Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-878/2025 13.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Şirinov İkram Sabir oğlundan və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya işi üzrə qəbul edilmiş Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-4607/2025 saylı qərardadından Cavabdeh MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh MMC-yə qarş iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, Cavabdeh MMC-dən 26.343,72 manat əsas borcun, 170 manat dövlət rüsumunun, 300 manat hüquqi yardım üçün ödənilmiş xidmət haqqının alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4607/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. Həmin qərardaddan Cavabdeh MMC şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-4607/2025 saylı qərardadı ilə Cavabdeh MMC tərəfindən verilmiş şikayət geri qaytarılmışdır. Cavabdeh MMC Bakı Kommersiya Məhkəməsinin bu qərardadından şikayət verərək, həmin qərardadın ləğv edilməsini və şikayətə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən pretenziya məktubu Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10-1-ci maddəsində nəzərdə tutulmuş qaydalara uyğun olaraq cavabdehə təqdim edilməmiş, bununla da iddiaçının məhkəməyə müraciəti ilə bağlı prosessual qaydalar pozulmuşdur. Belə ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti pretenziya məktubunu yalnız Dövlət Vergi Xidmətinin kargüzarlıq sistemi üzərindən təqdim etmişdir. Halbuki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra AR MPM) 10-1-ci maddəsində nəzərdə tutulan tələblərə əsasən, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. Yəni mülki mübahisələr üzrə pretenziya məktublarının Dövlət Vergi Xidmətinin elektron kargüzarlıq sistemi və ya başqa elektron sistem və ya kabinetlər vasitəsilə göndərilməsi mülki prosessual qanunvericilikdə nəzərdə tutulmamışdır. Beləliklə, qanunvericiliyə uyğun olaraq, iddiaçı tərəfindən pretenziya məktubu cavabdehə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə təqdim olunmalı idi. Pretenziya məktubu qanunvericilikdə nəzərdə tutulan qaydada təqdim olunmadığına görə cavabdeh MMC-nin pretenziya məktubuna cavab vermək və mübahisənin məhkəməyədək həlli üçün tədbirlər görmək imkanı olmamışdır. Hesab edirik ki, hazırda AR MPM 10-1-ci maddəsində nəzərdə tutulan tələblər pozulduğuna görə iddia ərizəsinin təqdim olunmuş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılması barədə qərardad çıxarılmalı idi. Lakin məhkəmə tərəfindən prosessual tələblərə riayət olunmadan iddia ərizəsi icraata götürülmüşdür. Bakı Kommersiya Məhkəməsinin 2- 2(113)-4607/2025 saylı, xx.xx.2025- ci il tarixli qərardadından şikayət verilərək qərardadın ləğv edilməsi iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə qərardad çıxarılması xahiş edilmişdir. Hazırda "xxxx" MMC tərəfindən verilmiş iddia tələbinin məhkəmənin icraatında saxlanılması cavabdehin prosessual hüquqlarının pozuntusudur. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-4607/2025 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür; 395.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər qətnamədən ayrılıqda birinci instansiya məhkəmələrinin qərardadlarından bu Məcəllədə göstərilən hallarda, habelə məhkəmənin qərardadı işin sonrakı hərəkətinə mane olduqda şikayət verə bilərlər; 395.2-ci maddəsinə əsasən birinci instansiya məhkəmələrinin digər qərardadlarından şikayət verilmir. İşdə iştirak edən şəxslər bu qərardadlardan narazı qaldıqda qərardada olan etirazlarını apellyasiya şikayətlərinə daxil edə bilərlər; 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə, məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Məhkəmə kollegiyası hazırki işin hallarını nəzərə alıb, eyni zamanda qeyd edilən məsələni tənzimləyən qanunvericiliyin yuxarıda göstərilən, habelə digər aidiyyəti normalarını rəhbər tutub qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericilikdə qərardadlardan yalnız bu Məcəllədə göstərilən hallarda, habelə onlar işin sonrakı hərəkətinə mane olduqda şikayət verilə bilər. Lakin cavabdehin mübahisələndirdiyi xx.xx.2025-ci il tarixli icraata götürülmə haqqında qərardaddan nə şikayətin verilməsi nəzərdə tutulmuş, nədə ki, bu qərardad işin sonrakı hərəkətinə mane olur. Qeyd edilənlər öz növbəsində həmin qərardaddan şikayətin verilməsini qeyrimümkün edir və bu hüquqi yanaşmaya uyğun olaraq, verilmiş şikayətin geri qaytarılmasını şərtləndirir. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alıb hesab edir ki, birinci instansiya məhkəməsi öz mövqeyində haqlı olmuşdur. Bu səbəbdən şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264-cü, 397-402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-4607/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-878/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-878/2025
13.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver