Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-88/2025 12.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı1 Şirkəti və “X8 company” şirkətlərinin borclu Cavabdeh MMC-nin (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti olmaqla) müflis elan edilməsi haqqında iddiası üzrə kommersiya mübahisəsi Açar söz: müflis elan edilmə. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər Həsənov Elnur Məmmədsaat oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Məhərrəmova Günel Elman qızının katibliyi, kreditorların nümayəndəsi və vəkili Vəkil, borclunun qanuni nümayəndəsi Tan Xingyi, üçüncü şəxsin nümayəndəsi Nümayəndə2 tərcüməçi X1 iştirakı ilə, Kreditorlar X7 Korporeyşn” və “X8 company” şirkətlərinin borclu Cavabdeh MMC-nin müflis elan edilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-811/2024 nömrəli qətnaməsindən kreditorlar İddiaçı1 şirkəti, “X8 company” şirkəti və borclu “X2 Limited” MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 17 mart tarixli 2-2(113)-16/2021 saylı qətnaməsi ilə İddiaçı1 Şirkətinin cavabdeh “Petro- X5 Limited” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia tələbi təmin edilmiş, “X2 Limited” Məhdud Məsuliyyətli Cəmiyyətindən 813.243,58 ABŞ dolları məbləğində borc və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi, ekspertiza tədqiqatının dəyəri olan ümumilikdə 409 manat məbləğində pulun cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.
2. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 6 iyul 2022-ci il tarixli 2- 2(103)-302/2022 saylı qətnaməsi ilə Bakı Kommersiya Məhkəməsinin 17 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
3. Bakı Kommersiya Məhkəməsinin 17 mart 2021-ci il tarixli, 2-2(113)-82/2021 qətnaməsi ilə iddiaçı “X8 Company” Şirkətinin cavabdeh “X2 Limited” MMC-yə qarşı iddiası təmin edilmiş, cavabdehdən 5.381.165,58 ABŞ dolları məbləğində borcun, 3.000 ABŞ dolları məbləğində hüquqşünas xərclərinin və 30 manat məbləğində dövlət rüsumunun tutularaq, iddiaçıya ödənilməsi qət edilmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 6 iyul 2022-ci il tarixli, 2-2(103)-399/2022 saylı qətnaməsi ilə Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 17 mart tarixli, 2-2(113)-82/2021 saylı qətnaməsi cavabdehdən 4.381.165,58 ABŞ dolları məbləğində borcun tutulması hissəsində dəyişdirilmədən saxlanılmışdır.
5. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli məlumatına əsasən “X2 Limited” Məhdud Məsuliyyətli Cəmiyyətinin adına Azərbaycan Respublikası ərazisində qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir.
6. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli müraciətə baxılması haqqında məktuba əsasən “X2 Limited” Məhdud Məsuliyyətli Cəmiyyətinin 2021, 2022 və 2023-cü illər üzrə mənfəət vergisi bəyannamələrinin Dövlət Vergi Xidmətinə təqdim edilməməməsi səbəbindən bəyannamələrin surətlərinin təqdim edilməsi mümkün olmamışdır.
7. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinin xx.xx.2024-cü il tarixli məktubuna və ona əlavə edilmiş çıxarışa əsasən müəyyən edilir ki, “X2 Limited” MMC-nin adında xx.xx.2008-ci il tarixdən “Kamaz 53213 xüsusi yanacaq D” markalı HO18464 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi (Şəhadətnamə: AB261514, şəhadətnamənin verilmə tarixi:xx.xx.2008, Şassi: **********-87) qeydiyyatdadır.
8. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən müəyyən edilir ki, “X2 Limited” MMC-nin adında A-13741 nömrəli, xx.xx.2022-ci il tarixli çıxarışa əsasən 2 ədəd Mancanaq dəzgahı CYJ10-3-53HY və 4 ədəd Mancanaq dəzgahı CYJY12-48-73 barədə məlumatlar mövcuddur.
9. "X12 Azərbaycan" QSC-nin xx.xx.2024-ci il tarixli məktubuna əsasən müəyyən edilir ki, “X2 Limited” MMC-nin "X12 Azərbaycan" QSC-dəki 00312622 nömrəli (cari) AZN, 00183601 nömrəli (cari) ABŞ dolları, AZ03KABA******************** nömrəli (cari) ABŞ dolları, AZ25KABA******************** nömrəli (cari) cari AZN hesabları 2008ci il tarixdə bağlanmışdır. 10."xxxx" ASC-nin xx.xx.2024-ci il tarixli məktubuna əsasən müəyyən edilir ki, “X2 Limited” MMC-nin "xxxx" ASC-dəki AZ05PAHA40160USDHC********** nömrəli (cari) bank hesabında 0.52 ABŞ dolları, AZ14PAHA40060AZNHC********** nömrəli (cari) bank hesabında 0.47 manat, AZ44PAHA40160CNYHC********** nömrəli (cari) bank hesabında 0 manat məbləğində pul vəsaitləri mövcuddur.
11. "xxxx" ASC-nin xx.xx.2024-ci il tarixli məktubuna əsasən müəyyən edilir ki, “X2 Limited” MMC-nin "xxxx" ASC-nin “Mərkəz” Filialındakı AZ88AİİB******************** nömrəli (cari), AZ98AİİB******************** nömrəli (cari) bank hesablarında pul vəsaiti yoxdur. 12."xxxx" ASC-nin xx.xx.2024-ci il tarixli məktubuna əsasən müəyyən edilir ki, "xxxx" MMC-nin AZ09İBAZ******************** nömrəli (cari), AZ19İBAZ******************** nömrəli (cari) bank hesablarında pul vəsaitləri yoxdur. "xxxx" ASC-nin "Səbail" Filialındakı AZ04İBAZ******************** nömrəli (cari), AZ94İBAZ******************** nömrəli (cari), AZ84İBAZ******************** nömrəli (cari), AZ14İBAZ******************** nömrəli (cari), AZ67İBAZ******************** nömrəli (cari), AZ94İBAZ******************** nömrəli (cari) AZ04İBAZ******************** nömrəli (cari), AZ84İBAZ******************** nömrəli (cari), AZ14İBAZ******************** nömrəli (cari subhesab), AZ67İBAZ******************** nömrəli (cari subhesab) hesabları isə bağlıdır.
13. LPO "xxxx" ASC-nin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondunun xx.xx.2024-ci il tarixli məktubuna əsasən müəyyən edilir ki, “X2 Limited” MMC-nin "xxxx" ASC-nin "Gənclik" Filialındakı AZ50NBCB4011004USD********** nömrəli (cari) bank hesabında vəsait yoxdur, AZ07NBCB4001004AZN********** nömrəli (cari) bank hesabında isə 0,75 manat məbləğində qalıq mövcuddur.
14. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin rəsmi saytından çıxarışlardan görünür ki, “X2 Limited” MMC-nin müflis elan edilməsi ilə bağlı məhkəmə baxışlarının vaxtı və yeri barədə xx.xx.2024, xx.xx.2024-cü il tarixlərində elanlar verilmişdir.
15. “Azərbaycan” qəzetində “X2 Limited” MMC-nin müflis elan edilməsi ilə bağlı məhkəmə baxışlarının vaxtı və yeri barədə elan yerləşdirilmişdir.
Birinci instansiya məhkəməsində icraat
16. Kreditorlar İddiaçı1 Şirkəti və “X9 company” şirkətləri iddia ərizəisi ilə müraciət edərək, borclu “X2 Limited” MMC-nin müflis elan olunması və əmlak inzibatçısının təyin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
17. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2013-cü il 5 iyun tarixində İddiaçı1 Şirkəti ilə “X2 Limited” MMC arasında müəyyən olunmuş qiymət müqabilində palçıq qazma və naqilli qazma işlərinin görülməsi ilə bağlı PHPOLCNLC-201301 saylı müqavilə, 2013-cü il 11 mart və 2013-cü il 22 oktyabr tarixlərində “X8 Company” Şirkəti ilə Borclu arasında qazma işlərinin görülməsi ilə bağlı müvafiq olaraq PHPOL-201301 və PHPOL-201302 saylı müqavilələr imzalanmışdır. CNLC və GWDC tərəfindən müqavilə üzrə öhdəliklərinin tam şəkildə icra edilməsinə baxmayaraq, borclu müqavilə üzrə göstərilmiş xidmətlərə görə CNLC-yə 813.243,58 ABŞ dolları məbləğində və GWDC-yə 5.381.165,58 ABŞ dolları məbləğində xidmət haqqının ödənilməsini həyata keçirməmişdir. Bu səbəbdən CNLC və GWDC pozulmuş hüquqlarının bərpa edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Birinci instansiya məhkəməsindəki icraat Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 17 mart tarixli 2-2(113)-16/2021 saylı qətnaməsi ilə CNLC-nin iddiası təmin edilmiş, borcludan 813.243,58 ABŞ dolları məbləğində borc və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq CNLC-yə ödənilməsi qət edilmişdir. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 17 mart tarixli, 2-2(113)-82/2021 qətnaməsi ilə GWDC-nin iddiası təmin edilmiş, Borcludan 5.381.165,58 ABŞ dolları məbləğində borcun, 3.000 ABŞ dolları məbləğində hüquqşünas xərclərinin və 30 manat məbləğində tutularaq dövlət rüsumunun GWDC-yə ödənilməsi qət edilmişdi. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 24 iyun tarixli 2-2(103)-657/2021 saylı qətnaməsi ilə borclunun apellyasiya şikayəti təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul olunmuş, CNLC-nin borcluya qarşı 813.243,58 ABŞ dolları məbləğdə borcun və 30 manat məbləğdə dövlət rüsumunun borcludan tutularaq CNLC-yə ödənilməsi tələbinə dair iddiası təmin edilməmiş, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15 manat məbləğdə dövlət rüsumunun CNLC-dən tutularaq borcluya ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 30 iyun tarixli, 2-2(103)-655/2021 saylı qətnaməsi ilə borclunun apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv, GWDC-nin tələbi təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 23 noyabr tarixli, 2-2(102)-515/2021 saylı qərarı ilə CNLC tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 24 iyun tarixli 2-2(103)-657/2021 saylı qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 26 yanvar tarixli, 2- 2(102)-39/2022 saylı qərarı ilə GWDC-nin kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən – hüquqi xidmətlə bağlı 3000 ABŞ dolları və 1.000.000 ABŞ dolları borcun tutulmasının rədd edilməsi hissəsi istisna olmaqla, qalan hissədə ləğv olunmaqla iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 6 iyul tarixli 2-2(103)-302/2022 saylı qətnaməsi ilə Borclu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 17 mart tarixli e-2-2(113)-16/2021 saylı qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 6 iyul tarixli, 2-2(103)-399/2022 saylı qətnaməsi ilə Borclu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 17 mart tarixli, 2-2(113)-82/2021 saylı qətnaməsi Borcludan 4.381.165,58 ABŞ dolları məbləğində borcun tutulması hissəsində dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 07 fevral tarixli, 2-2(102)-4/2023 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 6 iyul tarixli, 2-2(103)-302/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 04 aprel tarixli, 2 -2(102)-10/2023 saylı qərarı ilə BakıApellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 6 iyul tarixli, 2-2(103)-399/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Belə ki, Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 17 mart tarixli, 2-2(113)-16/2021 saylı və 2021-ci il 17 mart tarixli, 2-2(113)-82/2021 saylı qətnamələri qanuni qüvvəyə mindikdən sonra Bakı şəhəri Nizami rayon İcra şöbəsinin 2023-cü il 05 mart tarixli qərarı ilə Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 17 mart tarixli 2-2(113)-16/2021-037 saylı icra sənədi üzrə və 2023-cü il 03 iyul tarixli qərarı ilə Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 17 mart tarixli, 2-2(113)- 82/2021-028 saylı icra sənədi üzrə icraata başlanılmışdır. Lakin tələblərin ödənilməsi üçün İcra şöbəsi tərəfindən aparılan icra tədbirləri hər hansı nəticə verməmişdir. xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi saytına baxış keçirərkən şirkətin 1 735 274 AZN məbləğində vergi borcunun olması aşkar edilmişdir. Bu da öz növbəsində Borclunun ödəmə qabiliyyətinin olmamasına dəlalət edir. Hal-hazırda Borclunun nizamnamə fondu 200 000 ABŞ dolları təşkil edir. Göründüyü kimi, hazırkı iş üzrə Kreditorların tələbi Borclunun nizamnamə fondunun 10 faizindən çox bir hissəsini təşkil edir və bu səbəbdən hazırkı mübahisəyə borclunun iflas prosesi çərçivəsində baxılmalıdır.
18. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-811/2024 nömrəli qətnaməsi ilə ərizə təmin edilməmişdir.
19. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, hazırkı iş üzrə kreditorlar İddiaçı1 şirkəti və “X8 company” şirkəti xarici hüquqi şəxslər olduğundan hazırkı mübahisə xarici elementli mübahisədir. Odur ki, məhkəmə tərəfindən birinci müəyyən edilməli olan məsələ AR məhkəmələrinin hazırkı iddiaya baxmaqda səlahiyyətli olub-olmaması ilə bağlıdır. Bununla bağlı qeyd edilməlidir ki, iş üzrə borclu “X2 Limited” MMC AR-də təsis edilmiş və faliyyət göstərərn hüquqi şəxsdir. Kreditor İddiaçı1 şirkətinin AR-də filialı və “X8 company” şirkətinin isə nümayəndəliyi mövcuddur. Belə olan halda isə 443.0.1 və 443.0.2-ci maddələrinin tələbləri baxımından AR Məhkəmələri hazırkı iddiaya baxılmaqda səlahiyyətlidirlər. İkinci müəyyən edilməli məsələ xarici elementli mübahisəyə tətbiq edilməli olan hüquqla bağlıdır. Bununla bağlı isə məhkəmə qeyd edir ki, hüquqi şəxsin müflisləşməsi proseduru onun hüquqi statusuna (hüquq qabiliyyətinə) aid olan prosedur olduğundan və həmin prosedura münasibətdə “Beynəlxalq xüsusi hüquq haqqında” AR Qanununda xüsusi kollizion norma nəzərdə tutulmadığından həmin prosedura münasibətdə həmin qanunun 12, 13-cü maddəsində nəzərdə tutulmuş kollizion normalar tətbiq edilməlidir. Həmin normalara görə isə hüquqi şəxsin təsis edildiyi ölkənin hüququ onun istinad etdiyi qanun hesab olunur. Hüquqi şəxsin hüquq qabiliyyəti onun istinad etdiyi qanunla müəyyən olunur. Hazırkı halda isə müflis elan edilməsi tələb edilən hüquqi şəxs X2 Limited” MMC AR-də təsis edildiyindən onun hüquqi şəxsin istinad etdiyi qanun Azərbaycan Respublikasının hüququdur. Bununla yanaşı məhkəmə qeyd edir ki, “Beynəlxalq xüsusi hüquq haqqında” AR Qanununda göstərilən kollizion bağlama yer almasa da, beynəlxalq praktikada transmilli (xarici elementli) müflisləşmə prosedurlarına münasibətdə lex fori concursus bağlaması tətbiq edilir. Lex fori concursus (müsabiqə yerinin hüququ) bağlamasına görə müflisləşmə proseduruna münasibətdə həmin prosedurunun aparıldığı ölkənin, yəni hazırkı halda AR-in qanunvericiliyi tətbiq edilir. Odur ki, hazırkı halda hazırkı iddiaya AR qanunvericiliyi tətbiq edilməlidir. İddianın mahiyyəti ilə bağlı məhkəmə qeyd edir ki, hüquqi şəxslərin müflis elan edilməsi barədə işlərə baxılarkən məhkəmə tərəfindən borclu hüquqi şəxsin öhdəliklərini icra etməyə qadir olub-olmaması, yəni “Müflisləşmə və iflas haqqında” AR Qanununun 3- cü maddəsinin tələbləri baxımından hüquqi şəxsin müflis elan edilməsi üçün əsasların olub-olmaması araşdırılmalıdır. Hazırkı halda borclu şəxsin borclarının ödənilməsi üçün kifayət edəcək aktivlərinin olmamasını təsdiq edəcək mötəbər sübutlar (məsələn, mənfəət vergi bəyannamələri, maliyyə hesabatları və s.) məhkəməyə təqdim edilməmiş, eləcə də sözügedən faktiki hallar məhkəmə araşdırması zamanı müəyyənləşdirilməmişdir. Belə olan halda məhkəmə belə qənaətə gəlir ki, iddiaçıların iddia tələbinin əsaslı olmasını təsdiq etmək üçün istinad etdiyi sübutlar “X2 Limited” MMC-nin öhdəliklərini icra etməyə qadir olmaması, yəni ödəmə qabiliyyətinin olmaması barədə əsaslı nəticəyə gəlmək üçün kifayət etmir.
20. Birinci instansiya məhkəməsi hazırkı mübahisəyə Müflisləşmə və iflas haqqında Azərbaycan Respublikası Qanununun 1,2,3-cü maddələrini, Beynəlxalq Xüsusi Hüquq haqqında qanunun 12-ci maddəsini tətbiq etmişdir.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
21. Borclu “X2 Limited” MMC Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2- 2(113)-811/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək iddianın baxılmamış saxlanılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
22. Borclu apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qarşı tərəfin vəkilinin təqdim etdiyi etibarnaməsinin qanuni tələblərə cavab verməməsini məhkəməyə bildirilmişdir. Lakin məhkəmə etibarnamənin qanuniliyini kifayət qədər araşdırmamış və təsdiqləməmişdir. İşlə bağlı əhəmiyyətli fikirləri bildirilsə də, məhkəmə cavabdeh tərəfin heç bir fikir bildirmədiyini qeyd etmişdir. Məhkəmə prosesi zamanı dəfələrlə tərcüməçinin iştirakının təmin edilməsi xahiş edilsə də, Mülki Prosessual Məcəllənin 11.2-ci maddəsinə əsasən tərcümə xidmətindən istifadə etmək hüququ ciddi şəkildə pozulmuşdur.
23. Kreditorlar İddiaçı1 şirkəti və “X8 company” şirkəti Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-811/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
24. Kreditorlar apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, hazırkı mübahisə ilə bağlı bir sıra məhkəmə qərarları qəbul edilmiş, qanuni qüvvəsini almışdır. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 17 mart tarixli, 2-2(113)-16/2021 saylı və 2021-ci il 17 mart tarixli, 2-2(113)-82/2021 saylı qətnamələri qanuni qüvvəyə mindikdən sonra Bakı şəhəri Nizami rayon İcra şöbəsinin (bundan sonra – “İcra şöbəsi”) 2023-cü il 05 mart tarixli qərarı ilə Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 17 mart tarixli, 2-2(113)-16/2021-037 saylı icra sənədi üzrə və 2023-cü il 03 iyul tarixli qərarı ilə Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 17 mart tarixli, 2-2(113)-82/2021-028 saylı icra sənədi üzrə icraata başlanılmışdır. Lakin tələblərin ödənilməsi üçün İcra şöbəsi tərəfindən aparılan icra tədbirləri hər hansı nəticə verməmişdir. Həmçinin, xüsusi diqqətinizə çatdırırıq ki, xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi saytına (https://www.e- taxes.gov.az/ebyn/vergiBorcu.html) baxış keçirərkən şirkətin 1 735 274 AZN (bir milyon yeddi yüz otuz beş min iki yüz yetmiş dörd manat) məbləğində vergi borcunun olması aşkar edilmişdir. Bu da öz növbəsində Borclunun ödəmə qabiliyyətinin olmamasına dəlalət edir. Diqqətinizə çatdırmaq istəyirik ki, 4 sentyabr 2024-cü il tarixli, e-2-2(113)-811/2024 nömrəli qətnamədə bildirilmişdir ki, “Hazırkı halda borclu şəxsin borclarının ödənilməsi üçün kifayət edəcək aktivlərinin olmamasını təsdiq edəcək mötəbər sübutlar (məsələn, mənfəət vergi bəyannamələri, maliyyə hesabatları və s.) məhkəməyə təqdim edilməmiş, eləcə də sözügedən faktiki hallar məhkəmə araşdırması zamanı müəyyənləşdirilməmişdir. Belə olan halda məhkəmə belə qənaətə gəlir ki, iddiaçıların iddia tələbinin əsaslı olmasını təsdiq etmək üçün istinad etdiyi sübutlar “X2 Limited” MMC-nin öhdəliklərini icra etməyə qadir olmaması, yəni ödəmə qabiliyyətinin olmaması barədə əsaslı nəticəyə gəlmək üçün kifayət etmir.” Xüsusi ilə diqqətinizə çatdırırıq ki, tərəfimizdən Cavabdehin mülkiyyətində olan daşınar və daşınmaz əmlakın, o cümlədən bank hesablarında olan vəsaitlərin müəyyən edilməsi üçün çox saylı vəsatətlər təqdim edilmişdir. Lakin, müvafiq dövlət orqanlarına və banklara ünvanlanmış sorğulardakı suallar bilavasitə məhkəmə tərəfindən müəyyən edilmişdir.
25. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti məhkəməyə vəsatət ünvanlayaraq şirkətin müstəqil tələblər irəli sürməyən üçüncü şəxs kimi tanınması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
26. Ərizə onunla əsaslandırılmışdır ki, iş üzrə məhkəmənin qərarı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) hüquq və maraqlarına təsir göstərə bilər. Belə ki, SOCAR, “X4 Group Company” və SOCAR-ın Ortaq Neft Şirkəti (“ONŞ”) arasında 04 iyun 2003-cü il tarixdə “Azərbaycan Respublikasında Pirsaat neft yatağı və ona bitişik sahələrin daxil olduğu blokun bərpası, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü” haqqında imzalanmış və iştirak payının 26 dekabr 2006-cı il tarixində “X4 Group Company”-dən “Petro-HongKong Limited” şirkətinə ötürülməsi ilə “Petro-HongKong Limited” şirkətinin tərəf olduğu Saziş üzrə “Petro-HongKong Limited” şirkətinin öhdəliklərinin pozuntularının aradan qaldırılması məqsədi ilə 04 oktyabr 2024-cü il tarixində SOCAR tərəfindən “X6 məhkəməsinə arbitraj bildirişi əlavə edilməklə arbitraj icraatına dair ərizə göndərilmiş və ərizə 07 oktyabr 2024-cü il tarixində məhkəmə tərəfindən qəbul edilmişdir. Hazırda SOCAR, “Petro-HongKong Limited” şirkəti, onun Azərbaycan Respublikasındakı filialı və Cavabdeh MMC barəsində arbitraj icraatı davam edir. Bakı Kommersiya Məhkəməsinin e-16(113)-731/2024 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixli müvəqqəti təminat tədbirinə dair qərardadla arbitraj icraatı yekunlaşanadək “Petro- HongKong-X10” MMC barəsində də müvəqqəti təminat tədbirləri tərbiq edilmiş və icraya göndərilmişdir. Sazişin 9.1-ci bəndinin (a) yarımbəndinə uyğun olaraq, “Petro-HongKong Limited” şirkəti tam sahibi olduğu Cavabdeh MMC ortaq şirkətini əməliyyat şirkəti olaraq təsis etmişdir və Saziş üzrə gündəlik əməliyyatları Cavabdeh MMC həyata keçirir. Bu baxımdan müflisləşmə ilə bağlı işin nəticəsi SOCAR-ın qaldırdığı arbitraj iddiasına və müvəqqəti təminat tədbirinin icrasına təsir edə bilər. Qeyd olunanlara əsasən Cavabdeh MMC-nin müflis elan edilməsi üzrə işdə SOCAR-ın cəlb edilməməsi onun hüquq və vəzifələrinə toxuna bilər.
27. Bakı Apellyasiya Məhkəməsinin 12 fevral 2025-ci il tarixli iclasında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində tanınmışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
28. Kreditorların nümayəndəsi məhkəmə iclasında öz apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını, qarşı tərəfin apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etmişdir.
29. Borclunun nümayəndəsi məhkəmə iclasında öz apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını, qarşı tərəfin apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etmişdir.
30. Müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında kreditorların apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
31. «Müflisləşmə və iflas haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə müflisləşmə – borclunun öz öhdəliklərinin ödəmə qabiliyyətinin olmamasıdır. Həmin Qanunun 2-ci maddəsinə görə iflas haqqında işlərə başlanması və həmin işlərə baxılması qaydası bu Qanunun spesifik tələbləri nəzərə alınmaqla, qüvvədə olan prosessual qanunvericiliklə tənzimlənir. Bu Qanun bütün kommersiya (banklar istisna olmaqla) və qeyri-kommersiya təşkilatlarına şamil edilir. İflas haqqında işin qaldırılması üçün kreditorun (kreditorların) və ya borclunun məhkəməyə təqdim olunan ərizəsi əsas sayılır. Həmin ərizənin məhkəməyə təqdim edilməsi tarixi iflas prosesinə məhkəmə vasitəsilə başlanmasının məqamıdır. Məhkəməyə iflas haqqında iddia ərizəsi borclu müəssisənin idarəetmə orqanının qəbul etdiyi qərar (əgər borclu dövlət müəssisəsidirsə, müvafiq icra hakimiyyəti orqanının qəbul etdiyi qərar) əsasında təqdim oluna bilər. Həmin Qanunun 3-cü maddəsinə görə borclu ödəmə qabiliyyəti olmadığı halda iflas prosesinə məruz qalır. Borclu o halda ödəmə qabiliyyəti olmayan sayılır ki, bunu özü təsdiq etsin, yaxud məhkəmə və ya kreditorlar müəyyən etsin ki: a) borclu həyata və ya sağlamlığa vurulmuş zərərin ödənilməsi, alimentin tutulması, əmək və onunla bağlı münasibətlərindən yaranan öhdəliklər üzrə, müəlliflik müqaviləsinə görə ödənilən haqlar ilə bağlı kreditorlar qarşısında öhdəliklərini icra müddəti başladığı andan etibarən ardıcıl 2 ay ərzində tam icra etməmişdir; b) borclu vergilər (faizlər və tətbiq edilmiş maliyyə sanksiyaları) və başqa dövlət ödənişlərini onların hesablandığı gündən etibarən ardıcıl 10 (on) ay ərzində tam icra etməmişdir; c) borclu digər kreditorlar qarşısında öhdəliklərini onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra etməmişdir. “Beynəlxalq xüsusi hüquq haqqında” AR Qanununun 12-ci maddəsinə görə hüquqi şəxsin təsis edildiyi ölkənin hüququ onun istinad etdiyi qanun hesab olunur. 13.1-ci maddəsinə görə hüquqi şəxsin hüquq qabiliyyəti onun istinad etdiyi qanunla müəyyən olunur.
32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 440.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri mülki və kommersiya mübahisələri üzrə beynəlxalq səlahiyyətə bu şərtlə malikdirlər ki, işdə iştirak edən şəxslərdən hər hansı biri xarici şəxs olsun, onun Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer olsun. 443.0. Azərbaycan Respublikasının məhkəmələri xarici şəxslərin iştirakı ilə olan həmçinin aşağıdakı işlərə baxmağa haqlıdır: 443.0.1. iş üzrə birgə iddiaçılardan və ya birgə cavabdehlərdən hər hansı birinin Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və yaxud adətən gəldiyi yer olduqda; 443.0.2. xarici şəxslərin idarəçilik orqanı, filialı və ya nümayəndəliyi Azərbaycan Respublikasının ərazisində olduqda.
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri
33. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamə kreditorlar İddiaçı1 şirkəti, “X8 company” şirkəti və borclu “X2 Limited” MMC tərəfindən tam mübahisələndirdiyindən tam yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
34. Məhkəmə apellyasiya şikayətlərinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-811/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
35. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, hazırkı iş üzrə kreditorlar İddiaçı1 Şirkəti və “X8 company” şirkəti xarici hüquqi şəxslər olduğundan hazırkı mübahisə xarici elementli mübahisədir. Qeyd olunan hal ilə kreditorlar tərəfindən mübahisələndirilmədiyindən kollegiya həmin hissədə araşdırma aparmağı zəruri bilmir. İddianın mahiyyəti ilə bağlı kollegiya qeyd edir ki, hüquqi şəxslərin müflis elan edilməsi barədə işlərə baxılarkən məhkəmə tərəfindən borclu hüquqi şəxsin öhdəliklərini icra etməyə qadir olub-olmaması, yəni “Müflisləşmə və iflas haqqında” AR Qanununun 3-cü maddəsinin tələbləri baxımından hüquqi şəxsin müflis elan edilməsi üçün əsasların olubolmaması araşdırılmalıdır. Hazırkı halda borclu şəxsin borclarının ödənilməsi üçün kifayət edəcək aktivlərinin olmamasını təsdiq edəcək mötəbər sübutlar və dəlillər (məsələn, mənfəət vergi bəyannamələri, maliyyə hesabatları və s.) məhkəməyə təqdim edilməmiş, eləcə də sözügedən faktiki hallar məhkəmə araşdırması zamanı müəyyənləşdirilməmişdir. Belə olan halda məhkəmə belə qənaətə gəlir ki, kreditorların iddia tələbinin əsaslı olmasını təsdiq etmək üçün istinad etdiyi sübutlar Cavabdeh MMC-nin öhdəliklərini icra etməyə qadir olmaması, yəni ödəmə qabiliyyətinin olmaması barədə əsaslı nəticəyə gəlmək üçün kifayət etmir.
36. Kreditorların apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə eynilik təşkil etdiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən bu dəlillərin araşdırılmasını və müəyyən edilməsini qeyd edir. Məhkəmə kollegiyası həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, hüquqi şəxsin müflis elan edilməsi və iflas prosedurunun hüquqi nəticələri mülki dövriyyənin sabitliyinə və borclunun kreditoru olduğu digər sahibkarlıq subyektlərinin hüquqlarının pozuntusuna səbəb ola bilər. Ona görə də hüquqi şəxsin müflis elan edilməsi üçün kifayət qədər aydın, təkzibedilməz və mötəbər sübutlar məhkəməyə təqdim edilməlidir. Lakin məhkəmə araşdırması zamanı belə sübutların təqdim edilmədiyi müəyyən edilmişdir. Qeyd olunanlara əsasən qətnamənin ləğvi üçün əsasların olması müəyyən edilmir.
37. Borclunun apellyasiya şikayətinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi qətnaməni prosessual hüquq normalarının pozuntusu olmadan qəbul etmiş, prosessual normalara riayət olunmuş, iddianın baxılmamış saxlanılmasının əsasları hazırkı iş üzrə müəyyən edilməmişdir. Ona görə də apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas ola bilməz.
38. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi işin hallarına uyğundur, apellyasiya şikayətlərində irəli sürülən və formal mülahizələrdən ibarət olan dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
39. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:
Kreditorlar İddiaçı1 Şirkəti və “X8 company” və borclu “X2 Limited” MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-811/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu tərəflərin özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.