Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-893/2023 28.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı "xxxx" MMC-nin Cavabdeh ASC-yə qarşı “zərərin əvəzinin ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X2 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-2073/2023 saylı qətnaməsindən Cavabdeh ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ
1. Cavabdeh ASC ilə "xxxx" MMC arasında 19 aprel 2017-ci il tarixli 17/000/HM/054427 nömrəli bank hesabı müqaviləsi bağlanmış və müqaviləyə əsasən bank müştəriyə Azərbaycan Respublikasının milli valyutasında və istənilən xarici valyutada bank hesabı açmağı, açılmış hesaba pul vəsaitini qəbul etməyi və hesaba mədaxil olunması, hesabdan müvafiq məbləğlərin müştərinin tapşırığı ilə köçürməsinə və nağd verilməsinə, hesab üzrə digər əməliyyatların aparılmasına dair müştərinin sərəncamlarını yerinə yetirməyi, müştəri isə hesabdakı pul vəsaiti ilə əməliyyatların aparılması üzrə bank xidmətlərinin haqqını ödəməyi öhdəsinə götürmüşdür.
2. Həmin müqaviləyə uyğun olaraq "xxxx" MMC "xxxx" MMC-nin "xxxx" ASC-də olan hesabına 107000 manat məbləğin ödənilməsi barədə xx.xx.2022-ci il tarixli, 462484 nömrəli ödəmə tapşırığını Cavabdeh ASC-yə təqdim etmişdir.
3. Cavabdeh ASC də həmin ödəmə tapşırığına əsasən 107000 manat məbləğində pul vəsaitini "xxxx" MMC-nin hesabından çıxmışdır.
Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı "xxxx" MMC Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı tərəfindən "xxxx" MMC-nin "xxxx" ASC-də olan hesabına 107000 manat məbləğində pulun ödənilməsi barədə tərtib edilmiş 462484 nömrəli ödəniş tapşırığının Cavabdeh ASC tərəfindən səhv icra edilməsi nəticəsində "xxxx" MMC-yə vurulmuş 107000 manat zərərin qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı bildirir ki, müqaviləyə əsasən "xxxx" MMC-nin hesabdan öz mülahizəsinə uyğun istifadə etmək imkanı vardır. Lakin Cavabdeh ASC tərəfindən "xxxx" MMC-nin qanuni hüquqları kobud şəkildə pozulmuşdur. Belə ki, "xxxx" MMC tərəfindən "xxxx" MMC-nin "xxxx" ASC-də olan hesabına 107000 manat məbləğin ödənilməsi barədə tərtib edilmiş 462484 nömrəli ödəniş tapşırığı Cavabdeh ASC tərəfindən səhv icra edilmişdir. 462484 nömrəli ödəniş tapşırığında ödənişin konkret olaraq təyinatının qeyd edilməsinə baxmayaraq, Cavabdeh ASC tərəfindən ödəyənin iradəsinə zidd olaraq düzgün icra edilməmiş, bank öz düşüncəsi əsasında hesab sahibinin pul vəsaiti üzərində əməliyyatlar icra etmişdir. Belə ki, 462484 nömrəli ödəniş tapşırığının təyinatında “xx.xx.2022-ci il tarixli protokola əsasən maliyyə yardımı üçün ödənilir” qeydi yazılmışdır. Həmin məbləğ iddiaçının hesabından çıxmış, lakin təyinatı üzrə hesaba mədaxil olmamışdır. Bunun səbəbi barədə bankdan məlumat aldıqda heç bir tutarlı əsas bildirmədən həmin məbləğin bankın öz mülahizəsinə əsasən kredit borcu üzrə silindiyi bildirilmişdir. Məhkəməyə təqdim edilən ödəniş tapşırığı və hesabdan çıxarışlarda həmin əməliyyatlar tam aydın şəkildə öz əksini tapmışdır. Bu müştəri və bank arasında olan münasibətlərə, hüquqi şəxsin öz vəsaiti barədə sərəncam vermə hüququna tam zidd olan bir addım olmaqla yanaşı, eyni zamanda Mülki Məcəllənin tələblərinin ciddi şəkildə pozulması deməkdir. Cavabdeh tərəfindən edilmiş bütün bu kobud qanun pozuntuları iddiaçının hüquqlarının və qanunla qorunan mənafelərinin kobud şəkildə pozulması ilə yanaşı, eyni zamanda ona ciddi mənada maddi ziyan vurmuşdur.
6. Cavabdeh birinci instansiya məhkəməsinə ərizə ilə müraciət edərək, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmiş və iddianın rədd olunmasını xahiş etmişdir.
7. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-2073/2023 saylı qətnaməsi ilə iddia təmin edilmişdir.
8. Cavabdeh ASC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materialında olan hesabdan çıxarışda "xxxx" MMC-nin Cavabdeh ASC-də olan hesabından xx.xx.2022-ci il tarixində 107000 manat məbləğində vəsaitin köçürüldüyü qeyd olunmuşdur. Lakin, həmin köçürülən 107 000 manat vəsaitin "xxxx" MMC-nin "xxxx" ASC-də olan hesabına deyil, Cavabdeh ASC-nin Sumqayıt filialında olan hesabına köçürülmüşdür. İddiaçının tələbi o zaman əsaslı ola bilərdi ki, Cavabdeh ASC tərəfindən "xxxx" MMC-nin hesabında olan xx.xx.2022-ci il tarixində köçürülən 107000 manat vəsaitin "xxxx" MMC-nin hesabına deyil, qeyri bir hesaba köçürülmüş olsun. Lakin nəticə etibarilə iddiaçı tərəfindən hesabında olan pul vəsaitinin köçürülməsi barədə verilmiş sərancama əsasən 107000 manat vəsait "xxxx" MMC-nin hesabına köçürülmüşdür. Ona görə, bank tərəfindən "xxxx" MMC-yə heç bir maddi ziyan vurulmamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə iclasında cavabdehin nümayəndələri Nümayəndə3 və X1 apellyasiya şikayətini müdafiə etdilər, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 isə apellyasiya şikayətinə etiraz etdi.
TƏTBİQ EDİLƏN HÜQUQ
12. Mülki Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
13. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
14. Həmin Məcəllənin 957.1-ci maddəsinə əsasən hesabdan vəsaitin köçürülməsi və verilməsi haqqında müştərinin adından sərəncamlar verən şəxslərin hüquqları qanunda nəzərdə tutulmuş, qanuna əsasən bank qaydaları və bank hesabı müqaviləsi ilə müəyyənləşdirilmiş sənədlərin müştəri tərəfindən banka təqdim olunması yolu ilə təsdiq edilir.
15. Həmin Məcəllənin 964.1-ci maddəsinə əsasən hesabdan pul vəsaitinin silinməsini bank müştərinin sərəncamına əsasən həyata keçirir.
16. Həmin Məcəllənin 964.2-ci maddəsinə əsasən müştərinin sərəncamı olmadan hesabdakı pul vəsaitinin silinməsinə məhkəmənin qərarı ilə, habelə qanunla müəyyənləşdirilmiş və ya bankla müştəri arasında müqavilədə nəzərdə tutulmuş hallarda yol verilir.
17. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununu 72.1-ci maddəsinə əsasən bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi anından: bankın adından yalnız ləğvedici və ya onun vəkil etdiyi şəxs tərəfindən edilən hərəkətlər hüquqi qüvvəyə malik olur (72.1.1); banka qarşı məhkəmə icraatı prosesində olan bütün iddialar dayandırılır (72.1.2); bank barəsində digər məhkəmə icraatına başlanılmır və banka qarşı bütün tələblər yalnız bu Qanunda nəzərdə tutulan iflas proseduru çərçivəsində irəli sürülür (72.1.3); qanunvericiliyə müvafiq hallarda aktivlərin üzərinə qoyulmuş bütün həbslər hüquqi qüvvəsini itirir (72.1.4); girovla təmin edilmiş aktivlər barəsində borc məbləği həddində bu Qanunun 81-ci maddəsinə uyğun icraat istisna olmaqla, bankın aktivlərinə yönəldilmiş icra sənədlərinin icrası dayandırılır (72.1.5); bankın öhdəlikləri üzrə faizlərin və digər haqların hesablanması dayandırılır. Bu zaman bankın aktivlərinə faizlərin və digər haqların hesablanması davam etdirilir (72.1.6).
18. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
19. Həmin Məcəllənin 209.3-cü maddəsinə görə işə mahiyyəti üzrə baxılmasının qurtardığı elan edilənədək işdə iştirak edən şəxslər tərəfindən onlara məlum olan hallar və sübutlar təqdim olunmamışsa, işə mahiyyəti üzrə baxılmasının qurtardığı elan edildikdən sonra heç kəs məhkəmə iclasında araşdırılmamış hallara və sübutlara istinad etməyə haqlı deyildir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə kollegiyası hesab edir ki, iddia əsaslıdır.
22. Belə ki, zərərin ödənilməsi məsələlərini tənzimləyən və ümumi norma kimi çıxış edən Mülki Məcəllənin 21.2-ci maddəsinin, həmçinin hazırkı mübahisə üzrə xüsusi norma kimi çıxış edən Mülki Məcəllənin 443-cü maddəsinin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin öhdəliyi pozulması nəticəsində vurulması, zərərlə öhdəliyin pozulması arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması.
23. Hazırki işdə də bu əsasların mövcudluğu təsdiq edilir.
24. Belə ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən cavabdeh iddiaçıya Azərbaycan Respublikasının milli valyutasında və istənilən xarici valyutada bank hesabı açmağı, açılmış hesaba pul vəsaitini qəbul etməyi, hesabdan müvafiq məbləğlərin iddiaçının tapşırığı ilə köçürməsinə və nağd verilməsinə, hesab üzrə digər əməliyyatların aparılmasına dair iddiaçının sərəncamlarını yerinə yetirməyi, iddiaçı isə hesabdakı pul vəsaiti ilə əməliyyatların aparılması üzrə bank xidmətlərinin haqqını ödəməyi öhdəsinə götürmüşdür.
25. Lakin işin hallarından müəyyən olunur ki, cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, xx.xx.2022-ci il tarixli 462484 nömrəli ödəmə tapşırığına uyğun olaraq "xxxx" MMC tərəfindən "xxxx" MMC-nin "xxxx" ASC-də olan hesabına 107000 manat məbləğin ödənilməsi barədə verilmiş ödəmə tapşırığı təyinatına uyğun (“xx.xx.2022-ci il tarixli protokola əsasən maliyyə yardımı üçün ödənilir) icra olunmamış və həmin vəsait "xxxx" MMC-nin hesabından xx.xx.2022-ci il tarixdə köçürülsə də, "xxxx" MMC-nin ödəmə tapşırığında qeyd olunan hesabına daxil olmamışdır.
26. Eyni zamanda işin hallarından Mülki Məcəllənin 964.2-ci maddəsində göstərilən hallara əsasən müştərinin pul vəsaitinin silinməsinə əsas ola biləcək hər hansı digər halın baş verməsi də müəyyən olunmur.
27. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı cavabdehdən öhdəliyini icra etmədiyi üçün cəmi 107000 manat məbləğində dəymiş zərərin əvəzini ödənilməsini tələb etməkdə haqlıdır. Ona görə də, iddia əsaslıdır.
28. Cavabdeh ASC-nin dəlilləri isə əsassızdır. Belə ki, cavabdeh birinci instansiya məhkəməsində bütün məhkəmə iclasları barədə kifayət qədər məlumatlı olsa da, məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddiaya yalnız bir cümlə ilə iddianın rədd edilməsini xahiş etmiş, iddiaya etirazını heç bir halla əsaslandırmamış, buna dair heç bir dəlil irəli sürməmişdir. Bununla yanaşı o, apellyasiya şikayətində yeni faktlara istinad edərək, iddiaya etiraz etmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 209.3-cü maddəsinə görə işə mahiyyəti üzrə baxılmasının qurtardığı elan edilənədək işdə iştirak edən şəxslər tərəfindən onlara məlum olan hallar və sübutlar təqdim olunmamışsa, işə mahiyyəti üzrə baxılmasının qurtardığı elan edildikdən sonra heç kəs məhkəmə iclasında araşdırılmamış hallara və sübutlara istinad etməyə haqlı deyildir. Bundan əlavə kollegiya qeyd edir ki, hətta cavabdehin istinad etdiyi dəlillərə apellyasiya baxışı zamanı baxılsa belə bunun əsaslı olduğu müəyyən olunmur. Çünki, cavabdeh bildirdiyi yeni halları, yəni "xxxx" MMC-nin hesabında olan xx.xx.2022-ci il tarixində köçürülən 107000 manat vəsaitin "xxxx" MMC-nin Cavabdeh ASC-nin Sumqayıt filialında olan hesabına köçürüldüyünü təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Bu mənada kollegiya hesab edir ki, cavabdehin istinad etdiyi dəlillər formal mülahizələrdən ibarət olmaqla hər hansı maliyyə sənədi ilə təsdiq olunmadığı üçün əsaslı hesab edilmir.
29. Cavabdeh bankın hazırda ləğvetmə prosesində olmasına görə iş üzrə icraata xitam verilməsi ilə bağlı cavabdehin nümayəndələrinin dəlilləri də əsassızdır.
30. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 13 iyun 2017-ci il tarixli Qərarında Məhkəmə müflis elan olunmuş banklar ilə bağlı işlərin (mübahisələrin) müxtəlif xarakterli olması, iddianın predmeti, hüquqi əsasları, mülki dövriyyədə yaranmış iqtisadi münasibətlərdən irəli gəlməsi, həmçinin mübahisənin hüquqi təbiətinə görə fərqlənməsi baxımndan hesab etmişdir ki, belə vəziyyətdə olan banka qarşı iddiaları iki əsas qrupa bölmək olar: müflis elan olunmuş bankın bilavasitə bank fəaliyyəti ilə bağlı olan iddiaları; müflis elan olunmuş bankın hüquqi şəxs kimi hüquq qabiliyyətindən irəli gələn fəaliyyəti ilə bağlı iddiaları. Yuxarıda göstərilən bölümə əsaslanmaqla Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, “Banklar haqqında” Qanunun 76-82 və 87-ci maddələrinin müddəalarında bankın kreditorlarının tələblərinin qeydə alınması, tələblərə etiraz edilməsi, qeydə alınmış və etiraz edilmiş tələblərin məhkəmə tərəfindən təsdiq edilməsi, qeydə alınmış tələblərin ödənilməsinin xüsusi proseduru və s. müəyyən edildiyindən, bu cür kreditor tələbləri ilə bağlı məhkəmələrdə olan işlər üzrə icraata MPM-in 261.0.1-ci maddəsinə uyğun olaraq xitam verilməli, tərəflərə pozulmuş hüquqlarının müdafiə edilməsi üçün iflas proseduruna nəzarət edən məhkəməyə müraciət edilməsi izah olunmalıdır. Bankın müflis elan olunmasına dair məhkəmənin qərarı qüvvəyə mindiyi andan daxil olan ərizələrin MPM-in 153.2.1-ci maddəsinə əsasən icraata qəbul edilməsindən imtina olunmalıdır... İflas prosesində olan bankın hüquqi şəxs olaraq hüquq qabiliyyətindən irəli gələn (banka qarşı və ya bankın irəli sürdüyü) iddialar üzrə məhkəmə icraatının dayandırılması və ya xitam edilməsi Mülki Prosessual Məcəllənin 254-cü maddəsinin tələbləri ilə uzlaşmadığından, həmin iddialar üzrə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Bu kateqoriyadan olan işlərə bank fəaliyyətini həyata keçirdiyi və ya müflis elan olunduqdan sonra, iflas prosesində olan zaman banka qarşı kreditor tələbləri, həmçinin bankın kreditor kimi çıxış etdiyi tələblər üzrə işlər daxil deyil.
31. Kollegiya hesab edir ki, iddiaçının irəli sürdüyü iddia tələbləri ləğvetmə prosesində olan banka qarşı irəli sürülmüş kreditor tələblərə deyil, cavabdehin hüquqi şəxs olaraq hüquq qabiliyyətindən irəli gələn tələblərə aiddir. Ona görə də, hazırki işə iddia icratı qaydasında baxılmalıdır. 33 Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 34 Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-2073/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov
Hakimlər: Vüsalə Baxışova
Aida Hüseyn