Məhkəmə qərarları › İş №2-2(103)-844/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-844/2023

03.10.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Daşınmaz əmlak üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-844/2023 03.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı MMC-nin cavabdeh "xxxx" ASC-yə qarşı mülkiyyət hüququnun bərpa edilməsi, torpaq sahəsinin boşaldılması və təhvil verilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X5 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 və cavabdehin nümayəndələri X2 və X1 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-292/2023 saylı qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ

1. Bakı şəhəri Suraxanı rayonu Zığ şossesi 11 km, 6 ünvanında yerləşən 2,6254 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində 927 nömrəli reyestr kitabının 88008 nömrəli vərəqində qeydiyyata alınmışdır (qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2019).

2. Bakı şəhəri Suraxanı rayonu, Hava limanı-Zığ şossesi 11 km, 6A ünvanında yerləşən 0,787 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində 928 nömrəli reyestr kitabının 88104 nömrəli vərəqində qeydiyyata alınmışdır (qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2019).

3. Bakı şəhəri Suraxanı rayonu Hava limanı-Zığ şossesi 11 km, 6B ünvanında yerləşən 4,5927 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində 929 nömrəli reyestr kitabının 88188 nömrəli vərəqində qeydiyyata alınmışdır (qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2020).

4. Bakı şəhəri Suraxanı rayonu Hava limanı-Zığ şossesi 11-ci kilometrində mülkiyyətində olan 0,78697 ha torpaq sahəsində yerləşən 6A nömrəli, 798,2 m2 ümumi, 798,2 m2 əsas sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binası tam mülkiyyət hüququ üzrə İddiaçı MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində 23 nömrəli reyestr kitabının 2152 nömrəli vərəqində qeydiyyata alınmışdır (qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2009).

5. Bakı şəhəri Suraxanı rayonu, 11-ci km, Hava limanı-Zığ şossesi 6-da 2,62539 ha torpaq sahəsində yerləşən, 456 m2 ümumi, 456 m2 əsas sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binası tam mülkiyyət hüququ üzrə İddiaçı MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində 24 nömrəli reyestr kitabının 2187 nömrəli vərəqində qeydiyyata alınmışdır (qeydiyyat nömrəsi **********, qeydiyyat tarixli xx.xx.2009).

6. Bakı şəhəri Suraxanı rayonu Hava limanı-Zığ şossesi 11-ci kilometrində mülkiyyətində olan 4,59275 ha torpaq sahəsində yerləşən 6B nömrəli, 486 m2 ümumi, 486 m2 əsas sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binası tam mülkiyyət hüququ üzrə İddiaçı MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində 24 nömrəli reyestr kitabının 2197 nömrəli vərəqində qeydiyyata alınmışdır (qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2009).

7. Bakı şəhər İcra Hakimiyyətinin 20 oktyabr 2008-ci il tarixli sərəncamına əsasən Suraxanı rayonu ərazisindəki, yeni çəkilmiş Zığ-Aeroport yolunun sağ və sol tərəflərində 100 metr məsafədə yaşıllıq zonasının salınması və yaşıllıqların suvarılması məqsədilə, Hövsan qəsəbəsinin şimal-şərqində quşçuluq kompleksinin yaxınlığında yerləşən, su quyularının qazılması, su anbarının və nasosxanalarının tikilməsi üçün, torpaq sahələri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin daimi istifadəsinə verilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

8. İddiaçı MMC cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən mülkiyyət hüququ ilə İddiaçınə məxsus olan, Bakı şəhəri, Suraxanı rayonu, Hava Limanı – Zığ şossesi,11ci kilometr, 6A ünvanında yerləşən 0,787 ha torpaq sahəsindən, Bakı şəhəri, Suraxanı rayonu, Hava Limanı – Zığ şossesi,11-ci kilometr, 6 ünvanında yerləşən 2,6254 ha torpaq sahəsindən və Bakı şəhəri, Suraxanı rayonu, Hava Limanı – Zığ şossesi,11-ci kilometr, 6B ünvanında yerləşən 4,5927 ha torpaq sahəsindən İddiaçı mülkiyyət hüquqlarının pozulmasına son qoyulmasına, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin həmin torpaq sahələrindən çıxarılmalarına, həmin torpaq sahələrinin cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına boşaldılmasına və həmin torpaq sahələrinin İddiaçınə təhvil verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddiaçı bildirir ki, mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Hava Limanı – Zığ şossesi,11-ci kilometr, 6A ünvanında yerləşən 0,787 ha torpaq sahəsindən, Bakı şəhəri, Suraxanı rayonu, Hava Limanı – Zığ şossesi,11-ci kilometr, 6 ünvanında yerləşən 2,6254 ha torpaq sahəsindən və Bakı şəhəri, Suraxanı rayonu, Hava Limanı – Zığ şossesi,11-ci kilometr, 6B ünvanında yerləşən 4,5927 ha torpaq sahəsi uzun illərdir ki, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının, qanunlarının və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq aktların tələblərinə zidd olaraq zəbt olunmuşdur. Torpaq sahələrinin zəbt olunması iddiaçının mülkiyyət hüquqununu kobud surətdə pozmaqla bərabər ona külli miqdarda maddi zərər vurmuş və vurmaqda davam edir. Bununla əlaqədar olaraq dəfələrlə cavabdehə xəbərdarlıqlar edilməsinə baxmayaraq bu nəticəsiz qalmışdır. Sonuncu dəfə 16 iyun 2022-ci il tarixdə cavabdehə yazılı qaydada xəbərdarlıq edilməsi də nəticəsiz qalmışdır.

10. Birinci instansiya məhkəməsində cavabdeh iddiaya etiraz etmiş və bildirmişdir ki, 20 oktyabr 2008-ci il tarixli Bakı Şəhər İcra Hakimiyyəti Başçısının sərəncamına əsasən Bakı şəhəri, Suraxanı rayonu ərazisindəki, Zığ-Aeroport magistral avtomobil yolunun sağ və sol tərəfində "xxxx" ASC tərəfindən yaşıllaşdırma işlərinin görülmüş və tinglik sahəsi salınmışdır.

11. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-292/2023 saylı qətnaməsi ilə iddia təmin edilmişdir.

12. Cavabdeh "xxxx" ASC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, sözügedən ərazi Bakı Şəhər İcra Hakimiyyəti başçısının 2008-ci il 20 oktyabr tarixli 555 nömrəli Sərəncamı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin daimi istifadəsinə verilmişdir. Ərazi hamarlanmış, tikinti və məişət tullantılarından təmizlənmiş, münbit torpaq və üzvi gübrələr daşınaraq torpaq hazırlığı işləri aparılmış və ərazidə müxtəlif növ ağaclar əkilmiş, tinglik sahələri salınmış və yaşıllıqlar damcılı suvarma sistemi ilə təchiz edilmişdir. Hal-hazırda iddia olunan 8 hektar ərazidə 7000 ədəddən çox müxtəlif cinsli ağaclar becərilir və tinglik sahələrində ildə 1 milyon ədədə yaxın müxtəlif cinsli əkin materialları yetişdirilir. Yetişdirilən əkin materialları Bakı və ətrafı, eyni zamanda işğaldan azad edilmiş ərazilərin yaşıllaşdırılmasında istifadə olunur. Müəyyən edilmişdir ki, İddiaçı MMC özlərinə məxsus olmasını qeyd etdikləri torpaq sahəsi üzərində mülkiyyət hüququnu Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinə verilmiş müvafiq Sərəncamdan sonra, yəni 2009-cu il 23 sentyabr və 26 sentyabr tarixlərində, torpaq sahəsinin planı və ölçüsü barədə sənədi isə 2019-cu il 30 dekabr tarixində əldə etmişdir. Eyni zamanda İddiaçı MMC ilk dəfə ərazidə yalnız qeyd edilən ağacların əkilməsindən xeyli müddət keçdikdən sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyinə xx.xx.2018-ci il tarixli 218 nömrəli məktubla müraciət edərək, sözügedən torpaq sahəsinin mülkiyyət hüququ əsasında onlara məxsus olduğunu bidirmişlər.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdehin istinad etdiyi Bakı şəhər İcra Hakimiyyətinin 20 oktyabr 2008-ci il tarixli sərəncamın məzmunundan görünür ki, həmin sərəncamla yeni çəkilmiş Zığ-Aeroport yolunun sağ və sol tərəflərində 100 metr məsafədə yaşıllıq zonasının salınması və yaşıllıqların suvarılması məqsədilə, Hövsan qəsəbəsinin şimal-şərqində quşçuluq kompleksinin yaxınlığında yerləşən, su quyularının qazılması, su anbarının və nasosxanalarının tikilməsi üçün, torpaq sahələri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin daimi istifadəsinə verilmişdir. Lakin iddiaçının mülkiyyətində olan torpaq sahələri isə yoldan 100 metr deyil, yoldan təxminən 200- 300 metr aralı məsafədə yerləşir. Yəni həmin sərəncamın mülkiyyətdə olan torpaq sahələrinə heç bir aidiyyəti yoxdur və həmin torpaq sahələri ilə üst-üstə düşmür. Həmin sərəncamın 2.5-ci bəndində göstərilmişdir ki, bu sərəncam inşaat pasportu ilə birlikdə yalnız layihələndirmə üçün əsasdır. Həmçinin sərəncama əsasən torpaq sahələri cavabdehə deyil, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə ayrılmışdır ki, bunun da cavabdehə heç bir aidiyyəti yoxdur. “Magistral avtomobil yollarının mühafizə zolaqlarının yaşıllaşdırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 30 oktyabr 2007-ci il tarixli, 2471 saylı Sərəncamından görünür ki, həmin Sərəncam magistral avtomobil yollarının mühafizə zolağının yaşıllaşdırılmasına şamil edilir. İddiaçı MMC-nin mülkiyyətində olan torpaq sahələri isə həmin mühafizə zolağına daxil deyildir. “Dövlət mülkiyyətində olan avtomobil yollarının qorunma (mühafizə) zolaqlarının ölçüləri”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2015-ci il tarixli, 298 saylı qərarına əsasən Dövlət mülkiyyətində olan avtomobil yollarının qorunma (mühafizə) zolaqlarının ölçüləri aşağıdakı kimi təsdiq edilmişdir: respublika əhəmiyyətli avtomobil yollarında yolun hər bir hərəkət istiqaməti üzrə hərəkət hissəsinin mərkəzindən 30 metr enində; yerli əhəmiyyətli avtomobil yollarında yolun hər bir hərəkət istiqaməti üzrə hərəkət hissəsinin mərkəzindən 12,5 metr enində. Mülkiyyətdə olan torpaq sahələrinin kateqoriyası (məqsədli təyinatı) Sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaq sahələrinə aiddir. Lakin cavabdeh buna məhəl qoymayaraq həmin torpaq sahələrindən digər məqsədlər üçün istifadə etmiş və etməkdədirlər. Bundan başqa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 may 2009-cu il tarixli, 77 nömrəli qərarı ilə təsdiq edilmiş ASC-nin Nizamnaməsinin 3.2.20-ci bəndinə əsasən mülkiyyət və təşkilati - hüquqi formasından asılı olmayaraq torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçilərinin sifarişi və ya icazəsi əsasında onların yaşıllıqların salınması nəzərdə tutulan torpaq sahələrində müvafiq işlərin həyata keçirilməsi və 3.2.21-ci bəndinə əsasən isə yeni salınmış yaşıllıqların torpaq mülkiyyətçilərinə, icarəçilərinə və istifadəçilərinə təhvil verilməsinin təşkil edilməsi Cəmiyyətin əsas məqsədi və fəaliyyət istiqamətlərinə daxil edilmişdir. Lakin buna baxmayaraq cavabdeh Nizamnamə ilə üzərilərinə düşən vəzifələri də yerinə yetirməyərək iddiaçının icazəsi olmadan mülkiyyətdə olan torpaq sahələrində yaşıllıqlar salmış və qanunsuz olaraq torpaq sahələrində yaşıllıqlar salsa da sonradan həmin topraq sahələrini onların mülkiyyətə qaytarmamışlar. Birinci instansiya məhkəməsində cavabdehin nümayəndələri qeyd edilən topraq sahələrinin iddiaçının mülkiyyətində olmasını mübahisələndirməmiş, digər ünvanlarda olduğu kimi həmin topraq sahələrinin də müddət göstərmədən qaytarılacağını bildirmişlər. Uzun müddət aralarında müzakirə edilərək razılaşdırılmış barışıq sazişinin layihəsinin məzmunundan görünür ki, torpaq sahələrinə dair mülkiyyət hüquqları cavabdeh tərəfdən mübahisələndirilməmiş, yalnız topraq sahələrinin boşaldılması müddəti ilə əlaqədar razılıq əldə edilmədiyindən saziş imzalanmamışdır. Bunu elektron məhkəmə sisteminə təqdim edilmiş sazişin layihəsi də təsdiq edir. Həmçinin cavabdeh birinci instansiya məhkəməsində iddia ərizəsinə dair heç bir etiraz təqdim etməmiş, əraziyə baxış keçirilməsi və digər məsələlərlə əlaqədar heç bir vəsatət verməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə iclasında cavabdehin nümayəndələri X4 və X3 apellyasiya şikayətini müdafiə etdilər, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 isə apellyasiya şikayətinə etiraz etdi. TƏTBİQ EDİLƏN HÜQUQ

16. Mülki Məcəllənin 157.2-ci maddəsinin tələblərinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

17. Mülki Prosessual Məcəllənin 209.3-cü maddəsinə görə işə mahiyyəti üzrə baxılmasının qurtardığı elan edilənədək işdə iştirak edən şəxslər tərəfindən onlara məlum olan hallar və sübutlar təqdim olunmamışsa, işə mahiyyəti üzrə baxılmasının qurtardığı elan edildikdən sonra heç kəs məhkəmə iclasında araşdırılmamış hallara və sübutlara istinad etməyə haqlı deyildir.

18. Həmin Məcəllənin 372.2-ci maddəsinə görə yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Məhkəmə kollegiyası hesab edir ki, iddia əsaslıdır.

21. Belə ki, iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

22. Qeyd olunan maddənin dispozisiya şərtlərinə görə tələb olunan əmlak iddia irəli sürən şəxsin (iddiaçının) mülkiyyətində və ya qanuni istifadəsində olmalı, həmin əmlak iddia irəli sürülmüş şəxsin (cavabdehin) sahibliyində olmalı və həmin sahiblik qanunsuz olmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, yalnız bu üç şərtin mövcudluğu halında bu növ iddialar təmin edilə bilər.

23. Hazırki işdə də həmin maddənin dispozisiya şərtləri mövcuddur.

24. Belə ki, mübahisəli torpaq sahələrinin İddiaçı MMC-nin mülkiyyətində və "xxxx" ASCnin sahibliyində olması işin mübahisəsiz hallarıdır. Cavabdehin sahibliyi isə qanunsuzdur.

25. Çünki cavabdehin həmin torpaq sahələrinin dair hər hansı sahiblik və istifadə hüquqları mövcud deyil.

26. Cavabdehin Bakı şəhər İcra Hakimiyyətinin 20 oktyabr 2008-ci il tarixli sərəncamına istinad etməsi isə əsassızdır.

27. Belə ki, həmin sərəncamın məzmunundan görünür ki, həmin sərəncamla yeni çəkilmiş Zığ-Aeroport yolunun sağ və sol tərəflərində 100 metr məsafədə yaşıllıq zonasının salınması və yaşıllıqların suvarılması məqsədilə, Hövsan qəsəbəsinin şimal-şərqində quşçuluq kompleksinin yaxınlığında yerləşən, su quyularının qazılması, su anbarının və nasosxanalarının tikilməsi üçün, torpaq sahələri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin daimi istifadəsinə verilmişdir.

28. Məhkəmə iclasında tərəflərin izahatlarına əsasən mübahisəsiz qaydada müəyyən olundu ki, iddiaçının mülkiyyətində və cavabdehin sahibliyində olan torpaq sahələri isə yoldan 100 metr deyil, təxminən 200-300 metr aralı məsafədə yerləşir. Yəni həmin sərəncamın mülkiyyətdə olan torpaq sahələrinə heç bir aidiyyəti yoxdur və həmin torpaq sahələri ilə üst-üstə düşmür (bu hal tərəflərin izahatlarına əsasən mübahisəsiz olduğuna görə iş üzrə məhkəmə ekspertizasının təyin edilməsinə zərurət olmamışdır).

29. Həmçinin cavabdeh tərəfindən həmin torpaq sahələrində yaşıllaşdırma işlərin aparılması və tinglik sahəsinin salınmasının da mübahisənin həlli baxımından hər hansı əhəmiyyəti yoxdur və bu həmin torpaq sahələri üzərində cavabdehin sahiblik və istifadə hüququ əldə etməsinə əsas verən amil deyildir.

30. Göründüyü kimi iddia tələblərinin qanuni əsasını təşkil edən Mülki Məcəllənin 157.2ci maddəsinin bütün dispozisiya şərtləri mövcuddur və ona görə də, iddiaçı mübahisəli sahənin cavabdeh tərəfindən boşaldılmasını tələb etməkdə tam haqlıdır. Ona görə də, iddia təmin edilməlidir.

31. Hazırda cavabdeh tərəfindən iddiaçının mülkiyyət hüquqlarının mübahisələndirilməsi isə tam əsassızdır.

32. Belə ki, cavabdeh birinci instansiya məhkəməsində mübahisəli torpaq sahələrinin iddiaçının mülkiyyətində olmasını və onun mülkiyyət hüquqlarını mübahisələndirməmişdir.

33. Mülki Prosessual Məcəllənin 209.3 və 372.2-ci maddələrinin birgə təfsirindən isə müəyyən edilir ki, birinci instansiya məhkəməsində işə mahiyyəti üzrə baxılmasının qurtardığı elan edildikdən sonra işdə iştirak edən şəxslər məhkəmə iclasında araşdırılmamış hallara və sübutlara istinad edə bilməzlər.

34. Apellyasiya icraatında isə yeni hallara və sübutlara yalnız o halda istinad edilə bilər ki, işdə iştirak edən şəxslər onların birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Lakin cavabdeh tərəfindən belə əsaslandırma gətirilməmişdir.

35. Kollegiya qeyd edir ki, Mülki Prosessual Məcəllənin qeyd olunan müddəaları imperativ qaydada müəyyən edildiyinə görə apellyasiya baxışında yeni faktların və sübutların qəbul edilməsi yalnız həmin normalarda müəyyən edilən qaydalara uyğun həyata keçirilə bilər.

36. Həmin qaydaların tələblərinin nəzərə alınmaması isə mülki prosesin mühüm prinsipləri olan qanunçuluq, formal həqiqət, çəkişmə və tərəflərin bərabərliyi prinsiplərinə ziddir.

37. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

38. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-292/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov

Hakimlər: Vüsalə Baxışova

Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar