Məhkəmə qərarları › İş №2-2(103)-886/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-886/2025

08.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-886/2025 08.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Fuad Abdıyevdən ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-2(113)-5545/2025 nömrəli qərardadından iddiaçının şikayətinə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat 1.Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə qərara alınıb ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardad onunla əsaslandırılıb ki, iddia ərizəsinin verilməsinə görə 120,3 manat dövlət rüsumu ödənilməli olsa da, 2 manat rüsum ödənilib. 2.İddiaçının həmin qərardaddan Bakı Kommersiya Məhkəməsinə verdiyi şikayətdə tələb olunub ki, qərardad ləğv edilsin və iddia ərizəsi məhkəmənin icraatına qəbul edilsin. Şikayət onunla əsaslandırılıb ki, iddiaçı 121 manat dövlət rüsumu ödəyib və bunu təsdiq edən sənədi – xx.xx.2025-ci il tarixli XT********** nömrəli ödəniş tapşırığını iddia ərizəsinə əlavə edib. 3.Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə qərara alınıb ki, şikayət təmin edilməsin və şikayət işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardad onunla əsaslandırılıb ki, xx.xx.2025-ci il tarixli XT********** nömrəli ödəniş tapşırığında qeyd olunan 121 manat pul vəsaiti Bakı Kommersiya Məhkəməsinin hesabına deyil, Milli Gəlirlər Departamentinə (Dövlət Vergi Xidmətinə) ödənilib. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 4.Şikayət təmin olunmalı, qərardad ləğv olunmalı və iş həmin məhkəməyə qaytarılmalıdır. 5.Belə ki, iddia ərizəsinə əlavə edilmiş xx.xx.2025-ci il tarixli XT********** nömrəli ödəniş tapşırığından (iş v. 6) görünür ki, iddiaçı iddia ərizəsinin verilməsinə görə köçürmə yolu ilə 121 manat dövlət rüsumu ödəyib. Ödəniş tapşırığının “Büdcə fəsnifatının kodu” bölməsində 142211 kodu qeyd olunub. Büdcə gəlirlərinin təsnifatında həmin kod məhkəməyə verilən iddia ərizələrinə aiddir. Ödəniş tapşırığının “Ödənişlə əlaqədar əlavə informasiya” bölməsində “Bakı Kommersiya Məhkəməsinə” qeyd olunub. Bu sənəd dövlət rüsumunun lazımi qaydada ödənildiyini təsdiq edən sənəd sayılır. Göründüyü kimi, iddiaçı tələb olunan məbləğdə rüsum ödəyib. 6.Birinci instansiya məhkəməsinin istinad etdiyi hala – pul məbləğinin Bakı Kommersiya Məhkəməsinin hesabına deyil, Milli Gəlirlər Departamentinə ödənilməsinə münasibətdə məhkəmə qeyd edir ki, ödəniş tapşırığının məzmununda rüsumun iddia ərizəsinin verilməsinə görə ödənildiyi (yəni 142211 kodu), habelə ödənişin Bakı Kommersiya Məhkəməsinə ödənildiyi qeyd olunub. İddia ərizəsinin verilməsinə görə ödənilən rüsumun müvafiq hesaba köçürülməsinə görə rüsumu ödəyən deyil, rüsumu alan məsuliyyət daşıyır. 7.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin olunsun. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-2(113)-5545/2025 nömrəli qərardadı ləğv olunsun və iş həmin məhkəməyə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar