Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-843/2024 01.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Qurbanov Raqib Əliddin oğlu və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, iddiaçı “İddiaçı” şirkətinin Cavabdeh2 və Cavabdeh1 Məhdud Məsuliyyəti Cəmiyyətinə (ləğv prosesindədir) qarşı qərar verilməsi və təqdim edilməsi vəzifəsinin qoyulması tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4511/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı “İddiaçı” şirkəti iddia ərizə ilə məhkəməyə müraciət edərək onun 26 oktyabr 2023-cü il tarixli müraciətində qeyd etdiyi kreditor tələbinə baxılıb mahiyyəti üzrə qərar verilməsi və həmin qərarın iddiaçıya təqdim edilməsi vəzifəsinin cavabdehlərin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4511/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadına əsasən iddia ərizəsinə məhkəmə qaydasında baxılmalı olmadığından iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilmişdir. İddiaçının nümayəndəsi həmin qərardaddan şikayət verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-4511/2024 saylı qərardadının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Qərardaddan şikayət onunla əsaslandırılmışdır ki, Mülki Məcəllənin 61.4-cü maddəsində qeyd edilir ki, təsviyəçi hər hansı bir kreditorun irəli sürdüyü tələblə razılaşmadığı halda həmin kreditor məhkəmədə iddia qaldırmaq hüququna malikdir. Bu maddədən aydın görünür ki, burada söhbət təsviyyəçinin “kreditor tələbi ilə razılaşmama barədə qərarının” ləğv edilməsi və kreditorun tələbinin tanınması barədə iddiadan gedir. Məntiq ilə baxdıqda əgər təsviyyəçi kreditorun tələbi ilə razılaşmama barədə qərar qəbul edirsə, kreditor yalnız bu halda məhkəmədə həmin qərarın ləğv edilməsi və onun kreditor tələbinin tanınması barədə barədə iddia qaldıra bilər. Hazırkı işdə isə iddianın predmeti – nə təsviyyəçinin “razılaşmama barədə qərarının” ləğv edilməsi və nə də ki kreditorun tələbinin tanınması barədə iddia deyildir. Buna görə hazırkı işə Mülki Məcəllənin 61.4-cü maddəsi ümumiyyətlə tətbiq edilə bilməz. Hazırkı işdə iddianın predmeti – kreditor tələbinə baxılıb mahiyyəti üzrə qərar verilməsi vəzifəsinin cavabdehlərin üzərinə qoyulmasıdır. Hazırkı işdə iddiaçı bildirir ki, cavabdehlər hərəkətsizliyə yol verərək, ümumiyyətlə onun kreditor tələbinə baxmayıblar və məhz buna görə iddiaçı cavabdehlərin bu hərəkətsizliyindən müdafiə olunmaq üçün hazırkı iddianı qaldırıb. Belə ki, Mülki Məcəllənin 61.4-cü, 61.5-ci və 61.7-ci maddələrinə görə təsviyyəçi kreditorun tələblərinin irəli sürülməsi müddəti bitdikdən sonra kreditorun tələbinə baxıb aşağıdakı qərarlardan birini qəbul etməli idi: (a) kreditorun tələbi ilə razılaşaraq həmin tələbi aralıq ləğvetmə balansına daxil etməlidir və ya (b) kreditorun tələbi ilə razılaşmayaraq bu barədə kreditora məlumat təqdim etməlidir. Lakin, cavabdehlər hərəkətsizliyə yol verərərək bu öhdəliklərindən heç birini yerinə yetirməyiblər. Məhkəmə isə cavabdehlərin bu hərəkətsiziliyindən iddiaçını müdiafə etmək əvəzinə, cavabdehlərin hərəkətsizliyinə bir növ dəstək vermiş olur. Məhkəmə faktiki hesab edir ki, əgər cavabdehlər öz öhdəliklərini yerinə yetirməyib hərəkətsizliyə yol veriblərsə, onlara qarşı məhkəmədə iddia qaldırmaq mümkün deyil. Məhkəməyə görə cavabdehlər sadəcə kreditorun tələbinə baxmamaqla özlərini məhkəmə iddialarından “toxunulmaz” etmiş olurlar. Məhkəmənin bu mövqeyi nə Mülki Məcəllənin, nə Mülki Prosessual Məcəllənin və nə də ki, ədalət prinsiplərinə uyğun deyildir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-4511/2024 nömrəli qərardadı ilə şikayət təmin edilməyərək işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətə apellyasiya instansiyası məhkəməsi tərəfindən yazılı icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4511/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İşdən görünür ki, iddia tələbi ləğv prosesi başlamış hüquqi şəxsə (Cavabdeh1 Məhdud Məsuliyyəti Cəmiyyətinə) təqdim etdiyi kreditor tələblə bağlı qərarın təqdim edilməsi ilə bağlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. İddia ərizəsinin məzmunundan aydın olur ki, cavabdeh hüquqi şəxsin ləğvetmə komissiyasının iddiaçının kreditor tələbinin qeydə alınmasından imtina edilməsi barədə qərarı mövcud deyil. Eyni zamanda Mülki Məcəllədə kreditor tələb qeydə alındıqda bu barədə ləğvetm komissiyası tərəfindən qərar qəbul edilməli olduğu nəzərdə tutulmamışdır. Belə olan halda iddiaçının hüququnun pozuntusu baş vemədiyi üçün (iddiaçının tələbinin qeydə alınmasından imtina edilmədiyi nəzərə alınarsa) məhkəmə icraatının başlanması üçün qanuni əsas mövcud olmadığından bu tələbə məhkəmə tərəfindən baxılması prosessual normaların tələblərinə ziddir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4511/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı “İddiaçı” şirkətinin şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4511/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-843/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-843/2024
01.08.2024 · Sair işlər - Korporativ mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver