Məhkəmə qərarları › İş №2-2(103)-863/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-863/2025

03.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-863/2025 03.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X3rşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: əsassız hesablanmış borcun silinməsi) Hakimlər Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi və məruzəsi ilə, X4 və İsmayılov Orxan Nadir oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi Bayramlı Dəniz Natiq qızının katibliyi, Cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X5 nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X3rşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e2-2(113)-4359/2024 nömrəli qətnaməsindən cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X10 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları

1. “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X8 Şirvan Sukanal İdarəsi ilə İddiaçı Salyan X7 İdarəsi arasında xx.xx.2024-cü il tarixli 19276659 nömrəli su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair hüquqi şəxslərlə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərlə bağlanan müqavilə imzalanmış, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X12 su təchizatı sistemindən istehlakçının tələbatına uyğun lazımi miqdarda, tərkib və keyfiyyətinə görə DÜİST2874-82 Dövlət Standartının tələblərinə uyğun, məişət (təsərrüfat) - içməli və istehsalat məqsədli suyun təchizatı, tullantı sularının kanalizasiya sisteminə qəbulu, təmizlənməsi və axıdılmasını həyata keçirməyi, İddiaçı Şirvan xidmət sahəsi isə Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının müvafiq qərarına uyğun olaraq 1 m3 su üçün ƏDV daxil olmaqla 1 manat, 1 m3 tullantı suya görə ƏDV daxil olmaqla 1 manat ödəməyi öhdəsinə götürmüşdür.

2. Şirvan xidmət sahəsinin 440142 nömrəli abonent haqqında məlumatına (xx.xx.2023-cü il tarixli və xx.xx.2024-cü il tarixli) əsasən, 2011-ci il tarixində içməli su üzrə 87 manat satış, 83 manat ödəniş, tullantı suyu üzrə 26,1 manat satış, 24,91 manat ödəniş olmuş, həmçinin həmin tarixdən əvvəlki tarixdən 15.071,68 manat içməli su, 7.100,02 manat tullantı suyuna görə borc keçmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı (bundan sonra - “iddiaçı”) xx.xx.2024-cü il tarixində “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X6 (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən əsassız olaraq iddiaçının Salyan X7 İdarəsinin Şirvan xidmət sahəsinə hesablanmış 22.506,09 manat borcun 440142 nömrəli abonent hesabından silinməsi və ödənilmiş 157,52 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şirvan Sukanal İdarəsi ilə Salyan X7 İdarəsi arasında bağlanmış xx.xx.2024-cü il tarixli 19276659 nömrəli müqaviləyə əsasən, Şirvan Sukanal İdarəsi Salyan X7 İdarəsinin Şirvan rayonu üzrə xidmət sahəsinə su və kanalizasiya xidmətlərini göstərməyi, Salyan X7 İdarəsi isə istifadə edilmiş suyun və kanalizasiya xidmətlərinin dəyərini ödəməyi öhdəlik götürmüşdür. Şirvan xidmət sahəsinin su xətti üzərində əvvəlcədən ödənişli su sayğacı quraşdırılmışdır və istifadə olunan suyun dəyəri əvvəlcədən, kanalizasiya xidmətinin dəyəri isə təqdim olunmuş hesab-faktura əsasında ödənilir. Şirvan Sukanal İdarəsindən Salyan X7 İdarəsinə daxil olmuş xx.xx.2024-cü il tarixli məktubda həmin tarixə sudan və kanalizasiya xidmətlərindən istifadəyə görə 22.506,09 manat borcun olması qeyd olunmuşdur. 23.347,09 manat borcun yaranma səbəbləri barədə iddiaçıda heç bir məlumat yoxdur. Qeyd olunanlar 22.506,09 manat borcun əsassız olmasının birbaşa sübutudur. Həmçinin adı çəkilən məktubda borc ödənilmədiyi təqdirdə su təchizatının dayandırılacağı bildirilmişdir. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425, 442, 443.1-ci və s. maddələrinə istinad edilmişdir.

5. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-4359/2024 nömrəli qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilmiş, İddiaçınə (Salyan RQİİ-nin Şirvan xidmət sahəsi) məxsus 440142 saylı abonent koduna hesablanmış 22171 (iyirmi iki min yüz yetmiş bir) manat 70 (yetmiş) qəpik məbləğində borcun silinməsi öhdəliyi cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X5 üzərinə qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir.

6. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, su təchizatı və kanalizasiya müəssisəsi ilə istehlakçı arasında münasibətləri tənzimləyən normativ hüquqi aktlarda istehlak edilmiş suyun və axıdılmış tullantı sularının dəyərinin sayğac göstəricilərinə əsasən bir aylıq hesablaşma dövrü ərzində su təchizatı və kanalizasiya müəssisəsi tərəfindən təqdim edilən ödəniş sənədləri əsasında ödənilməsi nəzərdə tutulmuşdur. Sadalanan qanunvericilik normalarından çıxış edərək məhkəmə qeyd etmişdir ki, istehlak edilmiş su və axıdılmış tullantı sularına görə borcun hesablanması ilə bağlı olan məlumatları, o cümlədən sayğac göstəricilərinin oxunması, onlar əsasında müvafiq tariflərin hansı qaydada tətbiq edildiyi, borcun hesablanması əsaslarını təqdim etmək (sübut etmək) vəzifəsini su təchizatı və kanalizasiya müəssisəsi daşıyır. Lakin cavabdeh abonent haqqında məlumatda göstərilmiş əvvəlki tarixdən keçən 15.071,68 manat içməli su, 7.100,02 manat tullantı suyuna görə borcun əsaslılığına dair hər hansı sübut təqdim etməmiş, həmin borcun əsasında duran su ölçən cihaz göstəriciləri, hesab-faktura, qaimə və s. sənədləri iş materiallarında mövcud olmamışdır. Bu mənada məhkəmə xüsusilə qeyd etmişdir ki, “abonent haqqında məlumat” özü-özlüyündə borcun mövcud olduğunu təsdiq edən mötəbər sənəd hesab oluna bilməz. Belə ki, yalnız müvafiq borcun əsasında duran adıçəkilən məlumatlar təqdim edildikdə borcun əsaslılığı məhkəmə tərəfindən yoxlanıla və əsaslı olub-olmaması barədə qənaət formalaşa bilər. Cavabdeh isə borcun Abşeron Rayon Sukanal İdarəsinin bazasından əldə edildiyini bildirməklə kifayətlənmişdir. Məhkəmə cavabdehin etirazının digər əsası olan üzləşmə aktlarına münasibətdə bildirmişdir ki, 19 yanvar 2021-ci il tarixli 440142 nömrəli üzləşmə aktından görünür ki, 1 fevral 2021-ci il tarixə içməli suya görə 16.731,63 manat, tullantı suya görə 6.690,46 manat, 20 aprel 2023-cü il tarixli 440142 nömrəli üzləşmə aktına əsasən isə 1 aprel 2023cü il tarixinə içməli suya görə 16.921,63 manat, tullantı suya görə 6.740,46 manat borc təsdiq edilmişdir. Məhkəmə hesab etmişdir ki, qeyd edilən aktlar iddiaçının həmin borc məbləğlərini təsdiq etməsi və ya etirafedici hərəkət etməsi kimi şərh oluna bilməz. Belə ki, “Sudan istifadə Qaydaları”na əsasən, üzləşmə aktını tərtib etmək istehlakçının öhdəliyi hesab olunur. Başqa sözlə, su təchizatı və tullantı sularının axıdılması haqqında qanunvericilikdə “üzləşmə aktının” xüsusi statusu müəyyən edilmiş, həmin aktın tərtib edilməsi üçün müraciət etmək vəzifə kimi təsbit edilmişdir. Eyni zamanda cavabdeh Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Şirvan şəhərlərində istehlakçıların məişət (təsərrüfat) içməli, istehsalat və digər məqsədlər üçün su ilə təmin olunması, yağış və tullantı sularının emalı və axıdılması xidmətlərini göstərən təbii inhisar subyektidir və istehsalatın müvafiq sahəsində rəqabət mümkün deyildir. Belə olan halda, borc məbləği ilə razı olunmasa da, öhdəlik kimi təsbit edilən üzləşmə aktının tərtib edilməsi borcun etiraf edilməsi kimi yozula bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, 2011-ci il tarixdən əvvəlki dövr üçün hesablanan 15.071,68 manat içməli su, 7.100,02 manat tullantı suyuna görə borcun əsaslılığı sübut oluna bilmir və bu səbəbdən həmin borc məbləğləri silinməlidir. Digər tərəfdən, iddiaçının silinməsini tələb etdiyi 334,39 (2.2506,09- (15.071,68+7.100,02)) manat borc isə 2011-ci il tarixindən əvvəlki dövr üçün qalıq keçən deyil, həmin tarixdən sonra hesablanan, lakin ödənilməyən borcdur. Bu isə həmin hissədə iddianın təmin edilməsini qeyri-mümkün edir.

7. Birinci instansiya məhkəməsi bu qənaətini “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununun 30.1-ci maddəsinə; Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 7.2, 7.3, 7.6, 7.21-ci bəndlərinə; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.1, 14.2, 77.1, 119.1, 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

8. Cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X10 Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-4359/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin təmin olunan hissədə ləğv olunması, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

Apellyasiya şikayətinin dəlilləri

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Bununla əlaqədar bildirik ki, İş materiallarında xx.xx.2021-ci il tarixli üzləşmə aktından görünür ki, xx.xx.2021-ci il tarixə içməli suya görə 16731,63 manat, tullantı suya görə 6690,46 manat, xx.xx.2023-cü il tarixli 440142 nömrəli üzləşmə aktına əsasən isə xx.xx.2023-cü il tarixə içməli suya görə 16921,63 manat, tullantı suya görə 6740,46 manat borc təsdiq edilmişdir. Üzləşmə aktalarından göründüyü kimi iddiaçı tərəf borcu etiraf edərək üzləşmə aktlarını imzalamaqla borcu qəbul etmişdir. Borc əsaslı və sayğac göstəricilərinə uyğun hesablandığı üçün iddianın təmin edilməsi əsassız olmuşdur.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

Bakı Apellyasiya Məhkəməsində birinci icraat

11. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-2(103)-1158/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – T.Mahmudova, hakimlər – L.Əliyeva və Z.Şirinov).

12. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış, əlavə olaraq şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, abonent haqqında məlumatda göstərilən borc barədə sənəd və sübutları, borcun əsaslı olmasına dair mötəbər dəlilləri MPM-in 77-ci maddəsinin tələblərinə əsasən cavabdeh məhkəməyə təqdim etməi idi. Həmin normanın mahiyyətinə əsasən sübutetmə yükü tərəflər arasında bölüşdürülür və borcun əsaslı olmasını iddia edən cavabdeh olduğu üçün bu hissədə sübutetmə yükü onun üzərinə düşür. Digər tərəfdən abonent haqqında məlumat birtərəfli qaydada cavabdehin özu tərəfindən tərtib edilmiş sənəddir, həmin sənədin tərtib edilməsinə əsas olmuş borcun əsaslılığına dair sübutlar təqdim edilmədiyi və cavabdehin maraqlarına xidmət etdiyi üçün mötəbər sübut hesab edilə bilməz.

13. Həmçinin məhkəmə kollegiyası qeyd etmişdir ki, iş materiallarında olan abonent saldosu hüquqi müəyyənlik prinsipinə cavab vermir. Şəxsin üzərinə xeyli miqdarda borcu ödəmək öhdəliyini qoyan sübut cavabdehin özü tərəfindən tərtib edilmiş sənəd ola bilməz, həmin sübut kifayət qədər aydın, əsaslı, mübahisəli borcun detallarını və əsaslılığını özündə dəqiqliklə müəyyən edən mötəbər dəlil olmalıdır. Cavabdehin istinad etdiyi üzləşmə aktı isə borcun əsaslılığını təsdiq edən sənəd olmamaqla yanaşı qanunvericilikdə borcun müəyyən edilməsi üçün nəzərdə tutulmuş sübut hesab edilə bilməz. Ona görə də apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas ola bilməz.

14. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni birinci instansiya məhkəməsinin istinad etdiyi hüquq normaları ilə yanaşı, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1, 16.1-ci maddələrinə; “İstehlakçı hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 26-cı maddəsinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun F.Cavadov və V.Aslanovun şikayəti üzrə xx.xx.2008-ci il tarixli, X.Xəlilovun şikayəti üzrə xx.xx.2009-cu il tarixli, N.Manafovun şikayəti üzrə xx.xx.2009-cu il tarixli, A.Şoşanovun şikayəti üzrə xx.xx.2015-ci il tarixli, G.İsmayılzadənin şikayəti üzrə xx.xx.2016-cı il tarixli Qərarlarına da istinad etməklə əsaslandırmışdır.

15. Cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X10 kassasiya şikayəti verərək qətnamənin ləğv, iddia tələbinin rədd edilməsi və kassasiya şikayətinin verilməsi üçün ödənilmiş 78.30 manat dövlət rüsumunun iddiaçıdan cavabdehin xeyrinə tutulmasına dair qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsində birinci icraat

16. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2-2(102)-271/2025 nömrəli qərarı ilə (sədrlik edən – B.Qəribov, hakimlər – B.Məmmədli və E.Şamayev) kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-2(103)- 1158/2024 nömrəli qətnaməsi tam ləğv edilərək işə yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

17. Kassasiya instansiyasının mövqeyi ondan ibarət olmuşdur ki, iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir. Məhkəmə kollegiyası üzləşmə aktları ilə bağlı apellyasiya məhkəməsinin qiymətləndirməsini doğru hesab etməyərək bildirir ki, tərəflər arasında Qaydaların 2 nömrəli əlavəsinə uyğun olaraq bağlanmış müqavilənin 4.1.9-cu bəndinə görə (“istehlakçının hüquq və öhdəlikləri” başlıqlı) istehlakçı adında, hüquqi ünvanında, fəaliyyət növündə, bank rekvizitlərində dəyişiklik olduqda, ləğv olunması barədə qərar verildikdə bu barədə Müəssisəyə məlumat verir və tərəflərdən birinin tələbi ilə qarşılıqlı borclar barədə üzləşmə aktını tərtib və təsdiq edir. Göründüyü kimi göstərilən hallarda belə üzləşmə aktının tərtibi barədə tələb üçün tərəflərdən hər hansı birinə məhdudiyyət qoyulmamışdır. Bundan başqa o da qeyd olunmalıdır ki, apellyasiya məhkəməsinin istinad etdiyi 7.21-ci bənddə yalnız istehlakçının hansı hallarda üzləşmə aktının tərtibi üçün müraciət etmək vəzifəsi müəyyənləşdirilmişdir. Yəni bu Qaydalarda həmin hallardan başqa istənilən vaxtda tərəflərin razılığı ilə üzləşmə aktları tərtib etmək hüququnu məhdudlaşdıran və ya qadağa edən hər hansı müddəa mövcud deyildir. Bu həm də onu göstərir ki, tərəflər istənilən vaxt borc da daxil olmaqla əmtəə dövriyyəsi ilə bağlı üzləşmə aktları tərtib edə bilər və mövcud qanunvericilikdə də bu imkanı məhdudlaşdıran və qadağan edən hər hansı norma öz əksini tapmamışdır. Apellyasiya məhkəməsinin Qaydaların müvafiq bəndinə istinadı hazırkı işin hallarına aid olmamış, eləcə də tərəflər arasında formalaşmış işgüzar münasibətə də zərbə vurmuşdur. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin möhür və imzaları ilə rəsmiləşdirilmiş üzləşmə aktları qiymətləndirilərkən prosessual qanunvericiliyin müvafiq normalarının tələblərinə uyğun olmamışdır.

18. Kassasiya instansiyası məhkəməsi gəldiyi nəticəni “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununun 30.1-ci maddəsinə; Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 7.2, 7.3, 7.6, 7.21-ci bəndlərinə; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.1, 14.2, 77.1, 88, 218.1, 218.3, 416.1, 416.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

19. Cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X5 nümayəndəsi Vəkil məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.

20. İddiaçı nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir.

21. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə İddiaçı nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

22. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununun: 30-cu maddəsinin 1-ci hissəsinə əsasən, su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.

23. Su təchizatı və kanalizasiya sistemlərindən (sudan) istifadə sahəsində su təchizatı və kanalizasiya müəssisəsi ilə istehlakçı arasında qarşılıqlı münasibətləri və bununla əlaqədar digər məsələləri tənzimləyən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın: 7.2-ci bəndinə əsasən, STKM smart-kart tipli olmayan suölçən cihaz quraşdırılmış istehlakçıya ötən ay ərzində verdiyi suyun həcmini belə cihazın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesab təqdim etməlidir (göndərməlidir). Su sərfi haqqında məlumatın təqdim edilməsini STKM ilə bağlanılmış müqaviləyə əsasən istehlakçının özü də həyata keçirə bilər. 7.3-cü bəndinə əsasən, Smart-kart tipli suölçən cihaz quraşdırılmış istehlakçıya istifadə etdiyi suyun həcmi haqqında STKM tərəfindən hesab təqdim edilməsi (göndərilməsi) tələb edilmir. 7.6-cı bəndinə görə, verilmiş suyun və axıdılmış tullantı sularının hesabı istehlakçı tərəfindən tam ödənildikdən sonra, STKM tərəfindən hesablamada yol verilmiş səhvə görə əlavə vəsaitin ödənilməsi istehlakçıdan tələb edilə bilməz. 7.20-ci bəndinə görə, STKM suölçən cihaz quraşdırılmış hər bir istehlakçının adına, müqavilə bağlanıldığı gündən fərdi hesab açır. 7.21-ci bəndinə əsasən, istehlakçı ödəyicinin adı, hüquqi ünvanı, fəaliyyət növü, təsisçisi (təsisçiləri) dəyişdikdə, STKM-i yazılı xəbərdar etməli və zərurət yarandıqda, STKM ilə qarşılıqlı hesablaşmalarda dəyişiklik olan tarixə üzləşmə aktının tərtib edilməsi barədə müraciət etməlidir. 2 saylı Əlavəsi ilə “Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair hüquqi şəxslərlə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərlə bağlanan Müqavilə” forması təsdiq edilmişdir.

24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

- 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

14.1-ci maddəsinə əsasən, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.1-ci maddəsinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0-cı maddəsinin tələblərinə əsasən apellyasiya instansiyası məhkəməsi: qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər

Apellyasiya baxışının hədləri

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

27. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

28. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2-2(102)-271/2025 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2- 2(103)-1158/2024 nömrəli qətnaməsi tam ləğv edilmiş və cavabdeh tərəfindən Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-4359/2024 nömrəli qətnaməsi iddianın təmin edilmiş hissəsində mübahisələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, eləcə də cavabdehin apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı iddianın təmin edilmiş hissəsində yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X10 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-4359/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli, iddia tələbi həmin hissədə rədd edilməlidir.

30. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli 440142 nömrəli üzləşmə aktından görünür ki, xx.xx.2021-ci il tarixinə içməli suya görə 16.731,63 manat, tullantı suya görə 6.690,46 manat, xx.xx.2023-cü il tarixli 440142 nömrəli üzləşmə aktına əsasən isə xx.xx.2023-cü il tarixinə içməli suya görə 16.921,63 manat, tullantı suya görə 6.740,46 manat borc təsdiq edilmişdir.

31. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəf qeyd olunan üzləşmə aktlarını imzalamaqla borcun olmasını qəbul etmişdir.

32. Həmçinin, iş materiallarına əlavə edilmiş Salyan RQİİ-nin Şirvan xidmət sahəsinin 440142 nömrəli abonent haqqında məlumatına (xx.xx.2023-cü il tarixli və xx.xx.2024-cü il tarixli) əsasən, 2011-ci il tarixində içməli su üzrə 87 manat satış, 83 manat ödəniş, tullantı suyu üzrə 26,1 manat satış, 24,91 manat ödəniş olmuş, həmçinin həmin tarixdən əvvəlki tarixdən 15071,68 manat içməli su, 7100,02 manat tullantı suyuna görə borc keçmişdir. Həmin abonent haqqında məlumatdan da göründüyü kimi, iddiaçının silinməsini tələb etdiyi borc məbləği abonentin su təchizatı və tullantı sularının axıdılması xidmətindən istifadəyə görə sayğac göstəricilərinə və üzləşmə aktlarına əsasən müəyyən edilmiş borc məbləği olmaqla sudan istifadəyə görə hesablanmış borcların abonent tərəfindən ödənilməməsi nəticəsində formalaşmışdır. İddiaçı isə həmin borcun ödənilməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Odur ki, borcun silinməsi hissəsində iddia əsassız olduğundan rədd edilməlidir.

33. Yuxarıda göstərilən əsaslara görə məhkəmə kollegiyası belə qənaətə gəlir ki, cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X10 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-4359/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli, iddia tələbi həmin hissədə rədd edilməlidir.

34. Məhkəmə kollegiyası məhkəmə xərclərinə münasibətdə qeyd edir ki, iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilməlidir.

35. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X10 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-4359/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə ləğv edilsin. İddia tələbi həmin hissədə rədd edilsin. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar