Məhkəmə qərarları › İş №2-2(103)-883/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-883/2025

05.08.2025 · Sair işlər - Korporativ mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-883/2025 05.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (məruzəçi), Mərdanova Xumar Afət qızı və X1 ibarət tərkibdə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı “protokolun ləğv edilməsi və vurulmuş ziyanın ödənilməsi tələbinə dair” Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-2(113)-5329/2025 nömrəli qərardadından iddiaçıların şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 və qeyrilərinə “protokolun ləğv edilməsi və sairə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MTKnın üzvlərinin ümumi yığıncağının 05 may 2019-cu il tarixli 16 saylı Protokolunun ləğv edilməsi, Protokol əsasında MTK-ya vurulmuş ziyanın müəyyən edilərək cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 Şixəli oğlundan tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Komersiya Məhkəməsinin 2-2(113)-5329/2025 nömrəli 03 iyul 2025-ci il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. İddiaçılar həmin qərardaddan şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-5329/2025 saylı qərardadın ləğv olunmasını xahiş etmişlər. İddiaçıların verdiyi şikayət məhkəmənin 15 iyul 2025-ci il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsi iş üçün əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdıra bilməmiş və bununla da düzgün nəticəyə gəlməmişdir. iddiaçının iddia tələbi tam olaraq Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsinin tələblərinə uyğundur. İddiaçının iddia tələbində - "xxxx" MTK-nın üzvlərinin ümumi yığıncağının 05 may 2019-cu il tarixli 16 saylı Protokolunun ləğv edilməsi, Protokol əsasında MTK-ya vurulmuş ziyanın müəyyən edilərək cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 Şixəli oğlundan tutulması barədə qətnamənin qəbul edilməsi xahiş olunmuşdur. İddia ərizəsində birinci tələb 05 may 2019-cu il tarixli 16 saylı Protokolunun ləğv edilməsidir, ikinci tələb isə ləğv edilməsi tələb edilən Protokol üzrə vurulmuş ziyanın cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 Şixəli oğlundan tutulmasıdır ki, bunu iddiaçının sənədlər olmadan əvvəlcədən müəyyən etməsi qeyrimümkündür. Belə ki, vurulmuş ziyanın müəyyən edilməsi məhkəmə araşdırmasında ekspertiza təyin etməklə mümkündür ki, bu da məhkəmə prosesində həll edilməli olan prosessual hərəkətdir. İş materiallarından göründüyü kimi cavabdehlər öz maraqlarını "xxxx" MTK-nın maraqlarından üstün tutmuşlar. "xxxx" MTK qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmişdir, öz öhdəlikləri üçün cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq hüququna malikdir. Mülki Məcəllənin 49.1-ci maddəsinə əsasən hüquqi şəxslər qanunvericiliyə və nizamnaməyə uyğun fəaliyyət göstərən öz orqanları vasitəsilə mülki hüquqlar əldə edir və öhdələrinə mülki vəzifələr götürürlər. Cavabdehlər MTK-da digər üzvlərdən öz üstün mövqelərini sərgiləmiş, onları əldə edəcəyi dividentdən məhrum etmişlər. Məhkəmə hazırki qərardadı ilə MTK-nın üzvləri olan iddiaçıların məhkəmə müdafiə hüquqlarını pozmuşdur. İddiaçıların məhkəməyə əlçatanlığı məhdudlaşdırılmışdır. İddia tələbində "xxxx" MTK-nın üzvlərinin ümumi yığıncağının 05 may 2019-cu il tarixli 16 saylı Protokolunun ləğv edilməsi tələbinin qeyri-müəyyənliyi yoxdur, tələb aydındır. Protokol əsasında MTK-ya vurulmuş ziyanın müəyyən edilərək cavabdehlər Cavabdeh2, X2 və Cavabdeh3 Şixəli oğlundan tutulması tələbi iddia qaldırılan anda qeyrimüəyyən olsa da məhkəmə araşdırmasında bu tələbin də aydınlaşdırılması və Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə uyğun şəkildə prosessual hərəkətlər aparılmaqla tələb dəqiqləşdirilə bilərdi. Məhkəmə kollegiyasi iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə baxılması üçün iş həmin məhkəməyə göndərilməlidir. Məhkəmə iddia ərizəsini tələbin qeyri-dəqiq olması, iddia ərizəsinin cavabdehlər tərəfindən alınmasına dair sübut təqdim edilməməsi və iddiaçı tərəfindən mübahisənin pretenziya qaydasına əməl edilməməsi əsası ilə geri qaytarmışdır. Kollegiya hesab edir ki, məhkəmənin qənaəti düzgün olmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinə əsasən iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehlərin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehlərin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) iddia ərizəsində öz əksini tapmalıdır. Həmin Məcəllənin 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. MPM-in 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Tələbin qeyri-dəqiqliyi ilə bağlı məhkəmə göstərmişdir ki, iddiaçı iddia ərizəsində cavabdehə qarşı tələbini, məhkəmədən xahişini dəqiq ifadə etməmiş, protokol əsasında MTK-ya vurulmuş ziyanın müəyyən edilərək cavabdehlərdən tutulmasını xahiş etmişdir. Əvvəla qeyd olunmalıdır ki, iddia tələbinin birinci hissəsi konkret və dəqiqdir: "xxxx" MTK-nın üzvlərinin ümumi yığıncağının xx.xx.2019-cu il tarixli 16 saylı Protokolunun ləğv edilməsi”. Bu tələbdə aydın olmayan hal aşkar olunmur. Tələbinin ikinci hissəsi – “Protokol əsasında MTK-ya vurulmuş ziyanın müəyyən edilərək cavabdehlərdən tutulması” – ilk baxışdan qeyri-dəqiq görsənsə də, iddiaçının istəyi xx.xx.2019-cu il tarixli 16 saylı Protokol əsasında vurulmuş zərərin tutulmasına yönəlib, həmin zərəri isə müvafiq tədqiqat (ekspertiza, audit) aparmadan müəyyən etmək mümkün deyildir ki, bu da məhkəmə araşdırmasının predmetinə aiddir. Həmçinin iddiaçılar bildirirlər ki, cavabdehlər MTK-nın fəaliyyəti ilə bağlı onlara heç bir sənəd təqdim etmirlər. Həqiqətən də bununla bağlı işdə məhkəmə aktları vardır. Lakin məhkəmə bu halları diqqətə almamışdır. Məhkəmə həmçinin hesab etmişdir ki, iddia ərizəsinə həmin ərizənin surətinin və ona əlavə olunmuş sənədlərin cavabdehlərə çatdırılmasını, iddia ərizəsinə iddiaçı tərəindən mübahisənin məhkəməyə qədər nizama salınması məqsədilə pretenziya qaydasında məktubun göndərilməsini və həmin məktubun cavabdehlərə çatdırılmasını təsdiq edən sənədlər əlavə edilməmişdir. İddia ərizəsinə hər üç cavabdehə ünvanlanmış xx.xx.2025-ci il tarixli pretenziya mövcuddur. Həmçinin iddia ərizəsinə xx.xx.2025-ci il tarixdə cavabdehlərə çatdırılması üçün “Musayev” soyadlı şəxsə təqdim olunmuş poçt göndərişlərinin (xəbərnamələrin) surəti əlavə olunmuşdur ki, bu da iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin cavabdehlərə çatdırılmasını təsdiq edən sənəd kimi nəzərdən keçirilə bilər. Lakin məhkəmə yuxarıda qeyd olunan hallara diqqət yetirmədən hesab etmişdir ki, pretenziya və sənədlərin çatdırılması vəzifəsi iddiaçılar tərəfindən icra olunmamışdır. Ona görə də Bakı Komersiya Məhkəməsinin 2-2(113)-5329/2025 nömrəli 03 iyul 2025-ci il tarixli qərardadı ləğv edilməli və iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. İddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılarkən yuxarıda qeyd olunan məsələlər (pretenziya və iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin cavabdehlərə çatdırılması) araşdırılmalı və nəticəsindən asılı olaraq nəticəyə gəlinməlidir. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilsin. Hazırki iş üzrə Bakı Komersiya Məhkəməsinin 2-2(113)-5329/2025 nömrəli 03 iyul 2025-ci il tarixli qərardadı ləğv edilsin və iddia ərzəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar