsi). Məhdud məsuliyyətli cəmiyyətin fəaliyyəti nəticəsində əldə edilmiş xalis mənfəətin iştirakçılar arasında bölüşdürülməsi ilə bağlı məsələlər isə heç bir halda məhkəmə tərəfindən həll edilə bilməz. Çünki Mülki Məcəllənin yuxrıda istinad olunan müddəalarına əsasən həmin məsələlər məhdud məsuliyyətli cəmiyyət iştirakçılarının ümumi yığıncağının müstəsna səlahiyyətinə aiddir. Qeyd olunan halları nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 398.0.3-cü maddəsi ilə nəzərdə tutulmuş səlahiyyətlərinə əsaslanaraq kollegiya hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iddia tələbinin “2020-2022-ci illər üzrə iddiaçıya ödənilməli olan 216000 (iki yüz ona altı min) manat mənfəətin iddiaçının xeyrinə tutulması” hissəsində iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı Keskin Mikail tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü tarixli e-2-2(113)-592/2024 nömrəli qərardadı ləğv edilsin. İddiaçı Keskin Mikailın cavabdehlər Cavabdeh1 və Qanuni nümayəndə qarşı “qərarların etibarsız hesab edilməsi və əldə edilmiş mənfəətin bölünməsi”nə dair iddia tələblərinin “2020-2022-ci illər üzrə iddiaçıya ödənilməli olan 216000 (iki yüz ona altı min) manat mənfəətin iddiaçının xeyrinə tutulması” hissəsində iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən on gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar