Məhkəmə qərarları › İş №2-2(103)-866/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-866/2023

08.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-866/2023 08.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Qurbanovun məruzəsi ilə, X1 və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin 25 iyul 2023-cü il tarixli e-2-2(113)- 2909/2023 saylı qərardadından Cavabdeh MMC tərəfindən verilmiş şikayəti nəzərdən keçirib, m ü ə y y ə n e t d i: İddiaçı “X4 ("xxxx") MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müqavilə üzrə ödənilməmiş 88736 manat borcun Cavabdeh MMC-dən alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda iddiaçı Cavabdeh MMC cavabdeh “X4” MMC-yə qaşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “X4 ("xxxx") MMC-dən 43.712,26 manatın Cavabdeh MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin Cavabdeh MMC vəsatətlə məhkəməyə müraciət edərək, arbitraj qeyd-şərti nəzərə alınaraq, iddia ərizəsinin baxılmamış saxlanılması barədə qərardad çıxarılmasını, 1-ci bənddəki etiraz təmin edilməzsə, məhkəmə tərəfindən iş Almaniya Federativ Respublikasının Wiesbaden Rayon Məhkəməsinə baxılmağa verilməsini, etirazın 1 və 2-ci bəndlərindəki prosessual məsələlər təmin edilməzsə, məhkəmə tərəfindən Almaniya Federativ Respublikasının hüququnun tətbiq edilməsi üçün bütün zəruri tədbirlər görülməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Almaniya Federativ Respublikası qanunvericiliyinə əsasən təsis edilmiş və fəaliyyət göstərən, qeydiyyat ünvanı Almaniya, Bahnhofstrasse 36, 65185 Wiesbaden olan Railistics GmbH (bundan sonra - “Railistics GmbH”), PMC və "xxxx" QSC (bundan sonra - “Müştəri” və ya “ADY”) arasında “Dəmir yolu infrastrukturunun saxlanılması üzrə Əməliyyat Planının hazırlanması” layihəsi üzrə AFD/CS/QCBS/S2/2019-1 №-li müqavilə imzalanmışdır. Müqavilədə arbitraj qeyd şərti nəzərdə tutulmuşdur. Müqavilənin 49.1-ci maddəsinə əsasən tərəflər arasında bu müqavilə əsasında və ya onunla əlaqədar yaranan və danışıqlar yolu ilə həll edilə bilməyən mübahisələr hər hansı tərəf tərəfindən arbitraja göndərilə bilər (ADY ilə müqavilədən çıxarışlar əlavə olunur). Railistics GmbH və PMC arasında müştəri ilə layihə üzrə müqavilənin bağlanması və icrası məqsədilə 17 mart 2020-ci il tarixində X6 imzalanmışdır. Layihə çərçivəsində birgə müəssisə olaraq məsləhətçi kimi çıxış edən Railistics GmbH və PMC arasında əsas münasibətlər bu müqavilə ilə tənzimlənir. 17 mart 2020-ci il tarixli X2 göründüyü kimi, Railistics GmbH X6 üzrə baş partnyor kimi çıxış edir. Buna görə də bu münasibətlərdən irəli gələn hər hansı iddia Railistics GmbH-ya qarşı irəli sürülə bilər və əsl cavabdeh Railistics GmbH-dır. MPM-in 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Railistics GmbH Almaniya Federativ Respublikası, Bahnhofstrasse 36, 65185 Wiesbaden ünvanında qeydiyyata alınmışdır. Buna görə də iddiaya yalnız Almaniya məhkəmələrində baxıla bilər. Məhkəmə işi baxılmamış saxlamaqdan və ya Almaniya Federativ Respublikasının Wiesbaden Rayon Məhkəməsinə baxılmağa göndərməkdən imtina edərsə, nəzərə alınsın ki, 17 mart 2020-ci il tarixli X3 8-ci bəndinə əsasən tətbiq olunan hüquq Almaniya Federativ Respublikasının qanunvericiliyidir. Azərbaycan Respublikasının “Beynəlxalq xüsusi hüquq haqqında” Qanununun 1.1-ci maddəsinə əsasən bu Qanun xarici elementli mülki hüquqi münasibətlərə tətbiq olunmalı hüquq normalarını müəyyən edir. Əsl cavabdeh Railistics GmbH xarici hüquqi şəxs olduğundan hazırkı münasibətlər xarici elementli mülki hüquqi münasibətlər hesab olunur. Qanunun 24.2-ci maddəsinə əsasən müqavilə tərəfləri həm bütövlükdə müqavilə üçün, həm də onun ayrı-ayrı hissələri üçün tətbiq olunmalı hüququ seçə bilərlər. Yuxarıda qeyd olunduğu kimi tərəflər 17 mart 2020-ci il tarixli X3 8-ci bəndinə əsasən artıq həmin hüquqi imkandan istifadə ediblər. Qanunun 2.1-ci maddəsinə əsasən xarici hüququn tətbiqi zamanı məhkəmə bu hüquq normalarının məzmununu müvafiq ölkədə onların rəsmi təfsirinə və tətbiqi praktikasına uyğun olaraq müəyyən etmək üçün bütün zəruri tədbirləri görməyə borcludur. Beləliklə, hazırkı münasibətlərə Almaniya Federativ Respublikasının qanunvericiliyi tətbiq edilməli olduğundan, Azərbaycan Respublikası qanunlarının, o cümlədən iddiaçının istinad etdiyi Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları iddianın hüquqi əsasını təşkil etmir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-2909/2023 saylı qərardadı ilə vəsatət təmin edilməmişdir. Cavabdeh MMC həmin qərardaddan şikayət vermiş, arbitraj qeyd-şərti nəzərə alınaraq, iddia ərizəsinin baxılmamış saxlanılması barədə qərardad çıxarılmasını, əks halda, məhkəmə tərəfindən iş Almaniya Federativ Respublikasının Wiesbaden Rayon Məhkəməsinə baxılmağa verilməsini, əks halda, ərizəyə məhkəmə qaydasında (Azərbaycan Respublikası məhkəmələri tərəfindən) və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə uyğun olaraq iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbulundan imtina edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilən şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, hazırda mübahisələndirilən qərardadla mahiyyəti üzrə 3 məzmunda olan vəsatət rədd edilmişdir:

1. arbitraj qeyd-şərti nəzərə alınaraq, iddia ərizəsinin baxılmamış saxlanılması barədə qərardad çıxarılması,

2. 1-ci bənddəki etiraz təmin edilməzsə, məhkəmə tərəfindən iş Almaniya Federativ Respublikasının Wiesbaden Rayon Məhkəməsinə baxılmağa verilməsi,

3. etirazın 1 və 2-ci bəndlərindəki prosessual məsələlər təmin edilməzsə, məhkəmə tərəfindən Almaniya Federativ Respublikasının hüququnun tətbiq edilməsi üçün bütün zəruri tədbirlər görülməsi. Mülki Prosessual Məcəllənin 267.1-ci maddəsinin tələblərinə görə məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. Həmin Məcəllənin 395.1, 395.1.1, 395.1.2 və 395.2-ci maddələrində isə təsbit olunmuşdur ki, işdə iştirak edən şəxslər qətnamədən ayrılıqda birinci instansiya məhkəmələrinin qərardadlarından aşağıdakı hallarda şikayət verə bilərlər: bu Məcəllədə göstərilən hallarda; məhkəmənin qərardadı işin sonrakı hərəkətinə mane olduqda. Birinci instansiya məhkəmələrinin digər qərardadlarından şikayət verilmir. İşdə iştirak edən şəxslər bu qərardadlardan narazı qaldıqda qərardada olan etirazlarını apellyasiya şikayətlərinə daxil edə bilərlər. Qeyd olunan prosessual normalardan müəyyən olunur ki, məhkəmənin yalnız ayrıca akt şəklində qəbul etdiyi qərardadlarından şikayət verilə bilər. Həmin qərardadlarından isə iki halda şikayət verilə bilər. Birinci halda şikayət verilmə imkanı Mülki Prosessual Məcəllədə göstərilməli, ikinci halda isə məhkəmə qərardadı işin sonrakı hərəkətinə mane olmalıdır. Digər qərardadlardan şikayət verilə bilməz və işdə iştirak edən şəxslər qərardada dair etirazlarını apellyasiya şikayətlərinə daxil edə bilərlər. Lakin hazırda mübahisələndirilən qərardaddan şikayət verilə bilməz. Çünki Mülki Prosessual Məcəllədə iddia ərizəsinin baxılmamış saxlanılması barədə vəsatətin rədd edilməsi ilə əlaqədar qəbul edilmiş qərardaddan şikayət verilməsi nəzərdə tutulmamış, eyni zamanda bu növ qərardadlar işin sonrakı hərəkətinə mane olmur. Həmçinin qanunvericilikdə işin Almaniya Federativ Respublikasının Wiesbaden Rayon Məhkəməsinə baxılmağa verilməsi haqqında vəsatətin rədd edilməsi ilə bağlı qəbul edilmiş qərardaddan da şikayət verilə bilməz. Belə ki, mülki prosessual qanunvericilikdə işin ərazi aidiyyatı üzrə başqa ölkənin məhkəməsinə göndərilməsi ilə bağlı hər hansı institut mövcud deyildir. Bu məzmunda vəsatət isə mahiyyət etibarı ilə iş üzrə icraata xitam verilməsi mənasını daşıyır. Çünki işə Azərbaycan məhkəmələrində deyil, xarici dövlətin məhkəməsində baxılmalıdırsa, Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidır. Ona görə də, cavabdehin vəsatətindəki 2-ci tələb iş üzrə icraata xitam verilməsi ilə bağlı olmuşdur. Lakin, Mülki Prosessual Məcəllədə iş üzrə icraata xitam verilməsi barədə vəsatətin rədd edilməsi ilə əlaqədar qəbul edilmiş qərardaddan da şikayət verilməsi nəzərdə tutulmamış, eyni zamanda bu növ qərardadlar işin sonrakı hərəkətinə mane olmur. Məhkəmə tərəfindən Almaniya Federativ Respublikasının hüququnun tətbiq edilməsi üçün bütün zəruri tədbirlər görülməsi ilə bağlı vəsatətə isə ümumiyyətlə ayrıca qərardad qəbul edilməsinə zərurət olmamış və bu vəsatətin istər təmin, istərsə də rədd edilməsi ilə bağlı qəbul edilmiş qərardaddan şikayət verilməsi nəzərdə tutulmamışdır. Mülki Prosessual Məcəllənin 366.1 və 366.2-ci maddələrinin tələblərinə görə apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Bundan başqa Mülki Prosessual Məcəllənin 361.1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir. Mülki Prosessual Məcəllənin “Apellyasiya şikayətinin forması” adlı 2 saylı Əlavəsində müəyyən edilmişdir ki, apellyasiya şikayətinin maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər hissəsində şikayət olunan qətnamə və ya qərardad çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia edilən hər bir maddi hüquq norması sıralanmaqla göstərilməlidir. Göstərilmiş hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir. Apellyasiya şikayətinin prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər hissəsində şikayət edilən qətnamə və ya qərardad çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia olunan hər bir prosessual hüquq norması sıralanmaqla göstərilməlidir. Göstərilmiş hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir. Lakin cavabdeh prosessual qanunvericiliyin qeyd olunan tələbinə zidd olaraq, şikayəti həmin formaya da uyğun tərtib etməmişdir. Mülki Prosessual Məcəllənin 363.1 və 363.1.1-1-ci maddələrində isə təsbit olunmuşdur ki, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Qeyd olunan prosessual hüquq normasını rəhbər tutaraq məhkəmə kollegiyası hesab edir ki, hazırkı işə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 366 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı Kommersiya Məhkəməsinin 25 iyul 2023-cü il tarixli e-2-2(113)- 2909/2023 saylı qərardadından Cavabdeh MMC tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. İş materialları birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən on gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakimlər: Raqib Qurbanov

Fərrux Qasımov

Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar