Məhkəmə qərarları › İş №2-2(103)-878/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-878/2024

03.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-878/2024 03.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Şirinovun sədrliyi və məruzəsi ilə, Raqib Əliddin oğlu Qurbanov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, Eyvazlı Aytac Rafael qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İlkin iddia üzrə İddiaçı Cavabdehnə qarşı sənədlərin təhvil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Mənzil-Tikinti Kooperativinin cavabdeh İddiaçı qarşı “aparılmış tikinti-söküntü işlərinin qanunsuz hesab edilməsi qarşılıqlı iddia tələbinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-2193/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı Cavabdeh Mənzil-Tikinti Kooperativinə qarşı sənədlərin təhvil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, onunla Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Nəsimi rayonu, A.Əliyev küçəsi 9B, 1024-cü məhəllədə yerləşən yaşayış kompleksində 55 kv.m olan qeyri-yaşayış sahəsi üzrə çıxarışın alınması məqsədilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə təqdim edilməsi üçün protokldan çıxarışın, qeyri-yaşayış sahəsinin layihəsinin, sxeminin və digər zəruri sənədlərin ona verilməsi vəzifəsinin Cavabdeh MTK-nin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)845/2024 saylı qərardadı ilə İddiaçı Cavabdeh Mənzil-Tikinti Kooperativinə qarşı “sənədlərin təhvil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair ilk, iddiaçı Cavabdeh Mənzil-Tikinti Kooperativinin cavabdeh İddiaçı qarşı “aparılmış tikinti-söküntü işlərinin qanunsuz hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işin aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

3. İş Bakı Kommersiya Məhkəməsində baxılan zaman iddiaçı xx.xx.2024-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə verərək, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Nəsimi rayonu, A.Əliyev küçəsi 9B, 1024-cü məhəllədə yerləşən yaşayış kompleksində 55 kv.m olan qeyri-yaşayış sahəsi üzrə çıxarışın alınması məqsədilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə təqdim edilməsi üçün, İddiaçı Cavabdeh MTK-nın üzvlüyünə qəbul edilməsinə dair ümumi yığıncağın protokolundan çıxarış və qərarının, qeyri-yaşayış sahəsinin dəyərinin tam ödənilməsinə dair maliyyə arayışının, binanın istismara icazə verilməsinə dair aktın surətinin və qeyri-yaşayış sahəsinin layihə və sxeminin surətlərinin İddiaçı verilməsi vəzifəsinin Cavabdeh MTK-nin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı Cavabdeh Mənzil-Tikinti Kooperativi cavabdeh İddiaçı qarşı aparılmış tikintisöküntü işlərinin qanunsuz hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən, Cavabdeh MTK tərəfindən tikilmiş, aidiyyəti dövlət orqanı tərəfindən istismara qəbul edilmiş və istifadədə olan bina tikilisində qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən ona məxsus olan 33 kv.m-lik qeyri-yaşayış obyekti ilə 22 kv.m qeyriyaşayış sahəsində aparılmış qanunsuz söküntü-tikinti işlərinin cavabdeh İddiaçı vəsaiti hesabına onun özü tərəfindən aradan qaldırılmasına, obyektdən xaricdə binanın ümumi istifadədə olan həyətyanı sahəsində inşa edilmiş daş baryerlərin cavabdeh İddiaçı vəsaiti hesabına onun özü tərəfindən sökülməsinə, obyektlərin layihədə göstərilən ilkin konfiqurasiyalara cavabdeh İddiaçı vəsaiti hesabına onun özü tərəfindən uyğun hala salınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-2193/2024 nömrəli qətnaməsi ilə ilk iddianın qismən təmin edilməsi, ilkin İddiaçı MTK-ya üzvlüyə qəbul edilməsi və pay qismində Bakı şəhəri, Nəsimi rayonu, A.Əliyev küçəsi 9B, 1024-cü məhəllədə yerləşən yaşayış kompleksində 55 kv.m olan qeyri-yaşayış sahəsinin verilməsi barədə Cavabdeh MTK-nin üzvlərinin ümumi yığıncağının qərarının (protokoldan çıxarışın), həmin qeyri-yaşayış sahəsinin plan-cizgisinin (sxeminin), həmin qeyri-yaşayış sahəsinin pay haqqının tam ödənilməsinə dair maliyyə arayışının və binanın istismarına icazə aktının surətinin ilkin İddiaçı təqdim edilməsi öhdəliyinin ilkin Cavabdeh MTK-nın üzərinə qoyulması, qalan hissədə ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddiaçı Cavabdeh Mənzil-Tikinti Kooperativinin qarşılıqlı cavabdeh İddiaçı qarşı aparılmış tikinti-söküntü işlərinin qanunsuz hesab edilməsi tələbinə dair qarşılıqlı iddiasının rədd edilməsi qət edilmişdir.

6. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-2193/2024 nömrəli qətnaməsinin ləğv edilməsini, ilk iddianın rədd edilməsinə və qarşılıqlı iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

7. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, cavabdeh aidiyyəti dövlət orqanlarının müvafiq aktları olmadan söküntü-tikinti işləri apararaq obyektlə avtodayanacaq sahəsini(qaraj sahəsini) birləşdirmiş,eləcə də binadan kənar sahəni zəbt edərək öz sahəsinə qatmış,eləcə də obyektdən kənarda – binanın ümumi istifadədə olan həyətyanı sahəsində daş baryerlər çəkmiş,bayıra qanunsuz qapı açımışdır.Onun bu işlərə heç bir icazəsi və müvafiq razılaşdırmaları yoxdur. Məhkəmə MM-nin 227-ci, 14.2.2.-ci maddəni tətbiq etməli olduğu halda etməmişdir. İki ayrı-ayrı obyekt qanunsuz birləşdirildiyi üçün,bayıra(binanın ümumi istifadədə olan həyətinə)qanunsuz qapı açıldığı,ümumi istifadəyə maneçiliklər yaradan bardyurlar ,˝reyrab˝) yaxud rüdnüh˝ səki˝) çəkildiyi üçün və layihə konfiqurasiyası ilə mövcud vəziyyətindəki konfiqurasiyada uyğunsuzluq olduğu üçün biz ilkin iddiaçıya müvafiq sənəd verə bilmirik.Veriləcək sənədlə faktiki məkan ölçüləri arasındaki ölçü və konfiqurasiya fərqləri, uyğunsuzluqları aradan qaldırılmadıqca müvafiq sənədləri verməyimiz mümkün deyildir. Məhkəmə Mənzil Məcəlləsinin 113.1-ci maddəsini tətbiq etməli olduğu halda etməmişdir. Qarşılıqlı iddia üzrə cavabdehin hərəkətləri qonşuların və sakinlərin hüquqlarını pozmuşdur və pozmaqda da davam edir.Əslində, onun bu icazəsiz hərəkətləri həm də hüquqdan sui-istifadə etməkdir.Ona məhdud hüquqlar verilsə də,o bu hüquqlarından sui-istifadə edərək kollektiv idarəçiliyin təsiri altında olan sahələrdə özbaşına söküntü-tikinti, zəbt etmə və maneələr yaratmayaratma hərəkətləri edib. Qarşılıqlı iddia üzrə cavabdeh şəhərsalma və tikinti qaydalarını pozduğu üçün işə müvafiq aidiyyəti orqanlar – FHN-nin və Şəhərsalma və Arxitektura Komitəsinin müvafiqqurumları 3-cü şəxs qismində cəlb olunmalı idilər, lakin bu, olmamışdır. Hakim, ekspertiza keçirilmədən qarşı tərəfin maraqlarına uyğun edən nəticələrə gəlmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

9. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etmişdir.

10. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 109.1-ci maddəsinə əsasən kooperativ fiziki və (və ya) hüquqi şəxslərin birgə fəaliyyət göstərmək üçün üzvlüyə əsaslanan könüllü birliyi olub iştirakçılarının maddi və başqa tələbatının onun üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə ödənilməsi məqsədilə yaradılır.

12. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən kooperativ üzvü bu Məcəllənin tələblərinə cavab verən və kooperativin nizamnaməsində müəyyənləşdirilən qaydada və həcmdə üzvlük haqqı, mütləq və əlavə pay haqqı ödəmiş və kooperativə qəbul edilmiş, onun fəaliyyətində iştirak edən və səs hüququ (bu Məcəllənin 49-1.2-ci və 49-1.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla) olan fiziki və (və ya) hüquqi şəxsdir.

13. Həmin Məcəllənin 109-4.1-ci maddəsinə əsasən kooperativin üzvlərinin aşağıda göstərilən hüquqları vardır: 109-4.1.3. kooperativin fəaliyyətinə dair məlumat almaq və onun maliyyə, eləcə də digər sənədləri ilə tanış olmaq;

14. Həmin Məcəllənin 111.3-cü maddəsinə əsasən kooperativ üzvlərinin ümumi yığıncağının müstəsna səlahiyyətinə aşağıdakılar aiddir: 111.3.3. kooperativ üzvlərini qəbul etmək və çıxarmaq;

15. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

16. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

18. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərinin ilk iddianın təmin olunan hissəsinə və qarşılıqlı iddiaya yönəldiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslılığı ilk iddianın təmin olunan və qarşılıqlı iddia hissəsində yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

19. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qətnaməsi ilk iddianın təmin edilən hissəsində və qarşılıqlı iddiaya dair hissədə mahiyyəti üzrə düzgün, qanuni və əsaslıdır.

20. Belə ki, işin müəyyən olunmuş halları ondan ibarətdir ki, ilkin iddiaçı, qarşılıqlı cavabdeh İddiaçı (payçı) ilə ilkin cavabdeh, qarşılıqlı iddiaçı Cavabdeh (kooperativ) arasında 14 avqust 2018-ci il tarixli müqaviləyə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. Həmin müqaviləyə əsasən MTK İddiaçı kooperativdə iştirak payı olaraq tikilməkdə olan binada qeyri-yaşayış sahəsi verməyi, İddiaçı isə həmin sahənin qabaqcadan müəyyənləşdirilmiş dəyərini (pay haqqını) ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı həmin müqavilə üzrə öhdəliklərini icra edərək Bakı şəhəri, Nəsimi rayonu, A.Əliyev küçəsi, 1024cu məhəllədə MTK-nın tikilməkdə olan binasında qeyri-yaşayış sahəsinin verilməsinə görə (55 m2) pay haqqını tam ödəmişdir. Mübahisəli qeyri-yaşayış sahəsinin yerləşdiyi yaşayış binasının) ünvan: Bakı şəhəri, Nəsimi rayonu, A.Əliyev küçəsi 1024-cü məhəllə) tikintisi Cavabdeh MTK tərəfindən başa çatdırılmış, binanın mənzil mülkiyyətçiləri tərəfindən "xxxx" MMMC yaradılmış və hazırda binanın idarə edilməsi MMMC tərəfindən həyata keçirilir.

21. İlkin İddiaçı Cavabdeh MTK ilə aralarında bağlanmış xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Nəsimi rayonu, A.Əliyev küçəsi 9B, 1024-cü məhəllədə yerləşən yaşayış kompleksində 55 (22+33) kv.m olan qeyri-yaşayış sahəsi üzrə mülkiyyət hüququna dair çıxarışın alınması məqsədilə Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri PHŞ-ə təqdim edilməsi üçün, İddiaçı Cavabdeh MTK-nın ümumi yığıncağın protokolundan çıxarış və qərarının, qeyri-yaşayış sahəsinin dəyərinin tam ödənilməsinə dair maliyyə arayışının, binanın istismara icazə verilməsinə dair aktın surətinin və qeyriyaşayış sahəsinin layihə və sxeminin surətlərinin İddiaçı verilməsi vəzifəsinin Cavabdeh MTK-nin üzərinə qoyulmasını tələb etmişdir.

22. Məhkəmə ilk iddia qismən əsaslı hesab edərək, Cavabdeh MTK-nin üzvlərinin ümumi yığıncağının qərarının (protokoldan çıxarışın), həmin qeyri-yaşayış sahəsinin plancizgisinin (sxeminin), həmin qeyri-yaşayış sahəsinin pay haqqının tam ödənilməsinə dair maliyyə arayışının və binanın istismarına icazə aktının surətinin ilkin İddiaçı təqdim edilməsi öhdəliyinin ilkin Cavabdeh MTK-nın üzərinə qoyulmasını qət etmişdir.

23. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin ilk iddiaya dair gəldiyi nəticə qanuni və əsaslıdır. Belə ki, cavabdehin tələb olunan sənədlərin verməməsi üçün heç bir hüquqi əngəl mövcud deyildir.

24. İlkin Cavabdeh MTK isə qarşılıqlı iddia ərizəsi təqdim etmiş və ərizəsində binanın layihəsinə istinad edərək, kooperativdə iştirak payı olaraq qarşılıqlı iddiaçıya qeyriyaşyış sahəsi (33 kv.m.) və qaraj (22 kv.m.)verdiyini, verilən qeyri-yaşayış sahəsi ilə qarajın arasında divarın olduğunu, qarşı tərəfin isə hər hansı razılıq olmadan həmin divarı sökdüyünü, çölə də ayrı qapı açdığını iddia edir və göstərilən səbəblərdən rəsmiləşdirmənin aparılmasının gecikdiyini, qarşı tərəf öz vəsaiti hesabına obyektləri layihədə göstərilən ilkin vəziyyətinə qaytardıqdan sonra onlar müvafiq sənədləri ilkin iddiaçıya təqdim etməyə hazır olduqlarını bildirmişdir.

25. Göründüyü kimi cavabdeh sənədlərin verilməsi üçün şərt kimi qarşılıqlı iddianın təmin edilməsini göstərmişdir.

26. Qanunvericiliyə əsasən MTK-lar müvafiq binaların tikintisi və (və ya) yenidən qurulması, habelə müəyyən dövr ərzində kooperativ binada yaşayış və qeyri-yaşayış sahələrinin idarə edilməsi üçün yaradılır. Kooperativ binanın tikintisi və (və ya) yenidən qurulması tam başa çatdıqdan və həmin binada mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin ümumi sayının əlli faizindən çoxuna mülkiyyət hüququ mənzil-tikinti kooperativinin üzvlərinə keçdikdən sonra MTK mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilir və ya mənzil mülkiyyətçiləri tərəfindən MMMC yaradılaraq kooperativ binada yaşayış və qeyri-yaşayış sahələrinin idarə edilməsi MMMC-yə həvalə edilir.

27. İşin mübahisəsiz halları isə ondan ibarətdir ki, mübahisəli qeyri-yaşayış sahəsinin yerləşdiyi yaşayış binasının) ünvan: Bakı şəhəri, Nəsimi rayonu, A.Əliyev küçəsi 1024-cü məhəllə) tikintisi Cavabdeh MTK tərəfindən başa çatdırılmış, binanın mənzil mülkiyyətçiləri tərəfindən "xxxx" MMMC yaradılmış və hazırda binanın idarə edilməsi MMMC tərəfindən həyata keçirilir.

28. Odur ki, Cavabdeh MTK-nın hazırda mübahisəli yaşayış binası və ya həmin binanın tərkib hissəsi üzərində qanunla qorunan hüquqlara (əşya və tələb hüquqlarına) malik olması, eləcə də binanın idarəetməsini həyata keçirən şəxs qismində mənzil mülkiyyətçilərinin hüquqlarının müdafiə edilməsi məqsədilə iddia qaldırmaq hüququna malik olması iş materiallarına əsasən müəyyən edilmir.

29. Cavabdeh subyektiv hüququ olmadan iddiaçıya qarşı iddia qaldırmaqla sənədlərin verilməsinə süni maneə yaratmağa cəhd etmişdir. Cavabdehin bu hərəkətləri hüquqdan sui-istifadə kimi qiymətləndirilməlidir. Belə ki, ilk iddiaçının məqsədi mülkiyyət sənədinin əldə edilməsidir. Cavabdeh iddiaçının mülkiyyət hüququnun reallaşdırmasına əsassız şəkildə mane olur.

30. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

31. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-2193/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar