Məhkəmə qərarları › İş №2-2(103)-880/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-880/2024

24.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-880/2024 24.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Şirinovun sədrliyi və məruzəsi ilə, İbrahimli İbrahim Adil oğlu və X1 ibarət tərkibdə, Eyvazlı Aytac Rafael qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-920/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 24 iyun 2023-cü il tarixli FB407/23 nömrəli nəqliyyat ekspedisiyası müqaviləsinə əsasən 18.196 ABŞ dolları məbləğində xidmət haqqı və qalıq cərimə məbləği, tələb edilən xidmət haqqına və qalıq cərimə məbləğinə münasibətdə 454,90 ABŞ dolları məbləğində əldən çıxmış fayda və hər ləngidilmiş günə görə hesablanmış 13.647 ABŞ dolları məbləğində cərimə məbləği olmaqla, cəmi 32.297,90 ABŞ dolları məbləğində pul vəsaiti, habelə ödənilmiş 1.500 manat məbləğində hüquqi yardım, 210 manat məbləğində ilkin mediasiya xərci və 50 manat məbləğində dövlət rüsumu Cavabdehndən tutularaq İddiaçı xeyrinə ödənilməsinə dairbarədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-920/2024 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh MMC-dən xx.xx.2023-cü il tarixli FB407/23 saylı nəqliyyat ekspedisiyası müqaviləsi üzrə 3956 ABŞ dolları məbləğində borc, 200 ABŞ dolları məbləğində dəbbə pulu olmaqla cəmi 4156 ABŞ dolları məbləğində pul vəsaiti, ödəniş günü AR Mərkəzi Bankının rəsmi məzənnəsinə əsasən manatla, eləcə də iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinin əvəzi olaraq 30 və dövlət rüsumunun əvəzi olaraq 10, hüquqi yardım xərclərinin əvəzi olaraq 750 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC -yə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

3. İddiaçı MMC apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024cü il tarixli e-2-2(113)-920/2024 nömrəli qətnaməsinin ləğv edilərək, iddia tələbinin tam təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

4. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, Cavabdeh ilə (müştəri) İddiaçı (ekspeditor) arasında bağlanmış 24 iyun 2023-cü il tarixli FB407/23 nömrəli nəqliyyat ekspedisiyası müqaviləsinə əsalanan öhdəlik hüquq münasibətləri yaranmış, ekspeditor həmin müqavilə üzrə öhdəlikləri icra edərək sifarişdə göstərilmiş yükü Potidən Bakıya konteynerlər vasitəsilə daşınmasını təşkil etmiş, müştəri isə göstərdiyi xidmətlərə və xidmətlərin göstərilməsi ilə bağlı çəkdiyi xərclərə görə sifarişə və xidmətlərin göstərilməsi barədə akta uyğun olaraq 41.356 ABŞ dolları (xidmət haqqı 14.140 ABŞ dolları və limandagecikmə, eləcə də digər xərclər 27.216 ABŞ dolları) məbləğində pul vəsaiti ödəməli olduğu halda həmin öhdəliyi tam şəkildə icra etməmiş, ekspeditora ümumilikdə 37.400 ABŞ dolları məbləğində ödəniş etmişdir. Ekspeditor göstərdiyi xidmətlərə və çəkdiyi xərclərə görə qalıq borcun, eləcə də yükün boşaldılması və gömrük rəsmiləşdirilməsi üçün sifarişdə müəyyən edilmiş müddətin (48 saat) müştəri tərəfindən pozulması nəticəsində ona dəymiş zərərin əvəzinin (14.240 ABŞ dolları), cəmi 18.196 ABŞ dolları məbləğində pul vəsaitinin müştəridən tutulmasında tam haqlı olmuş və iddia ərizəsinə əlavə edilmiş sənədlər və müvafiq sorğu vasitəsilə sonradan əldə edilmiş məlumat ilə öz hüquqi təsdiqini tam olaraq tapmışdır. Belə ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən müvafiq vəkil sorğusuna verilmiş 20 iyun 2024-cü il tarixli 22 nömrəli məktubun məzmunundan göründüyü kimi, müvafiq sifariş əsasında Potidən Bakıya gətirilmiş yeddi ədəd konteyner 17 iyul 2023-cü il tarixdə X7 Terminalına daxil olmuş və aşağıdakı tarixlərdə çıxmışdır: -SC084AN nömrəli dartıcıya qoşulmuş WW798V nömrəli treyler üzərində olan CSLU1708830 nömrəli konteynerin çıxış tarixi 28 iyul 2023; - BR707GZ nömrəli dartıcıya qoşulmuş DD124T nömrəli treyler üzərində olan FCİU5763160 nömrəli konteynerin çıxış tarixi 03 avqust 2023; -RA400FO nömrəli dartıcıya qoşulmuş HH740M nömrəli treyler üzərində olan FTAU1618842 nömrəli konteynerin çıxış tarixi 01 avqust 2023; -SC085AN nömrəli dartıcıya qoşulmuş WW835V nömrəli treyler üzərində olan OOLU2944049 nömrəli konteynerin çıxış tarixi 01 avqust 2023; -ER975RE nömrəli dartıcıya qoşulmuş DD662O nömrəli treyler üzərində olan TEMU0093930 nömrəli konteynerin çıxış tarixi 28 iyul 2023; -OC577CC nömrəli dartıcıya qoşulmuş MM749N nömrəli treyler üzərində olan TEMU2789790 nömrəli konteynerin çıxış tarixi 28 iyul 2023; -PP388SP nömrəli dartıcıya qoşulmuş SS459P nömrəli treyler üzərində olan TEMU2829336 nömrəli konteynerin çıxış tarixi 01 avqust 2023. Yükün boşaldılması və gömrük rəsmiləşdirilməsi müddətinin pozulmasına görə cavabdeh şəxs tərəfindən tərəflər arasında imzalanmış sifariş orderində qeyd edildiyi 48 saat azad vaxt müddəti pozulmuş və nəticə etibarilə qeyd edilən hər bir konteyner üzrə müvafiq məbləğdə cərimə hesablanmışdır. Qeyd edilməlidir ki, hər gecikdirilmiş günə görə bir konteyner üzrə avtomobil üçün 100 ABŞ dolları və konteynerin özü üçün 60 ABŞ dolları olmaqla, cəmi 160 ABŞ dolları məbləğində cərimə hesablanır. Belə ki, yuxarıda qeyd edilən ardıcıllıq üzrə birinci konteyner (CSLU1708830) 12 gün ərzində (xx.xx.2023xx.xx.2023) X2muş, həmin müddətin iki günü (48 saat) cavabdeh üçün müvafiq yükün boşaldılması və gömrük rəsmiləşdirilməsi üçün müəyyən edildiyindən qalan 10 gün cavabdeh şəxsin təqsiri ucbatından cərimə məbləği hesablanmışdır ki, bu da 1.600 ABŞ dolları məbləğindədir (10 gün x 160 ABŞ dolları = 1.600 ABŞ dolları). İkinci konteyner (FCİU5763160) 18 gün ərzində (xx.xx.2023-xx.xx.2023) X2muş, həmin müddətin iki günü (48 saat) cavabdeh üçün müvafiq yükün boşaldılması və gömrük rəsmiləşdirilməsi üçün müəyyən edildiyindən qalan 16 gün cavabdeh şəxsin təqsiri ucbatından cərimə məbləği hesablanmışdır ki, bu da 2.560 ABŞ dolları məbləğindədir (16 gün x 160 ABŞ dolları = 2.560 ABŞ dolları). Üçüncü konteyner (FTAU1618842) 16 gün ərzində (xx.xx.2023xx.xx.2023) X2muş, həmin müddətin iki günü (48 saat) cavabdeh üçün müvafiq yükün boşaldılması və gömrük rəsmiləşdirilməsi üçün müəyyən edildiyindən qalan 14 gün cavabdeh şəxsin təqsiri ucbatından cərimə məbləği hesablanmışdır ki, bu da 2.240 ABŞ dolları məbləğindədir (14 gün x 160 ABŞ dolları = 2.240 ABŞ dolları). Dördüncü konteyner (OOLU2944049) 16 gün ərzində (xx.xx.2023-xx.xx.2023) X2muş, həmin müddətin iki günü (48 saat) cavabdeh üçün müvafiq yükün boşaldılması və gömrük rəsmiləşdirilməsi üçün müəyyən edildiyindən qalan 14 gün cavabdeh şəxsin təqsiri ucbatından cərimə məbləği hesablanmışdır ki, bu da 2.240 ABŞ dolları məbləğindədir (14 gün x 160 ABŞ dolları = 2.240 ABŞ dolları). Beşinci konteyner (TEMU0093930) 12 gün ərzində (xx.xx.2023-xx.xx.2023) X2muş, həmin müddətin iki günü (48 saat) cavabdeh üçün müvafiq yükün boşaldılması və gömrük rəsmiləşdirilməsi üçün müəyyən edildiyindən qalan 10 gün cavabdeh şəxsin təqsiri ucbatından cərimə məbləği hesablanmışdır ki, bu da 1.600 ABŞ dolları məbləğindədir (10 gün x 160 ABŞ dolları = 1.600 ABŞ dolları). Altıncı konteyner (TEMU2789790) 12 gün ərzində (xx.xx.2023xx.xx.2023) X2muş, həmin müddətin iki günü (48 saat) cavabdeh üçün müvafiq yükün boşaldılması və gömrük rəsmiləşdirilməsi üçün müəyyən edildiyindən qalan 10 gün cavabdeh şəxsin təqsiri ucbatından cərimə məbləği hesablanmışdır ki, bu da 1.600 ABŞ dolları məbləğindədir (10 gün x 160 ABŞ dolları = 1.600 ABŞ dolları). Yeddinci konteyner (TEMU2829336) 16 gün ərzində (xx.xx.2023-xx.xx.2023) X2muş, həmin müddətin iki günü (48 saat) cavabdeh üçün müvafiq yükün boşaldılması və gömrük rəsmiləşdirilməsi üçün müəyyən edildiyindən qalan 14 gün cavabdeh şəxsin təqsiri ucbatından cərimə məbləği hesablanmışdır ki, bu da 2.240 ABŞ dolları məbləğindədir (14 gün x 160 ABŞ dolları = 2.240 ABŞ dolları). Göründüyü kimi, cavabdehin gecikdirməyə yol verməsi nəticəsində daşınmanı həyata keçirmiş M.G.Logistic LTD şirkəti tərəfindən iddiaçı şəxsə 14.240 ABŞ dolları məbləğində cərimə sanksiyaları hesablanmışdır ki, yuxarıda qeyd edilən məlumat ilə həmin məbləğləri təsdiq edən və məhkəməyə təqdim edilən invoyslar bir-birini yekun məbləğ olaraq tamamlayır. Lakin bütün bu sübutlara baxmayaraq, həmin cərimələrin məhz cavabdeh şəxsin müqavilə öhdəliklərinin pozuntusuna yol verməsi (gömrük rəsmiləşdirilməsi və yüklərin boşaldılması müddətini pozması) nəticəsində tətbiq edilməsinin sübuta yetməməsini əsas götürərək, sadə hesablama ilə cavabdehin ödəməli olduğu 41.356 ABŞ dolları məbləğindən onun ödədiyi 37.400 ABŞ dolları hissəsini çıxmaqla, əmələ gələn 3.956 ABŞ dolları hissəsinin cavabdeh şəxsdən tutulması ilə kifayətlənmişdir. Lakin təəssüflər olsun ki, həqiqəti bütünlüklə əks etdirən belə bir məqam məhkəmə tərəfindən qətnamə qəbul edilərkən nəzərə alınmamışdır. Cavabdeh tərəfindən borcun ödənilməsinin gecikdirilməsinə görə 13.647 ABŞ dolları məbləğində dəbbə pulunun cavabdeh şəxsdən tutulması hissəsinə məhkəmə qət edilmiş əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləği azaldaraq cavabdehdən tutulacaq dəbbə pulu məbləğini 68 dəfə azaldaraq, 200 ABŞ dolları məbləğində müəyyən etməkdə haqlı olmamışdır. Hesab edir ki, qət edilmiş əsas məbləğin heç bir hüquqi tutarlı söykənəcəyi olmadığından, ona nisbətdə tutulan və məbləğin heç bir hüquqi norma ilə əsaslandırmayan məhkəmənin dəbbə pulu hissəsi ilə bağlı gəldiyi qənaət də əsassızdır və tələb olunan dəbbə pulu iddia ərizəsi üzrə əlavə edilmiş müqaviləyə əsasən hesablanmış 13.647 ABŞ dolları məbləğində dəbbə pulu cavabdeh şəxsdən tutulmalıdır. Eyni zamanda, tərəflər arasında bağlanmış 24 iyun 2023-cü il tarixli FB407/23 nömrəli Nəqliyyat ekspedisiyası müqaviləsinin: 3.3.10.Ekspeditor tərəfindən göstərilmiş xidmətlərin dəyərinin, həmçinin hazırkı Müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərin lazımi qaydada icra edilməməsi ilə bağlı hesablanmış cərimə sanksiyalarının gecikdirmədən ekspeditora ödənilməsini təmin etmək müştərinin vəzifəsidir; 5.14.Xidmət dəyərinin, həmçinin bu müqavilənin icrası üçün ekspeditor tərəfindən çəkilmiş xərclərin ödənişi üzrə öhdəliklərin müştəri tərəfindən icrasının ləngidilməsi halında, Müştəri hər ləngidilmiş günə görə Ekspeditora ödənilməmiş məbləğin 0,5% həcmində cəriməni ödəyir. Göründüyü kimi, xidmət dəyərinin və qalıq cərimə məbləğinin cavabdeh tərəfindən ləngidildiyi günlərin sayı 150 (bir yüz əlli) gün olduğundan (beş ay) və hər ləngidilmiş günə görə ödənilməmiş məbləğin 0,5% həcmində cərimə məbləği müvafiq müqavilə ilə nəzərdə tutulduğundan, hesablanmış 13.647 (on üç min altı yüz qırx yeddi) ABŞ dolları məbləğində cərimə məbləği (18.196$ (borc məbləği) x 0,5% (hər ləngidilmiş günə görə cərimə faizi) x 150 gün (müddət-5 ay) = 13.647$) cavabdehdən iddiaçı şəxsin xeyrinə tutulmalıdır. Öhdəliyin icrasının gecikdirilməsinə görə illik 5%-lə pul vəsaitinin tutulması tələbinə münasibətdə məhkəmə həmin hissəni rədd etmişdir. Belə ki, nəzərdə tutulmuş faizlər pul öhdəliyinin icrasının gecikdirilməsinə görə tətbiq edildiyindən sanksiya xarakterinə malikdir. Həmin faizlər kreditorun pozulmuş hüquqlarını bərpa etmək, kreditorun ödənilməsinin gecikdirildiyi pul vəsaitindən istifadə etdiyi halda adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəliri (əldən çıxmış faydanı) kompensasiya etmək məqsədi daşıyır. Beləliklə, nəzərdə tutulan faizlər pozuntuya yol verilmiş şəxsi cəzalandırmaq məqsədilə tətbiq edilən cərimə xarakterli sanksiyalarla (məsələn, dəbbə pulu) yanaşı tətbiq edilməsi istisna olunmur və həmin sanksiyaların eyni zamanda tətbiqi ikiqat məsuliyyətə səbəb olmur. Göründüyü kimi, gecikdirilmiş vaxt yarım ilə yaxın bir müddət olduğundan və tələb edilən xidmət haqqına və cərimə məbləğinə münasibətdə 454,90 (dödr yüz əlli dörd dollar doxsan sent) ABŞ dolları olduğundan (18.196 $ (borc məbləği) x 0,5 (müddət) x 5% (gecikdirilmiş vaxt üçün illik faiz) = 454,90$), qeyd edilən məbləğin əldən çıxmış fayda qismində cavabdeh şəxsdən iddiaçının xeyrinə tutulmalıdır. Vəkil yardımına görə çəkilmiş xərclərin tutulması tələbi ilə bağlı məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinin tələblərini nəzərə alaraq, vəkil yardımına xərclərə görə cavabdehdən 750 manat məbləğində pul tutulmasını ümumi sözlərlə ağlabatan hesab edərək, iddia tələbi həmin hissədə yarıbarı azaldılaraq qismən təmin edilmişdir. Halbuki, müvafiq vəkil yardımı ilə bağlı iddiaçı şəxs tərəfindən 1.500 manat məbləğində pul vəsaiti büronun hesabına köçürülmüş və bunu təsdiq edən qəbz iş materiallarına əlavə edilmişdir. Lakin buna baxmayaraq, məhkəmə əsas məbləği əsassız olaraq primitiv formada hesablamaqla qismən təmin etdiyindən, iddia tələbinin bütün digər hissələrinə bu qaydada şablon formada yanaşaraq qismən təmin etməklə kifayətlənmişdir. Göründüyü kimi, iddiaçı şəxs tərəfindən müvafiq vəkil bürosu ilə bağladığı hüquqi yardımın göstərilməsinə dair müqaviləyə əsasən 1.500 (bir min beş yüz) manat məbləğində ödədiyi pul vəsaiti üzrə təsdiqləyici qəbz iş materiallarına əlavə edildiyindən, vəkilin göstərdiyi yardıma görə xərc qismində cavabdehdən iddiaçı şəxsin xeyrinə qeyd edilən məbləğ bütöv olaraq tutulmalıdır. Məhkəmə xərclərinə gəldikdə isə məhkəmə özünün çıxardığı qətnamədə qeyd edir ki, hazırkı iş üzrə 210 manat məbləğində müdiasiya xərcləri ilə yanaşı 50 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan da göründüyü kimi, hazırkı iddia tələbi üzrə dövlət rüsumunun məbləği 255 manat təşkil edir. Hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən məhkəmə əsassız olaraq belə hesab etmişdir ki, 260 manat məbləğində mediasiya və dövlət rüsumu ödəyən iddiaçı şəxsin müvafiq xərcləri qismən təmin edilərək, 4,5 dəfə azaldılmalı və yalnız 40 manat ilə əvəzləşdirilməli, iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinin əvəzi olaraq 30 manat və dövlət rüsumunun əvəzi olaraq 10 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Halbuki, ümumi iddia qiyməti 10.000 (on min) manatdan yuxarı olduğundan (əsas məbləğ - 18.196$, əldən çıxmış fayda - 454,90$ və cərimə - 13.647$ olmaqla, cəmi 32.297,90$ x 1,70 manat = 54.906,43 manat + mediasiya - 210 manat + hüquqi yardım - 1.500 manat = 56.616,43 (əlli altı min altı yüz on altı manat qırx üç qəpik) manat) 120 manat + 140 manat (56.616,43 - 10.000 = 46.616,43 x 0,3% = 140 manat) = 260 – 210 (mediasiya xərci) = 50 (əlli) manat məbləğində ödənilmiş dövlət rüsumu da cavabdehdən iddiaçı şəxsin xeyrinə tutulmalıdır. Məhkəmə işin hərtərəfli araşdırılmasını təmin etməmişdir. Belə ki, məhkəmə verdiyi sorğuya cavabı belə üç ay müddətində ala bilməməsinə baxmayaraq, sayca səkkizinci iclasda iştirak edən cavabdehin nümayəndəsinin heç bir tutarlı əsası olmayan izahatını rəhbər tutaraq onlarla texniki və qrammatik səhvlərlə dolu olan qətnamənin bir-neçə xırda abzasdan ibarət olan əsaslandırmasında istinad etdiyi müvafiq maddələri qeyd etsə də, onlara izahlı şəkildə yanaşmamış və bununla da ziddiyyətli məqamların olmasına baxmayaraq, cavabdehin nümayəndəsinin yarım ildən artıq bir məhkəmə araşdırmasında yalnız sonuncu iclasda (sayca səkkizinci) gəlmiş olduğu mövqeyi təkrarlamış və demək olar ki, heç bir araşdırma aparmadan (iş materiallarını öyrənmədən, verdiyi sorğuya cavab almadan, cavabdeh şəxsdən təsdiqləyici sənədləri tələb etmədən və s.) əsassız və tutarsız bir qənaətə gəlməklə qanunsuz bir qətnamə çıxarmaqla kifayətlənmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

5. Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı etiraz daxil olmuşdur.

6. Etiraz belə əsaslandırılmışdır ki, məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilmir. Belə ki, vergi cinayətlərində iş olduğundan ora çağırılıb. İddiaçının apellyasiya şikayəti verərkən təqdim etdiyi sənəd özü saxtadır və iddiaçının özünün dediyi ilə həmin şirkətin xx.xx.2023-cü il tarixdə yazdıqlarında tam ziddiyət vardır. İddiaçı tərəfindən təqdim edilən Ramal Trans LTD MMC-nin xx.xx.2023-cü il tarixli məktubuna əsasən Bakı gömrük terminalına SC084AN nömrəli dartıcı xx.xx.2023 tarixdə 12:52-də daxil olmuş və xx.xx.2023-də 16:10-da terminaldan çıxmışdır. Bu da göstərir ki, həmin yük daşıyan şirkətin dediyi kimi mallar gecikmədən boşaldılmışdır. Faktiki olaraq mallar bir neçə gün gecikmə ilə boşaldılmış və iddiaçının texnikaları yola salınmışdır. Lakin apellyasiya şikayəti verərkən isə yeni sənəd təqdim edilərlər ki, guya həmin dartıcı xx.xx.2023-də daxil olmuş və xx.xx.2023-də çıxmışdır. Ramal Trans LTD MMC-nin xx.xx.2023-cü il tarixli məktubu ilə sonuncu xx.xx.2024-cü il tarixli məktubu arasında ziddiyət açıq aşkar görünməkdədir. Bundan əlavə iddiaçı özü qeyd edir ki, işlərin görülməsinə dair xx.xx.2023-cü il tarixdə akt tərtib olunmuş və işlər təhvil təslim edilmişdir. Lakin burdan sənəd təqdim edir ki, guya işlər xx.xx.2023-xx.xx.2023 tarixlərində yekunlaşıb. Bunlar hamısı dəlalət edir ki, iddiaçının təqdim etdiyi sənədlər saxtadır və borcu şişirtmək üçün atdığı addımdır. Yuxarıda qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməməsini xahiş edir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

7. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etmişdir.

8. Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

9. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-21.2-ci maddələrinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

10. Həmin Məcəllənin 385.1, 442, 443.1, 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

11. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

12. Həmin Məcəllənin 443.7-ci maddəsinə görə əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur.

13. Həmin Məcəllənin 850.1-ci maddəsinə görə yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür.

14. Həmin Məcəllənin 850.2-ci maddəsinə görə əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, yük daşınması müqaviləsinə tapşırıq haqqında göstərişlər tətbiq edilir.

15. Həmin Məcəllənin 852.1-ci maddəsinə görə ekspeditor üçüncü şəxslər (daşıyıcılar) vasitəsilə yüklərin ilkin yerindən təyinat yerinə daşınmasını öz adından, lakin yük göndərənin hesabına təşkil edən şəxsdir.

16. Həmin Məcəllənin 852.3-cü maddəsinə görə ekspeditor yük göndərənin göstərişlərinə əməl etməlidir. O, daşıyıcıları öz məsuliyyəti ilə seçir. Əgər ekspeditor daşımanı tamamilə və ya qismən özü həyata keçirirsə, daşıyıcının hüquq və vəzifələrinə malik olur. Əgər bir neçə yük göndərinin əşyalarının aralıq və son təyinat yerləri eynidirsə, ekspeditor bu əşyaları qruplaşdıraraq yığma nəqliyyat təşkil edə bilər. Bütün hallarda o, yük göndərənin mənafelərini qorumalı və göstərişlərinə əməl etməlidir. O, qarşıya çıxan bütün çətinliklər barəsində yük göndərənə məlumat verməlidir.

17. Həmin Məcəllənin 852.4-cü maddəsinə görə ekspeditorun öz xidmətləri üçün muzd almaq və yük göndərən üçün çəkdiyi xərclərin əvəzinin ödənilməsi hüququ vardır.

18. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

19. Həmin Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

20. Həmin Məcəllənin 466.1-ci maddəsinə görə əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün dəbbə pulu müəyyənləşdirilmişsə, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzi ödənilir.

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

22. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərinin qətnamənin ləğv edilməsinə yönəldiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslılığı tam yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşaraq onlara münasibətdə aşağıdakıları qeyd edir.

25. İşin faktiki halları ondan ibarətdir ki, Cavabdeh MMC ilə (müştəri) İddiaçı MMC (ekspeditor) arasında xx.xx.2023-cü il tarixli FB407/23 saylı nəqliyyat ekspedisiyası müqaviləsinə əsaslanan yük daşıma üzrə öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı MMC həmin müqavilə üzrə öhdəlikləri icra edərək sifarişdə göstərilmiş yükü Potidən Bakıya konteynerlər vasitəsilə daşınmasını təşkil etmişdir. Cavabdeh isə iddiaçının göstərdiyi xidmətlərə və xidmətlərin göstərilməsi ilə bağlı çəkdiyi xərclərə görə sifarişə və xidmətlərin göstərilməsi barədə akta uyğun olaraq 41.356 ABŞ dolları (xidmət haqqı 14.140 ABŞ dolları və limanda gecikmə, eləcə də digər xərclər 27.216 ABŞ dolları) məbləğində pul vəsaiti ödəməli olduğu halda həmin öhdəliyi tam şəkildə icra etməmiş, iddiaçıya ümumilikdə 37.400 ABŞ dolları məbləğində ödəniş etmişdir.

26. Qeyd edilənlər müqavilələr, müqaviləyə əlavələr, akt və digər sübutlarla təsdiq edilmişdir.

27. Hazırda İddiaçı MMC göstərdiyi xidmətlərə və çəkdiyi xərclərə görə qalıq borcu (41.356- 37.400=3956 ABŞ dolları), yükün boşaldılması və gömrük rəsmiləşdirilməsi üçün sifarişdə müəyyən edilmiş müddətin (48 saat) cavabdeh tərəfindən pozulması nəticəsində ona dəymiş zərərin əvəzini (14240 ABŞ dolları), tələb edilən xidmət haqqına və qalıq cərimə məbləğinə münasibətdə 454,90 ABŞ dolları məbləğində əldən çıxmış fayda və hər ləngidilmiş günə görə hesablanmış 13.647 ABŞ dolları məbləğində cərimə məbləği olmaqla, cəmi 32.297,90 ABŞ dolları məbləğində pul vəsaitini, habelə ödənilmiş 1.500 manat məbləğində hüquqi yardım xərcini cavabdehdən tələb edir.

28. İddiaçı MMC-nin göstərdiyi xidmətlərə və çəkdiyi xərclərə görə qalıq borcu 3956 ABŞ dolları məbləğini tələb etməsi işin mübahisəsiz halı olduğundan iddia həmin hissədə əsaslıdır.

29. İddia tələbinin digər hissəsi yükün boşaldılması və gömrük rəsmiləşdirilməsi üçün sifarişdə müəyyən edilmiş müddətin (48 saat) cavabdeh tərəfindən pozulması nəticəsində iddiaçıya dəymiş zərərin əvəzinin (14240 ABŞ dolları) ödənilməsidir.

30. Yükün boşaldılması və gömrük rəsmiləşdirilməsi müddətinin pozulmasına görə dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə münasibətdə qeyd edilməlidir ki, iddiaçı həmin hissədə iddia tələbini sifarişdə cavabdeh tərəfindən yükün boşaldılması və gömrük rəsmiləşdirilməsinin 48 saat ərzində aparılmalı olması razılaşdırıldığı halda cavabdehin gecikdirməyə yol verməsi, nəticədə daşımanı həyata keçirmiş M.G.Logistic LTD şirkəti tərəfindən iddiaçıya 14.240 manat məbləğində cərimə sanksiyalarının tətbiq edilməsi ilə əsaslandırmışdır.

31. M.G.Logistic LTD şirkəti ilə (daşıyıcı) İddiaçı MMC (müştəri) arasında xx.xx.2023-cü il tarixli A67/20 saylı yüklərin daşınması haqqında müqavilə bağlanmışdır. İddiaçı həmin müqaviləni cavabdehlə bağlanmış müqavilənin icrası məqsədilə bağlamışdır.

32. Tərəflər arasında bağlanmış müqavilənin 3.3.7-ci bəndinə əsasən yük alan tərəfindən yükü vaxtında qəbulunu və yükün sifarişdə nəzərdə tutulmuş təyinat nəqtəsinə gəlməsi anından başlayaraq, sifarişdə göstərilmiş müddət ərzində nəqliyyat vasitələrinin boşaldılmasını təmin etmək müştərinin vəzifələrinə daxildir.

33. Həmin müqavilənin 3.3.10-cu bəndinə əsasən ekspeditor tərəfindən göstərilmiş xidmətlərin dəyərinin, həmçinin hazırkı Müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərin lazımi qaydada icra edilməməsi ilə bağlı hesablanmış cərimə sanksiyalarının gecikdirmədən ekspeditora ödənilməsini təmin etmək müştərinin vəzifəsidir.

34. Göstərilən tələblə bağlı məhkəmə qeyd etmişdir ki, iddiaçı konteynerlərin Potiyə qaytarılması müddətinin pozulması ilə bağlı MG Logistic şirkəti tərəfindən ona cərimələr tətbiq edilməsini təsdiq edən invoysları məhkəməyə təqdim etsə də, həmin cərimələrin məhz İddiaçı MMC-nin müqavilə öhdəliklərinin pozuntusuna yol verməsi (gömrük rəsmiləşdirilməsi və yüklərin boşaldılması müddətini pozması) nəticəsində tətbiq edilməsini sübuta yetirə bilməmişdir. Məhkəmə müvafiq sorğunu BakıBaş Gömrük İdarəsinə göndərmiş, lakin cavab almamış işi yekunlaşdırmışdır.

35. İddiaçı tərəfindən apellyasiya icraatı zamanı təqdim edilən və MG Logistic şirkətinin verdiyi xx.xx.2024-cü il tarixli məktubda göstərilmişdir ki, 7 ədəd konteynerlərin müəyyən edilmiş 48 saatlıq sərbəst vaxtdan sonra müştəri Cavabdeh MMC tərəfindən təxirə salındığından, daşıma xəttindən əlavə olaraq hər bir konteyner üçün 60 (altmış) ABŞ dolları tutulacaq və 100 (yüz) ABŞ dolları (yük maşını üçün) cərimə hesablanacaqdır. xx.xx.2023-cü il tarixli bu məbləğlərin qeyd edildiyi yeddi hesab-faktura sizə təqdim edilmişdir. Kollegiya qəbul edilənlik şərtinə riayət edildiyi üçün bu məktubu sübut kimi qəbul edir. Belə ki, iddiaçının nümayəndəsi və məhkəmə sorğular göndərmiş, lakin cavab məktubları alınmamışdır. Həmin məlumat qətnamədən sonra əldə edilmişdir.

36. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən müvafiq vəkil sorğusuna verilmiş 20 iyun 2024-cü il tarixli 22 nömrəli məktubun məzmunundan göründüyü kimi, müvafiq sifariş əsasında Potidən Bakıya gətirilmiş yeddi ədəd konteyner 17 iyul 2023-cü il tarixdə X7 Terminalına daxil olmuş və aşağıdakı tarixlərdə çıxmışdır: -SC084AN nömrəli dartıcıya qoşulmuş WW798V nömrəli treyler üzərində olan CSLU1708830 nömrəli konteynerin çıxış tarixi 28 iyul 2023; -BR707GZ nömrəli dartıcıya qoşulmuş DD124T nömrəli treyler üzərində olan FCİU5763160 nömrəli konteynerin çıxış tarixi 03 avqust 2023; -RA400FO nömrəli dartıcıya qoşulmuş HH740M nömrəli treyler üzərində olan FTAU1618842 nömrəli konteynerin çıxış tarixi 01 avqust 2023; -SC085AN nömrəli dartıcıya qoşulmuş WW835V nömrəli treyler üzərində olan OOLU2944049 nömrəli konteynerin çıxış tarixi 01 avqust 2023; -ER975RE nömrəli dartıcıya qoşulmuş DD662O nömrəli treyler üzərində olan TEMU0093930 nömrəli konteynerin çıxış tarixi 28 iyul 2023; -OC577CC nömrəli dartıcıya qoşulmuş MM749N nömrəli treyler üzərində olan TEMU2789790 nömrəli konteynerin çıxış tarixi 28 iyul 2023; -PP388SP nömrəli dartıcıya qoşulmuş SS459P nömrəli treyler üzərində olan TEMU2829336 nömrəli konteynerin çıxış tarixi 01 avqust 2023.

37. Yükün boşaldılması və gömrük rəsmiləşdirilməsi müddətinin pozulmasına görə cavabdeh tərəfindən tərəflər arasında imzalanmış sifariş orderində qeyd edildiyi 48 saat azad vaxt müddəti pozulmuş və nəticə etibarilə qeyd edilən hər bir konteyner üzrə müvafiq məbləğdə cərimə hesablanmışdır.

38. Qeyd edilməlidir ki, hər gecikdirilmiş günə görə bir konteyner üzrə avtomobil üçün 100 ABŞ dolları və konteynerin özü üçün 60 ABŞ dolları olmaqla, cəmi 160 ABŞ dolları məbləğində cərimə hesablanır. Belə ki, yuxarıda qeyd edilən ardıcıllıq üzrə birinci konteyner (CSLU1708830) 12 gün ərzində (xx.xx.2023-xx.xx.2023) X2muş, həmin müddətin iki günü (48 saat) cavabdeh üçün müvafiq yükün boşaldılması və gömrük rəsmiləşdirilməsi üçün müəyyən edildiyindən qalan 10 gün cavabdeh şəxsin təqsiri üzündən cərimə məbləği hesablanmışdır ki, bu da 1.600 ABŞ dolları məbləğindədir (10 gün x 160 ABŞ dolları = 1.600 ABŞ dolları). İkinci konteyner (FCİU5763160) 18 gün ərzində (xx.xx.2023-xx.xx.2023) X2muş, həmin müddətin iki günü (48 saat) cavabdeh üçün müvafiq yükün boşaldılması və gömrük rəsmiləşdirilməsi üçün müəyyən edildiyindən qalan 16 gün cavabdeh şəxsin təqsiri üzündən cərimə məbləği hesablanmışdır ki, bu da 2.560 ABŞ dolları məbləğindədir (16 gün x 160 ABŞ dolları = 2.560 ABŞ dolları). Üçüncü konteyner (FTAU1618842) 16 gün ərzində (xx.xx.2023xx.xx.2023) X2muş, həmin müddətin iki günü (48 saat) cavabdeh üçün müvafiq yükün boşaldılması və gömrük rəsmiləşdirilməsi üçün müəyyən edildiyindən qalan 14 gün cavabdeh şəxsin təqsiri üzündən cərimə məbləği hesablanmışdır ki, bu da 2.240 ABŞ dolları məbləğindədir (14 gün x 160 ABŞ dolları = 2.240 ABŞ dolları). Dördüncü konteyner (OOLU2944049) 16 gün ərzində (xx.xx.2023-xx.xx.2023) X2muş, həmin müddətin iki günü (48 saat) cavabdeh üçün müvafiq yükün boşaldılması və gömrük rəsmiləşdirilməsi üçün müəyyən edildiyindən qalan 14 gün cavabdeh şəxsin təqsiri üzündən cərimə məbləği hesablanmışdır ki, bu da 2.240 ABŞ dolları məbləğindədir (14 gün x 160 ABŞ dolları = 2.240 ABŞ dolları). Beşinci konteyner (TEMU0093930) 12 gün ərzində (xx.xx.2023-xx.xx.2023) X2muş, həmin müddətin iki günü (48 saat) cavabdeh üçün müvafiq yükün boşaldılması və gömrük rəsmiləşdirilməsi üçün müəyyən edildiyindən qalan 10 gün cavabdeh şəxsin təqsiri üzündən cərimə məbləği hesablanmışdır ki, bu da 1.600 ABŞ dolları məbləğindədir (10 gün x 160 ABŞ dolları = 1.600 ABŞ dolları). Altıncı konteyner (TEMU2789790) 12 gün ərzində (xx.xx.2023xx.xx.2023) X2muş, həmin müddətin iki günü (48 saat) cavabdeh üçün müvafiq yükün boşaldılması və gömrük rəsmiləşdirilməsi üçün müəyyən edildiyindən qalan 10 gün cavabdeh şəxsin təqsiri üzündən cərimə məbləği hesablanmışdır ki, bu da 1.600 ABŞ dolları məbləğindədir (10 gün x 160 ABŞ dolları = 1.600 ABŞ dolları). Yeddinci konteyner (TEMU2829336) 16 gün ərzində (xx.xx.2023-xx.xx.2023) X2muş, həmin müddətin iki günü (48 saat) cavabdeh üçün müvafiq yükün boşaldılması və gömrük rəsmiləşdirilməsi üçün müəyyən edildiyindən qalan 14 gün cavabdeh şəxsin təqsiri üzündən cərimə məbləği hesablanmışdır ki, bu da 2.240 ABŞ dolları məbləğindədir (14 gün x 160 ABŞ dolları = 2.240 ABŞ dolları).

39. Göründüyü kimi, cavabdehin gecikdirməyə yol verməsi nəticəsində daşımanı həyata keçirmiş M.G.Logistic LTD şirkəti tərəfindən iddiaçıya 14.240 ABŞ dolları məbləğində cərimə sanksiyaları hesablanmışdır ki, yuxarıda qeyd edilənlər ilə həmin məbləğləri təsdiq edən və məhkəməyə təqdim edilən invoyslar bir-birini yekun məbləğ olaraq tamamlayır.

40. Tərəflər arasında bağlanmış müqavilədən göründüyü kimi yükün sifarişdə nəzərdə tutulmuş təyinat nəqtəsinə gəlməsi anından başlayaraq, sifarişdə göstərilmiş müddət ərzində nəqliyyat vasitələrinin boşaldılmasını təmin etmək, öhdəliyi icra etmədiyi təqdirdə cərimə ödəmək cavabdehin vəzifəsidir. Lakin işdə olan sübutlar cavabdehin bu vəzifəsini yerinə yetirmədiyi üçün iddiaçının 14.240 ABŞ dolları məbləğində cərimə edilərək zərərə düşməsini təsdiq edir. Odur ki, kollegiya hesab edir ki, cavabdehin həmin məbləği iddiaçıya ödəməsi barədə tələb haqlı və əsaslıdır.

41. İddiaçının digər iddia tələbi xidmət haqqına və qalıq cərimə məbləğinə münasibətdə 454,90 ABŞ dolları məbləğində əldən çıxmış fayda ilə bağlıdır. Məhkəmə yanlış olaraq Mülki Məcəllənin 445.7-ci maddəsini həmin tələbə münasibətdə tətbiq etmişdir.

42. Əldə çıxmış fayda zərərin formalarından biridir. Mülki Məcəllənin 443.4-cü maddəsinə əsasən əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır.

43. Qeyd edilməlidir ki, əldən çıxmış fayda formasında maddi zərərin tutulması tələbinə dair işlərə baxılarkən məhkəmə tərəfindən cavabdehin hüquqazidd əməlləri nəticəsində iddiaçının hüquqlarının pozulması, əldən çıxmış faydanın mövcudluğu faktı və məbləği, eləcə də cavabdehin hüquqazidd əməlləri ilə əldə çıxmış faydanın yaranması arasında səbəbli əlaqənin mövcudluğu müəyyən edilməlidir. Bu zaman iddiaçı onun əldən çıxmış faydanı əldə etməsi üçün zəruri olan bütün hərəkətləri etdiyini, lakin cavabdehin hüquqazidd əməllərinin həmin faydanı əldə etməyə mane olduğunu sübuta yetirməlidir. Göstərilən müddəaların məzmunundan da göründüyü kimi əldən çıxmış fayda dedikdə zərərin əvəzinin ödənilməsini tələb edən şəxsin hüquqları pozulmadığı halda adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər başa düşülür. Əldən çıxmış faydanın tutulması barədə iddialara baxılarkən iddiaçı tərəfindən həmin faydanı əldə etmək üçün görülmüş tədbirlər və bu məqsədlə aparılmış hazırlıq işləri nəzərə alınmalıdır. İş materiallarından isə görünür ki, hazırkı işdə iddiaçı hüquqları pozulmadığı təqdirdə adi mülki dövriyyə şəraitində gəlir əldə biləcəyini, bunun üçün tədbirlər görməsini və bu məqsədlə hazırlıq işləri aparmasını sübuta yetirə bilməmişdir. Odur ki, 454,90 ABŞ dolları məbləğində əldən çıxmış fayda ilə bağlı tələb təmin edilə bilməz.

44. İddiaçının hər ləngidilmiş günə görə hesablanmış 13.647 ABŞ dolları məbləğində cərimənin cavabdeh tərəfindən ödənilməsi barədə tələbi qismən əsaslıdır.

45. Mülki Məcəllənin 462.1 və 467-ci maddələrinin mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır.

46. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 iyul 2021-ci il tarixli Qərar).

47. İş materialları ilə müəyyən olunur ki, borcun və cərimənin lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuşdur. Cavabdehin müqavilə üzrə xidmət haqqının çox hissəsini ödəməsi, iddiaçının həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini, o cümlədən yuxarıda qeyd edilən halları nəzərə alaraq kollegiya hesab edir ki, dəbbə pulunun məbləği tənasübsüz surətdə yüksək olduğundan azaldılmalı və dəbbə məbləği 1000 ABŞ dolları həddində müəyyən edilməlidir. Bu məbləğ ağlabatan və ədalətlidir.

48. Vəkil yardımına görə çəkilmiş xərclərin tutulması tələbi ilə bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinin tələblərini nəzərə alaraq, hesab edir ki, məhkəmə vəkil yardımına xərclərə görə cavabdehdən 750 manat məbləğində pul tutulması nəticəsinə gələrkən nəyə görə qismən tutulmasını əsaslandırmamışdır. Halbuki, müvafiq vəkil yardımı ilə bağlı iddiaçı şəxs tərəfindən 1.500 manat məbləğində pul vəsaiti büronun hesabına köçürülmüş və bunu təsdiq edən qəbz iş materiallarına əlavə edilmişdir. Göründüyü kimi, iddiaçı şəxs tərəfindən müvafiq vəkil bürosu ilə bağladığı hüquqi yardımın göstərilməsinə dair müqaviləyə əsasən 1.500 (bir min beş yüz) manat məbləğində ödədiyi pul vəsaiti üzrə təsdiqləyici qəbz iş materiallarına əlavə edildiyindən, vəkilin göstərdiyi yardıma görə xərc qismində cavabdehdən iddiaçı şəxsin xeyrinə qeyd edilən məbləğ bütöv olaraq tutulmalıdır.

49. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün müəyyən etməmiş, nəticədə qeyd edilən işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmişdir.

50. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

51. Beləliklə, kollegiya qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddia tələbləri qismən edilməli, İddiaçı MMC-nin göstərdiyi xidmətlərə və çəkdiyi xərclərə görə qalıq borcu 3956 ABŞ dolları, yükün boşaldılması və gömrük rəsmiləşdirilməsi üçün sifarişdə müəyyən edilmiş müddətin (48 saat) cavabdeh tərəfindən pozulması nəticəsində ona dəymiş zərərin əvəzi olaraq 14240 ABŞ dolları, hər ləngidilmiş günə görə hesablanmış 1000 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 19196 ABŞ dolları məbləğində pul vəsaiti, habelə ödənilmiş 1.500 manat məbləğində hüquqi yardım xərci cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməli, iddia qalan hissələrdə təmin edilməməlidir.

52. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 385.1.1, 385.1.4, 388, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

İddiaçı MMC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-920/2024 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbləri qismən təmin edilsin. Cavabdeh MMC-dən 18196 ABŞ dolları, 1000 ABŞ dolları (ödəniş gününə uyğun məzənnə üzrə) və 1500 manat pul vəsaiti tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Mediasiya xərci 210 manat və iddiaçının ödədiyi 50 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumü iddiaçıya aid edilsin. İddia qalan hissələrdə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar