Məhkəmə qərarları › İş №2-2(103)-889/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-889/2024

27.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-889/2024 27.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı kommersiya işi Açar söz: ödənilmiş pul vəsaitinin geri qaytarılması, dəymiş ziyanın əvəzinin ödənilməsi Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər X3 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “ödənilmiş pul vəsaitinin geri qaytarılması, dəymiş ziyanın əvəzinin ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-2065/2024 nömrəli qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları

1. Tərəflər arasında Cavabdeh ASC-nin su təchizatı sistemindən su buraxılması və kanalizasiya xidmətlərinə dair xx.xx.2006-cı il tarixli, 151404 nömrəli müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə (müqavilənin mahiyyəti) əsasən bu müqavilə Cavabdeh ASC-nin su təchizatı sistemindən abonentin tələbatına uyğun lazımı miqdarda, tərkib və keyfiyyətinə görə 2874-82 saylı Dövlət Standartının tələblərinə uyğun, məişət (təsərrüfat)- içməli və istehsalat məqsədli suyun buraxılması, tullantı sularının kanalizasiya sisteminə qəbulu, təmizlənməsi və axıdılması ilə əlaqədar tərəflərin hüquq və öhdəliklərini müəyyən edir. Həmin müqavilənin 2.1.6-cı bəndinə əsasən Azərbaycan Respublikası Tarif (qiymət) Şurası tərəfindən müəyyən edilmiş, İqtisadi İnkişaf Nazirliyi və Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş, “Sudan istifadə edən istehlakçı qruplar üzrə qiymətlər”ə və “çirkab suyun axıdılması xidmətlərinin tarifləri”nə uyğun olaraq, abonentin istifadə etdiyi 1m3 suya görə hesablaşma 0,54 manat + 18% ƏDV və abonentdən qəbul edilən 1m3tullantı suyuna görə hesablaşma 0,30 manat + 18% ƏDV müqabilində aparılır.

2. Tərəflər arasında su təchizatı və kanalizasiya xidmətlərinə dair qeyri-əhali xidmətləri üçün xx.xx.2012-ci il tarixli, 151404 nömrəli müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə (müqavilənin mahiyyəti) əsasən bu müqavilə müəssisənin su təchizatı sistemindən abonentin tələbatına uyğun lazımı miqdarda, tərkib və keyfiyyətinə görə DÜİST2874-82 saylı Dövlət Standartının tələblərinə uyğun, məişət (təsərrüfat) içməli və istehsalat məqsədli suyun buraxılması, tullantı sularının kanalizasiya sisteminə qəbulu, təmizlənməsi və axıdılması ilə əlaqədar tərəflərin hüquq və öhdəliklərini müəyyən edir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının xx.xx.2011-ci il tarixli, 01 nömrəli qərarına uyğun olaraq abonent tərəfindən istifadə edilmiş 1m3 xammal suya görə hesablaşma ƏDV ilə – manat, digər məqsədlər üçün istifadəyə görə hesablaşma 1m3 su üçün ƏDV ilə 1 manat və abonentdən qəbul edilmiş 1m3 tullantı suyuna görə hesablaşma ƏDV ilə 0,30 manat müqabilində müəyyən edilir. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən Su təchizatı və tullantı sularının axıdılma xidmətinin qiyməti Azərbaycan Respublikası Tarif (qiymət) Şurası tərəfindən tənzimləndiyindən, bu müqavilə bağlandıqdan sonra qiymət dəyişikliyi tərəflər arasında mübahisələndirilə bilməz və hər iki tərəf üçün məcburidir.

3. Tərəflər arasında su təchizatı və kanalizasiya xidmətlərinə dair hüquqi şəxslərlə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərlə bağlanan xx.xx.2020-ci il tarixli müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə (müqavilənin predmeti) əsasən bu müqavilə müəssisənin su təchizatı sistemindən istehlakçının tələblərinə uyğun lazımı miqdarda, tərkib və keyfiyyətinə görə DÜİST2874-82 saylı Dövlət Standartının tələblərinə uyğun, məişət (təsərrüfat) - içməli və istehsalat məqsədli suyun buraxılması, tullantı sularının kanalizasiya sisteminə qəbulu, təmizlənməsi və axıdılması ilə əlaqədar tərəflərin hüquq və öhdəliklərini müəyyən edir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının Cavabdeh ASC-nin “Sudan istifadə və tullantı sularının axıdılması xidmətləri üzrə istehlakçı qruplarının tariflərinin və təsnifatının təsdiq edilməsi barədə” qərarına uyğun olaraq istehlakçı tərəfindən istifadə edilmiş 1m3xammal suya görə hesablaşma ƏDV ilə– manat, digər məqsədlər üçün istifadəyə görə hesablaşma 1m3 su üçün ƏDV ilə 1 manat və istehlakçıdan qəbul edilmiş 1m3 tullantı suyuna görə hesablaşma ƏDV ilə 1 manat müqabilində müəyyən edilir.

4. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(105)-540/2023 saylı qərarından müəyyən edilir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(060)-2436/2023 saylı qərarı ilə İddiaçı MMC Azərbaycan Respublikası İXM-nin 264.0.1 cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 7500 (yeddi min beş) manat məbləğində cərimə edilmiş, İXM-nin 271-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına gorə xitam verilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(060)-2436/2023 saylı qərarından İddiaçı MMC apellyasiya şikayəti vermiş və Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(105)-540/2023 saylı qərarı ilə İddiaçı MMC apellyasiya şikayətinin təmin edilməməsi, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(060)- 2436/2023 saylı qərarı dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

5. İddiaçı MMC tərəfindən Cavabdeh ASC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli pretenziya məktubunda görnür ki, borc məbləğinin 7 (yeddi) gün müddətində ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbədarlıq edilmişdir.

6. Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə (Cavabdeh ASC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən 2020-2023-cü illər ərzində 4886,07 (dörd min səkkiz yüz səksən altı manat yeddi qəpik) məbləğində ödənilmiş çirkab suların axıdılmasına görə pulun, 7500 manat məbləğində ödənilmiş cərimə məbləğinin, dövlət rüsumuna görə ödənilmiş 128 manat olmaqla, cəmi 12514,07 (on iki min beş yüz on dörd manat yeddi qəpik) manat məbləğində pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən İddiaçı MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1 və 271-ci maddələrinə əsasən tərtib edilmiş 02 oktyabr 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Protokola əsasən İddiaçı MMC-yə məxsus Sumqayıt şəhərində fəaliyyət göstərən mebel istehsalı sahəsində formalaşan tullantı-çirkab sularının təmizlənmədən birbaşa “Acıdərə” kanalına axıdılması və əmələ gələn bərk məişət və istehsalat tullantılarının ətraf mühitin mühafizə tələblərinə əməl edilmədən qalaqlanması qaydaları pozulduğuna görə İddiaçı MMC barəsində protokol tərtib edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-2436/2023 saylı, 30 oktyabr 2023-cü il tarixli qərarı ilə İddiaçı MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmiş və 7500 (yeddi min beş yüz) manat məbləğində cərimə edilmiş, İddiaçı MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-2436/2023 saylı, 30 oktyabr 2023-cü il tarixli qərarından İddiaçı MMC tərəfindən apellyasiya şikayəti verilmiş və Sumqayıt Apellyasiya Məhkəməsinin 3(105)-540/2023 saylı, 27 noyabr 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, qərar qüvvədə saxlanılmışdır. İddiaçı ilə Cavabdeh ASC arasında xx.xx.2020ci il tarixdə 19341516 saylı müqavilə bağlanılmışdır, tərəflər arasında bağlanılmış müqaviləyə əsasən Cavabdeh ASC müəssisənin su təchizatı sistemindən istehlakçının tələbatına uyğun lazımı miqdarda, tərkib və keyfiyyətinə görə DÜİST2874-82 Dövlət Standartının tələblərinə uyğun, məişət (təsərrüfat)-içməli və istehsalat məqsədli suyun təchizatı, tullantı sularının kanalizasiya sisteminə qəbulu, təmizlənməsi və axıdılması ilə əlaqədar hüquq və öhdəliklərini üzərinə götürmüşdür. Həmin müqavilənin 2.3-cü bəndinə görə müəssisə ayda bir dəfədən az olmayaraq istehlakçı tərəfindən istifadə edilmiş suyun və axıdılmış çirkab suyun hesabatını aparmalı və müvafiq qaydada tərtib edilmiş ödəniş sənədini istehlakçıya təqdim etməlidir. Müqavilədən də göründüyü kimi, müqavilə tullantı sularının kanalizasiya sisteminə qəbulu, təmizlənməsi və axıdılması ilə əlaqədar münasibətləri tənzimləyir. Tərəflər arasında bağlanılmış xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən İddiaçı MMC tərəfindən Cavabdeh ASC-yə 2020-2023-cü illər ərzində 4886,07 (dörd min səkkiz yüz səksən altı manat yeddi qəpik) məbləğində çirkab suya görə pul ödənilmişdir. Qeyd olunan ödənişlərin İddiaçı MMC tərəfindən cavabdehə ödənilməsi 151404 saylı abonent kartından müəyyən olunur. Cavabdeh ASC “Sumqayıt Sukanal İdarəsi” tərəfindən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, sözügedən kanalın (“Acıdərə”) “Sumqayıt Sukanal” idarəsinin balansında olmadığını, kanal boyu obyektlərdə formalaşan tullantı sularının kanala axıdılmasına dair qeyri-yaşayış obyeklərinə tərəflərindən texniki şərt verilmədiyi qeyd olunmuşdur. Cavabdeh ASC tərəfindən İddiaçı MMC-yə texniki şərt verilmədiyi halda, çirkab sulara görə xidmət haqqının alınması qanunsuz olmuşdur. Belə ki, Cavabdeh ASC tərəfindən İddiaçı MMC-yə çirkab suların axıdılmasına görə göstərilən xidmətlər qanunsuz idisə, hansı səbəbdən çirkab suların axıdılması tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqavilədə belə bir xidmətin göstərilməsi öhdəlik kimi qəbul edilmiş və bu xidmətlərə görə 2020-2023-cü illər ərzində 4886,07 (dörd min səkkiz yüz səksən altı manat yeddi qəpik) məbləğində vəsait alınmışdır. Hesab edilir ki, İddiaçı MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməsi və 7500 (yeddi min beş yüz) manat məbləğində cərimə edilməsi ilə cavabdehin qanunsuz hərəkətləri arasında səbəbli əlaqə vardır, cərimə məbləği də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklər yerinə yetirilməmiş və bu səbəbdən də iddiaçıya maddi ziyan dəymişdir. Mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərə görə məsuliyyətə cəlb etmək üçün zərərin özünün varlığı və borclunun hüquqazidd əməli ilə zərər arasında səbəbli əlaqənin mövcudluğu tələb olunur. Bu mənada zərər mülki-hüquqi məsuliyyətin ən önəmli ünsürünü təşkil edir. Mülki qanunvericilik istər müqavilə öhdəlikləri, istərsə də delikt öhdəliklərində zərərvuranın (hüquq pozan şəxsin) təqsir prezumpsiyasını müəyyənləşdirir. Təqsir prezumpsiyasına görə şəxs zərərin vurulmasında özünün təqsirinin olmamasını sübuta yetirənədək təqsirli hesab edilir. Təqsirinin olmadığını sübut etmə yüklü zərərvuran şəxsin üzərinə düşür. Buna uyğun olaraq zərərçəkən və zərərvuran arasında sübuta yetirmə yükü bölünür: zərərin əvəzinin ödənilməsini tələb edən zərərçəkən ona zərər vurulması faktını, səbəbli əlaqəni sübuta yetirməyə borcludur. Zərərvuran şəxs isə öz növbəsində etdiyi hərəkətin hüquqazidd olmamasını və təqsirsizliyini sübut etməlidir. Zərərin ödənilməsi ilə bağlı tələb öncə həmin zərərin onu vuran şəxsə aid edilməsini nəzərdə tutur.

9. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 405, 442, 448.1, 1096.1, 1096.2, 1097.1-ci maddələrinə istinad olunmuşdur.

10. Cavabdeh ASC tərəfindən iddiaya etiraz ərizəsi daxil olmuşdur. Ərizə onunla əsaslandırılmışdır ki, aşağıda göstərilənlərə əsasən hesab edilir ki, təqdim edilmiş iddia tələbinin heç bir əsası yoxdur və məhkəmə qaydasında rədd edilməlidir. İddiaçı Cavabdeh ASC tərəfindən iddiaçıya tullantı sularının axıdılması xidmətinin göstərilməsini, ərazi ekologiya idarəsi tərəfindən “su obyektlərinin çirkləndirməsi” səbəbindən həmin orqan tərəfindən 7500 manat məbləğində cərimə edildiyini əsas tutaraq, cavabdeh kimi Cavabdeh ASC-yə qarşı 2020-2023-cü illər üçün 4886,07 manat məbləğində çirkab suların axıdılması, 7500 manat məbləğində ödənilmiş cərimə məbləğinin, dövlət rüsumuna görə ödənilmiş 128 manat olmaqla, ümumilikdə 12514,07 manat məbləğin Cavabdeh ASC-dən tutularaq iddiaçıya ödənilməsi tələbini irəli sürür. İş materiallarından göründüyü kimi, iddiaçı müəssisə ilə Cavabdeh ASC-nin Sumqayıt Sukanal idarəsi arasında “su təchizatı və kanalizasiya xidmətlərinə dair qeyri-əhali istehlakçıları üçün” müqavilə bağlanmışdır. Belə ki, iddiaçı müəssisədə formalaşan çirkab suları birbaşa “Acıdərə” kanalına, oradan isə Cavabdeh ASC-nin kanalizasiya kollektoruna axıdılır. İddiaçının istinad etdiyi ekologiya idarəsi tərəfindən cərimə edilməsi məsələsinə gəldikdə isə qeyd edilir ki, inzibati orqan olan AR ETSN 4 saylı RETS İdarəsi iddiaçı müəssisə barəsində AR İXM- nin 264.0.1-ci maddəsinə əsasən ilkin olaraq inzibati xəta haqqında protokol, daha sonra isə inzibati tənbeh edilməyə dair qərar qəbul edərkən, iddiaçı tərəfindən İddiaçı MMC-yə məxsus mebel sexində formalaşan tullantı- çirkab sularının təmizlənmədən “Acıdərə " kanalına axıdılıması və əmələ gələn bərk məişət və istehsalat tullantılarının ətraf mühitin mühafizə tələblərinə əməl etmədən pozulması olmuşdur. Mövcud qaydalara əsasən İddiaçı MMC-yə məxsus mebel sexində formalaşan tullantı- çirkab suları, müəssisənin ərazisində quraşdırılmış təmizləyici qurğudan emal edildikdən və zərərli maddələrin çəkisi minumuma endirildikdən sonra kənarlaşdırıla bilinər. AR ETSN 4 saylı RETS İdarəsi Sumqayıt şəhəri üzrə ətraf mühitin mühafizəsi çərçivəsində bir sıra istehsalat müəssisələrində monitorinq aparmış və nəticə olaraq bir sıra müəssisələr, o cümlədən iddiaçı müəssisə tərəfindən AR İXM-nin 264.0.1-ci maddəsinin tələblərini pozduğunu aşkar etmişdir. Bildirilir ki, analoji işlər üzrə də məhkəmə təcrübəsi formalaşmış və iddiaçıların cavabdeh kimi Cavabdeh ASC-yə qarşı iddiaları rədd edilmişdir. Digər tərəfdən Cavabdeh ASC-nin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər və Cavabdeh ASC-nin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 mart 2005-ci il tarixli 50 nömrəli qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 aprel 2019-cu il tarixli, 158 saylı qərarından müəyyən edilir ki, “Sumqayıt şəhərində Acıdərə kanalının inşası (1-ci mərhələ)” layihəsi çərçivəsində tikilmiş, ümumi dəyəri ******* manat olan 2,0 km uzunluğunda kanalizasiya kollektoru və 1 ədəd şlüzlü suqəbuledici kameranın Cəmiyyətin balansına verilməklə, onun nizamnamə kapitalına yönəldilməsi qərara alınmışdır. Beləliklə, iddiaçının obyekti birbaşa olaraq kanalizasiya sisteminə qoşulmasa da, obyektin tullantı suları Nazirlər Kabinetinin yuxarıda göstərilən qərarına əsasən Cavabdeh ASC-nin balansında olan kollektora axıdıldığından iddiaçı faktiki olaraq Cavabdeh ASC-nin tullantı suyunun axıdılması xidmətindən istifadə edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsində mülki hüquq pozuntusu, yəni delikt anlayışı aşağıdakı şəkildə müəyyən edilmişdir: “Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir)”. Qanunun verdiyi bu anlayışdan göründüyü kimi, hər hansı hərəkət və ya hərəkətsizliyin mülki hüquq pozuntusu (delikt) hesab edilməsi üçün aşağıdakıların məcmu şəkildə olması zəruridir: 1. hərəkət (hərəkətsizlik) hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) olmalıdır; 2. hərəkət (hərəkətsizlik) təqsirli olmalıdır; 3. hərəkət (hərəkətsizlik) nəticəsində hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmuş olmalıdır.

11. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)- 2065/2024 nömrəli qətnaməsi ilə (hakim Zeynəb Axundova) iddianın rədd edilməsi qət edilmişdir.

12. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçıya məxsus obyektin çirkab suları “Acıdərə” kanalına axıdılır. Həmçinin, iddiaçının obyektinin tullantı suları Nazirlər Kabinetinin yuxarıda göstərilən qərarına əsasən cavabdeh "Azərsu” ASCnin balansında olan kollektora axıdıldığından iddiaçı faktiki olaraq Cavabdeh ASC-nin tullantı suyunun axıdılması xidmətindən istifadə edir.

13. Məhkəmə qeyd etmişdir ki, qeyd edilən illər ərzində tullantı sularının axıdılmasına görə cavabdeh tərəfindən hesablanmış borcun iddiaçı tərəfindən ödənilməsi faktı da özü-özlüyündə tərəflərin tullantı xidmətlərinin axıdılması xidmətlərinin göstərilməsi barədə razılığa gəlmələrinə dəlalət edir.

14. Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a. Apellyasiya şikayətlərinin dəlilləri

15. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024–cü il tarixli e-2-2(113)-2065/2024 qətnaməsini ləğv edib, iddia tələblərinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Birinci instansiya məhkəməsində aparılan araşdırma zamanı tədqiq olunmuş sübutlar və tərəflərin verdiyi izahatlardanda müəyyən olunur ki, İddiaçı MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməsi və 7500 (yeddi min beş yüz) manat məbləğində cərimə edilməsi ilə cavabdehin qanunsuz hərəkətləri arasında səbəbli əlaqə vardır, cərimə məbləğidə cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, tərəflər arasında müqavilə bağlanmış və lakin müqavilənin şərtləri cavabdeh tərəfindən pozulması səbəbindən iddiaçıya maddi ziyan dəymişdir. “Acıdərə” kanalının Azərsu ASC–nin balansında olması faktını cavabdeh öz etirazında bildirməklə cavabdehin təqsirini bir daha sübut etmişlər. Lakin Bakı Kommersiya Məhkəməsi iddia tələblərini rədd edərkən, bir cümlə ilə cavabdehin təqsirinin olmamasını bildirmiş, lakin qətnamədə bu xüsusatı sübut edə bilməmişdir.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

17. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.

18. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.

19. Tətbiq edilən hüquq

20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilir. 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən, başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün), zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Əgər zərər zərərçəkənin xahişi və ya razılığı ilə vurulmuşsa, onun əvəzini ödəməkdən imtina edilə bilər.

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

22. Əsaslandırıcı hissə

23. Apellyasiya baxışının hədləri

24. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamə iddiaçı tərəfindən tam mübahisələndirdiyindən tam yoxlanılır.

25. Apellyasiya instansiya məhkəməsinin mövqeyi

26. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-2065/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

27. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbinin bir hissəsini cavabdehdən 2020-2023-cü illər ərzində 4886,07 (dörd min səkkiz yüz səksən altı manat yeddi qəpik) məbləğində ödənilmiş çirkab suların axıdılmasına görə pulun tutulması təşkil edir.

28. İddiaçı iddia tələbini göstərilən hissədə onunla əsaslandırmışdır ki, tərəflər arasında xx.xx.2020-ci il tarixdə 19341516 saylı müqavilə bağlanılmış, tərəflər arasında bağlanılmış müqaviləyə əsasən Cavabdeh ASC müəssisənin su təchizatı sistemindən istehlakçının tələbatına uyğun lazımı miqdarda, tərkib və keyfiyyətinə görə DÜİST2874-82 Dövlət Standartının tələblərinə uyğun, məişət (təsərrüfat)-içməli və istehsalat məqsədli suyun təchizatı, tullantı sularının kanalizasiya sisteminə qəbulu, təmizlənməsi və axıdılması ilə əlaqədar hüquqi və öhdəliklərini üzərinə götürmüşdür. Həmin müqavilənin 2.3-cü bəndinə görə müəssisə ayda bir dəfədən az olmayaraq istehlakçı tərəfindən istifadə edilmiş suyun və axıdılmış çirkab suyun hesabatını aparmalı və müvafiq qaydada tərtib edilmiş ödəniş sənədini istehlakçıya təqdim etməlidir. Müqavilədən də göründüyü kimi, müqavilə tullantı sularının kanalizasiya sisteminə qəbulu, təmizlənməsi və axıdılması ilə əlaqədar münasibətləri tənzimləyir. Tərəflər arasında bağlanılmış xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən İddiaçı MMC tərəfindən Cavabdeh ASC-yə 2020-2023-cü illər ərzində 4886,07 (dörd min səkkiz yüz səksən altı manat yeddi qəpik) məbləğində çirkab suya görə pul ödənilmişdir. Qeyd olunan ödənişlərin İddiaçı MMC tərəfindən cavabdehə ödənilməsi 151404 saylı abonent kartından müəyyən olunur. Cavabdeh ASC “Sumqayıt Sukanal İdarəsi” tərəfindən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, sözügedən kanalın (“Acıdərə”) “Sumqayıt Sukanal” idarəsinin balansında olmadığını, kanal boyu obyektlərdə formalaşan tullantı sularının kanala axıdılmasına dair qeyri-yaşayış obyeklərinə tərəflərindən texniki şərt verilmədiyi qeyd olunmuşdur. Cavabdeh ASC tərəfindən İddiaçı MMC-yə texniki şərt verilmədiyi halda, çirkab sulara görə xidmət haqqının alınması qanunsuz olmuşdur. Belə ki, Cavabdeh ASC tərəfindən İddiaçı MMC-yə çirkab suların axıdılmasına görə göstərilən xidmətlər qanunsuz idisə, hansı səbəbdən çirkab suların axıdılması tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqavilədə belə bir xidmətin göstərilməsi öhdəlik kimi qəbul edilmiş və bu xidmətlərə görə 2020-2023-cü illər ərzində 4886,07 (dörd min səkkiz yüz səksən altı manat yeddi qəpik) məbləğində vəsait alınmışdır. Belə ki, işin faktiki hallarından da müəyyən edildiyi kimi hazırkı halda Cavabdeh ASC tərəfindən iddiaçıya tullantı sularının axıdılması xidmətinin göstərilib göstərilməməsi işin mübahisəli halını təşkil edir.

29. İşin mübahisə edilməyən halı isə ondan ibarətdir ki, iddiaçıya məxsus obyektin çirkab suları “Acıdərə” kanalına axıdılır.

30. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh ASC-nin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər və Cavabdeh ASC-nin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 mart 2005-ci il tarixli 50 nömrəli qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 aprel 2019-cu il tarixli, 158 saylı qərarından müəyyən edilir ki, “Sumqayıt şəhərində Acıdərə kanalının inşası (1-ci mərhələ)” layihəsi çərçivəsində tikilmiş, ümumi dəyəri ******* manat olan 2,0 km uzunluğunda kanalizasiya kollektoru və 1 ədəd şlüzlü suqəbuledici kameranın Cəmiyyətin balansına verilməklə, onun nizamnamə kapitalına yönəldilməsi qərara alınmışdır.

31. Burdan belə qənaətə gəlinir ki, iddiaçının obyektinin tullantı suları Nazirlər Kabinetinin yuxarıda göstərilən qərarına əsasən cavabdeh "Azərsu” ASC-nin balansında olan kollektora axıdıldığından iddiaçı faktiki olaraq Cavabdeh ASC-nin tullantı suyunun axıdılması xidmətindən istifadə edir.

32. Bundan başqa, iddiaçı iddia tələbini əsaslandıran zaman qeyd etmişdir ki, Cavabdeh ASC tərəfindən İddiaçı MMC-yə texniki şərt verilmədiyi halda, çirkab sulara görə xidmət haqqının alınması qanunsuz olmuşdur.

33. Qeyd edilən hala münasibətdə məhkəmə ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 avqust 2014-cü il tarixli, 275 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehlakçıların su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması üçün texniki şərtlərin verilməsi və qoşulması” Qaydalarının 1.1-ci bəndində qeyd edilmişdir ki, bu Qaydalar “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanmışdır və istehlakçıların su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması üçün texniki şərtlərin verilməsi və qoşulması qaydalarını, onlara dair tələbləri müəyyən edir.

34. Yuxarıda qeyd edilənlərdən müəyyən edildiyi kimi texniki şərtlərin verilməsi üçün istehlakçıların müraciət etməsi gərəkdir. Belə olan halda iddiaçının qeyd edilən, yəni texniki şərtin verilməməsi halına istinad etməsi əsassızdır.

35. Eləcə də, məhkəmə hesab edir ki, iddiaçı obyektin tullantı sularını Cavabdeh ASC nin balansında olan su kanalına axıtmaqla faktiki olaraq Cavabdeh ASC tərəfindən ona tullantı sularının axıdılması xidmətlərinin göstərilməsinə dair razılığını ifadə etmişdir. Həm də, qeyd edilən illər ərzində tullantı sularının axıdılmasına görə cavabdeh tərəfindən hesablanmış borcun iddiaçı tərəfindən ödənilməsi faktı da özü-özlüyündə tərəflərin tullantı xidmətlərinin axıdılması xidmətlərinin göstərilməsi barədə razılığa gəlmələrinə dəlalət edir.

36. Odur ki, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi göstərilən hissədə əsassız olduğundan təmin edilməməlidir.

37. İddia tələbinin digər hissəsini 7500 manat məbləğində ödənilmiş cərimə məbləğinin cavabdehdən tutulması təşkil edir.

38. İddiaçı iddia tələbini göstərilən hissədə onunla əsaslandırmışdır ki, hesab edilir ki, İddiaçı MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməsi və 7500 (yeddi min beş yüz) manat məbləğində cərimə edilməsi ilə cavabdehin qanunsuz hərəkətləri arasında səbəbli əlaqə vardır, cərimə məbləğidə cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklər yerinə yetirilməmiş və bu səbəbdən də iddiaçıya maddi ziyan dəymişdir.

39. Məhkəmə kollegiyası iddia tələbinin göstərilən hissəsinə münasibətdə ilk növbədə qeyd edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(105)- 540/2023 saylı qərarından müəyyən edilir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023cü il tarixli, 3(060)-2436/2023 saylı qərarı ilə İddiaçı MMC Azərbaycan Respublikası İXMnin 264.0.1 cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 7500 (yeddi min beş) manat məbləğində cərimə edilmiş, İXM-nin 271-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına gorə xitam verilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(060)-2436/2023 saylı qərarından İddiaçı MMC apellyasiya şikayəti vermiş və Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(105)-540/2023 saylı qərarı ilə İddiaçı MMC apellyasiya şikayətinin təmin edilməməsi, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(060)-2436/2023 saylı qərarı dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

40. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin yuxarıda qeyd edilən 264 cü maddəsi “Su obyektlərinin mühafizəsi qaydalarının pozulması” ilə əlaqədar inzibati xəta olmaqla fiziki şəxslər altı yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 264.0.1-ci maddəsinə əsasən su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğuları və avadanlıqları olmayan müəssisələrin, kommunal və digər obyektlərin istismar edilməsi su obyektlərinin mühafizəsi qaydalarının pozulması hesab edilir və ona görə məsuliyyət müəyyən edilir.

41. Belə ki, yuxarıda qeyd edilənlərdən də göründüyü kimi, iddiaçının iddia tələbində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməsi və 7500 (yeddi min beş yüz) manat məbləğində cərimə edilməsi, cavabdehin qanunsuz hərəkətləri ilə əlaqəli olması halına istinad etməsi əsassızdır. Çünki Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə“ qaydalarının 2 nömrəli əlavəsi– Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair hüquqi şəxslərlə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərlə bağlanan müqavilənin 4.1.4-cü bəndində istehlakçının hüquq və öhdəlikləri kimi balansında və ya ərazisində olan su təchizatı və kanalizasiya şəbəkə və qurğularının vəziyyəti və istismarı üçün məsuliyyət daşıdığı qeyd edilmişdir.

42. Yəni, iddiaçı öz balansında və ya ərazisində olan su təchizatı və kanalizasiya şəbəkə və qurğularının vəziyyəti və istismarı üçün məsuliyyət daşımış və su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğuları və avadanlıqların olmamasına görə cərimə edilmişdir.

43. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən və formal mülahizələrdən ibarət olan dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

44. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-2065/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar