Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-891/2023 02.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı kommersiya işi Açar söz: dəymiş zərərə görə pulun tutulması Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, iddiaçının qanuni nümayəndəsi Qanuni nümayəndə, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “dəymiş zərərə görə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2- 2(113)-2132/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. İşin sübutlar əsasında müəyyən edilmiş mübahisəsiz hallarından görünür ki, iddiaçıya cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli bank hesabının açılmasına dair razılaşmaya əsasən Cavabdeh ASC-də (Nərimanov filialı) rubl valyutası ilə 22-C-000329- 0422 nömrəli cari hesab açılmışdır. İddiaçı xx.xx.2022-ci il tarixdə Rusiya Federasiyasında yerləşən hüquqi şəxsə (“X2 Sıbırsk” Şirkəti) rubl valyutasında pul köçürməsi etmək üçün "xxxx" Açıq Səhmdar Cəmiyyətində olan hesabından 700 000 manat məbləğində pul vəsaitini Cavabdeh ASC-nin Nərimanov filialındakı hesabına köçürmüş, 30 iyun 2022-ci il tarixdə xarici valyutanın alınması barədə sifarişdən verərək bir rubl üçün 0,03255 manat məzənnəsi ilə 7 500 000 Rusiya rublunu (244 125 manat) cavabdehdən almışdır. Cavabdeh ASC həmin gün pul vəsaitini köçürə bilməmiş, bu barədə müştəriyə məlumat vermiş, iddiaçı 7 500 000 rubl pul vəsaitinə hər hansı sərəncam verməmişdir.
2. İddiaçı xx.xx.2022-ci il tarixli VM1 nömrəli ödəniş tapşırığına əsasən 1 rubl üçün 0,03 manat məzənnəsi ilə 186 000 manata "xxxx" ASC-dən 6 200 000 rubl almış (komissiya haqqı 1116 manat təşkil etmişdir), "xxxx" ASC-də açılmış AZ42AİİB401600D**********229 nömrəli hesabdan çıxarışa əsasən xx.xx.2022- ci il tarixdə 6 144 000 rubl pul “X2 Sıbırsk” Şirkətinin bank hesabına köçürülmüşdür.
3. xx.xx.2022-ci il tarixli hesab-fakturalardan görünür ki, hesab-fakturalara Cavabdeh ASC tərəfindən xx.xx.2022-ci il tarixli ştamplar vurulmuş, daha sonra üzərindən xətt çəkilmişdir.
4. xx.xx.2022-ci il tarixli ********** nömrəli və xx.xx.2022-ci il tarixli ********** nömrəli əmrlərdən görünür ki, cavabdeh tərəfindən Rusiya rublu üçün nağdsız mübadilə əməliyyatları üzrə xx.xx.2022-ci il tarixə alış məzənnəsi 0,0270 manat, satış məzənnəsi 0,0350 manat, xx.xx.2022-ci il tarixə alış məzənnəsi 0,0280 manat, satış məzənnəsi 0,0350 manat müəyyən edilmişdir.
5. Mərkəzi Bankın rəsmi internet səhifəsindən əldə olunmuş rəsmi məzənnə məlumatlarından görünür ki, rublun manata nisbətdə məzənnəsi xx.xx.2022-ci il tarixdə 0,0321 manat, xx.xx.2022-ci il tarixdə 0,0312 manat, xx.xx.2022-ci il tarixə 0,0282 manat təşkil etmişdir.
6. Cavabdeh ASC-də olan AZ32NİCB**********0001A40060 nömrəli hesabdan çıxarışdan görünür ki, xx.xx.2022-ci il tarixdə 700 000 manat məbləğində pul hesaba mədaxil olunmuş, həmin tarixdə 3375 manat valyuta/nağd kurs fərqi kimi, 240 750 manat rubl alışı kimi hesabdan məxaric edilmişdir. xx.xx.2022-ci il tarixdə 455 755 manat digər bank hesabına köçürülmüşdür.
7. Cavabdeh ASC-də olan AZ15NİCB**********0004R40160 nömrəli hesabdan çıxarışdan görünür ki, xx.xx.2022-ci il tarixdə 7 500 000 rubl məbləğində pul hesaba mədaxil olunmuş, xx.xx.2022-ci il tarixdə 6 749 723,50 rubl, xx.xx.2022-ci il tarixdə 735 305 rubl pul digər bank hesabına köçürülmüşdür.
Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən maddi zərər qismində 34125 manat məbləğində pulun və 200 manat mediasiya xərcinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə "xxxx" MMC ölkəyə idxal ediləcək malların dəyərini ödəmək üçün Rusiya Federasiyasına xarici valyuta ilə köçürülmə edilməsi məqsədi ilə "xxxx" Açıq Səhmdar Cəmiyyətində olan hesabından cavabdehdə olan hesabına 700 000 manat məbləğində pul köçürmüşdür. Həmin tarixdə 244 125 manat qarşılığında 1 rubl 0,03255 manat məzənnəsi ilə 7 500 000 rubl cavabdehdən alınsa da, sonradan sonuncu həmin məbləği Rusiya Federasiyasına köçürməkdən imtina etmişdir. Bankın bu əməliyyatdan 3375 manat qazancı olmuşdur. 25 oktyabr 2022-ci il tarixdə "xxxx" MMC artıq "xxxx" Açıq Səhmdar Cəmiyyəti vasitəsilə köçürmə etmək məcburiyyətində qalmışdır. Həmin günün məzənnəsi 1 rubl 0,028 manat olmuşdur. Nəticədə "xxxx" MMC-yə 34125 manat ziyan dəymişdir. Belə ki, 25 oktyabr 2022-ci il tarixdə 1 rubl 0,028 manat məzənnəsi ilə rubl alınsa idi, 244 125 manat deyil, cəmi 210 000 manat ödəniləcəkdi. Cavabdehə qanunvericilikdə nəzərdə tutulmuş bütün zəruri sənədlər təqdim edilmişdir. Məhz bu səbəbdən cavabdeh iddiaçıya külli miqdarda xarici valyuta (Rusiya rublu) satmış, lakin həmin vəsait iddiaçının bank hesabında olmasına və banka bu vəsaitin xaricə köçürülməsinə dair tapşırıq verilməsinə baxmayaraq, cavabdeh bu əməliyyatı etməmiş və nəticədə iddiaçıya 34125 manat məbləğində zərər dəymişdir.
10. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-2132/2023 nömrəli qətnaməsi ilə (hakim Nərmin Əhmədova) iddia rədd edilmişdir.
11. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2022-ci il tarixdə "xxxx" Açıq Səhmdar Cəmiyyətindəki hesabından 700.000 manat məbləğində pulu xx.xx.2022-ci il tarixdə açılmış Cavabdeh ASC-dəki hesabına köçürmüş, həmin gün rublun manata nisbətdə 0,03255 məzənnəsi ilə 244 125 manata 7 500.000 rubl xarici valyuta almışdır. xx.xx.2022-ci il tarixdə qeyd edilən vəsaitin Rusiya şirkətlərinə köçürülməsinə cəhd edilsə də, köçürmə baş tutmamışdır. Bundan sonra iddiaçı "xxxx" ASC-də hesab açmış, xx.xx.2022-ci il tarixdə "xxxx" ASCdən 6 200 000 rubl alınmış, xx.xx.2022-ci il tarixdə isə “X2 Sıbırsk” Şirkətinin bank hesabına köçürülmüşdür. Cavabdeh ASC-də qalmış 7 500 000 rubl isə xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərində iddiaçının digər bankda olan hesabına köçürülmüşdür. İddiaçı bildirmişdir ki, cavabdeh tərəfindən pul köçürməsinin həyata keçirilməməsi nəticəsində ona əldən çıxmış fayda şəklində zərər dəymişdir və zərər olaraq xx.xx.2022- ci il (cavabdeh tərəfindən köçürmənin həyata keçirilmədiyi tarix) və xx.xx.2022-ci il (iddiaçının cavabdeh bankda olan hesabındakı rublun əsas hissəsini başqa banka köçürdüyü tarix) tarixlərdə Rusiya rublunun Azərbaycan manatına nisbətdə olan məzənnələri arasındakı fərqin - 34125 manat pulun cavabdehdən tutulmasını tələb etmişdir.
12. Məhkəmə ilk olaraq qeyd etmişdir ki, xarici valyutanın alqı-satqısı bank hesabı müqaviləsində bankın öhdəliklərinin məzmunu ilə əhatə olunmur. Belə ki, bank hesabı müqaviləsi yuxarıda qeyd edildiyi kimi borc, saxlama və tapşırıq müqaviləsinin elementlərini ehtiva etsə də, alqı-satqı elementlərini əks etdirmir. Xarici valyutanın alqısatqısı isə ayrıca müqavilə olmaqla mülki qanunvericilik və normativ xarakterli aktlarla tənzimlənir. Bu səbəbdən xarici valyutanın alışı və xarici valyutanın köçürülməsi ayrı-ayrı hüquqi tənzimləmə rejiminə tabedir.
13. Məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəfindən xarici valyutanın alqı-satqı üzrə öhdəliklər tam icra edilmişdir. İddiaçı da belə bir icranı inkar etmir. Lakin iddiaçı cavabdeh tərəfindən xarici valyutada olan pul vəsaitinin köçürülməsinin baş tutmamasına istinad edərək tərəflər arasındakı ayrı-ayrı müqavilə münasibətlərini əks etdirən bank hesabı müqaviləsi və valyutanın alqı-satqı müqaviləsini əlaqələndirir, birincinin icra olunmaması nəticəsində valyutanın alqı-satqı müqaviləsi nəticəsində yaranan məzənnə fərqinə uyğun əldən çıxmış faydanı tələb edir.
14. Azərbaycan Respublikası Mərkəzi Bankının 45/1 saylı, 28 noyabr 2016- cı il tarixli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatların aparılması Qaydaları” “Valyuta tənzimi haqqında”, “Banklar haqqında”, “Poçt haqqında”, “İnvestisiya fəaliyyəti haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq hazırlanmış və Azərbaycan Respublikasında fəaliyyət göstərən banklar, xarici bankların yerli filialları və poçt rabitəsinin milli operatoru istisna olmaqla, rezidentlərin xarici valyutada, habelə qeyrirezidentlərin milli və xarici valyutada banklar vasitəsi ilə əməliyyatlarının aparılması qaydalarını tənzimləyir. Həmçinin iddia ərizəsində istinad olunan Qaydaların 4-cü bəndi məhz xarici valyutada olan köçürmələri tənzimləməklə xarici valyutanın alışı ilə bağlı hər hansı norma müəyyən etmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinin şərh edilməsinə dair” 07 sentyabr 2018-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə, hər bir vətəndaş, o cümlədən iqtisadi münasibətlərin iştirakçısı Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən manatın xarici valyutalara nisbətdə rəsmi məzənnəsinin müəyyən edilməsi faktını bilir. Manatın xarici valyutalara nisbətdə məzənnəsinin müəyyən edilməsi o deməkdir ki, valyuta məzənnələri sabit deyil. Yəni manatın məzənnəsi müxtəlif iqtisadi və maliyyə faktorlarından asılı olaraq xarici valyutalara nisbətdə arta və ya azala bilər. Maliyyə bazarının bütün iştirakçıları (banklar, əmanətçilər, kredit müqaviləsinin tərəfləri və s.) üçün daim maliyyə riski mövcuddur. Bu risk maliyyə bazarının bütün iştirakçılarının maliyyə bazarında yarana biləcək neqativ faktorlarla əlaqədar maliyyə itkisi ilə üzləşməsi ehtimalıdır. Milli valyutanın məzənnəsinin dəyişməsi, faiz dərəcəsinin dəyişməsi və s. maliyyə riskinin (itkisinin) yaranmasına səbəb ola bilən faktorlardır .
15. Məhkəmə qeyd etmişdir ki, iddiaçı öz izahatında ona "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Rusiya şirkətlərinə pul köçürməsinin riskli olması ilə bağlı məlumat verildiyini qeyd etmişdir. Həmçinin həmin dövrdə Rusiya-Ukrayna arasında müharibənin baş verdiyi, bu səbəbdən beynəlxalq təşkilatlar, o cümlədən Avropa İttifaqı və bir sıra ölkələr, o cümlədən X3 tərəfindən rus şirkətlərinə və sahibkarlarına sanksiyaların tətbiq olunduğu hamıya bəlli olan hal idi. İddiaçı bu məlumatlardan xəbərdar olduğundan pulun köçürülməmə riskini nəzərə almalı idi. Məhkəmə bu mənada bankın nümayəndəsi tərəfindən şirkətin təsisçilərindən birinə və ya şirkətin fəaliyyət istiqamətinə görə və s. əsasla sanksiyaların tətbiq edildiyini, köçürmə əməliyyatı icra olunmadan hesabın üzərində sanksiyanın olub-olmamasının müəyyən edilməsinin qeyri-mümkün olduğu barədə cavabdehin arqumentləri ilə razılaşır. İddiaçı dəymiş zərərlə pulun köçürülməməsi arasındakı səbəbli əlaqəni rublun manata nisbətdə məzənnəsinin dəyişməsi ilə şərtləndirir, hətta zərərin məbləğini də məzənnəyə əsasən müəyyən edir.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
16. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-2132/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamə çıxarılaraq iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
17. Apellyasiya şikayəti onunla əsaslanmışdır ki, birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, Mərkəzi Bank tərəfindən təsdiq edilmiş qaydalara uyğun olaraq, xaricə köçürmə etmək mümkün olmadığı halda cavabdeh iddiaçıya xarici valyuta (rubl) sata bilməzdi. Əksinə cavabdeh pulu konvertasiya etməmişdən öncə iddiaçıya xəbər verməli və baha qiymətə rubl valyutasını iddiaçıya satmamalı idi. Məhkəmə cavabdehin hərəkətləri ilə iddiaçıya zərər vurulması arasında səbəbli əlaqə olmamasına və ümumiyyətlə hər hansı bir zərərin mövcud olmamasına istinad etmişdir. Halbuki, xx.xx.2022-ci il tarixdə 244125 manat qarşılığında 1 rubl - 0,03255 manat məzənnəsi ilə 7.500.000 Rubl Cavabdeh ASC-dən alınsa da, sonradan Cavabdeh ASC həmin məbləği Rusiya Federasiyasına köçürməkdən imtina etmişdir. Bankın bu əməliyyatdan 3375 manat qazancı olmuşdur. 25 oktyabr 2022-ci il tarixdə "xxxx" MMC artıq "xxxx" ASC vasitəsi ilə köçürmə etmək məcburiyyətində qalmışdır. Həmin günün məzənnəsi 1 rubl - 0,028 manat olmuşdur. Nəticədə "xxxx" MMC-yə 34125 manat ziyan dəymişdir. Belə ki, 25 oktyabr 2022-ci il tarixdə 1 rubl - 0,028 manat məzənnəsi ilə rubl alınsa idi 244.125 manat deyil, cəmi 210.000 manat ödəniləcəkdi. Məhkəmə araşdırması zamanı cavabdehin özünün təqdim etdiyi sənədlərdən müəyyən edilmişdir ki, pul konvertasiya olunmamışdan öncə pulun köçürüləcəyi şirkətə sanksiyalar tətbiq olunduğu və bu sanksiyaların aradan qalxmadığı məlum idi. Məhkəmə nəzərə almamışdır ki, banklar pul vahidinin konverstasiyası üçün məhz bu Qaydalara istinad edir və idxal sənədləri olmadığı halda heç bir bank 7.500.000 rubl məbləğində vəsaiti ölkə daxilində saxlamaq üçün konvertasiya etməyəcərdir. Məhkəmə pulun konvertasiya ilə bağlı heç bir normativ akt tapıb istinad etməmişdir. Belə olan halda ən azından Mərkəzi Bankdan mütəxəssis cəlb edilməli və bu prosedur adınlaşdırılmalı idi. Məhkəmə araşdırması zamanı cavabdehin özünün təqdim etdiyi sənədlərdən müəyyən edilmişdir ki, pul konvertasiya olunmamışdan öncə pulun köçürələcəyi şirkətə sanksiyalar tətbiq olunduğu və bu sanksiyaların aradan qalxmadığı məlum idi. Birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən sübutları – pul konvertasiya olunmamışdan öncə pulun köçürələcəyi şirkətə sanksiyalar tətbiq olunduğu və bu sanksiyaların aradan qalxmaması barədə sənədlərə istinad etməmişdir. Məhkəmə həm də 7.500.000 rubl məbləğində vəsaitin hansı qaydalara uyğun olaraq konvertasiya edilə biləcəyini aydınlaşdırmamış, bankın pul vəsaitinin xaricə köçürmə əməliyyatı aparılmayacağı təqdirdə konvertasiya etmək səlahiyyətinin olub-olmamasını müəyyən etməmişdir. Hesab edirik ki, apellyasiya instansiyası məhkəməsində araşdırma aparılan zaman pul konvertasiya olunmamışdan öncə pulun köçürələcəyi şirkətə sanksiyalar tətbiq olunmasının müəyyən edilməsinin mümkünlüyünün yoxlanılması; 7.500.000 Rubl məbləğində vəsaitin hansı qaydalara uyğun olaraq konvertasiya edilə biləcəyinin aydınlaşdırılması və bankın pul vəsaitinin xaricə köçürmə əməliyyatı aparılmayacağı təqdirdə konvertasiya etmək səlahiyyətinin olub-olmamasının müəyyən edilməsi ilə bağlı Mərkəzi Bankdan mütəxəssis cəlb olunmalıdır.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
18. İddiaçının qanuni nümayəndəsi Qanuni nümayəndə, iddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.
19. Cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.
20. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi: 954.1-ci maddə- bank hesabı müqaviləsinə görə bank müştəriyə (hesabın sahibinə) açılmış hesaba daxil olan pul vəsaitini qəbul etməyi və hesaba salmağı, hesabdan müvafiq məbləğlərin köçürülməsinə və verilməsinə, hesab üzrə digər əməliyyatların aparılmasına dair müştərinin sərəncamlarını yerinə yetirməyi öhdəsinə götürür. 958-ci maddə-bank müştəri üçün həmin növ hesablardan ötrü qanunla, qanuna əsasən müəyyənləşdirilmiş bank qaydaları ilə və bank praktikasında tətbiq olunan işgüzar dövriyyə adətləri ilə nəzərdə tutulan əməliyyatlar aparmalıdır, bu şərtlə ki, bank hesabı müqaviləsində ayrı hal nəzərdə tutulmasın. 966-cı maddə- müştəriyə gələn pul vəsaitinin vaxtında hesaba salınmadığı və ya bank tərəfindən əsassız olaraq hesabdan silindiyi, habelə pul vəsaitinin hesabdan köçürülməsi və ya hesabdan verilməsi haqqında müştərinin göstərişlərinin lazımınca yerinə yetirilmədiyi hallarda bank həmin məbləğ üçün bu Məcəllənin 449-cu maddəsində nəzərdə tutulmuş qaydada və miqdarda faizlər ödəməlidir. 443.1-ci maddə- öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2-ci maddə- zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 443.7-ci maddə-əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. 448.1-ci maddə- əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddə-borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 449-cu maddə-özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 21-ci maddə- zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (21.1). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (21.2). Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır (21.3).
“Banklar haqqında” Azərbaycan Respublikasının Qanunu 38.2.-ci maddə-banklar beynəlxalq ödənişləri və pul köçürmələrini Azərbaycan Respublikasının qanunvericiliyinə, Mərkəzi Bankın normativ xarakterli aktlarına, Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrə, habelə beynəlxalq bank praktikasında tətbiq edilən işgüzar dövriyyə adətlərinə və müvafiq müqavilələrə uyğun olaraq həyata keçirirlər.
“Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanunu 3-cü maddə- rezidentlər və qeyri-rezidentlər Azərbaycan Respublikasının daxili valyuta bazarında qanunla müəyyən edilmiş qaydada xarici valyutanı satmaq, almaq və dəyişdirmək hüququna malikdirlər. Azərbaycan Respublikasında valyuta mübadiləsi fəaliyyətini həyata keçirmək hüququna yalnız maliyyə bazarlarına nəzarət orqanından “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən lisenziya almış yerli banklar, xarici bankların yerli filialları, “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən lisenziya almış poçt rabitəsinin milli operatoru və valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər malikdirlər. Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən xarici valyutanın alqı-satqısı yalnız nağd qaydada və müştərilərin sifarişi ilə həyata keçirilir. Valyuta mübadiləsi əməliyyatlarının aparılması qaydaları, o cümlədən bu əməliyyatların həyata keçirilməsi üçün təşkilati, texniki təchizata və təhlükəsizliyə dair tələblər, valyuta mübadiləsi əməliyyatları üzrə uçotun, hesabatın (maliyyə hesabatları istisna olmaqla) və sənədləşmənin vahid formaları, onların təqdim olunması qaydası və müddətləri, habelə valyuta mübadiləsi fəaliyyəti həyata keçiriləcək obyektlərin yerləşəcəyi ərazilər maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmaqla müəyyən edilir.
Azərbaycan Respublikası Mərkəzi Bankının 45/1 saylı, 28 noyabr 2016- cı il tarixli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatların aparılması Qaydaları” 4.3-cü maddə-Azərbaycan Respublikasından kənara bank hesablarından xarici valyutada köçürmələr aşağıdakı növ əməliyyatlar üzrə aparılır: 4.3.1. Azərbaycan Respublikasına idxal olunan malların və xidmətlərin ödənilməsi üzrə rezidentlər və qeyri-rezidentlər tərəfindən köçürülən, o cümlədən qabaqcadan ödənilən vəsaitlər (avans) üzrə əməliyyatlar: 4.3.1.1. ödəniş malların idxalı ilə əlaqədar olduqda banka idxal müqaviləsi və ya ödənişin təyinatını, məbləğini və idxal olunan mallar barədə məlumatı özündə əks etdirən bildiriş, hesab-faktura və ya digər sənədlər, həmçinin malların idxalını təsdiq edən gömrük bəyannaməsinin əsli (və ya rezident və qeyri-rezident fiziki şəxslərin kommersiya və istehsal məqsədləri üçün nəzərdə tutulmayan beynəlxalq poçt göndərişləri ilə göndərilən mallarla bağlı X4 aktlarında nəzərdə tutulmuş müşayiətedici sənəd) təqdim edilir (bəyannamə elektron formada tərtib edildikdə, bank hesabının sahibi həmin sənədin elektron formada əldə edilməsini təmin etməlidir). Ödəniş birbaşa ixracatçıya edildikdə malların ödənişi malların idxalını təsdiq edən gömrük bəyannaməsi əsasında aparıla bilər; 4.3.1.2. ödəniş idxal olunan xidmətlərin göstərilməsi ilə əlaqədar olduqda banka xidmətin göstərilməsi üzrə müqavilə və ya ödənişin təyinatını, məbləğini və xidmətlər barədə məlumatı özündə əks etdirən bildiriş, hesab-faktura və ya digər sənədlər, həmçinin xidmətlərin göstərilməsini təsdiq edən sənədlər (xidmətlərin qəbul edilməsini təsdiqləyən akt (nəqliyyat vasitələrinə respublikadan kənarda xidmətlərin göstərilməsinə dair hesab-faktura həmin xidmətlərin göstərildiyini təsdiq edən sənəd kimi çıxış edə bilər) və ya digər sənəd) təqdim edilir; 4.3.1.3. qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində (idxal hava, dəmiryol və dəniz nəqliyyatı vasitələri, habelə kosmik obyektlər ilə əlaqədar olduqda və onların təchizat müddəti 2 (iki) ildən çox olduqda müqavilədə nəzərdə tutulan təchizat müddəti bitdikdən sonra ən geci 3 (üç) ay müddətində) banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir; 4.3.1.4. idxal müqaviləsi üzrə malın (xidmətin) dəyəri yalnız mal (xidmət) alan şəxs tərəfindən ödənilə bilər; 4.3.1.5. idxal müqaviləsi üçüncü şəxsin xeyrinə bağlandıqda, malın (xidmətin) dəyəri idxal müqaviləsinin şərtlərinə uyğun olaraq malı (xidməti) alan üçüncü şəxs və/və ya müqaviləni bağlayan şəxs tərəfindən ödənilə bilər. Belə ödənişlər müvafiq müqavilə və malların (xidmətlərin) ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi (xidmətin göstərilməsini təsdiq edən sənəd) bu Qaydaların 4.3.1.1-ci və 4.3.1.2-ci yarımbəndinə müvafiq qaydada təqdim edilməklə icra olunur. Belə əməliyyatların həyata keçirilməsi zamanı qabaqcadan ödənişin həyata keçirilməsi nəzərdə tutulduqda, bu Qaydaların 4.3.1.3-cü yarımbəndində göstərilən qabaqcadan ödəniş rejimi tətbiq olunur; 5.2-ci maddə-idxal olunan mal və xidmətləri təsdiq edən sənədlərdə bank tərəfindən əməliyyatın həyata keçirilməsi (sənəddə göstərilən məbləğ tam icra edilmədikdə həyata keçirilən əməliyyatın məbləği göstərilməklə) barədə qeyd aparılır, bankın məsul işçisinin imzası, ştampı ilə təsdiq edilir və sənədin surəti bankda saxlanılır. Malların idxalını, habelə xarici valyutanın nağd şəkildə ölkəyə gətirilməsini təsdiq edən gömrük bəyannaməsində bankın qeydi sənədin üz tərəfində aparılır. Əgər gömrük bəyannaməsi üzrə ödəniş tam və və ya son qalıq həcmində həyata keçirilərsə, sənədin əsli sonuncu ödənişi icra edən bankda saxlanılır. Bu tələblər “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununun 16-1.1-ci maddəsinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının Mərkəzi Bankında yaradılmış vahid informasiya sisteminə (bundan sonra - informasiya sistemi) daxil edilən valyuta əməliyyatlarına tətbiq olunmur.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 77.1-ci maddə-hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddə-sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.2-ci maddə-yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri
21. Qətnamə iddiaçı tərəfindən tam mübahisələndirdiyindən tam yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
22. Məhkəmə izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-2132/2023 nömrəli hissədə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
23. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı Cavabdeh ASC-nin Nərimanov filialında olan hesabından xx.xx.2022-ci il tarixdə Rusiya Federasiyasının hüquqi şəxsinin hesabına 7 500 000 Rusiya rublu məbləğində pul vəsaitinin köçürülməsi barədə ödəniş tapşırığının bank tərəfindən icra edilmədiyinə, həmin vəsaitin sonradan "xxxx" ASC tərəfindən daha aşağı məzənnə ilə əldə edilmiş rubl hesabına həyata keçirildiyinə istinad edərək 2022-ci ilin iyun ayında əldə etdikləri rubl valyutasının manata olan məzənnəsi ilə 2022-ci ilin oktyabr ayında olan rubl valyutsı arasındakı məzənnə fərqini-34125 manatı dəymiş ziyan olaraq tələb edir.
24. Məhkəmə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır ki, cavabdehin hərəkətlərində hər hansı qanun pozuntusu və ya müqavilə şərtlərinin pozuntusu olmadığından iddiaçının tələbi əsassızdır.
25. Belə ki, iddiaçı təsdiq edir ki, xx.xx.2022-ci il tarixdə Rusiya Federasiyasında yerləşən hüquqi şəxsin (“X2 X1” MMC-nin hesabına pul köçürülməsi etməyə məhdudiyyət olduğu iddiaçıya məlum idi. İddiaçının nümayəndəsinin izahatlarından aydın olur ki, cavabdehə müraciət etməzdən əvvəl "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddiaçıya həmin şirkətə pul köçürməsi etməkdən imtina etmişdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Cavabdeh bu faktı qəbul etdiyindən məhkəmə Rusiya şirkəti olan “X2 Sıbırsk” Şirkətinin hesabına xx.xx.2022-ci il tarixdə pul köçürməsinin mümkün olmadığını sübut etmək üçün cavabdehdən saytdan çıxarışdan başqa digər mötəbər sübut tələb etməmiş, bu halı mübahisəsiz hal kimi qəbul etmişdir.
26. İddiaçı iddia edir ki, Cavabdeh ASC pul köçürməsi etmək istədiyi hüquqi şəxsin hesabında məhdudiyyət olduğunu və köçürmənin baş tutmayacağını əvvəlcədən, yəni köçürməni həyata keçirməzdən əvvəl müəyyənləşdirmək imkanına malik olduğu halda bunu etməmiş, nəticədə iddiaçıya ziyan dəymişdir. Əgər Cavabdeh ASC bu barədə iddiaçıya məlumat versəydi iddiaçı həmin gün yüksək məzənnə ilə rubl valyutası almazdı. İddiaçı məhkəməyə iddia etdiyi bu halı təsdiq edən hər hansı sübut təqdim edə bilməmişdir.
27. İddiaçının pul məbləği konvertasiya edilməmişdən əvvəl pulun köçürüləcəyi şirkətə sanksiyalar tətbiq edilməsinin mümkünlüyünü yoxlamaq imkanına malik olubolmadığını yoxlamaq üçün Azərbaycan Respublikası Mərkəzi Bankından mütəxəssis dəvət edilməsi barədə apellyasiya instansiyası mərhələsində verdiyi vəsatət MPM-nin 78.1, 372.2-ci maddəsinin tələblərinə əsasən təmin edilməmişdir. Belə ki, mütəxəssis rəyləri də sübut növlərindən biri olduğundan iddiaçı sübut etmək istədiyi halla bağlı məhkəmə tərəfindən mütəxəssis cəlb edilməsi barədə vəsatəti birinci instansiya məhkəməsinə hazırlıq icraatı mərhələsində verməli və ya vəkili tərəfindən vəkil sorğusu verilməklə bu barədə müvafiq məlumat əldə edilərək məhkəməyə təqdim edilməli idi. Məhkəmə eyni zamanda birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır ki, xarici valyutanın alqı-satqısı bank hesabı müqaviləsinə əsasən bankın öhdəliklərinə aid olmayan müstəqil əməliyyat olduğundan və xx.xx.2022-ci il tarixdə iddiaçının pul köçürməsi barədə tapşırığının icra edilməməsində cavabdehin təqsirli olmadığı işin mübahisəsiz halı olduğundan hazırkı halda cavabdeh onun risk dairəsinə aid olmayan hala görə məsuliyyət daşıya bilməz.
28. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)- 2132/2023 nömrəli qətnaməsi qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
29. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-2132/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasısına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.